3-4. ŞƏRQ VƏ QƏRB ÜMUMBƏŞƏRİ ÖZÜNÜDƏRKİN
VƏ İCTİMAİ TƏŞKİLATLANMANIN
ALTERNATİV MODELLƏRİ KİMİ
Cəmiyyətin təkmilləşməsi
şəxsiyyətin təkmilləşməsidir
Ər-Reyhani
Bəşəriyyət ictimai inkişafın müəyyən mərhələlərində özünüdərk səviyyəsinə yüksəlir. Daha sonra özünü dərk etməkdən məmnun qalmış cəmiyyət müəyyən bir dövr ərzində öz ətaləti ilə yaşayır. Gələcək bu günə pərçimlənmiş olur. Daxili potensial toplanır-toplanır, nəhayət, qərarlaşmış normaları aşmaq dərəcəsinə yüksəlir. İctimai paradiqmanın həlli bir normal cəmiyyətdən yeni normal cəmiyyətə keçid üçün zəmin yaradır. Hər şey elə bil ki, T.Konun konsepsiyası əsasında elmin inkişaf modelinə uyğun surətdə həyata keçir. Marksizmin irəli sürdüyü ictimai-iqtisadi formasiyalar nəzəriyyəsi də, Toynbinin sivilizasiyalar təlimi də cəmiyyətin diskret inkişafının ayrı-ayrı konkret təzahürlərini ifadə edir.
Hər bir insan həyatının mənası olmalı olduğu kimi, bütövlükdə bəşəriyyətin, ictimai inkişafın da məqsədi, mənası axtarılır. Buna bəzən sosial idealın müəyyənləşməsi, bəzən cəmiyyətin özünüdərki, bəzən tarixin mənası və məqsədi kimi yanaşılmışdır. Bəşər tarixinin əsasında dayanan ideya axtarışları XVII-XVIII əsrlərdə sosial ideal, utopiya formasında, XVIII-XIX əsrlərdə fəlsəfi fikir səviyyəsində daha çox (klassik alman fəlsəfəsinin timsalında) özünüdərkə gətirir.
Kortəbii proseslərlə yanaşı, cəmiyyətin təşkitallanmasına xidmət edən yeni ideyalar da formalaşır. Sonra “ideya kütlələrə yiyələnir”, sonra inqilablar baş verir. Yeni quruluşlar yaranır, cəmiyyətdə müəyyən qanunlar, hüquq normaları bərqərar olur. İnsanların yeni nəsli artıq yeni sosial mühitdə dünyaya gəlir. Tədricən cəmiyyətlə insan arasında uyğunlaşma yaranır, hər cür ziddiyyət, fərq aradan qalxır.
Daha yeni ideya axtarışlarına da ehtiyac qalmır. İnsanlar öz mühitindən razı olduğundan əsas məqsəd bu mühitə uyğunlaşmaqdan ibarət olur.
«Mühitə, təbiətə uyğunlaşmaq» prinsipi heç də yeni olmayıb, hələ Heraklit tərəfindən irəli sürülmüşdür. Lakin Heraklit ictimai mühitdən deyil, təbii mühitdən, təbiətdən bəhs edirdi. Bu baxımdan, Heraklitin mövqeyi daha çox Şərq təfəkkürünə uyğun gəlir. Çünki Qərb sivilizasiyasının əsasında insanın təbiətə uyğunlaşmaq yox, təbiəti özünə uyğunlaşdırmaq əzmi dayanır. Diqqətlə yanaşıldıqda bu əzm tədricən insandan cəmiyyətə ötürülür və ictimai iradə kimi təzahür edir.
İctimai inkişafın müxtəlif mərhələlərində gah yeni ideya axtarışları gedir (bunlar milli ideya, sosial ideal, ideologiya və s. formalarda üzə çıxır), gah da müəyyən bir ideya ictimai müstəvidə gerçəkləşdikdən sonra onun praktik həyatı başlanır. Yəni, müəyyən bir tarixi dövr ərzində müəyyən ictimai paradiqma hakim olur və ideya axtarışları da məhdud miqyasda bu paradiqma çərçivəsində gedir. Belə cəmiyyəti «normal cəmiyyət» və ya insanlar tərəfindən qəbul edilən, normalarına əməl edilən «yaxşı cəmiyyət» adlandırmaq olar.
Bu yaxşı cəmiyyətin pis cəhəti ondan ibarətdir ki, burada insanlar yeni cəmiyyət modeli hazırlamır, yeni sosial ideyalar üçün tələbat yaranmır. İnsanlar cəmiyyəti olduğu kimi qəbul edir və onun içərisində itirlər. Cəmiyyətin şəxsiyyətlər üzərində dominantlığı yaranır.
Babaların ideya axtarışları öz bəhrəsini artıq verdiyindən, ideologiyalar artıq ictimai reallığa çevrildiyindən və hüquq müstəvisində təsbit olunduğundan, nəvələr ancaq bu hüquq normalarını öyrənmək və ona əməl etməklə kifayətlənirlər. Bəli, Qərb dünyasında klassik kapitalizm dövründə azadlıq idealları üçün standart qəliblər hazırlanmış və yeni nəsil artıq bu qəliblərdən çıxmışdır.
Qanunların aliliyi, hüquqi dövlət şəraitində, insanların hüquq və azadlıqları təmin olunduğu bir şəraitdə insanın cəmiyyətdən narazı qalması üçün elə bir əsas yoxdur. Cəmiyyət elə təşkilatlanmışdır ki, burada hər bir insan öz istedadını və qabiliyyətini reallaşdırmaq üçün şans qazanır. Ayrı-ayrı insanların fəaliyyəti toplanıb, vahid ictimai tərəqqi prosesini təşkil edir. Kumulyativlik prinsipi ödənilmiş olur. Kumulyativlik isə Qərb sivilizasiyasının ən böyük üstünlüyüdür.
Beləliklə, müasir Qərb cəmiyyəti sivilizasiyanın tələblərinə uyğunlaşmışdır. Əmək bölgüsünün düzgün təşkili, insanların müxtəlif sahələrdə ixtisaslaşması və bu peşəkar fəaliyyətlərin ən optimal toplanma variantlarının tapılması ictimai tərəqqiyə böyük təkan verir.
Qərb dünyası məhz ictimai tərəqqinin hesabına bu dərəcədə inkişaf edə bilmişdir. Şərq dünyası isə ayrı-ayrı şəxslərin tərəqqisi, insanların mənəvi kamilləşməsi yoluna üstünlük verməklə ictimai tərəqqinin optimal düsturunu tapa bilməmiş və ya heç tapmaq istəməmişdir. Kumulyativlik prinsipi ancaq Qərb dünyasına xidmət etmişdir.
Şərq ilə Qərbin müqayisəsi bir çox məqamlarına görə incəsənətlə elmin müqayisəsinə bənzəyir. Şərq daha çox incəsənətlə, Qərb daha çox elmlə səsləşir.
Kumulyativlik elmi fərqləndirən başlıca xüsusiyyət kimi çıxış edir. Bu gün orta məktəbdə oxuyan şagird fizika haqqında İ.Nyutona nisbətən daha çox məlumata malikdir. Sıravi elmi işçi, aspirant A.Eynşteynin nəzəriyyəsinə əlavələr edir, onun tətbiq dairəsini daha da genişləndirir. Başqa cür mümkün də deyil; hər hansı elm korifeyi elm binasında yeni bir mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mərtəbədə rahat yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur.
İncəsənətdə isə əsas şərt fərdilikdir. Sənət əsərləri hər biri özü-özlüyündə dəyərlidir. Onların toplanması fərdi keyfiyyətlərin unikallığını itirə bilər və sənət əsəri öz estetik dəyərindən məhrum olar. Bu günün hər hansı bəstəkarının L.Bethovendən və ya Ü.Hacıbəyovdan daha mükəmməl musiqi bəstələməsi nəinki qanunauyğunluq deyil, hətta ağlasığmaz bir haldır. Müasir rəssamlar intibah dövrü rəssamlarından daha yaxşı çəkə bilsə idilər Rafaelin, Vinçinin, Mikelancelonun əsərlərinin qiyməti günü-gündən daha da artardımı? Hər bir yeni şair nəsli Fizulidən, Puşkindən qabağa getsə və ya, başqa sözlə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bircə kərpic də əlavə etsə, poeziya binası hara ucalardı? Ümumiyyətlə, vahid poeziya binasından, vahid musiqi abidəsindən danışmaq mümkün deyil.
«Elmin spesifikasından söhbət gedərkən o, bir qayda olaraq, fəlsəfə, din, incəsənət və əxlaqla qarşılaşdırılır. Bu zaman kumulyativlik xassəsi elmi bütün bu hadisələrdən fərqləndirən başlıca xüsusiyyət kimi çıxış edir. Bu gün orta məktəbdə oxuyan şagird fizika haqqında İ.Nyutona nisbətən daha çox məlumata malikdir. Sıravi elmi işçi, aspirant A.Eynşteynin nəzəriyyəsinə əlavələr edir, onun tətbiq dairəsini daha da genişləndirir. Başqa cür mümkün də deyil; hər hansı elm korifeyi elm binasında yeni bir mərtəbə tikirsə, sonrakı nəsil artıq bu yeni mərtəbədə rahat yerləşərək onun üzərinə yeni kərpiclər qoymaqla məşğul olur.
İncəsənətdə belə deyil. Bu günün hər hansı bəstəkarının L.Bethovendən və ya Y.Hacıbəyovdan daha mükəmməl musiqi bəstələməsi nəinki qanunauyğunluq deyil, hətta ağlasığmaz bir haldır. Müasir rəssamlar intibah dövrü rəssamlarından daha yaxşı çəkə bilsə idilər Rafaelin, Vinçinin, Mikelancelonun əsərlərinin qiyməti gün-gündən daha da artardımı? Hər bir yeni şair nəsli Fizulidən, Puşkindən qabağa getsə və ya, başqa sözlə, onların qalxdığı mərtəbədə dayanıb üstünə bircə kərpic də əlavə etsə, poeziya binası hara ucalardı? Ümumiyyətlə, vahid poeziya binasından, vahid musiqi abidəsindən danışmaq mümkündürmü? Xeyr. Sənət məmləkətində hər bir şairin, rəssamın, bəstəkarın ucaltdığı ayrıca məbədlər var ki, onlar bir-birindən seçilir və heç vaxt bir-birinin üzərinə toplanmır. Sənət əsəri hansı isə vahid bir binanın kərpicinə, nəhəng sənət maşının vintinə çevrilsə, öz bütövlüyünü və ahənginin itirər və daha sənət əsəri olmaz».1
Mükəmməl bir sənət əsərinin yaradılması ayrıca bir fərdin axtarışlarının bəhrəsi olur. İki-üç bəstəkar yığışıb bir yeni musiqi əsəri yaratmır. Orijinal rəsm əsərləri bir neçə rəssamın birgə müəllifliyi ilə ortaya çıxmır. Hətta böyük bir binanın, kompleksin inşasında ancaq bir memarın ideyası rəhbər tutulur. İcraçılar çox ola bilər. lakin ideya müəllifi təkdir. Ona görə ki, yaradıcılıq prosesi o dərəcədə individualdır ki, sənətkarın, fərdin mənəvi-estetik dünyası ilə o dərəcədə sıx surətdə bağlıdır ki, burada iki müəllifin birgə fəaliyyəti mümkün deyil. Burada toplama cəhdi dəyərin artması yox, itməsi ilə nəticələnir.
Biz sənətdə yaradıcılığı ona görə Şərq təfəkkürü ilə müqayisə etdik ki, burada da fərdi-mənəvi dünya ön plana çəkilir. İnsanın dəyəri məhz onun mənəvi kamilliyində axtarılır. Uyğunluq bir də onunla əlaqədardır ki, burada optimal toplama mümkün deyil.
Qərbdə isə insanların müxtəlifliyi onların toplanmasına mane olmur. Çünki birləşmək, birgə fəaliyyət, qarşılıqlı əlaqə ictimai təşkilatlanmanın mühüm şərtlərindəndir. Hərə bir hava çalsa, ümumi dil tapmaq çətin olar. Müxtəlif alətlərdə, lakin eyni notlar əsasında çalmaq, vahid diricora tabe olmaq Qərb üslubuna uyğun gəlir. Müxtəlif alətlərin səslərinin bir-birini tamamlaması simfonik effekt yaradır. Eyni alətin çoxlu sayda olmasından isə ən yaxşı halda sinxronluq yarana bilər. Yeni keyfiyyət isə ancaq simfonikliyin məhsulu ola bilər. Şərq eyniyyətin, Qərb isə müxtəlifliyin vəhdətinə nail olmağa çalışır. Birinci halda ayrıca bir şəxsin, ikinci halda bütövlükdə cəmiyyətin iradəsi təzahür edir.
Bəs Qərbdə birləşdirici amilin əsasında nə dayanır? Estetik şüurdan fərqli olaraq rasional idrak, elmi təfəkkür hamı üçün eyni olan struktura malik olduğundan bu müstəvidə adamlar eyni dildə danışırlar. Formal məntiq birləşdirici amilə çevrilir. Riyaziyyat bu birliyi daha da artırır. Riyaziyyat üçün baxılan obyektlərin təbiəti yox, onlar arasındakı nisbət önəmlidir. Qərb cəmiyyətinin bütövlüyü də məhz hər kəsin fərdi məzmununa toxunmadan ictimai münasibətləri tənzimləməkdən irəli gəlir.
Bütün elmlər ilk növbədə formal məntiqin və riyaziyyatın xidmətlərindən istifadə etdiyi üçün elm müxtəlif alimlərin eyni prosesdə iştirakına şərait yaradır. Ona görə də elmi əsərlərin bəzən bir neçə müəllifi olur. Bir əsərdə başqa əsərlərə istinad edilməsi isə elmi tədqiqatın zəruri şərtlərindəndir. Nəticədə hər bir əsər əvvəlkilərin davamı kimi ortaya çıxır. Müəyyən sahədəki bütün elmi əsərlər isə elə bil vahid bir elmi əsərin hissələrinə çevrilir.
Qərbdə insanların fəaliyyəti də vahid ictimai prinsiplər çərçivəsində həyata keçirildiyindən çoxlu sayda adamlar eyni bir ideyanın reallaşdırılmasına cəlb edilə bilirlər. Ayrı-ayrı insanlar bütövlükdə cəmiyyətin hissələri olurlar. Bu baxımdan, Şərqdə cəmiyyət insanların toplusu, Qərbdə isə insanlar cəmiyyətin hissələridir. Hissələrin vahid strukturda birləşməsindən bütöv mükəmməl bir sistem yaranır. Nəticədə Qərbdə cəmiyyət toplu yox, sistemdir. Şərqdə isə fərdi dünyalar bir-birinə bənzər olsa belə, hər biri özündə tamamlanan sistem olduğundan, onları üzvi surətdə birləşdirərək vahid dayanıqlı sistem yaratmaq olduqca çətindir.
Qərbdə ideya binanın ümumi strukturunu əks etdirir. Adamlar bu mükəmməl strukturun yaradılmasında vasitədir. Lakin şüurlu vasitələrdir. Şərqdə isə insanlar kərpicdən fərqli olaraq, müstəqil və orijinal struktura malik mükəmməl sənət abidələrini xatırlatdığından onlardan nə isə tikmək çox çətindir. Lakin qloballaşma gedir və Şərqdə də Qərbdəkinə bənzər böyük miqyaslı abidələr tikilməlidir. Şərqdə kərpiclər yoxdur. Ya çay daşları və daş-kəsək var, ya sal qayalar və sənət əsərinə çevrilmiş unikal abidələr – fərdi fəaliyyətlər var. Şərqin öz kiçik miqyaslı fərdi abidələrini çay daşı kimi istifadə etməyə əli gəlməsə də, qloballaşma dalğaları ağına-bozuna baxmır. Güclü sel fərdi özünəməxsusluqları və fərdi istiqamətləri aradan götürərək hamını eyni səmtə yönəldir, güclü sahə onları böyük təzyiq altında yapışdırır, birləşdirir. Kiçik iradələr böyük güclü bir iradənin təsir dairəsinə düşərək tərkisilah olunur, iradəsizləşir, mənsizləşirlər. Onlar kərpic kimi rahatca üst-üstə düzülə bilmədiyindən və ölçüləri də uyarsız olduğundan birləşdirici amil, sahə, yapışqan çox güclü olmalıdır.
Bəli, Qərb dünyası müxtəlifliyin vəhdəti kimi mövcuddur. Orada fərdi iradələr məhv edilmədən, fərdlərin öz təşəbbüsü ilə əlaqələndirilir, birləşdirilir. Təkcə fərdlərə münasibətdə yox, etnik qruplara, kiçik millətlərə münasibətdə də mədəni-mənəvi müstəvidə müxtəlifliyin saxlanılması mövqeyindən çıxış edən Qərb dünyası sosial-hüquqi müstəvidə eyniyyətin, vəhdətin tərəfdarıdır. Lakin bununla belə, başqa xalqlara münasibətdə hüquq bərabərliyi təlqin edən Qərb «kütləvi mədəniyyət» ixrac etməklə yeni müstəqillik əldə etmiş ölkələrin müstəqil mədəni-mənəvi simasının yaranmasına mane olur. Görünür, belə güman olunur ki, mədəni-mənəvi iradə qloballaşmaya doğru siyasi-hüquqi identifikasiya işinə mane ola bilər.
Qloballaşma–qərbləşmə şəraitində etnik qruplar, kiçik millətlər də, bax beləcə, hərəsi bir rəngə çalan çay daşları kimi qəlibə tökülərək betonlaşırlar. Fərdilik itir, müxtəliflik itir və dünən gözəllik sayılan özünəməxsusluq bu gün çatışmazlıq kimi ortaya çıxır. Bir qranit parçası, bir çay daşı kərpic və ya blok-beton kimi düzgün həndəsi biçimdə olmadığı üçün dəyərsizləşir, təhqirlərə məruz qalır. Onlar incə və mürəkkəb bir strukturda birləşərək nə isə böyük bir şey əmələ gətirə bilmədiyindən, sadəcə böyük bir şeyin içərisinə qatılaraq itib-batırlar.
Bəli, hərəsi bir havaya köklənmiş müxtəlif biçimli Şərq adamlarından vahid layihə əsasında bütöv bir sistem yaratmağın çətinliyi Şərq adamının dəyərini aşağı salır. Lakin digər tərəfdən, Qərb adamının vahid bir ideyanın (konstitusiya, hüquq, formal məntiq və s.) qəlibindən çıxmış standart kərpic olması Şərqlinin nəzərində bir çatışmazlıqdır.
* * *
Başqa bucaq altında baxdıqda bütün bu mülahizələrimiz olduqca paradoksal görünə bilər. Belə ki, bu gün fərdlərin hüquq və azadlıqlarından, müstəqilliyindən, fikir plüralizmindən, siyasi plüralizmdən məhz Qərb dünyasında danışılır. Məhz Qərb dünyası artıq neçə əsrdir ki, ayrıca götürülmüş insanların səadətini və xoşbəxt həyatını dövlətin və cəmiyyətin əsas vəzifəsi hesab edir və bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərir. Şərq ölkələri isə məhz insan hüquqlarının pozulması, fərdi azadlıqların məhdudlaşdırılması, hamının bir adamın (padşahın, monarxın) iradəsindən asılı vəziyyətə salınması faktlarına görə tənqid olunur. Və qloballaşmanın əsas pozitiv cəhətlərindən biri də bu ölkələrin sakinlərinə hüquq və azadlıq gətirmək, onlara azad iqtisadi rəqabətdə öz güclərini yoxlamaq şansı verməkdən ibarətdir.
Doğrudan da, paradoksaldır.
Onda bəs nə üçün şərqli obrazını çay daşları ilə müqayisə edirik?
Bəlkə ənənəviliyin təcəssümü olan Şərq adamlarının obrazını elə standart kərpiclər daha yaxşı ifadə edə bilər? Xeyr. Bütün məsələ də burasındadır ki, kərpic obrazı standartlığına görə seçilməmişdir. Onlar müxtəlif ölçülərdə və formalarda ola bilərlər. Əsas əlamət onun düzgün həndəsi formada olması, daha doğrusu, bir-birini tamamlaya bilməsi, üst-üstə yığıla bilməsidir.
Çay daşları isə əksinə, bir-birinə bənzəsə də, eyni ölçüdə olsalar da məhz sferik səthə görə üst-üstə yığılma üçün əlverişli deyildir. Onların hər birinin müstəqil kamillik əzmi (idealı) sferikliyə gətirir. Çünki kürə hələ Aristotelin qeyd etdiyi kimi, ən mükəmməl formadır. Özündə qapanan, özü bir kamil sistem olan, başqalarını inkar edən asket obrazıdır. Kub, parallelipiped, prizma və s. isə üst-üstə yığılaraq müxtəlif kombinasiyalar yaratmaq üçün daha əlverişlidir. Buradakı müxtəlif hissələrin hər biri müəyyən bir tamın hissəsi olduğunu dərk edir. Və öz mahiyyətini özündə yox, həmin tamda axtarır. Burada insan özünü cəmiyyətdə tapır.
Şərqdə isə hər bir insan özünü cəmiyyətdən daha çox, özündə və ailəsində tapır. İnsanlar daha böyük tamın hissəsi olmaq üçün hazır deyillər. Digər insanlarla münasibət şəxsi münasibət müstəvisində, iki tərəfin əlaqəsi kimi qurulur. İnsanlar bu şəxsi münasibətləri ümummilli, ümumictimai maraqlar kontekstinə salmır, dövlətçilik mövqeyindən çıxış etmirlər. Belə münasibətlər şəbəkəsi hüquq normalarına yox, daha çox dərəcədə əxlaq və ənənəyə söykənir.
Burada hər bir insan özü üçün lokal ictimai mühit yaratmalı və öz azadlığını bu mühitdaxili münasibətlər çərçivəsində ifadə etməlidir.
Lakin bütün məsələ də elə burasındadır ki, Qərb dünyasında insanlara, fərdlərə hüquq və azadlıq, sərbəst yaradıcılıq imkanları, azad rəqabət şansı məhz cəmiyyət vasitəsilə, dövlətin, cəmiyyətin əli ilə verilir. Azad ola bilmək üçün əvvəlcə azadlığın bir qismindən imtina etməli, digər insanlarla kompromisə gəlməli, birgə fəaliyyət düsturunu qəbul etməli, özünü dövlətdən və cəmiyyətdən asılı vəziyyətə salmalısan. Əvəzində dövlət və cəmiyyət də sənin qalan azadlığını, hüquqla məhdudlaşmayan azadlığını mühafizə edir.
İstənilən cəmiyyətdə, istənilən mühitdə heç kim mütləq azadlığa malik ola bilməz. Hegelin dediyi kimi, azadlıq dərk olunmuş zərurətdir. Əsas məsələ bu zərurətin hüdudlarını optimal şəkildə müəyyənləşdirməkdən ibarətdir. Karl Yaspers yazır ki, liberalizm, azadlıq və şəxslərin həyatının rəngarəngliyi – Qərb ənənəsinin böyüklüyüdür. (K.Yaspers bu mövqeyi həm də Maks Veberin mövqeyi kimi təqdim edir.)1
İctimai normalara, hüquq qaydalarına hamılıqla əməl olunduqda hər bir adam öz fəaliyyətinin azadlıq çərçivəsini müəyyənləşdirmək imkanı qazanır. Yəni, qanunla məhdudlaşdırılmayan hər şey azaddır. Şərqdə isə qanuna, hüquqi normalara mülayim münasibət ilk baxışda fərdi azadlıq dərəcəsinin daha yüksək olması görüntüsünü yaratsa da, əslində, azad fəaliyyət meydanı şəxsi münasibətlərin və adət-ənənənin qoyduğu əlavə məhdudiyyətlərlə xeyli sıxışdırılır. Başqası üçün qanun işləmədikdə bu sənin də azadlığını məhdudlaşdırmış olur. Lap az sayda adamların da azadlıq dərəcəsinin artması və ictimai normadan kənara çıxması, zərurət sferasındakı qeyri-müəyyənlik, əksəriyyətin azadlıq dairəsini də hədsiz dərəcədə məhdudlaşdırmış olur.
Burada saxlanma qanunu işləmir.
Qərbdə insanların fərdiliyi, azadlığı peşə fəaliyyətində, yaradıcı əməkdə, iqtisadiyyatda, elmdə özünü göstərirsə, və əksinə, ictimai həyatda, hüquq müstəvisində hamı eyni prinsiplərə əməl edirsə, Şərqdə azadlıq iddiası çox vaxt məhz hüquq normalarına münasibətdə özünü göstərir.
Qərbdə fərdi azadlıq dövlət və cəmiyyətlə vasitələnmiş olur. Fərdi iradənin özü ictimai şüura söykənir.
Dövlət və cəmiyyətlə vasitələnmiş fərdi azadlıqlar.
* * *
Necə ki, XIX əsrdə mexanika elmi öz inkişafının yüksək səviyyəsinə çatmış və bütün elmləri ehtiva etmək iddiasına düşmüşdü, eləcə də XX əsrin ikinci yarısında Qərb dünyasında formalaşmış cəmiyyət modeli özünü ən optimal model saymaqla, özündən razılıq səviyyəsinə gəlib çatmışdır. Vesternizasiyanı artıq bütün planet miqyasında yaymaq cəhdləri də bu özündən razılığın ifadəsidir.
Qərb idrakın, özünüdərkin elə məqamına çatıb ki, özünü şüurlu surətdə idarə edə bilir. Ona görə də bir böyrəyi çatmırsa və ya xəstədirsə, onu sağlam bədənlərdən transfer edir. Eləcə də sağlam ruh çatmırsa, mənəviyyat böhranı varsa, bu problemi yüksək mənəviyyatlı cəmiyyətlər hesabına həll etmək təşəbbüsü göstərir. Lakin mənəviyyat böyrək deyil ki, onu kəsib götürəsən. Onu kopiyalamaq da mümkündür. Bu mənada Qərb dünyası Şərqdən nə isə götürürsə, buna heç bir etiraz ola bilməz. Lakin öz xəstə mənəviyyatını Şərqə transfer edirsə, o, artıq yolverilməz haldır.
Özlərinin yaxşı hesab etdiklərini başqalarına da rəva görmək normal bir haldır. Lakin başqalarına bunu güclə qəbul etdirmək cəhdləri insan azadlığı haqqında idealların beynəlxalq miqyasda artıq öz əksliyinə çevrilməsindən xəbər verir.
Bəlkə başqa ölkələr üçün onlara daha çox uyğun gələn yeni cəmiyyət modelləri hazırlansa daha yaxşı olar?
Lakin bunun üçün yeni ideyalar lazımdır. Qərb dünyası isə indi ancaq hüquq normaları və hazır stereotiplərlə silahlanmışdır. Böyük fəlsəfələr dövrü arxada qalmışdır.
Fəlsəfəsizləşmiş, ruhsuzlaşmış, ideyasızlaşmış ictimai fikir yeni cəmiyyətlər üçün səciyyəvi olan yeni tendensiyaları, ictimai dramatizmi əks etdirmək iqtidarında deyil.
Yeni, böyük ideyalar böyük təxəyyülün məhsulu olur. Böyük şəxsiyyətlər və böyük fəlsəfələr dövrünü arxada qoymuş Qərb daha artıq bu missiyanı yerinə yetirmək iqtidarında deyil.
Bu gün bu yük, bu məsuliyyət Şərqin üzərinə düşür.
Lakin Şərq özünü itirmişdir. İncə strukturlu, unikal sənət abidələri böyük miqyaslı dəmir beton konstruksiyaların içərisinə qatılaraq ənənəvi əlaqələrdən məhrum olmuşdur.
Bəli, Şərq özünü itirmişdir. O, özünü tapa bilsə, xilas yolunu da tapacaq.
Dostları ilə paylaş: |