AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
BAKI DÖVLƏT UNİVERSİTETİ
ARİF MUSTAFAYEV
AZƏRBAYCANIN
MADDİ MƏDƏNİYYƏT TARİXİ
(etnoqrafik materiallar əsasında tipoloji tədqiqat)
Bakı Dövlət Universitetinin
90 illik
yubileyinə ithaf olunur
BAKI
«Bakı Universiteti» nəşriyyatı
2009
2
M 84
Elmi məsləhətçi:
akademik Abel Məhərrəmov
akademik Rasim Əfəndiyev
Redaktor:
AMEA-nın müxbir üzvü
Yaqub Mahmudov
Rəyçilər:
tarix elmləri doktoru Nərgiz Quliyeva
tarix elmləri doktoru Tarix Dostiyev
tarix
elmləri doktoru, professor Rafael Süleymanov
tarix
elmləri namizədi, dosent Qəzənfər Rəcəbli
tarix elmləri namizədi, dosent Kərəm Məmmədov
M84
A.H.Mustafayev. Azərbaycanın maddi mədəniyyət tarixi (etnoqrafik materiallar
əsasında tipoloji tədqiqat). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2009,
420
səh.
Monoqrafiya Azərbaycanın maddi mədəniyyət tarixinin etnotipoloji tədqiqinə həsr olun-
muşdur. Azərbaycanın tarixi etnoqrafiyasında bu sayaq tədqiqat ilk dəfə aparılır. Əsərdə
xalqımızın ötən nəsilləri tərəfindən yaradılmış maddi mədəni sərvətlərin tipoloji növləri ilkin
olaraq tam və əhatəli şəkildə araşdırılmışdır. Maddi mədəniyyət nümunələri təkamülünün dərin
qatlarını izləmək üçün əsərdə etnoqrafik faktlarla yanaşı, yeri gəldikcə, digər məxəzlərdən,
xüsusilə arxeoloji, yazılı mənbə, terminoloji, sənətşünaslıq məlumatlarından da istifadə olun-
muşdur.
Əsər tarix, etnoqrafiya, mədəniyyətşünaslıq, arxeologiya, sənətşünaslıq və digər ix-
tisaslardan olan mütəxəssislər, tarixçi tələbələr, habelə Azərbaycan xalqının mədəni irsi ilə
maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
2009
011
)
07
(
658
011
0503020907
−
−
−
−
M
M
© «Bakı Universiteti» nəşriyyatı, 2009
3
MÜƏLLİFDƏN
Azərbaycanın maddi mədəniyyət tarixinin tipoloji baxımdan tədqiq olunması ideyası hələ
keçən əsrin sonlarında meydana çıxmışdır. Elə bu niyyətlə də, Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 1 fevral 1989-cu il tarixli 76 saylı əmrinə əsasən Bakı Dövlət Universiteti tarix
fakültəsinin nəzdində onun struktur vahidi kimi Azərbaycanın maddi mədəniyyət tarixi elmi-
tədqiqat laboratoriyası təsis olunmuşdur.
Belə bir elmi tədqiqat özəyinin yaradılması real həyati ehtiyacdan irəli gəlmişdir. Məlum
olduğu kimi, XX əsrdə Azərbaycanın bir sıra bölgələrində səmərəli arxeoloji və etnoqrafik çöl-
tədqiqat işləri aparılmış, olduqca dəyərli maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Həmin
faktik materiallar əsasında ayrı-ayrı abidələrə həsr olunmuş xeyli monoqrafik əsər və çoxsaylı
məqalələr yazılmışdır. Lakin pərakəndə səciyyə daşıyan bu tədqiqatların nəticələri əsasında
Ümumazərbaycan məkanında ümumiləşdirici monoqrafik əsər yazılmamışdır. Ən başlıcası isə,
həmin araşdırmalarda bu problemin tədqiqinin tipoloji aspekti nəzərdən qaçırılmış, əsas diqqət
ənənəvi maddi - mədəni örnəklərin aşkarlanıb təsbit edilməsinə və onların təsviri şərhinə
yönəldilmişdir. Bu səbəbdən də, xalqımızın minilliklər boyu yaratdığı nadir mədəni dəyərlərin, o
cümlədən, zəngin maddi-mədəni örnəklərin təkamül tarixi, xüsusilə də, onun tipoloji zənginliyi
yetərincə araşdırılmamışdır. Bu çatışmazlığın aradan qaldırılması zərurəti Azərbaycan xalqının
zəngin maddi mədəni dəyərlərinin təkamül tarixini xüsusi olaraq, tipoloji baxımdan hərtərəfli və
dərindən tədqiq edən əlahiddə bir elmi mərkəzin yaradılmasını labüd etmişdir.
Belə bir elmi tədqiqat özəyinin yaranması lüzumu həm də ölkəmizin hüdudlarından
kənarda elliklə məskunlaşmış soydaşlarımızın yaşadıqları tarixi ərazilərdə: Gürcüstan (Borçalı,
Başkeçid, Pəmbək), Ermənistan (Göyçə, Dərələyəz, Vedi, Gümrü, Zəngəzur), Dağıstan
(Dərbənd), İran, İraq, Türkiyə, Orta Asiyada arxeoloji və etnoqrafik çöl tədqiqat işlərinin
aparılması zərurətindən irəli gəlirdi. Qürbətə düşmüş soydaşlarımız doğma vətənlərindən
kənarda da qurub yaratmaq əzmlərini itirməmişlər. Əsaslı tədqiqata möhtac olan, lakin uzun
müddət elmi araşdırma orbitindən kənarda qalan həmin etnomədəni dəyərlərin hərtərəfli və
dərindən öyrənilməsi lüzumu tarixşünaslığımız üçün olduqca önəmli olub mühüm elmi
əhəmiyyət kəsb edirdi. Ölkəmizin müstəqillik yoluna qədəm qoyması da bu işıqlı ümidləri xeyli
dərəcədə artırırdı. Bütün bu amillər respublikamızın ali təhsil sistemindəki tədris müəssisələrinin
nəzdində Azərbaycan xalqının maddi mədəniyyət tarixini xüsusi olaraq tədqiq və tədris edən
mükəmməl bir elmi mərkəzin təsis olunmasını təkidlə tələb edirdi.
Laboratoriya qarşısında Universitetin tarixçi tələbələrini çöl-tədqiqat işlərinə cəlb etmək,
arxeoloji qazıntı və etnoqrafik araşdırma işlərinin əməli təcrübəsini onlara mənimsətməkdən
əlavə, həm də Azərbaycan xalqının qədim və zəngin maddi mədəniyyətinin təkamül tarixini
tipoloji baxımdan tədqiq edib monoqrafiya halında çapa hazırlamaq vəzifəsi qoyulmuşdur.
İki cilddən ibarət olan və əlyazması halında başa çatdırılan həmin monoqrafiyanın ilk
cildində Azərbaycanın maddi mədəniyyət abidələrinin təkamül tarixi arxeoloji faktlar əsasında,
qədim daş dövründən başlamış son orta əsrlərədək izlənilmişdir. Əsərin digər cildində
Azərbaycan xalqının maddi mədəniyyət örnəkləri etnoqrafik materiallar əsasında təsnif edilərək,
etnotipoloji cəhətdən müfəssəl tədqiq edilmişdir. Hələlik monoqrafiyanın yalnız etnoqrafik
cildinin ixtisar variantını lazımi illüstrasiyalarla təchiz edib çapa təqdim etmək mümkün
olmuşdur.
Maddi-texniki çətinliklər, kifayət qədər maliyyə məsrəfi və yüksək ixtisaslı texniki
işçilərdən ibarət mütəxəssis kadrların (rəssam, cizgiçi, memar, bərpaçı, fotoqraf) çatışmaması
üzündən bu cildin nəşri xeyli müddət yubanmışdır.
Bununla belə, əsərin nəşrinə yönəlmiş xeyirxah səylər də az olmamışdır. Bu baxımdan ilk
növbədə monoqrafiyanın yüksək poliqrafiya səviyyəsində çap olunmasında lütfkar səylərini və
hərtərəfli köməyini əsirgəməyən BDU-nun rektoru, millət vəkili, akademik Abel Məmmədəli
oğlu Məhərrəmova dərin minnətdarlığımı bildirirəm.
4
Azərbaycanın maddi mədəniyyət tarixinin tipoloji baxımdan tədqiq olunmasına rəvac
verən, onun tədris və təbliğ edilməsinin ilk təşəbbüskarı olmaq etibarı ilə AMEA-nın müxbir
üzvü, millət vəkili Yaqub Mikayıl oğlu Mahmudovun xidmətlərini minnətdarlıqla xatırlayıram.
Əsərin işıq üzü görməsində xeyirxah səylərini əsirgəməyən «Bakı Universiteti»
nəşriyyatının direktoru İslam Şirinova, nəşriyyatın əməkdaşları Ulduza Saniyevaya, Azadə
İmanovaya və BDU-nun Tarix fakültəsi «Azərbaycanşünaslıq» ETM-in əməkdaşı Sevil
Heydərovaya səmimi təşəkkürümü bildirirəm.
Monoqrafiyanın müvafiq bölmələrinə aid rəngli illüstrasiyaların hazırlanmasında
Azərbaycan Dövlət İncəsənət Muzeyinin, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin, «Şirvanşahlar sarayı» kompleksi Dövlət Tarixi-Memarlıq Qoruğu Muzeyinin elmi
əməkdaşlarının, nəhayət Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir
Əmiraslanovun və peşəkar fotoqraf Mübariz Hüseyn oğlu Dadaşovun təmənnasız köməyi
olmuşdur. Onların xeyirxah səylərini yüksək qiymətləndirir və minnətdarlığımı bildirirəm.
5
GİRİŞ
1.Azərbaycanın maddi-mədəni irsinin inkişaf mərhələləri
İbtidai icma cəmiyyətinin maddi mədəniyyət örnəkləri
Azərbaycan ərazisinin füsunkar təbii-coğrafi şəraiti biososial varlıq olmaq etibarilə ibtidai
insanın təşəkkül tapması üçün zəruri şərt olan hər cür əlverişli ekoloji amillərə: mülayim iqlimə,
zəngin flora və fauna aləminə malik olmuşdur. Məhz ekoloji şəraitin bu cür əlverişli olması
səbəbindən Cənubi Qafqazın bu dilbər guşəsi tarixən dünyanın ilk sivilizasiya mərkəzlərindən
birinə çevrilmişdir. Yaşı milyon yarım ili haqlamış dünya şöhrətli Azıx düşərgəsi və onun ibtidai
sakinlərindən biri hesab edilən azıxantrop olduqca münbit və bol təbii qida mühitində təşəkkül
tapmışdır. Təbiətin səxavəti üzündən tarixi Azərbaycan ərazisi dünyanın ən qədim sivilizasiya
beşiklərindən birinə çevrilmişdir. Bu ərazidə zaman etibarı ilə biri-digərini əvəz edən bir sıra
arxeoloji mədəniyyət örnəyi təşəkkül tapmışdır.
Ölkəmizin ilk arxeoloji mədəniyyətlərindən biri Kiçik Qafqazın cənub-şərq ətəklərinə
düşən Quruçay hövzəsində təşəkkül tapmışdır. Quruçay mədəniyyəti daşıyıcıları çaydaşından
bəsit əmək alətlərinin ilk tipoloji nümunələrini yaratmaqla, yurdumuzun qədim sakinlərinin
sonrakı sosial-mədəni tərəqqisinə texniki zəmin hazırlamışdır.
İbtidai icma cəmiyyətinin maddi mədəniyyəti bilavasitə insanın yaranması prosesinin
gedişində təşəkkül tapmaqla, zaman etibarı ilə o, 1,5-2 milyon ilə yaxın çox böyük tarixi mər-
hələni əhatə edir. İbtidai insanın yaranmasının ilk mərhələsi üçün səciyyəvi olan erkən ovçuluq,
yığıcılıq, bəsit əmək alətləri və oddan istifadə kimi ümdə mədəni dəyərlər meydana gəlmişdir.
İnkişaf etmiş ovçuluq, ixtisaslaşmış yığıcılıq, habelə torpağın bəsit becərilməsi (toxa
əkinçiliyi) və maldarlığın meydana gəlməsindən başlamış ilk sinifli cəmiyyətlərin yaranmasına
qədərki çox geniş dövrün maddi mədəniyyət tarixinin öyrənilməsi arxeoloji araşdırmalarla
yanaşı, həm də etnoqrafik tədqiqat orbitinə daxildir.
Azıx mağarasının Şel və Aşel dövrlərinə aid alt mədəni təbəqələrindən çaydaşından dü-
zəldilmiş ən bəsit əmək alətləri aşkar olunmuşdur. Bunların arasında «giqantolit» adlanan və
bənzərinə dünyanın paleolit abidələri arasında çox nadir hallarda təsadüf edilən iri (azman) daş
alətlər diqqəti cəlb edir. Bununla yanaşı, mağaradan yurdumuzun ən qədim sakinlərindən olan
azıxantroplara məxsus daşdan düzəldilmiş əl çapacağı, kobud çapılmış bizvari alətlər, itiuclular,
bəsit qaşovlar tapılmışdır.
1
Bütün bu faktlar Azərbaycan ərazisində ibtidai insanın uzaq daş
dövründə təşəkkül tapdığını göstərən nadir maddi mədəniyyət nümunələri olub misilsiz elmi
əhəmiyyətə malikdir.
Azərbaycanda paleolit dövrünün maddi mədəniyyət örnəkləri mağara məskənləri və (Azıx,
Damcılı, Daşsalahlı, Tağlar və s.) açıq tipli düşərgələr (Qayalı, Acıdərə, Şişquzey, Qədirdərə,
Çaxmaxlı, Marallı və s.), habelə onlardan əldə olunmuş müxtəlif tipoloji növə malik daş alətlərlə
təmsil olunur.
2
Quruçay mədəniyyəti dövründə daşişləmə texnikasının təkmilləşməsi Mustye və Son
paleolit mədəniyyətlərinin yaranması ilə nəticələnmişdir.
Mustye (orta paleolit) dövrünün əmək alətlərini düzəltmək üçün qədim insanlar xammal
kimi təkcə çay daşından deyil, «obsidian» adlanan vulkan şüşəsindən də istifadə etməyin
yollarını öyrənib mənimsəmişdilər. Bu fakt yurdumuzda Mustye mədəniyyətinin ən gözəçarpan
nailiyyətlərindən biri sayılır. Mustye dövrü insanlarının digər sosial uğuru bu dövrün sonlarından
etibarən qəbilə quruluşunun təşəkkül tapması olmuşdur.
3
Azərbaycanın son paleolit abidələrindən (Tağlar, Damcılı, Yataq yeri) əldə olunmuş maddi
mədəniyyət nümunələri, əsasən, çaxmaqdaşı, bazalt, obsidian və dolomitdən olub daha təkmil
texniki üsullarla hazırlanmışdır. Bunların çoxu uzunsov qəlpələrdən düzəldilmiş mikrolit
alətlərdən (bıçaq, biz, qaşov, kəski və s.) ibarət olmuşdur.
4
Paleolit dövrünün mədəni-texniki uğurları, öz növbəsində, Mezolit mədəniyyətinin təşəkkül
tapmasına gətirib çıxarmışdır.
Qədim daş dövrünün başa çatması ilə əlaqədar Azərbaycan ərazisində məskunlaşmış ibtidai
icmaların həyatında, həm də onların maddi mədəniyyət tarixində yeni bir mərhələ başlanmışdır.
6
Elmdə «mezolit» adı ilə bəlli olan orta daş dövrü (e.ə. X-VIII minilliklər) ölkəmizin qədim
sakinlərinin həyatına yeni növ əmək alətlərinin yaranması ilə qədəm qoymuşdur. Mezolit
mədəniyyətinin ən böyük uğuru ox və kamanın kəşfi olmuşdur.
5
Bunun sayəsində ovçuluq
təsərrüfatında əmək məhsuldarlığı xeyli yüksəltmiş, fərdi ovçuluğa keçmək imkanı yaranmışdır.
Mezolit dövründə daşişləmə texnikasının təkmilləşməsi nəticəsində həm əmək aləti, həm
də silah kimi istifadə olunan, elə bu səbəbdən də, universal səciyyə daşıyan daş məmulatının rolu
getdikcə artmış, həyati əhəmiyyəti daşıyan müxtəlif əməliyyatların yerinə yetirilməsində onların
faydalı iş əmsalı yüksəlmişdir.
Qədim və orta daş dövründə məhsuldar qüvvələrin inkişafı mədəni-texniki tərəqqinin
artmasına gətirib çıxarmışdır. Bunun nəticəsində daşişləmə texnikası daha da təkmilləşmiş, onun
bir sıra yeni texniki üsulları meydana gəlmişdir. Çapma, qəlpələmə, dişəmə, cilalama,
pardaxlama kimi texniki üsullar bilavasitə ibtidai icma tarixinin daş dövrü mərhələsində icad
olunmuşdur.
Mezolit dövründə xırda ölçülü mikrolit alətlər xeyli təkmilləşmiş, iti ucluqlu (qurama)
silahqayırma texnikası meydana çıxmışdır. Damcılı və Qobustan tapıntıları buna parlaq
nümunədir. Bütün bu texniki irəliləyişlər, o cümlədən, ox və kamanın ixtirası tədricən təbiətin
hazır məhsullarını mənimsəməkdən bilavasitə istehsal təsərrüfatına keçilməsi üçün əlverişli
zəmin yaratmışdır.
6
Həmin keçid «neolit» adlanan yeni daş dövründə (e.ə.VIII-VI minillik) baş vermişdir.
Azərbaycanın neolit mədəniyyətinin uğurları təkcə daş alətlərin işlənmə texnikasının
təkmilləşməsi, daha təkmil alət və silahların hazırlanması ilə bitmir. Bu dövr həm də istehsal
təsərrüfatının, başqa sözlə, əkinçilik və maldarlığın yaranması ilə səciyyələnir.
Neolit dövründə oturaq əmək məşğuliyyətinin (toxa əkinçiliyi, ev maldarlığı) və bununla
əlaqədar oturaq həyat tərzinin bərqərar olması daimi səciyyə daşıyan möhrə, daş və ya çiy kərpic
ilə hörülmüş ev tiplərinin və kəndlərdən ibarət ilk daimi məskən növlərinin yaranmasını labüd
etmişdir.
Neolit mədəniyyətinə xas olan oturaq məişət tərzi üç böyük mədəni nailiyyətin
yaranmasına gətirib çıxarmışdır. Əvvəla, bununla oturaq əkinçi və maldar tayfalara məxsus icma
kəndləri və köçəbə tayfalara xas olan elat obalarından ibarət, qan qohumluğuna əsaslanan ilk
nəsli qəbilə məskənləri yaranmışdır. İkincisi, oturaq məskənlərin meydana gəlməsi vaxtı ilə
gəzərgi həyat tərzi keçirən qəbilə və tayfaların müəyyən bir məkana bağlanıb qalmasını zəruri
etmiş, «yurd» anlayışı yaratmışdır. Üçüncüsü, oturaq məişət tərzinin yaranması qarşılıqlı
ünsiyyət əlaqələrinin və qohumluq münasibətlərinin güclənməsinə əlverişli sosial-mədəni zəmin
yaratmışdır. Bütün bu mütərəqqi irəliləyişlər isə təsərrüfat fəaliyyəti üçün əlverişli şəraitə malik
olan məskunlaşma ərazilərində etnikləşmə prosesinin ilk rüşeymlərinin yarandığını göstərirdi.
Neolit dövrü, habelə, maddi mədəniyyətin zənginləşməsi, onun bir sıra yeni tipoloji
növlərinin yaranması ilə xarakterizə olunur. Əkinçilik və maldarlıq məhsullarının emalı,
saxlanması, bişirilib qida halına salınması yeni tip əmək alətlərinin (daş və sümük toxa, həvəng
və sürtkəclər) yaranmasını, müxtəlif növ qabların ( gil, toxuma, dəri) və bişirmə vasitələrinin
( çölmək, küvəc, küpə, sac, təndir və s.) meydana gəlməsini də labüd etmişdir.
Yurdumuzun neolit sakinləri mədəniyyət tarixində ilk dəfə olaraq daşı kəsməyi, deşməyi və
cilalamağı öyrənmişlər. Bu texniki üsullarla daşdan düzəldilmiş toppuz nümunələri Kültəpə,
Çalağantəpə, Qarğalar təpəsi və digər abidələrdən aşkar olunmuşdur.
7
Təbriz ətrafındakı Yanıqtəpə, Urmiya gölü civarındakı Həsənli kəndi yaxınlığında
Firuztəpə, Xanlar şəhəri həndəvərində Gillikdağ, Naxçıvan yaxınlığındakı Kültəpə, Abşerondakı
Qobustan düşərgələri (Ovçular zağası, Ana zağa, Kənizə) və digər neolit abidələri Azərbaycanın
ibtidai icma dövrü maddi mədəniyyət tarixini saysız-hesabsız yeni tipoloji nümunələrlə
zənginləşdirmişdir.
8
Əkin, biçin və döyümlə əlaqədar əmək alətləri, maldarlıq məhsullarının
emalı, saxlanması, bişirilməsi ilə bağlı müxtəlif formalı saxsı və dəri qabların ilk bəsit
nümunələri məhz bu dövrdə ixtira olunub mənimsənilmişdir.
9
Daşqura və möhrə hörgülü
divarlara malik sabit ev tipləri məhz bu dövrdən etibarən dəb düşmüşdür.
Yeni daş dövründə baş verən texniki irəliləyiş məhsuldar qüvvələrin sonrakı inkişafına
güclü təkan verməklə taxıl, ət, süd və ağartı məhsullarından ibarət etibarlı qida ehtiyatı
7
bolluğunun yaranmasına, insanların təbiətdən asılılığının xeyli dərəcədə azalmasına gətirib
çıxarmışdır.
Qida məhsullarının bişirilməsi (çörək və xörəkbişirmə) ənənələrinin sabitləşib müntəzəm
səciyyə alması da Azərbaycanın neolit mədəniyyətinin ən mühüm nailiyyətlərindən idi.
Əhliləşdirilmiş ev heyvanlarının bir qismindən həm də yük daşımaq üçün ilk dəfə nəqliyyat
vasitəsi kimi istifadə olunması faktı yenə də neolit dövründən başlanmışdır.
Neolit dövründə baş verən «aqrar inqilabı»nın gedişində torpağı becərmək üçün bir sıra
əkinçilik alətləri icad olunmuş, başlıca mədəni bitkilərin becərilməsinə başlanılmış, ev
heyvanları əhliləşdirilmiş, saxsı məmulatının ilk tipoloji növləri meydana gəlmişdir. Beləliklə,
insanın təbiətdən asılılığının aradan qaldırılması və ətraf mühitdən səmərəli istifadə olunmasına
keçid yolunda həlledici addımlar atılmışdır. Bütün bu mütərəqqi irəliləyişlər nəticəsində
yurdumuzun qədim sakinlərinin bütöv bir kompleks mədəni nailiyyətləri yaranmışdır.
Neolit dövrünün elə ilk mərhələlərindən etibarən əkinçiliyin maldarlıqdan ayrılması ictimai
əmək bölgüsünü daha da dərinləşdirmişdir. İbtidai icma tarixində baş verən bütün bu sosial-
mədəni nailiyyətlər öz növbəsində Cənubi Qafqazda etnik və məhəlli xüsusiləşməni xeyli
gücləndirmişdir. Bunun sayəsində də, hər birinin özünə məxsus sosial-mədəni xüsusiyyətləri və
texniki əmək vərdişləri olan müxtəlif etnosların yaranması prosesi başlanmışdır. Etnikləşmə
prosesində əmək məşğuliyyətinin təmayülü də mühüm rol oynamışdır. Oturaq əkinçi tayfalar
təsərrüfat məişəti və həyat tərzi baxımından maldar elatlardan seçilirdi.
Qeyd olunan mütərəqqi irəliləyişlər polimetal dövrü insanlarının mədəni tərəqqisində
müstəsna rol oynamışdır. Dulus kürələrinin təkmilləşməsi hərarətin artırılmasını təmin edən
körüklü metaləritmə və metalişləmə kürələrinə keçmək üçün yol açmışdır. Bu irəliləyişlər nəticə
etibarilə Azərbaycanda metallurgiyanın yaranmasına gətirib çıxarmışdır. Kiçik Qafqaz sıra
dağlarının Azərbaycan ərazisinə düşən filiz yataqlarının mənimsənilməsi sayəsində bu zəngin
diyar Qafqazın ən qədim metallurgiya ocaqlarından birinə çevrilmişdir.
E.ə.VI-IV minillikləri əhatə edən eneolit dövrünün mədəni-texniki irəliləyişləri həmin
prosesləri daha da gücləndirmiş, qan qohumluğuna əsaslanan etnik xüsusiləşməni xeyli dərəcədə
artırmışdır.
İlk metal (mis) məmulatının ( bıçaq, biz, iynə, sancaq, ox ucluğu) əldə olunması o zamanki
Azərbaycan icmalarının sosial-iqtisadi həyatında ciddi irəliləyişə səbəb olmaqla, ölkəmizdə tunc
texnologiyasına keçidin əsasını qoymuşdur.
Naxçıvan, Mil-Qarabağ, Gəncə-Qazax, Muğan, Qobustan, Urmiyaətrafı ərazilərdən aşkar
olunmuş oturaq əkinçi və maldar tayfalara məxsus eneolit abidələri (Kültəpə, Şomutəpə,
Qarğalar təpəsi, Babadərviş, Əlikömək təpəsi, Mişarçay, İlanlıtəpə, Yanıqtəpə, Dəlmətəpə və s.)
Azərbaycan əhalisinin istehsal təsərrüfatı sahəsində neolit sakinlərinə nisbətən xeyli qabağa
getdiklərini göstərir.
10
Məhsuldar qüvvələrin inkişafı və əhalinin sayının artması ölkənin dağlıq,
dağətəyi və düzənlik bölgələrində yeni-yeni ərazilərin təsərrüfat cəhətdən mənimsənilməsinə
şərait yaratmış, qonşu ölkələrlə iqtisadi əlaqələri gücləndirmişdir.
Mis külçəsi ərintisinə mərgümüş, qalay, qurğuşun və ya sink qatmaqla əldə olunmuş
tuncun ilk dəfə harada, hansı etnos tərəfindən kəşf olunması tarixi dəqiq bəlli olmasa da,
Azərbaycanda tuncun istehsalına və ondan daha möhkəm əmək alətləri və silahlar
hazırlanmasına hələ beş min il bundan əvvəl başlanmasına dair tutarlı arxeoloji dəlillər
mövcuddur. Hər şeydən əvvəl, qeyd edək ki, Azərbaycanın Kiçik Qafqaz bölgəsi (müasir
Gədəbəy, Daşkəsən, Dağlıq Qarabağ əraziləri) qədim zamanlardan tuncun əldə olunması üçün
zəruri xammal olan zəngin mis yataqlarına malik olmuşdur. Görünür, elə Azərbaycanın eneolit
sakinləri də ilk dəfə mislə məhz burada, Kiçik Qafqaz həndəvərində tanış olmuşlar.
Azərbaycanda hələ eneolit mədəniyyəti dövründə peyda olmuş dulus kürələrinin sonrakı
təkmilləşməsi, misəritmə sahəsində əldə edilmiş əməli təcrübə və vərdişlər burada tunc
texnologiyasının mənimsənilməsi üçün əlverişli zəmin hazırlamışdır.
Əvvəlcə mis filizinin əridilməsi, bir qədər sonralar isə qatışıq ərinti texnologiyasının
mənimsənilməsi misgərlik, daha sonra isə tuncgərlik peşələrinin, başqa sözlə, tunc metallurgi-
yasının yaranmasına gətirib çıxarmışdır. Beləliklə, 2 min ildən çox davam etmiş Eneolit
mədəniyyəti tədricən Erkən tunc dövrü mədəniyyəti ilə əvəz olunmuşdur. Erkən tunc dövründən
8
(e.ə. IV minilliyin sonu və III minillik) başlayaraq ənənəvi döymə texnikası tökmə üsulu ilə əvəz
olunmuşdur. Azərbaycanın erkən tunc dövrü abidələrindən tökmə üsulu ilə hazırlanmış əmək
alətləri və soyuq silahlarla yanaşı, xeyli miqdarda tunc üzüklər, bilərzik nümunələri, qəbzəsinin
üzəri bəsit oyma və həkketmə üsulları ilə naxışlanmış qılınc və xəncər aşkar olunmuşdur.
Tunc metallurgiyasının yaranması ilə yanaşı heyvanlardan qoşqu qüvvəsi kimi istifadə,
toxuculuğun inkişafı, yağ emalı, gil nehrələrin peyda olması, çörəkbişirmə vasitələrinin (gil sac,
təndir) təkmilləşməsi Erkən tunc dövrü mədəniyyətinin mühüm nailiyyətləri idi. Əkinçilik və
maldarlıqla yanaşı, sənətkarlığın, xüsusilə metal emalının inkişafı bu mədəniyyətin daşıyıcısı
olan yerli tayfaların ictimai həyatında ciddi dəyişikliklərə səbəb olmuş, əmlak bərabərsizliyinin
artmasına, patriarxatın cəmiyyətdə hakim mövqe tutmasına və tayfa başçılarının imtiyazlarının
artmasına şərait yaratmışdır.
Azərbaycanın tunc dövrü abidələrindən (Kültəpə, Babadərviş, Qaraköpəktəpə, Qobustan,
Həmşəra təpələri) misəritmə kürələrinin qalıqları, saxsı və daş qəliblər, puta, saxsı görük ucluğu
və s. aşkar olunmuşdur. Arxeoloji tapıntılar göstərir ki, Azərbaycanın tunc ustaları mis-
mərgümüş ərintisindən müxtəlif növ təsərrüfat alətləri, silah və bəzək əşyaları düzəltməyin
texnoloji üsullarına mükəmməl yiyələnmişlər.
Tunc dövrünün maddi mədəniyyət tarixi özünün inkişaf səviyyəsi və məhəlli etnomədəni
xüsusiyyətlərinə görə müxtəlif mərhələlərə və bir-birindən fərqli arxeoloji mədəniyyətlərə
ayrılır.
Azərbaycanda erkən tunc dövrü Kür-Araz mədəniyyəti ilə xarakterizə olunur. Etnik
mənsubiyyəti hürrilərə aid olduğu güman edilən bu mədəniyyətə xas olan abidələr ətrafı hasarla
möhkəmləndirilmiş təpə tipli məskənlərdən ibarət olub, Naxçıvan, Mil, Muğan, Min-gəçevir,
Qobustan, Urmiyaətrafı ərazilərdə (Göytəpə, Yanıqtəpə) geniş yayılmışdır.
Kür-Araz mədəniyyəti «təbərzin» adlanan tunc balta, oraq, biz, nizə ucluğu, sancaq
nümunələri ilə təmsil olunur. Bu mədəniyyətin daşıyıcıları çox vaxt daş, çiy kərpic və ya
möhrədən tikilmiş dairəvi planlı evlərdə yaşamışlar. Onlar toxa əkinçiliyindən şum əkinçiliyinə
keçmiş, torpağı iribuynuzlu heyvan (öküz və ya kəl) qoşulmuş xış vasitəsi ilə şumlamışdılar. Bu
səbəbdən də neolit və eneolit mədəniyyətlərinə xas olan buynuz və ya sümükdən hazırlanmış
toxalar bu dövrdən etibarən istifadədən çıxmağa başlamışdır. Kətan bitkisi ilk dəfə erkən tunc
dövründə becərilməyə başlamış, bu dövrdə bəsit suvarma sistemləri yaranmış, bağçılıq meydana
gəlmişdir.
11
Kür-Araz mədəniyyətinin mühüm nailiyyətlərindən biri də qoşqu nəqliyyatının, xüsusilə,
ikitəkərli arabaların meydana çıxması olmuşdur. Bu dövrə aid arxeoloji abidələrdən ortasında ox
keçirmək üçün deşik olan dairəvi lövhəcikdən ibarət saxsı təkərciklər («diyir»), qoşqu heyvanı
kimi istifadə olunmuş öküz fiqurları və s. tapılması bunu aydın göstərir.
12
Dəlidağın
yamaclarındakı qayaüstü rəsmlər arasında öküz qoşulmuş təkərli araba rəsmi də bu nəqliyyat
növünün o zaman yükdaşımadakı təsərrüfat rolundan xəbər verirdi.
Tunc dövründə maldarlığın, xüsusilə də, qoyunçuluğun inkişafı dağlardakı yaylaqlar
hesabına yeni otlaq sahələrinin mənimsənilməsini zəruri etmişdir. Yaylaq-qışlaq yemləmə
üsulunun meydana gəlməsi yarımoturaq səciyyə daşıyan köçəbə maldarlıq formasının və köçəbə
mədəniyyətinin təşəkkül tapmasına səbəb olmuşdur. Bu həm də yaylaqlarda daimi məskən
tiplərinin meydana gəlməsinə şərait yaratmışdır. Maldarlıq məhsullarının artması sərnic, goduş,
badya, nehrə və s. kimi bir sıra zəruri qab tiplərinin yaranmasını labüd etmişdir.
Məhsuldar qüvvələrin sonrakı inkişafı e.ə. II minilliyin əvvəllərində orta tunc dövrünün
daha yüksək mədəniyyət örnəyinin yaranması ilə nəticələnmişdir. Şəhər tipli ilk yaşayış
məskənləri – möhkəm müdafiə divarları ilə əhatə olunmuş şəhər-qalalar məhz bu dövrdə
yaranmış, daş və ağac vəllər, külbəli təndir, dulus çarxı və s. peyda olmuşdur.
13
Əmək məhsuldarlığının artmasına təkan verən bütün bu texniki irəliləyişlər qəbilə üzvləri
arasında əmlak bərabərsizliyinin artmasına, tayfa əyanlarının meydana çıxmasına sosial-iqtisadi
zəmin yaratmışdır.
Orta tunc dövründə metal məmulatı nümunələrinin hazırlanmasında döymə, tökmə, basma,
oyma, cızma, həketmə, lehimləmə texnikası başlıca yer tutmuşdur.
E.ə. II minilliyin ikinci yarısında Azərbaycanda son tunc dövrü başlanmışdır. Mingəçevir,
9
Yaloylutəpə, Xocalı, Qəbələ, Xınıslı, Qaratəpə və s. abidələrdən tapılan metal bəzək əşyaları
Azərbaycanda zinət istehsalının çox geniş əraziyə yayıldığını göstərir.
14
Mingəçevir və
Xocalıdan tapılmış tunc kəmərlər, həmçinin, Urmiya gölü ətrafındakı Həsənli təpəsindən aşkar
edilən qızıl cam, Ziviyə mahalından əldə edilən qızıl döşlük zərgərlik sənətinin ən gözəl
nümunələridir.
Bu dövrün sosial-iqtisadi inkişafı Xocalı-Gədəbəy, Talış-Muğan və Naxçıvan mədəniyyəti
adı ilə bəlli olan bir sıra məhəlli arxeoloji mədəniyyətləri törətmişdir. Son tunc dövründə şum
əkinçiliyi, köçəbə maldarlıq formaları, sənət istehsalı daha da inkişaf etmiş, erkən şəhər
mədəniyyəti təşəkkül tapmağa başlamışdır. Məhsuldar qüvvələrin artmasına, izafi məhsul
istehsalına və xüsusi mülkiyyətin meydana çıxmasına şərait yaradan bütün bu mütərəqqi
proseslər sinifli cəmiyyətin və dövlətin meydana gəlməsinə əlverişli zəmin hazırlamışdır.
Dostları ilə paylaş: |