Bu gün təhsil sahəsində dövriyyədə olan anlayışlardan biri "inklüziya" terminidir



Yüklə 101,51 Kb.
tarix02.01.2022
ölçüsü101,51 Kb.
#42085
Bu gün təhsil sahəsində dövriyyədə olan anlayışlardan biri


Bu gün təhsil sahəsində dövriyyədə olan anlayışlardan biri “inklüziya” terminidir. İnklüziya (inclusion – daxiletmə) – bütün vətəndaşların, ilk növbədə, əlilliyi olan bütün insanların cəmiyyətdə iştirak səviyyəsinin artırılması prosesidir. İnklüziv təhsil isə ümumi təhsilin elə bir inkişaf mərhələsidir ki, burada hamının, ilk növbədə, sağlamlıq imkanları məhdud şəxslərin təhsilə ehtiyacı təmin edilir.

Söhbət bütün vətəndaşların, o cümlədən müəyyən səbəblərdən fiziki və əqli inkişafında çətinlikləri olan şəxslərin ictimai həyatda aktiv iştiraka qatılmağından gedir. Təhsil sahəsi istisnasız olaraq bütün uşaqların və böyüklərin akademik və ictimai həyatda bərabərhüquqlu iştirakını təmin etməlidir.

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq onların öz həmyaşıdları ilə eyni məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və təlim prosesində birgə iştirak etdikdə, onlar bir-birinə qarşı anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər.




Hər bir uşağın pulsuz təhsil almaq hüququ vardır. Lakin sağlamlıq imkanları məhdud olanlar uzun illərdir ki, təhsil almaqla bağlı bir sıra çətinliklərlə üzləşirlər. İnfrastrukturun müyəssər olmaması, kurikulum və təhsil sisteminin onların xüsusi ehtiyaclarına uyğun gəlməməsi kimi amillər onların təhsildən kənar qalmasına səbəb olmuşdur. Xüsusi təhsil müəssisələrində bu qəbildən olan uşaqlara təhsil verilsə də, bunun da özünəməxsus mənfi cəhəti ondan ibarətdir ki, belə müəssisələrdə təhsil alanlar sonradan ictimaiyyətə inteqrasiya olmaqda bir xeyli çətinliklə üzləşirlər.  Sağlamlıq imkanları məhdud olan uşaqların təhsildən kənar qalması onların iş perspektivlərinin də zəifləməsinə gətirib çıxarır. Nəticədə, həm onlar şəxsi inkişaf imkanlarından məhrum olur, həm də bütün cəmiyyət potensial insan kapitalını itirir.

Lakin son dövrlərdə bütün dünyada bu sahədə ciddi irəliləyişlər əldə edilmişdir. Xüsusi təhsil müəssisələrinin genişlənməsi, dəstəkləyici texnologiyaların təhsil sisteminə gətirilməsi, adekvat kurikulumun hazırlanması nəticəsində artıq sağlamlıq imkanları məhdud olan uşaqlar daha rahat şəraitdə təhsil ala bilirlər. Digər nəzərə çarpacaq yenilik isə inklüziv təhsil anlayışının geniş şəkildə yayılmasıdır. Belə ki, “hamı üçün təhsil” strategiyasının məntiqi davamı kimi qiymətləndirilən bu fəlsəfəyə görə, müxtəlif xüsusiyyətləri və ehtiyacları olan uşaqlarla sağlamlıq problemi olmayanlar birgə tədrisə cəlb edilərək, eyni sinifdə təhsil almalıdırlar. İnanılır ki, belə bir mühitdə sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası daha yaxşı təmin edilə bilər.

İnklüziv təhsil uşaqyönümlü metodologiyanı inkişaf etdirməyi hədəf götürür və bütün uşaqların – fərdlərin təhsildə müxtəlif ehtiyaclara malik olduqlarını qəbul edir. İnklüziv təhsil uşaqların fənlər üzrə müxtəlif təlim ehtiyaclarının təmin edilməsi üçün daha səmərəli olan yanaşmaları işləyib hazırlamağa cəhd edir.




İnklüziv təhsilin əsasında aşağıdakı istiqamətləri əsas götürən ideologiya durur:

– Bütün insanlara eyni münasibəti təmin edərək hər cür diskriminasiyadan uzaq durmaq;

– Xüsusi təlim ehtiyacları olan uşaqlar üçün ümumtəhsil müəssisələrində şərait yaratmaq.

İnklüziv təhsilin prinsipləri:

1. İnsanın dəyəri onun qabiliyyət və nailiyyətlərindən asılı deyildir;

2. Hər bir kəs hiss etmək və düşünmək qabiliyyətinə malikdir;

3. Hər kəs ünsiyyət hüququna malikdir və o dinlənilməlidir;

4. Bütün insanlar bir-birinə lazımdır;

5. Həqiqi təhsil yalnız real münasibətlərin kontekstində mövcud ola bilər;

6. Bütün insanlara öz həmyaşıdlarının dəstək və dostluğu lazımdır;

7. Bütün şagirdlərin inkişafı onların bilik və bacarıqlarından asılıdır;

8. İnsanların müxtəlifliyi həyatın bütün sahələrini inkişaf etdirir.

İnklüziv təhsilin üstünlükləri

Dostluq;


Ümumi təhsilə böyük çıxış;

Başqaları ilə münasibət qurmaq imkanları;

Akademik, sosial və davranış bacarıqlarının formalaşması;

Artan sosial təşəbbüsləri, münasibətləri və şəbəkələri;

Gələcək mühitə qoşulmaq, cəmiyyətin yararlı üzvü olmaq imkanları;

Gələcək həyatlarına müstəqil davam etmək bacarıqları;

Həyata, yaşamağa artan inam və ümidləri.

İnklüziv təhsilin çətinlikləri

Bütün müəllimlər inklüziv sinifdə dərs deməyə hazır deyillər;

Şagirdlərin çoxu kütləvi sinifdə olarkən daha çox diqqət və kömək tələb edirlər;

Şagirdlərin bəziləri sinifdə inklüziv şagirdləri qəbul edə bilmirlər.

Bu proqram fiziki və əqli cəhətdən qüsurlu olan uşaqların öz potensiallarına nail olma imkanını dəstəkləyir. Bu təhsil sistemi xüsusi qayğıya ehtiyacı olan uşaqlarda özünə inamı artırır və digər normal uşaqlarla bərabər hüquqlu olmasını təmin edir. İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların yalnız təhsil hüquqlarını dəstəkləməklə bitmir. Bu tip təhsil fiziki cəhətdən qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasını, müstəqil şəkildə qərarvermə imkanlarını, hüquqlarını öyrətmək məqsədi daşıyır. Belə olan halda, sağlamlığı məhdud olan uşaqların yaşamaq istəyi və həvəsi daha da artır, onlarda gələcəyə ümid yaranır.

İnklüziv təhsilin məktəb həyatına gətirdiyi dəyişikliklərin nəticəsində yalnız sağlamlıq imkanları məhdud uşaqlar deyil, bütün uşaqlar qazanacaqlar.



Mənbə

  1. Ülkər Bayramova – Təhsilin formaları (inklüziv, çoxmədəniyyətli təhsil) və onların funksiyaları.

  2. İnklüziv siniflərdə təlimin təşkili. Bakı, 2018

  3. Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə çıxış imkanları: real vəziyyət, beynəlxalq praktika və təkliflər. Bakı, 2016

Yüklə 101,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin