Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin
aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27
nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008,
№11, maddə 981; 2010, №7, maddə 610, №8, maddə 720) ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak
obyektlərinə ünvan verilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.4-cü bənddə “kadastrının tərkib hissəsi olmaqla” sözləri “kadastrı ilə
əlaqələndirilməklə” sözləri ilə əvəz edilsin və aşağıdakı məzmunda ikinci cümlə
əlavə edilsin:
"Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə
təmin etmək məqsədi ilə tərtib edilir və aparılır .”;
1.2. 2.1-ci bənddə “nəqliyyat infrastrukturu obyektlərinin” sözlərindən sonra
“(prospekt, küçə və s.)” sözləri əlavə edilsin;
1.3. 2.4-cü bəndin birinci yarımbəndində “onun adı dəyişdirildikdə”
sözlərindən sonra “(bu halda ünvan nömrələri dəyişilmir)” sözləri əlavə edilsin;
1.4. 3.7.1-ci yarımbənddə “adı” sözündən sonra “və kodlaşdırılmış nömrəsi”
sözləri əlavə edilsin;
1.5. 3.7.2-ci yarımbənddə “adı (adları)” sözlərindən sonra “və kodlaşdırılmış
nömrəsi (nömrələri)” sözləri əlavə edilsin;
1.6. 3.7.4-cü yarımbənddə "nömrə" sözü "ünvan nömrəsi” sözləri ilə əvəz
edilsin;
1.7. aşağıdakı məzmunda 3.7-1-ci bənd əlavə edilsin:
"3.7-1. Ünvan nömrələri inzibati ərazi vahidlərinin və ya nəqliyyat
infrastrukturu obyektlərinin adları dəyişdirildikdə dəyişilmir. Ünvan nömrələri
ünvan reyestrində qeydə alınan istinad nöqtələrinə və rəqəmsal xəritələrə
bağlanılır. ";
1.8. 3.8-ci bənddə “(nömrəsinin)” sözü “(ünvan nömrəsinin)” sözləri ilə,
“Qaydaların 3.9-3.21-ci bəndlərinə” sözləri “Qaydalara” sözü ilə əvəz edilsin;
1.9. 3.9-cu, 3.10-cu, 3.11-ci, 3.12-ci, 3.13-cü, 3.14-cü və 3.15-ci bəndlər
aşağıdakı redaksiyada verilsin:
“3.9. Çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin
və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat
infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla
ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq
sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir.
3.10. Dalanlarda yerləşən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-
yaşayış sahələrinin girişlərinə ünvan nömrələrinin verilməsi dalanın nəqliyyat
infrastrukturu obyektinə çıxışı nəzərə alınmaqla, həmin çıxışdan başlayaraq həyata
keçirilir.
3.11. Çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir
tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və
qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən
mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi
mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin
ünvan nömrəsi binanın və ya qeyri-yaşayış obyektinin girişinin, həmin mərtəbənin
və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan
nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən
təmin edilir.
3.12. Bir neçə girişi olan daşınmaz əmlak obyektinə (çoxmənzilli binalar
istisna olmaqla) onun mülkiyyətçisinin və ya sifarişçisinin müraciəti əsasında,
həmin obyektin funksional təyinatı nəzərə alınmaqla, müəyyən edilmiş əsas girişə
uyğun olaraq vahid ünvan verilir.
3.13. Nəqliyyat infrastrukturunun mərkəzi xətlərinin yerləşmə mövqeyi ünvan
reyestrində qeydə alınır. Ünvan reyestrində nəqliyyat infrastrukturu obyektlərinin
adları və nəqliyyat infrastrukturu obyektinin başlanğıc və son nöqtələrinin coğrafi
koordinatları haqqında məlumat saxlanılmalıdır.
3.14. Ünvan nömrəsi 1-dən 9999-dək olan rəqəmlərdən istifadə etməklə bu
Qaydaların 3.9 - 3.11-ci bəndlərində göstərilmiş qaydada verilir. Ünvan
nömrələrinin verilməsi zamanı Ə, Ö, Ü, I, İ, Ç, J, Ğ, O, Ş hərfləri istisna olmaqla,
digər hərflərdən istifadə edilə bilər. Ünvan nömrəsi verilmiş obyektlər arasında
inşa edilmiş yeni tikilinin giriş ünvanına ünvan nömrəsi hərflərdən istifadə
olunmaqla verilə bilər. Rəqəmlərdən və hərflərdən ibarət ünvan nömrələri bərabər
statusa malikdir.
3.15. Ünvan reyestrinin aparılması məqsədləri üçün nəqliyyat infrastrukturu
obyektləri müəyyən edilmiş qaydada kodlaşdırılır və müvafiq göstəricilər məlumat
bazasına daxil edilir. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması zamanı
inzibati ərazi vahidlərinə və nəqliyyat infrastrukturu obyektlərinə verilmiş
nömrələr təkrarlanmır. Nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması,
nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi
xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi Azərbaycan Respublikası
Nazirlər Kabinetinin təsdiq etdiyi qaydada həyata keçirilir.”;
1.10. 3.16-cı, 3-17-ci, 3-18-ci, 3.19-cu və 3.22-ci bəndlər ləğv edilsin;
1.11. 4.2-ci bəndin üçüncü yarımbəndində:
1.11.1. “Xidmət” sözü “Komitə” sözü ilə əvəz edilsin;
1.11.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin
mülkiyyətçisinə bu barədə məlumat verir. ”;
1.12. aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilsin:
“4.4. Yeni nəqliyyat infrastrukturu obyekti istifadəyə verildiyi və ya nəqliyyat
infrastrukturu obyektinin adı dəyişdirildiyi halda, ad verən müvafiq icra
hakimiyyəti orqanı 3 gün müddətində Komitəni bu barədə məlumatlandırır. ”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. üç ay müddətində ünvan reyestri ilə inteqrasiya olunacaq digər dövlət
orqanlarının informasiya sistemlərinin dairəsini müəyyən etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. ünvan reyestri ilə digər dövlət orqanlarının informasiya sistemləri
arasında informasiya mübadiləsinin aparılmasını təmin etmək məqsədi ilə zəruri
tədbirləri həyata keçirsin;
2.3. iki ay müddətində nəqliyyat infrastrukturu obyektlərinin kodlaşdırılması,
nəqliyyat infrastrukturu obyektlərinin başlanğıc və son nöqtələrinin, mərkəzi
xətlərinin və kəsişmə nöqtələrinin müəyyən edilməsi qaydalarını təsdiq etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.5. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Mərkəzi və yerli icra hakimiyyəti orqanları nəqliyyat infrastrukturu
obyektləri və onlarda baş vermiş dəyişikliklərə dair məlumatların nəqliyyat
infrastrukturu obyektlərinin kodlaşdırılması və ünvan reyestrinə daxil edilməsi
məqsədi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsinə mütəmadi olaraq təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
5. Bu Fərman qüvvəyə mindiyi günədək verilmiş daşınmaz əmlak
obyektlərinə dair sənədlərdə qeyd edilən ünvanlar dəyişdirildikdə, həmin
sənədlərdən ünvan reyestrinə daxil edilmiş yeni ünvan göstərilməklə istifadə
olunur.
6. Bu Fərmanın 1-ci bəndi 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 fevral 2012-ci il
№ 590
Dostları ilə paylaş: |