Azərbaycan xalqının ümummilli lideri



Yüklə 7,11 Mb.
Pdf görüntüsü
səhifə1/41
tarix26.12.2016
ölçüsü7,11 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   41

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 Azərbaycan xalqının ümummilli lideri 

HEYDƏR ƏLĠRZA OĞLU ƏLĠYEVĠN 

əziz xatirəsinə həsr olunur

 

 



 

AZƏRBAYCAN 



MĠLLĠ 

ELMLƏR AKADEMĠYASI 

 

ARXEOLOGİYA VƏ ETNOQRAFİYA İNSTİTUTU 

 

 

 



 

AZƏRBAYCAN 

 

ETNOQRAFİYASI 

 

 

ÜÇ CİLDDƏ 



 

III CĠLD 

 

 

 



 

 

ŞƏRQ-QƏRB 



 

BAKI 2007

 

 

 

Baş redaktor:                      Teymur Bünyadov 



                                                Akademik 

 

Redaksiya heyəti:                Maisə Rəhimova 



                                          Qəzənfər Rəcəbli  

                                           Tofiq Babayev  

                                          Qabil Əliyev  

                                           Fəzail Vəliyev  

                                          Solmaz Məhərrəmova  

                                           ġirin Bünyadova 

 

 

 

ISBN 978-9952-34-152-2 

 

305.8/0094754-dc22 

Etnoqrafiya - Azərbaycan 

 

Azərbaycan etnoqrafiyası. Üç cilddə. III cild.  



Bakı, "Şərq-Qərb", 2007, 568 səh. 

 

Bu  kitab  Azərbaycan  etnoqrafiyasının  mühüm  tərkib  hissəsi  olan  mənəvi 



mədəniyyət

 

məsələlərinə  həsr  edilmişdir.  Cilddə  xalqımızın  çoxəsrlik  tarixinə  malik 



xalq  bayramları,  qarşılıqlı  yardım  formaları,  ağsaqqallıq  və  ağbirçəklik  adətləri, 

qonaqpərvərlik  məsələləri  şərh  olunur.  Eyni  zamanda,  əsərdə  çoxsahəli  musiqi 

dünyası, elm və  təhsil, ədəbiyyat, xalq təqvimi və  xalq təbabəti, oyun və əyləncələr, 

inamlar, dini görüşlər və digər sahələr işıqlandırılır. 

 

 

 



 

 

© "ġərq-Qərb", 2007 



 

ÖN SÖZ 



 

Turana qılıncdan daha kəskin ulu qüvvət,  

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət! 

Hüseyn Cavid 

 

Azərbaycan  ərazisinin  genişliyinə  və  əhalisinin  sayına  görə  əsrlər  boyu 



Qafqazda  aparıcı  rola  malik  olmuşdur.  Xalqımız  bu  əlverişli  və  müqəddəs  məkanda 

özünün çoxəsrlik mənəvi mədəniyyətini inkişaf etdirir, onu yeni-yeni çalarlarla daha 

da zənginləşdirir. 

Respublikamızda  azərbaycançılıq  ideologiyasını  daha  da  inkişaf  etdirən,  xalqı 

birliyə,  bütövlüyə,  ayrılmazlığa  istiqamətləndirən  böyük  öndərimiz  Heydər  Əliyev 

yazır:  "Müstəqil  Azərbaycan  dövlətinin  əsas  ideyası  azərbaycançılıqdır.  Hər  bir 

azərbaycanlı  öz  milli  mənsubiyyətinə  görə  qürur  hissi  keçirməlidir".  Alimlərimiz 

"Azərbaycan  etnoqrafiyası"nın  üçüncü  cildini  qələmə  alarkən  bu  ideologiyadan 

bəhrələnmiş, onu rəhbər tutmuşlar. 

Maddi  mədəniyyətlə  yanaşı  mənəvi  mədəniyyət  də  etnoqrafiya  elminin  tərkib 

hissəsi,  aparıcı  qollarından  sayılır.  Minilliklərdən  üzü  bəri  gələn  mənəvi 

mədəniyyətimiz  təkcə  Şərqdə  deyil,  ümumdünya  miqyasında,  beynəlxalq  aləmdə 

şərəfli yer tutur. 

Dərin  məzmunu,  əhatəliliyi  və  əhəmiyyətliliyi  ilə  seçilən  "Azərbaycan 

etnoqrafiyası"nın üçüncü cildi ilk dəfədir ki, qələmə alınır. Böyük zəhmətin və gərgin 

əməyin  məhsulu  olan  bu  araşdırmanın  ərsəyə  gəlməsində  zəngin  çöl-etnoqrafik 

materialları  və  bu  sahədə  aparılan  etnoqrafik  tədqiqatlar  əsas  yer  tutur.  Bununla 

yanaşı,  əsərdə  çoxsaylı  dəyərli  mənbələr,  xarici  və  yerli  səyyahların  qeydlərindən, 

arxeologiya  və  tarix  elminin  nailiyyətlərindən,  arxiv  materiallarından,  muzey 

kolleksiyalarından,  ədəbiyyat,  folklor,  musiqi,  tətbiqi-sənət,  memarlıq  və  s.  elm 

sahələrinə  həsr  olunmuş  araşdırmalardan  və  bu  sahəyə  dair  dövri  mətbuatda  çıxan 

yazılardan geniş istifadə edilmişdir. 

Böyük  elmi-praktik  və  tərbiyəvi  əhəmiyyətə  malik  olan  "Azərbaycan 

etnoqrafiyası"nın üçüncü cildinin meydana çıxması Azərbaycan tarixi, arxeologiyası, 

ədəbiyyatı,  folkloru,  incəsənəti  və  dil  tarixinin  yazılmasına  öz  töhfəsini  verəcək, 

onların daha dolğun, məzmunlu və zəngin olmasına şərait yaradacaqdır. 

Böyük  öndərimiz  Heydər  Əliyev  xalqımızın  mənəvi  dünyasını  yüksək 

qiymətləndirərək qeyd edir: "Xalq bir  çox xüsusiyyətləri ilə tanınır, sayılır  və dünya 

xalqları  içərisində  fərqlənir.  Bu  xüsusiyyətlərdən  ən  yüksəyi,  ən  böyüyü 

mədəniyyətdir". Ümummilli liderimiz Heydər Əliyev başqa bir münasibətlə qeyd edir: 

"Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini 

qoruyub  saxlamaq,  eyni  zamanda  onların  ümumbəşəri  dəyərlərlə  sintezindən, 

inteqrasiyasından  bəhrələnmək  və  hər  bir  insanın  inkişafının  təmin  olunması 

deməkdir". 



 

Azərbaycanlıların  müdrik,  sülhsevər,  adına,  andına,  inamına,  əqidəsinə  sadiq, 



əslinə,  kökünə  minnətdar,  zəngin  təbiətli  -  alicənab,  genişürəkli,  vətəncanlı,  sadə, 

səmimi, istiqanlı, əməksevər, qonaqpərvər və bəşəri xalq olması əsərin qayə, məna və 

məzmununda öz əksini tapmışdır. 

Bu  baxımdan  XIX  əsrin  fransız  sosioloqu  və  coğrafiyaşünası  E.Reklünün 

xalqımızın  qədir-qiyməti  haqqında  söylədiyi  fikrini  xatırlatmaq  yerinə  düşərdi: 

"Cənubi  Qafqazda  yaşayan  azərbaycanlılar  Qafqazın  heç  bir  xalqına  xas  olmayan 

keyfiyyətlərə  malikdirlər.  Belə  nadir  səmimiyyətə  və  tamahdan  uzaq  düzgünlüyə, 

həddən  artıq  mehribanlığa  və  qonaqpərvərliyə  yalnız  onların  arasında  rast  gəlmək 

olar. Azərbaycanlılar Qafqazda mədəniyyət yayanlar hesab olunur". 

XX  əsrin  əvvəllərində  görkəmli  rus  alimi  V.L.Veliçko  "Qafqaz"  əsərində 

xalqımızın şərafəti  və  bəşəri keyfiyyəti haqqında  heyranlıqla  yazırdı: "Heç şübhəsiz, 

azərbaycanlıların qanları safdır; onlar təbiətən alicənab, mehriban, xoşrəftar, mərd və 

genişürəklidirlər,  zehni  cəhətdən  istedadlı,  əxlaqi  baxımdan  təmizdirlər".  Həqiqətən, 

xalqımız  xeyirxahlılığı,  qədirbilənliyi,  ləyaqətliliyi,  nəcabətliyi,  saflığı,  mərdliyi, 

mübarizliyi ilə seçilir. Dostluqda etibarlı, qonşuluqda əvəzsizdir. 

Belə bir bəşəri xalqı layiqincə öyrənmək alimlərimiz üçün şərəf işi, qürur hissi 

olmaqla yanaşı, həm də böyük məsuliyyət tələb edir. 

Mənəvi  mədəniyyətin  mühüm  tərkib  hissələrindən  biri  xalq  bayramlarıdır. 

Onların  arasında  ən  qədimi  və  geniş  yayılanı  Novruz  bayramıdır.  Bu  bayram  öz 

yaşarlılığı, kütləviliyi, məna və məzmunu baxımından digər bayramlardan seçilir. Bu 

üstün cəhət nəzərə alınaraq bahar bayramına daha çox yer ayrılması təsadüfi olmayıb, 

qanunauyğundur.  Əsərdə  xalqımızın  əziz  bayramlarından  Qurban  bayramı,  Orucluq 

bayramı və digər bayramlar haqqında da məlumat verilir. 

Xalqımızı  birliyə,  həmrəyliyə,  köməyə,  arxa  durmağa  səsləyən  qarşılıqlı 

yardım  formalarından  demək  olar  ki,  həyatımızın  bütün  sahələrində  geniş  istifadə 

edilir.  Lakin  etnoqrafik  baxımdan  yanaşdıqda  qarşılıqlı  yardım  formaları  daha  çox 

təsərrüfatda,  yaşayış  məskənləri  və  yaşayış  evlərində,  müxtəlif  sənətkarlıq 

sahələrində, ailə-məişət məsələlərində geniş tətbiq edilir. 

Xalqımız  vətənə  sonsuz  məhəbbət,  torpağa  bağlılıq,  el-obaya  sayğı,  sevgi, 

ailəyə  yüksək  qayğısı  ilə  tanınır.  Bu  bəşəri  keyfiyyətlər  arasında  ağsaqqallıq  və 

ağbirçəklik  institutu  böyük  məna  və  məzmun  kəsb  edir.  Bu  institut  ibtidai  icma 

quruluşundan başlayaraq zəmanəmizə qədər davam edir. Təlim-tərbiyə məktəbi, gör-

götür  dünyası,  ibrətamizlik  abidəsi  olduğuna  görə  bu  məsələyə  də  cilddə  xüsusi  yer 

ayrılması təbiidir. 

Geniş qəlbliliyi, sadəliyi və səmimiliyilə tanınan Azərbaycan xalqı dünyada öz 

qonaqpərvərliyi  ilə  də  sayılır,  seçilir.  İbrətamizliklə  dolu  bu  xalq  adətində  qonağa 

dərin  hörmət  və  ehtiram  bütün  çalarları  ilə  özünü  büruzə  verir.  Əsərdə 

qonaqpərvərliyin  ilkin  çağları,  inkişaf  mərhələləri  zəngin  materiallar  əsasında  şərh 

edilir. 

Kitabda  xalqımızın  məşhur  musiqişünasları,  dahi  bəstəkarları,  qoşub-coşan  el 



 

aşıqları, xanəndələri, təkrarsız xalq mahnıları, sirli-sehrli muğamlar haqqında da geniş 



söhbət  açılır.  Eyni  zamanda  rəqs  və  rəqqaslar,  nəfəsli,  simli,  zərb  musiqi  alətləri 

tədqiq  edilir.  Onların  quruluşu,  hazırlanma  üsulları  açıqlanır.  Əsərdə  xalqımızın 

musiqi  dünyasına  geniş  yer  verilməsi  tamamilə  qanunidir.  Musiqi  xalqımızın 

təbiətindən doğur, insanlara ümumbəşəri hisslər    aşılayır, onları haqqa, ədalətə, eşqə, 

məhəbbətə, ülviliyə, təmizliyə, paklığa səsləyir. 

Azərbaycan  xalqı  tarixdə  musiqili,  şairli-şeirli  xalq  kimi  tanınır  və  sevilir. 

Yüksək  mənəvi  zənginliyi  ilə  seçilən  xalqımızı  dünya  xalqları  sazlı-sözlü,  min  bir 

avazlı, Nizamili, Nəsimili, Füzulili, Vaqifli, Ələsgərli, Üzeyirli, Vurğunlu, Şəhriyarlı, 

Qaralı,  Fikrətli  xalq  kimi  tanıyır.  Musiqi  ilə  şerimizdəki  bu  qoşalıq,  bu  doğmalıq 

sözümüzdə, musiqili səsimizdə, dilimizdədir. 

Tərbiyə beşik nəğməsi, ana laylasıdı, südlə gələr, sümüklə çıxar. Qandan qana, 

candan  cana  keçər.  Təlim  insanın  həyatda  arzu  və  istəyinə  nail  olmaq  üçün 

məqsədyönlü formalaşması prosesidir. Təhsil insanın, cəmiyyətin, dövlətin inkişafına 

xidmət  edən  strateji  əhəmiyyətli  fəaliyyət  sahəsidir.  Sistemləşdirilmiş  bilik,  bacarıq, 

vərdiş  və  təlim  prosesi  onun  nəticəsidir.  Təhsil  milli  zəminə,  bəşəri  dəyərlərə 

əsaslanır, dünyəvi xarakter daşıyır. 

Elm idrakın bir forması olmaqla təbiətin öyrənilməsi, cəmiyyətin və təfəkkürün 

inkişafı  üçün  yaradılan  biliklər  sistemidir.  Elmin  vəzifəsi  insanlara  təbiət,  cəmiyyət 

haqqında  dəqiq,  dürüst  biliklər  aşılamaq,  onlarda  elmi  dünyagörüşü  formalaşdırmaq 

və  hərtərəfli  kamil  inkişaf  etmiş  şəxsiyyət  yetişdirməkdir.  Cilddə  təhsil  və  elm 

haqqında da yığcam məlumat verilmişdir. 

Mənəvi  mədəniyyətimizin  aparıcı  sahələrindən  biri  də  çoxəsrlik  Azərbaycan 

ədəbiyyatıdır.  Əsərdə  ədəbiyyatımızın  təşəkkülü,  inkişaf  mərhələləri,  görkəmli 

nümayəndələrinin  yaradıcılığı  yığcam  şəkildə  şərh  edilməklə  yanaşı  folklora  daha 

geniş  yer  verilir.  Bu  da  təsadüfi  deyil.  Əgər  etnoqrafiyanı  dünyagörmüş  çinara 

bənzətsək,  folklor  onun  şah  budağıdır.  Çox  vaxt  etnoqrafiya  və  folklor  bir-birini 

tamamlayır,  biri  digərinin  inkişafına  əsaslı  zəmin  yaradır.  Bu  doğmalıq,  bu  qoşalıq 

bəzən  elə  şəkil  alır  ki,  onlardan  hansının  etnoqrafiyaya,  hansının  xalq  yaradıcılığına 

aid olduğunu belə müəyyənləşdirmək çətin olur. Bu ayrılmazlıq, ortaqlıq, oxşarlıq və 

doğmalığın  nəticəsidir  ki,  bir  çox  məsələlər  eyni  dərəcədə  hər  iki  elm  sahəsinin 

tədqiqat obyektidir. 

Azərbaycan  xalqı  tarixən  zəngin  əkinçilik  mədəniyyətinə  malik  olmuş  və 

özünəməxsus  təsərrüfat  ənənələri  yaratmışdır.  Xalqımızın  özünəməxsus  əkinçilik 

təqvimi və xalq meteorologiyası yaratması bunu əyani şəkildə sübut edir. Hər ili dörd 

fəsilə, hər fəsli onun təsərrüfat həyatındakı yerinə görə kiçik hissələrə bölən xalqımız 

əmək fəaliyyətini də məhz bu prinsiplərə uyğun qurmuşdur. Qədim azərbaycanlıların 

təqvimi qışın çıxıb yazın gəlməsi, başqa sözlə, təbiətin oyanışı ilə başlamışdır ki, bu 

da xalq arasında yeni gün, yəni Novruz adlandırılmışdır. 

Azərbaycan  xalqının  mənəvi  mədəniyyətində  xalq  təbabəti  mühüm  yer  tutur. 

Elmi təbabətin xalq məişətində geniş yer tuta bilmədiyi dövrlərdə el biliciləri müxtəlif 



 

xəstəlikləri empirik üsullarla müalicə etmiş və bu sahədə zəngin təcrübə qazanmışlar. 



Xalq  arasında  təbib,  loğman,  sınıqçı,  çöpçü  adları  ilə  məlum  olan  bilicilər  müxtəlif 

xəstəliklərin  müalicəsilə  məşğul  olmuşlar.  Onlar  ölkəmizin  ərazisində  müalicə 

əhəmiyyətli  yüzlərlə  bitki  və  meyvələrdən  məlhəm  hazırlamış,  xəstələrə  şəfa 

vermişlər.  Xəstələrin  sağaldılması  üçün  bir  çox  materiallardan,  o  cümlədən  heyvan 

mənşəli məhsullardan da geniş istifadə olunmuşdur. 

Azərbaycan  xalqı  öz  dini  görüşləri  baxımından  da  səciyyələnir.  Cilddə 

minilliklərdən  xəbər  verən  ibtidai  dini  təsəvvürlər,  inanclarla  yanaşı  zərdüştilik, 

xristianlıq və  islam dininin tarixi qısa  şərh edilir, xalqın  mənəvi dünyasında  tulduğu 

yer müəyyənləşdirilir. 

Xalqımızın  mənəvi aləmində  dinin  mühüm  yeri  vardır. Min ildən artıq zaman 

çərçivəsində  islam  dini  xalqın  dünyagörüşündə,  adət-ənənələrində,  etik  davranış 

qaydalarında əsas rol oynamış, islam ehkamlarının toplandığı müqəddəs kitab Qurani-

Kərim  inam-etiqad  qaynağımız,  and  yerimiz  olub,  xalqı  düzlüyə,  doğruluğa,  paklığa 

səsləyib,  pis  əməllərdən  çəkindirib.  İslam  dini  qaydaları,  əxlaq  normaları  milli 

adətlərlə  elə  çulğalaşıb,  qaynayıb-qarışıb  ki,  hətta  onları  bir-birindən  ayırmaq, 

hansının  islam  dini  qaydalarına,  hansının  milli  adət-ənənələrə  aid  olduğunu  ayırd 

etmək  belə  çətindir.  Bu  qaynayıb-qarışmanın  səviyyəsi  o  dərəcəyə  çatıb  ki,  bəzən 

islam dini təfəkkürü etnik təfəkkürü belə  üstələyib; bir  nəfər adət-ənənələri pozanda 

"türk  deyilsənmi?"  əvəzinə  "müsəlman  deyilsənmi?"  deyə  qınanılıb.  Məhz  bunun 

nəticəsidir  ki,  xalqımızın  dünyagörüşünə,  həyata  baxışına,  inamlarına  hakim  kəsilən 

islam  dini  dünyagörüş,  inam,  inanc  səviyyəsindən  çıxaraq  xalqımızın  yaşam  tərzinə, 

həyat tərzinə çevrilib. 

Buna  baxmayaraq,  islam  dini  özündən  əvvəlki  qədim  dini  etiqadları,  inamları 

sıxışdıraraq sıradan çıxarmadı,  bu gün də  Azərbaycanda  islamaqədər  mövcud  olmuş 

etiqadlar - daş, su, ağac, od ayini, göy cisimləri ilə bağlı etiqadlar islam dini görüşləri 

ilə "dinc  yanaşı  yaşayır" və  bu dini ayinlər animizm, totemizm,  fetişizm,  magiya və 

əcdadlara sitayişlə sıx bağlıdır. Xalqımız bu gün də daşa, suya, oda, ağaca sitayiş edir, 

qurban  kəsir,  nəzir  verir,  onlardan  kömək  diləyir,  bununla  da  arzusuna,  istəyinə 

çatacağına  inanır.  Halbuki,  Qurani-Kərimdə  yeganə  etiqad  edilməli  varlığın  Allah 

olduğu  göstərilir.  Bunun  səbəbini  isə  elə  Quranda  axtarıb  tapmaq  olar.  Müqəddəs 

kitabın özündə qədim dini etiqadların izləri qabarıq şəkildə özünü göstərməkdədir. 

İslamda digər dinlərə - atəşpərəstliyə, xristianlığa qarşı dözümlülük, hörmət bu 

gün  Azərbaycanda  müxtəlif  dinlərin  mövcudluğuna,  dini  tolerantlığa  zəmin 

yaratmışdır  və  bu  gün  də  ölkəmizdə  müxtəlif  xalqların  nümayəndələri  sülh  və 

mehribanlıq şəraitində yaşamaqdadır. 

Xalqımızın  mənəvi  aləmində,  dünyagörüşündə  inamların  xüsusi  yeri  var. 

Cəmiyyətin inkişaf səviyyəsinin aşağı olduğu dövrlərdə baş verən hadisələrin səbəbini 

bilməyən, "niyə", "nə üçün" sualları qarşısında qalan insan vəziyyətdən çıxmaq üçün 

müxtəlif  sınamalara,  ovsunlara,  fallara,  dualara  əl  atmış,  yaxşı  iş  görənlərə  alqış 

oxumuş,  yamanlıqları,  pislikləri  qarğamış,  sözün  sehr  qüvvəsinə  inanan  insan  onun 



 

həyata  keçəcəyinə  əmin olmuşdur. "Kitabi-Dədə  Qorqud" dastanında  rast gəldiyimiz 



"Bəylərin  alqışı  alqış,  qarğışı  qarğış  idi,  nə  deyirdilərsə  olurdu"  sözləri  də  həmin 

təfəkkürün  nəticəsi  kimi  meydana  çıxır,  tərbiyə  vasitəsinə  çevrilir,  yaxşılıqlara  sövq 

edir,  pisliklərdən  uzaqlaşdırır  və  həmin  funksiyanı  indi  də  saxlamaqdadır.  Üstündən 

min  illər  keçməsinə,  cəmiyyətin  inkişaf  etməsinə  baxmayaraq,  cəmiyyət  və  təbiət 

hadisələrinin  səbəbləri  aydınlaşsa  da,  cəmiyyətdə  gedən  sosial  irəliləyiş,  sivil 

əvəzlənmə,  dəyişikliklər  ibtidai  inamları,  xüsusi  məna  daşıyan,  mifoloji-semantik 

yükə  malik  olan  sınamaları,  ovsunları,  falları,  duaları,  andları,  alqış  və  qarğışları 

sıradan  çıxara  bilməmişdir  və  bu  gün  də  onlar  xalqın  mənəvi  aləmində, 

dünyagörüşündə yaşayır, bir sıra hallarda isə tərbiyə vasitəsi kimi əhəmiyyətini indi də 

saxlayır  və  onların  öyrənilməsini  zəruri  edir,  elmi  əhəmiyyət  daşımaqla  yanaşı 

praktiki  əhəmiyyət  də  daşıyır.  Xalqımızın  mənəvi  mədəniyyətində,  dünyagörüşündə 

rənglərin  də  öz  yeri  var;  onların  öyrənilməsi  mənəvi  varisliyin  qorunmasında, 

yaşadılmasında  mühüm  rol  oynayır  və  dünyaya,  əhatə  olunduqları  mühitə  baxışları 

rənglərdə, onların daşıdığı mifoloji-semantik mənalarda qorunub saxlanır. Çox zaman 

bu  mənaları  bilmədən  xalqımızın  min  illər  ərzində  yaratmış  olduğu  mənəvi 

mədəniyyət  nümunələrinin  əsil  mahiyyətini  belə  başa  düşmək,  dərk  etmək  mümkün 

olmur. Xalqımızın dünyagörüşündə, həyata baxışında rənglər birbaşa daşıdıqları məna 

yükündən  kənara  çıxır,  semantik  məna  daşıyır,  xeyiri,  uğuru,  xoşbəxtliyi,  yaxşılığı, 

pisliyi,  hətta  Tanrını  belə  özündə  əks  etdirir,  simvola  çevrilir.  Məsələn,  Azərbaycan 

türklərinin  təfəkküründə  ağ  -  xoşbəxtlik,  qara  -  bədbəxtlik,  qırmızı  -  qan,  müharibə, 

yaşıl - bolluq, bərəkət, sarı - quraqlıq, qıtlıq, mavi - sevinc, şadlıq, hətta Tanrı rəmzi 

kimi  semantik  yük  daşıyır.  Hətta  babalarımız  cəhətləri,  istiqamətləri  belə  rənglərlə 

işarələmiş,  şərqi  göstərmək  üçün  mavi,  qərbi  göstərmək  üçün  ağ,  şimalı  göstərmək 

üçün qara, cənubu göstərmək üçün qırmızı rəngdən istifadə etmişlər. 

Bütün  dünya  xalqlarının,  o  cümlədən  Azərbaycan  türklərinin  dünya 

duyumunda saylar qədim zamanlarda indi olduğu kimi sırf kəmiyyət, sıra bildirməmiş, 

xüsusi səciyyə, məna daşımışdır. İnsanlar onlara müqəddəslik, uğur, sevgi, nəhs və s. 

mənalar  vermiş,  özlərinə  uğurlu  rəqəmlər  seçməklə  xoşbəxt  olacaqlarına  inanmışlar. 

Qədim türk tayfalarının bir çoxlarının adlarının qabağına əlavə olunan 8, 9, 24, 32 və 

s. rəqəmlər də bu inancların nəticəsi kimi qiymətləndirilə bilər. İndi də xalqımız 3, 7, 

9,  40  rəqəmlərini  uğur  rəmzi  sayır,  13  rəqəmini  isə  nəhs  rəqəm  hesab  edir.  Kitabda 

saylara  xüsusi  yer  ayrılması  da  geniş  oxucu  kütləsinə  onların  mahiyyəti,  haradan 

qaynaqlandığı haqda məlumat vermək istəyindən irəli gəlir.  

Azərbaycan  xalqının  min  illər  ərzində  yaratdığı  zəngin  mənəvi  mədəniyyət 

nümunələrindən  biri  də  oyun  və  əyləncələrdir.  Oyun  və  əyləncələr  xalqımızın 

həyatında,  məişətində  öz  məzmun  və  mahiyyəti  etibarilə  müxtəlif  səciyyə  daşımış, 

xalqın  təsərrüfat  və  ailə  məişəti,  həyat  tərzi,  dünyagörüşü,  mənəvi  aləmi  ilə  bağlı 

meydana  gəlmiş,  bəşər  mədəniyyətinin  bir  hissəsinə  çevrilmişdir.  İndi  oyun,  əyləncə 

mahiyyəti  daşıyan  bu  mənəvi  mədəniyyət  nümunələri  son  əsrlərədək  ciddi  həyat 

sınağına  hazırlıq  məqsədi  daşımış,  əsas  tərbiyə  vasitələrindən  biri  olmuşdur.  Əgər 



 

oyunlar  onları  seyr  edən  tamaşaçılar  üçün  əyləncə,  vaxtın  xoş  keçirilməsi  məqsədi 



daşımışdırsa,  iştirakçılar  üçün  o,  sınaq,  ciddi  həyata  hazırlıq  üçün  fiziki  və  mənəvi 

tərbiyə  vasitəsinə  çevrilmiş,  yeniyetmə  və  gənclərə  qüvvət,  cəldliklə  yanaşı 

qorxmazlıq, cəsurluq, cəldlik, özünə inam və s. aşılamışdır. 

Mənəvi  mədəniyyət  son  əsrlərdə  sivilizasiyanın,  elmi-texniki  tərəqqinin 

inkişafı ilə əlaqədar olaraq etnik mənsubiyyətin əsas göstəricisi kimi çıxış etməkdədir 

və  XIX  əsr  mədəniyyətlərin  mübarizəsi  əsri  kimi  özünü  göstərdiyinə  görə, 

Azərbaycan  xalqının  mənəvi  mədəniyyətinin  öyrənilməsi  və  təbliği,  eyni  zamanda 

gələcək nəslə çatdırılması qarşıya əsas məqsəd kimi qoyulmalıdır. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  xalqının  çoxəsrlik,  çoxsahəli  və  zəngin 

mənəvi  mədəniyyəti  etnoqraf  alimlərimiz  tərəfindən  yetərincə  və  tələb  olunan 

səviyyədə araşdırılmamışdır. Bu baxımdan oxuculara təqdim edilən üçüncü cildin işıq 

üzü görməsi problemin əhəmiyyətini artırır, dərin məna və məzmunu ilə diqqəti cəlb 

edir.  Əlbəttə,  xatırlatmaq  lazımdır  ki,  bu  zəngin  və  tükənməz  irsin  bütün  sahələrini 

eyni dərəcədə işıqlandırmaq imkan xaricindədir və qeyri-mümkündür. Bu, hər şeydən 

əvvəl,  çöl-etnoqrafik  materiallarının  və  tədqiqat  əsərlərinin  nisbətən  azlığından,  tam 

olmamasından, müqayisəli metoddan istifadə edilməməsindən irəli gəlir. Ona görə də 

Azərbaycan  dilində  ilk  dəfə  olaraq  belə  əhatəli  şəkildə  fundamental  əsərin  ərsəyə 

gətirilməsində bəzi çatışmayan cəhətlərə, zəif məqamlara, iradlara və xırda nöqsanlara 

da  rast  gəlmək  mümkündür.  Bütün  bunlara  baxmayaraq,  bu  kitabdan  oxucuların 

Azərbaycan xalqının mənəviyyatı haqqında dolğun, tam məlumat alacaqlarına əminlik 

hasil etmək olar. 

Ümid edirik ki, bərəkətli torpağını, əvəzsiz vətənini, doğma xalqını və millətini 

qəlbən  sevən  mütəxəssislər,  alimlər,  müdrik  insanlar,  tələbkar  oxucular,  öz 

sevinclərini,  arzu,  tələb  və  təkliflərini  bildirəcək,  monoqrafiyanın  gələcəkdə  dolğun, 

əhatəli və məzmunlu çıxmasına köməklik göstərəcəklər. 

Əsərin  uzun  illər  hazırlanması,  yazılması  və  ərsəyə  gəlməsində  Azərbaycan 

Milli  Elmlər  Akademiyasının  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  tarixi 

etnoqrafiya  şöbəsinin  əməkdaşlarının  xüsusi  xidmətləri  də  unudulmamalı  və  yaddan 

çıxarılmamalıdır.  Üçüncü  cildin  müzakirəsində  dəfələrlə  iştirak  edən  alimlərin 

köməyi,  çoxsaylı  informatorların  məlumat  və  müddəaları  minnətdarlıqla  qeyd 

edilməlidir. Kitabın hazırlanmasına və müzakirələrin təşkilinə böyük əmək sərf edən, 

artıq  dünyalarını  dəyişən  görkəmli  etnoqraflardan  Şahpələng  Quliyevi  və  Tofiq 

Kərimovu minnətdarlıqla yad edir, "ruhları şad olsun" - deyirik. 

Cildin  nəşrə  hazırlanmasında  Səfər  Aşurovun,  Nəcəf  Müseyiblinin,  Təranə 

Quluzadənin,  Gülmirə    Qasımovanın,    illüstrativ  materialların  çəkilməsində    rəssam  

Solmaz Hüseynovanın əməyini xüsusi qeyd etmək lazımdır. 



Teymur Bünyadov 

Akademik 


Yüklə 7,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə