Azərbaycan bədii təfəkküründə ezoterik dünyagörüşün fəlsəfi təhlili



Yüklə 24,8 Kb.
tarix01.03.2017
ölçüsü24,8 Kb.
#9894
Mətanət Əli qızı Abdullayevanın “Azərbaycan bədii təfəkküründə ezoterik dünyagörüşün fəlsəfi təhlili” (Nizaminin, Nəsiminin və Füzulinin

yaradıcılığı əsasında) adlı dissertasiyasına verilən


RƏY
Dissertasiya özəl və özünəməxsus bir mövzuya həsr edilmişdir. Burada bir tərəfdən poetik, başqa tərəfdən ezoterik məqamlar özünü göstərməkdədir.

Dissertasiya giriş, dörd fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Giriş hissəsində Mövzunun aktuallığı, Problemin işlənmə dərəcəsi, Mövzunun məqsəd və vəzifələri, Tədqiqatın mənbələri, Tədqiqatın elmi yeniliyi, İşin nəzəri-təcrübi əhəmiyyəti, Tədqiqatın metodologiyası, Dissertasiya işinin aprobasiyası və İşin quruluşu bölmələrinə yer verilmişdir.

I-ci fəsil “Klassik dövr fəlsəfi poeziyada (Nizami, Nəsimi Füzuli yaradiciliğında) ezoterik biliklərin təcəssümü” adlanır. 3 paraqrafdan ibarətdir. Burada dissertasiya ilə bağlı ümumi bilgilərin verilməsinə yer verilmişdir.

II-ci fəsil “İrrasional idrak mistik eşq yolçuluğu kontekstində” adlanır. 4 paraqrafdan ibarıtdir. Burada daha çox poeziya ilə bağlı mistik yolların keçilməsi haqqında bilgilər verilir.

III fəsil “Kosmoqoniya məsələləri fəlsəfi poeziya kontekstində” adlanır. 4 paraqrafdan ibarətdir. Burada poeziyada əks olunmuş kosmoqonik məqamların təhlilinə yer ayrılmışdır.

IV-cü fəsil “Ezoterik anlayışların fəlsəfi dərki” adlanır. 2 paraqrafdan ibarətdir. Burada mövzu ilə bağlı bəzi anlayışların açımı verilmişdir.

Dissertasiyanın əsas məqsədi Nizaminin, Nəsiminin və Füzulinin yaradıcılığında ezoterik və mistik məqamların təhlilini verməkdir. Bunu edərkən, müəllif əksər məqamlarda onların şeyrlərinə öz subyektiv baxışları ilə yanaşır. Buna görə də əksər məqamlarda müəllifin fikirlərinə qarşı çıxmaq olmur. Çunki poeziyaya yanaşmada, özəlliklə də bu ezoterika və mistika ilə bağlantıda veriləndə hər kəsin öz baxışı ola bilər. Müəllif də öz baxışını ortalığa qoydu və ona qarşı, obyektiv meyyarlar olmadığına görə bir söz demək olmur. Yalnız onu demək olar ki, müəllifin bu şeylərə öz subyektiv baxışını ortalığa qoymağa haqqı var. Bu baxımdan dissertasiyanın əksər məqamlarına qarşı irad bildirə bilmərəm.

Ancaq, poetik və ezoterik subyektivliklərindən başqa dissertasiyada obyektivliyə sığan məqamlar da vardır. Elə onlar haqqında da bəzi iradlarımı bildirirəm. Onlar aşağıdakılardır:

1. Doktorluq dissertasiyasının mövzusu ezoterizmlə bağlıdırsa, onda 1-ci fəsildə ayrıca paraqrafda ezoterizm və alleqorik üslubun qısa tarixi-fəlsəfi icmalı verilməli idi.

2. Müəllif öz subyektiv fikirlərini poeziyada olan alleqoriyalardan irəli sürür. Ancaq alleqorik üslubun yaradıcısı olan İsgəndəriyyəli Filon haqqında heç bir söz demir. Bundan başqa alleqoriyaların ustaları olan yəhudi Talmud ustaları, xristian və müsəlman sxolastik ənənəsi haqqında, onların üslubları haqqında söz açmır. Halbuki onlar metaforaların və alleqoriyaların nəzəriyyələrini yaratmışdırlar. Bunların olmamasına görə başa düşmək olmur ki, müəllif hansı sistem, hansı metod üzrə metaforaları və alleqoriyaları tətbiq edib nəticələrə gəlir. Axı hər şeydə olduğu kimi bunun da elmi nəzəriyyəsi var. Yoxsa alleqoriya və metafora o demək deyil ki, kim necə istəyir mətni elə də başa düşsün.

3. “Mövzunun məqsəd və vəzifələri” bölümündə müəllifin bu sözlərini anlamaq olmur: “Dissertasiyanın yazılmasında məqsəd – əsasında bəşəriyyətin qlobal problemlərindən biri kimi özünüdərk məsələsi duran, bədii nəzm əsərlərinin dərin semantik strukturlarında yerləşdirilmiş olan ezoterik dünyagörüşün sistemli, dərin araşdırmasını aparmaqdır. Bu, ezoterik dünyagörüşün qeyri-düzgün mənalan­dı­rılması, məğzinin təhrif edilməsi kimi səhv yanaşma­la­ra son qoyar, problemə ciddi elmi münasibət yarada bilər” (s. 12). Çünki konkret olaraq dissertasiyada alleqoriyaların və metaforaların metodları, sistemləri göstərilməyibsə, “düzgün” və “düzgün olmayan” yanaşmalardan haqqında nəyin əsasında mülahizə yeridilə bilər?

4. Problemin işlənmə dərəcəsində və ədəbiyyət siyahısında qərb tədqiqatlarına yer verilməmişdir. Məsələn Nizaminin yaradıcılığı fransız şərqşünasları Lesa Allen Rone, Antuan Gallan və başqaları tərəfindən araşdırılmışdır1.

Eləcə də Amerikanın Arizona universitetində də Nizami ilə bağlı elmi əsərlər yazılmışdır2. Ancaq bunlar dissertasiyada öz əksini tapmamışdır .

Eləcə də şərq araşdırmaçılarının əsərlərinə istinadlar olıduqca azdır. Halbuki Nizami və Fizüli elə ərəb və fars ədəbiyyatında daha çox tədqiq edilmişdir.

5. Dördüncü fəslin adı (“Ezoterik anlayişların fəlsəfi dərki”) suallar doğurur və konkret tədqiqat obyektini əks etdirmir. Birincisi anlaşılmır, bu ad ümumiyyətlə bütün ezoterik anlayışlara aiddir, ya da yalnız Füzuli, Nizami və Nəsiminin əsərlərində olanlara. İkincisi isə istənilən halda ezoterik anlarışlar çoxdur və onların hamısını bir fəsildə vermək olmaz. Ezoterik anlayışlar böyük bir kitab həcminə sıqır3.

6. Dissertasiya boyu müəllif pafoslu və sloqan xarakterli emosional cümlələrə yer verir. Halbuki bu ədəbi janrda ola bilər, dissertasiyada yox. Bu kimi cümlələrə hətta Nəticə bölümündə belə yer verilir. Məsələn orada müəllif yazır: “Klassik ədəbiyyatımız işıq şüalarının təsirindən müxtəlif rəng çalarları ilə sayrışıb bərq vuran qiymətli kristal kimidir. İşıq şüalarının optik bölünməsi nəticəsində, kristalı fırlatma bucağından asılı olmayaraq, heyrətamiz gözəlliklə sayrışan rənglərin hər birinin ayrılıqda, eyni zamanda, toplu şəkildə cazibədar və harmonik mənzərəsi hamıya tanışdır. Klassik ədəbiyyatımız da o cürdür: hansı prizmadan baxırıqsa, baxaq, hər yandan o, gözəl, cazibədar və harmonik görünür, təki baxan gözlərin işığı parlaq olsun ki, batini müstəviyə qədər işləyə bilsin”.

Halbuki dissertasiyanın nəticələri yığcam formada ən konkret müddəalardan ibarət olmalıdır. Çünki məhz Nəticə hissəsi işin sonluğu, onun mənasıdır. Burada poetik və pafoslu cümlələr olmamalıdır.

7. Dissertasiyanın “Kosmoqoniya məsələləri fəlsəfi poeziya kontekstində” fəslində müəllif “Böyük partlayış” nəzəriyyəsini kainatın əbədiliyinə qarşı qoyur. Bununla da o dində olan yaradılış versiyasını “Böyük partlayış” nəzəriyyəsi ilə izah etməyə çalışır. Bu fikri əsaslandıran Harun Yəhyanın əsərindən alınan sitat da olduqca birtərəflidir, obyektivlikdən və elmilikdən uzaqdır.

Müəllif yazır: “Xüsusən, XIX əsrdə, materializmin çiçəkləndiyi dövrdə elm aləmində kainatın daima mövcud olması nəzəriyyəsi geniş yayılır. Lakin «kainatın əbədi mövcud olması fikri darmadağın edilir, XX əsrin 20-ci illərindən başlayaraq bunu inkar edən yeni-yeni faktlar meydana çıxmağa başlayır. Bu gün alimlər tamamilə əmindirlər ki, kainat «Böyük partlayış» adı ilə məlum olan qeyri-adi gücə malik bir partlayışın nəticəsində boşluğun (metafizik boşluq nəzərdə tutulur – M.A) içində yaranmışdır” (s. 215).

Birincisi “Böyük partlayış” heç də mistik yaradılışı sübuta yetirmir və başqa yaradılış nəzəriyyələrini “darmadağın” etmir. Başqaları kimi, bu yalnız bir fərziyyədir.

İkincisi isə, “Böyük partlayış” olubsa belə bu dini inancın sübutu deyil. Çünki partlayışdan öncə yenə də materiya durur. Ancaq o sıxılmış halda olmuşdur və bu durum “sinqulyarlıq” adlanır4. Partlayış nəticəsində isə, o sıxılmış materiya kainat boyda genişləndi. Beləliklə, dünyanın əbədi olaraq var olması ideyası “Böyük partlayışla” inkar edilmir, onun bir hissəsidir.

Ona görə də burada Füzulidən gətirilən şeyrlər “Böyük partlayışın” sübutu kimi ya da materializmin darmadağın edilməsi kimi dəyərləndirilə bilməz. Kainatın Tanrı tərəfindən yoxdan yaradılması yalnız inanc obyektidir, bunu elmlə sübuta yetirmək olmur.

8. Dissertasiyada mübahisəli və faktik olaraq əsaslandırılmayan iddialar vardır. Örnək üçün müəllif iddia edir ki, bizim zamanımızda ezoterikaya maraq artmaqdadır5. Ancaq bu iddia nəyə söykənir? Bunu təsdiqləyən heç bir rəqəmlər, statistikalar dissertasiyada gətirilmir.

Ancaq yuxarıda göstərilən iradlar işin ümumi məzmununa və tədqiqatın nəticələrinə xələl gətirmir. Fikrimcə dissertasiya həm məzmun, həm də texniki cəhətlərindən AAK-ın tələblərinə uyğun gəlir. Buna görə də hesab edirəm ki, onun müəllifi fəlsəfə elmləri doktoru adı almağa layiqdir.



Fəlsəfə elmləri doktoru Əlizadə A. A.

2 октября 2013




1French orientalists about Nizami.

http://www.aztun.edu.az/yuklenen/files/avropa%20yazarlari%20nizami%20en(1).pdf )



2 Bax: The University of Arizona. School of Middle Eastern & North African Studies http://menas.arizona.edu/content/nezami-ganjavi

3 Örnək: Степанов А. М. Большой словарь эзотерических терминов. http://www.ezoezo.ru/


4 Bu barədə daha ətraflı bax: Бондаренко. Сингулярность в теории большого взрыва http://www.zero-gravity.ru/article/archiw/o_singuljarnom_sostojanii_veschestva/.

5 Sitat: “Ezoterikaya marağın artdığı müasir dövrdə”... s. 277.

Yüklə 24,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin