Azərbaycanın inteqrasiyası



Yüklə 17,81 Kb.
tarix01.01.2022
ölçüsü17,81 Kb.
#50655
M.Kənan Azərbaycanın İnteqrasiyasi


Azərbaycanın inteqrasiyası

Bəşər cəmiyyəti yarandığı gündən bu dövrədək yaşadığı məkandan asılı olmayaraq özünün maddi tələbatını təmin etmək, dünyanın bu və ya digər ərazilərində istehsal olunan maddi nemətləri əldə etmək üçün daim hərəkətdə olmuşdur. Cəmiyyətin dinamik inkişafı ilə əlaqəli olaraq bu cür iqtisadi inteqrasiya daha da inkişaf edir və təkmilləşir. XXI əsr iqtisadiyyatında region ölkələri arasında iqtisadi inteqrasiya daha qlobal xarakter almış və bu ayrı-ayrı dövlətlərin iqtisadi inkişafına müsbət təsir göstərən amillər kimi qiymətləndirilir. Azərbaycanın XX əsrin axırıncı on illiyində müstəqilliyə nail olması və müstəqil dövlət kimi iqtisadi inteqrasiyaya qoşulmasını onun region ölkələri içərisində iqtisadi imicinin artmasını və dünyanın bir çox region ölkələri ilə inteqrasiyaya qoşulmasını daha da intensivləşdirmişdir. Azərbaycanın region ölkələri inteqrasiya proseslərinin daha qlobal xarakter alması, idxal və ixrac potensialının getdikcə artması bu sahədə xüsusi tədqiqat işinin aparılması problemlərini doğurur. Bununla əlaqədar coğrafiya elmləri doktoru, professor Zahid Səttar oğlu Məmmədovun bu yaxınlarda “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” adlı dərc olunmuş monoqrafiyası xüsusi maraq doğurur. 2015-ci ildə Bakı “MBM” nəşriyyatı tərəfindən dərc olunmuş monoqrafiya 23 çap vərəqi həcmində olmaqla 367 səhifədən ibarətdir. Monoqrafiyanın elmi redaktoru akademik Ziyad Səmədzadə, rəyçiləri isə coğrafiya elmləri doktoru, professor, əməkdar elmi xadimi Vüsət Əfəndiyev, iqtisad elmləri doktoru, professor Gəncəli Gənciyev, iqtisad elmləri doktoru, professor Amil Məhərrəmovdur.

Müəllifin uzun illərin tədqiqatı əsasında ərsəyə gətirdiyi bu əsərdə Azərbaycanın dünyanın region ölkələrinə inteqrasiya olunmasının əsas amilləri —  iqtisadi, strateji və geosiyasi cəhətdən əlverişli mövqedə yerləşməsi, ölkələrin inteqrasiyasında mühüm faktor sayılan Avropa-Qafqaz-Asiya nəqliyyat sisteminin Azərbaycan ərazisində mərkəzi mövqe tutması, “İpək yolu”nun bərpası ilə əlaqədar Avrasiya, Transatlantika, Afrika ölkələrinin bir-birinə inteqrasiya olunmasında mühüm rol oynayan təbii iqtisadi şəraiti və s. amillər elmi cəhətdən əsaslandırılır.

Ümumilikdə yeddi fəsildən ibarət  bu əsərdə Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiya olunmasının müasir aktual problemləri araşdırılır. “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyasının iqtisadi inkişaf xüsusiyyətləri” adlanan birinci fəsildə müəllif bu sahədə uzun illər tədqiqat aparmış, dünya alimlərinin tədqiqatlarına istinad edərək region ölkələrinə inteqrasiyanın formalaşmasının qanunauyğunluqları və tipologiyasını  və həmin tipologiyaya əsaslanaraq regional inteqrasiyanın müasir problemlərini müəyyənləşdirmişdir. Regional inteqrasiyada mühüm rol oynayan nəqliyyat sistemlərinin xarakterik xüsusiyyətləri və mühüm nəqliyyat sistemlərindən hesab edilən “Avropa- Qafqaz-Asiya”, “Trans Xəzər”, “Trans Atlantika və s. regional istiqamətdə inkişaf etdirilərək vahid dünya nəqliyyat sistemlərinin formalaşmasına təsir göstərən amillər kimi qiymətləndirilir. Azərbaycanın regional iqtisadi inteqrasiyada mühüm rol oynayan dəmir yolu, avtomobil nəqliyyatı, dəniz və boru kəmər nəqliyyatının xarakterik xüsusiyyətləri elmi cəhətdən araşdırılmışdır. Ölkəmizin qlobal inteqrasiyada rolunu müəyyən edən əsas amillərdən biri dünya əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar yeni infrastruktur sahələrin inkişaf istiqamətləri və reallıqları əsərdə geniş miqyasda öz təhlilini tapmışdır. Regional inteqrasiyada enerji resurslarının dünya bazarına səmərəli yollarla nəql olunmasında Bakı-Tbilisi-Ceyhan (uzunluğu 1768 km), Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərlərinin və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin region ölkələrinin iqtisadiyyatına göstərdiyi təsir mexanizmləri əks olunmuşdur. Perspektivli layihələrdən olan Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) boru kəmərlərinin reallaşması Avrasiya region ölkələrinin enerjiyə tələbatının təmin olunmasında olan reallıqları əsaslandırır.  

Monoqrafiyanın ikinci fəsli “Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyi region ölkələrinə inteqrasiyasının müasir vəziyyətinin təhlili və iqtisadi qiymətləndirilməsi” adlanır.

MDB region ölkələri ilə tarixən qonşuluq mövqeyində olması, təsərrüfat sahələrinin bağlılığı, əlverişli nəqliyyat sisteminə malik olması əvvəlki illərdə olduğu kimi, müstəqillik illərində də həmin region dövlətləri ilə iqtisadi inteqrasiya inkişaf etmiş və təkmilləşmişdir. Müəllif əsərdə Azərbaycanın region ölkələrinə inteqrasiyasının müasir vəziyyətini təhlil etmək üçün çoxsaylı cədvəllərdən istifadə etməklə region ölkələrinin idxal və ixracın quruluşunu iqtisadi göstəricilərlə əks etdirmişdir. 2006-2010-cu illər ərzində Azərbaycanla  Müstəqil Dövlətlər Birliyi region ölkələrarası iqtisadi göstəriciləri ətraflı təhlil olunmuşdur. Dünyanın region ölkələrindən Azərbaycanın 2010-cu ildə idxal etdiyi ümumi məhsulun 31,8%-i  və həmin dövlətlərə ixrac etdiyi məhsulun 9,3%-i MDB region ölkələri təşkil etmişdir. Həmin ilə müvafiq olaraq MDB region ölkələrindən idxal olunan cəmi məhsulun 55,8%-i və ölkələrə ixrac olunan məhsulun 39,45-i Rusiya Federasiyası, həmin göstəricilərə müvafiq 5,5-0,4%-i Belarus, 14,3-2,2 Qazaxıstan, 22,6-44,8% Ukraynanın, qalan faizlər müvafiq olaraq Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan və Moldova respublikalarının payına düşür.

Monoqrafiyada maraq doğuran problemlərdən biri üçüncü fəsildə Azərbaycan Respublikasının Avropanın region ölkələrinə inteqrasiyasının müasir vəziyyəti və inkişaf istiqamətləridir. Professor Z.Məmmədov Azərbaycanla regional inteqrasiyada iştirak edən Avropanın region ölkələrinin iqtisadi inkişafına görə təsnifatını əsərdə verməklə həmin təsnifat əsasında iqtisadi inteqrasiyanın müasir vəziyyətini və inkişaf istiqamətlərini araşdırmışdır. Azərbaycanın dünyanın bütün region ölkələrindən 2010-cu ildə idxal etdiyi cəmi məhsulun 53,1%-i  və həmin dövlətlərə ixrac etdiyi məhsulun 59,1%-i Avropanın region ölkələrinin payına düşür. Əsərdə aparılan təhlillərdən aydın olur ki, Avropanın 36-dan artıq ölkəsinin Azərbaycan Respublikası ilə idxal və ixrac əməliyyatlarında  iştirakı həmin dövlətlərin təsərrüfat sahələrinin təhlil olunması zərurətini doğurmuş və həmin zərurətdən irəli gələrək region ölkələrinin təsərrüfat sistemlərinə inteqrasiya olunması istiqamətləri müəyyənləşdirilmişdir.

Aparılan təhlillərdən aydın olur ki, Azərbaycanın Avropanın region ölkələrindən idxal etdiyi cəmi məhsulun 68%-i və ixrac olunan cəmi məhsulun 83%-i inkişaf etmiş region dövlətlərinin payına düşür. Əsərdə Avropanın inkişaf etmiş region ölkələrinin (Almaniya, Fransa, İngiltərə, İtaliya) təsərrüfat sahələri geniş şəkildə təhlil olunmaqla regional inteqrasiyada mühüm rol oynayan nəqliyyat sistemlərinin səmərəliliyi müəyyənləşdirilir. Azərbaycanın Avropanın region ölkələrindən idxal etdiyi cəmi məhsulun 13,5%-i və ixrac etdiyi məhsulun 0,9%-i Şimali və Qərbi Avropa region dövlətləri təşkil edir. Əsərdə Şimali və Qərbi Avropa region ölkələrinin təsərrüfat sistemləri dövlətlər üzrə təhlil olunmaqla regional inteqrasiyada ölkələrin səciyyəvi xüsusiyyətləri müəyyənləşdirilir. Eyni zamanda müəllif Azərbaycanla Skandinaviya region ölkələrarası iqtisadi inteqrasiyanın təhlilinə geniş yer verir. 2010-cu ildə Skandinaviyanın region ölkələrindən idxal olunan cəmi məhsulun dəyəri 22 milyon ABŞ dolları təşkil etdiyi halda, həmin region ölkələrinə ixrac olunan məhsulların ümumi dəyəri 1,2 milyon ABŞ dolları olmuşdur.

Avropanın region ölkələri ilə inteqrasiyada Baltik sahili region dövlətlərinə xüsusi diqqət yetirilmişdir. Bu ölkələrin əlverişli təbii iqtisadi şəraiti, kifayət qədər sənaye əhəmiyyətli təbii resurslara malik olması Azərbaycanın bu region ölkələrilə iqtisadi inteqrasiyaya qoşulmasına müsbət təsir göstərmişdir. Azərbaycanla Latviya, Litva və Estoniya region ölkələrinin təsərrüfat sahələrinin araşdırılması əsasında həmin ölkələrlə iqtisadi əlaqələrin strukturu ətraflı təhlil olunur.

Monoqrafiyanın dördüncü fəsli Azərbaycan Respublikasının Asiya region ölkələrarası inteqrasiyanın müasir vəziyyəti və inkişaf istiqamətlərinin təhlilinə həsr olunur. Bu fəsildə Azərbaycanın Yaxın Şərq, Orta Şərq, Cənubi Şərqi və Şərqi, Cənubi Asiya region dövlətlərinə inteqrasiyasının iqtisadi inkişaf xüsusiyyətləri təhlil olunmuşdur. Əsərdə Asiya region ölkələrinin təbii iqtisadi şəraiti, təsərrüfat strukturu, təbii və əmək ehtiyatları kompleks təhlil olunmaqla, beynəlxalq inteqrasiyada olan mövqeyi aşkar olunur. Azərbaycanın dünyanın region dövlətlərindən 2010-cu ildə idxal etdiyi cəmi məhsulun 39,2%-i, ixrac olunan məhsulun 29,8%-i Asiyanın region ölkələrinin payına düşür. Azərbaycan Yaxın Şərq region ölkələrinə daxil olan 14 ölkə ilə inteqrasiyada iştirak edir. Bu region ölkələrinin ümumi ərazisi 5,5 milyon kvadratkilometr, əhalisi isə 247 milyon nəfərdən artıqdır. Bu region ölkələri qrupuna Birləşmiş Ərəb Əmirliyi, İraq, Kipr, Küveyt, Qətər, Livan, Misir Ərəb Respublikası, Suriya Ərəb Respublikası, Səudiyyə Ərəbistanı, Türkiyə, İsrail, Bəhreyn, Yəmən Respublikası və Oman Sultanlığı daxildir.

Orta şərq region ölkələrindən Azərbaycanın 2010-cu ildə idxal etdiyi cəmi məhsulun dəyəri 118 milyon ABŞ dolları, həmin ölkələrə ixrac etdiyi məhsulun  həcmi isə 194 milyon ABŞ dolları dəyərində olmaqla bu region dövlətləri ilə iqtisadi əlaqələr balansı müsbət saldo təşkil edir. Orta şərq region ölkələrindən idxal olunan cəmi məhsulun 99%-i İran, 1%-ni isə digər dövlətlər, ixrac olunan məhsulların 64%-i İran, 35%-i Əfqanıstan, 1%-i isə Monqolustanın payına düşür.

“Azərbaycanın Cənubi Şərqi və Şərqi Asiya region ölkələrinə inteqrasiyası” adlı paraqrafda bu ölkələr qrupunda yer tutan 8 qabaqcıl ölkənin (Yaponiya, Koreya Respublikası, Vyetnam, Çin, Tayvan, Tailand, Filippin və İndoneziya) təsərrüfat sahələri araşdırılır və iqtisadi inteqrasiyanın inkişafı üçün səmərəli yollar müəyyənləşdirilir. Bu region ölkələrinin bir xarakterik xüsusiyyəti ondadır ki, iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyan quru və su yolları üzərində yerləşməsi, həmçinin dəniz və okeanlara birbaşa çıxış yolunun olması mühüm əhəmiyyət kəsb edir.

“Azərbaycan Respublikasının  Şimali, Mərkəzi və Latın Amerikası region ölkələrinə inteqrasiyası” adlanan beşinci fəsildə bu dövlətlərin bizdən çox-çox kənarda olmasına baxmayaraq XXI əsrin ilk on illiyində bu region ölkələri ilə iqtisadi əlaqələri intensivləşmişdir. 2010-cu ildə Azərbaycanın dünyanın region ölkələri ilə ticarət əlaqələrində idxal olunan cəmi məhsulun 7%-i, ixrac olunan məhsulların isə 1,5%-i Amerika dövlətlərinin payına düşür. Azərbaycan müstəqillik əldə etdikdən sonra Amerikanın 16-dan çox region dövlətləri ilə iqtisadi inteqrasiyaya qoşulmaqla idxal və ixrac əməliyyatlarında iştirakı aktivləşmişdir. Amerikanın region ölkələrindən idxal olunan məhsulun 70%-i və ixrac olunan məhsulların 93%-i Şimali Amerika, həmin göstəricilərə müvafiq olaraq 29,5-0.7%-i Latın Amerikası, 0,5-5,9%-i Mərkəzi Amerika region ölkələri təşkil edir.

Monoqrafiyanın altıncı fəsli Azərbaycan Respublikasının Afrika ölkələrinə inteqrasiyasının müasir iqtisadi inkişaf xüsusiyyətləri ilə səciyyələnir. Afrikanın region ölkələri ümumilikdə 30,3 milyon. kv. km sahəni əhatə edərək inteqrasiya baxımından əlverişli təbii iqtisadi şəraitə malikdir. Bu ölkələrin əksəriyyətinin dəniz və okeanlara yaxın olması dünyanın bir çox region ölkələrinə inteqrasiya olunması üçün əlverişli şərait yaratmaq imkanlarına malikdir.



Əsərin sonuncu — yeddinci fəsli Azərbaycan Respublikasının Avstraliya və Okeaniya region ölkələri inteqrasiyasına həsr olunmuşdur. Avstraliya Yer kürəsinin cənub yarımkürəsində yerləşməsinə baxmayaraq, inkişaf etmiş sənaye-aqrar ölkəsi kimi tanınır. Sənaye ümumi daxili məhsulun 45%-ini təşkil edir. Ölkə üzrə əmək qabiliyyətli insanların 30%-ə qədəri sənayedə təmərküzləşmişdir. Daxili və xarici regional inteqrasiyada iştirakı üçün əlverişli nəqliyyat sistemlərinə malikdir. Son illərdə Azərbaycan-Avstraliya region ölkələrarası iqtisadi inteqrasiya formalaşır.

Uzun illərin təcrübəsi əsasında professor Zahid Səttar oğlu Məmmədovun yazdığı “Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiyası” adlı  kitabda regional səviyyədə müasir dövrün aktual problemləri əks olunmuşdur. Əsərdən regionşünaslıqla məşğul olan mütəxəssislər, ali məktəblərin müəllimləri, tələbələri, magistrləri, eləcə də doktorantlar, aspirantlar və coğrafiya elmi sahəsində çalışan mütəxəssislər istifadə edə bilər.
Yüklə 17,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin