15 fevral 2013, 21: 50 Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu



Yüklə 170,63 Kb.
səhifə1/3
tarix24.04.2017
ölçüsü170,63 Kb.
#15633
  1   2   3



Eng | Rus

  gerb


15 fevral 2013, 21:50

Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanunu


Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan

Respublikasında dövlət mədəniyyət siyasətinin məqsəd və prinsiplərini, mədəniyyət fəaliyyəti subyektlərinin hüquq və vəzifələrini,

mədəniyyət sahəsində hüquqi, təşkilati, iqtisadi və sosial təminatları müəyyən edir, mədəni sərvətlərin yaradılması, toplanması, tədqiqi, təbliği və qorunması

sahəsində yaranan münasibətləri tənzimləyir. 


  1-Cİ FƏSİL
ÜMUMİ MÜDDƏALAR


Maddə 1. Əsas anlayışlar 

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 


1.0.1. mədəniyyət – ədəbiyyat və incəsənət daxil olmaqla, cəmiyyətin və ya sosial qrupların maddi, mənəvi, intellektual və emosional xüsusiyyətlərini

müəyyənləşdirən, insanların həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini əhatə edən xüsusiyyətlərin məcmusu; 


1.0.2. mədəniyyət fəaliyyəti (mədəniyyət sahəsində fəaliyyət) – mədəni sərvətlərinin yaradılması, yayılması, qorunması, bərpası, mənimsənilməsi və təşviqi,

həmçinin mədəniyyət xidmətlərinin göstərilməsi və təşkili sahəsində fəaliyyət; 


1.0.3. mədəniyyət sahəsində dövlət siyasəti – mədəni irsin və mədəni sərvətlərin yaradılması, müəyyən edilməsi, qorunması, inkişafı və təbliği sahəsində

həyata keçirilən tədbirlərdə dövlətin rəhbər tutduğu məqsədlər, prinsiplər, normalar, konsepsiya, strategiya və dövlət proqramlarının məcmusu; 


1.0.4. mədəniyyət məhsulları – kommersiya dəyərindən asılı olmayaraq, səciyyəvi xüsusiyyətləri, istifadə növləri və ya məqsədləri baxımından mədəni

özünüifadə formalarını ehtiva edən insan fəaliyyətinin nəticələri; 


1.0.5. mədəniyyət xidmətləri – şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər və yaradılan şərait;
1.0.6. mədəniyyət məkanı – mədəni sərvətlərin və ənənələrin yaranma və yayılma dairəsi;
1.0.7. mədəni məzmun – mədəni özünəməxsusluqdan yaranan və ifadə olunan ənənələr və mədəni dəyərlər
1.0.8. mədəniyyət sənayesi – mədəniyyət məhsullarının və xidmətlərinin istehsalını və realizə edilməsini təmin edən fəaliyyət sahəsi; 
1.0.9. bədii dəyər – bədii yaradıcılıq fəaliyyətinin nəticəsi olan mədəniyyət, ədəbiyyat və incəsənət əsərlərinin estetik əhəmiyyətini formalaşdıran xüsusiyyətlər; 
1.0.10. milli mədəni irs – Azərbaycan xalqına məxsus, ümumazərbaycan əhəmiyyəti kəsb edən, universal dəyərlərə malik mədəniyyət nümunələrinin

məcmusu; 


1.0.11. qeyri-maddi mədəni irs – şəxslərin, qrupların və cəmiyyətin özünün mədəni irs nümunələri kimi qəbul etdikləri ənənələr, təsvir və ifadə formaları,

bilik və bacarıqlar, onların yaradılmasında istifadə olunan alətlər, əşyalar, artefaktlar və mədəniyyət məkanları; 


1.0.12. maddi mədəni irs – daşınmaz və daşınar mədəni irs; 
1.0.13. daşınmaz mədəni irs – daşınmaz arxeoloji, memarlıq, bağ-park, monumental, xatirə abidələri, dekorativ-tətbiqi sənət nümunələri, o cümlədən

mədəniyyət, memarlıq, bədii, etnoqrafiya, təbiət abidələri və tarixi qoruqlar, mədəniyyət məkanları, məqbərələr, arxeoloji komplekslər, memarlıq ansamblları,

dini ocaqlar və etnoparklar; 
1.0.14. daşınar mədəni irs – tarixi, təbii, arxeoloji, sənədli, etnoqrafik, kulinar, bədii, elmi-tədqiqat, rəsm, incəsənət, kinematoqrafiya, numizmat, filatelist,

heraldik, biblioqrafiya, epiqrafiya, estetik, etnoloji və antropoloji daşınar sərvətlərin məcmusu; 


1.0.15. mədəni irs nümunələri – özündə bir xalqın, milli azlığın maddi və qeyri-maddi mədəni irs nümunələrini əks etdirən mədəni sərvətlərin məcmusu.

Bura yeraltı, yerüstü və sualtı mədəni irs nümunələri aiddir; 


1.0.16. sualtı mədəni irs – insan varlığının bütövlükdə və ya qismən, daimi və ya vaxtaşırı su altında qalan mədəni, tarixi və ya arxeoloji izləri; 
1.0.17. təbii irs – universal dəyərə malik fiziki və bioloji birləşmələrdən ibarət təbiət abidələri, geoloji və fizioqrafik birləşmələr, heyvan və bitki arealı olan

zonalar, təbii zonalar,


1.0.18. dekorativ-tətbiqi sənət – müxtəlif məmulatlar üzərində bədii əsərlərin yaradılmasına yönəlmiş maddi mədəni irs yaradıcılığı sahəsi; 
1.0.19. mədəni özünüifadə müxtəlifliyi (mədəni müxtəliflik) – ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı, qruplar və cəmiyyətlər

arasında və onların daxilində ötürülən müxtəlif formalar. Mədəni müxtəliflik yalnız dünya mədəni irsinin ifadə olunduğu, artırıldığı və ötürüldüyü müxtəlif mədəni özünüifadə vasitələrinin tətbiqi ilə deyil, həmçinin hansı vəsaitlərdən və texnologiyalardan istifadə edilməsindən asılı olmayaraq, bədii yaradıcılığın müxtəlif növlərinin, mədəni özünüifadə məhsullarının istehsalının, yayılmasının və onlara yiyələnmənin köməyi ilə meydana gəlir; 


1.0.20. mədəni özünüifadə – ayrı-ayrı şəxslərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan ifadə forması; 
1.0.21. mədəni sərvətlər – mənəvi və estetik ideallar, əxlaq normaları və nümunələri, dillər, dialektlər və ləhcələr, milli adət və ənənələr, tarixi toponimlər,

folklor, bədii sənət və peşələr, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət əsərləri, nəşriyyat məhsulları, mədəniyyət sahəsində elmi tədqiqatların

nəticələri və metodları, tarixi-mədəni əhəmiyyətə malik binalar, tikililər, əşyalar, tarixi-mədəni əhəmiyyətli unikal təbii ərazilər və obyektlər, məqbərələr, qoruqlar, arxeoloji komplekslər, arxeoloji və numizmatik xarakterli əşyalar; 
1.0.22. milli kulinariya nümunələri – bir millətin mədəniyyətinə məxsus texnoloji, forma, naxış, əşya, avadanlıq və resept komplekslərini özündə birləşdirən

ərzaq, içki və qida məhsullarının hazırlanmasına yönəlmiş insan fəaliyyətinin nəticələri; 


1.0.23. sosial əhəmiyyətli tədbirlər – mədəniyyət günləri, festivallar, baxış, müsabiqə, təqdimat, yubiley və xatirə tədbirləri, eləcə də mədəniyyət və incəsənət

xadimlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə keçirilən mədəniyyət tədbirləri; 


1.0.24. yaradıcılıq fəaliyyəti – mədəni sərvətlərin yaradılmasına yönəlmiş fəaliyyət; 
1.0.25. yaradıcı şəxs – mədəni sərvətlərin yaradılması, o cümlədən mədəniyyət sahəsində pedaqoji və ya elmi-tədqiqat fəaliyyəti ilə məşğul olan fiziki şəxs.

Maddə 2. Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi 

Mədəniyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, bu Qanunun 20.2-ci

maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qanunlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
 

2-Cİ FƏSİL
MƏDƏNİYYƏT SİYASƏTİNİN DÖVLƏT TƏNZİMLƏNMƏSİ

Maddə 3. Mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri

3.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində dövlət siyasəti Azərbaycan Respublikasının daxili və xarici siyasətinin ayrılmaz tərkib hissəsidir. 


3.2. Azərbaycan Respublikasının dövlət mədəniyyət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir: 
3.2.1. dövlət mədəniyyət sisteminin idarə olunması və bu sahədə fəaliyyətin əlaqələndirilməsi;
3.2.2. mədəniyyət sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərin, dövlət, özəl və bələdiyyə mədəniyyət təsisatlarının hüquqlarının qorunması və yaradıcılıq

fəaliyyətinin həyata keçirilməsinin təmin edilməsi;


3.2.3. mədəniyyət sahəsində ixtisaslı kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin artırılması; 
3.2.4. mədəni sərvətlərin qorunması və artırılması;
3.2.5. mədəniyyət fəaliyyəti subyektlərinin sosial müdafiəsi və görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi;
3.2.6. milli mədəniyyətin müasir dünya mədəniyyətindən bəhrələnməsinə, milli ənənələrin inkişafına, əhalinin mənəvi tələbatının ödənilməsinə xidmət edən

mədəniyyət əsərlərinin yaradılmasının stimullaşdırılması;


3.2.7. milli mədəni irsin müəyyən edilməsi, sistemləşdirilməsi və inkişafı;
3.2.8. milli mədəni irs nümunələrinin və mədəniyyət obyektlərinin yaradılması, qorunması və təşviqi; 
3.2.9. milli mədəni irsin inkişafının maliyyə mənbələri ilə təmin edilməsi; 
3.2.10. dünya mədəni irsi sahəsində maarifləndirilmənin aparılması; 
3.2.11. şəxslər, dövlət orqanları, bələdiyyələr və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın qurulmasının və inkişafının təmin edilməsi; 
3.2.12. mədəni, ekoloji, bioloji və idman turizminin inkişaf etdirilməsi və təşviqi; 
3.2.13. mədəniyyət sahəsində avtomatlaşdırmanın və ən qabaqcıl rabitə, informasiya, elektron idarəetmə və kommunikasiya texnologiyalarının tətbiq

olunması və inkişafı; 


3.2.14. mədəniyyətlərarası dialoqun qurulmasının təmin edilməsi və təşviqi; 
3.2.15. mədəniyyət, o cümlədən əyləncə sənayesinin inkişaf etdirilməsi, mədəniyyətin müxtəlif formalarının rəqabətə davamlılığının dəstəklənməsi; 
3.2.16. mədəniyyət sahəsində inhisarçılığın qarşısının alınması.

Maddə 4. Mədəniyyət sahəsində dövlət siyasətinin prinsipləri 

4.0. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 


4.0.1. tarazlılıq – mədəniyyət sənayesi ilə mədəniyyət məhsullarının və xidmətlərinin bazarları arasında balansın yaradılması, mədəniyyət cəmiyyətlərinin

fəaliyyətinin inkişafının təmin edilməsi; 


4.0.2. bərabərlik – hər kəsin öz mədəniyyət və yaradıcılıq hüquqlarının və imkanlarının bərabər şərtlər əsasında həyata keçirilməsinin təmin olunması; 
4.0.3. demоkratiklik – əhalinin azad düşüncə ruhunda tərbiyələndirilməsi, mədəniyyət sahəsinin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində

hüquq və azadlıqların genişləndirilməsi, estetik düşüncə azadlığının təmin edilməsi, yeni mədəniyyət təşkilatlarının yaradılmasının stimullaşdırılması; 


4.0.4. humanistlik – dünyəvi dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və

insanlara qayğı və hörmətin prioritet kimi qəbul olunması; 


4.0.5. inteqrasiya – dünya mədəniyyətindən təcrid olunmamaqla, dünya mədəniyyətinin universal dəyərlərini qəbul edərək, milli mədəniyyətin dünyada

tanıdılması, zənginləşdirilməsi və inkişafının təmin edilməsi; 


4.0.6. keyfiyyətlilik – mədəniyyət sahəsində məhsulların və xidmətlərin ən qabaqcıl standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin

və dövlətin maraqlarına uyğunluğunun təmin olunması; 


4.0.7. dünyəvilik – dünyəvi dəyərlərin yaradılması, qorunması və inkişafının təmin olunması; 
4.0.8. səmərəlilik – mədəniyyət sahəsində yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkil edilməsi; 
4.0.9. varislik – mədəni sərvətlərin, bu sahədə bilik və təcrübənin sonrakı nəsillərə ötürülməsi;
4.0.10. istedad amili – fitri istedada malik şəxslərin yaradıcılıq nailiyyətlərinin artmasına xüsusi qayğının göstərilməsi. 

Maddə 5. Mədəniyyət sahəsində dövlətin vəzifələri 

5.1. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir: 


5.1.1. mədəniyyət sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, o cümlədən sahə üzrə normativ hüquqi aktların və standartların,

dövlət proqramlarının, tədbirlər planlarının, strategiyaların və konsepsiyaların qəbul edilməsi; 


5.1.2. milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqinə yönəlmiş tədbirlərin görülməsi; 
5.1.3. insanların Azərbaycan və dünya mədəniyyət nümunələrinə və mədəni sərvətlərə sərbəst yiyələnmələri üçün sosial əhəmiyyətli tədbirlərin təşkili; 
5.1.4. istedadlı şəxslərin peşəkar inkişafına dəstəyin göstərilməsi; 
5.1.5. mədəniyyət sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması; 
5.1.6. beynəlxalq tədbirlərdə Azərbaycan mədəniyyətinin təqdim edilməsi və təşviqini təmin edən tədbirlərin görülməsi
5.1.7. mədəniyyət fəaliyyətində beynəlxalq təşkilatların, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin, o cümlədən qeyri-kommersiya qurumlarının iştirakının

dəstəklənməsi; 


5.1.8. milli mədəniyyət obyektlərinin təsnifatının təsdiqi; 
5.1.9. mədəniyyət sahəsində dövlət reyestrinin aparılması; 
5.1.10. mədəniyyət sahəsinin inkişafında xidmətlərə və töhfələrə görə mədəniyyət işçilərinə və yaradıcı şəxslərə həvəsləndirmə tədbirlərinin təşkili; 
5.1.11. milli mədəniyyətin bütün sahələrində zəruri infrastrukturun, şəraitin, maddi-texniki bazanın yaradılması və inkişaf etdirilməsi; 
5.1.12. xarici dövlətlərin mədəniyyət tədbirlərinin keçirilməsinə müvafiq dəstəyin göstərilməsi; 
5.1.13. xarici dövlətlərdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması, inkişafı və fəaliyyətlərinin əlaqələndirilməsi; 
5.1.14. xarici dövlətlərdə Azərbaycan mədəniyyəti tədbirlərinin keçirilməsi; 
5.1.15. mədəniyyətin inkişafı istiqamətində digər tədbirlərin həyata keçirilməsi. 
5.2. Mədəniyyət sahəsində dövlət siyasətinin prioritet istiqamətlərinin müəyyən edilməsi və onun əsasında məqsədyönlü layihələrin, dövlət proqramlarının,

strategiyaların və tədbirlər planlarının qəbul edilməsi və icrasına nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Mədəniyyət sahəsində

tədbirlərin hazırlanması və icrası işi mədəniyyət sahəsində fəaliyyət göstərən şəxslərlə əməkdaşlıq şəraitində həyata keçirilir. 
5.3. Mədəniyyət sahəsində dövlətin vəzifələri aşağıdakı fəaliyyət sahələrini əhatə edir: 
5.3.1. mədəni irs – maddi və qeyri-maddi mədəni irs; 
5.3.2. incəsənət fəaliyyəti; 
5.3.3. mədəniyyət sənayesi (kinematoqrafiya, nəşriyyat, o cümlədən elektron nəşriyyat işi, memarlıq və dizayn, multimedia, kulinariya və reklam); 
5.3.4. mədəniyyət xidmətləri (muzeylərin, tarix və mədəniyyət əhəmiyyətli parkların və qoruqların fəaliyyəti);
5.3.5. xalq yaradıcılığı

3-CÜ FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIQLARI

Maddə 6. Hüquq və azadlıqların təminatı

6.1. Azərbaycan Respublikasında hər kəsin mədəniyyət sahəsində hüquq və azadlıqları, beynəlxalq hüququn prinsip və normaları rəhbər tutulmaqla təmin

edilir.
6.2. Dövlət cinsindən, irqindən, dilindən, dini və siyasi əqidəsindən, milliyyətindən, sosial vəziyyətindən, sosial mənşəyindən, sağlamlıq imkanlarından, ictimai

birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər bir şəxsin mədəniyyət sahəsində öz hüquq və azadlıqlarını həyata keçirməsinə təminat verir.


6.3. Mədəniyyət sahəsində dövlət tərəfindən aşağıdakı bərabərliklər təmin edilir: 
6.3.1. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların mədəniyyətlərinin, hüquq və azadlıqlarının bərabərliyi; 
6.3.2. dövlətin ərazisində yaşayan xalqların, milli azlıqların öz mədəniyyətlərini qorumaq, öz mədəniyyət kimliklərini müəyyən etmək, mədəni sərvətlərini

bərpa etmək, gücləndirmək və inkişaf etdirmək bərabərliyi. 



Maddə 7. Mədəni həyatda iştirak etmək hüququ 

7.1. Azərbaycan Respublikasında mədəni həyatda iştirak etmək hüququ dövlət tərəfindən təmin edilir. 


7.2. Hər kəs öz mədəniyyət kimliyini və ona uyğun həyat tərzini müəyyən etməkdə, yaradıcılıq fəaliyyətini seçməkdə, mədəni sərvətlərin yaradılmasında,

mədəni nemətlərdən bərabər istifadə etməkdə tam sərbəstdir. 



Maddə 8. Mədəni özünəməxsusluq hüququ 

8.1. Hər kəsin öz milli mədəni özünəməxsusluğunu qoruyub saxlamaq, mədəniyyət kimliyini müəyyən etmək, mənəvi, estetik və digər dəyərlərini sərbəst

seçmək hüququ vardır. 
8.2. Mədəniyyət cəmiyyətləri öz mədəni özünəməxsusluğunu təbliğ etmək və inkişaf etdirmək və öz tarixi mədəniyyət məkanlarını bərpa etmək hüququna

malikdir. 


8.3. Dövlət istənilən mədəniyyət cəmiyyətinin özünəməxsusluğunun qorunmasına və inkişafına dəstək göstərir. 

Maddə 9. Yaradıcılıq azadlığı 

Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan Respublikasında

istənilən şəxs öz maraqlarına və bacarıqlarına uyğun peşəkar əsasda və azad yaradıcılıq (həvəskar) əsasında istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul

olmaq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq 


fəaliyyətinin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanunun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan

mədəni sərvətləri satmaq, bağışlamaq, habelə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir.



Maddə 10. Xaricdə mədəniyyət fəaliyyəti hüququ 

10.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanuna və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xaricdə

mədəniyyət fəaliyyəti ilə məşğul ola bilərlər. 
10.2. Azərbaycan Respublikası öz vətəndaşlarının xaricdə mədəniyyət fəaliyyəti ilə məşğul olmasına dəstək göstərir. 
10.3. Azərbaycan Respublikası vətəndaşlarının xarici dövlətlərin ərazisində mədəniyyət fəaliyyəti həm fərdi qaydada, həm də təşkilat vasitəsilə,

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə digər hal nəzərdə tutulmamışdırsa, həmin dövlətlərin qanunvericiliyinə uyğun

olaraq həyata keçirilir.

Maddə 11. Mədəniyyət sahəsində mülkiyyət hüququ 

11.1. Hər kəsin mədəniyyət sahəsində mülkiyyət hüququ dövlət tərəfindən qorunur. 


11.2. Hər kəsin öz yaradıcılıq fəaliyyətinin nəticələrinə və qanuni əldə etdiyi mədəniyyət məhsullarına mülkiyyət hüququ vardır. 
11.3. Mədəniyyət məhsullarının və xidmətlərinin əldə edilməsi, istifadəsi və barəsində sərəncam verilməsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq

tənzimlənir. 




Maddə 12. Mədəni sərvətlərlə xarici ticarət 

Mədəni sərvətlərin idxalı, ixracı və Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi

qaydada həyata keçirilir. 


Maddə 13. Mədəniyyət sahəsində sahibkarlıq hüququ 

Azərbaycan Respublikasında hər bir şəxs bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq mədəniyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. 



Maddə 14. Mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ 

14.1. Azərbaycan Respublikasında mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən istifadə etmək hüququ dövlət tərəfindən təmin edilir. 


14.2. Bu Qanunun 14.1-ci maddəsinin icrasını təmin etmək məqsədilə dövlət tərəfindən: 
14.2.1. milli mədəniyyətin dünya mədəniyyətinə inteqrasiyasını, mədəniyyətlərarası dialoqların inkişafını və vahid mədəniyyət məkanının qurulmasını təmin

etmək məqsədilə milli mədəniyyət sahəsində müvafiq layihələr həyata keçirilir; 


14.2.2. mədəniyyət sənayesinin inkişafına yönəlmiş investisiya layihələri həyata keçirilir və ya investisiya mühitinin yaxşılaşdırılması məqsədilə həmin

investisiyaların qoyuluşuna əlverişli mühit yaradılır; 


14.2.3. əhalinin mədəniyyət müəssisələrindən və mədəniyyət məkanlarından istifadə imkanlarının sadələşdirilməsinə yönəlmiş layihələr həyata keçirilir; 
14.2.4. aztəminatlı əhalinin, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə iştirakçılarının müvafiq icra hakimiyyəti orqanı

tərəfindən müəyyən olunmuş qaydada mədəni sərvətlərdən güzəştli istifadəsi təmin edilir;


14.2.5. iqtisadi, sosial, hüquqi, elmi-texniki, müasir texnologiya və digər tədbirlər vasitəsilə uşaq və gənclərin mədəniyyət fəaliyyətini və mədəni sərvətlərdən

bəhrələnmələrini stimullaşdıran layihələr həyata keçirilir; 


14.2.6. mədəniyyət sahəsində ümumi estetik tərbiyənin, təhsilin, o cümlədən əlavə təhsilin gücləndirilməsi məqsədilə müvafiq layihələr həyata keçirilir; 
14.2.7. bu Qanuna uyğun olaraq mədəniyyət sahəsində dövlət reyestri və monitorinqi aparılır, dövlət nəzarəti həyata keçirilir; 
14.2.8. mədəniyyət sahəsində səyyar fəaliyyətin inkişafına dair layihələr həyata keçirilir; 
14.2.9. mədəniyyət sahəsində müasir informasiya və kommunikasiya texnologiyaları tətbiq edilir;
14.2.10. mədəniyyət fəaliyyətinə dair standartlar qəbul edilir və tətbiqinə nəzarət həyata keçirilir
14.2.11. mədəniyyət sahəsində sahibkarlığın inkişafına dair tədbirlər görülür;
14.2.12. dövlət mədəniyyət siyasətinin həyata keçirilməsinə dövlət nəzarəti təmin edilir;
14.2.13. əhali mədəniyyət sahəsi barədə məlumatlandırılır. 

Maddə 15. Mədəniyyət sahəsində təhsil hüququ 

15.1. Azərbaycan Respublikasında hər bir şəxs “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mədəniyyət sahəsində təhsil

almaq və elmi fəaliyyətlə məşğul olmaq hüququna malikdir. 
15.2. Mədəniyyət sahəsində elmi tədqiqatların aparılmasına dövlət tərəfindən şərait yaradılır. 
15.3. Dövlət mədəniyyət müəssisələrindən və mədəni sərvətlərdən elm və təhsil məqsədləri üçün istifadəyə şərait yaradılır. 
15.4. Mədəniyyət sahəsində təhsil və elmi müəssisələrin yaradılması, onların maddi-texniki bazasının gücləndirilməsi və mədəniyyət sahəsində beynəlxalq

təcrübə və biliklərin tətbiq edilməsi dövlət tərəfindən dəstəklənir. 


15.5. Azərbaycan Respublikasında mədəniyyət sahəsində pedaqoji və elmi tədqiqat fəaliyyəti yaradıcılıq fəaliyyətinə bərabər tutulur.

Maddə 16. Mədəniyyət sahəsində qeyri-hökumət təşkilatları

16.1. Azərbaycan Respublikasında mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının yaradılması “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar)

haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq həyata keçirilir.
16.2. Azərbaycan Respublikasında hər bir şəxs istənilən birliyə öz mənsubiyyətini müstəqil müəyyən edir və birliyin fəaliyyətində bərabər əsasda iştirak edir. 
16.3. Dövlət, mədəniyyət sahəsində həyata keçirilən tədbirlərin təşkilində və icrasında mədəniyyət sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları,

o cümlədən yaradıcılıq birlikləri ilə əməkdaşlıq edir. 



Maddə 17. Mədəniyyət sahəsində məlumat azadlığı 

17.1. “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “İnformasiya əldə etmək haqqında”

Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl olunmaqla, hər kəsin mədəniyyət sahəsində istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək,

hazırlamaq və yaymaq azadlığı vardır. 


17.2. Bu Qanunun 17.1-ci maddəsinin tələblərinə əməl olunmaqla, mədəniyyət sahəsində məlumat mübadiləsi kütləvi informasiya və digər yayım vasitələri

ilə aparıla bilər. 


17.3. Azərbaycan mədəni irsinin və mədəni sərvətlərinin təbliğ edilməsinə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa

uyğun olaraq kütləvi informasiya vasitələri tərəfindən informasiya dəstəyi göstərilir.



4-CÜ FƏSİL
MƏDƏNİYYƏT SAHƏSİNDƏ FƏALİYYƏT
VƏ ONUN SUBYEKTLƏRİ


Maddə 18. Mədəniyyət fəaliyyətinin subyektləri

Azərbaycan Respublikasında mədəniyyət fəaliyyətinin subyektləri dövlət orqanları, fiziki, o cümlədən yaradıcı şəxslər, hüquqi şəxslər, həmçinin mədəniyyət

müəssisələri və qeyri-hökumət təşkilatları ola bilərlər.

Maddə 19. Mədəniyyət müəssisələrinin təsis edilməsi və fəaliyyətinə xitam verilməsi 

19.1. Mədəniyyət müəssisələrinin yaradılması və fəaliyyətinə xitam verilməsi bu Qanunun 20.2-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 
19.2. Mədəniyyət müəssisələri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş istənilən təşkilati-hüquqi formada yaradıla bilər. 
19.3. Mədəniyyət müəssisəsinin təsis sənədlərində onun mədəniyyət fəaliyyətinin istiqamətləri göstərilməlidir. 


Yüklə 170,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin