Atama məktub tərcüməçidən



Yüklə 240 Kb.
tarix02.01.2022
ölçüsü240 Kb.
#2051
növüYazı

Frans KAFKA
ATAMA MƏKTUB
Tərcüməçidən:

Bu məktubu Kafka 1919-cu ilin noyabrında Şelezendə (Bohemiya) dincələrkən yazmış, ancaq onu nədənsə ünvanına göndərməmişdi. Maraqlıdır ki, ölümündən sonra Kafkanın ədəbi-bədii irsini bütövlükdə oxuculara çatdıran dostu Maks Brod da bu məktubu yazıçının "Məktublar"ına deyil, bədii əsərlərinin cərgəsinə daxil etmişdi. Əslində, belə də olmalı idi, çünki Kafkanın atasına məktubu onun 1910-cu ildən müxtəlif insanlara, müxtəlif ünvanlara göndərdiyi məktublardan (demək olar ki,onların çoxu çap olunub və 700 kitab səhifəsindən çoxdur!) seçilir. Daha doğrusu, bu məktub avtobioqrafik səciyyə daşımasına baxmayaraq, şəxsi münasibətlər çərçivəsini aşaraq bəşəri dəyərlər baxımından, ümumiyyətlə, insan münasibətlərinin təhlili və qiymətləndirilməsinə həsr olunmuşdur. Əlyazmasında məktubu bacısı Ottloya ünvanlamışdı ki, sahibinə çatdırsın, amma göndərməmişdi. Ümumiyyətlə, Kafka onu bir neçə dəfə göndərmək və ya kiminsə vasitəsilə sahibinə çatdirmaq istəsə də, həmişə son anda fikrindən daşınmışdı. Bir neçə il sonra çex jurnalisti və onun əsərlərinin çex dilinə tərcüməçisi Milena Yesenskaya (bu qadın həm də onun növbəti uğursuz məhəbbəti idi!) yazdığı məktub da sübut edirdi ki, Kafka onu hələ göndərməyib: "Sabah "Atama məktub”u sənin ev ünvanına göndərəcəm. Onu yaxşı saxla, bəlkə, nə vaxtsa atama verəsi oldun..."


Görəsən, bu məktubu niyə göndərməmişdi? Bəlkə, çoxlarının düşündüyü kimi, bundan sonra atası ilə münasibətlərinin daha da kəskinləşəcəyindən çəkinmişdi? Xeyr, inandırıcı deyil, çünki bütün ömrü boyu tənhalıqda, dərin mənəvi iztirablar, qorxu, vahimə hissləri içində yaşamağa məhkum olunmuş, öz doğma ata evində ögey uşaq kimi böyümüş, xüsusən də həmişə Praqanın yüksək cəmiyyətində yer tutmaq, yüksək mənsəbə çatmaq arzusu ilə yaşayan və bütün bunları da başqa bir aləmdə yaşamaq üçün dünyaya gəlmiş, fiziki cəhətdən zəif, həssas, kövrək, zərif duyğulu oğlundan tələb edən atası ilə münasibətləri, az qala, düşmənçilik səviyyəsinə çatmış və beləliklə də bütün yaradıcılığı həyatından doğulmuş" (D.V Zatonski) Kafka, atasının elə bil qəsdlə onun bütün arzu-istəklərinə qarşı çıxmasını, onu mənən əzməsini 1912-ci il sentyabrın 22-dən 23-nə keçən gecə birnəfəsə, beşcə saata yazdığı "Hökm" novellasında, bir az sonra "Çevrilmə"də, daha sonra da digər əsərlərində bütün çılpaqlığı ilə təsvir etmişdi və bu münasibətlərin daha da pisləşəcəyindən qorxmazdı... Görünür, heç kəsin bilmədiyi ayrı bir səbəb də varmış. Elə bir səbəb ki, Kafka onu özü ilə qəbrə apardı...
Tərcüməçi:

Vilayət Hacıyev


FRANS KAFKA
ATAMA MƏKTUB

Əziz ata!


Bu yaxınlarda məndən soruşdun ki, niyə hər yerdə səndən qorxmağımdan danışıram. Həmişə olduğu kimi, yenə də cavab verə bilmədim. Bir tərəfdən ona görə ki, səndən qorxuram, digər tərəfdənsə, bu qorxunun səbəblərini izah etmək üçün bir cox xırdalıqlara getmək lazımdır və mən də sözlə bunun hamısını ifadə edə bilməzdim. İndi sənə yazılı cavab vermək istəsəm də, yenə ürəyimdən keçənlərin hamısını deyə bilməyəcəyəm, çünki yazanda da səndən qorxmağım, hələ də bu qorxudan əzab çəkməyim buna imkan verməyəcək, çünki demək istədiklərim yaddaşımın, zəkamın tutumundan çoxdur.

Sənə bu məsələ həmişə adi görünüb. Ən azı mənə, ya da heç bir fərq qoymadan başqalarına bu barədə danışanda... Sən təxminən belə düşünübsən: bütün ömrün boyu işləyib, özünü uşaqlarına, ən çox da mənə qurban vermisən, mən isə sənin sayəndə "kef içində" yaşamışam, azad şəkildə istədiyim sahəni oxuyub-öyrənmişəm, yemək-içmək sarıdan korluq çəkməmişəm, ümumiyyətlə, heç bir çətinlik görməmişəm. Bütün bunların əvəzində isə heç vaxt "sağ ol" gözləməmisən, çünki uşaqların "sağ ol"unun nə demək olduğunu yaxşı bilibsən, hətta adi bir nəvaziş, mehribanlıq belə ummayıbsan. Bütün bunların əvəzində mən həmişə səndən gen gəzmişəm, otağıma, kitablarımın, səfeh dostlarımın yanına, gurultulu ideyalarımın ardınca qaçmışam. Heç vaxt səninlə açıq danışmamışam, heç vaxt sinaqoqa sənin yanına getməmişəm, Fransensbadda müalicə olunanda səni yoluxmamışam, heç vaxt özümü sənin ailənin üzvü hesab eləməmişəm, alverindən, eləcə də başqa işlərindən xəbərim olmayıb, fabrikin işlərini sənin üstünə atmışam, sonra da başımı götürüb getmişəm, Ottlonun1 tərsliyinə dəstək vermişəm, sənin üçün heç nə eləməsəm də (hətta bircə dəfə teatra bilet almasam da), dostlarım üçün hər şey eləmişəm. Əgər məni mühakimə eləmək istəsən görərsən ki, mənə ədəbsizliyimi və ya hər hansı bir pis hərəkətimi (bəlkə də axırıncı dəfə evlənmək istəyim istisna olunmaqla) irad tutmursan... İradın yalnız soyuqluğuma, yadlaşmağıma, nankorluğumadır... Və elə tərzdə də irad tutursan ki, guya bunun günahı yalnız məndədir, guya sükanı başqa səmtə döndərsəydim, hər şey də başqa cür olardı, sənin burda zərrə qədər də günahın yox imiş, mənə qarşı həmişə yaxşı olubsan...

Sənin düşüncələrinin yalnız bircə tərəfilə razılaşıram ki, - çünki mən özüm də elə fikirləşirəm - bizim yadlaşmağımızda sənin zərrə qədər də günahın yoxdur. Ancaq, eyni zamanda, mən də günahkar deyiləm. O vaxt səni buna inandıra bilsəydim, bəlkə də hər şey başqa cür olardı. Yox, yeni bir həyata başlaya bilməzdik, çünki bunun üçün ikimizin də yaşı keçmişdi, ancaq yenə də, bir növ, sülh şəraitində yaşaya bilərdik, sənin o əbədi iradların qurtarmasa da, bir az yumşalardı...

Qəribədir ki, bəzən mənim nə demək istədiyimi əvvəlcədən duyursan. Məsələn, bu yaxınlarda mənə dedin: "Başqa atalar kimi üzdə göstərməsəm də, səni həmişə çox istəmişəm və bunu də ona görə belə eləmişəm ki, özümü yalandan başqa cür göstərə bilmirəm." Ümumiyyətlə götürəndə, mənə münasibətin heç vaxt pis olmayıb, ata, ancaq başqaları haqqında dediklərinlə razılaşmıram. Düz deyirsən, sən özünü başqa cür göstərə bilmirsən, amma yalnız buna görə "başqa atalar özlərini üzdə başqa cür aparırlar" deməyin ya xalis inadkarlıqdır, ya da - məncə, bu daha düzdür - bizim aramızdakı soyuq münasibətin bürüncəkli ifadəsidir və belə münasibəti, günahsız da olsan, sən yaratmısan. Əgər sən də belə düşünürsənsə, deməli, ikimiz də eyni fikirdəyik.

Əlbəttə, bununla heç də demək istəmirəm ki, mən bu gün necəyəmsə, təkcə sənin təsirinlə olmuşam. Onda çox şişirtmiş olardım (hərçənd mən belə şişirtməyə bir az meyilliyəm). Lap elə də ola bilərdi ki, sənin təsirindən kənarda sərbəst böyüyər, ancaq sən istəyən kimi olmazdım. Yəqin ki, yenə də çəlimsiz, qorxaq, qətiyyətsiz, sakit olardım və nə Robert Kafkaya2, nə də Karl Hermana3 oxşayardım, hər halda indiki kimi deyil, tamam başqa adam olardım, onda da bir-birimizi çox yaxşı başa düşərdik. Sən mənim ya dostum, ya şefim, ya əmim, ya babam, ya da lap elə (hətta tərəddüd etsəm də) qayınatam olsaydın, özümü xoşbəxt sanardım. Ancaq bir ata kimi mənim üçün çox ağır oldun və ən çox da ona görə ki, qardaşlarım balaca ikən öldülər, bacılarım isə dünyaya gec gəldilər, deməli, bu ağırlığı tək çəkməli oldum, halbuki belə ağırlıq üçün çox zəif idim.

Sən ikimizi də müqayisə et: qısa desək, damarlarımdan Kafka qanı axsa da, mən Kafkalara xas olan həyat eşqilə, əməllərlə, fatehlik arzusu ilə deyil, Lövilər4 nəslinə məxsus, adamı gizli-gizli, qorxa-qorxa əks tərəfə çəkən, bəzən də tamamilə sönüb gedən bir həvəslə yaşamışam. Sən isə, əksinə, əsl Kafka kimi güclü, sağlam, iştahalı, qalın səsli, danışmağa qabil olan, özündənrazı, qətiyyətli, dözümlü, zamanın nəbzini tutan, insanları tanıya bilən, müəyyən mənada səxavətli adamsan və əlbəttə, coşqun, bəzən də tündməcaz olduğun üçün, bütün bu üstünlüklərin tərkib hissəsi kimi səhvlərdən, zəif cəhətlərdən də xali deyilsən. Ancaq ümumi dünyagörüşü baxımından Filipp əmi, Ludviq əmi, Haynrix əmi1 ilə müqayisədə, bəlkə də xalis Kafka deyilsən. Qəribədir ki, bunun niyə belə olduğunu mən də başa düşmürəm. Axı onlar çox şən, gümrah, sərbəst, qayğısız idilər və sənin kimi də ciddi deyildilər (Yeri gəlmişkən, bu xasiyyətlərinin çoxu mənə də keçib, lakin sənin təbiətindəki ziddiyyətlər məndə olmadığından həmin mirasdan yaxşı istifadə edə bilməmişəm.) Ancaq yəqin ki, bu baxımdan sənin də günlərin bir-birinə bənzəməyib, uşaqların - ən çox da mən - ümidlərini doğrultmadığı və bu səbəbdən də öz evində sıxıldığın günlərə qədər (ancaq evə qonaq gələndə, başqa cür olurdun) sən də gülərüz olubsan və ola bilsin nəvələrin, kürəkənin, bəlkə, Valli istisna olunmaqla, öz övladlarından ala bilmədiyin hərarəti sənə veriblər. Hər halda biz başqa-başqa adamlar idik və bizim belə başqa-başqa adamlar olmağımız hər ikimiz üçün o qədər təhlükəli idi ki, kimsə yavaş-yavaş böyüməkdə olan mənlə artıq böyüyüb başa çatmış sənin münasibətlərinin gələcəyi barədə danışmalı olsaydı, deyərdi ki, məni didik-didik eləyəcəksən, bircə sağ tikəm də qalmayacaq. Ancaq belə olmadı, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır, bundan da betər oldu. Bununla belə, səndən bir xahişim var: unutma ki, səni heç vaxt heç nədə günahlandırmıram. Mənə eləməli olduğun qədər təsir edibsən, ancaq elə bilmə ki, acıqla bu təsirdən kənara çıxmamışam.

Mən qorxaq uşaq idim, həm də bütün başqa uşaqlar kimi inadkar... Düzdür, anam məni bir az ərköyün böyüdürdü, ancaq inanmıram ki, elə çətin uşaq olmuşam. İnanmıram ki, bircə xoş sözlə, adicə bir nəvazişlə, üzümə xoş baxmaqla mənə istədiyini elətdirmək mümkünsüz olaydı. Sən, əslində, mərhəmətli, yumşaq adamsan (indi deyəcəyim bunu heç də inkar etmir, çünki burda mən yalnız sənin uşağa təsirindən danışıram), ancaq bütün uşaqların hamısında o qədər səbr, cəsarət olmur ki, oturub həmin mərhəməti gözləsin. Sən uşaqla yalnız öz təbiətinə uyğun rəftar edə bilərsən: zorla, çığır - bağırla, hövsələsiz... Və həmin vaxt bu üsul sənə yaxşı görünürdü, çünki məni güclü, qorxmaz bir oğlan kimi tərbiyə etmək istəyirdin.

Əlbəttə, mənim lap uşaqlıq çağlarımda istifadə etdiyin tərbiyə üsullarını olduğu kimi təsvir edə bilmərəm, ancaq sonrakı illərdə gördüklərimə, eləcə də Felikslə2 rəftarına əsaslanıb onları təsəvvürümə gətirirəm. Bu anda ilk nəzərə çarpan sənin o vaxt indikinə nisbətən daha gənc, qıvraq, coşqun, qayğısız olmağındır və onda bütün varlığınla öz alverinə bağlanmışdın, səni gündə bir dəfə güclə görə bilirdim, ona görə də mənə təsirin daha çox olurdu, çünki həmin təsir adətə çevrilmirdi.

Ancaq o ilk illərdən bircə hadisəni xatırlayıram. Bəlkə sənin də yadında qalmış olar... Bir gecə tez-tez ulamağa başladım ki, su istəyirəm. Ancaq susadığıma görə yox, həm sizi əsəbiləşdirmək, həm də kiminləsə danışmaq üçün belə eləyirdim. Bir-iki dəfə bərk hədələsən də, xeyri olmadı və onda gəlib məni yorğan-döşəkdən zorla qaldırdın, eyvana çıxarıb qapını bağladın, bir neçə dəqiqə gecə köynəyində bayırda saxladın. İndi demək istəmirəm ki, onda düz eləmədin... Bəlkə doğrudan da həmin gecə məni başqa yolla sakitləşdirmək olmazdı... Mən bununla yalnız sənin tərbiyə üsullarını və həmin üsulların mənə necə təsir etdiyini səciyyələndirmək istəyirəm. Əlbəttə, həmin hadisədən sonra mən sözəbaxan oldum, ancaq bununla belə, içimdə elə bil nəsə qırıldı. Mən bu mənasız su istəmək həvəsimin təbiiliyi ilə zorla bayıra atılmağın qeyri - adi dəhşətini heç cür uyuşdura bilmirdim. Sonralar illər uzunu belə bir dəhşətli fikir mənə əzab verməyə başladı ki, o nəhəng kişi, yəni atam heç bir səbəb olmadan, gecənin birində gəlib məni yorğan-döşəkdən qaldıraraq eyvana ata bilər və belə çıxırdı ki, mən onun üçün heç nəyəm!

O vaxt bu, yüngül bir başlanğıc idi, ancaq bütün varlığıma hakim kəsilən "heç nə" olmağım haqqındakı hiss (hərçənd başqa bir baxımdan həm də nəcib və cox səmərəli hiss idi) ən çox sənin təsirinlə yaranmışdı. Onda mənə bir az ruh, bir az mehribanlıq, getmək istədiyim yolun bir az açıq olması lazım idi, ancaq bunun əvəzində sən o yolu bağladın və məlum məsələdir, bunu xoş niyyətlə elədin ki, mən başqa yol seçim. Lakin mən buna yaramırdım. Məsələn, yaxşı əsgəri salam verəndə, yaxşı yeriyəndə məni daha da ruhlandırırdın, amma məndən yaxşı əsgər çıxmadı. Məni yaxşı yeməyə, hələ üstündən pivə içməyə də ruhlandırırdın, ya da mənasını başa düşmədiyim mahnıları təkrarlamağa, sənin sevimli ibarələrini dilim dolaşa-dolaşa yamsılamağa... Ancaq bunların heç biri mənim gələcəyim üçün deyildi... Maraqlıdır ki, indinin özündə də sənə nəsə toxunanda, mən sənin iradənə qarşı çıxanda (məsələn, evlənmək fikrinə düşəndə), ya da kimsə mənim xətrimə dəyəndə (məsələn, Pepa1 məni söyəndə) mənə ürək-dirək verirsən. Mənə kim olduğumu xatırladırsan, daha yaxşı rəftara layiq olduğumu yadıma salırsan və Pepanı əməlli-başlı məzəmmət edirsən. Bu yaşımda məni ruhlandırmağın daha mənası olmadığını bir kənara qoyaq: əgər söhbət ilk növbədə məndən getmirsə, bu ruhladırmağın mənə nə xeyiri?!

Ruhlanmaq mənə o vaxt daha çox lazım idi. Özü də hər yerdə! Onda məni sənin bütün vücudun əzirdi. Məsələn, yadımdadır ki, o vaxt çimməyə gedəndə tez-tez bir kabinədə soyunub-geyinməli olurduq. Mən arıq, çəlimsiz, balaca, sən isə güclü, ucaboy, iddialı... Elə kabinədəcə özümə yazığım gəlirdi və yalnız səndən deyil, bütün dünyadan utanırdım, çünki sən hər şeydə mənim üçün yeganə ölçü vahidi idin. Sonra kabinədən çıxırdıq, əlindən yapışırdım... Skeletə oxşayırdım, nə edəcəyimi bilmədən ayaqyalın taxta lövhənin üstündə dayanırdım, sudan qorxurdum, mənə üzməyi öyrətmək üçün göstərdiyin hərəkətləri təkrar eləyə bilmirdim, xoş niyyətlə həmin hərəkətləri təzədən dönə-dönə göstərəndə də çox utanırdım, bütün ümidlərimi itirirdim və həmin anlarda həyatımda baş verən pis hadisələr haqqındakı bütün xatirələr bir-birinə qarışırdı. Bəzən məndən tez soyunub çıxırdın, kabinədə tək qalırdım, adamların qarşısında rüsvay olmadığım dəqiqələrin ömrünü bir az uzadırdım və həmin anlar da mənim üçün xoş olurdu, sonra qayıdıb məni aparırdın. Sağ ol ki, onda mənim nə çəkdiyimi, deyəsən, hiss eləmirdin və mən də atamın boy-buxunu ilə fəxr edirdim. Yeri gəlmişkən, aramızdakı həmin fərq bu gün də qalır...

Buna uyğun olaraq, sonra sənin mənəvi böyüklüyün gəlirdi. Sən öz gücünlə özünü elə bir səviyyəyə qaldırmışdın ki, onun sayəsində öz dediklərinə sonsuz dərəcədə inanırdın. Gəncliyimdə bunu uşaqlığımda olduğundan çox hiss edirdim. Öz kreslonda oturub bütün dünyanı idarə edirdin. Sənin dediklərin düz, başqalarınınkı isə səfeh, iftira, ağılasığmaz, anormal idi. Sənin özünə inamın o qədər böyük idi ki, məntiqə ehtiyacın qalmırdı, ancaq bununla belə, həmişə haqlı çıxırdın. Hətta elə də ola bilərdi ki, sən hansı məsələ barədəsə fikir söyləməyəydin və həmin məsələ haqqında deyilən hər hansı fikir də istisnasız səhv olmalı idi. Məsələn, sən çexləri söyə bilərdin, sonra da almanları, sonra da yəhudiləri və özü də hər hansı xüsusiyyətinə görə deyil, bütövlükdə söyürdün və belə çıxırdı ki, yaxşı bircə sənsən. Beləliklə, mənim üçün hüquqları idraka deyil, yalnız şəxsi mənəmliyinə söykənən zülmkarlar kimi tapmacaya dönürdün. Ən azı, mənə elə gəlirdi...

Ancaq mənə münasibətdə heyrətamiz dərəcədə haqlı olurdun, söhbət­ləri­mizdə buna söz ola bilməzdi, çünki az-az söhbət edirdik, ancaq həqiqətdə də belə idi. Əslində, burda da anlaşılmaz bir şey yox idi: axı mənim bütün fikir və düşüncələrim sənin o dözülməz təsirin altında olurdu. Ən cox da sənin kimi fikirləşməyəndə... İlk baxışda səndən asılı olmayan fikirlərim elə əvvəlindən sənin hər şeyi inkar edən mühakimənin təsiri altına düşürdü; həmin fikirləri ifadə etmək, axıra çatdırmaq olmurdu. Mən indi hansısa böyük bir fikirdən deyil, uşaqlıq çağlarının adi istəklərindən danışıram. Axı adam hansı arzusununsa yerinə yetirildiyinə sevinməli, evə gəlib onu deməli idi... Ancaq cavabı istehzalı təbəssüm, başını bulamaq, əlini stola döymək olurdu: "Burda təzə heç nə görmürəm" və ya "Öz işindir", ya da "Mənlik deyil", "İşə bax bir!", "Bir qara qəpiyə də dəyməz"... Əlbəttə, qayğılarının başından aşıb-daşdığı bir vaxtda səndən tələb etmək olmazdı ki, balaca bir uşağın bütün arzu və istəklərinə valeh olasan. Yox, söhbət bundan getmir. Söhbət, əslində, ondan gedir ki, sən əks təbiətli bir adam olduğun üçün uşağı həmişə, özü də əməlli - başlı peşman etməli idin və bu əkslik də hər arzu - istəklə gücləndi, axırda da adətə çevrildi, hətta hər ikimiz eyni fikirdə olanda da özünü büruzə verməyə başladı, son nəticədə də bu məyusluq adi bir uşaq məyusluğu kimi qalmadı, sənin hər şeydən uca olan "mən"inə rəğmən, qəlbimi sındırdı. Sən nəyinsə əksinə çıxanda və ya hətta əksinə çıxacağın ehtimal olunanda, bütün cəsarətim, qətiyyətim, inamım, nədənsə sevinmək ümidim yoxa çıxırdı; bu ehtimal da həmişə vardı, çünki sən mənim, demək olar ki, bütün hərəkətlərimə qarşı çıxırdın.

Bu həm mənim fikirlərimə, həm də insanlar haqqında dediklərimə aid idi. Kifayət idi ki, kiminləsə bir az maraqlanam - bu, təbiətimə uyğun olaraq nadir hallarda baş verirdi - o dəqiqə mənim hisslərimə, fikirlərimə, münasibətimə hörmət etmədən başlayırdın onu söyməyə, qara yaxmağa, alçaltmağa. Məsələn, yəhudi aktyor Lövi kimi saf, məsum insanlar da bunun altını çəkirdilər. Onu heç tanımadan dəhşətli bir şəkildə həşəratla müqayisə edirdin, mənə cox əziz adamlardan söz düşəndə, o dəqiqə itlərdən, birələrdən misal çəkirdin. Aktyor ona görə yadımda qalıb ki, onun haqqında dediklərini özüm üçün yazıb saxlamışam: "Atam (heç tanımadığı) dostum haqqında ona görə belə danışdı ki, o mənim dostumdur. Nə vaxt mənə irad tutsa ki, onu uşaqlıqdan sevməmişəm, nankoram, onda bu sözləri üzünə vuracağam". Bir şeyi heç vaxt başa düşə bilmədim: necə olurdu ki, sən o sözlərinlə, mühakimələrinlə məni nə qədər alçaltdığını, sındırdığını hiss etmirdin?! Ola bilsin, mən də tez-tez sənin xətrinə dəyən sözlər işlətmişəm, ancaq bunu hiss edib əzab çəkmişəm. Neyləyim, özümü saxlaya, həmin sözü deməyə bilmirdim, ancaq deyə-deyə də peşman olurdum. Sən isə heç nəyə fikir vermədən o sözləri deyirdin, heç kimə yazığın gəlmirdi: nə deyəndə, nə də sonra... Sənin qabağında dayanmaq olmurdu...

Sənin tərbiyə üsulun bax belə idi. Mənə elə gəlir, sənin yaxşı tərbiyə etmək qabiliyyətin var; yəqin ki, özün təbiətdə olan adamlara xeyiri dəyərdi. Dediklərinin ağıllı olduğuna inanıb eləyər, heç bir dərdi - səri də olmazdı. Ancaq mən uşaq olanda, dediklərinin hamısını ayə kimi qəbul edirdim, heç birini unutmurdum, onlardan dünyanın işlərini, xüsusən də səni mühakimə etmək üçün əsas vasitə kimi istifadə edirdim və bu da heç vaxt sənin xeyrinə olmurdu. Uşaqlığımda səninlə ən çox yemək vaxtı bir yerdə olurdum və səndən aldığım dərslərin çoxu da stolda özümü necə aparmağım barədə olurdu. Stola gələnlərin hamısı yeyilməli idi, onların keyfiyyəti barədə danışmaq olmazdı. Ancaq çox vaxt yeməklər xoşuna gəlmirdi, onları "yem" adlandırırdın, "Heyvan ( yəni, aşpaz ) bunu zibilə döndərib" deyirdin. İştahan yaxşı olduğu üçün tez-tez, isti-isti, iri loxmalarla yeyirdin, deməli, uşaq da tələsməli olurdu, üzüntülü bir sakitlik çökürdü və bu sükutu da sənin iradların pozurdu: "Əvvəlcə ye, sonra danışarsan", "Tez! Tez! Tez!", "Görürsən, mən çoxdan yeyib qurtarmışam". Sümüyü dişə salmaq olmazdı - ancaq sən salırdın. Sirkəni içmək olmazdı - ancaq sən içirdin. Əsas məsələ o idi ki, çörək düzgün doğransın. Ancaq sən çörəyi ağzından şorba daman bıçaqla doğraya bilərdin. Gərək elə yeyəydin ki, qırıntılar döşəməyə düşməyəydi, ancaq ən çox da özün tökürdün. Stola oturanda yalnız yeməklə məşğul olmaq lazımdır, ancaq sən dırnağını ya təmizləyir, ya da kəsirdin, qələm ucu yonurdun, diş dibi təmizləyənlə qulaqlarını eşirdin... Xahiş edirəm, məni düzgün başa düş, ata, bəlkə də bunların hamısı adi xırdalıqlar idi, ancaq mənə ona görə belə təsir edirdilər ki, sən - böyüklər böyüyü hesab elədiyim bir insan - mənim boynuma qoyduğun ayələrə özün əməl etmirdin. Ona görə də mən dünyanı üç yerə bölmüşdüm. Bunlardan biri həmin dünya idi ki, mən orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin. Nəhayət, üçüncü dünya gəlirdi ki, orda da başqaları əmrlərdən, qanunlardan uzaqlarda xoşbəxt həyat sürürdülər. Mən isə rüsvay olmuşdum, sənin əmrlərini yerinə yetirirdim və bu da ona görə rüsvayçılıq idi ki, həmin əmrlər təkcə mənə aid olurdu. Ya da inadkarlıq edirdim, ancaq bunun özü də rüsvayçılıq idi, çünki sənin gücün, sənin iştahan, sənin çevikliyin məndə yox idi ki, inadkarlıq edəm, o əmrləri yerinə yetirməyəm. Ən böyük rüsvayçılıq bir də o idi ki, bütün bunlara baxmayaraq, onları məndən elə tələb edirdin ki, sanki belə də olmalıdır. Beləliklə, uşaqda düşüncə deyil, hisslər inkişaf edirdi.

Mənim o vaxt nələr çəkdiyimi indi Feliksin çəkdikləri ilə müqayisə etsəm, daha aydın olar. Onunla da belə rəftar edirsən, ona qarşı hətta daha dəhşətli tərbiyə üsulundan istifadə edirsən, yemək zamanı səncə, nəyisə düzgün eləməyəndə, o vaxt mənə dediyin kimi "Donuzun biri donuz!"la kifayətlənmirsən, üstəlik də əlavə edirsən: "Əsl Hermansan" və ya "Lap atana oxşayırsan!". Bunlar bəlkə də - burda "bəlkə"dən başqa heç nə demək olmaz - Feliksə o qədər də təsir eləmir, çünki sən onun üçün doğrudan da yaxşı babasan, ancaq mənim vaxtımda olduğu kimi, hər şey demək deyilsən. Bundan əlavə, o, sakit uşaqdır, bir az da kişiləşmişdir, onu hay-küylə çaşdırmaq olar, ancaq bu, çox çəkməz. Digər tərəfdən də, sənin yanında nisbətən az olur, başqa təsirlər də görür, sən onun üçün daha çox sevimli bir əyləncə vasitəsisən, hansı əyləncə növü xoşuna gəlir, onu da seçir. Ancaq mənim üçün əyləncə vasitəsi deyildin, heç nə də seçə bilməzdim, hamısını götürməli idim. Özü də heç nə demədən, etiraz eləmədən, çünki səninlə onsuz da nə barədəsə sakit danışmaq mümkün deyildi, ən çox da sən nə iləsə razılaşmayanda və ya özün istəməyəndə... Sənin hökmranlıq temperamentin buna yol verməz! Son illər bunu ürək nevrozu ilə izah edirsən. Bilmirəm, nə vaxtsa başqa cür olubsan ya yox, ancaq ürək nevrozu sənə öz hökmranlığını daha da sərtləşdirmək üçün bir vasitə olub, çünki bu hökmranlıq başqasının son etiraz hissini də boğmalıdır. Əlbəttə, bu, irad deyil, sadəcə, faktın özüdür. Ottla barədə "Onunla danışmaq heç mümkün deyil, o dəqiqə qayıdıb adamın üzünü cırmaqlayır"- deyirsən, ancaq, əslində, o heç vaxt cırmaqlaya bilməz; sən əməllə insanı qarışdırırsan; sənin üzünü cırmaqlayan əməldir və adamı dinləmədən həmin əməl barədə qərar çıxarırsan; bundan sonra deyilənlər də səni inandırmaq əvəzinə, daha da qızışdırır. Hələ üstəlik də deyirsən: "Nə istəyirsən elə, müstəqil adamsan... Daha böyümüsən, sənə məsləhət verəsi deyiləm!" Və bütün bunların hamısını hirsindən boğula-boğula, xırıltılı səslə, hökmlə deyirdin. Bu gün həmin sözləri eşidəndə, məni uşaqlıq çağlarında olduğu kimi əsməcə tutmur, çünki hər ikimizin də köməksiz olduğumuzu başa düşdüyüm üçün özümü uşaqlıq çağlarında olduğu qədər günahkar hiss eləmirəm.

Bizim bir-birimizlə sakit danışmağımız artıq mümkün deyildi və bu da axırda öz təbii nəticəsini verdi: mən danışmağı yadırğadım. Əlbəttə, bu o demək deyildi ki, mən yaxşı natiq ola bilərdim, ancaq hər halda, bütün başqa insanlar kimi, fikrimi rəvan şəkildə ifadə etməyi bacarardım. Ancaq danışmağı sən mənə çox tez qadağan elədin. "Cavab qaytarma!"- deyə barmağını silkələyə-silkələyə hədələməyini o vaxtdan bəri unuda bilmirəm. Səninlə üzbəüz dayananda - söhbət öz mənafeyindən gedəndə çox gözəl natiq olursan - dilim topuq çalırdı, kəkələyirdim və sən hətta bunun özünü də mənə çox görürdün, axırda susmalı olurdum, bəlkə də əvvəllər inadkarlıq edirdim, ancaq sonralar sənin yanında nə fikirləşə, nə də danışa bilirdim.Yeganə tərbiyə verənim olduğun üçün bütün həyatım boyu bunlardan azad ola bilmədim. Əgər belə fikirləşirsənsə, mən heç vaxt sənə tabe olmamışam - çox böyük səhv edirsən. "Həmişə əksinə getmək" - sənə qarşı münasibətdə, fikirləşdiyin və inandığın kimi, heç vaxt mənim həyat prinsipim olmayıb. Əksinə, dediklərinə az əməl etsəydim, bəlkə də məndən daha çox razı qalardın. Ancaq sənin bütün tərbiyə üsulların öz işini gördü, işlətdiyin fəndlərin hamısı alındı: Bu gün necəyəmsə (əlbəttə, həyatın bəzi qanunauyğunluqlarını və onların mənə təsirini çıxmaq şərtilə), sənin verdiyin tərbiyənin və mənim itaətkarlığımın nəticəsində olmuşam. Bu nəticə ona görə xoşuna gəlmir, onu verdiyin tərbiyənin nəticəsi ona görə hesab eləmirsən ki, sənin xislətinlə mənim tutulduğum xəmrə bir-birinə heç vaxt yaxın olmayıb. Sən deyirdin: "Cavab qaytarma!" və bununla mənim içimdə yarana biləcək müqavimət hisslərini boğmaq istəyirdin, ancaq bu, artıq idi, çünki mən çox itaətkar idim, cınqırımı da çəkmirdim, sivişib aradan çıxırdım və yalnız səndən uzaqlaşandan, sənin hökmünün birbaşa təsirindən azad olandan sonra qımıldana bilirdim. Ancaq yenə gəlib qarşımda dayanırdın və yenə elə bilirdin "əksinə gedirəm", halbuki bütün bunların hamısı sənin çox güclü, mənimsə çox zəif olmağımın təbii nəticəsi idi.

Sənin son dərəcə təsirli, ən azı məndən heç vaxt əsirgəmədiyin natiqlik məharətində tərbiyə üçün işlətdiyin üsullar bundan ibarət idi: söymək, hədələmək, rişxənd etmək, acı-acı gülmək və bir də lap qəribə olsa da, özünə acımaq... Məni birbaşa pis sözlərlə söydüyün yadıma gəlmir. Əslində, söymək heç lazım da deyildi. Sənin başqa üsulların çox idi və mən uşaq olarkən evdə, ən çox da mağazada başqalarına yağdırdığın söyüşlərdən keyləşirdim, onları özümə aid etməməyə əsasım qalmırdı, çünki söydüyün həmin adamlar məndən pis adamlar deyildi, çünki həmin adamlarla müqayisədə məndən daha çox narazı idin. Burda yenə sənin o müəmmalı günahsızlığın və əlçatmazlığın öz işini görürdü: heç vecinə deyildi ki, başqalarını qınayırsan, onlara söyməyi yasaq eləyirsən, ancaq özün söyüş söyürsən.



Sonra həmin söyüşləri hədə-qorxu ilə daha da gücləndirirdin və bu, artıq, mənə aid olurdu. Məsələn, sən kiməsə deyəndə ki, "Sağ tikəni qulağın boyda eləyərəm!" - məni dəhşət bürüyürdü, halbuki bunu etməyəcəyini bilirdim ( uşaq olanda isə bilmirdim), ancaq bu, sənin gücün haqqındakı təsəvvürlərimə uyğun gəlirdi və elə bilirdim ki, bunu etməyə qadirsən. Məni bir də onda dəhşət bürüyürdü ki, kimisə tutmaq üçün qışqıra-qışqıra stolun başına fırlanırdın, əslində onu tutmaq istəmirdin, özünü elə göstərirdin və axırda da guya anam onu xilas edirdi. Yenə də uşağa elə gəlirdi ki, onun mərhəməti sayəsində salamat qaldı və bu həyatı layiq olmadığı bir hədiyyə kimi yaşamağa davam edirdi. Buraya eyni zamanda sənin sözünə baxmayanda gəldiyin hədə-qorxu da aiddir. Sənin xoşuna gəlməyən bir işə başlayanda, məni hədələməyə başlayırdın ki, alınmayacaq və sənin fikirlərinə çox böyük ehtiramla yanaşdığım üçün həmin iş lap sonralar da alınmırdı. Beləliklə də özüm öz işimə inamımı itirirdim, tərəddüd edirdim, ümidsizliyə qapılırdım. Mən yaşa dolduqca, heç nəyə yaramadığımı sübut edən dəlillərin sayı çoxalırdı. Tədricən müəyyən mənada haqlı olmağa başlayırdın. Yenə də məhz sənin təsirin altında belə olduğunu deməyə çəkinirəm. Sən yalnız olanları gücləndirirdin. Ancaq çox gücləndirirdin, çünki mənimlə müqayisədə son dərəcə güclü idin və gücündən də yaxşıca istifadə edirdin.

Tərbiyə üçün daha çox istehzaya inanırdın, çünki mənim üzərimdəki hökmranlığına ən çox bu uyğun gəlirdi. Adətən, məzəmmətə belə başlayırdın: "Bunu belə eləyə bilməzdin? Yəqin, sənin üçün çox çətindir, eləmi? Əlbəttə, buna vaxtın çatmaz.." və sair və ilaxır... Hər sual da qəzəb dolu gülüşlə, qəzəb yağan sifətlə müşayiət olunurdu. Nəsə bir pis iş gördüyünü heç özün başa düşməmiş, müəyyən mənada cəzalanmış olurdun. Adamı ən çox yandıran üçüncü şəxs kimi töhmətləndirilməyi olurdu. Belə çıxırdı ki, mən heç birbaşa danlanmağa da layiq deyildim. Yəni özüm yanında otura-otura, guya anamla danışırdın: "Cənab oğlumuzdan belə şeylər gözləmə!" (Bu da sonralar öz təsirini göstərdi: məsələn, anam yanımızda olanda sənə birbaşa müraciət etməyə cəsarətim çatmadı və bu da məndə adətə çevrildi. Axı, yanında oturmuş anasından sənin haqqında nəyisə soruşmaq uşaq üçün çox da qorxulu deyildi. Məsələn, o, belə soruşurdu: "Atanın kefi necədir?" və bununla da özünü hər hansı bir xoşagəlməz hadisədən sığortalayırdı ). Əlbəttə, elə hallar olurdu ki, sənin ən dəhşətli istehzana da şərik çıxırdım, ən çox da həmin istehza başqasına, məsələn, uzun illər yola getmədiyim Elliyə aid olanda... Az qala hər dəfə yemək zamanı ona deyəndə ki: " Bu gombul qız gərək stoldan on metr uzaqda otura!" və ardınca da onun oturuşundan necə iyrəndiyini göstərmək üçün üzündə heç bir mehribançılıq, zarafatcıllıq ifadəsi olmaya-olmaya, əksinə, qəzəblə onun oturuşunu öz kreslonda yamsılayanda mənim üçün bayram olurdu, ağrı-acılarımı bir az unudurdum. Bu və ya buna bənzər hadisələr çox tez-tez olurdu və, əslində, sən bununla heç nəyə nail olmurdun. Mənə elə gəlir, bunun səbəbi sənin hirsinin, qəzəbinin baş verən hadisəyə uyğun gəlməməsi idi. Hiss olunurdu ki, stoldan bir az aralı oturmaq kimi xırda bir "səhv" bu dərəcədə qəzəblənməyə səbəb ola bilməz, əslində, bundan əvvəl böyüyə-böyüyə yığılıb qalıbmış və təsadüfən bu hadisə olan kimi, partlayıb üzə çıxıb. Dəqiq bilinirdi ki, onsuz da hər hansı bir bəhanə tapılacaq, ona görə də heç kəs özünü yığışdırmırdı, ardı-arası kəsilməyən hədə-qorxulara qulaq asa-asa keyləşirdi. Tədricən hamı inandı ki, döymək məsələsi olmayacaq. Beləliklə, hamımız deyingən, hər şeyə başdansovdu yanaşan, sözə baxmayan uşaqlar olduq, aradan çıxmağa, öz aləmimizə çəkilməyə tələsdik. Sən də əzab çəkməyə başladın, biz də... Dişlərini bir-birinə sıxaraq uşaqlarda bəlkə də cəhənnəm haqqında ilk təsəvvürləri yaradan xırıltılı bir gülüşlə (bu yaxınlarda Konstantinopoldan gəlmiş bir məktubla bağlı dediyin kimi) deyəndə ki, "Əcəb dəstə düzəltmisiniz!" - öz tərəfindən tamamilə haqlı idin. Sənin tez-tez camaatın yanında bəxtindən şikayətlənməyinlə öz uşaqlarına münasibətin bir-birinə uyğun gəlmirdi. Boynuma alıram ki, uşaq olanda (daha doğrusu, bir az böyüyəndə) sənə yazığım gəlmirdi və başa düşmürdüm ki, bunu kimdənsə necə uma bilərsən. Axı sən hər cəhətdən nəhəng idin! Məgər bizim mərhəmətimizə və ya köməyimizə sənin ehtiyacın vardı?! Əslində, sən onlara bizə nifrət etdiyin qədər nifrət etməli idin. Buna görə də mən o şikayətlərin heç birinə inanmırdım və onların arxasında nə gizləndiyini tapmağa çalışırdım. Yalnız sonralar başa düşdüm ki, sən doğrudan da uşaqların sarıdan dərd çəkirsən, ancaq o vaxtlar, bəlkə də bu şikayətlərin başqa bir şəraitdə uşaqlarda cox səmimi, mərhəmət dolu hisslər yarada biləcəyi bir zamanda, mənə yenə də çox çılpaq bir tərbiyə, alçaltma vasitəsi kimi görünürdü. Düzdür, o qədər də güclü deyildilər, ancaq fəsadsız da ötüşmürdülər. Məsələn, uşaqlar çox ciddi qəbul etməli olduqları bir şeyə ciddi yanaşmamağa adət edirdilər. Xoşbəxtlikdən bəzi hallarda, xüsusən, sən sakitcə iztirab çəkəndə, məhəbbətin, mərhəmətin bütün gücünü toplayaraq qarşısına çıxan bənd-bərəni aşıb səni tapdığı anlarda, müstəsnalar da olurdu. Düzdür, belə anlar az olurdu, ancaq gözəl olurdu. Məsələn, o vaxtlar isti yay günlərində günorta yeməyindən sonra gəlib sənin mağazada yorğun-arğın piştaxtaya dirsəklənib mürgülədiyini görəndə... Ya da bazar günləri qan-tər içində bizim yanımıza kəndə gələndə... Ya da anam ağır xəstə olduğu günlərin birində titrəyə-titrəyə, ağlaya-ağlaya kitab şkafına söykənib dayananda... Ya da mən axırıncı dəfə xəstələnəndə sakit addımlarla Ottlanın otağına gəlməyin, qapının kandarında dayanmağın, başını uzadaraq yatdığım çarpayıya tərəf boylanmağın, salam verməyin... Onda mən yorğanı başıma çəkib sevincdən ağladım və elə bunları yaza-yaza, indi də ağlayıram...

Sənin son dərəcə gözəl, çox nadir, sakit, mehriban, xeyirxah bir təbəssümün var, onu görən özünü xoşbəxt hiss edə bilər. Uşaqlığımda o təbəssümü mənə göstərdiyin yadıma gəlmir, ancaq, yəqin ki, göstərmiş olarsan. Niyə də göstərməyəydin, axı onda günahsız bir uşaq idim, mənə böyük ümidlər bəsləyirdin. Yeri gəlmişkən, belə xoş təəssüratların da çox xeyiri olmadı, əksinə, özümü daha çox günahkar hiss etməyə başladım, dünya mənə daha da müəmmalı göründü. Ancaq faktlardan, həmişə davam eləyən şeylərdən danışsam yaxşıdır. Bir tərəfdən özümü təsdiq etmək, qismən də qisas almaq üçün tezliklə səndə gördüyüm xırda-para gülünc hərəkətləri müşahidə etməyə, onları üst-üstə gəlməyə, şişirtməyə başladım. Məsələn, vəzifəcə o qədər də böyük olmayan adamların səni qamaşdırması... Onlardan saatlarla danışmağın... Tutaq ki, hansısa müşavirdən ya da ona bənzər adamlardan... (Bir yandan da, ürəyimi ağrıdırdı ki, sən, yəni, mənim atam, öz qiymətini qaldırmaq üçün belə mənasız söhbətlər edir, bununla öyünür). Ya da görürdüm ki, ədəbsiz sözlərdən, onları ucadan deməkdən xoşun gəlir, sonra da elə gülürsən ki, guya lap gözündən vurmusan, ancaq o cür danışmaq əslində bayağı bir ədəbsizlik idi (həm də sənin necə güclü olmağın haqqındakı təsəvvürlərimi korlayırdı, məni utandırırdı). Əlbəttə, bu cür müşahidələrin sayı çox idi və mən də buna sevinirdim, çünki qeybətə, zarafata bəhanəm olurdu. Bəzən bunu başa düşərək əsəbiləşirdin, kinlilik, hörmətsizlik hesab eləyirdin, ancaq inan ki, bunların hamısı özümü qoruyub saxlamaq üçün tapmış olduğum yararsız vasitələr, zarafatlar idi. Elə zarafatlar ki, onları allahların, şahların haqqında da danışırlar... Elə zarafatlar ki, kiməsə olan dərin hörmətini azaltmır, əksinə, həmin hörmətin tərkib hissəsinə çevrilir. Yeri gəlmişkən, sən də mənim qarşımda eyni vəziyyətə düşəndə, özünü bir növ müdafiə etməyə çalışırdın. Adətin üzrə başlayırdın ki, mənim kefim həmişə kök olub, mənimlə həmişə yaxşı rəftar olunub... Bunlar düzdür, ancaq inanmıram ki, o vaxtkı vəziyyətlərdə mənə çox kömək etmiş olsunlar. Düzdür, anam mənə qarşı hədsiz dərəcədə mehriban idi, ancaq mənə elə gəlirdi ki, bu mehribanlıq səninlə pis münasibətdə olduğuma görədir. O, özü də bilmədən sürəkçi rolunu oynayırdı. Bəzən elə inanılmaz vəziyyətlər alınırdı ki, sənin tərbiyə üsullarının yaratdığı tərslik, dönüklük, hətta nifrət, bəlkə də, mənə özümü toplamağa kömək edərdi, ancaq anam öz mehribanlığı, ağıllı danışığı (mənim qarmaqarışıq uşaq aləmimdə o, ağıl mücəssəməsi idi), tərəfkeşliyi ilə onları yumşaldırdı və mən yenə də sənin təsir dairənə qayıtmalı olurdum, ancaq ola bilsin, bu dairədən uzaqlaşardım, mənə də yaxşı olardı, sənə də... Bəzən də barışmırdıq və onda anam səndən gizli məni müdafiə edirdi, gizlincə nəsə ötürürdü, nəyəsə icazə verirdi, axırda yenə də sənin qarşında yalançı kimi, günahkar kimi qalırdım, yenə tir-tir əsməyə başlayırdım və belə çıxırdı ki, heç nəyə yaramadığımdan haqqım çatan şeyləri də əldə eləməkçün dolayı yollardan istifadə etməliyəm. Əlbəttə, sonralar özümə görə haqqım çatmadığı şeyləri bu yollarla əldə etməyə adət elədim və beləliklə də özümü daha çox günahkar hiss etməyə başladım.

Bu da həqiqətdir ki, məni heç vaxt əməlli-başlı döyməmisən. Ancaq qışqırmağın, qıpqırmızı pörtməyin, çiyinbağılarını tələsik çıxarıb stulun başına keçirməyin döyməkdən də betər olurdu. Elə bil, kimsə asılmalı idi. Əgər doğrudan da asılırdısa, deməli, ölürdü və hər şey də qurtarıb gedirdi. Ancaq kimisə asmağa onun gözünün qabağında hazırlaşırsan və o da bunları görür, qarmaq gözləri önündə oynayır, sonra da əfv xəbəri gəlirsə, o, ömrü boyu əzab çəkməli olur. Belə hallar tez-tez olurdu və açıqca hiss etdirirdin ki, mən döyülməyə layiqəm, ancaq sənin mərhəmətin sayəsində döyülmürəm, deməli, bir böyük günah da burdan üstünə gəlirdi.

Çoxdan bəri boynuma minnət qoyursan ki, (tək də olanda, başqalarının yanında da və heç vecinə deyildi ki, uşaqlarının neylədiyini hamı bilir), sənin əməyin sayəsində mən ehtiyac nə olduğunu bilməmişəm, sakit, isti yerdə, kef-damaq içində yaşamışam. Yadıma o vaxtdan beynimdə dərin izlər buraxmış cümlələrin düşür: "Yeddi yaşımda əl arabası ilə kəndbəkənd gəzirdim", "Hamımız balaca bir daxmada yatırdıq", "Yeməyə kartof tapanda sevinirdik", "Isti paltarım olmadığından baldırlarım illərlə yara tökürdü", "Lap uşaq olanda, Pizekdə məni bir dükançıya şəyird verdilər", "Evdən mənə heç nə vermirdilər, hətta əsgərlikdə olanda, özüm evə pul göndərirdim". "Bütün bunlara baxmayaraq, atam mənim üçün həmişə ata idi! Bu gün belə şeyləri bilən var?! Indiki uşaqlar bunu bilir?! Axı heç biri bu çətinlikləri görməyib! Bu gün hansı uşaq belə şeyləri başa düşər?" Bəlkə də başqa bir şəraitdə bu sözlər çox gözəl tərbiyə vasitəsi ola bilərdi, uşaqları atalarının gördüyü çətinliklərə, ehtiyaca dözməyə öyrəşdirərdi, onları həvəsləndirərdi, möhkəmləndirərdi. Ancaq sən bunu heç vaxt istəmirdin, sənin sayəndə vəziyyət artıq dəyişmişdi, sənin kimi fərqlənməyə şərait qalmamışdı.

Bu imkanı qazanmaq üçün zor işlətmək, çevriliş etmək, evdən qaçmaq lazım idi (ancaq bu şərtlə ki, buna qətiyyətin, gücün çataydı və ana da öz bildiyi yollarla buna qarşı tədbirlər tökməyəydi). Ancaq sən bunların heç birini istəmirdin, hamısını nankorluq, iftira, özbaşınalıq, satqınlıq, axmaqlıq hesab eləyirdin. Misal çəkməklə, öz keçmişindən danışmaqla, utandırmaqla bizi həm buna sövq edir, həm də hamısına ciddi qadağalar qoyurdun. Yoxsa bəzi xırda təfərrüatlar nəzərə alınmazsa, Ottlanın Tsürau sərgüzəştləri ürəyincə olardı. Axı o sənin doğma kəndinə getmək, işləmək, sənin bir vaxtlar gördüyün çətinlikləri görmək istəyirdi. İstəyirdi ki, işləməkdən sənin kimi ləzzət alsın, sənin kimi atasından asılı olmasın. Məgər bunlar çox pis arzu idi? Məgər sənin çəkdiyin misallara, verdiyin öyüd-nəsihətlərə uyğun gəlmirdi? Yaxşı, tutaq ki, Ottlanın bu niyyəti sonda baş tutmadı, bəlkə də hamıya gülünc göründü, hay-küylü oldu, valideynləri ilə hesablaşmadı. Məgər bu, təkcə onun səhvi idi? Məgər evdəki münasibətlərin, hər şeydən öncə də sənin ona yadlaşmağının burda günahı yox idi? Məgər mağazada işləyərkən o, sənə Tsüraudakından az yadlaşmışdı (necə ki, sonralar özünü buna inandırmağa çalışırdın)? Məgər sənin gücün çatmazdı ki, (bu şərtlə ki, özünü buna məcbur edə biləydin), onu həvəsləndirəydin, məsləhət verəydin, gözün üstündə olaydı, səbrsizlik göstərməyəydin, bu sərgüzəştin də sonu yaxşı qurtaraydı?



Adətən belə işlərdən sonra acı bir zarafatla deyərdin ki, biz lap əntiqə yaşayırıq. Ancaq bunu müəyyən mənada zarafat hesab etmək olmazdı. Sənin zor gücünə qazandıqlarını biz evdə əlindən alırdıq, ancaq bayırda da bizə mübarizə aparmaq lazım gəlirdi. Sənə asan başa gələn bu mübarizəni biz yaşa dolandan sonra uşaqlığın gücü ilə aparmalı olduq. Demirəm ki, buna görə vəziyyətimiz səninkindən ağırdır, ola bilsin ki, eynidir (əlbəttə, çıxış nöqtəsini müqayisə etmək olmaz), ancaq bizim bir çatışmayan cəhətimiz var ki, sənin kimi öz çətinliklərimizlə öyünə bilmirik, heç kəsi onlarla alçaltmırıq. Onu da danmıram ki, mən, bəlkə də, sənin o böyük, uğurlu işlərinin bəhrəsindən dada bilərdim, qiymətləndirərdim, onları davam etdirməklə səni sevindirərdim, ancaq bizim bir-birimizə yadlaşmağımız buna mane oldu. Düzdür, verdiklərindən daddım - ancaq alçala-alçala, qorxa-qorxa, çəkinə-çəkinə, özümü günahkar hiss eləyə-eləyə... Buna görə də sənə öz işimlə - əməlimlə yox, dilənçi yazıqlığı ilə minnətdarlıq eləyə bildim...

Sənin bu cür tərbiyənin bir zahiri nəticəsi də o oldu ki, səni ötəri də olsa xatırladan hər şeydən qaçmağa başladım. Ən əvvəl də mağazadan... Özlüyündə mənim lap uşaqlıq çağlarımda, adicə bir mağaza olduğu vaxtlarda ora çox xoşuma gəlməliydi: get-gəli çox idi, işıqlı olurdu, adam çox şey görür, çox şey eşidirdi, hətta bəzi işlərdə köməyim də dəyərdi, özümü göstərə bilərdim və hər şeydən əvvəl də, sənin əvəzsiz tacirlik istedadına, malı necə satdığına, insanlarla rəftarına, zarafatlarına, yorulmazlığına, çətin anlarda çıxış yolu tapmaq bacarığına və sairəyə heyran qalardım. Sənin nəyisə bükməyin, qutuları açmağın özü bir tamaşa idi və bütün bunların hamısı uşaqlar üçün çox gözəl məktəb ola bilərdi. Ancaq tədricən məni hər cəhətdən qorxutduğun, həm mağazanı, həm də özünü mənim üzümə bağladığın üçün orda da özümü rahat hiss eləyə bilmədim. İlk günlər mənə doğma görünən şeylər sonradan mənə əzab verməyə, utandırmağa başladı, ən çox da sənin öz işçilərinlə rəftarın... Bilmirəm, bəlkə də mağazaların çoxunda belə idi (məsələn, o vaxtlar Assicurazioni Generali1 buna çox oxşayırdı və orda işdən çıxmağımın səbəbini direktora belə izah elədim ki, - tam həqiqət olmasa da, hər halda yalan da deyildi - birbaşa mənə yönəlməsə də, söyüşə dözə bilmirəm. Uşaqlıqdan belə şeylərə çox həssas idim), ancaq uşaq olanda onların mənə dəxli yox idi. Mən yalnız onu görür və eşidirdim ki, sən mağazada qışqırırsan, söyürsən, əsəbiləşirsən. O vaxt elə fikirləşirdim ki, dünyada heç kəs belə eləməz. Özü də söhbət yalnız söyməkdən getmir, həm də zülmkar idin. Məsələn, ayrı-ayrı yığılmalı malları bir yerdə görəndə, hamısını vurub rəfdən tökürdün, onda sənə haqq qazandıran yeganə şey hirsindən ağlını itirməyin olurdu və fəhlələr onları təzədən yığmalı olurdular. Bir də ciyərləri xəstə olan fəhlə haqqında dediyin sözlər: "Bu xəstə köpək nə vaxt gəbərəcək?!". Öz işçilərinə "muzdlu düşmənlər" deyirdin. Əslində, elə idilər, ancaq, deyəsən, onlar belə olmamışdan əvvəl sən özün "muzdur saxlayan düşmən" idin. Bu mənim üçün çox yaxşı bir dərs oldu ki, sən də haqsız ola bilərmişsən! Mənə qalsaydı, bunu belə tez başa düşməzdim, çünki özümü həmişə günahkar saydığım üçün sənə haqq qazandırmışdım. Ancaq orda, sonralar bir az itiləşmiş uşaq ağlıma görə, bizim üçün işləyə-işləyə sənin ucbatından həmişə qorxu içində yaşamalı olan yad adamlar da vardı. Əlbəttə, mən bunu o vaxt bir az şişirdirdim və ona görə belə eləyirdim ki, heç nəyi hesaba almadan, sənin o adamlara da dəhşətli dərəcədə təsir etdiyini düşünürdüm. Əgər belə olsaydı, heç biri yaşaya bilməzdi. Onlar yaşa dolmuş adamlardı, əsəbləri möhkəm idi və heç bir çətinlik çəkmədən həmin söyüşlərə fikir vermirdilər, son nəticədə də onlardan çox sənin özünə ziyan dəyirdi. Bu da mağazanı mənim gözümdən salırdı, onu görən kimi sənə münasibətim yadıma düşürdü. Sahibkarlıq marağın, hökmranlıq həvəsin bir yana, sən bir tacir kimi də öyrətdiyin adamlardan o qədər yüksəkdə dayanırdın ki, onların gördüyü işlərdən heç vaxt razı qala bilməzdin və buna uyğun olaraq məndən də həmişə narazı idin. Buna görə də mən istər-istəməz işçilərin tərəfinə keçməli olurdum. Bir də ona görə keçirdim ki, çox qorxaq olduğumdan, hər hansı bir yad adamın bu cür söyülməsinin mümkünlüyünü dərk eləyə bilmirdim və elə çox qorxaq olduğuma görə də, zənnimcə, dəhşətli dərəcədə hiddətlənmiş işçiləri, heç olmasa özümü sığortalamaq xatirinə, səninlə, ailəmizlə barışdırmağa çalışırdım. Bunun üçün onlarla adi qaydada davranmaq, nəzakətli olmaq, təvazökarlıq etmək kifayət deyildi, gərək alçalaydım, nəinki birinci salam verəydim, hətta kiminsə məni birinci salamlamasına imkan verməyəydim. Ancaq mən o qədər də vacib olmayan bir adam kimi aşağıda onların ayaqları altından öpsəydim də bu sənin bir sahibkar kimi yuxarıda başlarına açdığın oyunların əvəzini verə bilməzdi. Buradakı adamlara münasibətim mağazanın hüdudlarını aşdı, hətta gələcəyimə də təsir etməyə başladı (buna oxşar münasibətlər Ottloda da yaranmışdı, ancaq məndəki kimi köklü, qorxulu deyildi: məsələn, kasıblarla oturub-durmağı xoşlayırdı, qulluqçu qızlarla deyib-gülməsi səni əsəbiləşdiridi və sair və ilaxır...). Son nəticədə, demək olar ki, mağazadan qorxmağa başladım. Ancaq bunsuz da, gimnaziyaya girməmişdən əvvəl, mağazanın mənlik olmadığını hiss eləmişdim və orda oxumağım məni bir az da ondan uzaqlaşdırdı. Mənə elə gəlirdi ki, belə işlərə gücüm çatmaz və üstəlik , öz dediyin kimi, sənin də gücünü əlindən alırdım. Alver işindən, sənin sənətindən xoşum gəlmədiyini görüb, dərdini bir az yüngülləşdimək üçün yana-yana (bu gün də yadıma düşəndə, riqqətə gəlirəm, utanıram) deyirdin ki, guya mən alver üçün yaranmamışam, guya mənim beynimdə daha böyük ideyalar yatır və sair və ilaxır... Əlbəttə, özünü məcbur eləyib dediyin bu sözləri anam eşidəndə sevinirdi və bir az şöhrətpərəst olduğumdan, mən özüm də buna inanmağa başlayırdım. Əgər məni mağazadan uzaqlaşdıran (əslində, mən indi ona ürəkdən nifrət edirəm) doğrudan da "böyük ideyalar" olsaydı və ya onlar üstünlük təşkil eləsəydi, bu özünü başqa cür göstərərdi, məni əvvəlcə gimnaziyanı, sonra da hüquq fakültəsini sakitcə başa vurmağa, axırda da gəlib bir məmur masasının arxasında lövbər salmağa qoymazdı.

Səndən qaçmaq istəsəydim, bütün ailədən, hətta anamdan da qaçmış olardım. Düzdür, ona həmişə bel bağlamaq olardı - amma yalnız səninlə bağlı olan məsələlərdə... Səni lap çox sevirdi, sənə çox sədaqətli idi, elə bil bununla uşaqların mübarizəsində sənə uzun müddət mənəvi təsir göstərə bilərdi. Yeri gəlmişkən, mənim bu instinktiv uşaq duyumum sonralar düz çıxdı, çünki illər keçdikcə anam sənə daha çox bağlandı və bağlana-bağlana da özünə aid olan məsələlərdə yavaş-yavaş, az-az, səni incitmədən öz müstəqilliyini qoruyub saxladı, illər keçdikcə onu artırdı, ancaq bu müstəqillik ağıldan çox hisslərdə oldu, sənin uşaqlar haqqında dediyin sözləri, çıxardığın qərarları kor-koranə qəbul etməyə başladı. Ən çox da Ottlonun məsələsində, onun ağır günlərində... Ancaq onu da unutmaq olmaz ki, ailədə anamın vəziyyəti çox üzüntülü, dözülməz idi. Mağazada da işləyirdi, evdə də, ailədə kimsə xəstələnəndə ikiqat əziyyətə qatlaşırdı, bütün bunların hamısının mükafatı isə səninlə bizim aramızda qalaraq əzab çəkmək olurdu. Anama həmişə məhəbbətlə, diqqətlə yanaşmısan, ancaq bu məsələdə ona bizdən az yazığın gəlib. Ağına - bozuna baxmadan bütün ağrı-acılarımızı onun üstünə tökmüşük - sən bir tərəfdən, biz də bir tərəfdən. Qəribə idi ki, heç birimiz ona pislik eləmək istəmirdik, yalnız sənin bizimlə, bizim də səninlə apardığımız mübarizə haqqında düşünürdük, acığımızı da onun üstünə tökürdük. Sənin yanında günahı olmaya - olmaya, yalnız bizə görə ona əzab verməyin heç vaxt uşaqların tərbiyəsinə yaxşı təsir göstərə bilməzdi. Bu hətta bizim ona münasibətlərimizə də haqq qazandırırdı, halbuki belə münasibətə heç nə ilə haqq qazandırmaq olmazdı. Həm sənə görə, həm də bizim ucbatımızdan çox əzablara qatlaşmalı olurdu. Ancaq bununla belə, sən də bəzən haqlı idin, çünki, o, bizi ərköyün böyüdürdü, baxmayaraq ki, bu "ərköyünlük", bəzən, sənin tərbiyə üsuluna qarşı sakit, qeyri - ixtiyari bir narazılıqdan başqa heç nə olmurdu. Əlbəttə, anam bizi çox sevməsəydi və bu sevginin səadətindən güc almasaydı, bunların heç birinə dözə bilməzdi.

Bacılarım yalnız bəzi məsələlərdə mənimlə həmrəy olurdular. Sənə münasibətdə Valli bizlərdən ən xoşbəxti idi. Anama oxşadığı üçün heç bir əziyyət çəkmədən sənə öyrəşə bildi. Anamı xatırlatdığına görə də, onda "kafkalıq" əlamətlərinin az olduğuna baxmayaraq, qıza qarşı mehriban idin. Bəlkə də ən çox xoşuna gələn elə bu idi: kimdəsə "kafkalıq" əlaməti yox idi, ondan bu xüsusiyyətləri tələb edə bilməzdim. Sən də bizim kimi elə düşünmürdün ki, burda nəsə itib gedir, onu zorla geri qaytarmaq lazımdır. Yeri gəlmişkən, qadınlarda "kafkalıq əlamətləri" görməyi xoşlamırdın. Biz maneçilik törətməsəydik, bəlkə də Valli sənə qarşı daha mehriban olardı.

Elli sənin təsir dairəndən tamamilə qopa bilən adamlara yeganə misal ola bilər. Uşaq vaxtı belə şeyi ondan heç gözləməzdim. Axı çox yöndəmsiz, sısqa, qorxunc, qaraqabaq, təqsirini başa düşən, fağır, kinli, tənbəl, yazıq görkəmli, simic bir uşaq idi, onunla oturub-durmazdım, danışmazdım, çünki mənə özümü xatırladırdı: mənim kimi aldığı tərbiyənin qulu idi. Ən çox da simicliyinə görə zəhləm gedirdi, çünki özüm ondan da simic idim. Bu simiclik bədbəxtliyin birinci nişanəsidir. O qədər ümidsiz idim ki, yalnız əlimdəkini, ağzımdakını, ya da ağzıma aparmaq istədiyimi özümünkü hesab edirdim və o da mənim kimi olduğu üçün, məhz, bunları əlimdən alırdı. Ancaq çox gənc yaşlarımda - bu, vacib şərt oldu -evdən çıxıb gedəndən sonra hər şey dəyişdi: ərə getdi, uşaqları oldu, həyatsevər, qayğısız, cəsarətli, səxavətli, gözütox, qəlbi ümidlərlə dolu bir qıza çevrildi. Heç inanılası deyil ki, sən bu dəyişikliyi hiss etmədin, onu layiqincə qiymətləndirə bilmədin, çünki ona qarşı çoxdan bəslədiyin kin - küdurət, əslində, olduğu kimi qalmışdı, gözlərini bağlamışdı. Və həmin kin - küdurət indi ona görə mənasını itirib ki, Elli daha bizdə qalmır, bundan əlavə, Feliksə olan məhəbbətin, Karla rəğbətin onu arxa plana keçirib. Yalnız Qerti1 hərdən özünü ondan qorumalı olur.



Otllo barədə yazmağa ürək eləmirəm, bilirəm ki, bununla məktubun bütün təsirini şübhə altında qoymuş oluram. Adi hallarda, yəni, onu heç bir təhlükə, çətinlik gözləməyəndə qıza nifrət edirdin. Bir dəfə mənim yanımda özün boynuna aldın ki, sənin fikrincə, Ottlo bu çətinlikləri, ağrı-acıları qəsdlə yaradır və onlara görə əzab çəkdiyini görəndə rahatlıq tapır, sevinir. Deməli, bir növ Iblisdir. Bir-birinizə o dərəcədə yadlaşmışdınız ki, bizim aramızdakı yadlaşma onun yanında heç nə idi və ona görə də belə dəhşətli anlaşılmazlıq yaranmışdı. Səndən o qədər uzaqlaşıb ki, onu görmürsən, yalnız təsəvvür elədiyin yerdə xəyalında canlandırırsan. Düzünü desəm, Ottlo sənə daha çox əzab verirdi. Bu məsələ o qədər qəlizdir ki, çoxunu özüm də anlamıram, ancaq burda, hər halda, ən yaxşı Kafka silahı ilə silahlanmış Lövilik əlamətləri hiss olunur. Əslində, bizim aramızdakına mübarizə demək olmazdı, çünki mən tez basılırdım və qaçmaqdan, kədərlənməkdən, özümə nifrət etməkdən başqa əlacım qalmırdı. Ancaq sizin ikiniz də həmişə döyüşə hazır idiniz, yorulmaq bilmirdininz, var gücünüzlə döyüşürdünüz. Nə qədər qorxunc olsa da, möhtəşəm səhnə idi. Ilk günlərdə bir- birinizə çox yaxın idiniz və elə indinin özündə də dörd uşağınız arasında Ottlo sizə ən yaxın olanıdır, hər ikinizin gücünü özündə cəmləşdirib. Bilmirəm, sizi istəkli ata-bala olmaq səadətindən kim məhrum eləmişdi və az qala elə düşünürəm ki, mənim başıma gələn onun da başına gəlib. Sənin tərəfindən təbiətinə uyğun zülmkarlıq, onun tərəfindənsə Lövilərə xas olan inadkarlıq, dəymədüşərlik, ədalət hissi, narahatlıq və bütün bunların hamısı da Kafka mənəmliyinin gücünə söykənirdi. Yəqin, ona mənim də təsirim keçmişdi, ancaq bunu bilə-bilə eləməmişdim, sadəcə olaraq, varlığım təsir eləmişdi. Yeri gəlmişkən, Ottlo bu hazır münaqişələr burulğanına ən axırıncı düşmüşdü və görüb-götürdüklərindən özü üçün nəticə çıxara bilərdi. Hətta mənə elə gəlir ki, o, təbiətinə uyğun olaraq, bir az tərəddüd etdi, bilmədi ki, özünü sənin qoynuna atsın, ya rəqiblərinin... Çox güman ki, sən onda bir az gecikdin, onu geri itələdin, halbuki bu baş versəydi, çox gözəl ata-bala olardınız. Düzdür, mən bununla bir müttəfiqimi itirmiş olardım, ancaq sizə baxıb xeyli yüngülləşərdim, sən də heç olmasa, bəxtin gətirib uşaqlarının birindən yarıyardın, mənə də münasibətin xeyli dəyişərdi. Ancaq indi bunların hamısı xam xəyallardır! Artıq Ottlonun öz atası ilə heç bir bağlılığı yoxdur, öz yolunu mənim kimi özü tapmalıdır, ancaq mənimlə müqayisədə daha inamlı, özünə arxayın, sağlam, ürəkli olduğuna görə sənin gözünə daha çox satqın, daha çox şeytan kimi görünür. Niyə belə olduğunu da yaxşı başa düşürəm. Sənin fikrincə, o, başqa cür də ola bilməz! Bəli, o heç vaxt özünə sənin gözünlə baxa bilməz, heç vaxt sənin iztirablarını duya bilməz, buna görə ümidsizliyə qapılmaz - ümidsizliyə qapılmaq mənim peşəmdir - ancaq kədərlənə bilər. Sən isə zahiri əksliklərə baxmayaraq bizi tez-tez bir yerdə görürsən. Görürsən ki, pıçıldaşırıq, gülüşürük, hərdən də sənin adını çəkirik. Elə bilirsən ki, sənə qarşı sui-qəsd hazırlayırıq. Əcəb sui- qəsdçilərdir! Düzdür, özümüzü dərk eləyəndən bəri söhbətlərimizin əsas mövzusu sən olubsan, ancaq doğrudan da sənə qarşı heç nə hazırlamırdıq, sadəcə olaraq, bir yerdə oturub üzülə-üzülə, zarafatla, ciddiliklə, məhəbbətlə, inadkarlıqla, qəzəblə, nifrətlə, sədaqətlə, günahlarımızı duya-duya, bütün qəlbimizin, beynimizin gücü ilə səninlə bizim aramızda gedən bu dəhşətli prosesləri bütün xırdalıqları ilə müxtəlif bucaqlardan, müxtəlif baxımlardan, həm uzaqdan, həm yaxından müzakirə edirdik. Bu prosesdə sən özünü həmişə hakim hesab edirsən, ancaq, əslində, daha çox (burda bütün qapıları mümkün səhvlərə açıq qoyuram) bizim kimi zəif, qamaşmış bir tərəfsən.

Sənin verdiyin tərbiyənin nəticəsinə İrma1 ən yaxşı misal ola bilər. Bir tərəfdən bizə yad hesab olunurdu, mağazaya gələndə artıq böyük qız idi, sənə daha çox sahibkar kimi baxırdı və, deməli, müqavimət göstərməyə qadir olan bir yaşda qismən sənin təsirin altına düşmüşdü. Digər tərəfdən də qan qohumun idi, sənə atasının qardaşı kimi hörmət bəsləyirdi və deməli, onun üçün yalnız adicə sahibkar deyildin. Öz çəlimsiz cüssəsi ilə nə qədər səliqəli, ağıllı, işgüzar, təvazökar, məsuliyyətli, etibarlı, sədaqətli olsa da, səni əmi kimi sevsə də, sənə sahibkar kimi heyran qalsa da, istər əvvəl, istərsə də sonra ona tapşırılan işlərdə özünü yaxşı göstərsə də, sənin gözündə yaxşı işçi olmadı. O da sənə öz uşaqların kimi münasibət bəsləyirdi - əlbəttə, bunda bizim də rolumuz az deyildi - və ona elə dəhşətli dərəcədə hakim kəsilmişdin ki, qızda son vaxtlar (yalnız sənə münasibətdə və çox güman ki, heç bir əzab çəkmədən) unutqanlıq, səliqəsizlik, süni yumor hissi, bəlkə, bir az da inadkarlıq yaranmışdı. Ümumiyyətlə, inadkarlığa özü də meyilli idi və hələ demirəm ki, xəstəhal, bədbəxt bir qız idi, evin bütün ağırlığı da onun üstünə düşmüşdü. Ona münasibətini artıq bizim üçün klassik ibarəyə çevrilmiş bir cümlə ilə ifadə edirdin: "Qurban olduğum mənə zir-zibil qoyub gedib." Bu cümlə nə qədər küfr səslənsə də, insanlarla rəftarında günahsızlığını sübut edirdi.



Sənin başqa təsir dairələrindən, onlara qarşı mübarizədən çox danışmaq olar, ancaq qorxuram ki, burda çaşam, buna görə də gərək bütün diqqətimi cəmləyəm: axı sən evdən, mağazadan uzaq düşəndə çox mehriban, səxavətli, nəzakətli, diqqətli, yanımcıl (deyərdim ki, həm də zahirən) olursan: məsələn, öz ölkəsindən kənarda olan hökmdara oxşayırsan. Zülmkar ola bilmir və ona görə də mərhəmət göstərib hər yetənlə oturub durur. Daha bir misal: Fransensbadda çəkilmiş kollektiv şəkillərdə səyahətə çıxmış padşah kimi qaraqabaq adamların arasında çox cüssəli, mehriban görünürsən. Əgər uşaqlar bunu o vaxt başa düşsəydilər - ancaq bu mümkün olan iş deyildi - ondan öz xeyirlərinə istifadə edə bilərdilər. Məsələn, mən uzun - uzadı sənin o dar, sərt, adamı sıxan təsir dairəndə yaşaya bilməzdim və axırda belə də oldu.

Bununla da, sən dediyin kimi, yalnız ailəyə bağlılığımı itirmədim, əksinə, bu bağlılıq çoxaldı, ancaq əks istiqamətə - mənfiliyə, səndən daxilən qopmağa (özü də həmişəlik) yönəldi. Ancaq sənin təsirin ailəmizdən kənardakı adamlara münasibətimdə özünü daha pis şəkildə göstərdi. Əbəs yerə elə düşünürsən ki, başqaları üçün hər işi məhəbbətlə, sədaqətlə görürəm, ancaq sənə, ailəyə gələndə, satqın çıxıram, heç nə vecimə olmur. Yüzüncü dəfə təkrar edirəm: mən, yəqin ki, bunlarsız da qaraqabaq, qorxaq bir adam olardım, ancaq oradan indi gəlib çıxdığım yerə gətirən yol çox uzaq, dumanlı olardı. (Bu məktubda indiyəcən bir neçə məsələ barədə bilə - bilə susmalı oldum. Elə indinin özündə də, gələcəkdə də bəziləri haqda susmalı olacam. Çünki onları hər ikimizin qarşısında etiraf etmək mənə çətindir. Bunu da ona görə deyirəm ki, nə vaxtsa, hardasa, ümumi mənzərə aydın olmayanda elə bilməyəsən ki, bunun günahı dəlil-sübut çatışmazlığındadır. Yox, sübut çoxdur, ancaq onlar məsələni həddindən artıq çılpaqlaşdırar, dözülməz dərəcəyə çatdırar. Burada orta yol tapmaq o qədər də asan deyil). Yeri gəlmişkən, bu məqamda keçmişi xatırlamaq kifayətdir: sənin qarşında özümə inamı tamam itirmişdim, əvəzindəsə sonu görünməyən günahkarlıq hissləri qazanmışdım. (Bu sonsuzluğu xatırlayaraq bir dəfə kiminsə haqqında belə yazmışdım: "Qorxur ki, utancaqlığı özündən çox yaşaya"). Başqa adamlarla rastlaşanda birdən-birə dəyişə bilmədim, onlarla qarşılaşanda özümü günahkar hiss etməyə başladım, çünki, bayaq dediyim kimi, mənim iştirakımla mağazada onlara elədiyin haqsızlıqların əvəzini qaytarmalı idim. Bundan əlavə də, mənim oturub-durduğum adamlara gah gizlində, gah da açıq-aşkar lağ edirdin və bunların da əvəzini qaytarmalı idim. Mənə istər evdə, istərsə də mağazada başqalarına qarşı inamsızlıq təlqin edirdin (mənə elə bir adam göstər ki, uşaq vaxtı onun haqqında nəsə bir xoş söz deyəm və sən də onu, ən azı bir dəfə, öz tənqidinlə yıxıb sürüməmiş olasan), halbuki, qəribə də olsa, heç birinin sənə pisliyi keçməmişdi (keçsə də, kifayət qədər güclü olduğundan hamısına dözərdin. Kim bilir, bəlkə bu da adicə bir hökmranlıq həvəsinin nişanəsi idi). Ancaq beynimə yeritmək istədiyin bu inamsızlıq mənim uşaq ağlıma batmırdı, çünki hər yanda əlçatmaz dərəcədə gözəl insanlar görürdüm və gördükcə də içimdə özümə qarşı inamsızlıq yaranırdı, başqalarından da həmişə qorxmağa başlayırdım. Bu məsələdə səhv eləməyin, bəlkə də, onunla bağlı idi ki, mənim kiminlə oturub durduğumdan, kiminlə bölüşdüyümdən qəti xəbərin yox idi və ona görə də kədərlə, qısqanclıqla (məgər məni sevdiyini nə vaxtsa inkar etmişəm?!) fikirləşirdin ki, yəqin, evdə tapa bilmədiklərimi başqa yerdə tapıram, axı elə ola bilməzdi ki, bayırda da evdəki kimi yaşayam. Yeri gəlmişkən, uşaq olanda özümün fikirləşdiklərimə inamsızlığım müəyyən mənada özümə təsəlli olurdu, öz-özümə deyirdim: "Sən də hər şeyi şişirdirsən, bütün cavan uşaqlar kimi hər xırda şeyə böyük bir müstəsnalıq kimi baxırsan!". Ancaq sonralar dünyagörüşüm artdıqca bu təsəllini, demək olar ki, itirdim.

Bu məsələdə məni yəhudilik də xilas eləyə bilmədi. Əslində, xilas eləyə bilərdi, hələ bir az o yana da keçərdi. Məsələn, hər ikimiz özümüzü yəhudilikdə tapa bilərdik, hər ikimiz bir çox məsələdə ümumi dil tapardıq. Ancaq səndən öyrəndiyim yəhudiliyə yəhudilik demək olardımı?! Üç il ərzində ona münasibətimi düz üç dəfə dəyişəsi oldum...

Uşaq olanda səninlə razılaşaraq özümü qınayırdım ki, sinaqoqa az-az gedirəm, oruc tutmuram və sair və ilaxır. Elə bilirdim, bununla özümə yox, sənə qarşı haqsızlıq edirəm və o dəqiqə də sanki hardasa dayanıb bunu gözləyən günahkarlıq hissləri məni bürüyürdü.

Sonralar, cavan olanda, başa düşə bilmirdim ki, özündə yəhudilikdən heç nə olmaya-olmaya mənə (lap sən dediyin kimi piyetzm baxımından olsa da) yəhudilikdən əsər-əlamət olmadığını necə irad tuta bilirdin. Axı doğrudan da görürdüm ki, səndəki yəhudilik heç nədir, zarafatdır, bəzən heç zarafat da deyil. İldə dörd dəfə sinaqoqa gedirdin, orada buna ciddi yanaşanlardan çox, laqeydlik göstərənlərlə yaxınlıq edirdin, forma xatirinə bütün dualara səbrlə qulaq asırdın və hərdən də kitabda həmin an oxunan yeri göstərərək məni əməlli-başlı təəccübləndirirdin. Sinaqoqda olanda (bu, əsas məsələ idi) istədiyim yerə gedər, istədiyim yerdə dayana bilərdim. Beləliklə, saatlarla orda oturub əsnəyir, mürgü döyürdüm (mənə elə gəlir, sonralar yalnız rəqs dərslərində belə darıxırdım) və çalışırdım ki, orda gördüyüm xırda-para maraqlı olaylarla başımı qatım: məsələn, mücrünün açılması səhnəsi... Mənə həmişə tiri xatırladırdı: orta xala vuranda, qutunun qapağı açılır, ancaq ordan maraqlı şeylər çıxırdı, burda isə başı olmayan köhnə gəlinciklər... Yeri gəlmişkən, orda da xeyli qorxmalı oldum. Təkcə ona görə yox ki, adam çox idi, həm də ona görə ki, bir dəfə ağızucu demişdin: səni də Tövratı oxumağa çağıra bilərlər. Buna görə də illər uzunu orda məni əsməcə tuturdu. Yoxsa mənə orda darıxmağa heç nə mane olmurdu. Uzaqbaşı konfirmasiya üçün duaları gülünc şəkildə əzbərləmək, sonra da gülünc şəkildə ondan imtahan vermək lazım gəlirdi... Bir də, səninlə bağlı olan bəzi xırda-para olaylar... Məsələn, hərdən səni də Tövratı oxumağa çağırırdılar və mənim ictimai hadisə hesab elədiyim bu işin öhdəsindən yaxşı gəlirdin. Ya da ölənlərin ruhunu yad etmə mərasiminə qatılmaq üçün özün orda qalır, məni isə evə göndərirdin və, yəqin ki, ya evə göndərildiyimə, ya da belə şeylərdən başım çıxmadığına görə uzun müddət hətta elə düşündüm ki, orda nəsə ədəbsiz bir işlə məşğul olursunuz. Sinaqoqda belə idi, evdə isə bundan betər olurdu və getdikcə böyüyən uşaqlarının əməllərilə komediyaya çevrilən, hamını gülməkdən qıc eləyən ilk pasxa axşamı ilə sona çatırdı. (Niyə belə əməllərə dözməli olurdun? Çünki bu şəraiti özün yaratmışdın.) Mənə verdiyin dini təlim bundan ibarət idi və uzaqbaşı şəhadət barmağını böyük bayramlarda ataları ilə sinaqoqa gedən "milyoner Fuksun uşaqları"na tuşlamaq olurdu. Özüm də bilmirdim ki, belə təlimlə ondan imkan daxilində canını tez qurtarmaqdan başqa daha neyləmək olardı?! Buna görə də ondan canımı qurtarmağı ən ağıllı, ən hörmətli yol hesab elədim.

Sonradan bütün bunlara başqa gözlə baxdım və anladım ki, sənə bu məsələdə də qəsdlə xəyanət etdiyimi düşünməkdə haqlı imişsən. Onda iri şəhərlərin yəhudilər üçün ayrılmış məhəlləsinə oxşayan balaca kənddən özünlə bir az yəhudilik gətirmişdin və həmin yəhudilik də çox deyildi, bir azı şəhərdə, bir azı da əsgərlikdə itdi, ancaq gənclik xatirələri, gənclik təsəvvürləri sənə, az da olsa, yəhudi həyatı yaşamağa bəs elədi, çünki belə şeylərin köməyinə o qədər də ehtiyacın yox idi, çünki zəif adam deyildin və dini təsəvvürlərlə ictimai təsəvvürlərin bəzən üst-üstə düşməməsi sənə o qədər də təsir etmirdi. Əslində, sənin həyat yolunu müəyyənləşdirən əqidənin mahiyyəti ondan ibarət olub ki, hər hansı bir yəhudi təbəqəsinin fikirlərini mütləq həqiqət hesab edəsən və belə çıxırdı ki, həmin fikirlər sənin təbiətinə uyğun gəldiyi üçün, elə özünə inanıbsan. Düzdür, bunun özündə də kifayət qədər yəhudilik olub, ancaq onu uşaqlarına ötürməyə bəs eləməyib və elə ötürdüyün andaca damla-damla axıb qurtarıb. Bir tərəfdən kiməsə ötürülməsi mümkün olmayan gənclik təsəvvürləri olduqları, digər tərəfdən də sənin vücudun adamı qorxuya saldığı üçün belə tez tükəndi... Əslində, bunların hamısını qorxu içində bütün çılpaqlığı ilə müşahidə edən uşağa yəhudilik adı altında bəzi mənasız şeyləri həmin mənasızlığa uyğun bir biganəliklə başa salmağa çalışmağın özü böyük mənasızlıq idi. Onlar sənin üçün keçmiş günlərin yadigarı idi, ona görə də hamısını mənə ötürmək istəyirdin və artıq sənin özün üçün də qiymətdən düşdüklərindən, tovlamaqla, ya da hədə-qorxu ilə beynimə yeritməyə çalışırdın. Bu isə bir tərəfdən alınmırdı, digər tərəfdən də həmin məsələdə zəif olduğunu başa düşmədiyinə görə mənim zahiri kütlüyümə qəzəblənirdin.

Bütün bunlar, əslində, təkcə bizim başımıza gələn hadisələr deyildi, nisbətən dindar kənddən şəhərlərə gələn, keçid dövrünü yaşayan yəhudi nəslinin çoxunun taleyi idi. Hamısı da öz-özünə yarandı və bizim onsuz da kəskinlikdən korluq çəkməyən münasibətlərə də təsir elədi, onları daha da qızışdırdı. Düzdür, bu mənada sən də mənim kimi günahsızlığına inana bilərsən, ancaq bu günahsızlığı zahiri səbəblərlə deyil, öz təbiətinlə, zəmanə ilə izah etməlisən: məsələn, deməməlisən ki, işin-gücün, qayğıların çox olub, üstəlik də, belə şeylərlə məşğul olmağa vaxtın çatmayıb. Belə çıxır ki, heç kəsin şübhə eləmədiyi günahsızlığından başqalarına ədalətsiz iradlar tutmaq üçün istifadə edirsən. Əlbəttə, bunu hər yerdə, elə indinin özündə də asanca inkar etmək olar. Axı söhbət burda öz uşaqlarına verməli olduğun hər hansı bir dərsdən deyil, sadəcə olaraq, onlara nümunə ola biləcək bir həyatdan gedir. Məlum məsələdir ki, səndə yəhudilik güclü olsaydı, göstərdiyin nümunə də məcburi olardı və bunu da sənə irad tutmuram, əksinə, iradlarından qorunmaq üçün deyirəm. Son günlərdə Franklinin gənclik xatirələrini oxudun. Doğrudan da onu sənə qəsdən vermişdim ki, oxuyasan. Ancaq ona görə verməmişdim ki, orda vegetarianizm haqqındakı bir-iki cümləyə lağ edəsən. Vermişdim ki, öz oğlu üçün yazdığı xatirələrdə müəlliflə atasının, müəlliflə oğlunun münasibətlərinə fikir verəsən. İndi mən ordakı xırdalıqlara varmaq istəmirəm...

Son illərdə sənə elə gələndə ki, yəhudiliklə çox məşğul olmağa başlamışam, mənə münasibətin dəyişdi və bu da sənin yəhudiliyin haqqındakı təsəvvürlərimi bir daha təsdiq etdi. Bu vaxta qədər də mənim bütün məşğuliyyətlərimə, ən çox da maraq dairəmə qarşı çıxmışdın və indi də elə oldu. Ancaq bütün bunlara baxmayaraq, gözləmək olardı ki, burda müstəsnalıq göstərəcəksən. Axı bu yəhudilik səndən əxz elədiyim yəhudilik idi və aramızda yeni münasibətlərin yaranmasına səbəb ola bilərdi. Bilmirəm, bəlkə maraq göstərsəydin, həmin yəhudilik özümə də şübhəli görünərdi. Əlbəttə, bununla heç də onu demək istəmirəm ki, belə məsələlərdə səndən yaxşıyam. Ancaq bunu da sınaya bilmədik. Mənə görə yəhudiliyə nifrət eləməyə başladın, onun haqqında yazılanları oxuya bilmədin, çünki "səni iyrəndirdi". Bu, o demək idi ki, dediyindən dönmürsən, uşaqlığımda mənə göstərdiyin yəhudilikdən başqa yəhudilik tanımırsan. Onda "iyrənmək" (baxmayaraq ki, həmin iyrənclik yəhudilikdən qabaq mənə yönəlmişdi) o demək idi ki, sən qeyri-ixtiyari öz yəhudiliyinin, eləcə də mənə verdiyin yəhudi tərbiyəsinin zəifliyini etiraf edirdin, kiminsə bunları sənə xatırlatmasını istəmirdin, xatırladanlara da nifrətlə cavab verirdin. Yeri gəlmişkən, mənim yeni yəhudilik ideyalarım haqqında söylədiyin mənfi fikirlər çox şişirdilmiş olurdu. Bu ideyalar ilk öncə sənin lənətinə tuş gəlmişdi, digər tərəfdən də çağdaşlarıma münasibət əsasında inkişaf etdirilmişdi və bu da mənim öldürücü zərbələr almağıma bəs edirdi.

Haqlı olaraq mənim yazı-pozu, eləcə də buna bənzər digər başa düşmədiyin işlərlə məşğul olmağımdan zəhlən gedirdi. Bu məsələdə, doğrudan da, bir az müstəqil idim, sənin təsirindən çıxa bilmişdim, baxmayaraq ki, bu müstəqillik soxulcana bənzəyirdi: kimsə onu arxa tərəfdən ayaqlayanda, baş tərəfindən qırılıb yana sürünür... Yazanda özümü bir növ təhlükəsiz yerdə hiss edirdim, nəfəsimi dərirdim. Əlbəttə, mən yazmağa başlayan kimi, bundan xoşun gəlmədiyini o dəqiqə büruzə verirdin və onda, müstəsna hal kimi, bu "xoşa gəlməməyin" özü mənim xoşuma gəlirdi. Düzdür, mənim xudbinliyim, mənim şöhrətpərəstliyim kitablarım çıxarkən dediyin o məşhur - "Yaxşı, apar yataq otağındakı tumbanın üstünə qoy..." - təbrik cümləsindən (təzə kitab gələndə, adətən sən kart oynayırdın) xeyli əzab çəkirdi, ancaq, əslində, sevinirdim və bu sevinc də sənə qarşı yaranan kin-küdurətlə, münasibətlərimiz haqqındakı fikirlərimin bir daha təsdiq olunması ilə bağlı deyildi, əslində, bunun kökü daha uzaqlara gedib çıxırdı, o vaxtlar dediyin bir cümləni xatırladırdı: "Hə, indi azadsan!". Əlbəttə, bu da özünü aldatmaq idi, çünki azad deyildim - ən azı o vaxt azadlıqdan söhbət gedə bilməzdi. Sənin haqqında yazırdım, səndən şikayətlənirdim, sənin gəlbinə süzə bilmədiklərimi yazılarıma süzürdüm. Yaza- yaza səninlə vidalaşırdım, bilə- bilə də həmin vida anlarını uzadırdım. Düzdür, sən özün məni buna məcbur edirdin, ancaq mən də istədiyim kimi vidalaşırdım. Nə qədər mənasız işlər idi! Bunların haqqında yalnız ona görə danışmağa dəyər ki, mənim həyatımda baş veriblər, başqa yerdə gözə görünməzdilər və bir də ona görə ki, uşaqlığımda nəyisə öncədən duymaq, sonralar ümid, daha sonra tez-tez ümidsizlik nişanəsi kimi həyatıma həkk olunublar, sənin təbirincə desək, lazım gələndə, hətta bəzi xırda-para qərarlar çıxarmağa da sövq ediblər.




Məsələn, götürək elə sənət seçimini. Əlbəttə, burda özünə məxsus olan bir alicənablıqla, elə həmin mənada da səbrlə, mənə sərbəstlik verdin. Ancaq əslində, orta təbəqəyə mənsub olan yəhudilərin öz oğullarına münasibətlərini müəyyənləşdirən ümumi prinsiplərdən çıxış etdin, ya da həmin təbəqənin dəyər ölçülərini əsas götürdün. Nəticədə isə mənim şəxsiyyətim haqqındakı səhv fikirlərindən biri öz təsirini göstərdi. Əslində, lap çoxdan atalıq qüruru ilə mənim həyatımın mənasını anlamadan sısqa bir uşaq olduğuma görə elə hesab eləyirdin ki, çox çalışqanam. Sənin fikrincə, uşaqlığımda həmişə çox oxuyur, sonralar da çox yazırdım. Ancaq burda zərrə qədər də həqiqət yoxdur. Əslində, şişirtmədən demək olar ki, az oxudum, heç nə də öyrənmədim. Uzun illər ərzində orta səviyyəli bir yaddaşla, o qədər pis olmayan mühakimə qabiliyyətimlə nəyisə yadda saxlaya bilməyim də çox təəccüb doğurmamalıdır, ancaq, hər halda, topladığım biliklərin nəticəsi, ən çox da dərinliyi, zahirən qayğısız görünən sakit bir həyatda ona sərf olunan vaxtla, pulla müqayisədə çox cılız görünür. Xüsusilə, az qala bütün tanıdığım adamlarla müqayisədə belədir. Çox acınacaqlıdır və səbəbini də yaxşı başa düşürəm. Fikirləşməyi bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək üçün elə böyük çətinliklərlə qarşılaşdım ki, bundan başqa hər şeyə biganələşdim. Bizim yəhudi gimnazistlərdə qəribəliklər çox olurdu, bəzən inanılmaz işlər görürdülər, ancaq məndəki o soyuq, açıq-aşkar bilinən, qarşısıalınmaz, az gala gülünc hala düşən, qorxunc şəkildə özündən razı olan, bumbuz fantaziyalar qoynunda yaşayan uşaq biganəliyini heç birində görmədim, halbuki bu biganəlik həm də əsəblərimi qorxudan, günahkarlıq hissindən pozulmağa qoymayan yeganə sipər idi. Məni yalnız öz qayğılarım maraqlandırırdı və bu qayğılar da cürbəcür olurdu: məsələn, sağlamlığımın qayğısına qalmaq. Bu qayğı tez-tez gərək olurdu, gah yemək yaxşı həzm olunmurdu, gah saçım tökülürdü, gah da bel sümüyüm əyilirdi və hamısı da müxtəlif dərəcədə mürəkkəbləşir, axırda da əsil xəstəliyə çevrilirdi. Ancaq heç kəsə və heç nəyə inanmadığımdan, varlığımın hər an yeni bir təsdiqə ehtiyacı olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə mənsub olmadığından, həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə ən yaxın olan bir şeyə - bədənimə də inamımı itirdim. Boyum elə hey uzanırdı, nə edəcəyimi bilmirdim, yüküm getdikcə ağırlaşırdı, çiyinlərim qısılırdı. Hərəkət etməyə, idmanla məşğul olmağa qorxurdum, zəifləyirdim. Bacardığım şeylərin hamısını möcüzə hesab edirdim: məsələn, yeməyi yaxşı həzm elədiyimi... Və bu da həmin keyfiyyəti itirməyə kifayət edirdi, ipoxondriyaya aparan yollar tamam açılırdı, sonra da evlənmək istəyərkən keçirdiyim qeyri-insani gərginlikdən qan qusurdum (bu barədə sonra danışacam). Sonuncuda bəlkə Şönbrunpalaysda tutduğum mənzilin də günahı vardı: elə bilirdim, bu mənzil mənə yazmaq üçün lazımdır, ancaq axırda gəlib bu siyahıya düşdü. Deməli, bütün bunların hamısı sən fikirləşdiyin kimi ağır işlərin nəticəsi deyildi. Elə illər olurdu ki, heç bir yerim ağrımırdı, ancaq bütün günü divanda uzanıb qalırdım və demək olar ki, xəstə olduğun günləri də əlavə etməklə, sən həyatın boyu o divanda mənim qədər uzanmayıbsan. İşim çox olduğunu deyib səndən qaçanda da çox vaxt öz otağımda uzanmağa gedirdim. Mənim əmək məhsuldarlığım işdə də (orda tənbəllik az nəzərə çarpır və üstəlik də qorxaq olduğum üçün çox ağ eləmirdim), evdə də az olurdu. Bunları hesablaya bilsən, dəhşətə gələrsən. Çox güman ki, mən təbiətən tənbəl deyildim, ancaq görməyə iş yox idi. Yaşadığım yerdə alçaldılırdım, təhqir olunurdum, məhv edilirdim və başqa yerə qaçmaq da mənə böyük gərginliklər bahasına başa gələrdi, əslində, bunun özü də alınan iş deyildi, çünki söhbət mümkünsüz bir şeydən gedirdi, bəzi xırda istisnalar nəzərə alınmasa, buna heç vaxt gücüm çatmazdı.

Deməli, belə bir vəziyyətdə sənət seçmək üçün sərbəstlik qazandım. Məgər mən onda, ümumiyyətlə, bu sərbəstlikdən istifadə etmək iqtidarındaydım? Məgər onda əsl sənət sahibi olacağıma inamım vardı? Mənim özümü qiymətləndirməyim özgə bir şeydən, məsələn, hər hansı bir zahiri uğurdan deyil, daha cox səndən asılı idi. Zahiri uğur bircə anlığa parlayırdı, vəssalam... Ancaq həmin anda da sənin tərəzinin gözü ağır gəlirdi, o birini qaldırırdı... Fikirləşirdim ki, ibtidai məktəbin birinci sinfini heç vaxt başa vura bilməyəcəm, ancaq başa vurdum, üstəlik, tərifnamə də aldım. Sonra fikirləşdim ki, gimnaziyaya qəbul imtahanını verə bilməyəcəm, ancaq verdim. Dedim ki, gimnaziyanın birinci sinfində kəsiləcəm, ancaq kəsilmədim və belə-belə irəlilədim... irəlilədim. Lakin bunların heç biri gələcəyə inamımı artıra bilmədi, əksinə , bir daha əmin oldum ki, (sənin üzündəki ifadələr də bunu formal cəhətdən təsdiq edirdi), işlərim nə qədər yaxşı alınsa, son nəticəsi bir o qədər pis olacaq. Tez-tez xəyalımda gimnaziya müəllimlərinin o dəhşətli iclaslarını canlandırırdım (gimnaziya burda ümumiləşdirici bir misaldır, mənimlə hər yerdə belə olurdu) və görürdüm ki, mən birinci sinfin imtahanlarını verəndən sona ikinci sinifdə, ikinci sinfin imtahanlarından sonra üçüncü sinifdə və belə-belə sonadək yığışıb bu qeyri-adi, hamını heyrətə salan hadisəni müzakirə edirlər: necə olub ki, ən küt, ən zəif bir şagird sinifdən-sinfə keçib?! Hamının diqqəti mənə yönəldiyi üçün bayıra atacaqlar, ədalətin bu dəhşət üzərindəki qələbəsinə sevinəcəklər... Uşaq üçün belə təsəvvürlərlə yaşamaq çox çətindir. Belə bir vəziyyətdə dərs mənim vecimə olardı?! Kim belə bir vəziyyətdə məndə nəyə qarşısa zərrə qədər maraq oyada bilərdi?! Onda mənim dərsə marağım - təkcə dərsə yox, həmin vacib yaş dövründə məni əhatə eləyən hər şeyə - pulları mənimsəmiş bank işçisinin öz işinə marağı kimi idi: hələ vəzifəsində qalır, ancaq işin üstü açılacağı gündən bərk qorxur, bununla belə, məmur kimi gündəlik bank əməliyyatlarını aparır. Hər şey əsas məsələnin yanında belə xırda, belə mənasız görünürdü. Bütün bunlar kamal attestatı alana qədər davam elədi, bəzilərini doğrudan da fırıldaqla yola verdim, sonra hər şey qurtardı və mən azad oldum. Əslində, o ağır gimnaziya illərində də həmişə özümü düşünmüşdüm və indi azad olandan sonra da düşünürdüm. Deməli, sənət seçimində sözün həqiqi mənasında azad deyildim, çünki bilirdim: gimnaziyada olduğu kimi, əsas məsələ ilə müqayisədə hər şey mənə maraqsız olacaq, deməli, elə sənət seçmək lazımdır ki, mənim şöhrətpərəstliyimə çox da toxunmasın, eyni zamanda da biganəliyimə dözə bilsin. Məlum məsələdir ki, burda hüquq elmi yada düşməli idi. Xudbinliyin, mənasız ümidlərin müqaviməti, on dörd gün öyrəndiyim kimya elmi, yarım il oxuduğum alman dili dərsi bu inamı daha da gücləndirdi. Beləliklə, hüquq sahəsini seçdim. Bu o demək idi ki, imtahana qədərki bir neçə ay ərzində əsəb gərginliyi keçirə-keçirə ağır günlər yaşamalı oldum. Bir vaxtlar gimnaziyada olduğu kimi, bu günlər mənim üçün müəyyən mənada şirin oldu, sonra da məmurluq sənəti gəldi... Bunlar hamısı mənim vəziyyətimə uyğun gəlirdi... Hər halda, bu məsələdə ağlasığmaz bir uzaqgörənlik göstərdim, çünki uşaq olarkən necə oxuyacağım, hansı sənəti seçəcəyim haqqında ilkin təsəvvürlərim vardı. Ona görə də heç bir xilas yolu gözləmirdim, buna ümidimi çoxdan itirmişdim.

Evlənmək haqqında, onun mənası və imkanları barədə heç vaxt düşünməmişdim. Həyatımın indiyəcən yaşamadığım ən dəhşətli anları məni gözlənilmədən, qəflətən yaxaladı. Uşaq elə yavaş-yavaş böyümüşdü ki, zahirən belə şeylərdən çox uzaq olmuşdu. Yalnız hərdən məcbur olub bu barədə düşünmüşdü. Ancaq bu məsələdə uzun, taleyüklü, hətta ağrı-acılarla dolu bir sınağa çəkiləcəyi barədə fikirləşməmişdi. Buna baxmayaraq, evlənmək cəhdləri həqiqətən də möhtəşəm, ümidlərlə dolu bir xilas yolu idi, hətta alınmayanda da öz möhtəşəmliyini saxladı.

Qorxuram ki, bu yerlərdə həmişə uğursuzluğa tuş gəldiyim üçün evlənmək istəyimin səbəblərini də sənə başa sala bilməyim. Ancaq məktubumun alınması məhz bundan asılıdır, çünki bu istəkdə hər şey cəmlənib: özümdə olan müsbət keyfiyyətlər, bir də sənin tərbiyənin nəticəsi kimi təsvir etdiyim mənfiliklər - yəni, zəiflik, özünə inamsızlıq, günah hissi... Bir sözlə, evlənməklə mənim aramda sədd çəkənlər... Bütün bunları izah etmək bir də ona görə çətin olacaq ki, gecə-gündüz bu barədə düşünmüşəm, götür-qoy etmişəm, indi özüm də çaş-baş qalmışam. Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək. Heç nəyi başa düşməyənə nəyisə bir az başa salmaq o qədər də çətin olmur.

Hər şeydən əvvəl, evlənmək məsələsinin alınmamasını mənim digər uğursuzluqlarımla bir sıraya qoyursan. Buna etirazım yoxdur, ancaq bu şərtlə ki, indiyəcən olan uğursuzluqların səbəblərini izah etdiyim kimi qəbul edəsən. Əslində, bu da digərlərilə eyni cərgədə durur, ancaq sən onu lazımınca dəyərləndirmirsən və o dərəcədə qiymətdən salırsan ki, biz bu barədə söhbət edəndə sanki başqa-başqa işlərdən danışırıq. Hətta cəsarət edib deyə bilərəm ki, sənin həyatında heç vaxt elə bir hadisə baş verməyib ki, mənim evlənmək istəyim qədər mənalı olsun. Bununla demək istəmirəm ki, sənin həyatında mənalı günlər olmayıb, əksinə, sənin həyatın mənimkinə nisbətən daha zəngin olub, qayğılar, sıxıntılar içində keçib və buna görə də mənim başıma gələnlər sənin başına gəlməyib. Təsəvvür elə ki, bir nəfər beş alçaq pilləni çıxmalıdır, başqası isə bircə pillə qalxmalıdır, ancaq bu pillə ona beş pillə qədər hündür görünür. Birinci nəinki beş pilləni, lazım gəlsə, lap yüzünü, minini də qalxacaq və çox qiymətli, gərgin bir həyat yaşamış olacaq, ancaq qalxdığı pillələrin heç biri ikinci adamın çıxmalı olduğu pillə qədər mənalı olmayacaq, çünki bu tək bir pilləni çıxmaq onun imkanı, gücü xaricindədir, heç vaxt onu qalxa bilməyəcək, qalxsa da, ondan o tərəfə gedə bilməyəcək.

Evlənmək, ailə qurmaq, uşaq sahibi olmaq, bu fani dünyada onları böyüdüb başa çatdırmaq, mənim fikirimcə, insana bəxş olunmuş ən böyük nemətdir. İlk baxışda bunun hamıya nəsib olması onun asanlığı demək deyil, çünki, birincisi, əsl həqiqət də hamıya qismət olmur, ikincisi, "qismət olanlar"ın özləri "belə eləmir", sadəcə olaraq, "başlarına gəlir". Düzdür, bu həmin nemət deyil, ancaq çox böyük və şərəfli işdir (ən çox da ona görə ki, "özü eləməklə" "başına gəlməy"i bir-birindən ayırmaq olmur). Və, nəhayət, söhbət burda həmin "böyük nemət"in özündən deyil, az da olsa, ləyaqətlə ona yaxınlaşmaqdan gedir. Ancaq burda günəşin özünə qədər uçmaq lazım deyil, sadəcə olaraq, yer üzündə elə bir təmiz yerə qədər uçmaq lazımdır ki, gün hərdən oraya da düşür, bir az qızınmaq olur.

Bəs mən buna necə hazırlaşmışdım? Pisdən də pis! İndiyə kimi olanlar da bunu deyir! Əgər adamları ayrı-ayrılıqda buna hazırlamaq, birbaşa ona aid olan əsas prinsipləri müəyyənləşdirmək vacib idisə, deməli, bu sahədə çox az iş görmüşdün. Başqa cür də ola bilməz, çünki burda əsas sözü hamı tərəfindən qəbul olunmuş prinsiplər - mənsub olduğun təbəqə, xalqın adət-ənənəsi və zəmanə deyir. Bu baxımdan sən də hərdən nəsə edirdin, ancaq elədiyin az olurdu, çünki bu məsələdə nəsə eləmək üçün çox böyük qarşılıqlı inam-etibar olmalı idi, halbuki bizim hər ikimizdə həmin qarşılıqlı inam-etibar bu hadisədən çox-çox əvvəl itib getmişdi, özü də boş yerdən itməmişdi, çünki biz başqa-başqa adamlar idik. Məni maraqlandıran şeylər sənin vecinə olmurdu və ya əksinə... Sənin günahsızlıq hesab elədiklərin mənim üçün günah idi və əksinə... Sənin üçün qorxusuz bir şey mənim üçün tabut ola bilərdi...

Yadımdadır, bir axşam sən və anamla gəzməyə çıxmışdım, indiki əyalət bankının yaxınlığındakı Yozefsplatsda idik və mən səfeh-səfeh, yekəxanalıqla, qətiyyətlə, fəxrlə, soyuqqanlılıqla (bu saxta idi), bumbuz bir soyuqluqla (bu saxta deyildi), səninlə danışanda həmişə olduğu kimi, kəkələyə-kəkələyə maraqlı şeylər danışmağa başladım, sizə irad tutdum ki, məni yaxşı öyrətməmişdiniz, bunu şagird yoldaşlarım öz boyunlarına götürməli oldular, böyük təhlükələrlə üzləşdim (cəsarətli görünmək üçün burda özümə xas bir həyasızlıq etdim, çünki mənim kimi qorxaqlar "böyük təhlükələr"in nə olduğunu bilməzdi), axırda da dedim ki, indi, xoşbəxtlikdən, hər şeyi bilirəm, məsləhətə ehtiyacım yoxdur, hər şey qaydasındadır. Əsas məsələ danışmağa başlamaq idi, çünki ən azı bu barədə danışmaq mənə xoş gəlirdi və nəhayət, bir də ona görə ki, nə üçünsə, nə yollasa sizdən qisas almaq istəyirdim. Öz təbiətinə uyğun olaraq, bunlara çox sakit qulaq asdın, təxminən belə dedin ki, bu işləri təhlükəsiz görmək üçün mənə məsləhət verə bilərsən. Bəlkə də səndən elə bu cavabı qoparmaq istəyirdim, çünki o, həmişə ət xörəyi və digər ləzzətli təamlardan bol-bol yemiş, fiziki iş görməmiş, ömrü boyu özünü düşünmüş bir uşağın coşqun təbiətinə daha çox uyğun gəlirdi. Ancaq o cavab eyni zamanda mənim zahiri utancaqlığımın üstündən elə bir qara xətt çəkdi ki, - ya da mənə elə gəldi - istər-istəməz səninlə bu barədə danışa bilmədim və həyasız bir təkəbbürlə söhbəti kəsdim.

O vaxt verdiyin cavabı qiymətləndirmək o qədər də asan deyil: bir tərəfdən dəhşətli dərəcədə açıq, müəyyən mənada da ulu bir cavab idi, digər tərəfdən də, verdiyin dərsə görə müasir biçimdə kəsə idi. Bilmirəm o vaxt neçə yaşım olardı, yəqin ki, on altını keçmiş olmazdı. O yaşda olan bir gənc üçün çox qəribə cavab idi, aramızda yaranmış uçurum da özünü burda göstərdi və mən onda ilk dəfə səndən birbaşa öz həyat dərsimi aldım. O vaxtdan beynimə həkk olunsa da, onun əsl mənasını sonralar başa düşdüm: onda mənə verdiyin məsləhət həm sənin fikrincə, həm də mənim o vaxtkı düşüncələrimə görə çirkaba bələnmiş məsləhət idi. Çalışırdın ki, mən o çirkabı cismimdə evə gətirməyim və bu arzun, əslində, ikinci dərəcəli idi, cünki bununla yalnız özünü, evini qoruyurdun. Əsas məsələ ondan ibarət idi ki, sən verdiyin məsləhətdən kənarda qalırdın, belə şeylərdən ucada dayanan əsl ər, təmiz kişi olurdun. Bütün bunların mənə onda daha pis təsir eləməsi bəlkə də izdivacı ədəbsizlik hesab etməyimlə bağlı idi və ümumiyyətlə, izdivac haqqında eşitdiklərimi valideynlərimə aid edə bilməzdim. Beləliklə, sən daha təmiz qalırdın, getdikcə də ucalırdın. Ağlıma sığışdıra bilmirdim ki, evlənməmişdən qabaq sən özünə buna bənzər məsləhət vermiş olasan. Belə çıxırdı ki, səndə o dünyəvi çirkabın nişanəsi yoxdur. Bir neçə açıq söhbətinlə məni o çirkaba sən yuvarladın, sanki alnıma belə yazılmışdı. Əgər dünya yalnız ikimizdən ibarət olsaydı, - belə təsəvvür mənim üçün çox doğma idi - onun təmizliyi səninlə bitər, verdiyin məsləhətə uyğun olaraq çirkabı da mənimlə başlayardı. Məni bu cür mühakimə etməyin özlüyündə anlaşılmaz idi, ancaq o köhnə günahlar, mənə bəslədiyin nifrət hər şeyi açıb deyirdi... Beləliklə, yenə də bütün varlığım sarsılmalı olurdu, özü də amansızcasına...

Bəlkə də bu misalda heç birimizin günahı olmadığı daha aydın görünər: A adlı birisi B adlı digərinə sağlamlığını bir az qorumaq üçün açıq-saçıq, öz dünyagörüşünə uyğun gələn, o qədər də gözəl olmayan, ancaq bu gün də şəhərdə hamı tərəfindən qəbul olunan bir məsləhət verir. Bu məsləhət əxlaqi baxımdan B üçün münasib deyil, ancaq niyə də illər ərzində bu bəladan canını qurtamayaydı?! İstəsə, bu məsləhətə heç əməl etməz, ancaq burada onun gələcəyini korlaya biləsi bir şey də yoxdur. Ancaq buna oxşar nəsə baş verir və ona görə baş verir ki, A sənsən, B də mən.

Hər ikimizin günahsızlığını bir də ona görə belə aydın görürəm ki, buna bənzər bir toqquşma iyirmi il sonra, başqa bir vəziyyətdə aramızda yenə oldu. Düzdür, hadisə kimi qorxulu idi, ancaq ziyansız ötüşdü, çünki otuz altı yaşlı adamda ziyan vurulası bir yer qalmamışdı. Axırıncı dəfə evlənmək niyyətimdən xəbər tutandan sonra yaşanan o gərgin günlərdəki qısa söhbətlərimizdən birində təxminən belə dedin: "Yəqin qəşəng bir kofta geyinib... Praqadakı yəhudi qızları belə şeyləri yaxşı bacarırlar... Sən də o dəqiqə qərara alıbsan ki, onunla evlənəsən! Özü də lap tez... Bir həftəyə... Ya da sabah... Bu gün... Səni başa düşmürəm, böyük oğlansan, şəhərdə yaşayırsan, nə edəcəyini bilmirsən, qarşına çıxanla evlənmək istəyirsən. Məgər başqa bir yol yoxdur? Deməyə qorxursansa, özüm səninlə oraya gedərəm..." Sən çox aydın, müfəssəl danışırdın, ancaq dediklərini bütün təfərrüatları ilə xatırlaya bilmirəm, bəlkə də gözümə bir az qaranlıq çökmüşdü, sanki məni daha çox anamın hərəkətləri maraqlandırırdı: səninlə tamam razı idi, ancaq stolun üstündə nəsə axtarırdı ki, onu götürüb aradan çıxsın.

Məni sözlərinlə heç vaxt bu qədər alçaltmamışdın, mənə heç vaxt bu qədər nifrət etdiyini göstərməmişdin. İyirmi il bundan əvvəl mənimlə belə danışsaydın, sənin gözünlə baxmaq şərtilə, o sözlərdə vaxtından əvvəl yetkinləşmiş, sənin nəzərində birbaşa qaynar həyata atılası şəhər uşağına, az da olsa, hörmət nişanəsi görmək mümkün idi. Ancaq ondakı münasibət nifrət hissini daha da gücləndirdi, çünki o vaxt sürətlə inkişaf etməyə başlamış həmin oğlan yarı yolda qalmışdı və sənə elə gəlirdi ki, o, zəngin həyat təcrübəsi toplaya bilməyib, əksinə, iyirmi il geri qalıb. Mənim hansı qızla evlənəcəyimin sənin üçün heç bir mənası yox idi. Mənim qəbul etdiyim qərarlara həmişə (qeyri-ixtiyari) yuxarıdan aşağı baxmışdın və indi də (qeyri-ixtiyari) elə düşünürdün ki, onun necə qız olduğunu bilirsən. Mənim xilas olmaq üçün başqa yollar axtardığımdan xəbərin yox idi və təbii ki, evlənmək fikrinə necə düşdüyümü də bilməzdin, deməli, fikirləşib tapmalı idin. Fikirləşəndə də, məlum məsələdir ki, mənim haqqımda indiyəcən toplamış olduğun təəssüratlara əsaslandın - ən iyrənc, ən səfeh, ən gülünc təəssüratlara... Və tərəddüd etmədən bütün bunların hamısını üzümə dedin! Məni rüsvay etdin və elə bildin ki, bu rüsvayçılıq evlənməyimlə sənə gətirəcəyim rüsvayçılığın yanında heç nədir.

Mənim evlənmək cəhdlərimlə bağlı bəzi məsələlərə etiraz edə bilərsən və artıq edibsən də: əgər F. ilə iki dəfə nişanlanıb, ikisində də nişanı qaytarmışamsa və yenidən barışmışamsa, mənim evlənmək qərarıma necə hörmətlə yanaşa bilərdin... Əgər səni və anamı bundan ötrü mənasız yerə özümlə sürüyüb Berlinə aparmışamsa... və sair və ilaxır. Bunların hamısı düzdür... Bəs bunu yaradan səbəblər?

Hər iki evlənmək cəhdi yaxşı niyyətlə olmuşdu: ev-eşik sahibi olmaq, müstəqil yaşamaq... Sənin ürəyincə olan niyyət idi, ancaq uşaq oyununa çevriləndə mənasını itirirdi: elə bil, biri digərinin əlindən yapışıb və onu hətta bərk-bərk sıxaraq deyir: "Get də! Get dəəə... Niyə getmirsən?". Bizim məsələdə vəziyyət bir də ona görə belə mürəkkəbləşdi ki, sən o vaxt vicdanla "Get! Get!" demisən, ancaq elə o vaxtda da bilməyibsən ki, varlığın məni tutub saxlayıb, daha doğrusu, tərpənməyə qoymayıb.

Qızların hər ikisi, təsadüfi olsa da, çox yaxşı seçim idilər. Yenə də məni başa düşmədin və inanmaq istəmədin ki, mənim kimi qorxaq, həmişə tərəddüd edən, hər şeyə şübhə ilə yanaşan bir adam, necə deyərlər, qəşəng koftadan vəcdə gələrək qəfildən evlənmək eşqinə düşür.

Nigahların ikisi də daha çox məqsədli nigah olmalı idi. Birincidə illərlə, ikincidəsə, aylarla, gecə-gündüz baş sındırıb planlar qurmuşdum.

Qızların heç biri məni məyus eləmədi, ancaq mən ikisinin də ümidini sındırdım. Onlar haqqında evlənmək istəyərkən nə düşünürdümsə, indi də eyni şeyi düşünürəm.

Bu, o demək deyil ki, ikinci dəfə evlənmək istəyəndə birincidə qazandığım təcrübəni unutdum, ağılsızlıq elədim. Onların ikisi də tamamilə başqa-başqa idi və, əslində, birincidən qazandığım təcrübə çək-çevirlərlə dolu olan ikincidə mənə ümid verməli idi. Ancaq burda təfərrüatlara varmaq istəmirəm...

Bəs niyə evlənmədim? Hər yerdə olduğu kimi, burda da bəzi maneələr vardı və, əslində, həyatın mənası da onları dəf etməkdən ibarətdir. Ancaq əsas, özü də təəssüf ki, heç bir hadisədən asılı olmayan maneə bu idi ki, özüm mənəvi cəhətdən evlənməyə hazır deyildim. Yəni, evlənməyi qərara alan kimi yuxum qaçırdı, başım gecə - gündüz od tutub yanırdı, həyat öz həyatlığından çıxırdı, şübhə-tərəddüdlər içində qovrulurdum. Bütün bunlar çəkdiyim qayğılara görə deyildi, onsuz da qətiyyətsizliyim, pedantlığım mənə saysız-hesabsız qayğılar yaradırdı, ancaq heç biri əsas olmurdu, meyitə daraşmış soxulcan kimi idilər, yavaş-yavaş öz işlərini görürdülər, ancaq məni sındıran başqa şey idi: həmişə qorxu altında olmaq, zəiflik, özünənifrət...

Çalışacam ki, bunu bir qədər aydın izah edim: mən evlənmək fikrinə düşəndə sənə qarşı münasibətimdə indiyə qədər belə kəskin olmayan ziddiyyətlər yaranırdı. Əlbəttə, evlənmək tam azadlığa, müstəqilliyə ən yaxşı təminatdır. Ailəm olsaydı, zənnimcə, ən böyük nemətə sahib olardım, deməli, sənin qazandığın neməti mən də qazanmış olardım və bu da o demək idi ki, aramızdakı fərq silinirdi, o köhnə rüsvayçılıqlar da, təzələri də, zülmkarlıq da tarixə dönürdü... Bu lap nağıl olardı və elə nağıl olduğuna görə də, inanılası deyildi. Bu, xeyli çoxdur, o qədər çoxdur ki, ona çatmaq olmaz! Elə bil, kimsə türməyə düşüb, qaçmaq istəyir, bəlkə də qaça bilər, ancaq eyni zamanda da istəyir ki, bu türmədən özünə gözəl bir qəsr düzəltsin. Əgər qaçarsa, düzəldə bilməz - düzəldərsə, qaça bilməz. Aramızda belə xoşagəlməz münasibətlər ola-ola müstəqil olmaq istəyirdimsə, elə bir iş görməli idim ki, mümkün qədər səninlə bağlılığı olmasın. Düzdür, evlənmək çox böyük işdir, insana şərəfli bir müstəqillik qazandırır, ancaq eyni zamanda da səninlə bağlılığı olan işdir. Buradan çıxış yolu tapmağa çalışmaq adamı dəli eləyər və az qala hər bir cəhdin cəzası da məhz bu olur.

Hərdən məni evlənmək fikrinə salan da məhz bu münasibətlər olurdu. Evlənəndən sonra aramızda yaranacaq bərabərliyi təsəvvürümə gətirirəm: sən bunu hamıdan yaxşı başa düşərdin, ürəyincə olardı, çünki mən onda azad, qədirbilən, günahsız, açıqürəkli oğul, sən isə dərddən-qəmdən, zülmkarlıqdan uzaq, yanımcıl, hər şeydən razı bir ata olardın. Ancaq bunun üçün gərək olanlar olmamış olaydı, yəni, heç birimiz olmayaydıq.

Ancaq bizim indiki münasibətlərimizlə, birbaşa sənin "sahən" olan evlənməyin qapısı mənim üzümə bağlıdır. Bəzən dünyanın xəritəsini, sənin də onun üstündə uzandığını təsəvvürümdə canlandırıram. Onda mənə elə gəlir ki, yalnız sənin altında qalmayan və ya əlin yetməyən yerlərdə yaşaya bilərəm. Lakin sən o qədər böyüksən ki, orda yer lap az qalır və evlənmək də həmin "boş" yerlərin arasında olmur.

Elə müqayisənin özü sübut edir ki, bununla heç də öz nümunənlə məni, mağazadan olduğu kimi, evlənməkdən də qaçaq saldığını demək istəmirəm. Əksinə, bəzi zahiri oxşarlıqlara baxmayaraq anamla sənin nigahına nümunəvi nigah kimi baxırdım: sədaqətdə də, qarşılıqlı köməkdə də, uşaqların sayında da bu nigah nümunə ola bilərdi. Hətta uşaqlar böyüyəndən sonra evdəki dinclik pozulanda da, sizin nigahınız bütöv qaldı. Bəlkə də mənim evlənmək haqqındakı yüksək fikirlərim elə bu nümunə əsasında yaranmışdı. Evlənməkdən qorxmağımınsa başqa səbəbləri vardı. Səbəblərdən biri sənin öz uşaqlarına olan münasibətin idi ki, bütün bu məktub da ona həsr olunub.

Belə bir fikir var: adam bəzən evlənməkdən ona görə qorxur ki, onun bir vaxtlar valideynlərinə tutduqlarını uşaqları sonralar özünə qaytaracaq. Zənnimcə, mənim məsələmə bunun dəxli yoxdur, çünki məndəki günahkarlıq hisslərini sən yaratmışdın və son dərəcə özünəməxsus idi. Bəli, məni yandıran da həmin özünəməxsusluq idi, heç vaxt təkrar oluna bilməzdi. Onu da deməliyəm ki, özüm kimi qaradinməz, küt, quru, zəif uşağım olsaydı, dözə bilməzdim, ondan qaçardım, başqa yolum qalmasaydı, sənin kimi edərdim: mənim evlənmək istədiyimi biləndə, başını götürüb getmək istədin... Deməli, evlənə bilmədiyimə bu da təsir elədi.

Ancaq ən vacibi özüm üçün qorxmağım idi. Bunu belə başa düşmək lazımdır: bayaq dedim ki, yazmaq və bununla bağlı digər məşğuliyyətlərlə, az da olsa, azadlığa çıxmağa, qaçmağa çalışdım, ancaq çox cüzi uğurlar qazana bildim. Bir çox məsələlər sübut edir ki, belə kiçicik uğurlarla uzağa getmək olmaz. Buna baxmayaraq, onları qorumaq borcumdur, daha doğrusu, həyatımın mənasıdır. Qoymaram ki, onlara xətər toxunsun, qoymaram ki, onlara hər hansı bir təhlükə yaxınlaşsın! Evlənmək də belə təhlükələrdən biridir. Düzdür, həm də ən böyük ilham mənbəyidir, ancaq özündə təhlükə gəzdirməsi mənə bəs eləyir. Əgər özü ilə təhlükə gətirsə, neyləyərdim?! Hiss etsəydim ki, bu ailədə, üzdə görünməsə də, təkzibolunmaz bir təhlükə dolaşır, orda necə yaşaya bilərdim?! Bəlkə də bir az tərəddüd edərdim, ancaq axırda yenə də ondan keçməli olardım. "Əlindəki sərçədir, tutmaq istədiyin göyərçinsə dama qonub" məsəli də buna az uyğun gəlir, çünki əlimdə heç nə yoxdur, nə varsa, damdadır. Ancaq mən "heç nəyi" seçməliyəm, çünki mübarizənin şərtləri, həyatın çətinlikləri belə tələb edir. Sənət seçəndə də belə seçməli olmuşdum.


Adamı evlənməyə qoymayan belə bir köklü inamdır ki, ailəni saxlamaq, ona rəhbərlik etmək üçün səndə gördüyüm bütün keyfiyyətlər çox vacibdir. Özü də hamısı bir yerdə olmalıdır, yaxşısı da, pisi də səndəki kimi bir-birinə qarışmalıdır: güclü olmaq, başqalarına istehza ilə yanaşmaq, sağlam olmaq, bir az da ifrata varmaq, natiqlik məharəti, özünəinam, hamıdan narazılıq etmək, özünü hamıdan yüksəkdə tutmaq, zülmkar olmaq, adamları yaxşı tanıya bilmək, çox adama inanmamaq və bir də işgüzarlıq, dözüm, ruhdan düşməmək, qorxmazlıq kimi qüsursuz üstünlüklər... Səninlə müqayisədə bunların heç biri, demək olar ki, məndə yox idi, olanlar da az idi. Hətta sənin də ailə məsələlərində bir çox çətinliklərlə üzləşdiyini, uşaqlarınla mübarizədə geri çəkildiyini görə-görə hansı cəsarətlə evlənmək eşqinə düşmüşdüm? Əlbəttə, bu sualı özümə heç vaxt belə kəskin şəkildə vermirdim və cavabı da, təbii ki, kəskin olmurdu, yoxsa sadə bir məntiq hər şeyi nəzarətə götürər və mənə səndən fərqlənən elə kişilər göstərərdi ki, (məsələn, elə lap yanımızda olan, ancaq səndən çox fərqlənən Rixard əmini) evləniblər, ancaq bu evlilik onları bir çoxları kimi sındıra bilməyib və bu da mənə artıqlaması ilə kifayət edərdi. Bu sualı özümə bir də ona görə vermirəm ki, uşaqlıqdan yol yoldaşım olub. Mən yalnız evlənməyə hazır olub-olmadığımı bilmək üçün deyil, hər xırda şeyə görə özümü sınaqdan keçirirdim. Hər xırda şeydə də mənə nümunə oldun və indi təsvir etməyə çalışdığım tərbiyə üsulunla məni inandırdın ki, heç nəyə qabil deyiləm. Əgər hər bir xırda şeydə bu, sübut olunurdusa, sən haqlı çıxırdınsa, deməli, o böyük işdə - yəni evlənmək məsələsində də belə olmalı idi. Evlənmək fikrinə düşənə qədər mən, təxminən qayğılar içində yaşamasına baxmayaraq, həmişə nəsə bir bəd xəbər gözlədiyindən gündəlik haqq-hesab aparmayan, yalnız günü-günə calayan bir tacir kimi böyümüşdüm. Bu tacirin hərdən xırda-para qazancı olur, ancaq həmin qazanc çox nadir hallarda olduğundan onu həmişə əzizləyir, şişirdir, qalan günlərdəsə ziyana işləyir. Hamısını dəftərə yazır, ancaq haqq-hesab aparmır. Nəhayət, balans çıxarmaq, yəni, evlənmək vaxtı gəlib çatır. Bu zaman elə böyük məbləğlər ortaya çıxır ki, sanki heç o xırda-para qazanclar da olmayıb, həmişə borca işləyib. İndi, gəl, dəli olmadan evlən görüm, necə evlənirsən!



Səninlə bir yerdə yaşadığım həyat burda sona yetir və gələcəyə nə vəd etdiyi də aydın görünür.

Səndən qorxduğumu sübut eləmək üçün gətirdiyim dəlillərə bir də nəzər salsan, belə də cavab verə bilərsən: "Dediklərindən belə çıxır ki, sənə münasibətimi günahlarınla izah edərək, öz günahlarımı yüngülləşdirirəm. Ancaq mənə elə gəlir ki, sən bu zahiri gərginliklə yalnız yüngülləşmirsən, daha çox ondan öz xeyrinə istifadə edirsən. Əvvəlcə sən də bütün günahları, məsuliyyət hissini öz boynundan atırsan və deməli, bu məsələdə eyniləşirik. Ancaq mən fikirləşdiyim kimi açıq şəkildə həmin günahları sənin ayağına yazanda, özünü "daha ağıllı", "daha mehriban" göstərmək istəyirsən və üstəlik, məni də bütün günahlardan azad edirsən. Əlbəttə, sonuncu sənə zahirən müyəssər olur (əslində, bundan artıq heç nə istəmirsən), lakin səbəb və nəticə, ziddiyyət və yazıqlıq haqqındakı o "bəlağətli sözlər"inə baxmayaraq, belə çıxır ki, hücum edən tərəf həmişə mən olmuşam, sən neyləyibsənsə, özünü müdafiə etmək üçün eləyibsən. Belə çıxır ki, sən bu qeyri- səmimiliyinlə artıq istədiyinə çatdın, üç şeyi sübut etdin: birincisi, sənin heç bir günahın yoxdur, ikincisi, bütün günahlar məndədir və üçüncüsü də, böyük ürək sahibi olduğun üçün nəinki məni bağışlamağa hazırsan, hətta, nə qədər həqiqət də olsa, bunu sübut edərək özün də inanarsan ki, mənim günahım yoxdur. Əslində, bu sənə kifayət etməli idi, ancaq etmir. Beyninə yeridibsən ki, mütləq mənim hesabıma yaşayacaqsan. Boynuma alıram ki, biz mübarizə aparırıq, amma mübarizənin də iki növü var. Biri cəngavər mübarizəsidir ki, orda hər iki rəqib bir-birinə layiqdir, hərə öz gücünə görə döyüşür, hərə özü üçün məğlub olur, hərə özü üçün qalib gəlir. İkincisi isə zərərli həşarat mübarizəsidir ki, orda biri digərini sancmaqla kifayətlənmir, yaşamaq üçün onun qanını da sorur. Beləsinə peşəkar əsgər deyirlər və sən də elələrindənsən. Yaşamağa qadir deyilsən, ancaq həyatda öz yerini rahatlamaq, qayğılardan uzaq olmaq, özündən razı qalmaq üçün sübut etməyə çalışırsan ki, guya sənin yaşamaq bacarığını mən əlindən alıb cibimə qoymuşam. İndi nə vecinə ki, yaşamağa qadir deyilsən və bunun məsuliyyəti də mənim boynumdadır, özün ayaqlarını uzadıb rahat yatırsan, mən də səni həm cismən, həm də mənən özümlə sürüməliyəm. Bir misal çəkim: axırıncı dəfə evlənmək istəyəndə, məktubunda boynuna aldığın kimi, həm də evlənmək istəmirdin, ancaq özünə əzab verməmək üçün çalışırdın ki, evlənməməkdə sənə kömək edim, bu nigahın ad-sanım üçün "rüsvayçılıq" olduğunu əsas tutaraq, evlənməyi sənə yasaq eləyim. Ancaq belə şeyi ağlıma da gətirmirdim. Birincisi ona görə ki, hər şeydə olduğu kimi, burda da "xoşbəxtliyinə mane olmaq" istəmədim, ikincisi də, heç vaxt uşaqlarımdan belə iradlar eşitmək istəməmişəm. Məgər özümü məcbur eləyib sənə evlənməkdə sərbəstlik verməyimin xeyiri oldu? Zərrə qədər də! Evlənməyinin əleyhinə çıxmağım ona mane ola bilməzdi, əksinə, o qızla evlənməyini daha da tezləşdirərdi, çünki, öz dediyin kimi, "qaçmaq" planını tam şəkildə həyata keçirərdin. Evlənməyinə icazə versəydim də, iradların qurtarmayacaqdı, çünki onsuz da sübut etməyə çalışırsan ki, hər bir halda evlənməməyinin günahı məndədir. Həqiqətdə isə istər bu məsələ, istərsə də digərləri ilə mənə bircə şeyi sübut elədin ki, bütün iradlarım haqlı imiş, ancaq onların arasında ən haqlısı yox idi: sənin qeyri-səmimi, yaltaq, tüfeyli olmağın! Səhv eləmirəmsə, elə bu məktubunla da mənə yaltaqlanırsan."

Buna cavab olaraq deyə bilərəm ki, qismən öz əleyhinə çevrilən bu etiraz, əslində, məndən gəlir, sənlik deyil. Sənin başqalarına inamsızlığın mənim özümə inamsızlığım qədər böyük deyil və bunu da mənə sən öyrədibsən. Əlbəttə, bu etirazlardan bəzilərinin haqlı olduğunu inkar etmirəm, ancaq onların heç biri bizim münasibətlərimizin mahiyyətini yeniləşdirməyə qadir deyil. Özlüyündə hər şey gerçəkdə bir-birinə uyğun gələ bilməz - mənim məktubumdakı sübutlar da elə... Axı həyat çox mürəkkəbdir. Ancaq mənə elə gəlir ki, bu etiraza uyğun aparılacaq düzəlişlərlə bir yerdə - indi həmin düzəlişləri nə sadalaya bilərəm, nə də sadalamaq istəyirəm - həqiqətə o qədər yaxınlaşa bildik ki, ikimiz də özümüzü, az da olsa, rahat hiss eləyə bilərik, bu dünyada da, o dünyada da yüngülləşərik...


Frans.

Alman dilindən tərcümə edən



Vilayət Hacıyev.
Yüklə 240 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin