Abdulla Şaiq şəxsiyyəti siyasi müstəvidə



Yüklə 33,84 Kb.
tarix31.01.2017
ölçüsü33,84 Kb.
#7072
Abdulla Şaiq şəxsiyyəti siyasi müstəvidə

Görkəmli ədib, romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas alim, tərcüməçi pedaqoq Abdulla Şaiq Talıbzadənin yaradıcılığı sağlığından bu günə qədər tədqiqat obyekti olub. Amma bir şəxsiyyət kimi insani keyfiyyətləri, ictimai mövqeyi. Siyasi baxışları çoxları üçün müəmmalıdır. Cəmiyyətin tanınmış, üzdə olan bir ziyalısı kimi, onun da ictimai-siyasi mövqeyi, hadisələr baxış bucağı olmalı idi və vardı da!

Tale elə gətirmişdi ki, Abdulla Şaiq həyatını bir neçə siyasi quruluşda sürməli olmuşdur. Bu onun həyat və yaradıcılığına, dünyagörüşünə, hətta yazısına da (fəaliyyəti dövründə bir neçə əlifbanın dəyişməsinin ona çətinlik törətməsi sezilir) təsirsiz ötüşməyib. Əsərləri dövrlərin ideoloji ab-havasına uyğunlaşdırılıb. Bu işi, əsasən oğlu mərhum akademik Kamal Talıbzadə həyata keçirib. Kamal Talıbzadə çox böyük uzaqgörənliklə atasının əsərləri üzərində redaktə işləri aparmış, onları dövrün siyasi tabularından qorumağa çalışmışdır, daha doğrusu, dövrün ölçü meyarlarına uyğunlaşdırmışdır. İndi-söz deməyin mümkün və əsas olduğu bir dövrdən boylanıb, belə müdaxilənin doğru və ya yalnış olduğunu ayırd etmək düzgün olmazdı. Mərhum akademik B.Nəbiyevin təbirincə, belə məsələlərə tarixilik prinsipi ilə yanaşmaq lazımıdır.

Əsərləri, vəzifələri, yazısı dəyişiklıyə uğrayan Abdulla Şaiqin bu quruluşlarda dəyişməyən bircə şəxsiyyəti oldu. Necə vardısa elə də qaldı. Müasirləri onu mülayim təbiətli, nəzakətli, səmimi bir insan olaraq xatırlayırlar. O nə asi, nə də müti idi. Qardaşı Yusif Ziya Talıbzadədən xarakter etibarilə çox fərqlənirdi. Yusif Ziya nə qədər emosional, çılğın idisə, Abdulla Şaiq bir o qədər təmkinli, mülayim təbiətə malik idi.

Məlumdur ki, Axund Yusi adı ilə də tanınan Yusif Talıbzadə dövrünün məşhur islamşünas, dilçi dramaturqu olmuşdu. İlk islam xəritəsinin yaradıcısı, şəriətə, dilə dair dərsliklərin, “Ərmənusə”, “İbn Xalid” kimi dram əsərlərinin müəllifi olan Yusif Ziya sovet ideologiyasına qarşı çıxmış, Azərbaycanı tərk edərək Türküstana getmiş və Ənvər paşanın dəstəsinə qoşulmuşdur.

Uşaqlar həmişə həqiqəti deyir-fikri ilə razılaşaraq, Abdulla Şaiq şəxsiyyəti barədə onun şagirdlərini fikirlərini bilmək yerinə düşər. 1923-cü ildə ədəbi pedaqoji fəliyyətinin 20 illiyi münasibətilə keçirilən tədbirdə böyük pedaqoqun tələbələri onun bir insan və müəllim kimi məziyyətlərindən danışdılar. R.Axundov, T.Ş.Simurq, S.Rüstəm, C.Cabbarlı, M.Müşfiq, M.Hüseyn, Niyazi kimi onlarla tanış imzalarla yanaşı, neçə-neçə həkim, mühəndis, neftçi və s. yetişdirən Şaiq, təkcə müəllim kimi yox, həm də bir insan kimi onların yaddaşında dərin və səmimi izlər buraxıbmış. Çıxışında tələbələrindən Atababa Musaxanlı deyirdi: “ Şaiq yazılrını adi qələmlə kağıza yazmamış, qüdsi bir əllə qəlblərə yazmışdır. Onu hər çocuğun yalansız dilində, hər yavrunun təmiz qəlbində bulursunuz”. (Abdulla Şaiq 20. Bakı-2001, səh 29)

Saleh Salayev onu belə xatırlayırdı “Mübaliğədən heç qorxmayaraq iddia edə biləriz ki, heç bir tələbə tərəfindən heç bir müəllimin dərsi bu kadar cazibə ilə dinlənilməmişdir. Bu fitri müəllimin öylə bir ecazkar ifadəsi, öylə təsirkar tələfüzü var ki, ən laqeyd tələbə belə onu böyük şövq və həvəslə dinlər; Şaiq bəg dərs verərəkən tələbəni o qədər cəzb edər ki, sinfində çəkilən nəfəslər belə duyuluyor” (Abdulla Şaiq-20. Bakı-2001, səh 16-17)

Şaiq Nümunə Məktəbinin tələbələrindən jurnalist Vəli Hacı oğlu müəlliminin həyata keçirdiyi ictimai missiyasının əhəmiyyətini toxunurdu: “ Bu binada ruslar arasında ilk olaraq türk məktəbi, türk türk siniflərinin təməli qoyulmuşdur. Bu bina həqiqi bir xalq ocağı olmuş oluyor və olacaqdır da. İştə bu milliləşmə, bu türkləşmədə ilk dəfə olaraq Abdulla Şaiq bəyin səyi və əməli sayəsində hüsulpəzir olmuşdur”. (Abdulla Şaiq-20. Bakı-2001, səh 29-30)

Vəli Hacıoğlunun vurğuladığı kimi, həqiqətən də, Azərbaycanda milli ideologiyanın əsasını qoyanlardan biri Abdulla Şaiq olmuşdur. O başa düşürdü ki, millətin tərəqqisini, inkişafındakı təkamülü təmin etmək üçün millətə rəhbərlər, öndərlər gərəkdir. Rəhbərlər isə “türk kafalı, islam imanlı, avropa qiyafəli” (Z.Göyalp) olmalıdırlar. Bir ziaylı, pedaqoq və vətəndaş kimi Abdulla Şaiq bu missiyanı üzərinə götürdü və türk təfəkkürlü böyük bir ziyalı ordusu yetişdirdi.

Çar hökümətinin 1917-ci ildə sözdə “Məktəblərin milliləşdirməsi” barədə veridiyi qərardan sonra Abdulla Şaiq çalışdığı gündən qeyri-leqal şəkildə həyata keçirdiyi işi leqal şəklə saldı. Verdiyi qərara özü qarşı çıxan çar höküməti hər vəchlə bu işə mane olmağa çalışırdı: anadili dərslər məcburi deyildi; şagird istədiyi vaxt öz arzusu ilə ana dili dərsindən azad oluna bilərdi. Bundan əlavə, ana dilini tədris edən müəllimlər digər müəllimlərdən üç dəfə az məvacib alırdılar. Bütün bunlara baxmayaraq, Şaiq yolundan dönmədi. Böyük bir işin öhdəsindən bir məfkurəli, bir amallı məsləkdaşları ilə birlikdə gəldi: ilk anadilli siniflər təşkil edildi. Milli təfəkkürlü ilk ziyalı nəsli yetişdirildi. Bu yolda başqa bir çətinliyi anadilli dərsliklərin yoxluğu problemini çozənlərdən biri-yenə Şaiq oldu. Gecəsini-gündüzünə qatan ədib 20-yə yaxın dərslik tərtib etdi (onlardan bəzilərinin müəllifi, bəzilərinin həmmüəllifi idi). Filosof-ədəbiyyatşünas Y.Qarayev doğru olaraq, Abdulla Şaiqi Azərbaycanda pedaqoji intibahın görkəmli nümayəndəsi” adlandırmışdı. (Y.Qarayev Min ilin sonu. Bakı-2002). Abdulla Şaiqin aşağıdakı fikri sıx-sıx səsləndirilir: “Mən yazıçılığımdan ziyadə müəllimliyimlə iftixar edirəm”. Bu cümləni Şaiq əbəs yerə demir və onun əməli də var: Abdulla Şaiq “Xatirələrim” ində yazır ki, bəzən mənə deyirlər ki, vaxtını və enerjini ədəbi fəaliyyətə sərf etsəydin, böyük şedevrlər, gözəl əsərlər yaradardın, mənsə deyirəm ki, mən yazıçılığımla ziyadə müəllimliyimlə fəxr edirəm”. Əsl ziyalı, əsl vətəndaş öz şəxsi ambisiyalarını, karyerasını, şöhrəti Şaiq kimi ümumimillət işi naminə qurban verənlərdir. Bu, Şaiqin insan kimi daha bir məziyyətini göz önünü sərir.

Şərqdə ilk demokratik respublika-ADR-in yaranması Abdulla Şaiq yaradıcılığına stimul verən amillərdən oldu. Abdulla Şaiq turançılıq ideologiyası təbliğ edən əsərlərlə mətbuatda çıxış edir. Qızıl alm-vahid, bölünməz, mənəvi Turan obrazı onun demək olar ki, bütün əsrlərinin mətnaltı kontekstini təşkil edir. Uşaq əsərlərindən tutmuş poemalarına, dramlarına qədər gətirdiyi turan idealı müxtəlif rəmzlər, simvollar, alleqoriyalar vasitəsilə bütün yaradıcılığı boyu Şaiqi müşayiət etdi.

“Respublika yaradılması ədəbiyyatda canlanmaya milli ruhun dirçəlməsinə səbəb oldu. Bu dövrü, haqlı olaraq, çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafında yeni mərhələ adlandırmaq olar. “Yaşıl qələm” ədəbi cəmiyyəti özündə görkəmli yazıçıları, şairləri və ictimai xadimləri birləşdirdi:Əhməd Cavad, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Ə.Müznib, S.Mümtaz, Umqülsüm və başqa sənətkarlar milli ruhun və müstəqillik ideyasının nümayəndələri və daşıyıcıları idilər. Abdulla Şaiq və Məmmədəmin kimi şairlər öz əsərlərində Azərbaycan ordusunun qəhrəmanlığı və qələbələrini tərənnüm edirdilər”. (Azərbaycan cümhuriyyəti (1918-1920) Elm, Bakı-1998, səh 171)

1918-ci il 4 fevral tarixli “İstiqlal” qəzetində dərc olundu. “Vətənin yanıq səsi”, 1918-ci il 6 fevral tarixli “Açıq söz” qəzetində dərc olunan “Türk-ədəmi_mərkəziyyət firqəsi” Müsavat”a ithaf”, 1918-ci il 20 iyul tarixli “Açıq söz” də çıxan “Neçin böylə gecikdin”, 1920-ci il “qurtuluşun 2-ci nömrəsində çıxan “Arazdan Turan”a poeması və digər əsərləri ilə Abdulla Şaiq türksevərliliyini, soy-kökünə bağlılığını bir daha sübut etdi. Öz soy-kökünə ehtiram göstərmək, bu mənəvi dəyəri yad ünsürlərdən arındıraraq qoruyub saxlamaq əsl ziaylıya xas xüsusiyyətlərdəndir.

1930-1940-cı illər Azərbaycan xalqının tarixində ən fəci səhifələrindən biridir. Millətin düşünən beyinlərinin, döyünən ürəklərinin susdurulması, məhv edilməsi ilə nəticələnən bu siyasi aktın millətin özü tərəfindən həyata keçirilməsi, bizcə, bu faciəni bir az da ağırlaşdırır. Bir zamanlar adları yanaşı çəkilən sənət dostlarından fərqli olaraq qüdsi bir əl Abdulla Şaiqi bu təhlükədən qoruyur. Təbii ki, bir neçə il ailəsi ilə birlikdə Məşhəddə yaşaması, Yusif Ziya kimi türkçü əqidəli böyük qardaşı, üstəlik qardaşının ölüm xəbərinin gəlməsi (yəni sağ qalıb xarici ölkədə yaşaması ehtimalı da var idi), proletkultçuluq ideyalrının vəsfinə dair əsərlər yazmaması, turnaçılıq ideologiyasına tərəfdar çıxması Şaiqinsovet ideoloji aparatının düşməni olmaq ehtimalını artırırdı. Amma, sakit, mülayim təbiəti onun dövlət üçün təhlükə olma ehtimalını azaltmış ola bilərdi. İkincisi Şaiqi müxtəlif dövrlərdə siyasi təzyiqlərdən. Repressiyalardan qoruyanlar, ona ona himayədarlıq edənlər onun tələbələri olmuşlar.

Abdulla Şaiqin tələbələrindən olan Azərbaycan ictimai fikir tarixində xüsusi xidmətləri ilə yadda qalan xadim Ruhulla Axundov sevimli müəllimini daim qorumağa çalışmışdır. 1924-30-cu illərdə Azərbaycan K P M K-nın katibi, Azərnəşrin direktoru, Azərbaycan SSR Xalq maarif komissarı, 1930-cu ildən Zaqafqaziya vilayət komitəsinin katibi vəzifələrini tutmuş Ruhulla Axundovun tövsiyəsi və təlimatıyla Abdulla Şaiq 1931-ci ildə Bakıdan uzaqlaşdırılaraq Şuşa Pedaqoji Texnikumuna müəllim kimi ezam edilir. Təbii ki, məqsəd Abdulla Şaiqi diqqət mərkəzindən uzaqlaşdıraraq, nəzərlərdən yayındırmaq idi. Lakin baş verən qəza nəticəsində ədibin ayağı zədələnir və 1 ildən sonra o, yenidən Bakıya qayıtmalı olur. Abdulla Şaiqin xatirələrində müəllimini zəifləmiş görən Ruhulla Axundovun ona böyük məbləğdə mükafat yazılması təlimatını verdiyindən, Nizaminin “İsgəndərnamə” poemasının “Şərəfnamə” hissəsini məhz onun tövsiyəsi və təkidi ilə tərcümə etməsindən söhbət açır. Azərbaycan dilinin elmi terminalogiyasını, işləyib hazırlayan. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından olan ictimai xadim, vətənpərvər alim Ruhulla Axundov özü də repressiya qurbanı olur. Abdulla Şaiq 1938-ci ildə ölüm hökmünə məhkum edilən Ruhulla Axundova “Gəlsin” rədifli qəzəlinə ithaf edir.

Abdulla Şaiqi ölüm təhlükəsindən qoruyan ikinci şəxs Mirzə İbrahimovdur. 1942-1946-cı illərdə Azərbaycan SSR Maarif naziri, 1946-1954-cü illərdə Azərbaycan Yazıçılar ittifaqı İdarə heyətinin sədri olmuş Mirzə İbrahimov öz diplomatik bacarığı ilə hökümət nəzərində “etibarlılar” cərgəsində qalmağı bacaran,ömrünün axırınq qədər Abdulla Şaiqin xilaskarı missiyasını davam etdirə bilən şəxsiyyətlərdən olmuşdur. (Kamal Talıbzadə. Böyük vətəndaş, yazıçı Mirzə İbrahimov. Mirzə İbrahimov müasirlərinin xatirələrində Elm-Bakı-2008. Səh 265)

Mirzə İbrahimovla bağlı xatirələrində mərhum akademik Kamal Talıbzadə onun daima Abdulla Şaiqi qorumaq səylərindən ağız dolusu danışır: Abdulla şaiq salnaməsində Mirzə İbrahimovun ən böyük xidmətlərindən biri onun təşəbbüsü, müqəddiməsi və redaktorluğu ilə 1936-cı ildə, dövrün ən böyük, adlı-sanlı sənətkarlarının məhv edildiyi, qaranlıq həbsxanalara atıldığı bir vaxtda, Abdulla Şaiqin “Seçilmiş əsərləri”ni nəfis şəkildə nəşr etdirmişdir. Mirzə İbrahimov Abdulla Şaiqi ilk dəfə yeni anlamda, yeni izahlar ilə ictimaiyyata, Azərbaycan oxucusuna çatdırdı. Mirzə İbrahimovun kitaba yazdığı müqəddimədə Şaiqin “İrəli”, “Zamanın inqilabçılarına” (əslində proletar xüsusiyyətilə heç bir əlaqəsi yoxdur.(-A.H) kimi gələcəyə ruhunda yazılan şeirlərdən danışılır, şairin hürriy-azadlıq ideyalarını necə tərənnüm etdiyi oxucuların diqqətinə çatdırıldı. (Kamal Talıbzadə. Böyük vətəndaş yazıçı Mirzə İbrahimov. Mİrzə İbrahimov müasirlərinin xatirəlrəridnə. Elm, Bakı-2008, səh 265).

Sözügedən kitab- “Abdulla Şaiqin “Seçilmiş əsərləri” 1936-cı ildə Mirzə İbrahimovun redaktəsi ilə dərc edilib. Müqəddimənin də müəllifi Mirzə İbrahimovun Abdulla Şaiqi müdafiə taktikası ilk baxışdan nəzərə çarpır. Abdulla Şaiq yaradıcılığını təhrif etmədən təqdim edən ön söz müəllifi bu irsin ideya köklərini araşdırır. Burjua sinfinin nümayəndəsi hesab etdiyi Abdulla Şaiqin bu mövqedə olmasının tarixi səbəblərini ortaya qoyur və Şaiqi bu “qüsurlardan” arındırır: “İstibdad pəncəsindən, çar zülmündən qurtuluş, nicat yolu axtaran Şaiq onu tapa bilməyir. Hətta bəzən acizlik o dərəcəyə çatır ki, o bir yıldızdan imdad istəyir, ümid diləyir. Burjua nümayəndəsinin qarşısına xırda sözünü artırmaqla Mirzə İbrahimov sanki Şaiqin “günahını” yüngülləşdirməyə cəhd edir. Onun türkçü, turançı tərəfini də təsiraltı kimi qiymətləndirən müəllif yazır: “Bu millətçilik əhval-ruhiyyəsi pantürkist osmançılıq ideolojisi daşıyan burjua cərəyanının xırda burjua münəvvərliyinə təsirindən başqa bir şey deyildir. Lakin Şaiq millətçiliyini heç də Əli bəy Hüseynzadələr və ya Məmməd Əmin Rəsulzadələr millətçiliyi ilə eyniləşdirmək doğru olmaz. Zira Şaiq heç bir zaman bir milləti digərinin üzərinə saldırmaq təbliğ edəcək dərəcədə avantürist bir yazıçı olmamış, alçaq bir yol göstərməmişdir. (Abdulla Şaiq. Seçilmiş əsərləri. Bədii ədəbiyyat şöbəsi, Bakı-1936, səh XIII)

Abdulla Şaiq yaradıcılığının tarixi təkamülünü izləyən, onun “qüsurlar”dan ustalıqla arındıran tənqidçi hal-hazırda onun əsl proletar yazıçısı olduğunu bildirir və maraqlıdır ki, onu tez-tez “Qoca Şaiq” adlandırır. Nəzərə alsaq ki, 1935-ci ildə (Ön sözün 1935-ci ildə yazıldığı qeyd olunub-A.H.). Şaiqin hələ 54 yaşı vardı, belə müraciətin hansısa bir sətiraltı məqsədlə işlədildiyi məlum olur. Güman ki, bu ifadə ilə Mirzə İbrahimov Şaiqin artıq qoca olduğuna və bəlkə də dövlət üçün heç bir təhlükə törətmək iqtidarında olmağına işarə edirdi. Maraqlı və diqqətəlayqidir ki, “Ziddiyyətli, aciz, məhdud” yaradıcılığa malik olan, “bəzən Molla Nəsrəddin” in, bəzən isə “Füyuzat”ın təsirinə qapılan” “xırda burjua yazıçısı” Abdulla Şaiqin 1936-cı ildə ilk dəfə Seçilmiş əsərləri” nin çap olunması Mirzə İbrahimovun böyük fədakarlığının və cəsarətinin nəticəsi olmuşdur. Üstəlik, bu kitabda proletkultçuluq ideyalrının təbliğinə aid bir əsərlər yox, Məmməd Əmin Rəsulzadəyə nəzirə olaraq yazdığı “Bir quş”, “Yad et!”, “Bu da bir şeri-faniyi-digər” və başqa romantik əsərlər yer almışdı. “Revolyusiya və kultura” jurnalının 1940-cı il 4-cü sayında “Azad xalqın azad ədəbiyyatı” adlı məqalə ilə çıxış edən M.Bağırov dövrün ədəbiyyatını dəyərləndirərək onda mənfi və müsbət çalarlar axtarır: “Azərbaycanda teatr sənətinin banisi, materialist filosof, irəli getməyə mane olan hər hansı bir şeyi amansızcasına ifşa edən Mirzə Fətəli Axundov bu epoxada demokratik ədəbiyyatın ən böyük nümayəndələrindən biridir. Onun dalınca Həsən bəy Zərdabi, Vəzirov, Sabir, Cəlil Məmmədquluzadə, Haqverdiyev, Süleyman Axundov, Ordubadi, Abdulla Şaiq kimi görkəmli yazıçılar və şairlər pleyadası davam edib gəlirdi”. Bizcə, məqaləni ixtisasca ədəbiyyatşünas olamyan rəhbər üçün yazan, yazdıran biriləri olmalı idi. Məsələn, jurnalın məsul redaktoru ola bilərdi. Məsul redaktor isə Mirzə İbrahimov idi!

Halbuki bu ərəfədə Abdulla Şaiqin siyasi baxışları. əsərlərinin ideoloji əsasları tənqidçilər tərəfindən birmənalı qarşılanmırdı. 1930-cu il 21 fevral tarixli “Kommunist” qəzetində tənqidçi C.Əfəndizadə Abdulla Şaiqi “Hər şey var” şeirinə görə tənqid edir və “bu şeir və buna bənzəyən yazılar əlbəttə proletar ədəbiyyatından uzaq şeylərdir”-yazırdı.

Dövri mətbuatda tez-tez “xırda burjua romantiki” deyə yad edilən Abdulla Şaiq SSRİ EA Azərbaycan filialının “Xəbərləri”nin 1946-cı ildə 1-ci sayında həyat hadisələrinə romantik münasibətinə görə yenə də tənqid hədəfi idi: “Abdulla Şaiq romantizmin etirazkar, ictimai mübarizələrə ümidsiz baxan, kəndə, “saf təbiətə” çəkilməyi üstün tutan kənd idilliyasına məftun olan nümayəndələrindəndir”.

Bununla yanaşı, 40-cı illər dövri mətbuatında Mehdi Hüseynin (“Ədəbiyyat qəzeti”. 22 yanvar 1946), C.Xəndanın (“Kommunist”, 1944, 27 fevral) və s.başqalarının məqalələrində Abdulla Şaiqin yaradıcılığı müsbət plandan təqdim olunurdu.

40-cı illər mətbuatında, bu illərdə həmçinin, Abdulla Şaiqin bir sıra orden və medallarla təltif olunması barədə oxuyuruq. 1940-cı ildə o, incəsənət sahəsindəkixidmətlərinə görə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülür. 1945-ci ildə “Qafqazın müdafiəsinə görə” və “Böyük Vətən müharibəsində fədakar əməyə görə 1941-1945-ci illər” medalları; 1946-cı ildə mədəniyyət sahəsindəki xidmətlərinə görə Lenin ordeni ilə təltif edilir və elə həmin ildə SSRİ Ali Sovetinə deputat seçilir. Millətini düşünən vətənpərvər ziyalı, milli şüurun oyanmasında əvəzsiz xidmətləri olan pedaqoq, səmimi insan kimi tanıdığımız Şaiq həm də sədaqətli dost idi. İttihamçı, bəzən də məddah kimi adları hallanan ədib və şairlər içərisində Şaiqin adına rast gəlmirik. Yalnız öz işi ilə maraqlanan və məşğul oln Şaiq siyasi səhnələrdə görmürük. Ədəbi mühitdə, dövri mətbuatda onu sadəcə məsləkdaşını müdafiə taktikasında görürük. Təsadüfi deyil ki, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Məhəmməd Hadi, Hüseyn Cavid kimi sənət dostlarının ilk bioqrafı məhz Abdulla Şaiqdir. Bundan əlavə. Bu və adlarını çəkdiyimiz digər ədiblər Şaiqin dərslikləri vasitəsilə xalqa tanıdılmış, təbliğ olunmuş və yaşadılmışdır. Digər tərəfdən, bu dostluqlar Azərbaycan ədəbiyyatının müqəddəratını həll edən, tarixini yolunu müəyyənləşdirən ictimai hadisəyə çevrilirdi.

Abdulla şaiqin ən yaxın dostlarından biri Hüseyn Cavid idi. Xatirələrində, dərsliklərində xüsusi səmimiyyət və ehtiramla sıx-sıx yad etdiyi filosof-şairin “İblis” haqqınd məqalələri Cavidşünaslıqda xüsusi yer tutduğu kimi, Abdulla Şaiqin ədəbi-tənqidi görüşləri baxımındanda böyük əhəmiyyət daşıyır. 1925-ci ildə “Maarif və mədəniyyət” jurnalının 2ci sayında dərc edilən “Hüseyn Cavidin” İblis” nam hailəsi haqqında duyğuların “məqaləsi romantik tənqidin bariz nümunəsi olmaqla bərabər, həm də cavidşünasların və “İblis” tədqiqatçılarının bu gün də müraciət və istinad etdiyi dəyərli bir mənbədir.

Müasirlərinin və oğlu Kamal Talıbzadənin xatirələrinə əsasən, Hüseyn Cavidin həbs olunduğu zaman bir gün Müşkünaz xanım hövlank Şaiqgilə gəlir və bildirir ki, sabah saat səkkizdə Cavidi dəmiryol vağzalından Sibirə aparacaqlar. Müşkünaz xanım Şaiqdən xahiş edir ki, hazırladığı bağlamanı Cavidə çatdırsın. Ertəsi gün səhər saat 8-də Şaiq vağzalda olur və deyilənə görə, axşama qədər orada gözləyir. Ancaq Cavid görünmür. Məlum olur ki, bu xüsusi orqan tərəfindən hazırlanmış və Cavid tərəfdarlarını müəyyən etmək üçün qurulmuş bir qurğu idi.

1940-cı ildə AZərbaycan nümayəndə heyəti Moskvada keçirilən Azərbaycan ədəbiyyatı dekadasında iştirak etmək üçün qatarla yola düşür. M.Bağırovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Abdulla Şaiq də var idi. Yolda M.Bağırov Şaiqi kupesinə çağırtdırır və kinayə ilə soruşur ki, vətən xaini olan dostunu vağzalda gözləyən bu idi? Təəssüf ki, adı çəkilməyən biri M.Bağırova: “Yoldaş Bağırov, Şaiq şairdir. Şairlərin düşüncəsində dosta xəyanət dövlətə, vətənə xəyanətr deməkdir”-deyərək Abdulla Şaiqi bu çətin vəziyyətdən qurtarır.

Təbii ki, bu, illərdə dolaşan xatirədir. Onun səhihliyini sübut etmək mümkün olmadığı kimi, qeyri-səhihliyini də sübut etmək olmur. Amma, hər halda od olmayan yerdən tüstü çıxmaz. Bu xüsusiyyət Şaiq şəxsiyyətini uyğun gəldiyi üçün belə hadisə nə Şaiqə, nə də tarixə yamaq kimi görünmür.

Qeyd etdiyimiz kimi, Abdulla Şaiq yaradıcılığı və şəxsiyyəti ilə bağlı apardığımız araşdırmalar zamanı bu imzanı ləkələyəcək bir nüans, bir detal qarşımıza çıxmadı.

Abduula Şaiq şəxsiyyəti və yaradıcılığın dair apardığımız tədqiqat boyu, ilk dəfə olaraq, ədibin şəxsiyyəti barədə neqativ fikirlərə Mehdi Gəncəlinin “Türk kültürü incələmələri dərgisi”ndə dərc olunan “Hüseyn Cavidin İstanbul Mektupları ve Osmanlı Matbuatında “Cavid” imzası adlı məqaləsində rast gəldik. Məqalədə Cavidə münasibətində Şaiq şəxsiyyəti kölgəli təqdim olunur və ümümiyyətlə, Abdulla Şaiq sovet ideologiyasının tərəfdarı kimi mühakimə obyektinə çevrilir. “ Sovyet ideolojisi bwtwn qabalarına rağmen Cavidi “alana çekme” konusunda başarılı olamamış, öngördüyü hizaya bir turlu oturtamamıştır. Cavidi sağlığında sosyalist yapamayan resmi ideoloji, ölümündən sonra da faaliyyetine devam edip netice almaya çalışmıştır. Zira Cavid gibi muktedir ve muteber bir fikir adamının resmi sınırların dışında bırakmak, rejimin karizması acısından hoş karşılanmayacaktı. Rejimin bütün çabası Cavidi “islah ederek” alana oturtmaktı. Bu amacla sipariş üzerine bir çok hatıra ve bioqrafı kitapları hazırlanmış, Cavidin eserlerini inceleyen kitaplarda sosyalist emareler ve temayüller aranmıştır.....

(Gəncəli Mehdi Hüseyn Cavidin İstanbul mektupları ve Osmanlı Matbuatında “Cavid” imzası. Türk kültürü incələmələri dərgisi 31. İstanbul-2014,s. 239-264).

Məlumdur ki, Abdulla Şaiq “Xatirələrim”ini 1953-cü ildə yazmağa başlayıb. Bir il sonra xatirələrin bir qədər işlənmiş və ixtisar olunmuş variantı- “Köhnə dünya” adı altında “Azərbaycan” jurnalında çap edilir. “Xatirələrim”in daha da təkmilləşmiş variantı 1961-ci, daha sonrakı 1973-cü illərdə və son variant-5cildlik “Əsərləri”nin V cildində çap olunur. Dediyimiz kimi, “Xatirələrim” kitab şəklində, ilk dəfə olaraq 1961-ci ildə işıq üzü görür. Hüseyn Cavid isə 1957-ci il artıq bəraət almışdı. Yəni nə Cavidin gözdən salınmasına, nə də Şaiqin ehtiyac yox idi.

Tez-tez kinayə ilə ədibi “Hüseyn Cavidin en yakın dostu olarak bilinen Abdullah Şaik” kimi təqdim edən müəllif onu Cavidin Təbriz və İstanbul səfərlərinin əsl motivinin tədris deyil, ticarət məqsədi olmasından dolayı ittiham edir: “Hüseyn Cavidin İstanbula gidiş amacı da bazı kaynaklarda farklı zikredilmişdir. Hüseyn Cavidin en yakın dostu olarak bilinen Abdullah Şaik hatıralarında Cavidin Tebrizden döndükten sonra Gürcüstana gittigini, orada babasının arkadaşı bir tacirin şirketinde işe başlayarak o şirketi aracılığıyla ticari amac için İstabula gönderildiyini yazar. Cavidin İstanbuldan gönderdiyi mektublardan, giderken beraberinde satılık bir kaç halı (seccade) götürdüyü anlaşılsa da nihai amacının İstanbulda eğitim almak olduğu hem mektuplarından, hem de İstanbulda kaldığı süreden net bir şekilde anlaşılmaktadır”.

Hüseyn Cavidin Təbrizə geidşinin məqsədini də, alimə görə yalnış dəyərləndirilən Abdulla Şaiq şairin “mefruşat ticareti” üçün oraya getdiyini yazır. “Oysa Cavid, Tebriz ve Urmiyeden Muhammed Taki Sidkiye gönderdiği mektuplarda ticari faaliyyetten söz etmez; bilakis orada okuduğu kitaplardan bahs edir, Kafkasiyada neşredilen qazetlerden haberdar olmak istediğini yazar”.

Hüseyn Cavidin İstanbuldan yazdığı məktublarından onun maddi durumunun yaxşı olmadığı, bu səbəbdən də təhsilini davam etdirə bilməyəcəyi anlaşılır. Və çox qürurlu bir insan olduğu üçün Hüseyn Cavid israrla dostlarından ona yardım göndərməmələrini, əgər göndərərlərsə, geri qaytaracağını bildirir. Yəni böyük sənətkarın maddi cəhətdən sıxıntılı olması hər halından görünürdü. Amma bütün bunlara baxmayaraq Cavid Azərbaycan ədəbiyyatı tarixində ən yüksək zirvədədir. Ziya Göyalp haqqında: “o pulu tanımadan yaşadı və tanımadan öldü” deyirlərsə Mİrzə Ələkbər Sabir sabun bişirib satmaqla ailəsini dolandırırsa Sabir nə də Ziya Göyalp turan ideologiyasının banisi olmaqdan alınmadı. Əksinə, zəhmət və istedadın harmoniyasından ibarət olan böyük şəxsiyyətlərin

O da həqiqətdir ki, xatirələrə elmi sənəd kimi istinad etmək doğru deyil. Çünki, adətən xatirələr bir ömür yaşamış insanın həyatının son illərində yazılır. Bu baxımdan xatirələrdə qeyri-dəqiq tarixlər, yalan yox, yalnış faktlar, bu faktlara subyektiv münasibətin olması təbiidir.

1920-ci ildə nəşr edtdirdiyi “Türk ədəbiyyatı” dərsliyinə Abdulla Şaiq Məhəmməd Əmin bəy, Cənab Şəhabəddin, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Əhməd Hikmət, Rəcaizadə, Mahmud Əkrəm, Rza Tofiq kimi sənətkarla yanaşı, Hüseyn Cavidin də bioqrafiyasını və “Hərbi fəlakət”, “Küçük sərsəri”, “Bakıda” şeirlərindən nümunələr verir. Cavidin sağlığında-1920-ci ildə yazılan dərslikdəki informasiyanın səhihliyi, yəqin ki, şübhə doğurmaz. Dərslik yazılır: “Sevimli şairimiz Hüseyn Cavid əfəndi

Naxçıvan şəhərində təvəllüd etmiş və ibtidai məlumatı orada almış. Sonra Təbrizə gedərək bir sənə kadar fars, ərəb lisan və ədəbiyyatilə iştiğal etmiş, fəqət dəfələrlə sürəkli və şiddətli göz ağrısına tutulmuş, ana və balasının israrı üzərinə təhsili-elmədn vaz keçib və ticarətə başlamışdır.

İstanbula gözlərini tədavi etmiş və məşhur türk filosofu Rza Tofiq bəylə buluşaraq, kəndlilərindən ədəbiyyat, tarixi-ədəbiyyat və fəlsəfəyə aid xüsusi istifadələrdə bulunmuş. Və onun tövsiyəsilə fünunə aid bəzi dərslər haqqında da mütəxəssislərə müraciət edərək məlumatını tövsiyə çalışmışdır.



Elani-hürriyyətdən sonra iki yıl kadar da Darülfünunun bütün ədəbiyyat şöbələrinə davam etmiş və sənədi İstanbulu tərklə Naxçıvana dönmüşdü. İştə o zamandan bəri mürrileyh Naxçıvan, Tiflis, Gəncə və Bakı şəhərlərində-milli məktəblərdə-türkcə lisan və ədəbiyyat müəllimi olaraq hala da kəndi məsləkinə davam etməkdədir”.



Yüklə 33,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin