Sərbəst İş №1 İxtisas: Biznes və İqtisadiyyat Qrup: 194-404 Kurs: III qiyabi Fənn



Yüklə 85,54 Kb.
tarix26.05.2022
ölçüsü85,54 Kb.
#59606
Dinin meydana gəlməsinə dair müxtəlif nəzəriyyə və baxışlar


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Universiteti


Sərbəst İş №1
İxtisas: Biznes və İqtisadiyyat
Qrup: 194-404
Kurs: III - Qiyabi
Fənn: Multikulturalizmə Giriş
Müəllim: Asif Bayramov
Tələbə: Aysel Ağalarova
Mövzu: Dinin meydana gəlməsinə dair müxtəlif nəzəriyyə və baxışlar
Bakı 2022
Dini təsəvvürlər, dini baxışlar, onlarla əlaqədar formalaşan dini əqidələr şüurun çeşidli halətlərinin məhsuludur. Dünyanın dərk edilməsi canlı seyrdən başlayır. O, növbəti mərhələlərdə abstrakt təfəkkürə keçir. Abstrakt təfəkkür isə əsas mücərrəd anlayışların (varlıq, fikir, həyat, bilik və s.) köməyi ilə reallaşdırılan fenomen kimi təzahür edir. Məhz abstrakt təfəkkür bütün dinlərin yaranmasının əsas mənbəyi kimi qiymətləndirilir. Şüurun fəaliyyəti insanda biliklər, bacarıqlar və təsəvvürlər sistemi yaradır. Bu təsəvvürlər sistemi isə əsasən dünyagörüşü kimi təzahür edir. Dünyagörüşü obrazlı təsəvvürlərin, prinsiplərin, dəyərlərin və baxışların məcmusudur. Dünyagörüşünün 4 növü mövcuddur: dini, mifoloji, fəlsəfi və elmi. Dini dünyagörüşü insan təfəkkürünün ətraf mühitə olan münasibəti nəticəsində yaranmış və ən geniş yayılmış təsəvvür formalarından biridir. Məhz onun sayəsində, davamlı olaraq, ən primitiv və ən mürəkkəb dini inanclar, təlimlər, sistemlər yaranmış və formalaşmışdır.
Dinlər ibtidai, politeist, monoteist, dualist, panteist, deist, monist və s. kimi tiplərə bölünür. İbtidai dinlər sırasına magiya (qədim şumer və türk dillərində “imqa” - müdrik – çox sirli biliklərə malik olan maqların təbiət qüvvələri ilə sakral əlaqələrinə əsaslanır, ağ və qara magiya kimi iki tipə bölünür), totemizm (təbiət və heyvanların fövqəladə qüvvəsinə inamda ifadə olunur), fetişizm (frans. fetichisme - talisman, amulet, büt deməkdir, cansız əşyalara sitayişdə ifadə olunur), animizm (lat. anima, animus - ruh deməkdir, ruhlara, həmçinin təbiətin ruhuna inamda ifadə olunur), şamanizm (ruhlarla sakral əlaqə yaratmağa qadir olan insanın – şamanın vəhylərinə əsaslanır) və azık (slavyan kilsə dilində “zık” xalq deməkdir, qədim xalqların təbiət qüvvələrinə inamına əsaslanan kultlarda ifadə olunur), sabeizm (ulduzlara sitayiş) və s. kimi dinlər aiddir. Dini dünyagörüşünün sistematik formalarından biri politeizm (yun. “polys” - çoxsaylı,“theis” isə tanrılar deməkdir) yaxud çoxtanrılıqdır. Politeizm vahid bir panteonda (yun. “pan” - hamısı, “theis” isə tanrılar mənasını verir) təqdim olunan bir neçə tanrıya və ilahəyə inam və etiqad şəklində ifadə olunur. Politeizmin öyrənilməsi isə bilavasitə əsatirlərin, yaxud miflərin öyrənilməsi ilə bağlıdır. Hal-hazırda dünya əhalisinin böyük bir hissəsi aşağıdakı müxtəlif dini ideologiyaların mənsubları hesab olunur: 1. Xristianlıq. 2. İudaizm. 3. İslam. 4. Daosçuluq. 5. Bəhailik (ərəb. baha - tanrı şərəfi, parıltı, işıq deməkdir, əsası İran ilahiyyatçısı Bahaulla (Hüseyn əl-Nuri -1817-1892) tərəfindən XIX əsrdə qoyulmuşdur. Monoteist dini təlim kimi bəhailiyin mərkəzi Fəlsətində, Hayfa şəhərində yerləşir). 6. Hinduizm. 7. Buddizm. 8. Caynizm. 9. Sintoizm (yap. sinto - tanrı yolu deməkdir, Yaponiyada ənənəvi din). 10. Konfusiançılıq. 11. Sihhizm (pencab dilində “sihhi” - şagird, davamçı deməkdir).
Kosmos və nanotexnologiyalar dövründə belə, dini dünyagörüşü insanların əqlinə, zəkasına və iradəsinə hakim olmaqda davam edir. Latın dilindən tərcümədə “reliqio” sözünün mənası müqəddəslik, möminlik, vicdan deməkdir. Hərfi mənaya gəldikdə isə sözün əsas hissəsi “liqa” birlik mənasını verir, “re” isə hərəkətlərin qayıdış xarakterini ifadə edir. Beləliklə, ümumi mənada din “birləşmək” anlamına gəlir. Ərəb dilində isə “din” iman, mühakimə, tabe olmaq, vicdan, ibadət kimi mənalarda işlədilir. Dini dünyagörüşü fövqəladə qüvvələrə inama əsaslanır. Dinin əsas məqsədi düzgün mənəvi dəyərlərin və əxlaqi davranışların təbliğ edilməsindən, qorunmasından və yayılmasından ibarətdir. Hər hansı dinin və dini təlimin əsas elementini və başlıca xassəsini inanc və iman təşkil edir. Dinin digər təyinatları isə “həyat tərzi”, “ali və fövqəladə qüvvələrə səcdə” kimi də qiymətləndirilir. Bu zaman mömin sitayiş etdiyi obyektləri reallıq kimi qəbul edir, onun bu inancı isə adətən dönməz olur. Dini inanclarda dualar və rəmzlər sistemi, əxlaqi qaydalar, ayinlər və dini hərəkətlər xüsusi rol oynayır. Bir qayda olaraq, dünyanın dini təsəvvürləri haqda sistem elmi təcrübə ilə yoxlanılmış faktlara deyil, mistik (yun. mistikos - gizli, sirli deməkdir) təcrübəyə əsaslanır. İctimai təfəkkürün ən geniş yayılmış formalarından olan dini şüur sferasına - dini təlimlər, dini hisslər, sitayiş və ayinlər, dini təşkilatlar və təriqətlər aiddir. Din insanların dünya duyumunun spesifik formasıdır. O, “fövqəlqüdrətə” sitayiş qismində ifadə olunur. Məşhur xristian ilahiyyatçısı və filosofu Mömin Avqustin (lat. Aurelius Augustinus Afer - 354-430) iddia edirdi ki, din insanla “hipotetik qüdrət” arasında sakral kommunikasiya kimi təzahür edən fenomendir. İbrani dini ideologiyaya görə, insan tanrı qüdrətinin məhsulu kimi cənnətdəki günahlarına qədər tanrı ilə birbaşa ünsiyyət qura bilirdi. Lakin ilk günahını törədən kimi, bu ünsiyyət kəsildi və tanrı öz işığını bəndələrinə mələklər, vəhylər, peyğəmbərlər və zühur vasitəsi ilə ötürməyə başladı. İnsan isə bu işıqdan güc almaq və tanrı ilə “virtual (lat. virtualis - mümkün - real şəkildə mövcud olmayan, lakin spesifik, özəl şəraitdə yaranması mümkün olan obyekt, yaxud vəziyyət) ünsiyyət” qurmaq üçün ibadət yolunu seçdi. Bununla da dinin əsl sakral və ilahi mahiyyəti üzə çıxdı. Qeyd etmək lazımdır ki, bu gizli mahiyyət insanın ilk günahını işləməsindən sonra itirdiyi tanrısına qayıdış yolunun axtarışı kimi təzahür edir. ABŞ filosofu Uilyam Ernest Hokinq (ing. William Ernest Hocking - 1873-1966) “Elm və tanrı ideyası” adlı əsərində yazırdı ki, “elm yalnız xüsusi, özəl məfhumları öyrənir, ümumbəşəri həqiqətin dərk edilməsi isə yalnız din vasitəsi ilə mümkündür”. İnsan şəxsiyyəti tanrısız mövcud ola bilməz. Ateist dünyagörüşü isə varlığın mənasız olmasına aparan yoldur. Tanrıdan üz döndərmiş hər hansı ateist cəmiyyət, yanlış olaraq “ayrı-ayrı şəxslərin iradəsini ilahiləşdirir” (şəxsiyyətə pərəstiş).
Dinin təşəkkülünə dair təkamül nəzəriyyəsinə görə, onun meydana gəlməsi, insanın təbiət qüvvələri qarşısında acizliyinin və bununla bağlı onları fövqəlqüdrətin təzahürü kimi qəbul etməsinin və ilahiləşdirməsinin nəticəsidir. Marksizm də bu fərziyyəni müdafiə edir və iddia edir ki, dinin mənşəyi insanın təbiət və cəmiyyət hadisələri qarşısında zəifliyi ilə bağlıdır. Bu fərziyyənin əlbəttə ki, yaşamaq hüququ vardır. Lakin burada bir incə məqamı xüsusi vurğulamaq vacibdir. Belə ki, insanın genetik kodunda cənnətdəki kuralları pozmaqla əlaqədar günahkarlıq kompleksi formalaşmışdır və minilliklər ərzində ən çətin və ekstremal situasiyalarda o özünü “teofobiya”, yaxud tanrı xofu kimi büruzə verir. Marksizm, yanlış olaraq dinləri “xalq üçün opium” hesab edir. Lakin təkamül nəzəriyyəsi, yaxud naturalist fərziyyə sübut edə bilmir ki, ibtidai cəmiyyətdə radikal şəkildə primitiv düşünən insan “fövqəlqüdrət ideyasını” haradan almışdı. Bu, “tanrı ideyasının” insanın əzəli təbiətinə məxsus olması mövqeyinə güclü dividendlər gətirir. Bir amil danılmazdır ki, dinlər insanların qurtuluş yolu, tanrının mərhəmətini qazanmaq üçün möhtəşəm barışıq aktıdır. Bu yol ta cənnətin qapılarından başlayıb, orada da xoşbəxt sonluqla başa çatacaq. Günahkar insan miskin taleyi üzərində qələbə çaldıqdan sonra isə tanrısını tapacaq və itirdiyi cənnəti də yenidən qazanacaq. Başqa sözlə, “insanın ata yurduna (cənnətə) qayıdışı”, kainat miqyaslı bir repatriasiya (lat. repatriate - vətənə qayıdış) baş verəcək. Beləliklə, şüurun həqiqi yolu tanrı axtarışından keçir və bütün həqiqətlər də burada qərar tutmuşdur. Günahkarlıq kompleksinin qlobal xarakteri və faktiki olaraq onun bütün qədim xalqlara mənsub olması, tanrı ideyasının doğurdan da insan təbiətinə apriori məxsus olmasını sübut edir. Bununla bağlı qədim yunan tarixçisi Plutarx (yun. Ploutarxos - 46-127) yazırdı: “Baxın və siz yer üzərində müdafiəsiz, elmsiz, hakimsiz şəhərlər, pulun belə nə olduğunu bilməyən, elmdən, mədəniyyətdən xəbəri olmayan evsiz-eşiksiz insanlar görəcəksiniz, lakin siz tanrıya inancı olmayan bir dənə də olsun insan cəmiyyətinə, müqəddəs məkanı, and yeri, duası, qurbangahı olmayan bir şəhərə, bir kəndə belə rast gəlməyəcəksiniz”.
Klassik alman fəlsəfəsinin görkəmli nümayəndələrindən biri olan Lüdviq Feyerbax (1804-1872) dinin əsl mahiyyətini açıqlayarkən iddia edirdi ki, “tanrı, insan cahilliyinin, insan fantaziyasının məhsuludur”. Yəqin ki, böyük filosof bu gün yaşasaydı, əsla bu sözləri deməzdi. Çünki tanrı axtarışı nanotexnologiyalar əsrində XIX əsrdəkindən daha aktualdır və müasir insan dünyanın sirlərini açdıqca, israrla kainatın möhtəşəm və mürəkkəb strukturunu öyrəndikcə, belə möhtəşəmliyin daha möhtəşəm sahibi olmasına daha dərindən inanır. Məşhur rus filosofu və ilahiyyatçısı Sergey Nikolaeviç Bulqakov (1871-1944) dinləri xarakterizə edən yüksək səviyyəli ideyalar irəli sürərək iddia edirdi ki, “din insanın tanrını bilavasitə tanımaq, onunla canlı əlaqə, ünsiyyət qurmaq cəhdlərdir”. Mütəfəkkirin iddialarına görə, belə əlaqə əsl dini istedadı olan insan üçün, tanrının qüdrətini dərk etməyə qadir olan orqanizm üçün mümkündür. Müasir dövrdə Yer kürəsi əhalisinin dini ideologiyaya və inanclara münasibəti aşağıdakı kimidir: (saat əqrəbi istiqamətində) 1. Xristianlıq - 2 milyard 419 milyon. 2. Hinduizm - 1 milyard 100 milyon. 3. Daosizm - 50 milyon. 4. Bəhailik (babilik) - 7 milyon. 5. Buddizm - 800 milyon. 6. Caynizm - 5 milyon. 7. Sintoizm (Yaponiya buddizmi) - 14 milyon. 8. Konfusiançılıq - 8 milyon. 9. Spritualizm - 20 milyon. 10. İudaizm - 15 milyon. 11. Sihhizm - 24 milyon. 12. İslam - 1 milyard 800 milyon. Bundan başqa dünyada digər din, əqidə və məzhəb mənsublarının sayları da aşağıdakı kimidir: ənənəvi dinlər (fetişizm, animizm, magiya, totemizm) və yerli dinlər (Afrika xalqlarının, Cənubi və Şimali Amerika hindularının, Avstraliya və Okeaniya xalqlarının dinləri) - 270 milyon, dinsizlər - 660 milyon, ateistlər - 140 milyon, kaodaizm (Böyük göz – Vyetnamda buddizmin, daosizmin, konfusiançılığın sintezindən yaranmış sinkretik təlim) - 4 milyon, zoroastrizm - 2,6 milyon, şenizm (Çin xalq dinləri) - 600 milyon. 2012-ci ildə Gallup International/WLN assosiasiyasının keçirdiyi “Ümidin və ümidsizliyin qlobal barometrləri” (ing. Global Barometer on Hope and Despair) sorğusuna əsasən, dünya əhalisinin 59%-ni dindar insanlar təşkil edir. Hər 5 nəfərdən biri dindar olmadığını (23%), hər 8 nəfərdən biri isə ateist olduğunu (13%) bildirmişdi. Ən dindar insanların (85-96%) aşağıdakı ölkələrdə yaşaması məlum olmuşdu: Qana, Nigeriya, Fici, Makedoniya, Rumıniya, İraq, Keniya, Peru, Braziliya. Ən dindar məmləkətlər sırasına isə aşağıdakılar daxil olmuşdu: Gürcüstan, Pakistan, Əfqanıstan, İran, Moldova, Kolumbiya, Kamerun, Malayziya, Hindistan, Polşa, C.Sudan. Respondentlərin içərisində ən çoxsaylı ateistlərin olduğu əsas ölkələr aşağıdakılar olmuşdu: Çin (47%), Yaponiya (31%), Çexiya (30%), Fransa (29%), C.Koreya, Almaniya, Niderland (15%), Avstriya, İslandiya, Avstraliya (10%).
Fransız sosioloq və filosofu Emil Dürkheym (1858-1917) öz sosioloji-fəlsəfi düşüncələrində din adlı ictimai hadisəni insanları müqəddəs məfhumlar vasitəsilə bir araya gətirən qanun və əqidələrdən ibarət kompleks kimi təqdim edir. "Əql və dini etiqad“ kitabında isə dinə verilən təriflərin əhatəli olmaması vurğulanır və ortaya daha dəqiq tərif qoyulmasına çalışılır. Yəni hazırda mövcud olan dinlərin hamısını əhatə edəcək bir tərif. Müəllifə görə, dinin ən ümumi tərifi belədir: “Din ülvi bir həqiqət ətrafında toplanmış əqidələr, ayinlər məcmusudur”. Nəhayət, müasir İran filosofu və ilahiyyatçısı Misbah Yəzdinin fikrincə, din kainatı və insanı yaradan bir varlığa inam və bu inanca uyğun əməli qanunlardır. Dinə verilən tərifləri təkrarlamaq lüzumsuzdur. Düşünürük ki, dinə hər hansı bir formada tərif verməzdən öncə hansı dindən söhbət getdiyini müəyyənləşdirməliyik. Dünyada mövcud olan dinlər müəyyən bir təsnifə əsasən üç hissəyə ayrılır:

  1. İbtidai dinlər (animizm, totemizm, fetişizm və s.);

  2. Fəlsəfi dinlər (hinduizm, buddizm, konfusilik və s.);

  3. Vəhyə əsaslanan dinlər (yəhudilik, xristianlıq və islam).

Bu dinlərin hər biri özünəməxsus əqidə və ayinlərə malikdir. Belə bir vəziyyətdə bütün dinləri əhatə edən ortaq və eyni zamanda dəqiq tərif vermək mümkündürmü? Zənnimizcə, bu iş mümkün olsa da, lüzumsuzdur.


Azərbaycan çoxmillətli dövlətdir və bu məmləkətdə müxtəlif etnik qruplar yaşayır. Ölkədə çoxlu sayda dinlər və konfessiyalar mövcuddur. Buna baxmayaraq, dominant din islamın şiə məzhəbidir. Ölkə əhalisinin 92,2% müsəlmanlardır və onların 85% (bəzi məlumatlara görə isə 60%) şiəliyin isnaaşirət məzhəbinin (mehdilik, yaxud imamilik) mənsublarıdır. Əhalinin təxminən 15%-ni (bəzi mənbələrdə 40%) isə sünni məzhəbinin mənsubları təşkil edir. Azərbaycanda 3 yəhudi icması fəaliyyət göstərir: dağ yəhudiləri, yəhudi-aşkenazilər, gürcü yəhudiləri. Bakıda, Qubada və Oğuzda 6 yəhudi sinaqoqu mövcuddur. Bunlardan əlavə Azərbaycanda yəhudilərin müxtəlif mədəniyyət mərkəzləri və dini təşkilatları fəaliyyət göstərir. 2003-cü il mart ayının 9-da Bakıda açılmış sinaqoq Avropada ən böyük yəhudi ibadət evi hesab olunur. Azərbaycanda xristianlığın iki minillik tarixi vardır. O, İsa Məsihin şagirdi həvari Varfolomeyin Cənubi Qafqazda dini fəaliyyəti ilə bağlıdır. Qeyd etmək lazımdır ki, o,71-ci ildə erməni-bütpərəstlər tərəfindən edam edilmişdir. E. I əsrinin 2-ci yarısında isə Yərusəlimdən (Qüds) gəlmiş Müqəddəs Yelişa (yun. Yelisey) indiki Şəki rayonunun Kiş kəndində ilk Alban Həvari Kilsəsini inşa etdirmiş və həmin kilsə bu gün də fəaliyyət göstərir. 1836-cı ildə Alban Kilsəsi Rus Pravoslav Kilsəsinin Müqəddəs Sinodu tərəfindən ləğv edilərək erməni katalikosluğuna tabe etdirilsə də, 2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bərpa edilmişdir. Ölkəmizdə, həmçinin katolik və pravoslav kilsələri fəaliyyət göstərir. Hal-hazırda isə Azərbaycanda beş pravoslav kilsəsi mövcuddur Onlardan “Собор Жен Мироносиц”, “Собор Рождества Пресвятой Богородицы” və “Михайло-Архангельский собор” Bakıda yerləşir. Katolisizm Azərbaycanda XIV əsrdən yayılmağa başlamışdır. Bu dövrdə ölkəmizə müxtəlif yerlərdən katolik missionerləri (dominikanlar, karmelitlər, fransizkanlar) gəlirdilər. XX əsrin əvvəllərində Bakıda ilk katolik məbədinin (“Храм Непорочного Зачатия Девы Марии”) əsası qoyulmuşdu. 2002-ci ildə isə Roma Katolik Kilsəsinin (Vatikan) başçısı II İoann Pavel (Ioannes Paulus PP.II - 1978-2005) Bakıya səfər etmişdi. Hazırda Azərbaycanda katolik konfessiyasının mənsubları 500 nəfərdir. Katolik və pravoslav xristianlardan başqa Azərbaycanda 25 kiçik protestant-baptist icmaları mövcuddur. 1830-cu ildə Rus çarı I Nikolayın (1825-1855) verdiyi fərmana görə, Rus Pravoslav Kilsəsinə müxalifətdə olan bəzi bidətçilərin (раскольники) C.Qafqaza köçürülməsinə başlandı. Beləliklə, Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycana 120 min bidətçi (anabaptistlər, molokanlar və subbotniklər) köçürüldü. Bidətçilər Rusiyanın mərkəzi hissəsindən - Volqaboyundan, eləcə də Tavriyadan, Bessarabiyadan köçürülürdülər. O dövrdə C.Qafqazda salınmış kəndlərin çoxu məhz Azərbaycanda idi. Bidətçilər üçün salınan yaşayış məskənləri sırasında Privolnoe, Nikolayevka, İvanovka və baş. indi də mövcuddur. 1859-cu ildən isə bidətçilərə Bakı slobodasında (slav. cлобода - azad - çarizm dövründə əsas dövlət mükəlləfiyyətlərindən azad edilmiş yaşayış məntəqəsi) məskunlaşmalarına icazə verildi və burada 16 bidətçi kəndi salındı.
XXI əsrdə dinin aktuallığı əvvəlki əsrlərdən az deyil. Bir zamanlar ateizmi dövlət səviyyəsinə qaldırmış cəmiyyətlər yenidən haqqın yoluna qayıtmışlar və bu proses durmadan davam edir. Müasir insan nə qədər müasir görünsə də, onun ruhunda potensial dini inancın olması faktdır. Ən radikal ateist belə, “köksünə xəncər sancılanda əllərini göyə qaldırıb tanrıdan kömək istəyir”. Bu gün rasional düşünən insan tanrı axtarışının vacibliyini iki min il bundan əvvəl yaşamış insanlardan daha yaxşı dərk edir. Bu, iqtisadi, hərbi-siyasi, ekoloji və mənəvi sferalarda təzahür edən qiyamət əlamətlərinin çağdaş insanı dərindən düşündürməsi ilə bağlıdır. Beləliklə, mərhəmətli, qüdrətli və hifz edən tanrı ideyası həmişə olduğu kimi, bu gün də aktualdır.
Din barədə ilkin fəlsəfi düşüncələr qədim dövrlərə təsadüf edir. Hələ eramızdan əvvəl V əsrdə yunanlar öz etiqadları ilə bağlı əqli araşdırmalar aparırdılar. Xristian dünyasında dini-fəlsəfi araşdırmalar I-II əsrlərdən başlanmışdı və bu günə qədər davam etməkdədir. Müsəlmanlar arasında isə dini əqidələrin əql baxımından təhlili və şərhi “Qurani-kərim”in özü ilə eyni vaxtda başlayıb. Bu müqəddəs kitabda əql və təfəkkür əsas götürülür, insanlara məsələlərə məhz bu yolla yanaşmaq buyurulur.
Bundan əlavə, VII əsrdə yaşamış altıncı əhli-beyt imamı Cəfər Sadiq tərəfindən təsnif olunmuş ilahiyyat elmləri bu istiqamətdə çalışmalara böyük təkan verib. Həmin dövrdə ərsəyə gəlmiş Kəlam elmi sonralar təşəkkül tapmış din fəlsəfəsi elmindən forma və məzmunca bir qədər fərqlənir. Qeyd etdiyimiz kimi, din fəlsəfəsi XIX əsrin ortalarında tanınmağa başladı. Modernizm prosesini yaşayan Avropada din fəlsəfəsi elminin qədim kəlam elmindən xeyli fərqli şəkildə ərsəyə gəlməsi renessansdan sonrakı elmi-fəlsəfi cərəyanlarla az da olsa tanış insanları təəccübləndirməməlidir. Bütün sahələr kimi ilahiyyat elmi də modernləşmə hadisəsindən kənarda qalmayıb. Onun araşdırmaları qədim kəlam elmində olduğu kimi ilahi varlığa yox, əsasən insana yönəlmişdi. Din fəlsəfəsini ümumi fəlsəfədən ayrılmış və dini-fəlsəfi tədqiqatlari özündə ehtiva edən bir elm kimi səciyyələndirmək olar. Bu elmdəki metodlar klassik kəlam elmində mövcud deyil. Modernləşmə prosesi ilahiyyat elminin bir neçə yönümündə özünü göstərib:

  1. Dini əqidələrin tədqiqi və təlimində yeni elm və maarifdən istifadə;

  2. Dinlə bağlı yeni sualların cavablandırılması;

  3. Qədim kəlam elmindəki ifadə və məfhumlardan yox, müasir ifadə və məfhumlardan istifadə;

  4. Dinin insan problemləri ilə bağlı məqamlarına önəm verib, onları şərh etmək.

Din fəlsəfəsi elminin yeni şəkil almasının əsas səbəbi məhz onun modern dövrdə tədqiqata cəlb edilməsidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imamşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdusa, din fəlsəfəsi elmində mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərə bilərik. Din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır. Din fəlsəfəsinin müntəzəm və mütəşəkkil bir elm olaraq ətraflı və dəqiq tərifini bir neçə şəkildə vermək olar.


Mehmet Aydın “Din fəlsəfəsi” əsərində yazır: “Din fəlsəfəsi dinin təməl müddəaları haqqında rasional, obyektiv, əhatəli və tutarlı bir tərzdə düşünmək və danışmaqdır”. Yəni dində olan təməl əqidələr tam əqli və fəlsəfi baxışlarla tədqiq olunur, müxtəlif nəzəriyyələr araşdırıldıqdan sonra düzgün yol seçilir.
Hadi Sadiqi “Yeni kəlama müqəddimə” əsərində din fəlsəfəsi məfhumunun izahında deyir: “Din fəlsəfəsi dinlərdə olan ümumi və müştərək məsələləri əqli baxımdan təhlil edir”.
Bu tərifdə din fəlsəfəsinin ümumi xarakterə malik olduğu qeyd edilir. Yəni bu elm müxtəlif dinlərin xidmətində ola bilər. Təbii ki, hər bir dinlə bağlı fəlsəfi araşdırmalarda müştərək mövzularla yanaşı yalnız həmin dinə məxsus əqidələr də nəzərdən keçirilir.
Müasir Amerika filosofu David Ray Griffin isə din fəlsəfəsini ilahiyyat adlandırır və onun əhatəli olduğunu bildirir. O, “Postmodern dünyada Tanrı və din” kitabında yazır: “Mən ilahiyyat dedikdə müqəddəs saydığımız hər bir varlıq barədə əqli baxışlar məcmusunu nəzərdə tuturam. Başqa sözlə, son qayəsi elə özü olan həqiqət barədə fəlsəfi düşüncələr ”ilahiyyat” adlanır”. Şübhəsiz, bu təriflərin hər biri müəyyən baxımdan həqiqəti əks etdirir. Lakin din fəlsəfəsi mövzularının islam dini prizmasından təhlili və şərhi məsələnin mahiyyətini dəyişdirir. Hərçənd bu fərq forma fərqi kimi müşahidə olunmur. Yəni fəlsəfi üslub hər iki sferada eynidir. Beləcə, din fəlsəfəsi elminə islam həqiqətləri çərçivəsində bu şəkildə tərif verə bilərik: Bu elmdə islam dininin təməl əqidələrinə əsaslanaraq müvafiq bəhslərlə bağlı müxtəlif filosof və ilahiyyatçıların təhqiqi və tədqiqi baxışları toplanıb. Burada məsələlərin izahı müqayisəli tərzdə həyata keçirilir, müxtəlif dinlərdəki əqidələrə də müraciət olunur. Lakin nəhayətdə problem islam prinsipləri əsasında həll edilir.
Dinin mənşəyi barədə qeyri-ilahi nəzəriyyələrdən biri Ogüst Kontun nəzəriyyəsidir. Kont (1798-1857) fransız filosofu və pozitivizm fəlsəfi cərəyanının banisidir. O, həmçinin sosiologiya elminin banisi sayılır. Kont bəşər cəmiyyətini təbiət elmləri prizmasından araşdırmaq məqsədi ilə yeni bir elm sahəsi yaratdı. O bu elmi əvvəlcə «ictimai fizika», sonra «sosiologiya» adlandırdı. Kont öz pozitivist fəlsəfəsində təcrübi elmləri əsas götürürdü. Onun fikrincə, yalnız təcrübəyə əsaslanan elm dəyərə malikdir. Əslində pozitivizm fəlsəfəsinin əsas tələbi də məhz bu idi. Yəni metafizika (hadisələrin əsl mahiyyətini tədqiq edən elm) aradan qaldırılmalı və elm varlığın xaricdə görünən tərəflərini araşdırmalıdır. Kontun ən məşhur fəlsəfi-sosioloji addımı onun bəşər tarixinini üç mərhələyə bölməsidir. Bunlar teologiya, metafizika və pozitivist dünyagörüşü mərhələsidir.
Teoloji baxışın hakim olduğu mərhələdə insanlar müşahidə etdikləri bütün hadisələri fövqəltəbii qüvvələrin təsiri kimi qəbul edirdilər. Bu mərhələdə bəşəriyyət tufan, zəlzələ və bu kimi hadisələrin səbəbini fövqəltəbii varlıqda axtarır və hadisələri elmi metodlarla izah etməyə cəhd göstərirdilər.
Metafizika mərhələsində insan zəkası tərəqqi edir və hadisələrin ilahi yox, abstrakt (qeyri maddi, səbəbiyyət kimi) amillərin təsiri ilə baş verməsi iddia olunur. Misal üçün, bitkilərin inkişafının fövqəltəbii qüvvənin (Tanrının) yox, onlardakı bitki ruhunun təsiri ilə həyata keçdiyi təkid edilir.
Bəşər cəmiyyəti tarixində üçüncü baxış, yəni pozitivist dünyagörüşü hadisələri təhlil edir və onların arasındakı zəruri səbəbiyyət əlaqəsini tapmağa çalışır. Bu mərhələdə insanlar tam təcrübi üsullarla hadisələrin səbəbini araşdırırlar. Kont birinci və ikinci mərhələni insanın cahillik dövrü adlandırır, yalnız üçüncü mərhələni insan zəkasının zirvəsi hesab edir. Kontun üç mərhələli formulunda din bəşər cəmiyyətinin ibtidai mərhələsində yer tutur. Deməli, insan əqli və zəkası inkişaf etdikcə din öz dəyərini itirir və haşiyəyə çəkilir. Lakin Kontun din barədə digər bir nəzəriyyəsi diqqəti cəlb edir. Konta görə, hər bir cəmiyyətdə ictimai birliyin qorunması üçün üç amil mövcuddur. Onlardan biri din, digəri iş rejiminin düzgün təyini, üçüncüsü isə dildir. Onun qənaətincə, din cəmiyyətdə vəhdət amili rolu oynayır. O hətta dövlət qanunlarının davamlı olması üçün din faktorunu əhəmiyyətli hesab edir. Kont deyir: “Hər bir hökumət özü ilə vətəndaşlar arasındakı əlaqələri tənzimləmək üçün dinə möhtacdır.”
Kontun din haqqındakı iki müxtəlif nəzəriyyəsi paradoksal görünür. O, bir tərəfdən dini inancı insanların cəhalət dövrünə aid edir, digər tərəfdən dini həm cəmiyyət, həm də hökumətin mənəvi dayaq nöqtəsi sayır. Kont bu ziddiyyəti həll etməyə çalışır və deyir: “Yeni dövrün başlanğıcı ilə dini inanc mərhələsi başa çatsa da, hər bir cəmiyyətdə din funksiyasını yerinə yetirə bilən bir qüvvə olmalıdır.” Deməli, Kont dini tamamilə rədd etmir. Onun fikrincə, pozitiv mərhələnin dini bu mərhələyə uyğunlaşmalıdır. O hesab edir ki, modern dövrün özünəməxsus həyatı və dini olmalıdır. Kont bu məqsədlə insanlıq məzhəbini təbliğ etməyə başladı. O bu məzhəbin pozitiv dünyagörüşündən qaynaqlandığını vurğulayır və təkid edirdi ki, modernizm təfəkkürü ilə formalaşan insan daha vəhydə və keçmiş dinlərdə əsas götürülən Allaha etiqad edə bilməz. İnsanlıq məzhəbinə görə sitayişə layiq olan varlıq cəmiyyətin dahi insanlarıdır. Bu qəbil şəxsiyyətlər heç bir millətə məxsus deyillər . Kontun din haqda söylədiklərini təhlil və tənqid etməzdən öncə onun nəzəriyyəsini bir daha qısa şəkildə nəzərdən keçiririk.
Konta görə, dinin mənşəyi insanın cəhalətidir. Yəni insanlar təbiət hadisələrinin elmi səbəblərini tapa bilmədiklərinə görə hadisələri dini amillərlə əlaqələndirmək istəmişlər. Təbiətin dərk edilməsi tarixi Konta görə üç mərhələyə bölünmüşdür. Bu üç mərhələli formula əsasən, insan zəkası üçüncü mərhələdə kamilləşir. Kontun fikrincə, din hər bir cəmiyyətdə zəruri amildir. Bu ideya üç mərhələli formulla ziddiyyət təşkil etsə də, Kont bu ehtiyacı aradan qaldırmaq istəyir.
Bəli, Kontun din barədə fikirlərinin təhlil və tənqidi zəruridir.
a) Din fəlsəfəsinin mühüm bəhslərindən biri elm və din münasibətləri mövzusudur. Bəzi din filosofları müasir elmin dinə zidd olduğunu iddia etsələr də, bir başqa mütəfəkkirlər həmin iddianı qəbul etmirlər. Kontun nəzəriyyəsindəki birinci problem elm və dinin bir-birinə zidd olmasının aksiom kimi qəbul edilməsidir. Kont hesab edir ki, ibtidai mərhələdə insanlar hadisələri elmi yolla izah edə bilmədikləri üçün dinə meyl göstərmişlər. Yəni elm olmayan yerdə cəhalət hökm sürür və bu da dindarlığa zəmin yaradır. Kont qəbul etməlidir ki, din sahəsi elm sahəsindən tam fərqlənir. Hər bir alim müəyyən bir hadisəni elmi qanunlara əsaslandırdığı vaxt həmin hadisəni həm də dini amillərlə əlaqələndirə bilər. Yəni elmi qanunları qəbul etdikdən sonra bu hadisənin ilahi iradə və istəyə bağlılığına inanmaq mümkündür. Deməli, insanlar dindar olmaqla yanaşı alim ola bilərlər.
b) Kontun üç mərhələli formulu müşahidə etdiyiniz kimi bəzi hallarda özünü doğrultmur. Onun dediyinə görə, insanlar üçüncü mərhələdə tam elmi qanunlara inanır və dini baxışlardan xeyli uzaqlaşırlar. Halbuki müasir dövrümüzdə bir çox alimlər yeni biliklərə yiyələnməklə yanaşı dini inanclarına rəğbət göstərir və əqidələrini elmi tədqiqatlarına maneə hesab etmirlər. Digər tərəfdən, sual oluna bilər: modernizm prosesinin cərəyan etdiyi dövrdə elmi tərəqqi öz zirvəsinə çatmışsa, ibtidai dövrdəki fəlsəfi dini baxışlar öz mahiyyətini itirmişmi? XIX əsrdə Avropa pozitivist yanaşmanın şahidi idisə, bu uzun çəkmədi. XX əsrdə fəlsəfə yenidən gündəmə gəldi. Müasir fəlsəfi cərəyanlara qısa baxış buna sübut ola bilər. Deməli, Kontun üç mərhələli formulundakı ardıcıllıq heç də tarixi gerçəkliklə üst-üstə düşmür. Bu formul digər bir suala da cavab verməkdə acizdir. Kont Avropa cəmiyyətinin elm tarixini araşdırdıqdan sonra bu qənaətə gəldi ki, bütün digər insanlar bu üç mərhələni yaşamışlar. Sual olunur: Kont hansı əsasla dünyanın elm tarixini Avropa tarixi ilə ölçür və bu formulu onların hamısına şamil edir? Bu yalnız ondan irəli gələ bilər ki, Kont Avropa cəmiyyətini dünya xalqları üçün nümunəvi cəmiyyət kimi göstərmək istəyir. Əlbəttə ki, bu düzgün yanaşma deyil. Konkret və özünəməxsus şəraitdə elm tarixini yaşayan Avropa təcrübəsini digər cəmiyyətlərə aid etmək heç bir elmi əsasa malik deyil .
c) Bir çox din tarixçiləri kimi Kont da bütpərəstliyi insanların sitayiş etdiyi ibtidai din sayır. Lakin bu nəzəriyyə bəzi din tədqiqatçıları tərəfindən rədd edilir. Şotlandiya tədqiqatçısı Andre lonq (1804-1912) bildirir ki, insanların etiqad etdiyi ilk din vəhdən qaynaqlanmışdır . Bütpərəstliyin ibtidai din hesab edilməsinin səbəbi ibtidai insanların cəhalət dövründə yaşamaları və bütpərəstliyin belə bir dünya görüşü ilə üst-üstə düşməsi ola bilər.

Din fəlsəfəsi elminin yeni çöhrə almasının əsas səbəbi məhz onun insanmehvərliyidir. Bu səbəbdən onun mövzuları ilk dövrlərdəkindən xeyli fərqlənir. İslam təlimlərində qədim ilahiyyat elmi yalnız tövhid (Allahın varlığı və yeganəliyi), Allahın sifətləri və adları, peyğəmbərşünaslıq, imanşünaslıq və məad-ölümdən sonrakı axirət həyatı kimi mövzular üzərində qurulmuşdu və onlarla bağlı bəhslərin tədqiqi, təlimi ilə məşğul olurdu. Din fəlsəfəsi elmində isə mövzular dəyişir və bəşər övladının qayğıları daha çox diqqətdə saxlanılır. Burada araşdırılan din və insan əqli, din və sekulyar əxlaq münasibətləri, din və insanın psixoloji problemləri kimi mövzuları misal göstərmək olar. Bununla yanaşı din fəlsəfəsi ilkin ilahiyyat elmindəki təlimləri də özündə cəmləşdirir. Nəticədə, hazırda dinə aid bəhsləri daha ətraflı şəkildə tədqiq etmək imkanı yaranır.


Ədəbiyyat Siyahısı

  1. Azərbaycanda multikulturalizm: elmi red. K.Abdullayev; ixt. red. və red. G.Səfərəliyeva. - Bakı, 2016.- 504 s.

  2. Hacıyev A.N., Cəfərova E.H., Məmmədov İ.M. Multikulturalizmə giriş: Ali məktəblər üçün dərs vəsaiti. – Bakı: Mütərcim, 2018. – 372 səh.

  3. Ə.Abdullayev, A.Məmmədov, Azərbaycan multikulturalizmi fənnindən proqram, - Bakı, 2014.- 20 s.

  4. Tağıyev Ə. Milli kimlik və multikultural proseslər. Bakı, 2017.

Yüklə 85,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin