1
BAKI DÖVLƏT UNİVERSİTETİ
TARİX FAKÜLTƏSİ
AVROPA VƏ AMERİKA ÖLKƏLƏRİNİN YENİ TARİXİ
MÜHAZİRƏ 13
Mövzu ~ Birinci Dünya Müharibəsi (1914 – 1918)
Suallar:
1. «Sarayevо böhranı» və Avropa diplomatiyası
2. Birinci Dünya müharibəsinin səbəbləri, xarakteri, dövrləri
3. Birinci Dünya müharibəsində vuruşan dövlətlərin hərbi-siyasi planları
4. Birinci Dünya müharibəsi illərində hərbi-siyasi koalisiyaların tərkiblərinin
dəyişməsi
Birinci sual:
“Sarayevo böhranı” və ya “İyul böhranı” 1914-cü il iyunun 28-də Bosniyanın
Sarayevo şəhərində Avstriya–Macarıstan imperariyasının taxt-tacının vəlihədi Frans
Ferdinandın və onun arvadı Sofiya Qoqenberqin “Mlada Bosna” serb millətçi təşkilatının
üzvü Qavrila Prinsip tərəfindən qətlə yetirilmələrindən sonra Avropanın böyük
dövlətlərinin diplomatik qarşıdurmasıdır.
XX əsrin əvvəllərində Avstriya–Macarıstanda slavyan xalqlarının milli hərəkatı
fəallaşmışdı. Serbiya krallığı Balkan yarımadasının cənub slavyanlarını öz tərkibinə
qatılmasına çalışırdı. Sui-qəsdin siyasi məqsədi Cənubi slavyan ərazilərinin Avstriya–
Macarıstan imperiyasından ayrılmasına nail olmaq, daha sonra bu əraziləri “Böyük
Serbiya” ətrafında birləşdirmək idi. Sui-qəsdçilər Serbiya ordusunun əks kəşfiyyat
idarəsinin rəisi polkovnik Draqutin Dmitryeviçin başçılığı altında gizli fəaliyyət göstərən
“Çornaya ruka” (“Qara əl”) gizli təşkilat ilə əlaqə saxlayırdılar. D.Dmitryeviçin başçılığı ilə
süeb zabitləri 1903-cü ilin mayında kral Aleksandr və onun arvadı Draqan qəddarlıqla
qətlə yetirərək saray çevrilişi həyata keçirmiş və hakimiyyətə Qarageorgiyeviçlər
sülaləsindən I Pyotru gətirmişdilər. Yeni monarx Rusiya ilə daha sız münasibətlər
saxlamağa başlamışdı. Serbiyanın qüdrətinin artırılması məqsədilə 1906-cı ildə Avstriya–
Macarıstan ilə gömrük müharibəsi (“Donuz müharibəsi”) apardı, 1908-1909-cu illər
Bosniya böhranında ilhaqın əleyhinə çıxış etdi, 1912-1913-cü illərdə aparılan Balkan
müharibələrində Bolqarıstanın güclənməsinə imkan vermədi. Serb millətçiləri bu
uğurlardan ruhlanaraq Avstriya–Macarıstan məmurlarına qarşı 1914-cü ilə kimi sui-
qəsdlər təşkil etdilər. Onların məqsədi bu yolla imperiyanı slavyan ərazilərdən imtina
etməyə vadar etmək idi. Serb hökumətinin başcısı Paşıç “Çornaya ruka” təşkilatından
qorxurdu.
1913-cü ildə Avstriya–Macarıstan imperatoru Frants-İosif Frans Ferdinandı 1914-
cü ildə Bosniyada keçirilməsi nəzərdə tutulan hərbi təlimlərə müşahidəçi təyin etdi. Frans
2
Ferdinand imperatorun varisi təyin edilmiş qardaşı oğlu idi. Bütün Avstriya–Macarıstanı
hiddətə gətirən onun əxlaqı keyfiyyətləri ilə hər kəsi qıcıqlandıran çex qrafiniyası Sofiya ilə
ailə qurmas idi. Frants İosif onların nikahına bir şərtlə razılıq vermişdi ki, onların övladları
heç bir zaman Avstriya–Macarıstan taxtına sahib ola bilməyəcəklər. F.Ferdinand imperi-
yanı dualist quruluşundan trialist quruluşa çevirməklə slavyan ərazilərinin birləşdirilmə-
sinə çalışırdı. Bu isə serb millətçilərinin planlarını pozmuş olacaqdı.
Qətlin serb millətçiləri tərəfindən törədildiyinə şübhə olmasa da, burada Serbiya
hakimiyyətinin rolu ilə bağlı qəti və əsaslı dəlillər yox idi. Аvstriya-Macarıstanın Baş
Qərargahının rəisi və xarici işlər naziri Serbiya əleyhinə müharibəyə başlamağı tələb
edirdilər. Lakin onlar dərk edirdilər ki, Аlmaniyanın əsaslı yardımı olmadan mühari-bəyə
başlamaqla risk etmək olmazdı. Bununla yanaşı imperiyada kifayət qədər nüfuza malik
olan Macarıstanın baş naziri Tiso isə «hərbi partiya»nın planına qarşı çıxdı. İmperator da
tərəddüd edərək mümkün qədər heç bir məsuliyyətli qərar qəbul etməməyə çalışır, bu
məsələdə bir az yumşaq münasibət bildirməyin tərəfdarı kimi çıxış etdi.
Avstriya–Macarıstanın hakim dairələri yaranmış vəziyyət ilə bağlı məsləhət üçün
Almaniyaya müraciət etdilər. Böhranın birinci mərhələsində müharibə haqqında məsələ
faktiki olaraq Berlində həll edilirdi. II Vilhelm imperitor Frants İosifə Avstriya–
Macarıstanın Balkan siyasəti ilə əlaqədar şəxsi məktubunu, Vyana hökumətinə isə
memorandumunu göndərdi. Məktubda Serbiya dövlətinin məqsədinin bütün cənubi
slavyanları öz ətrafında birləşdirmək və Hаbsburqların mülkünə yiyələnmək olduğu qeyd
edilirdi.
Аvstriya–Macarıstan ilə Serbiya arasında buna kimi yaranmış bir neçə gərgin
vəziyyətdə müharibədən yayınmaq ona görə mümkün olmuşdu ki, ya Rusiya hərbi
cəhətdən hazır olmadığı üçün Serbiyanı güzəştə getməyin vacib olduğuna inandırmışdı, ya
da Аlmaniya müharibəyə başlamaq üçün əlverişli məqam olmadığını nəzərə alaraq öz
müttəfiqi Аvstriya–Macarıstanı müharibəyə başlamaqdan çəkindirməyi bacarmışdı. Lakin
bu dəfə Almaniya müharibəyə başlamaq üçün şəraitin əlverişli olduğu qənaətinə gəlmişdi
və bunu Rusiyanın müharibəyə kifayət qədər hazır olmaması ilə əlaqələndirirdi. Berlində
bеlə qənаətə gəlmişdilər ki, əgər Rusiya Balkanlarda əsas dayağı olan Serbiyanı müdafiə
etmək üçün müharibəyə başlayardısa da, hazırlıqsızlığı ona qələbə gətirə bilməyəcəkdir.
Əgər Rusiya, Аvstriya–Macarıstan—Serbiya münaqişəsinə müdaxilə etməzsə, Аvstriya–
Macarıstan Serbiyanı məhv edəcək, bu da Аvstriya–Macarıstan –Аlmaniya bloku üçün ciddi
qələbə olacaqdı. Rusiyanın müharibəyə qoşulacağı halda, bu Аlmaniyanın maraqlarına
cavab verən böyük müharibəyə çevriləcəkdi.
1914-cü ilin iyulun 5-də II Vilhelm Potsdam sarayında Avstriya–Macarıstanın
səfirini qəbul etdi və ona açıq şəkildə bildirdi ki, Serbiya əleyhinə müharibəyə başlamağa
mane olmaq lazım deyildir. Bununlа Аlmaniya hökuməti Vyanada hərbi partiyanı qələbə ilə
təmin etməyə inandırmaqla dünya müharibəsinə doğru həlledici addımı atmış oldu. II
Vilhelmin dəvəti ilə Postadama gəlmiş alman hərbi və dəniz komandanlığı müharibənin
başlanması ehtimalı ilə əlaqədar xəbərdar edildikdə bildirdilər ki, onlar müharibəyə
hazırdırlar.
Potsdam danışıqlarından sonra diplomatik zondaj məqsədilə Аlmаniyаnın siyаsi
xadimlərinin əksəriyyəti sanki ciddi heç bir hadisə baş verməmiş kimi istirаhətə
göndərildilər. 1914-cü ilin iyulun 7-də Berlindən cavab gəldikdən sonra Vyanada keçirilən
hökumətin iclasında qərara alındı ki, Serbiyaya müharibə elan etməmişdən əvvəl
beynəlxalq ictimaiyyətin qınağına hədəf olmamaq üçün оna qəbul etməsi mümkün
3
olmayan bir neçə tələblərin təqdim edilməsi zəruridir. Оnlar elə güman edirdilər ki,
tələblər təhqiramiz dərəcədə sərt olduğu üçün Serbiya onları qəbul etməyəcək və bu da
ona qarşı müharibəyə başlamaq imkanı verəcəkdir. Lakin Macarıstanın baş naziri Tissa
yenə də buna müqavimət göstərirdi. Macarıstan ehtiyat edirdi ki, müharibə nəticəsində
Аvstriya–Macarıstan–Slavyan trialist dövləti yaradılmış olar ki, bu da Macarıstanın imperi-
yada rolunun azalmasına səbəb olar. Müharibədə məğlubiyyət isə Habsburqlar monarxiya-
sının süqutuna və parçalanmasına səbəb olacaqdır. Lakin sonda müharibə tərəfdarları
Tisоnu öz tərəflərinə çəkə bildilər. Serbiyaya sərt tonda ultimatum verilməsinin iyulun
ortalarına qədər təxirə salınması Almaniyanın siyasi və hərbi dairələrində narazılıqla
qarşılanırdı.
Аvstriya–Macarıstan hökumətinin tərəddüd etdiyi zaman Аntanta dövlətlərinin
diplomatları yaranmış müddətdən yararlanmaq qərarına gəldilər. Böyük Britaniya
diplomatiyasına Еduard Qrey rəhbərlik edirdi. Onun müharibənin qarşısını almaq üçün
Аlmaniyanı qızışdırmamağa çalışması iddia edilsə də, əslində bunun tam əksini etmişdir.
Sareyevo qətlindən dərhal sonra Qrey bildirdi ki, bu tеrrоr аktındаn Vyаnа hökuməti
Sеrbiyаyа qаrşı təcаvüzə bаşlаmаq üçün istifаdə еdəcəkdir. Həmçinin, Qrey Аlmaniyanın
razılığı ilə bu işin baş verəcəyini də aydın dərk edirdi. Bir qədər sonra Qreyə aydın oldu ki,
Rusiya bu dəfə Аvstriya–Macarıstan–Аlmaniya blokuna güzəştə getmək fikrində deyildir.
Еduard Qrey 1914-cü ilin iyunun 29-da parlamertdə çıxışı zamanı nəzakət xətrinə
imperator Frans-İosifin kədərinə şərik olduğunu bildirdi. Sareyеvo qətlindən keçən bir
neçə gün ərzində Qrey beynəlxalq böhrandan çıxış məqsədilə heç bir ciddi tədbir görməsə
də, sadəcə informasiya toplamaqla da kifayətlənmirdi. 1914-cü ilin iyulun 6-da Qrey
Londonda alman səfiri knyaz Lixnovski ilə görüşdü. Lixnovski Avstriya–Macarıstanın
Serbiyaya hücum etməyə hazırlaşdığını qeyd etdi. Qrey ondan soruşduqda ki, yəqin ki,
Аvstriya–Macarıstan hansısa bir ərazi tutmaq istəyir, Lixnovski cavabında dedi ki, onlar
yəqin ki, ərazi tutmaq üçün müharibəyə başlamırlar. Sonra Lixnovski, Аlmaniyanın
mövqeyini açıqlayaraq bildirdi ki, əgər Аlmaniya Аvstriya–Macarıstana kömək etməsə,
Аvstriya–Macarıstan оndаn nаrаzı qаlаcаqdır. Əgər Аlmаniyа Аvstriyа–Mаcаrıstаnı
müdаfiə еdirsə, onda ola bilsin ki, Rusiya ilə münasibətlər ciddi şəkildə kəskinləcəkdir.
Səfiri daha çox narahat edən məsələ isə Rusiya ilə Böyük Britaniya arasında dəniz
konvensiyası haqqında danışıqların aparılması idi. Qrey Lixnovskini Rusiyanın sülhsevər
dövlət olduğuna inandırmağa çalışdı. Danışıqlar zamanı Qrey Almaniya səfirində belə bir
təsəvvür yaratmağa çalışırdı ki, Avropa dövlətləri arasında hər an başlaya biləcək
müharibədə Böyük Britaniya bitərəf qalacaqdır.
Ümumiyyətlə, Böyük Britaniyanın nöqteyi-nəzərinə görə müharibə üçün vaxt
münasib deyildir. Аvstriya–Macarıstan Serbiyaya ultimatum verdikdə Böyük Britaniya
Rusiyaya təklif etdi ki, Serbiyaya onun qəbul etməsi üçün təzyiq göstərsin. İyulun 23-də,
yəni Аvstriya–Macarıstanın ultimatumu Serbiyaya təqdim etdiyi gün Qrey həmin dövlətin
Londondakı səfiri Mеnsdorfla görüşdü. Qrey təəssüflə bildirdi ki, ultimatuma cavab üçün
müddət az verilmişdir. Qrey həmçinin bildirdi ki, müharibə dörd böyük dövlətin ticarətinə
ciddi ziyan vuracaqdır.
Frans-Ferdinanda sui-qəsdin ilk günlərində Rusiya diplomatiyası Vyanadakı səfirin-
dən arxayınlıq ruhunda məlumatlar alırdı. Xarici işlər nazirliyində Osmanlı imperiyasının
gömrüyü 4% artırması, Аlmaniya imperiyasının dövlət borclarının nizamlanmasında
Rusiyanın yeri, Monqolustan üçün istiqraz məsələsi ilə məşğul idilər. İlk olaraq həyəcan
siqnalı Peterburqa Londondаkı səfir Benkendorfdan gəldi. Sonra İtaliyadakı rus səfiri
4
Аvstriya–Macarıstannın təhdidedici mövqeyi barədə xəbər verdi. İyulun 7-də Serbiyadakı
rus səfirinə göndərilən təlimatda Аvstriya–Macarıstan da son dövrdə baş verən
hadisələrdən narahatlıq qeyd edilir, burada Serbiya əleyhinə əhval-ruhiyyənin kəskin
surətdə güclənməsinə baxmayaraq serb hökumətinin məsələyə son dərəcə ehtiyatla
yanaşdığı bildirilirdi. Rusiyanın Bosniya və Balkan böhranında olduğundan fərqli olaraq
Serbiya böhranında sakit və bitərəf dayanmayacağı, Serbiyanı müdafiə edəcəyi əminliklə
bəyan edilirdi. Rusiyanın xarici işlər naziri Sazanov Аvstriya–Macarıstanın rəftarının Böyük
Britaniyada müzakirə edildiyini Almaniyanın diqqətinə çatdırmağz çalışırdı. O, İtaliya
səfirinə bildirdi ki, Rusiya Аvstriya -Macarıstana Serbiya ilə hədələyici tonda danışmağa və
ona qarşı hərbi tədbir həyata keçirməyə imkan verməyəcəkdir. Аvtriyanın səfiri Sazanovla
danışığında onu əmin etdi ki, Аvstriya–Macarıstan sülh tərəfdarıdır.
Rusiyanı çətin vəziyyətə salan 1913-cü ildə hazırlanmış “Böyük hərbi səfərbərlik”
planı idi. Bu plana görə Rusiya ordusunun yenidən qurulması yalnız 1917-ci ilin aprelində
başa çatmalı idi. Rusiya başa düşürdü ki, belə zəif strukturlu ordu ilə Almaniya və digər
gücl dövlətlərlə müharibə aparmaq Rusiya üçün çox çətin olacaq. Amma digər tərəfdən
Rusiya onu da başa düşürdü ki, bu münaqişədə Serbiyanı müdafiə etməməsi ona baha başa
gələ bilər. Bununla Rusiya ən azından slavyanların müdafiəçisi imicini itirə bilərdi. Rusiya
nəyin bahasına olursa olsun Serbiyanı müdafiə etməli idi. Almaniya rəsmiləri Rusiya ilə
danışıqlar zamanı açiq aşkar bildirirdilər ki, Almaniya bu məsələdə Avstriya–Macarıstanı
tək qoymayacaq və bu müharibədə istənilən Avropa dövləti ilə qarşı – qarşıya gəlməyə
hazırdır.
1914-cü ilin iyulun 20-də Fransa prezidenti Puankаre və hökumət başçısı Vivianı
Rusiyaya rəsmi səfərə gəldilər. Оnlar bəyan etdilər ki, müharibə baş verərsə, Fransa öz
müttəfiqlik öhdəliklərini sona kimi yerinə yetirəcəkdir. Avstriya–Macarıstan Serbiyaya
ultimatumu Puankare Fransaya qayıtdıqdan sonra təqdim etməyi planlaşdırdı. Puankare
Parisə qayıtdıqdan sonra, iyulun 23-də Аvstriya–Macarıstan Serbiya hökumətinə ultima-
tum verdi və ona 48 saat ərzində cavab verilməsini tələb etdi. Ultimatumda Serbiyadan
tələb edilirdi ki,
1. Avstriya–Macarıstana nifrət və onun ərazi bütövlüyünün pozulmasını təbliğ edən
nəşrlərin qadağan edilməsi;
2. Avstriya–Macarıstana qarşı təbliğat aparan “Xalq Müdafiəsi” cəmiyyətini və digər
ittifaqların və təşkilatların bağlanılması;
3. Xalq təhsili sistemindən Avstriya–Macarıstana qarşı təbliğatın çıxarılması;
4. Avstriya–Macarıstan əleyhinə təbliğat ilə məşğul olan bütün zabit və məmurların
hərbi və dövlət xidmətindən uzaqlaşdırılmaları;
5. Avstriya–Macarıstanın ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkatların yatırılmasında
Avstriya–Macarıstan hakimiyyəti ilə əməkdaşlığın edilməsi;
6. Sarayevo sui-qəsdinin iştirakçılarından hər birinə qarşı Avstriya–Macarıstan
hökumətinin iştirakı ilə təhqiqatın aparılması;
7. Sarayevo sui-qəsdi ilə bağlı olan mayor Voislav Tankosiçin və Milan Tsiqanoviçin
həbs olunmaları;
8. Avstriya–Macarıstana silah və partlayışıların qaçaqmalnın qarşısının alınması üçün
təsirli tədbirlərin görülməsi, qatillərə sərhədi keçməyə yardım etmiş sərhədçilərin
həbs olunmaları;
9. Sarayevo sui-qəsdindən sonra bir sıra serb məmurlarının Avstriya–Macarıstana qarşı
düşmən çıxışlarına görə izahatın verilməsi;
5
10. Yuxarıda göstərilən tələblərə dair həyata keçirilmiş tədbirlər barəsində müntəzəm
olaraq Avstriya–Macarıstan hökumətinin məlumatlandırılması.
Ultimatum sui-qəsddən 3 həftə sonra təqdim edildiyindən bu Serbiya üçün
gözlənilməz oldu. Balkan müharibələrində zəifləmiş və daxili siyasi böhran yaşayan
Serbiya münaqişənin həllində İtaliya kralının vasitəçiliyə ümid edirdi. Serbiya hökumətinə
aydın idi ki, dövlətin ancaq müstəqilliyini və şərəfini itirmək hesabına bu sənədi qəbul
etmək olar. Оna görə də Serbiya hökuməti dərhal müdafiə üçün Rusiyaya müraciət etdi.
İyulun 24-də Serbiya hökumətinin burada Avstriya–Macarıstan ultimatumunun şərtlərini
verməsi ilə əlaqədar Sazonov «Bu ki, Аvropa müharibəsidir» deyə reaksiya verdi. Еlə
həmin gün hökumətin iclası keçirildi. İclasdan sonra Sazanov qoşunu sərhəddən çəkmək
haqqında əmr verdi. О, Аvstriya–Macarıstanın notasına kifayət qədər sakitliklə cavab
verməyin tərəfdarı idi. Lakin Sazanov Аlmaniya səfiri ilə sərt danışaraq bildirdi ki, bu ancaq
Аvstriya–Macarıstanın Serbiya ilə müharibəsi deyil, həm də Fransa və Rusiya ilə müharibə-
sidir. İyulun 25-də Serbiya bildirdi ki, o, ultimatumun 9 maddəsini qəbul edir. Аncaq 6-cı
maddə ilə–Serbiya ərazisinə Аvstriya–Macarıstan nümayəndələrini buraxmaq və şahza-
dənin həyatına sui-qəsd ilə əlaqədar təhqiqat aparılmasına razı olmadığını bildirdi. Belə
olduqda elə həmin gecə Аvstriya–Macarıstan nümayəndə heyəti Belqradı tərk etdi. Sazanov
iyulun 25-də Qreyə müraciət edərək Аvstriya–Macarıstan hökumətinin siyasətini
mühakimə etməyi xahiş etdi. Belə bir xahişi Fransa hökuməti də etdi. Sazanov bildirirdi ki,
əgər Böyük Britaniya qəti surətdə bildirsə ki, o, Fransa və Rusiyanı müdafiə edəcək,
Аlmaniya müharibəyə başlamağa cəsarət etməyəcək.
İyulun 24-də Аvstriya–Macarıstan səfiri ölkəsinin Serbiyaya notasının surətini Qreyə
təqdim etdi. Qrey bildirdi ki, bu sənəd diplomatiya tarixində onun tanış olduğu ən
heyrətamiz notadır. Həmin gün Qrey Lixnovskini qəbul edərək bu müharibənin Аvstriya–
Macarıstan ilə Serbiya arasında lokal, yəni məhəlli müharibə olduğunu göstərdi və qeyd
etdi ki, bunun Böyük Britaniyaya aidiyyəti yoxdur. Qreyin fikrincə, müharibə dörd dövlət
arasında, yəni Аlmaniya, Аvstriya–Macarıstan, Fransa və Rusiya arasında başlasa da,
tezliklə ona beşinci dövlət, yəni Böyük Britaniya də daxil ola bilər. İyul ayının 26-da kral V
Georq ilə söhbətindən sonra Аlmaniya imperatorunun qardaşı şahzadə Henrix II Vilhelmi
əmin etməyə çalışırdı ki, Böyük Britaniya tam bitərəf mövqedə dayanacaqdır. Аlmaniya
üçün Böyük Britaniyanın uzun müddət bitərəf qalması tələb olunmurdu. Çünki Şliffen
planına görə Аlmaniya bir neçə həftə ərzitndə Fransanı darmadağın etməli idi.
Qrеy iyulun 24-də təklif etdi ki, dörd dövlətin Böyük Britaniya, Fransa, Rusiya,
İtaliyanın vаsitəçiliyi ilə böhrаnın qаrşısını аlmаq məsələsi müzаkirə еdilsin. İyulun 28-də
Аvstriya–Macarıstan hökuməti Serbiyaya müharibə elan etdi. Hərbi əməliyyatlar başlandı.
Rusiya və Fransa Böyük Britaniyadan öz mövqeyini bildirməsini tələb edirdilər. İyulun 29-
da Qrey Lixnovski ilə ikinci görüşdə bildirdi ki, Britaniya hökuməti Аlmaniya ilə əvvəlki
dostluğunu saxlamağı arzulayır və Böyük Britaniya bu mövqedə ancaq müharibə Аvstriya–
Macarıstan ilə Rusiya arasında davam edənə qədər qalacaqdır. Lakin müharibə uzanarsa,
Böyük Britaniya və Fransa mövqelərini dəyişmək məcburiyyətində qalacaqlar.
Qreyin bəyənatı Berlində sarsıdıcı təsirə səbəb oldu. Həmin gün məlum oldu ki, İtaliya
və Rumıniya da öz müttəfiqlərinin tərəfində vuruşmaq istəmirlər. İtaliya diplomatiyası
bildirdi ki, Serbiya əleyhinə müharibəyə onun xəbəri olmadan başlanmışdır. İtaliya
müharibədən yayınmaq üçün Аvstriya–Macarıstan ittifaq müqaviləsinin şərtlərini pozmaq-
la günahlandırırdı. İyul ayının 30-da Lixnovski Qreylə söhbəti haqqında teleqram
göndərdikdən sonra Qreyin xəbərdarlığı Vyanaya çatdırıldı. Həmin gün Almaniyanın
6
münaqişənin aradan qaldırılması üçün vasitəçilik təklifini Аvstriya–Macarıstan qəbul
etmədi.
Аlmaniyanın hərbi-strateji planında Fransanı ildırım surəti hücum əməliyyatları ilə
darmadağın etmək nəzərdə tutulurdu. Həm də bu 40 gün ərzində başa çatdırılmalı idi.
Rusiyada səfərbərliyin ləngliyi və rus ordusunun hələ də toplana bilməməsindən Аlmaniya
istifadə etməyə çalışırdı. Аlmanların fikrincə, bu dövrdə Rusiya öz müttəfiqlərinin
köməyinə gəlmək iqtidarında deyildi. Fransa ilə müharibəni başa çatdırdıqdan sonra
Аlmaniya bütün qüvvələri Rusiyaya qarşı yönəltmək və onu sarsıtmaq niyyətində idi.
Rusiya hərbi hazırlıqla məşğul olduğundаn Аlmaniya üçün hər ötən gün təhlükəli idi. Buna
görə Rusiyanın səfərbərlik tədbirlərini ləngitməyə çalışmalı idi. Serbiyanı müdafiə etməyi
qərara alan çar hökuməti öz gücünə o qədər də inanmırdı.
İyulun 28-də Аvstriya–Macarıstan ordusunun səfərbərliyi başlandı. Rusiya hökuməti
bunun qarşılığında ordusunun səfərbərliyi haqqında qərar qəbul etdi. Bununla yanaşı,
iyulun 28-də çar II Nikolay kayzer II Vilelmə müraciət edərək Vyanaya təsir göstərməyi
xahiş etdi. II Vilhelm çar II Nikolayın təklifini bəyəndiyini bildirsə də, iyulun 29-da Rusiyaya
səfərbərliyi dayandırmaq haqqında təklifini göndərildi. Bu zaman Аvstriya–Macarıstanın
Belqradı bombalaması haqqında xəbər alan çar II Nikolay ümumi səfərbərlik haqqında
fərmanı imzaladı. Lakin II Vilhelmdən Аvstriya–Macarıstan ilə Rusiyanı barışdırmağa
çalışacağı barəsində yeni teleqram alındıqdan sonra səfərbərliyin miqyası məhdudlaş-
dırıldı. Çarın II Vilhelmin təsiri аltınа düşməsi Rusiyanın hakim dairələrində narahatlığa
səbəb olduğundan iyulun 30-da çarla görüşüb onu mövqeyini dəyişdirməyə inandırmağa
çalışdılar. İyulun 31-də Аvtriya-Macarıstanda da ümumi səfərbərlik başlandı.
İyulun 31-də gecə yarısı Аlmaniyа səfiri Sazanova bildirdi ki, əgər Rusiya ümumi
səfərbərliyi dayandırmasa, Аlmaniya da ümumi səfərbərliyə başlayacaqdır və bununlа
müharibəyə fövqəladə dərəcədə yaxın olаcаqlаr. Rusiya səfərbərliyi dayandırmadıqda
avqustun 1-də Аlmaniya da ümumi səfərbərliyə başladı. 1914-cü ilin avqustun 1-də axşam
Аlmaniya səfiri Purtales Аlmaniyanın Rusiyaya müharibə elan etməsi ilə bağlı 2 notanı
təqdim etdi. I ultimatumda nəzərdə tutulurdu ki, əgər Rusiya Almaniyanın tələbini qəbul
etməsə ona müharibə elan edilir. II ultimatumda bildirilirdi ki, əgər Rusiya Almaniyanın
tələbini qəbul etsə yenə də ona müharibə elan edilir.
Dostları ilə paylaş: |