BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№4
Humanitar elmlər seriyası
2009
XVIII ƏSR ŞƏRQ SİLAHLARININ TƏSVİRLƏRİ MİRZƏ MEHDİ
ASTRABADİNİN “TARİXİ-NADİRİ” ƏSƏRİNİN MİNİATÜRLƏRİNDƏ
S.Q.VAHABOVA
Milli Azərbaycan Tarixi Muzeyi
Mirzə Məhəmməd Mehdi Kövkəbi Astrabadi (bütöv adı Nizaməd–din
Məhəmməd Hacı əl – Hüseyn əs–Səfəvi ) Astrabadda anadan olmuşdur. Onun
mənşəcə Səfəvilər nəslindən olduğu məlumdur. Mirzə Mehdi Səfəvi şahlarından
sonra hakimiyyətə gələn Nadir şah ilə ilk dəfə nə vaxt görüşdüyünü qeyd etmir. Belə
ki, o Astrabadda doğulduğu üçün, tanınmış tarixçi L.Lokkart özünün “Nadir şah”
əsərində güman edir ki, bu müəllif əvvəl yerli Qacarların başçısı Fətəli xanın yanında
qulluq etmiş, bəlkə də İran şahı Fətəli xanı 1726- cı ilin yazında II Təhmasiblə Saridə
olan görüşündə müşayət etmişdi (1, 353). Məlumdur ki, 1726- cı ildə və yaxud bir
qədər sonralar Mirzə Mehdi II Təhmasibin sarayında müəyyən vəzifə tutmuşdu.
Yəqin ki, özünün xidmətinin əvvəllərində şahın yanında rəqəmlər katibi vəzifəsində
(şah əmrçisi) və ya şahın katibliyinin (dəftərxanasının) xəttatı, daha sonralar Münşi-əl
– məmalik (dövlət katibi) vəzifəsini yerinə yetirmişdir. İrandakı rus diplomatik
nümayəndələri onu dövlətin birinci naziri adlandırmaqda əsassız deyildilər. Sonrakı
məlumata görə, 1738- ci ildə Mirzə Mehdi Nadirdən xan titulu alır (1, 353). Yalnız
1736-cı ildə Nadirin tacqoyma mərasimindən sonra Mirzə Mehdi sarayın baş tarixçisi
vəzifəsinə təyin olunur. Mirzə Mehdi bu yeni vəzifəyə çox münasib namizəd sayılırdı.
Belə ki, o, keçmiş vəzifələrində sarayda baş verən bütün mühüm hadisələrdən
xəbərdar idi. Onunla daim işgüzar əlaqələrdə olan Ost-Hind kampaniyasının
nümayəndələri Mirzə Mehdini vicdanlı, düzgün və vacib adam sayırdılar.
Mirzə Mehdi yalnız öz tarixçilik işi ilə məşğul olmur, həm də bilavasitə
sarayda katiblik və başqa vəzifələri də yerinə yetirirdi. Onun vəfatı ilə bağlı dəqiq
məlumat yoxdur. Yalnız hicri 1172 və ya 1173(1758/59 və ya 1759/60) - illərə qədər
yaşadığı haqqında məlumatlar var (1, 354).
XVIII əsrin I yarısında yaşamış görkəmli miniatürçü rəssam, tarixçi Mirzə
Mehdi Astrabadinin əsərlərindən Şərqdə və Avropada ən geniş yayılanı “Tarixi-i
Nadiri” əsəridir. Nadir şahın İranda və Orta Asiyanın qərb hissəsində hakimiyyəti
dövrü öz əksini Mirzə Mehdi Astrabadinin “Tarix-i Nadiri” bəzən də “Tarix-i
cahanqoşa-ye-Nadiri” adlanan tarixi əsərində tapmışdır. Bu əsərdə siyasi hadisələrlə
yanaşı, sosial- iqtisadi məsələlər də bütün təfərrüatı ilə təsvir olunmuşdur. Məzmun
etibarilə bu əsər həm də hərbi tarix, daha dəqiq desək, ordunun hərbi yürüşləri,
qalaların mühasirəsi və hücumlar haqqında hərbi məcmuədir. Məzmunun əsas qayəsi
şah və onun qələbə əzmli ordusunun təsvirindən ibarətdir. Ədəbi cəhətdən savadlı,
münşi titulu alan Mirzə Mehdi Astrabadi həm də Nadir şahın şəxsi katibi vəzifəsini
daşımışdır. Buna görə o, bütün siyasi hadisələrdə, bəzən isə Nadir şahın səlahiyyətli
153
nümayəndəsi kimi də iştirak edirdi. Şahı tərənnüm etmək və şöhrətləndirmək
məqsədilə yazılmış “Tarixi-i-Nadiri” əsərinin müəllifi öz əlyazmasında miniatürlər də
yerləşdirmişdir. Bu miniatürlər işin məzmununa çəkilmiş rəngarəng illüstrasiyalardan
ibarət olub, şərh olunan hərbi hadisələri elə dolğunluqla, canlı əks etdirir ki, oxucu
özü həmin hadisələrin iştirakçısına çevrilir.
Mirzə Mehdi Astrabadinin bir neçə miniatüründə odlu silah növləri əks
olunmuşdur. Birinci miniatürdə əfqanlarla Damğan ətrafındakı döyüş səhnəsi təsvir
olunmuşdur. Arxada əllərində qırmızı, bənövşəyi, ağ və narıncı rəngli bayraqlar
tutmuş bayraqdarlar, əllərində qılınc, qalxan tutmuş, başlarında torlu dəbilqələr,
əyinlərində zirehli geyim, qollarında qolçaqlar olan döyüşçülər hücuma keçirlər. At
üstündə, əli qılıncında olan Nadir qürurla qoşunun mərkəzində durmuşdur. Şahın
önündə topçular təsvir olunur. Onların başlarında dəbilqə, əyinlərində halqalı zirehlər
vardır və kəmərlərindən qılınclar asılmışdır. Təkərli toplar sədd şəklində
düzülmüşdür. Topçular fitilləri alışdıran məqamda topların lülələrindən od püskürür.
Nadirin qoşununda 15 ədəd top təsvir olunur, qarşı tərəfin qoşunu isə pərakəndə
halda, döyüşdən qaçan vəziyyətdə təsvir olunur. Başları dəbilqəli, əllərində qalxan,
qılınc, tüfəng olan bəzi atlılar hələ də döyüş vəziyyətində təsvir olunur. İrəlidə isə top
atəşləri nəticəsində yerə yıxılmış döyüşçülər və bayraqdar əfqan döyüşçü görünür.
Ikinci miniatürdə Nadir Şahla əfqan qoşunlarının döyüşü canlandırılmışdır.
Döyüş İsfahan yaxınlığında baş vermişdir. Toplardan istifadə edilməsinə baxmayaraq,
əfqanlar savaş meydanından qaçan vəziyyətində təsvir olunur. Əllərində qılınc,
qalxan, nizələr tutmuş atlılar düşmənləri yaralayırlar. Mərkəzdə 5 ədəd təkərli top,
önlərində isə Nadir təsvir olunur. Nadirin başında lələkli papaq vardır və onun
kəmərindən qılınc asılmışdır. Qarşısında dəbilqəli, arxalıqlı iki şəxs
durmuşdur.Tədqiqatçıların fikrincə,onlar Nəsrullah Mirzə və Mirzə Mehdi xandır.
Üçüncü miniatürdə hücum səhnəsi, daha dəqiq desək, Herat yaxınlığında əfqan
qoşunları ilə döyüş səhnəsi canlandırılıb. Mərkəzdə əllərində nizə, şəmşir, dəri
qalxanlar, başlarında dəbilqə, zirehli geyimli piyada və süvarilərdən ibarət Nadirin
ordusu əfqan qoşunu üzərinə hücum edir. Ortada əfqan əsgərlərinin cəsədləri görünür.
Nadir qoşunun önündə, at belində, bir əlində seşpər, bir əli kəmərindəki xəncərdə,
döyüşü izləyir, arxasında şeypurçular dəstəsi və 4 dəvə durmuşdur. Dəvələrin
üstündəki toplardan- zənburəklərdən atəş açılır. Ön cərgədə topçular 4 ədəd təkərli
topa fitil qoyaraq, qalanı atəşə tuturlar.
Altıncı miniatürdə Nadirin izdihamlı qoşunu ilə Osmanlı qoşununa başçılıq
edən Osman paşanın qoşunları arasındakı savaş təsvir olunur. Öndə qalxanlı,qılınclı,
uzun lüləli tüfəngli süvari dəstələri, mərkəzdə məğrur görünüşlü Nadir canlanır.
Atların ayaqları altında düşmən meyidləri görünür. Nadirin tüfəngçilərinin bir hissəsi
sıldırım qayanın üzərində yer tutaraq oradan osmanlı qoşununa atəş açır.
Yeddinci miniatürdə Nadir Şahla osmanlı qoşununa başçılıq edən Abdulla
paşanın döyüş səhnəsi canlanır, üz-üzə durmuş iki tərəfin qoşunu göstərilir. Topçular
ön sırada yer almışlar. Mərkəzdə əllərində qalxan, qılınc, başlarında burunluqlu, şiş
uclu dəbilqələr olan döyüşən süvarilər görünür. Döyüşün fonunda hər iki tərəfdən üz-
üzə durmuş 4 ədəd təkərli top təsvir olunur. Top atəşlərindən hər yeri duman, tüstü
bürümüşdür, öndə isə 3 ədəd təkərli top təsvir olunur. Nadir at belində, əlində qılınc
təsvir olunur. Onun qarşısında çalmalı və dəbilqəli üç sərkərdə görünür. Onlardan
birinin Mirzə Mehdi xan olduğu güman edilir. Mərkəzdə Abdulla paşanın ölmüş
cəsədi Nadirin atının ayaqları altında göstərilir.
154
Yuxarıda təsvir olunan miniatürlərdə istifadə edilən silahların, səhra toplarının
hazırlanması, istifadə qaydası haqqında geniş məlumat vacibdir.
Nadir şah hələ Şah Abbasın dövründə yaradılan orduda köklü dəyişikliklər
etməmişdi, özündən əvvəlki ənənəyə sadiq qalaraq ordunu olduğu kimi saxladı.
“Poxodı Nadir şaxa v Qerat, Kandaqap, İndiö v i sobıtiə v Persii posle eqo smerti”
əsərində bu barədə ətraflı məlumat verilir. “Nadir şah Abbasın yaratdığı İran
ordusunu aşağıdakı vəziyyətdə götürmüşdü: piyadalar üç növə ayrılmışdılar; ağır –
cizairçi, yüngül – tüfəngçi və kamandar. Ağır piyada dəstəsi uzun tüfənglərlə
silahlanmışdı; tüfənglər 45 funt çəkisində idi. Yüngül piyada dəstəsi fitilli tüfənglərlə
silahlanmışdı. Kamandarlar isə ox və yayla təchiz olunmuşdular.Artilleriya ağır top
və falkonet (zənburəklərdən) ibarət idi” (2, 18).
Tarixdən məlumdur ki, odlu silahın zəifliyi Səfəvi ordularının osmanlılarla
toqquşmasında bir neçə dəfə məğlub olmalarının əsas səbəblərindən biri idi. Odlu
silah istehsalı XVI–XVII əsrlərdə, I Şah Abbasın ordunu yenidən qurduğu vaxtlarda
geniş inkişaf etdi, “topçular”,“tüfəngçilər” dəstələri təşkil olundu.(3, s.80).
Azərbaycanda odlu silahın ilk nümunələri quruluşuna, keyfiyyət və düzəlmə üsuluna
görə çox müxtəlif idi. Silahlar ayrı-ayrı ustalar tərəfindən hazırlanırdı ki, ustaların hər
biri öz biliyini gizli saxlayırdı. Məhz silahı düzəldən usta adətən döyüşdə ona qulluq
edirdi (4, 289). Ona görə də topçular süvari əsgərlər deyil, xüsusi sexin ustaları
sayılırdılar. Əvvəllər silahlar texniki hesablamalarsız düzəldilirdi, ona görə də
davamsız olurdu, atışma zamanı dağılırdı. Tədricən silahların ixtisaslaşması baş verdi:
dik atəş trayektoriyası ilə atan silahlar mortira (qısa lüləli top) adlanır, yer səthinə
paralel olaraq müəyyən hündürlükdə gedən trayektoriya (atılan güllənin cızdığı əyri
xətt) üzrə atan silahlar isə top adlanırdı (5, 22). Şərqdə ilk mortiralara “dig” və ya
“qazan” deyilir. Həmin silah barıtın qoyulması üçün yerin böyük çuxur formasında
olması ilə əlaqədar belə adlanmışdır. Bu odlu silahlar birbaşa döyüş sahəsində mis və
ya tuncdan tökülürdü. Çünki çəkilərinin ağır olması səbəbindən bu silahlar
zədələnmədən yerinin dəyişdirilməsinə imkan vermirdi. Silahlar xüsusi binalarda
yerləşirdi ki, bu binalar “gurxanə”, nəzarət edənlər isə “cəbbədar” adlanırdı. Toplar
birbaşa döyüş hərəkətləri olan yerlərdə və döyüş ərəfəsində xüsusi formalarda
tökülürdü. İlk belə silah növləri bütöv tökülmüş xüsusi formalı dəmir, tunc və ya mis
lülələr olmuşdur. Bu zəiflik hələ Şah İsmayılın Çaldıran döyüşündə (1514), həmçinin
XVI əsrin sonundakı daha böyük döyüşlərdə özünü biruzə vermişdi. Bunun üçün də I
Şah Abbas odlu silah və barıt istehsalının inkişafına yönəlmiş bir sıra ciddi səylərə
başladı. Ümumiyyətlə, Azərbaycanda barıt istehsalı üçün böyük kükürd ehtiyatı
mövcuddur. Bu barədə XVII əsr mənbələrində çox miqdarda məlumat var. Belə ki,
Övliya Çələbi Qərbi Azərbaycanda, Araz çayının sahilində barudxanə–yəni “barıt
istehsal edilən yer” adlanan ərazi haqqında məlumat verir. O deyirdi ki, bu yerin belə
adlanması barıt hazırlanması üçün kükürdün çıxarılması ilə əlaqədardır (3, 81).
Osmanlı ordularının mütəmadi hücumları təhlükəsi odlu silah inkişafını labüd
edirdi. Ona görə də XVII əsrdə şah hökümətinin tədbirləri üçün zəmin olaraq çoxlu
mahir ustalar – tökməçilər Azərbaycanın şəhərlərindən dəvət olunurdu. Təbrizin ən
bacarıqlı, mahir toptökmə ustaları nəinki Azərbaycanda, həm də Səfəvi dövlətinin
hüdudlarından da kənarda şöhrət tapmışdı (3, 83). Təbriz silahtökmə işində məşhur
mərkəz idi. Cənuba yürüş etməyə dəvət edilən bir dəstə erməninin I Pyotra yazdıqları
məktubların birində məlumat verilirdi ki, “Təbrizi tutmaq üçün böyük ordu lazımdır”,
çünki şəhərdə “80 topu və çoxlu müxtəlif hərbi sursatları olan” xan yaşayır (6, 210).
155
Odlu silahların düzəldilməsində ən vacib mərkəzlərdən biri də Şamaxı olmuşdur. Belə
ki, metal vasitələr istehsalında mövcud olan ənənələr, adətən, silah işinin inkişafına
də təsir göstərmişdi. Odlu silaha olan tələbatın artması mahir Şirvan ustalarının
ixtisaslaşmasına gətirib çıxardı. Artilleriya silahları məqsəd və işlədilməsinə görə
XVIII-XIX əsrlərdə səhra, mühasirə və qala silah növlərinə bölündü. Artilleriya
silahları sayılan toplar Şəki xan sarayının rəsmlərində də təsvir olunmuşdur (7, 140).
“Vəliəhd Abbas Mirzə saray əyanları ilə”, “Vəliəhd Abbas Mirzənin rus qoşunları ilə
döyüşü” adlı rəsm əsərlərində ( hər ikisi 1815-ci ildə yağlı boya ilə çəkilmiş və hal-
hazırda Sankt–Peterburqda, Ermitajda nümayiş edilir) səhra topları təsvir edilmişdir
(8, 44-46).
Şərq mənbələrində artilleriya silahı ümumiyyətlə, “top” adlanır. Sarayın
rəsmlərində səhra topları təxminən 80-90 sm. hündürlüyündə və 2 m uzunluğunda
təsvir olunmuşdur. Toplar lülə və top altlığından ibarət idi. Lülə tökmə borudan ibarət
olurdu. Bu boru isə xəzinə, fırlanğıc və ağız hissəyə bölünürdü. Atəş barıtın lülənin
xəzinə hissəsindəki fitil dəliyindən keçərək yandırılması ilə yaranırdı. Belə ki, bir
döyüşçü polad çubuğu fitil dəliyinə sancır, başqa döyüşçü isə möhkəm qızdırılmış
polad çubuğu həmin fitili yaxınlaşdırırdı.
Rus ordusunun generalı A.P. Yermolov yazır ki, bu tip toplar ancaq atlı
variantda istifadə olunurdu və onların müxtəlif kalibrləri var idi (9, 93). Bu
məlumatları Q.Druvil də, Təbrizdə ona rast gəlmiş topları təsvir etməklə, təsdiqləyir
(10, 195; 142).
Topların qala variantında top altlığı olmurdu və onlar sadə özül üstündə
yerləşdirilirdi. Kiçik kalibrli qala topları zənburəklər adlanırdı. Belə ki, XIX əsrin 30-
cu illərində Bakı qalasında aparılan qazıntılar nəticəsində Ləzgi məscidində zənburək
tapılmışdır (topun kalibri 40 mm, lüləsinin uzunluğu 66 sm.-dir) (11, 34) (Ytf. №
1001).
Daha iri qala toplarının 2 nümunəsi Şəki diyarşünaslıq muzeyində saxlanılır.
Bu toplar səhra artilleriyasının altlıqsız top variantına mənsubdur. Qala və mühasirə
artilleriyasına yer səthinə paralel olaraq, müəyyən hündürlükdə atan topdan əlavə, dik
atəş topu olan mortita, yəni qısa lülıli top da daxildir.
Qeyd olunanlardan belə məlum olur ki, XVIII əsrdə odlu silahların bir növü
olan səhra topları, zənburəklərdən çox geniş şəkildə istifadə edilmişdir. Mirzə Mehdi
Astrabadinin “Tarixi-Nadiri” əsəri və bu əsərə çəkilmiş miniatürlərdə də bu, öz
təsdiqi tapır və həmin silahlar haqqında ətraflı məlumat toplamağa imkan verir.
ƏDƏBİYYAT
1.
Локкарт Л.Надир Шах. Критические исследования на основе первоисточников.
Лондон,1938.//Пер. с англ. Гезаловой И.Р. Баку: 2004, с. 396.
2.
Походы Надир шаха в Герат, Кандагар, Индию и события в Персии после его
смерти. Тифлис: 1889, с. 400.
3.
Гейдаров М.Х. Ремесленное производство в городах Азербайджана в XVII в Баку.
1967 г., с.189.
4.
Мамедов С. История войн и военного искусства Азербайджана. Баку: 1997, с. 385.
5.
Əhmədov S.Ə. XIII – XV əsrlərdə Azərbaycan hərb sənəti tarixi. e.m. avtoreferat. Bakı:
2001, s. 32.
6.
Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв. Баку: 1982,
с. 280.
7.
История, география и этнография Дагестана XVIII-XIX вв. Сб. док. М.: 1958.
156
8.
Salamzadə A.R., İsmayılov M.A., Məmmədzadə K.M. Şəkinin memarlıq abidələri. Bakı:
1987, s. 140.
9.
Каджар Ч. Каджары. Баку: 2000, c. 150.
10.
Кибовский А., Егоров В. Персидская регулярная армия 1-ой пол. XIX в. ч. 2.c.30.
11.
Ермолов П.Н. О заведении регулярных войск в Персии.1817.ОПИ ГИМ. ф.93, ед.хр.
846.
12.
Друвиль Г. Путешествие в Персию в 1812 и 1813 годах… ч. 1-2. М.: 1826, c.201, 250.
13.
Амирбекова Н.Ш. Вопросы военной истории Азербайджана в период ханств. Баку:
2004, c. 18.
14.
INTERNET resurs: Мирза Мехти-хан Астрабадский – История Надир
шаха//www.vostlit.ru.
ОПИСАНИЕ ВОСТОЧНОГО ОРУЖИЯ XVIII ВЕКА В МИНИАТЮРАХ ИЗ
ПРОИЗВЕДЕНИЯ «ТАРИХИ НАДИРИ» МИРЗЫ МЕХДИ АСТРАБАДИ
С.Г.ВАГАБОВА
РЕЗЮМЕ
Статья посвящена описанию и изучению миниатюр Астрабади, известному как
на Востоке, так и на Западе произведению «Тарих и Надир». В статье подробно описана
биография Астрабади, так и атмосфера того периода. Основную часть статьи занимает
описание миниатюр, посвященных военным походам Надир шаха.
DESCPRIPTION OF ORIENTAL MILITARY OF XVIII CENTURY IN
MINIATURES FROM «TARIXI NADIRI» OF M.M.ASTRABADY
S.Q.VAQABOVA
SUMMARY
The article is devoted to the description and research of miniatures of known writer of
“Tarix Nadir” Astrabady. To touch to Asrtabady biography showing atmosphere of those
period. As a palace annalist his duty was to bring famous his lord. Astrabady in his miniatures
can show Nadir shakh in all his sublimely. The main part of article is devoted to the military
marshes of Nadir Shakh.
157
Dostları ilə paylaş: |