Antik dövrün iqtisadi fikirlərini ifadə edən böyük şəxsiyyətlərdən biri Aristotel olmuşdur



Yüklə 10,22 Kb.
tarix10.05.2022
ölçüsü10,22 Kb.
#57025
Antik dövr


Antik dövrün iqtisadi fikirlərini ifadə edən böyük şəxsiyyətlərdən biri Aristotel olmuşdur. Aristotelin iqtisadi fikirləri ictimai-iqtisadi formasiyalardan biri olan quldarlıq dövrünə təsadüf etmiş və o, quldarlığın iqtisadi xarakteristikasını vermiş, bu quruluşu təbii və qanunauyğun bir cəmiyyət hesab etmiş və qulların insan həyatı və istehsal prosesində vacibliyini qeyd etmişdir.

Aristotel cəmiyyətdəki insanları azad və qullara, onların əməyini isə əqli və fiziki əməyə bölürdü. Qulları “danışan və çevik əmək aləti”, mülkiyyət obyekti və gəlir gətirən əmlak hesab edirdi. Onun fikrincə, qul quldarın mülkiyyətində olduğundan onun əməyinin nəticəsi də quldar tərəfindən mənimsənilməli idi. Aristotel göstərirdi ki, hər cür ağır fiziki işləri qullar görməli, fiziki işlərdən azad olanlar isə dövlət işləri ilə məşğul olmalıdırlar. Qula hökm verməyi “təbiətin ümumi qanunu” adlandırır və sübut edirdi ki, hətta adamlar hüquqi baxımdan azad olsalar belə, müəyyən fiziki işlər yerinə yetirəndə onlar qula çevrilirlər.

O, bir sıra əsərlərində sərvət, əmək, dəyər, mübadilə, pul, əmtəə, ticarət və s. kimi kateqoriyaları nəzəri baxımdan təhlil etmişdir. Aristotelin iqtisadi fikir tarixində böyük elmi xidmətlərindən biri fiziki əməyi hər cür sərvətin, nemətin mənbəyi adlandırması olmuşdur. Aristotel sərvəti iki növə bölürdü: natural və pul. Natural sərvətə istehlak dəyərlərinin məcmusu kimi baxır və onu həqiqi sərvət adlandırırdı. Bu növ sərvətin həddi olduğunu bildirsə də, pul sərvətinin həddi olmadığını qeyd edirdi. Çünki pul dövriyyəsi ilə məşğul olanların hamısı öz kapitallarını hədsiz dərəcədə artırmağa çalışırlar. O, sərvət, nemət əldə edilməsində qul əməyindən istifadəni vacib sayır, qul əməyi ilə yaradılan və pula çevrilməyən sərvəti sərvətin təbii forması hesab edirdi.Aristotelə görə, iqtisadi zəruriyyət, ehtiyac adamları bir-biri ilə bağlı edir. Ev və dövlət üçün nemətlərin əldə olunması ilə bağlı olan təsərrüfatçılıq fəaliyyətini təbii sahə hesab etdiyi “iqtisadiyyat”, varidat, sərvət əldə etmək, onun pul formasında toplanması fəaliyyətini isə qeyri-təbii sahə hesab etdiyi “xrematistika” adlandırırdı. Onun fikrincə, iqtisadiyyatın məqsədi insanların zəruri ehtiyaclarını ödəmək, həyat üçün lazım olan nemətlərin, istehlak dəyərlərinin əldə edilməsidir, buna görə də o, dövlət idarəçiliyinin obyekti olmalıdır.

Mübadilə qanunlarının mahiyyətini aşkarlayaraq belə qənaətə gəlmişdir ki, mübadilədə əmtəə dəyərlərinin bərabərləşməsi prosesi baş verir. Belə bərabərləşmənin əsasının ictimai zəruri əmək olduğunu bildirmişdir. Əmtəənin iki tərəfini, yəni istehlak və mübadilə dəyərini təhlil edən Aristotel istehlak dəyəri kimi istifadə olunan neməti “təbii”, mübadilə dəyəri kimi istifadə olunan neməti isə “qeyri-təbii” proses kimi xarakterizə etmişdir. O, göstərirdi ki, mübadilə prosesi və nemətlərin bölgüsü “ədalət” prinsipinə üzrə həyata keçirilməlidir. Əmlak fərqi elə həddə saxlanılmalıdır ki, o, nə həddən artıq varlanmağa, nə də ki, kasıblığa səbəb olsun.

Pulun əmtəə mənşəyini və dəyər ölçüsünü, tədavül funksiyalarını aşkar edən Aristotel, onun təbii mahiyyətini açmaqla dəyər formalarının ilk tədqiqatçısına çevrilmişdir. Qeyd edirdi ki, pul mübadilə prosesinin inkişafı ilə əlaqədar meydana gəlmişdir. Onun fikrincə, əmtəələr özü-özlüyündə ölçülməklə, lakin pul vasitəsi ilə bu prosesə daxil ola bilərlər. Bununla da pulun dəyər ölçüsü funksiyasını qeyd etmişdir. O göstərirdi ki, əgər əmtəələr pulla ölçülərsə, deməli, onlarda bir bərabərlik mövcuddur.

Aristotel ticarətin meydana gəlməsini və inkişafını tədqiq etmiş, ticarətin mənfəət əldə edilməsi üçün labüdlüyünü qeyd etmişdir. Lakin o, iri ticarətin və sələmçiliyin inkişafına qarşı olmuşdur.

Böyük zəka sahibi Aristotelin mütərəqqi iqtisadi-nəzəri fikirləri əsrlər boyu alimlərin daim diqqət mərkəzində olmuş, sonrakı dövrlərdə də iqtisadi nəzəriyyələrin inkişafına təsir göstərmişdir.

Aristotel klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi hesab olunur. Gənc yaşlarından elmə və fəlsəfəyə böyük maraq göstərmişdir. Aristotel öz müəllimi - Platonun təlimini tənqid etmiş, onu dostu hesab etsə də, həqiqəti dostluqdan üstün tutmuşdur. Filosof Makedoniya kralı II Filippin oğlu İskəndərin müəllimi olmuşdur.

Aristotel bəşəriyyət tarixində ilk insandır ki, elmlərə sistemli yanaşmış və onların təsnifatını vermişdir. O, ilk dəfə insan düşüncəsinin bütün sahələrini əhatə edən fəlsəfi sistem yarada bilmişdir; məntiq, təbiət, metafizika, ontologiya, əxlaq, dövlət, ritorika, poetika və s. sahələrinə aid əsərlər yazmışdır. Aristotel ilk bioloq hesab olunur. O, heyvanların həyatının araşdırılması üçün çox vaxt sərf etmiş, həşəratlar, suda-quruda yaşayanlar və sürünənlər haqda araşdırmalar aparmış, balıq və məməliləri təsvir edən çoxlu yazılar yazmışdır. Aristotel formal məntiqin yaradıcısı hesab edilir.

Aristotel şəxsi məktəbini (Likeya) yaratmışdır. Onun tələbələrinə xüsusi təlim keçmə metodu var idi: o, bağda yaşıl ağacların altında gəzərək metafizika, fizika və dialektika haqqında mühazirələr deyirdi. Karl Marks Aritoteli qədim dövrün ən böyük mütəfəkkiri adlandırmışdır.



Deyilənlərə görə, Aristotel nitq qüsurundan əziyyət çəkirmiş. Onun qısa, ayaqları, xırda gözləri, incə səsi, üzündə istehzalı gülüş varmış və zərif və rəngarəng geyimləri, təraşlı saqqalı, barmaqlarına çoxlu üzük taxması ilə seçilərmiş. Platon onun nə həyat tərzini, nə də geyim üslubunu bəyənirmiş. Aristotel çox yatmamaq üçün əlində bürünc top tutar, top metal ləyənə düşər və onu oyadarmış.
Yüklə 10,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin