60
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№3
Sosial-siyasi elmlər seriyası
2013
UOT 343.31.7
QƏSDƏN SAĞLAMLIĞA AĞIR ZƏRƏR VURMA ƏMƏLİ HAQQINDA
E.İ.MURADOV
Bakı Dövlət Universiteti
elsever.muradov@mail.ru
Ədalət naminə bir qulaqda eşitmə dərəcəsinin itirilməsinin ağır bədən xəsarəti kimi
qiymətləndirilməsinin zəruriliyi ilə bağlı əsaslandırılmış bir fikri qeyd etməyi məqsədəuyğun
hesab edirik: “eşitmənin cinayət-hüquqi mühafizəsi görmənin mühafizəsindən az əhəmiyyətli
olmamalıdır”.
Açar sözlər: qəsd, ağır zərər vurma, həyat üçün təhlükəli, həyat üçün təhlükəli
olmayan, zərər vurma
2000-ci il Azərbaycan Republikasının Cinayət Məcəlləsi sağlamlığa
qəsdə görə məsuliyyət nəzərdə tutan normaları ayrıca fəsildə təsbit etməsə də,
göstərilən cinayətlər nisbətən müstəqil əməllər qrupu yaradırlar. Sağlamlıq
əleyhinə cinayətlərin belə bir “muxtariyyət” əldə etməsinin əsası qismində ilk
öncə onların növ obyektinin özünəməxsus xüsusiyyətləri çıxış edir.
Bu növ cinayətlərin spesifik xüsusiyyətləri ona verilən aşağıdakı
anlayışda öz əksini tapır:
“Sağlamlıq əleyhinə olan cinayətlər dedikdə, digər insanın sağlamlığına
qəsd edən və bədən xəsarətləri yetirən və ya onun xəstələnməsinə, yaxud
patoloji vəziyyətə düşməsinə səbəb olan, həmçinin zərərçəkmişi həyat və
sağlamlığı üçün təhlükəli vəziyyətə qoyan qəsdən və ehtiyyatsızlıqdan
törədilən əməllər başa düşülür”.
Sağlamlıq əleyhinə olan cinayətləri müxtəlif meyarlar əsasında təsnifləş-
dirmək olar. Lakin tədqiqatın obyektini qəsdən sağlamlığa ağır zərər vurma
əməli təşkil edir. Buna görə də, qəsdən sağlamlığa ağır zərər vurma əməli
cinayət qanununun özündə göstərilən nəticələrin müəyyən ağırlıq dərəcəsinə
görə aparılan təsnifat qrupuna daxildir.
Tədqiqat planına uyğun olaraq ilk öncə Azərbaycan Republikasının CM-
in 126-cı maddəsində nəzərdə tutulan qəsdən sağlamlığa ağır zərər vurma
əməlini cinayət tərkib əlamətləri üzrə tədqiq edək. Qəsdən sağlamlığa ağır
zərər vurma əməlini cinayət tərkib əlamətləri üzrə tədqiq etməzdən əvvəl
61
Azərbaycan Republikasının CM-in 126-cı maddəsi əsasında onun anlayışını
verək:
“Qəsdən sağlamlığa ağır zərər vurma yetirildiyi zaman insan həyatı üçün
təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir
orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya
sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən
az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə
zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan
və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla
xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdiril-
məsində ifadə olunan zərər vurmadan ibarət ictimai təhlükəli əməldir”.
Qəsdən sağlamlığa ağır zərər vurma əməlinin obyektini zərərçəkmişin
sağlamlığı təşkil edir. Ümumdünya səhiyyə təşkilatının Nizamnaməsinə əsa-
sən, sağlamlıq “yalnız xəstəliklərin və fiziki qüsurların olmaması kimi yox, ən
ümumi formada tam fiziki, mənəvi və sosial rifah vəziyyəti kimi müəyyən
edilir”.
Hər bir insan onun cinsindən, yaşından, irqi, milli mənsubiyyətindən və
s. asılı olmayaraq sağlamlığının mühafizəsi hüququna malikdir. Bu hüquq bir
sıra beynəlxalq hüquqi sənədlərlə (məsələn, sosial, iqtisadi və mədəni hüquqlar
haqqında Beynəlxalq aktı göstərə bilərik), Azərbaycan Respublikasının Konsti-
tusiyası ilə, cinayət qanunvericiliyi də daxil olmaqla milli sahəvi qanun-
vericiliklə təmin olunur.
Tibbdə sağlamlıq insan orqanizmin normal işləməsini təmin edən, onun
fiziki və psixi vəziyyəti kimi başa düşülür. Ədəbiyyatda qeyd edilir ki, belə bir
vəziyyət orqan və toxumaların anatomik bütövlüyünün, onların fizioloji
funksiyalarının normada saxlanılmasını, xəstəliklərin və patoloji vəziyyətin
olmamasını nəzərdə tutur (8, 39).
Mülki hüquqda sağlamlıq adı altında doğulduğu andan vətəndaşa məxsus
olan, özgəninkiləşdirilə və başqa cür təsvir edilə bilməyən qanunla qorunan
qeyri-maddi nemət başa düşülür.
Beləliklə, cinayət-hüquqi mühafizənin obyekti kimi sağlamlıq, birincisi,
özünə yalnız bədən yox, həm də orqanizmin vəziyyətinin psixi xarakte-
ristikasını daxil edir; ikincisi, doğulduğu andan hər bir insana məxsus olan
mühüm ayrılmaz neməti ifadə edir; üçüncüsü, onun başqa (cinayətin
subyektinə münasibətdə) insana mənsubiyyətini də nəzərdə tutur.
Azərbaycan Respublikasının yeni Cinayət Məcəlləsində sağlamlıq
əleyhinə olan cinayətlərin anlayışında əvvəlki cinayət qanununundan fərqli
olaraq yeni termindən – “sağlamlığa vurulan zərər” terminindən istifadə
edilmişdir. Əvvəlki cinayət qanunvericliyində istifadə edilmiş “bədən xəsarəti”
termini ilə müqayisədə “sağlamlığa vurulan zərər” termini daha uğurlu hesab
edilməlidir. Çünki “bədən xəsarəti” anlayışı altında başa düşülən xarici mühitin
amillərinin təsiri nəticəsində orqanların və toxumaların anatomik bütövlüyünün
62
və ya onların fizioloji funksiyalarının pozulması sağlamlığa vurula biləcək
zərəri heç də tam ehtiva etmir.
Orqanizmin anatomik bütövlüyünün və ya bədən orqan və toxumalarının
fizioloji funksiyalarının pozulması sağlamlığa vurulan zərərin daha geniş
yayılmış növləri olsa da, sağlamlığa vurulan bəzi növ kifayət qədər ciddi zərər
nə anatomik bütövlüyün, nə də fizioloji funksiyaların pozulması ilə əlaqədar
olmur (məsələn, psixi təsir nəticəsində yaranan psixi pozuntular, bir insandan
digərinə keçən bəzi yoluxucu xəstəliklər, narkomaniya və toksikomaniya ilə
xəstələnmə və s.). Lakin “sağlamlığa vurulan zərər” anlayışı insan səhhətinə
dəyə biləcək istənilən zərərli nəticəni ehtiva edir.
Cinayət qanunu ilə istənilən insanın sağlamlığı mühafizə edilir. Zə-
rərçəkmişin sağlamlıq vəziyyəti ona zərərin yetirilməsi zamanı fakt məsələsi
kimi çıxış edir. Zərərçəkmişin sağlamlıq vəziyyəti tövsifə təsir göstərmir. Qeyd
edilən məsələ onu ifadə edir ki, belə bir vəziyyətə cinayət-hüquqi qiymət
verilməsi zərərçəkmişin sağlamlığının keyfiyyət xarakteristikasından asılı
deyildir (bədən və psixi qüsurlar, müalicə edilməyən xəstəliyin olması qoca və
ya az yaşlı olması və s.). Bu zaman zərərçəkmişin sağlamlığına edilən qəsdin
onun cinayətin törədilməsinə qədərki sağlamlıq vəziyyəti ilə müqayisədə sağ-
lamlıq vəziyyətinin real pisləşməsinə gətirib çıxarmasını və ya çıxara bilməsini
müəyyən etmək lazımdır. Cansız obyektə (məsələn, göz protezinin zədələn-
məsi) qəsd faktiki səhv haqqında qaydalara uyğun olaraq məsuliyyətə səbəb
olur.
Ümumi qaydaya görə digər insanın sağlamlğına zərər yetirilməsi cəza-
lanmalı olan əməl hesab edilir. Şəxsi sağlamlıq təhlil edilən cinayətin obyekti
kimi çıxış etmir. Yalnız özünə hər hansı xəsarətin yetirilməsi yolu ilə (özünü
qəsdən şikəst etmə) hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsindən boyun
qaçırma halında məsuliyyət Azərbaycan Respublikasının CM-in 335-ci
maddəsilə yaranır.
Zərərçəkmişin öz sağlamlığına zərər vurulmasına dair “şəxsi razılığı”
zamanı məsuliyyət məsələsinin həll edilməsi öz mürəkkəbliyi ilə səciyyələnir.
Ümumi qaydaya görə belə bir razılıq zərərçəkmiş şəxsin xahişi ilə onun
sağlamlığına zərər vuran şəxs üçün cinayət məsuliyyətini aradan qaldırmır. 28
oktyabr 1999-cu il tarixli Azərbaycan Respublikasının “İnsan orqan və (və ya)
toxumalarının transplantasiyası haqqında” qanununa əsasən, orqan və (və ya)
toxumaların transplantasiyasına o halda yol verilir ki, digər tibbi üsullarla və
meyit orqan və (və ya) toxumaları vasitəsilə insan həyatının saxlanması və ya
sağlamlığının bərpası mümkün olmasın. Adı çəkilən qanuna görə, donordan
orqan və (və ya) toxumaların götürülməsi mütəxəssis-həkimlərin konsiliumu
nəticəsində müəyyən edilir və donorun yazılı razılığı əsasında həyata keçirilir.
İnsan orqan və ya toxumalarının transplantasiya məqsədilə zor tətbiq etməklə
götürülməsi zamanı, əgər fiziki zor həyata keçirilməsi nəticəsində zərərçəkmiş
şəxsin sağlamlığına ağır zərər vurularsa, onda təqsirkarın əməli cinayətlərin
məcmusu qaydasında CM-in 137.2 və 126-cı maddələri ilə tövsif edilməlidir.
63
Cinayətin obyektiv cəhəti bir-biri ilə qarşılıqlı əlaqədə olan üç elementin
məcmusundan ibarətdir: a) zərərçəkmişin sağlamlığına ağır zərər yetirilməsinə
istiqamətlənən hərəkət və ya hərəkətsizlik formasında əməl; b) ağır zərərin baş
verməsində ifadə olunan nəticə; v) əməllə nəticə arasında səbəbli əlaqə.
Cinayət həm hərəkət, həm də hərəkətsizlik formasında törədilə bilər.
Hərəkət zərərçəkmişə fiziki, mexaniki, termik, kimyəvi və s. təsir formasında
və ya psixi zorakılıqda ifadə oluna bilər. Sağlamlığa zərər vurmanın üsulu kimi
hərəkətsizlik o halda baş verir ki, təqsirkar zərərçəkmişə münasibətdə müəyyən
hərəkətləri etməyə borclu olur, lakin bunu etmir. Bunun davamı olaraq nəticə
kimi çıxış edən zərərçəkmişin sağlamlığına ağır zərər vurulur (məsələn, ana
yeni doğulmuş uşağına süd vermir, yetkinlik yaşına çatmış uşaqlar iflic olmuş
valideynlərinə zəruri dərman vasitələrini vermirlər və s.).
Qəsdən sağlamlığa ağır zərər vurma maddi tərkibli cinayətdir. Cinayət
sağlamlığa ağır zərər vurmada ifadə olunun nəticələrdən birinin baş verdiyi
andan başa çatmış hesab edilir.
Cinayət hüquq nəzəriyyəsində və qanunda sağlamlığa ağır zərər
vurmanın bütün növlərini iki qrupa ayırmaq olar: a) həyat üçün təhlükəlilik
əlamətinə görə ağır zərər vurma; b) həyat üçün təhlükəli olmayan, lakin baş
vermiş nəticələrə görə ağır hesab edilən zərər vurma.
Həyat üçün təhlükəli olan sağlamlığa zərər vurma həyatı qorxu altına
alan və ölümə səbəb ola bilən vəziyyətdir. Başqa sözlə, belə zərər artıq
yetirildiyi anda həyat üçün real təhdidi özündə ehtiva etsə və bu müddətdə
ölümlə nəticələnsə də, ağır nəticələrin baş verməsilə müşayət olunmaya da
bilər. Göstərilən tibbi xidmət nəticəsində ölümün qarşısının alınması həyat
üçün təhlükəli olan sağlamlığa zərər vurmaya verilən qiyməti dəyişdirmir.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il
tarixli 07 saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə-
tibbi ekspertizası Qaydaları” həyat üçün təhlükəlilik əlamətinə görə sağlamlığa
ağır zərər vurmanın növlərinin siyahısını əhəmiyyətli dərəcədə genişlən-
dirmişdir.
Qaydalar həyat üçün təhlükəli olan sağlamlığa vurulan zərərə
aşağıdakıları aid etmişdir:
a) kəllə boşluğuna keçən, o cümlədən kəllə toxumasını zədələməyən
yaralar;
b) ağır dərəcəli baş beyin əzilmələri;
c) döş qəfəsinin yaraları;
d) qarına, qarın boşluğuna daxil olan yaralar;
e) uzun borulu sümüklərin açıq yaraları;
f) iri qan damarlarının zədələnməsi;
g) bədən səthinin 15%-dən çox sahəsini əhatə edən III-IV dərəcəli
termiki yanığı; bədən səthinin 20%-dən çox sahəsini əhatə edən III
dərəcəli yanığı; bədən səthinin 30%-dən çox sahəsini əhatə edən II
64
dərəcəli yanığı; eləcə də az sahəni əhatə edən, lakin ağır dərəcəli şok
törədən yanıqlar.
Həyat üçün təhlükəli olan zədələr özü-özlüyündə həyatı qorxu altına alan
vəziyyət yaradırlar. Belə hallara ağır dərəcəli şok, müxtəlif etiologiyaya malik
koma vəziyyətini, çoxlu qan itirməni və s. göstərə bilərik.
Qəsdən sağlamlığa ağır zərər vurmanın yuxarıda təhlil edilən növündən
fərqli olaraq nəticəsinə görə ağır hesab edilən zərərin növlərinin tam siyahısı
Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin 126.1-ci maddəsinin
dispozisiyasının özündə sadalanır. Qanunverici bu siyahıya görmə, eşitmə, nitq
qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının iti-
rilməsini, psixi pozuntunu və ya sağlamlığın başqa cür pozulmasını, əmək
qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsini və
ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin
tam itirilməsini və ya hamiləliyin pozulmasını, şəxsin narkomanlıqla və ya
toksikomanlıqla xəstələnməsini, yaxud sifətin silinməz dərəcədə eybəcər-
ləşdirilməsini daxil etmişdir.
Yuxarıda qeyd edilən Qaydaların 8-ci bəndinə əsasən, görmənin
itirilməsi adı altında hər iki gözdə tam və daimi korluq və ya 2 metr və ondan
az məsafədə barmaqların sayıla bilməməsinə qədər görmənin itməsi vəziyyəti
nəzərdə tutulur (görmə itiliyi 0,04 və daha az).
Beləliklə, görmənin itirilməsi görmə qabiliyyətinin bərpa olunmaz
dərəcədə itirilməsini və ya görmə itiliyinin yuxarıda qeyd edilən hədlərə qədər
kəskin və dayanıqlı şəkildə aşağı düşməsini ifadə edir. Bu zaman görmə
qabiliyyətinin müvəqqəti itirilməsi görmənin itirilməsi əlaməti üzrə sağlamlığa
ağır zərər vurma kimi təhlil edilə bilməz. Bununla birlikdə, eynəklərin, optik
şüşələrin və ya mikrocərrahi əməliyyatların köməyi ilə görmə itiliyinin bir
qədər yaxşılaşması onu bərpa edilmiş kimi hesab etməyə əsas vermir və əməli
Azərbaycan Respublikasının CM-in 126-cı maddəsilə tövsif etmək olmaz.
Cinayət hüquq nəzəriyyəsində və məhkəmə-tibb təcrübəsində bir gözün
görmə qabiliyyətinin itirilməsilə bağlı vəziyyətin qiymətləndirilməsi xüsusi
mürəkkəblik doğurur. Alim hüquqşünasların və məhkəmə-tibb nümayəndələ-
rinin əksəriyyəti bir gözün görmə qabiliyyətinin itirilməsini ağır bədən xəsarəti
kimi qəbul edirdi. Fərq yalnız digər mövqenin əsaslandırılmasından ibarət idi.
Alimlərdən bəziləri isə, hesab edirdilər ki, bir gözün görmə qabiliyyətinin
itirilməsi ağır bədən xəsarətinə aid edilməməlidir (4).
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 10 yanvar 2001-ci il
tarixli 07 saylı əmri ilə təsdiq edilmiş “Sağlamlığa zərər vurmanın məhkəmə-
tibbi ekspertizası Qaydaları” qeyd edilən mübahisəyə son qoydu. Qaydalarda
məhkəmə tibb işçiləri kifayət qədər dəqiq mövqe tuturlar. Bu mövqe ondan
ibarətdir ki, bir gözdə görmənin tam itməsi zərərçəkmişin əmək qabiliyyətinin
üçdə birindən çox hissəsinin dayanıqlı itirməsinə səbəb olur və bu əlamətə görə
də ağır dərəcəli bədən xəsarətlərinə aid edilir. Bir gözün görmə qabiliyyətinin
itirilməsi özündə bu orqanın funksiyalarının itirilməsini ehtiva edir və bu
65
əlamətinə görə də sağlamlığa ağır zərər vurmaya aid edilir. Bir göz almasının
itirilməsi özündə bu orqanın itirilməsini ifadə edir. Məhz buna görə sağlamlığa
ağır zərər vurma kimi qiymətləndirilir. Bunlarla yanaşı o da nəzərə alınır ki, bir
gözün zədələnməsi zamanı ikinci gözün də kor olması ehtimalı kəskin şəkildə
artır (simpatik oftalmiya). Qeyd edək ki, Almaniyanın CM-in 226-cı paraq-
rafına əsasən, bir və ya hər iki gözdə görmənin itirilməsi ağır bədən
xəsarətlərinin sırasına daxil edilir (5, 388).
Kor gözün itirilməsi sağlamlığın pozulması müddətinə görə qiymətləndi-
rilir. Bir sıra hallarda belə bir şikəstlik sifətin silinməz dərəcədə eybəcər-
ləşdiriməsinin əlaməti kimi xarakterizə oluna bilər.
Görmə qabiliyyəti, əvvəlcədən zəifləmiş (1,0-dan aşağı) gözlərdə
görmənin itirilməsi barədə olan faiz cədvəlinə görə təyin edilir.
Nitq qabiliyyətinin (dilin) itirilməsi dedikdə, aydın başa düşülən səslə və
anlaşıqlı şəkildə öz fikrini ifadə etmək qabiliyyətinin və ya səsin (afoniya) bər-
pa edilməyəcək dərəcədə itirilməsini başa düşmək lazımdır. Nitq qabiliyyətinin
müvəqqəti olaraq itirilməsi sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə
bilməz. Məhkəmə-tibb işçilərinin fikrincə, kobud formada ifadə olunan
kəkələmə də sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilməlidir (3, 362).
1961-ci il Azərbaycan SSR-in CM-də nitq qabiliyyətinin itirilməsi əla-
məti bədən xəsarətinin müstəqil növü kimi nəzərdə tutulmurdu. Nitq qabiliy-
yətinin itirilməsi zamanı əməl orqanın itirilməsi (əgər zərərçəkmiş dilindən
məhrum olardısa) və ya bu orqanın funksiyalarının itirilməsi (əgər zərərçəkmiş
dilinin saxlanılması ilə danışıq qabiliyyətini itirərdisə) əlaməti ilə tövsif
olunurdu.
Eşitmənin itirilməsi adı altında hər iki qulağın tam karlığı və ya zərərçək-
mişin qulaq seyvanından 3-5 sm məsafədə gedən söhbəti eşidə bilməməsi
şəklində ifadə olunan bərpa olunmaz vəziyyəti başa düşülür. Cinayət hüquq
nəzəriyyəsində bir qulağın eşitmə qabiliyyətinin itirilməsini az ağır və ya
yüngül bədən xəsarəti kimi qiymətləndirmək təklif edilirdi. Belə hesab edilirdi
ki, belə bir zərər yetirmə zərərçəkmişi çox yaxın məsafədə uca səslə gedən
söhbəti eşitmək imkanından məhrum etmir (A.S.Nikiforov, N.İ.Zaqorodnikov).
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Sağlamlığa zərər
vurmanın məhkəmə-tibbi ekspertizası Qaydalarına” əsasən, bir qulaqda eşitmə-
nin itməsi ümumi əmək qabiliyyətinin üçdə birindən az hissəsinin itirilməsinə
səbəb olur və bu əlamətə görə də az ağır zərər vurmaya aid edilir. Ədalət
naminə bir qulaqda eşitmə dərəcəsinin itirilməsinin ağır bədən xəsarəti kimi
qiymətləndirilməsinin zəruriliyi ilə bağlı əsaslandırılmış bir fikri qeyd etməyi
məqsədəuyğun hesab edirik: “eşitmənin cinayət-hüquqi mühafizəsi görmənin
mühafizəsindən az əhəmiyyətli olmamalıdır” (9, 95; 10, 57).
Hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsi haqqında
danışarkən ilk öncə orqana anlayış verməliyik. Orqan ümumilikdə bütün orqa-
nizmin həyat fəaliyyəti üçün əhəmiyyət kəsb edən və orqanizmdə müəyyən
funksiya yerinə yetirən insan bədəninin bir hissəsidir. Tibb elmində insan
66
bədəninin orqanlarına aid edilir: qol, ayaq, dil, göz, qulaq, daxili orqanlar (be-
yin, ürək, ağciyərlər, qaraciyər, böyrəklər və s.), reproduktiv orqanlar (yumur-
talıqlar, xayalar) və digərləri. Onlardan heç də hamısı sağlamlığa ağır zərər
vurmanın təhlil edilən növünün predmeti ola bilməzlər. Məsələn, görmə, nitq
və eşitmə orqanlarına qəsdlər Azərbaycan Respublikasının CM-in 126-cı
maddəsilə tövsif edilsələr də, ümumi qaydaya görə sağlamlığa ağır zərər
vurmanın digər növləri kimi təhlil edilirlər. Böyrəklərin itirilməsilə nəticələnən
qarın boşluğuna daxil olan yaralar orqanın itirilməsi kimi yox, sağlamlığa zərər
yetirildiyi zaman həyat üçün təhlükəlilik əlamətinə görə ağır bədən xəsarəti
kimi qiymətləndirilir.
Hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsi adı
altında ilk öncə aşağıdakılar başa düşülür:
- əlin, ayağın itirilməsi, yəni onların bədəndən ayrılması və ya həmin
orqanların funksiyalarının itirilməsi (iflic və ya onların fəaliyyətini istisna edən
digər vəziyyət);
- istehsalat, yəni cinsi əlaqəyə girmə və ya mayalanma, döllənmə və uşaq
doğma qabiliyyətinin itirilməsilə müşayət olunan cinsiyyət orqanlarının
zədələnməsi;
- bir xayanın itirilməsi.
Ədəbiyyatda belə bir fikir mövcuddur ki, mayalanma qabiliyyətinin itiril-
məsi əlaməti nə doxsan yaşlı xanıma, nə də beş yaşlı uşağa şamil edilmir (16,
409).
Beləliklə, orqanın itirilməsi adı altında, onun cinayətin törədilməsi
zamanı və ya sonrakı cərrahi müdaxilə və məcburi amputasiya nəticəsində
orqanizmdən tam (bərpa olunmayacaq dərəcədə, həmişəlik) ayrılması başa
düşülür.
Orqanın funksiyasının itirilməsi zərərin yetirilməsi nəticəsində bu
orqanın özünün tam və ya qismən saxlanılaraq, onun normal işləməsi qabiliy-
yətinin bərpa olunmaz itkisini ifadə edir.
Əməlin hamiləliyin pozulması əlaməti ilə düzgün tövsifi bir sıra şərtlərə
riayət edilməsini tələb edir:
Birincisi, hamiləliyin pozulması (uşaqsaldırma və ya vaxtından qabaq
doğma) xarici təsirlə, yəni zərərçəkmişin sağlamlığına zərər yetirən şəxsin
hərəkətləri ilə səbəbli əlaqədə olmalıdır. Bir qayda olaraq, belə təsir hamilə
qadına bədən xəsarəti yetirilməsi yolu ilə həyata keçirilir;
İkincisi, hamiləliyin pozulması orqanizmin fərdi xüsusiyyətləri və ya zə-
rərçəkmişin xəstəliyi ilə şərtlənməməlidir (ümumi yoluxucu və qeyri-yoluxucu
xəstəliklər, maddələr mübadiləsinin pozulması, cinsiyyət orqanlarının
inkişafının anomaliyası və s.);
Üçüncüsü, hamiləliyin müddəti, həmçinin bədən xəsarətinin yetirilməsi
vaxtı və hamiləliyin pozulması vaxtı arasındakı zaman fasiləsi tövsifə təsir
göstərmir;
67
Dördüncüsü, əməlin Azərbaycan Respublikasının CM-in 126-cı mad-
dəsilə tövsif edilməsi üçün təqsirkar zərərçəkmişin hamilə vəziyyəti haqqında
məlumatlı olmalı və öz hərəkətləri ilə hamiləliyin pozulmasını dərk etməlidir.
Qaydalara uyğun olaraq belə kateqoriyadan olan işlər üzrə mama-gineko-
loqun iştirakı ilə məhkəmə tibb ekspertizası həyata keçirilir.
Təhlil olunan cinayətin qanunsuz abort etmədən (CM-in 141-ci maddəsi)
fərqi odur ki, hamiləliyin pozulması zərərçəkmişin sağlamlığına qəsdən ağır
zərər vurmanın nəticəsidir. Qanunsuz abort etmə zamanı təqsirkarın niyyəti
zərərçəkmişin sağlamlığına ağır zərər vurmağa istiqamətlənmir.
Sağlamlığa ağır zərər vurmanın obyektiv cəhətini təşkil edən əlamət-
lərdən biri də psixi pozuntudur. Psixi pozuntu adı altında zərərçəkmişin
sağlamlığına zərər vurmanın nəticəsi kimi çıxış edən psixi xəstəlik başa
düşülür. Psixi pozuntu yalnız fiziki təsirin yox, həm də psixi zorakılığın
nəticəsi ola bilər.
A.N.Krasikov ədalətli şəkildə qeyd edir ki, hər cür psixi xəstəliyi ağır
zərər kimi qəbul etmək olmaz (7, 58). Bununla bağlı olaraq, S.İ.Nikulinin fikri
daha qəti görünür. Alim qeyd edir ki, “psixiatriyanın istənilən məlum ruhi xəs-
təliyini” psixi xəstəlik hesab etmək olar (14, 40; 13, 53). Azərbaycan Respub-
likasının CM-in 126-cı maddəsi kontekstində psixi pozuntulara yalnız xroniki
psixi pozuntunu, müvəqqəti psixi pozuntunu və kəmağıllığı aid etmək olar.
Belə xəstəliklərə aid edilir: şizofreniya, maniakal-depressiv psixoz, travmadan
sonrakı ağıl zəifliyi, travmatik epilepsiya və s.
Sağlamlığa zərər vurmanın nəticəsi kimi psixi pozuntu əməllə səbəbli
əlaqədə olmalıdır. Əgər psixi xəstəlik zərərçəkmişin orqanizminin fərdi
xüsusiyyətlərinin və ya müəyyən amillərin təsirinin nəticəsi olmuşdursa, onda
Azərbaycan Respublikasının CM-in 126-cı maddəsilə məsuliyyət istisna edilir.
Psixi pozuntunun diaqnostikasını, səbəbli əlaqənin öyrənilməsini məh-
kəmə-psixiatriya ekspertizası həyata keçirir. Ekspertiza həmçinin psixi xəstə-
liyin ağırlığını da müəyyən edir.
Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin obyektiv cəhətinin yeni
əlaməti kimi cinayət nəticəsində zərərçəkmiş şəxsin narkomanlıqla və ya tok-
sikomanlıqla xəstələnməsidir. Azərbaycan SSR-in 1961-ci il CM-də bu əlamət
nəzərdə tutulmurdu. Bu əlamətin Azərbaycan Respublikasının CM-in 126.1-ci
maddəsinə daxil edilməsini qanunvericinin zərərçəkmişin narkotik vasitələrin,
psixotrop, güclü təsir edən və ya toksik maddələrin istehlakına məcburi öy-
rəşdirilməsi (o cümlədən, fiziki və psixi zorakılığın köməyilə) faktlarına cavab
reaksiyası kimi qiymətləndirmək olar.
Narkomaniya, narkotik vasitələrdən və yaxud psixotrop maddələrdən,
toksikomaniya isə, güclü təsirə malik maddələrdən və ya toksikantlardan sui-
istifadə nəticəsində meydana gələn xəstəlikdir.
Zərərçəkmişin narkomaniya və ya toksikomaniyadan xəstələnməsinə gə-
tirib çıxaran üsulun əməlin tövsifinə təsiri yoxdur. Belə üsulların sırasına
68
aldatma, psixi məcbur etmə, zərərçəkmişin orqanizminə narkotik vasitələrin və
ya toksik maddələrin zorakılıqla yeridilməsi aid edilə bilər.
Təcrübədə sağlamlığa ağır zərər vurmanın narkomanlar arasında “iynəyə
oturtmaq” adlanan növü təqsirkarın qəsdən, qanunsuz, zərərçəkmişin iradə-
sindən və arzusundan kənar fiziki və ya psixi zor tətbiq etməklə onu narkotik
vasitələrin istehlakına öyrətməsini ifadə edir (6, 196).
Bu cinayətin obyektiv cəhətinin məcburi əlaməti kimi zərərçəkmişin sağ-
lamlığına zərər yetirən təqsirkarın hərəkətlərilə, onun narkomaniya və ya tok-
sikomaniya ilə xəstələnməsi faktı arasındakı səbəbli əlaqə çıxış edir. Narko-
maniya və ya toksikomaniyadan xəstələnməyə səbəb olan sağlamlığa vurulan
zərərin ağırlığının qiymətləndirilməsini məhkəmə-narkoloji və məhkəmə-
toksikoloji ekspertizasının keçirilməsindən sonra narkoloq və ya toksikoloqun
iştirakı ilə məhkəmə-tibb ekspertizası həyata keçirir.
Sağlamlığa ağır zərər vurmanın bu növü üz toxumalarının və ya orqan-
larının (burun, qulaqlar, gözlər, ağız) zədələnməsi nəticəsində zərərçəkmiş
şəxsə terapiya, hətta adi cərrahi müalicə metodlarının köməyilə aradan qaldırıla
bilməyən eybəcər, çirkin, estetik baxımdan xoşagəlməz görünüş verir.
Azərbaycan Respublikasının CM-in 126-cı maddəsində bədənin başqa
hissələrinin yox, yalnız sifətin silinməz dərəcədə eybəcərləşdirilməsinə görə
məsuliyyət nəzərdə tutulmuşdur. Ədəbiyyatda bu cinayətin predmetlərinin
siyahısına yalnız üzü yox, həm də boyunun daxil edilməsi təklif edilirdi (15,
59). Lakin qanunverici hələ ki, bu yolla getmir.
Bəzən məhkəmə təcrübəsində bu kimi hərəkətlərin səhv tövsifi hallarına
rast gəlinir. Belə ki, S. öz tanışı L.-in gözəlliyinə paxıllıq hissilə onun şlyapası-
na duz tozu tökür. Bu tozların təsiri nəticəsində L.-in saçı tökülür. Bu hərəkət-
lərinə görə S. RSFSR CM-in 108-ci maddəsilə (Azərbaycan SSR-in CM-in
102-ci maddəsi) məhkum edilir. Kassasiya instansiyası belə tövsifi hüquqazidd
hesab edir. Məhkəmə fikrini onunla əsaslandırır ki, S.-in hərəkətləri zərərçək-
mişin sifətinin eybəcərləşdirilməsinə gətirib çıxarmamışdır (11, 74). Lakin
dərslik və dərs vəsaitlərində qeyd edilir ki, “eybəcərləşdirmə dedikdə, sifətdə iz
qoyan hər cür zədə yox, yalnız zərərçəkmişin üzünün təbii görünüşünü dəyiş-
dirən və ona zahirən son dərəcə xoşagəlməz, iyrənc və ya qorxunc görünüş
verən xəsarət yetirmə başa düşülür. Xəsarətin özünün isə sifətdə olması
məcburi deyildir (başın üz hissəsi). Vacib olan odur ki, belə xəsarət insanın xa-
rici görünüşünü dəyişdirsin (“surət, sima” – sözün kökü “eybəcərləşdirmədir”).
Təcrübədə eybəcərləşdirmə kimi qulağın kəsilməsi, boyunun qabaq-yan hissə-
sində kobud kəsiklərin olması, qadının başında saç örtüyünün bərpa edilmə-
yəcək dərəcədə məhv edilməsi və s. qəbul edilir” (12, 118; 2, 109). Hesab
edirik ki, aşağı instansiya məhkəməsinin mövqeyi daha düzgün olmuşdur.
Ədəbiyyatda qeyd edilir ki, sifətin silinməz dərəcədə eybəcərləşdiril-
məsinə nəticəsi zərərçəkmişin sifətinin kobud şəkildə dəyişdirilməsinə gətirib
çıxaran daimi, aradan qaldırıla bilməyən və əvvəlki vəziyyətinə qaytarılması
mümkün olmayan xəsarətlər aid edilirlər. Belə xəsarətlər burunun, göz qapaq-
69
larının, gözlərin, dodaqların və ya qulaqların çıxarılması, sifətin qaynanmış su,
alov, buxar, güclü təsirə malik turşu ilə yanması və mexaniki təsirə malik amil-
lərin təsiri nəticəsində meydana gələ bilərlər. Bütün bunların nəticəsində üzün
yumşaq toxumaları kobud dəyişikliyə məruz qalırlar (toxumaların ölməsi) və
müalicədən sonra sifətin bu sahələrində sağalan dərin çapıqlar və ya aradan
qaldırıla bilməyən ləkələr qalırlar. Sifətin eybəcərləşdirilməsinə yalnız burunun
çıxarılmasını yox, həm də sınıqların yerdəyişməsilə müşayət olunan sümük-
lərin sınması nəticəsində onun deformasiyasını göstərmək olar (15, 56-57).
Sağlamlığa ağır zərər vurmanın bu növü iki məcburi və öz aralarında qar-
şılıqlı əlaqədə olan əlamətlərin məcmusunu xarakterizə edir: a) silinməz
dərəcədə zərər yetirmə; b) sifətin eybəcərləşdirilməsi. Bunlardan birincisi tibbi,
ikincisi isə, estetik meyarların köməyilə müəyyən edilir.
Zədənin silinməzliyi faktının müəyyən edilməsi məsələsi məhkəmə-tibb
ekspertizasının bilik sahəsinə aiddir. Üzün zədələnməsi məsələsinə münasibət
bildirərkən ekspert bu zədələrin Qaydalarda nəzərdə tutulan əlamətlərə uyğun
olaraq onların ağırlığını müəyyən edir. Bundan başqa hər bir halda ekspert tibbi
meyarları rəhbər tutaraq yetirilən zədənin silinməz olub-olmamasını müəyyən
etməlidir.
Yetirilən silinməz zədənin, zərərçəkmişin üzünü nə dərəcədə eybəcər-
ləşdirməsinin müəyyən edilməsi artıq istintaq və məhkəmə orqanlarının
müstəsna hüququdur. Məhz məhkəmə estetik meyarlara əsaslanaraq nəticədə
əməlin qəti şəkildə tövsifi haqqında məsələni həll etməlidir.
Zərərçəkmişin üzünə yetirilən zədənin silinməsi mümkün olan halda,
lakin sifətin eybəcərləşdirilməsinə birbaşa qəsdin mövcudluğu zamanı, əməli
sifətin silinməz dərəcədə eybəcərləşdirilməsi formasında ifadə olunan
sağlamlığa ağır zərər vurmağa cəhd kimi tövsif etmək lazımdır (CM-in 29 və
126.1-ci maddələri ilə).
Qəsdən sağlamlığa ağır zərər vurma əməlinin obyektiv cəhətini təşkil
edən əlamətlərdən biri də əmək qabiliyyətinin üçdə bir hissəsindən az olma-
maqla uzun müddətə itirilməsi və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş
şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan zərər
vurmadır.
Ümumi əmək qabiliyyəti dedikdə, insanın özünə qulluq edə bilməsi və
ixtisas tələb etməyən əmək qabiliyyəti nəzərdə tutulur (1, 295). Ümumi əmək
qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla itirilməsi keyfiyyət göstərici-
sidir (yəni 33%-dən artıq). Əmək qabiliyyətinin uzun müddətə itirilməsi isə,
kəmiyyət göstəricisidir. Əmək qabiliyyətinin uzun müddətə itirilməsi faktını
ancaq xəsarət, patoloji vəziyyət və xəstəliyin aydın olmuş nəticəsindən sonra
təyin etmək mümkündür. Qaydalarda bu barədə ancaq bir istisna hal nəzərdə
tutulmuşdur. Məhkəmə-tibbi nöqteyi-nəzərindən ümumi əmək qabiliyyətinin
dayanıqlı itirilməsi sağlamlığın 120 gündən artıq müddətdə pozulması
deməkdir. Belə hadisələrdə xarici mühit faktorları təsirindən törənmiş xəsarət
və xəstəliklər nəticəsində zərərçəkmiş şəxs 120 gündən artıq müddətdə əmək
70
qabiliyyətini itirmiş olur və bundan sonra da sağalmağa doğru hər hansı bir
irəliləyiş hiss edilmir. Zədələnmələrdə ümumi əmək qabiliyyətinin dayanıqlı
itirilmə həcmi xəsarətlərin nəticəsi aydın olduqdan sonra əmək qabiliyyətinin
itirilməsinin faiz cədvəli ilə obyektiv əlamətlərə əsasən təyin edilir. Uşaqlarda
əmək qabiliyyətinin itirilməsi Qaydalarda müəyyən edilmiş ümumi qaydalara
əsasən təyin edilir. Əlillərdə aldığı xəsarət ilə əlaqədar əmək qabiliyyətinin
dayanıqlı itirilməsi, əlillikdən və onun qrupundan asılı olmayaraq sağlam şəxs-
lərdə olduğu kimi təyin edilir.
1961-ci il Azərbaycan SSR-in CM-də bədən xəsarətinin ağırlığının
müəyyən edilməsindən söhbət getdiyi zaman hansı əmək qabiliyyətinin
(ümumi və ya peşəkar) itirilməsi haqqında danışılmırdı. Bu hal nəzəriyyə və
təcrübədə gedən qızğın mübahisələrdən sonra meydana gəldi. Hüququ tətbiq
edən orqanlar bədən xəsarətlərinin ağırlığının müəyyən edilməsi zamanı daha
çox ümumi əmək qabiliyyətinin itirilməsi dərəcəsinə üstünlük verirdilər. Belə
yanaşmanı çətin ki, xüsusən də təqsirkarın zərərçəkmişin peşəsi haqqında
məlumatlı olduğu zaman onun peşəkar əmək qabiliyyətinə təsirdə əks olunan,
ona qəsdən və düşünülmüş şəkildə bədən xəsarətlərinin yetirildiyi hallarda
ədalətli hesab etmək olardı (məsələn, pianoçunun və ya cərrahın barmaqdan
məhrum edilməsi, rəqqasın ayağının sındırılması və s.).
2000-ci il Azərbaycan Respublikasının CM-də qeyd edilən boşluq aradan
qaldırıldı. Peşəkar əmək qabiliyyətinin tam itirilməsi adı altında zərərçəkmişin
əsas növ məşğuliyyət qismində seçdiyi həmin növ peşəkar fəaliyyətlə məşğul
olmaq qabiliyyətinin bərpa olunmayacaq səviyyədə itirilməsi başa düşülür.
Burada əsasən peşəkar fəaliyyətin elə növləri nəzərdə tutulur ki, onlar xüsusi
fitri istedad və ya son dərəcə öz zəhmətinə əsaslanan bacarıq və səriştənin
olmasını tələb edirlər. Bu musiqiçinin, heykəltaraşın, rəssamın, artistin,
cərrahın, idmançının və digərlərinin peşəsi ola bilər.
Bu növ sağlamlığa ağır zərər vurmanın səciyyəvi xüsusiyyəti ondan iba-
rətdir ki, təqsirkar yalnız aşkar surətdə zərərçəkmişin peşəsi haqqında məlu-
matlı olmur, həm də şəxsi peşəkar əmək qabiliyyətindən tamamilə məhrum
etməyi arzulayaraq, onun sağlamlığına zərər vurur. Təqsirkar şəxs çox vaxt o
dərəcədə düşünülmüş və məqsədyönlü şəkildə hərəkət edir ki, onun vurduğu
zərər nəticəsində ümumi əmək qabiliyyəti saxlanıla bilər. Lakin bu hal tövsifə
təsir göstərmir. Məsuliyyət Azərbaycan Respublikasının CM-in 126-cı maddəsi
ilə yaranmalıdır.
Əgər zərərçəkmiş bir neçə peşəyə sahibdirsə, onda daha uzun müddətli iş
stajına malik olduğu və ya xüsusi təhsil yolu əldə etdiyi, yaxud ən yüksək
ixtisasa nail olduğu peşəkar fəaliyyətə yetirilən zərər əsas hesab edilir. Məhz
bu peşə, peşəkar əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi
zamanı təqsirkarın niyyətinin zərərçəkmişin bu növ peşəkar əmək qabiliy-
yətindən məhrum edilməsinə istiqamətləndiyi halda nəzərə alınır.
Təhlil edilən cinayət subyektiv cəhətdən həm birbaşa, həm də dolayı
qəsdlə törədilə bilər. Təqsirkar başqa şəxsin sağlamlığı üçün təhlükəli olan
71
əməl törətdiyini dərk edir, bunun həmin şəxsin sağlamlığına ağır zərər vura-
cağını qabaqcadan görür, belə zərərin vurulmasını arzu edir (birbaşa qəsd) və
ya onun vurulmasına şüurlu surətdə yol verir (dolayı qəsd).
Cinayətin törədilməsinin motiv və məqsədi müxtəlif ola bilər, lakin bu
əməlin tövsifi üçün heç bir əhəmiyyət kəsb etmir (tövsifedici əlamətlərdən
başqa).
Burada qəsd çox vaxt qeyri-müəyyən olur. Ona görə də təqsirkarın əməli
faktiki baş vermiş nəticələrə görə tövsif edilməlidir. Qəsd müəyyən (konkret)
olduqda, lakin sağlamlığa az ağır və ya yüngül zərər vurulduqda təqsirkarın
əməli sağlamlığa ağır zərər vurmaya cəhd kimi (CM-in 29 və 126.1-ci
maddələri ilə) tövsif edilməlidir.
Qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin subyekti 14 yaşına
çatmış istənilən anlaqlı fiziki şəxs ola bilər.
Dostları ilə paylaş: |