Azərbaycan Respublikasının Hərbi doktrinasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının Hərbi doktrinası təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikası Milli Məclisinin sədri
O. ƏSƏDOV
Bakı şəhəri, 8 iyun 2010-cu il
№ 1029-IIIQR
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 iyun 2010-cu il, № 128) («VneshExpertService» LLC).
Azərbaycan Respublikası
Milli Məclisinin
2010-cu il 8 iyun tarixli,
1029-IIIQR nömrəli Qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının Hərbi doktrinası
I. Ümumi müddəalar
1. Azərbaycan Respublikasının Hərbi doktrinası (bundan sonra «Hərbi doktrina» adlandırılacaq) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir.
2. Azərbaycan Respublikası xalqın və ölkənin milli maraqlarını təmin etməyə qadir müstəqil, demokratik, hüquqi, dünyəvi, unitar dövlət olaraq, öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir. Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin tərkib hissələrindən biri hərbi sahədə və digər sahələrdə milli maraqların təmin edilməsinə yönəlmiş Azərbaycan Respublikasının müdafiə siyasətidir (bundan sonra «müdafiə siyasəti» adlandırılacaq).
3. Müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyasında (bundan sonra «Milli təhlükəsizlik konsepsiyası» adlandırılacaq), habelə həmin konsepsiyanın hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi doktrinada əks olunur.
4. Hərbi doktrina hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, onlara yetərli müqavimətin göstərilməsi, dövlətin, əhalinin və ərazinin müdafiəyə hazırlanması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması, müharibə və silahlı münaqişələrin qarşısının alınması, silahlı təcavüzün dəf edilməsi ilə bağlı məsələlərə dair Azərbaycan Respublikasının mövqeyini əks etdirir.
5. Hərbi doktrina Azərbaycan Respublikasının təhlükəsizlik mühitini və milli maraqlarının həyata keçirilməsinə mane olan və ya onlara təhlükə yaradan şərait, proses və amilləri təhlil edir.
6. Hərbi doktrina milli təhlükəsizliyin hərbi-strateji, hərbi-siyasi, hərbi-iqtisadi, hərbi-texniki və təşkilati əsaslarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin (bundan sonra «Silahlı Qüvvələr» adlandırılacaq) və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra «başqa silahlı birləşmələr» adlandırılacaq) vəzifələrini, onların hazırkı mərhələdə və perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetlərini müəyyən edir.
7. Hərbi doktrina zəruri və səmərəli müdafiə yetərliyi prinsipinə əsaslanır.
8. Hərbi doktrinanın hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ-hüquqi aktları, Milli təhlükəsizlik konsepsiyası, milli təhlükəsizlik sahəsində digər konseptual sənədlər, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
9. Hərbi doktrinanın müddəaları Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsinə yönəldilmiş hərbi, siyasi, iqtisadi, sosial, informasiya, hüquqi və digər tədbirlərin əlaqələndirilməsi vasitəsilə dövlət və yerli özünüidarəetmə orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən həyata keçirilir. Zərurət olduqda bu müddəaların həyata keçirilməsinə vətəndaş cəmiyyətinin təsisatları və ayrı-ayrı təmsilçiləri cəlb oluna bilər.
II. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti
10. Azərbaycan Respublikasının təhlükəsizlik mühiti qlobal və regional səviyyələrdə hazırda mövcud olan və gələcəkdə meydana çıxa biləcək müxtəlif qarşılıqlı əlaqəli amillər ilə müəyyən edilir. Milli təhlükəsizlik konsepsiyasında əks olunmuş müasir meyillər real və potensial təhdidlərin, o cümlədən hərbi sahədə milli təhlükəsizliyə təhdid və risklərin spektrini formalaşdırır, dövlət və yerli özünüidarəetmə orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən onların qabaqlanması, zərərsizləşdirilməsi və aradan qaldırılması üzrə fəaliyyətin xarakterinə təsir göstərir.
11. Qlobal təhlükəsizlik mühiti aşağıdakı nəticələrə səbəb olan köklü dəyişikliklərə məruz qalır:
-
dünyada paralel və qismən qarşılıqlı əlaqədə olan, çox vaxt terrorçuluq, qiyam, kütləvi itaətsizlik və digər zorakı hərəkətlərə çevrilən etnik və dini zəmində fəaliyyət genişlənir. Yoxsulluq, sosial-iqtisadi qeyri-bərabərlik, miqrasiya axınları, kənar müdaxilə, münaqişə zonalarının mövcudluğu və genişlənməsi, radikal və ekstremist dini-siyasi cərəyanlar dünyanın bir sıra regionlarında gərginliyin saxlanılması və artmasına şərait yaradır;
-
mütəşəkkil cinayətkarlığın, o cümlədən beynəlxalq terrorçu qruplaşmaların və müxtəlif üsyançı hərəkatların dünyada cərəyan edən siyasi proseslərə təsiri getdikcə artmaqdadır;
-
maliyyə və iqtisadi böhranlar getdikcə daha qlobal xarakter alır və müxtəlif regionlardakı iqtisadi, siyasi və sosial sabitliyə mənfi təsir göstərir;
-
tükənməkdə olan təbii resursların, ilk növbədə enerji ehtiyatlarının əldə olunması uğrunda gedən rəqabət nəticəsində dövlətlərarası gərginlik getdikcə daha da artır;
-
ayrı-ayrı dövlətlərin və qeyri-dövlət subyektlərinin kütləvi qırğın silahlarını və onların çatdırılma vasitələrini əldə etməyə yönəlmiş səyləri bu tipli silahların yayılmaması rejimini təhlükə qarşısında qoyur;
-
yeni bio- və nanotexnologiyaların sürətli inkişafı və yayılması terrorçu qüvvələr üçün bioloji müharibələri aparmaq və ya bioterror aktlarını törətmək imkanları yaradır. Bu tendensiya digər mühüm texnologiyalara, ilk növbədə destruktiv məqsədlərə yönəldilə bilən, dövlətlərin, bütövlükdə beynəlxalq birliyin maraqlarına böyük ziyan vurmağa qadir informasiya texnologiyalarına da aiddir;
-
eyni zamanda, artıq bir çox dövlətlər ucuz və asanlıqla əldə olunan adi silahların yayılması və istifadə edilməsi nəticəsində xeyli insan və maddi itkiləri verməkdədirlər;
-
humanitar və təbii fəlakətlər, ölümcül xəstəliklər və digər təhdid və risklər yaşayış mühitinə getdikcə daha güclü mənfi təsir göstərir.
12. Son illərdə köklü dəyişikliklərə məruz qalan beynəlxalq əlaqələr sistemindəki siyasi, iqtisadi və sosial proseslərin müxtəlif dövlətlər tərəfindən fərqli və ziddiyyətli qiymətləndirilməsi dövlətlərarası münasibətlərin gərginləşməsinə səbəb olmuş, hazırda sabitliyə və beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərməkdə davam edir.
13. Azərbaycan Respublikasının yerləşdiyi regionunun təhlükəsizlik mühitinə aşağıdakı amillər təsir edir:
-
siyasi, hərbi, iqtisadi və sosial xarakterli ziddiyyətlərin təsiri altında regiondakı geosiyasi vəziyyətin qeyri-sabitliyi;
-
hərbi-siyasi xarakterli, o cümlədən təcavüzkar separatizmlə şərtlənən həll olunmamış münaqişələrin mövcudluğu;
-
regiondakı münaqişələrin iqtisadi maraqlara mənfi təsirinin artması, o cümlədən region dövlətlərinin ərazisindən keçən enerji və nəqliyyat infrastrukturunu təhlükə altına qoyması.
14. Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikası ərazisinin bir hissəsinin işğalı, Ermənistanın vaxtilə azərbaycanlılar yaşamış bölgələrində və Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində etnik təmizləmə siyasətinin aparılması, iqtisadi və sosial infrastrukturun dağıdılması ilə nəticələnmiş təcavüz aktının davam etdirilməsi Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mənfi təsir göstərən əsas amildir.
15. Azərbaycan Respublikasının işğal olunmuş əraziləri beynəlxalq nəzarətin hər hansı formasından kənarda qalmışdır. Nəticədə həmin ərazilərdə:
-
«Avropada adi silahlı qüvvələr haqqında» 1990-cı il Müqaviləsinin və «Etibarın möhkəmləndirilməsi və təhlükəsizlik tədbirləri üzrə danışıqlar haqqında» 1999-cu il Vyana Sənədinin inspeksiya fəaliyyəti ilə əhatə olunmayan, uçota alınmayan və nəzarət edilməyən silah-sursat və hərbi texnika toplanmışdır;
-
insan hüquqlarının təmin və müdafiə edilməsi üzrə milli və beynəlxalq mexanizmlər işləmir;
-
insan alveri, narkotik və psixotrop maddələrin qeyri-qanuni istehsalı və dövriyyəsi baş verir, eləcə də silah ticarəti üzrə tranzit marşrutları yaradılmışdır;
-
qanunsuz silahlı birləşmələr və terrorçular üçün bazalar yaradılmışdır;
-
qeyri-qanuni məskunlaşdırma aparılır;
-
təbii sərvətlər talan edilir, nadir flora və fauna növlərinin nəsli kəsilir, ekoloji mühitə ciddi ziyan vurulur;
-
Ermənistan Respublikasının ərazisində tarixən azərbaycanlıların yaşadıqları yerlərdə və Azərbaycan Respublikasının işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərində ümumdünya tarixi və mədəni irsinin tərkib hissəsi olan maddi-mədəniyyət abidələri məhv və talan edilir.
16. Ermənistan Respublikası tərəfindən işğal edilmiş ərazilərin müvəqqəti olaraq Azərbaycan Respublikasının hakimiyyət orqanlarının nəzarətindən kənarda qalması yalnız milli təhlükəsizliyə deyil, regional təhlükəsizliyə də ciddi təsir göstərir. Bu vəziyyət beynəlxalq birliyin problemin həllində göstərdiyi səylərin səmərəsizliyi nəticəsində daha da ağırlaşır.
17. Ayrı-ayrı qüvvələrin Azərbaycanın müxtəlif bölgələrində separatçı meyilləri qızışdırmaq cəhdləri davam etməkdədir.
18. Bununla yanaşı, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə bilavasitə təsir göstərən və ya təsir göstərə bilən digər müxtəlif xarici amillər kompleksi mövcuddur:
-
beynəlxalq təhlükəsizliyin təminatına bilavasitə cavabdeh olan bir sıra beynəlxalq təşkilatların səmərəsiz fəaliyyətləri fonunda beynəlxalq münasibətlərdə hərbi gücün əhəmiyyəti, siyasi və iqtisadi maraqların reallaşması prosesindəki rolu nəzərəçarpacaq dərəcədə artır;
-
Azərbaycan Respublikasının Avropa və Asiya arasındakı beynəlxalq ticarət və nəqliyyat-kommunikasiya xətləri qovşağındakı geosiyasi mövqeyi, zəngin neft və qaz resursları dövlətlərarası ziddiyyətlərin kəskinləşməsinə, regiondakı sabitliyin pozulmasına və milli təhlükəsizlik üçün hərbi təhdidlərin yaranmasına səbəb ola bilər;
-
Xəzər dənizinin Azərbaycan Respublikasına aid hissəsində karbohidrogen yataqlarının istismarı və dünya bazarlarına çıxarılması, habelə Azərbaycan Respublikasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı üzrə beynəlxalq enerji və nəqliyyat-kommunikasiya layihələrində, beynəlxalq birliyin sülhün dəstəklənməsi üzrə əməliyyatlarında, habelə koalisiya üzrə tərəfdaşların beynəlxalq terrorçuluqla mübarizə üzrə əməliyyatlarında Azərbaycan Respublikasının fəal iştirakı onun təhlükəsizlik mühitinə ciddi təsir edən amilə çevrilmiş və ölkənin terrorçu təşkilatların hədəfində olma ehtimalını əhəmiyyətli dərəcədə artırmışdır.
III. Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdidlər
19. Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun, xalqın və ölkənin milli maraqlarının, insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin hərbi və siyasi, habelə digər təhdidlərdən qorunması dövlətin hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində başlıca vəzifələrindən biridir.
20. Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təsir göstərən real və potensial təhdidlər qismində xarici və daxili hərbi və siyasi təhdidlər, habelə digər təhdidlər nəzərdə tutulur.
21. Əsas xarici hərbi və siyasi təhdidlər aşağıdakılardır:
-
Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması;
-
Azərbaycan Respublikasının daxili işlərinə hər hansı mümkün kənar hərbi müdaxilə;
-
Azərbaycan Respublikasının xarici hərbi asılılığa düşməsi;
-
Azərbaycan Respublikasına qarşı qonşu dövlətlər tərəfindən ərazi iddialarının irəli sürülməsi;
-
Azərbaycan Respublikasının daxili siyasi və sosial-iqtisadi vəziyyətinin gərginləşdirilməsinə, sabitliyin pozulmasına yönəldilmiş hər hansı fəaliyyət növləri, o cümlədən separatçı və dini-ekstremist hərəkatların dəstəklənməsi, digər dövlətlər tərəfindən Azərbaycan Respublikasının ərazisinə göndərilməsi üçün qanunsuz silahlı qrupların və terrorçuların hazırlanması;
-
qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı və ya həmin ölkələrdə daxili münaqişələrin, hərbi əməliyyatların, silahlı qiyamların, yaxud hərbi və ya hərbi-siyasi qeyri-sabitliyin digər formalarının mövcudluğu;
-
regional hərbi tarazlığın pozulması və müdafiə yetərliyi həddindən kənara çıxması, o cümlədən regionda və ya Azərbaycan Respublikasının dövlət sərhədlərinin və ərazi sularının bilavasitə yaxınlığında hərbi bazaların yaradılması, qoşun qruplaşmalarının cəmləşdirilməsi, silahların və digər hərbi iştirakın artırılması;
-
Azərbaycan Respublikasının dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr tərəfindən pozulması, sərhəd mübahisələri və ya münaqişələrinin kəskinləşməsi;
-
ayrı-ayrı dövlətlərin, təşkilatların və terrorçu qrupların hərbi-siyasi iddiaları kontekstində nüvə və digər kütləvi qırğın silahı növlərinin, onların çatdırılma vasitələrinin və ən yeni hərbi istehsal texnologiyalarının yayılması.
22. Əsas daxili hərbi və siyasi təhdidlər aşağıdakılardır:
-
daxili sabitliyin və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəldilmiş terrorçu, dini-ekstremist, millətçi-separatçı təşkilat və strukturların güc tətbiq etməklə həyata keçirdikləri qanunazidd fəaliyyət;
-
konstitusiya quruluşu əleyhinə qəsdlər, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilati strukturunun dağıdılması və ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş cəhdlər;
-
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılması cəhdləri;
-
təxribat, terror aktları və digər qanunazidd əməlləri həyata keçirmək üçün istifadə oluna bilən silah-sursatın, partlayıcı maddələrin və digər vasitələrin Azərbaycan Respublikasının ərazisində qanunsuz toplanması və dövriyyəsi;
-
Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə təhdid yaradan mütəşəkkil cinayətkarlıq və digər qanunazidd fəaliyyət;
-
hərbi əhəmiyyətli və mühüm dövlət obyektlərinə, kommunikasiya qurğularına və informasiya infrastrukturuna qarşı silahlı hücumlar və təxribatlar.
23. Digər təhdidlər aşağıdakılardır:
-
təbii fəlakətlər və texnogen qəzalar;
-
kütləvi şəkildə qeyri-qanuni miqrasiya;
-
radioaktiv, kimyəvi və bioloji materialların qeyri-qanuni dövriyyəsi.
24. 23-cü bənddə göstərilən təhdidlərin milli təhlükəsizliyə ziyanının miqyası nəzərə alınaraq, müəyyən şəraitdə onların qarşısının alınmasında və ya aradan qaldırılmasında qanunla müəyyən edilmiş qaydada Silahlı Qüvvələr və başqa silahlı birləşmələr cəlb oluna bilər.
IV. Azərbaycan Respublikasının müdafiə siyasəti
25. Müdafiə siyasəti dövlətin hərbi təhlükəsizliyini təmin etmək məqsədi ilə hərbi, siyasi, iqtisadi və sosial tədbirlər əsasında formalaşır və Azərbaycan Respublikasının milli maraqlarının həyata keçirilməsi üçün əlverişli daxili və xarici şəraitin yaradılmasına xidmət edir.
26. Müdafiə siyasəti qeyri-hərbi xarakterli tədbirlərin (qonşu və digər dövlətlərlə dostluq, tərəfdaşlıq və ya müttəfiqlik münasibətlərinin qurulması, inkişafı və möhkəmləndirilməsi) döyüşə hazır müdafiə potensialının qorunub-saxlanması və inkişaf etdirilməsi ilə uzlaşdırılması vasitəsilə Azərbaycan Respublikasının milli təhlükəsizliyinə qarşı hərbi və digər təhdidlərin aşkarlanması, qabaqlanması, qarşısının alınması, məhdudlaşdırılması və zərərsizləşdirilməsinə yönəlmişdir.
27. Müdafiə siyasəti regiondakı hərbi-siyasi şəraitin və onun inkişaf meyillərinin sistemli təhlilinə, Azərbaycan Respublikasına qarşı real və potensial hərbi təhdidlərin kompleks qiymətləndirilməsinə əsaslanır və hərbi təhlükəsizliyin təmin edilməsi üçün obyektiv tələbatları və real imkanları, eləcə də ölkənin coğrafi mövqeyini və ərazinin landşaftını nəzərə alır.
28. Azərbaycan Respublikası müdafiə siyasətini formalaşdıraraq və həyata keçirərək:
-
beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir;
-
bütün dövlətlərlə dinc yanaşı yaşamağa səy göstərir;
-
beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq prinsiplərinin bərqərar olunmasına çalışır;
-
təcavüzə məruz qaldığı, habelə beynəlxalq-hüquqi öhdəliklərindən irəli gələn hallar istisna olmaqla, heç bir dövlətə qarşı hərbi əməliyyatlara başlamır;
-
başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir;
-
işğalın nəticələrini rəsmiləşdirmək məqsədi ilə Ermənistan Respublikasına və işğal etdiyi Azərbaycan ərazilərində qurduğu separatçı rejimə hər hansı siyasi, hərbi, iqtisadi və digər dəstəyi Azərbaycan Respublikasına qarşı əməl kimi qiymətləndirir;
-
Ermənistan Respublikasının Azərbaycan Respublikası ərazisinin bir hissəsini işğal altında saxlaması və problemin siyasi yolla tənzimlənməsi çərçivəsində işğal etdiyi əraziləri azad etməkdən imtina etməsi səbəbindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə hərbi güc daxil olmaqla bütün lazımi vasitələrdən istifadə etmək hüququnu özündə saxlayır.
29. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermir. Bununla belə, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan Respublikası öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır.
30. Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas prinsipləri aşağıdakılardır:
-
Silahlı Qüvvələrə və başqa silahlı birləşmələrə mərkəzləşdirilmiş rəhbərliyin onların fəaliyyətinə demokratik nəzarət ilə uzlaşdırılması;
-
Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinə potensial təhdidlərin qabaqcadan proqnozlaşdırılması, vaxtında aşkarlanması və qiymətləndirilməsi;
-
nəzərdə tutulan tədbirlərin qabaqcadan planlaşdırılması və hərtərəfli təminatı, onların vaxtında həyata keçirilməsi;
-
hərbi təhlükəsizliyin təmin edilməsi üçün zəruri olan qüvvə, vasitə və ehtiyatların yetərliyi, onların planlaşdırılması və səmərəli istifadəsi;
-
vahid dövlət hərbi-texniki siyasətinin həyata keçirilməsi;
-
hərbi quruculuq işlərinin hərbi təhlükəsizliyin tələbatları ilə uzlaşdırılması;
-
tərəfdaşlar ilə hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi.
31. Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsinə öz səlahiyyətləri çərçivəsində cavabdeh olan və müdafiə siyasətinin formalaşdırılması və həyata keçirilməsində iştirak edən dövlət orqanları, Silahlı Qüvvələr və başqa silahlı birləşmələr, digər aidiyyəti qurumlar hərbi təhlükəsizlik sistemini təşkil edirlər.
32. Azərbaycan Respublikasının dövlət orqanlarının, Silahlı Qüvvələrinin və başqa silahlı birləşmələrinin, digər aidiyyəti qurumlarının hərbi təhlükəsizliyin təmin edilməsi ilə bağlı səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ-hüquqi aktları ilə müəyyən edilir.
33. Hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində tədbirlər və vəzifələr Azərbaycan Respublikasının bütün qüvvə, vasitə və ehtiyatları ilə həyata keçirilir.
34. Müdafiə siyasətini təşkil edən, dövlət və yerli özünüidarəetmə orqanlarının qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində həyata keçirilən əsas tədbirlər, habelə Silahlı Qüvvələr və başqa silahlı birləşmələrin qarşısında qoyulan vəzifələr, səfərbərliyin səviyyəsi, döyüş hazırlığı dərəcəsi «dinc dövr», «real təhdid dövrü» və «müharibə (silahlı münaqişə) dövrü» adlanan üç şərti təhlükəsizlik şəraiti əsasında müəyyənləşdirilir.
35. Dinc dövrdə müdafiə siyasəti çərçivəsində aşağıdakı əsas tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
35.1. Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və onların toxunulmazlığının təmin edilməsi sahəsində:
-
Azərbaycan Respublikasının dövlət sərhədlərində real və potensial təhdidlərin dəf edilməsi, o cümlədən dövlət sərhədlərini qanunsuz olaraq dəyişdirmək cəhdlərinin qarşısının alınması, dövlət sərhədindən qanunvericiliklə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısının alınması və sərhədboyu zonada əhalinin və mülkiyyətin qorunması;
-
dövlət sərhəd rejiminə əməl olunmasının təmin edilməsi;
-
dövlət sərhədindən terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal miqrantların keçməsi, kütləvi qırğın silahlarının və onların komponentlərinin, silah-sursat, narkotik vasitələrin daşınması və digər qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması üçün sərhəd mühafizəsi sisteminin əməliyyat-texniki imkanlarının genişləndirilməsi, nəzarət-axtarış və operativ müdaxilə qabiliyyətinin artırılması;
-
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində sərhəd nəzarətinin həyata keçirilməsi.
35.2. Müdafiə və döyüş potensialının, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin yüksək döyüş qabiliyyətinin, səfərbərlik hazırlığının zəruri səviyyədə saxlanılması sahəsində:
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüş hazırlığının ümumi hərbi-elmi əsaslarla yüksəldilməsi, silahlı mübarizə vasitələrinin və onlara yiyələnmə vərdişlərinin daim təkmilləşdirilməsi, yeniləşdirilməsi və döyüşə hazır vəziyyətdə saxlanılması;
-
milli təhlükəsizliyə hərbi təhdidlərin qabaqcadan aşkarlanması və nəzarətdə saxlanılması, onların potensial təsirinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
-
müdafiə sənayesinin və zəruri hərbi infrastrukturun inkişaf etdirilməsi və təkmilləşdirilməsi;
-
müharibə vəziyyətinə vaxtında keçmə, hərbi və ya fövqəladə vəziyyətin tətbiqi ilə eyni vaxtda Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi üçün müvafiq hazırlığının saxlanılması.
35.3. Dövlət orqanlarının, ölkə iqtisadiyyatının, əhali və ərazinin müdafiəyə hazırlanması sahəsində:
-
dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların, iqtisadiyyatın və əhalinin müharibə dövründə fəaliyyət göstərməsi, ölkə ərazisinin müdafiəyə hazırlanması üçün səfərbərlik hazırlığının təmin edilməsi;
-
ölkə iqtisadiyyatının səfərbərliyə və müharibə dövrü şəraitinə hazırlığı və bu dövrə keçirilməsi ilə bağlı səfərbərlik planlarının hazırlanması;
-
müharibə dövründə dövlətin, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin tələbatının və əhalinin ehtiyaclarının ödənilməsi məqsədi ilə istehsal obyektlərinin yaradılması, inkişaf etdirilməsi və qorunub saxlanması;
-
dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının və təşkilatların ehtiyat idarəetmə məntəqələrinin yaradılması və müharibə dövrü şəraitində fəaliyyətə hazırlanması.
35.4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi sahəsində:
-
dinc və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə mülki müdafiə üzrə tədbirlər sisteminin yaradılması;
-
mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi ilə bağlı mülki müdafiə planının və mülki müdafiə sahəsində əsas tədbirlərin illik planlarının hazırlanması.
35.5. İkitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığın gücləndirilməsi və beynəlxalq təhlükəsizliyə töhfə verilməsi sahəsində:
-
tərəfdaş dövlətlərlə ikitərəfli və çoxtərəfli hərbi-siyasi əməkdaşlığın davam etdirilməsi;
-
təhlükəsizliyin bölünməzliyi prinsipini nəzərə alaraq, Azərbaycan Respublikasının yerləşdiyi regionun da daxil olduğu Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səylərin dəstəklənməsi, NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın davam etdirilməsi;
-
müharibələrin və silahlı münaqişələrin qarşısının alınması, sülhün dəstəklənməsi və ya bərpası ilə bağlı dünya birliyi və onun təhlükəsizlik strukturları ilə əməkdaşlığın davam etdirilməsi;
-
kütləvi qırğın silahlarının yayılmasının, işlənib hazırlanmasının, istehsalının, toplanmasının, əldə edilməsinin, saxlanılmasının və ötürülməsinin qarşısının alınmasında iştirak edilməsi;
-
terrorçuluğun bütün növləri ilə mübarizədə beynəlxalq birliyin səylərinin dəstəklənməsi.
36. Dinc dövrdə görülən tədbirlər ümumilikdə ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək, mümkün təhdidlərin qarşısını almaq və potensial düşməni Azərbaycan Respublikasına qarşı hər hansı bədxah əməllərdən, yaxud təcavüzkar hərəkətlərdən çəkindirmək məqsədi daşıyır.
37. Real təhdid dövründə müdafiə siyasəti çərçivəsində aşağıdakı əsas tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
37.1. Azərbaycan Respublikasına qarşı real silahlı hücum təhlükəsi yarandıqda ölkənin, əhalinin və ərazinin, eləcə də Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiəyə hazır vəziyyətə gətirilməsi sahəsində:
-
Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin, ümumi və ya qismən səfərbərliyin elan olunması, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarların qəbul edilməsi və icrası;
-
düşmənin təcavüzkar niyyətinin vaxtında aşkarlanması, təhdid olunan istiqamətdə cəmləşdirilmiş qoşun hissələrinin tərkibinin müəyyən edilməsi və yaranmış hərbi-siyasi vəziyyətin qiymətləndirilməsi;
-
ərazi və mülki müdafiə tədbirlərinin təşkili və onların həyata keçirilməsi;
-
silahlı, siyasi, diplomatik, informasiya, iqtisadi və digər müdafiə növlərinin və üsullarının təşkili və onların əlaqələndirilməsi;
-
təcavüzün dəf edilməsi məqsədi ilə dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların əlaqəli fəaliyyətinin təmin edilməsi;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin və ya onların hissələrinin qismən və ya tam operativ və strateji açılması, əməliyyatların yerinə yetirilməsi üçün onların tam hazırlıqlı vəziyyətə gətirilməsi;
-
ölkə iqtisadiyyatının və onun ayrı-ayrı sahələrinin, o cümlədən müəssisə və təşkilatların, nəqliyyat və kommunikasiyaların hərbi vəziyyət şəraitində nəzərdə tutulmuş iş rejiminə keçirilməsi.
37.2. Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, onun Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönəldilən hərəkətlərin, zorakılıqla müşayiət olunan kütləvi iğtişaşların, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün təhlükə yaradan digər münaqişələrin aradan qaldırılması sahəsində:
-
Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyətin tətbiq edilməsinə dair qərarın qəbul edilməsi və icrası;
-
daxili silahlı münaqişə rayonunun lokallaşdırılması və təcrid edilməsi, münaqişə rayonuna bitişik ərazilərdə ictimai asayişin mühafizəsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi;
-
antiterror əməliyyatlarının keçirilməsi, qanunsuz silahlı birləşmələrin, terrorçu qrup və təşkilatların ləğvi, onların bazalarının, təlim mərkəzlərinin, anbar və kommunikasiyalarının məhv edilməsi;
-
münaqişə rayonunda əhalidən silahların yığılması;
-
qanunçuluğun və asayişin bərpası, ictimai təhlükəsizliyin və sabitliyin təmin edilməsi.
38. Müharibə (silahlı münaqişə) dövründə təcavüzü dəf etmək və ölkəni, əhalini və ərazini qorumaq məqsədi ilə müdafiə siyasəti çərçivəsində aşağıdakı tədbirlər görülür:
-
təcavüzün dəf edilməsi üçün zəruri olan qüvvə və vasitələrin səfərbər edilməsi, müdafiə sahəsində hərbi, siyasi, diplomatik, informasiya, iqtisadi və digər tədbirlərin həyata keçirilməsi;
-
Azərbaycan Respublikası ərazisinin qorunması üzrə hərbi fəaliyyətin həyata keçirilməsi;
-
dövlət və yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr, təşkilatlar və əhali arasında təcavüzün dəf edilməsi və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətin əlaqələndirilməsi, o cümlədən ərazi və mülki müdafiə tədbirlərinin təşkili və icrası;
-
beynəlxalq təşkilatlar və bütün dövlətlər tərəfindən təcavüzkarın qınanmasına və təcridinə nail olunması.
39. Müharibə (silahlı münaqişə) dövründə görülən tədbirlər ümumilikdə düşmənə əhəmiyyətli zərər vurmaq, onu silahlı münaqişəni davam etdirməkdən imtinaya və Azərbaycan Respublikası üçün əlverişli şərtlərlə siyasi tənzimləməyə keçməyə məcbur etmək məqsədi daşıyır.
40. Həm dinc dövrdə, həm real təhdid dövründə, həm də müharibə (silahlı münaqişə) dövründə Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsi və ölkənin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, müdafiə potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti həyata keçirilir.
V. Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin hərbi-strateji əsasları
41. Qlobal inkişafın müasir mərhələsi çoxistiqamətli, qarşılıqlı ziddiyyətli və eyni zamanda, cari və gələcək silahlı münaqişələrin xarakterini əsaslı surətdə dəyişdirən, bir-birini tamamlayan aşağıdakı meyillərin mövcudluğu ilə xarakterizə olunur:
-
geoməkanın genişliyi, mürəkkəbliyi, qeyri-sabit dinamikası, informasiya amilinin və texnoloji inkişafın durmadan artan əhəmiyyəti;
-
ən yeni silahlı mübarizə vasitələrinin meydana gəlməsi, vahid informasiya məkanının formalaşması və «döyüş meydanı» anlayışının tədricən «döyüş məkanı» anlayışı ilə əvəz edilməsi;
-
müharibə aparmağın keyfiyyətcə fərqli fəlsəfəsinin meydana gəlməsi, yəni say, təşkilati və texnoloji baxımdan olduqca üstün düşmənə qarşı qeyri-dövlət struktur şəbəkələrinin asimmetrik hərbi fəaliyyəti.
42. Hərbi doktrina mümkün müharibələrin, hərbi təcavüzün və terrorçuluq fəaliyyətinin ehtimalını aşağıdakı kimi qiymətləndirir:
-
irimiqyaslı (həm nüvə, həm də adi) hərbi toqquşmaların təhlükəsi tam aradan qalxmasa da, sabitlik və sülh üçün əsas təhlükəni lokal müharibələr və silahlı münaqişələr təşkil edir;
-
Azərbaycan Respublikasına qarşı hər hansı dövlət tərəfindən (Ermənistan Respublikası istisna olmaqla) hərbi təcavüzün edilməsi cari mərhələdə az ehtimal olunan səviyyədədir;
-
hərbi əhəmiyyətli və mühüm dövlət obyektlərinə, o cümlədən ölkə ərazisindən və qonşu dövlətlərdən keçən enerji, nəqliyyat infrastrukturuna və digər kommunikasiya qurğularına qarşı terror aktlarının həyata keçirilməsi ehtimalı artmışdır.
43. Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılması Azərbaycanın milli təhlükəsizliyinə əsas hərbi təhdid mənbəyi olaraq qalmaqdadır. Bu təhdid ilə bağlı hərbi fəaliyyətin təzələnməsinin mümkün variantları aşağıdakılardır:
-
Ermənistan Respublikası tərəfindən fəal silahlı təcavüz fazasının qəsdən təzələnməsi;
-
silahlı münaqişənin idarəolunmaz dərəcədə genişlənməsi - atəşkəs xəttindəki lokal toqquşmaların böyüyüb, daha genişmiqyaslı döyüş əməliyyatlarına çevrilməsi;
-
Ermənistan Respublikasının Azərbaycanın ərazisinin bir hissəsini işğal altında saxlaması və işğal etdiyi torpaqları problemin siyasi yolla tənzimlənməsi çərçivəsində könüllü azad etməkdən daim imtina etməsi səbəbindən Azərbaycan Respublikası tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə məcburən hərbi gücün tətbiq edilməsi.
44. Azərbaycan Respublikasına qarşı mümkün hərbi fəaliyyət aşağıdakı kimi xarakterizə oluna bilər:
-
genişmiqyaslı müharibə;
-
taktiki və əməliyyat miqyaslı döyüş əməliyyatlarının aparılmasının müxtəlif üsul və formaları;
-
əks tərəfin qeyri-nizami qurumlarından və məhdud hərbi kontingentlərindən tutmuş qoşun qruplaşmaları (qüvvələri) da daxil olmaqla, bütün hərbi-iqtisadi potensialı ilə dəstəklənən silahlı qüvvələrin geniş diapazonunun tətbiqi;
-
əks tərəfin malik olduğu yüngül atıcı silahlardan tutmuş ən müasir silah və hərbi texnika nümunələri, o cümlədən informasiya və radioelektron mübarizə sistemlərinə qədər bütün silahlı mübarizə vasitələrindən istifadə;
-
dövlət və hərbi idarəetmə sistemini, mühüm dövlət, iqtisadi, sosial obyektləri iflic vəziyyətə gətirmək, quruda və ərazi sularında nəqliyyat və digər strateji əhəmiyyətli obyektləri sıradan çıxarmaq məqsədi ilə hərbi hava qüvvələrindən istifadə edərək, geniş hava əməliyyatlarının keçirilməsi;
-
təxribatçı və terrorçu fəaliyyətin həyata keçirilməsi, o cümlədən daxili və xarici qüvvələr tərəfindən ölkə ərazisindən keçən enerji, nəqliyyat infrastrukturuna və digər kommunikasiya qurğularına qarşı terror və təxribat aktlarının törədilməsi.
45. Azərbaycan Respublikasına qarşı hərbi fəaliyyət ayrı-ayrı dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasına qarşı genişmiqyaslı informasiya-təbliğat kampaniyası ilə müşayiət oluna bilər.
46. Hərbi-strateji amillər Azərbaycan Respublikasının müdafiə qabiliyyəti üçün mühüm meyardır. Hərbi-strateji qiymətləndirməyə əsasən Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin səmərəli təminatı üçün aşağıdakı qabiliyyətlər inkişaf etdiriləcəkdir:
-
ərazinin müdafiəsi, o cümlədən dövlət sərhədlərinin və mühüm dövlət obyektləri və kommunikasiya qurğularının səmərəli mühafizəsi;
-
çevik əməliyyatların keçirilməsi üçün əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığının saxlanılması;
-
terror aktlarının qabaqlanması və qarşısının alınması üçün yüksək döyüş hazırlığının saxlanılması;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin fəaliyyəti üçün hüquqi sistemin, komanda və idarəetmə sisteminin çevikliyinin təmin edilməsi.
VI. Silahlı qüvvələrin və başqa silahlı birləşmələrin vəzifələri
47. Azərbaycan Respublikası öz təhlükəsizlik mühitini, real və potensial hərbi təhdidləri, eləcə də ümumi hərbi-strateji vəziyyəti qiymətləndirərək və ölkənin mövcud resurs və potensialını nəzərə alaraq, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müasir şəraitdə hərbi təhlükəsizliyin təmin edilməsi üzrə bütün kompleks məsələlərin həllinə maksimal dərəcədə uyğunlaşdırılmış strukturunu formalaşdırır və inkişaf etdirir.
48. Silahlı Qüvvələr və başqa silahlı birləşmələr aşağıdakı prinsiplər əsasında qurulur:
-
Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və milli maraqlarının silahlı müdafiəsi, dövlətə qarşı silahlı təcavüzün qarşısının səmərəli alınması və dəf edilməsi üçün zəruri hərbi qabiliyyətin yaradılması və saxlanılması;
-
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının nəzarəti altında olmaqla hərbi rəhbərliyin mərkəzləşdirilməsi və vahidliyi;
-
daimi və dəyişkən geosiyasi amillərin, regiondakı hərbi-siyasi vəziyyətin mövcud durumunun və inkişaf perspektivlərinin, ölkənin coğrafi mövqeyinin və ərazi landşaftının nəzərə alınması;
-
Azərbaycan Respublikasının tarixi təcrübəsindən və dünyanın müasir hərbi quruculuq təcrübəsindən səmərəli istifadə edilməsi;
-
qarışıq (könüllü və çağırış üzrə) sistemə uyğun olaraq komplektləşdirmə;
-
daim döyüşə və səfərbərliyə hazır vəziyyətin saxlanılması;
-
strukturun, döyüş heyətinin, say tərkibinin, texniki təchizatın və səfərbərlik resurslarının səmərəli yetərliyə uyğun olması;
-
hərbi qulluqçuların, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin strukturlarında qulluq edən mülki şəxslərin hüquq və azadlıqlarının təminatı, onların sosial müdafiəsinin və həyat səviyyəsinin təmin edilməsi;
-
hərbi qulluqçuların ictimai-siyasi təşkilatların fəaliyyətində iştirakının yolverilməzliyi.
49. Hərbi təhlükəsizliyin təmin edilməsi üzrə vəzifələr Silahlı Qüvvələr və başqa silahlı birləşmələr tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə və Hərbi doktrinaya uyğun olaraq sıx qarşılıqlı əlaqədə yerinə yetirilir.
50. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin vəzifələri müdafiə siyasətinin məqsədlərinə, prioritet istiqamətlərinə və prinsiplərinə uyğundur və aşağıdakı kimi müəyyənləşdirilir:
50.1. Dinc dövrdə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin əsas vəzifələri:
-
əməliyyat şəraitinin, onun təhlükəli dəyişməsinin və Azərbaycan Respublikasına qarşı silahlı təcavüzə hazırlığın vaxtında aşkarlanması;
-
Azərbaycan Respublikasına yönəlmiş hər hansı təcavüzə qarşı kifayət qədər güc və çəkindirmə vasitələri potensialının yaradılması;
-
səfərbərlik hazırlığı, qoşunların döyüşə hazırlığı və döyüş potensialının lokal miqyasda təcavüzün dəf edilməsini təmin edəcək səviyyədə saxlanılması;
-
tərəfdaş dövlətlərin silahlı qüvvələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq xətti üzrə uyarlılıq və qarşılıqlı fəaliyyət qabiliyyətinin yüksəldilməsi;
-
əməliyyat, döyüş və səfərbərlik hazırlığı, tərbiyəvi işin plan və proqramlarının keyfiyyətli və tam həcmdə yerinə yetirilməsi, silah və döyüş (xüsusi) texnikası, maddi vəsait ehtiyatlarının döyüş tətbiqinə hazır vəziyyətdə saxlanılması;
-
ölkənin müharibə şəraitinə keçirilməsi üzrə dövlət tədbirləri çərçivəsində qoşunların tam strateji açılmasına hazırlığın saxlanılması;
-
Azərbaycan Respublikasının hava hücumundan müdafiəsinin mərkəzləşdirilmiş idarəetməyə əsaslanan vahid hava hücumundan müdafiə sistemi çərçivəsində təmin edilməsi, hava məkanının istifadə qaydalarına nəzarətin həyata keçirilməsi, təyin olunmuş güc və vasitələrlə döyüş növbəsinin aparılması;
-
Xəzər dənizində Azərbaycan Respublikasının milli maraqlarının qorunması və təhlükəsiz iqtisadi fəaliyyət üçün əlverişli əməliyyat şəraitinin saxlanılması, dənizin Azərbaycan Respublikasına məxsus hissəsində enerji infrastrukturuna, üzmə vasitələrinin hərəkətinə nəzarətin və onların təhlükəsizliyinin təmin edilməsi, naviqasiya, hidroqrafiya və hidrometeorologiya təminatının həyata keçirilməsi;
-
informasiya təhlükəsizliyinin təmin edilməsi;
-
kommunikasiyaların texniki dəstəyinin və bərpasının təmin edilməsi;
-
ərazi müdafiəsinin təşkili;
-
mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının, xüsusi yüklərin mühafizəsi;
-
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi;
-
sərhədboyu zonada əhalinin, mülkiyyətin təxribatçı əməllərdən qorunması, bu cür əməllərin qarşısının alınması;
-
qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətlər daxilində sərhəd münaqişələrinin nizama salınması üçün tədbirlərin görülməsi;
-
sərhəd rejiminin mühafizəsi;
-
qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində terrorçuluğa qarşı mübarizədə iştirak;
-
mülki müdafiə tədbirlərinin yerinə yetirilməsi, əhalinin və ərazinin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması;
-
fövqəladə halların məhdudlaşdırılması və nəticələrinin aradan qaldırılması üzrə qəza-xilasetmə və digər tədbirlərin həyata keçirilməsi;
-
fövqəladə halların baş verdiyi ərazilərdə ziyan çəkmiş əhalinin ilkin tələbat malları, müvəqqəti yaşayış və digər maddi vəsaitlər, eləcə də ilk tibbi yardım və xidmətlərlə təmin edilməsi.
50.2. Real təhdid dövründə başqa silahlı birləşmələrin vəzifə və tapşırıqları, eləcə də onların Silahlı Qüvvələrlə qarşılıqlı fəaliyyəti əvvəlcədən tərtib edilmiş planlar əsasında müəyyən edilir.
50.3. Müharibə (silahlı münaqişə) dövründə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin əsas vəzifələri aşağıdakılardır:
-
Ermənistan Respublikası ilə mövcud münaqişənin nizama salınması üçün təcavüzkara strateji təzyiqin artırılması, zəruri olduqda hərbi güc tətbiq etməklə münaqişənin qısa zamanda və Azərbaycan Respublikası üçün minimal itkilərlə həlli məqsədi ilə qoşun qruplaşmaları potensialının lazımi səviyyəyə çatdırılması;
-
cəbhəboyu ərazilərdə döyüş xidmətinin aparılması və qoşun qruplaşmalarının təcavüzün dəf edilməsinə daim hazır vəziyyətdə saxlanılması;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin qismən və ya tam strateji açılması;
-
sərhədyanı silahlı münaqişələrin lokallaşdırılması və zərərsizləşdirilməsi;
-
Azərbaycan Respublikasının ərazisinə daxil olmuş təcavüzkarın qoşun qruplaşmalarının və onun əməliyyat ehtiyatlarının darmadağın və məhv edilməsi üzrə strateji və döyüş əməliyyatlarının aparılması;
-
əhalinin, iqtisadi obyektlərin və infrastrukturun düşmənin zərərvurma vasitələrinin təsirindən mühafizəsi;
-
qanunvericilikdə müəyyən olunmuş qaydada hərbi və ya fövqəladə vəziyyət rejiminin saxlanılması.
51. Silahlı təcavüzün dəf edilməsi vəzifələrinin icrası Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanının əmr və göstərişlərinə, habelə müvafiq planlara uyğun olaraq həyata keçirilir.
52. Silahlı Qüvvələrin birlikləri, birləşmələri və hərbi hissələri Hərbi doktrinada müəyyən edilmiş potensial və real hərbi təhdidlərin konkret istiqamətlərinə uyğun olaraq yerləşdirilir.
53. Silahlı Qüvvələr sülhməramlı, humanitar və digər əməliyyatlarda iştirak edə bilər.
54. Sülhməramlı, humanitar və digər əməliyyatlarda iştirak üzrə tapşırıqların yerinə yetirilməsi üçün xüsusi təyin olunmuş birləşmə və hissələr ayrılır, onlar əlahiddə proqram üzrə hazırlıq keçirlər. Bu məqsədlə aşağıdakı tədbirlər görülür:
-
tərəfdaş silahlı qüvvələr ilə çoxtərəfli və ikitərəfli əməkdaşlıq xətti üzrə uyarlılıq və qarşılıqlı fəaliyyət qabiliyyətinin yaxşılaşdırılması;
-
sülhməramlı əməliyyatlarda iştirak edən Azərbaycan kontingentinin BMT-nin standart və prosedurlarına uyğun hazırlığının, maddi və texniki təminatının həyata keçirilməsi.
55. Sülhməramlı, humanitar və digər əməliyyatlarda iştirak edən xüsusi təyin olunmuş birləşmə və hissələr aşağıdakı əməliyyatlara cəlb oluna bilərlər:
-
münaqişə tərəflərinin silahlı qruplaşmalarının ayrılması və münaqişənin siyasi yolla nizama salınması üçün zəmin yaradılması;
-
beynəlxalq birlik tərəfindən qəbul olunmuş sanksiyaların icrasının təmin edilməsi məqsədi ilə münaqişə rayonunun təcrid edilməsi;
-
mülki əhaliyə humanitar yardımın çatdırılması və onun münaqişə rayonundan təxliyəsi üçün şəraitin təmin edilməsi.
56. Dəyişmiş hərbi-siyasi şəraitdə siyasi və ya əməliyyat zərurəti olduqda, Azərbaycan Respublikası sülhün dəstəklənməsi üzrə ayrı-ayrı əməliyyatlarda iştirakını dayandırmaq hüququnu özündə saxlayır.
VII. Hərbi quruculuğun inkişaf perspektivləri
57. Hərbi-strateji şəraitin qiymətləndirilməsi əsasında hərbi təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası zəruri qabiliyyətləri qoruyub saxlayır və inkişaf etdirir.
58. Mövcud və potensial təhlükəsizlik problemlərinin ən səmərəli həlli üçün tələb olunan qabiliyyətlər ölkənin mövcud insan, maliyyə və digər resurslarına uyğun olaraq inkişaf etdiriləcəkdir.
59. Qısamüddətli və ortamüddətli perspektivdə Silahlı Qüvvələrin, başqa silahlı birləşmələrin və ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsində öz səlahiyyətləri çərçivəsində iştirak edən dövlət orqanlarının qabiliyyətlərinin inkişafını aşağıdakı amillər müəyyən edəcək:
-
Cənubi Qafqaz regionunda mövcud siyasi və iqtisadi proseslər, eləcə də onların ortamüddətli və uzunmüddətli perspektivləri və dinamikası;
-
atəşkəs xətti boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi üçün Silahlı Qüvvələrin müvafiq sayı və strukturunun saxlanılması;
-
Silahlı Qüvvələrin qarışıq (könüllü və çağırış üzrə) sistemi əsasında komplektləşdirilməsi;
-
başqa silahlı birləşmələrin tədricən daha çox könüllü əsasda şəxsi heyətlə təmin edilməsi;
-
hərbi komanda və idarəetmə strukturlarının daha da səmərələşdirilməsi və müəyyən edilmiş vəzifələrə uyğunlaşdırılması, eləcə də silah və avadanlığın müasirləşdirilməsinin Silahlı Qüvvələr və başqa silahlı birləşmələrin şəxsi heyətinin təlim və tədrisinin təkmilləşdirilməsi prosesində vahid yanaşmaların tətbiqi ilə paralel həyata keçirilməsi.
60. Ümumi təhlükəsizlik mühitinin mümkün dəyişikliyi mərkəzləşdirilmiş vahid rəhbərliyin saxlanılması və demokratik nəzarətin təmin edilməsi şərti ilə ortamüddətli və uzunmüddətli perspektivdə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin təşkilati strukturlarının daha da təkmilləşdirilməsini zəruri edə bilər.
61. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hazırkı mərhələdə və ortamüddətli perspektivdə əsas quruculuq, inkişaf və hazırlıq prioritetləri aşağıdakılardır:
-
mürəkkəb və sürətlə dəyişən əməliyyat şəraitində müasir müdafiə və hücum əməliyyatlarının aparılması bacarığına yiyələnmə;
-
asimmetrik silahlı mübarizə formalarını, metodlarını və vasitələrini tətbiq edən düşmənə qarşı konseptual və effektiv praktiki müqavimət üsullarının işlənib hazırlanması;
-
qoşunların (qüvvələrin) əməliyyat, səfərbərlik və döyüş hazırlığı keyfiyyətinin, onlar arasında qarşılıqlı fəaliyyətin, silaha, hərbi texnikaya və onların effektiv tətbiqi üsullarına yiyələnmə səviyyəsinin artırılması, qoşunların (qüvvələrin) fasiləsiz və dayanıqlı idarə edilməsinin, döyüş növbəsi və döyüş xidmətinin təkmilləşdirilməsi;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin əməliyyat qabiliyyətinin və xüsusi informasiya əldəetmə bacarığının inkişafı;
-
vahid idarəetmə, nəzarət, rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin inkişaf etdirilməsi;
-
müdafiə sahəsində dövlət idarəçiliyinin, o cümlədən müharibə dövründə Silahlı Qüvvələr ilə başqa silahlı birləşmələr arasında qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılması üçün təşkilati-struktur islahatlarının aparılması;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin informasiya müharibəsi şəraitində tətbiqi, o cümlədən informasiya müharibəsi vasitələrindən müdafiə üzrə müvafiq potensialın inkişafı;
-
xüsusi təyinatlı qüvvələrin inkişaf etdirilməsi, onların yüksək döyüş qabiliyyətinin və çevikliyinin təmin edilməsi, şəxsi heyətin əməliyyatlar zamanı fiziki müdafiəsi və sağlamlığının qorunması sahəsində potensialın gücləndirilməsi;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin qarşılıqlı fəaliyyəti çərçivəsində əlaqələndirmənin təkmilləşdirilməsi;
-
NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində NATO ilə mümkün olan tərəfdaşlıq vasitələrindən, o cümlədən Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planından istifadə edilməsi;
-
beynəlxalq əməkdaşlıq formatında əməliyyat uyarlılığına nail olunması, sülhməramlı fəaliyyətdə iştirak edilməsi, NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində tədbirlərin, beynəlxalq əməliyyat və təlimlərin həyata keçirilməsi üçün xüsusi seçilmiş şəxsi heyətin hazırlanması;
-
hərbi intizamın daim möhkəmləndirilməsi;
-
şəxsi heyətin peşəkarlığının daim yüksəldilməsi, hərbi təhsil müəssisələrində kadrların hərbi-elmi əsaslarla hazırlanmasının müasir standartlara uyğun təkmilləşdirilməsi;
-
peşəkar xidmət hərbi qulluqçularının sayının tədricən artırılması hesabına komplektləşdirmə sisteminin təkmilləşdirilməsi;
-
vətəndaşların hərbi xidmətə məqsədyönlü hazırlığı, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin ehtiyatının hərbi hazırlığının saxlanılması, habelə əhalinin ərazi və mülki müdafiə məsələlərinin həllinə hazırlığı;
-
şəxsi heyətdə Azərbaycan Respublikasına, Azərbaycan xalqına, Hərbi anda sədaqətin, habelə öz Vətəninin tarixinə və ənənələrinə dərin hörmətin, Vətənin müdafiəsi üçün yüksək şəxsi məsuliyyətin formalaşdırılması, gənclərdə hərbi xidmətə marağın artırılması;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin hərbi qulluqçularının və mülki işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onların həyat şəraitinin daim yaxşılaşdırılması.
62. Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin səmərəli təmin edilməsi məqsədi ilə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə də hərbi təhlükəsizliyi təmin etməkdə iştirak edən dövlət orqanlarının hərbi-iqtisadi, hərbi-texniki və digər ehtiyaclarının ödənilməsi üçün təchizat siyasəti formalaşdırılır və həyata keçirilir.
63. Təchizat siyasəti Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsində iştirak edən dövlət orqanlarının müdafiə təyinatlı məhsullara (hərbi texnika, silah, mühəndis texnikası, onların ehtiyat hissələri, döyüş sursatları və digər müdafiə təyinatlı məhsullar və sair materiallar, işlər və xidmətlər) olan ehtiyacının təmin edilməsi sahəsində tədbirləri əhatə edir.
64. Təchizat siyasəti aşağıdakıların təmin edilməsinə yönəlmişdir:
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsində iştirak edən dövlət orqanlarının müdafiə təyinatlı məhsullara olan ehtiyacını əks etdirən Dövlət Müdafiə Sifarişi Proqramının hazırlanması və icrası;
-
Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq yeni texnologiyaların alınması və müasir istehsal sahələrinin yaradılması;
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsində iştirak edən dövlət orqanlarının döyüş potensialının yüksək hazırlıq səviyyəsində saxlanmasına texniki dəstəyin göstərilməsi.
65. Dövlət Müdafiə Sifarişi Proqramı Milli təhlükəsizlik konsepsiyasında və Hərbi doktrinada göstərilmiş təhdid və risklərə uyğun olaraq müdafiə qabiliyyətinin möhkəmləndirilməsi məqsədi ilə müdafiə təyinatlı məhsulların sifarişçiləri tərəfindən qısamüddətli və ortamüddətli perspektiv üçün müəyyən edilmiş ehtiyacları özündə əks etdirir.
66. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsində iştirak edən dövlət orqanlarının müdafiə təyinatlı keyfiyyətli məhsullara olan ehtiyacını davamlı və müstəqil şəkildə təmin etmək məqsədi ilə yerli elmi-texniki, texnoloji və istehsal potensialı hesabına milli müdafiə sənayesi inkişaf etdirilir.
67. Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində mövcud resursların səmərəli istifadəsi və yeni müasir texnologiyaların tətbiqi məqsədi ilə özəl sərmayələrin və sahibkarlığın müdafiə sənayesinə cəlb edilməsi bu sahədə həyata keçirilən islahatlar və kompleks yenidənqurma prosesinin tərkib hissəsi olacaqdır.
68. Müdafiə sənayesi iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilmiş şəkildə inkişaf etdirilir.
69. Hərbi təhlükəsizliyin səmərəli təmin edilməsi məqsədi ilə ölkə ərazisində hərbi infrastruktur obyektləri inkişaf etdirilir.
70. Azərbaycan Respublikasının müdafiə sənayesinin inkişaf proqramı iki istiqamət üzrə həyata keçirilir:
-
Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin müdafiə təyinatlı məhsullara olan zəruri ehtiyaclarının ödənilməsi;
-
istehsal olunan müdafiə məhsullarının yerli və dünya bazarlarında rəqabətə davamlılığını təmin etmək məqsədi ilə müdafiə sənayesində müasir texnologiyaların tətbiqi, xidmət infrastrukturunun yaradılması, eləcə də yerli və beynəlxalq sifarişçilərə satış və texniki modernləşdirmə xidmətlərinin göstərilməsi.
71. Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin, eləcə də Azərbaycan Respublikasının hərbi təhlükəsizliyinin təmin edilməsində iştirak edən dövlət orqanlarının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üçün Dövlət Müdafiə Sifarişi Proqramına uyğun olaraq, yeni texnologiyaların alınması və müasir istehsal sahələrinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası tərəfdaş dövlətlərlə hərbi-texniki əməkdaşlıq əlaqələri qurur və genişləndirir.
72. Azərbaycan Respublikasının beynəlxalq hərbi-texniki əməkdaşlığı milli qanunvericiliyə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, eləcə də hərbi təhlükəsizliyinin təmin edilməsi üçün müəyyən edilmiş vəzifələrə uyğun olaraq həyata keçirilir.
VIII. Yekun müddəalar
73. Azərbaycan Respublikası Hərbi doktrinanı bəyan edərək ümumi qəbul olunmuş beynəlxalq hüquq normaları və prinsiplərinə riayət etdiyini bir daha təsdiq edir.
74. Milli təhlükəsizlik konsepsiyasında və Hərbi doktrinada insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması üçün müəyyən edilmiş strateji məqsəd və vəzifələrə uyğun olaraq, Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin strukturunu, fərdi təyinatını, vəzifə bölgüsünü, səmərəli döyüş və müdafiə qabiliyyətlərinin inkişafı üçün tələb olunan ehtiyatları təhlil edən və qiymətləndirən Strateji Müdafiə İcmalı və digər konseptual sənədlər hazırlanacaqdır.
75. Hərbi doktrina Azərbaycan Respublikasının təhlükəsizlik mühitinin daim dəyişən dinamikası nəzərə alınmaqla, yenidən baxılma, dəqiqləşdirmə və əlavələr üçün açıq sənəddir.
© «VneshExpertService» LLC
Dostları ilə paylaş: |