5.5. MENECMENT MƏDƏNIYYƏTI VƏ ETIKASI
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın inkişafı, şirkət və firmaların gələcək tərəqqisi üçün yeni idarəçilik prinsipləri, əxlaqi keyfiyyətlərə əsaslanan qanunlar və dəyərlər getdikcə daha əsas faktorlara çevrilməkdədir.
Dünya təcrübəsi göstərir ki, hər hansı bir şirkətin rəqabətə davam gətirib yüksək gəlir əldə etməsi üçün heç də yalnız yüksək keyfiyyətli malın istehsalı və ya xidmətin göstərilməsi kifayət deyildir. Getdikcə daha çox şirkət və korporasiyalar etibarlılığın, qarşılıqlı inamın və imicin artırılması istiqamətində böyük səylər göstərməkdə və külli miqdarda pullar xərcləməkdədirlər.
Investorlar və şirkətlər hər hansı bir ölkədə və ya yerli şirkətlə iş birliyi qurduqda ilk növbədə həmin şirkətin etibarlı olub-olmaması, yerli və beynəlxalq qanunlara hörmət etməsi, ictimaiyyət arasında imicə sahib olması kimi amillərə fikir verirlər. Məsələn, Amerikada hər il şirkət və korporasiyaların əxlaq kriteriyalarına uyğunluğu üzrə reytinq cədvəli tərtib edilir. Bu kriteriyalara şirkətin etibarlılığı, təhlükəsiz məhsul istehsalı və xidmətlər, ətraf mühitin qorunması, təbii və insan resurslarından səmərəli istifadə və s. daxil edilir. Hər bir şirkət isə, reytinq cədvəlində əvvəlinci yerlərdə olmağa çalışır.
Menecment etikasını üç aspektdə şərh etmək olar:
Birinci aspekt – menecment mədəniyyətinə və etikasına işgüzar cəmiyyətin tərbiyəsi kimi baxılır. Bu tərbiyənin əsasında təşəbbüskarlıq ənənələri və bazar iştirakçıları arasında münasibətdə müəyyən qaydalar durur. Məsələn, menecment etikası çərçivəsində qanunlara riayət etmə və mübahisələrin həllində qanuni üsullardan istifadə yüksək əxlaqi davranış kimi qəbul edilir. «Əxlaq» termini burada nəinki, icra edilmədikdə cəza verə biləcək qanunlar, həm də davranış normaları kimi qəbul edilən qaydalara könüllü riayət etmə mənasını verir.
Menecment etikasının ikinci aspekti tətbiqi xarakter daşıyır və idarəetmənin aparılmasında həqiqi təcrübənin öyrənilməsi ilə əlaqədardır. Əxlaq, burada işlərin aparılması zamanı cəmiyyət (region, ölkə, şəhər və s.) üçün qəbul edilmiş etik normalara əməl olunması kimi başa düşülür. Menecment etikasına bu tərzdə yanaşmanın əsas müddəası (postulatı) «norma» anlayışının fəlsəfi cəhətdən şərhi ilə əlaqədardır. Ən məhdud mənada etika onunla ifadə edilir ki, burada bazar iştirakçıları bir-biri ilə necə sövdələşirlər və onlar bu sazişi necə icra edirlər. Əxlaqın zəruriliyi (mövcud qanunlar çərçivəsində) onunla şərtlənir ki, istənilən qanun kamil deyil (yaxud da onda «boşluqlar» var) və onsuz ötüşmək olar. Əxlaq isə, hər şeydən əvvəl, bazar iştirakçılarına müəyyən çərçivədə davranış qaydalarına riayət verməklə biznesin əlavə nizamlayıcısı kimi çıxış edir.
Üçüncü aspekt - insan amilidir. Bu, işçilər və sahibkarlar arasındakı qarşılıqlı münasibətin yeni tipinin formalaşması zərurətindən irəli gəlmişdir. Yəni, hər şey menecerin öz işinə və əməkdaşlara münasibətindən asılıdır. Əməkdaşlar dəqiq bilməlidirlər ki, onların qarşısına hansı tapşırıqlar qoyulub və onlar buna görə hansı cavabdehliyi daşıyırlar. Başqa sözlə desək, işçi öz işinə sevgi ilə və həvəslə yanaşmalıdır. Bu sevgi və həvəsi isə idarə rəhbərləri işdə olan saf, açıq, münaqişəsiz mühitlə təmin etməlidirlər. Işçiyə necə münasibət göstərilərsə, bu istər-istəməz işçinin işində özünü biruzə verməlidir. Əgər işçi öz işini sevirsə və həvəslə bu işi görürsə, onun məhsuldarlığı dəfələrlə artıq olur. Faktlar və psixoloji testlər sübut edir ki, əgər işçi gördüyü işin xeyirxah məqsədlər naminə edildiyini və onun işindən çox şey asılı olduğunu dərk etdirsə, o, işinə daha sadiq olur, daha həvəslə və məhsuldar işləyir.
Bu fikirləri təsdiq etmək üçün iki tədqiqatın nəticələrini misal gətirək:
a) Amerikanın «Working Woman Magazine» jurnalının apardığı sorğu aşkar etmişdir ki, respondentlərin tam əksəriyyəti adı məhkəmələrdə hallanan, pis reputasiyaya malik və həmçinin etik qaydaları kobudcasına pozan şirkətlərdə işləmək istəmirlər.
b) ABŞ-ın Ümumxalq Rəy Sorğusu Agentliyinin apardığı sorğu aşkar etmişdir ki, iş yerində işçilərin üstünlük verdiyi əsas dəyərlər sırasında şirkətin davranış normalarına riayət etməsi, işçilərə ədalətli münasibət və işçilərə hörmət bəslənilməsi ilk beşliyə daxil olduğu halda, yüksək maaş kimi əsas götürülən amil, reytinq cədvəlində 11-ci yerdə olmuşdur.
Yuxarıda deyilən bütün aspektləri nəzərə alaraq qabaqcıl Qərb şirkətlərinin əksəriyyəti «Biznes Əxlaqı Kodeksi» qəbul etmişlər. Belə kodekslərə dünyanın nəhəng şirkətlərindən olan IBM, General Motors, General Electric, Merck, Coca-Cola və s.- də rast gəlmək olar. «Əxlaq Kodeksi» şirkətin bütün tərəfdaşları – müştəriləri, təchizatçılar, səhmdarlar və işçilər üçün istiqamətverici rol oynayır. Kodeksdə şirkətin uzun müddətli və qısa müddətli məqsədi, şirkətin əsas hesab etdiyi qlobal dəyərlər, tərəfdaşlarına olan münasibət, həmçinin şirkət işçilərinin şirkət daxilində davranış qaydaları və onlardan nə tələb olunduğu maddələrlə tam əksini tapır. Hər bir işçi işə daxil olmazdan əvvəl bu prinsiplərlə tanış olur və onu imzalayır. Kodeks həmçinin şirkəti bütün dünyada tanıdan direktiv bir sənəddir.
Yuxarıda deyilənləri nəzərə alaraq demək olar ki, hər bir müəssisədə menecment mədəniyyətinin böyük rolu və əhəmiyyəti vardır. Belə ki, insan cəmiyyəti formalaşdıqca və kamilləşdikcə, idarəetmə də təkamül yolu ilə təkmilləşmiş və cilalanmışdır.
Menecment mədəniyyəti dedikdə - mənəvi, etik, iqtisadi, hüquqi, təşkilati və texniki norma və normativlərin, idarəetmə prinsiplərinin dəqiq, düzgün və səriştəli yerinə yetirilməsi başa düşülür. Menecment mədəniyyəti, həm də idarəetmə əməyinin təşkili, sənədləşdirmənin və sənəd dövriyyəsinin kamilliyi ilə xarakterizə olunur.
Menecment mədəniyyətinin əsas elementləri
Məlumdur ki, təşkilatlar (müəssisələr) təkcə texnoloji sistemlərin vasitəsilə deyil, ilk növbədə insanlar vasitəsilə idarə olunurlar. Bu halda isə, hər bir rəhbərin və hər bir fərdi işçinin qabiliyyəti, mənəvi keyfiyyətləri, instinkti və emosiyaları və digər bu kimi amillər idarəetmə sisteminə təsir göstərir. Insanlar öz aralarında qurduqları münasibətləri qiymətləndirmək sayəsində nəyin pis və nəyin yaxşı olduğunu müəyyən edir və bunlara münasib addımlar atırlar. Ümumiyyətlə götürdükdə, hər bir müəssisədə menecment mədəniyyətinin formalaşmasına təsir göstərən amilləri aşağıdakı kimi sistemləşdirmək olar:
- təşkilatın missiyası (başlıca məqsədi);
- təşkilatın ölçüsü (kiçik, orta, böyük olması);
- tətbiq edilən texnologiya (sadə, mürəkkəb);
- təşkilatın əhatəsi (ətraf mühit, şəhər, kənd);
- istehsalın miqyası (fərdi, seriyalı, kütləvi);
- istehsalın spesifik xüsusiyyətləri (sadə, təhlükəli, zərərli);
-istehsalın quruluşu (individual-fərdi, mexanikləşdirilmiş, avtomatlaşdırılmış);
- idarəetmə prosesi (sadə, orta, mürəkkəb);
- idarəetmə quruluşu (azpilləli, çoxpilləli, funksional və s.)
- idarəedən personal (səriştəli, səriştəsiz, peşəkar və s.);
- müəssisənin yaranma tarixi (təzə, köhnə, yetkin);
- mülkiyyət forması (xüsusi, kooperativ, dövlət və s.);
- milli və dini ənənələr.
Bu amillərlə yanaşı, müəssisənin fəaliyyət göstərdiyi ölkə, onun iqtisadi və siyasi sistemi, beynəlxalq əlaqələri, rəqabət aparan tərəflər, bazarın kamilliyi və ya qeyri-kamilliyi kimi müsbət və mənfi təsir göstərən amillər də nəzərə alınmalıdır.
Kodeks təşkilatın həyat fəaliyyətinin ümumi prinsiplərini müəyyənləşdirir və direktordan tutmuş texniki işçilərə qədər bütün işçi heyətini əhatə edir.
Kodeksdə şirkətin aşağıdakı tərəflərlə münasibətləri ardıcıl əks etdirilir:
Istehlakçılarla – yüksək keyfiyyətli məhsul və xidmətlərin təmin edilməsi.
Əməkdaşlarla – əmək təhlükəsizliyi və sağlam mühit üçün şəraitin vaxtında təmin edilməsi və bunun hər kəsə ədalətli münasibət, insanın şəxsiyyət və ləyaqətinə hörmət ilə müşayiət olunması.
Təchizatçılarla – ədalətli rəqabətə əsaslanan qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi və qorunub saxlanılması.
Cəmiyyət və ictimai qruplarla – məsuliyyətli vətəndaş olmaq və vətəndaş cəmiyyətinin təşəkkülünə yardım etmək. Buraya mədəni dəyərlərin inkişaf etdirilməsi və vətəndaş qurumlarının möhkəmləndirilməsi üzrə fəaliyyətin dəstəklənməsini aid etmək olar.
Rəqiblərlə – haqsız rəqabətdən çəkinmək və bazarın inhisarlaşmasına yol verməmək öhdəliyi.
Investorlarla – investorun zəmanətli və sabit gəlir hüququnun əks etdirilməsi.
Son vaxtlar kodekslərin əksəriyyətinə şirkətlərin ətraf mühitə münasibəti kimi aktual problem də daxil edilir.
Yoxlama üçün suallar
1. Menecment mədəniyyətinin zəruriliyi;
2. Menecment mədəniyyətini formalaşdıran amillər;
3. Menecment mədəniyyətinin əsas elementləri;
4. Menecment etikası;
5. Etika kodeksinin tələblə
Dostları ilə paylaş: |