Bütün zamanlarda Sözün qüdrəti, hökmü böyük olub. Məqamında səslənişi ilə könüllər nura boyanıb, aləm gülşənə dönüb, aydın, işıqlı sabahlara doğru yol başlayıb



Yüklə 344,67 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü344,67 Kb.
#35853
  1   2   3
Belge (12)
Belge (12)




Tam
versiya


































Milli istiqlalımızın alovlu şairi - Xəlil Rza Ulutürk


06.06.18   14:45

1228

Şəfəq NASİR
Filologiya üzrə fəlsəfə doktoru




Bütün zamanlarda Sözün qüdrəti, hökmü böyük olub. Məqamında səslənişi ilə könüllər nura boyanıb, aləm gülşənə dönüb, aydın, işıqlı sabahlara doğru yol başlayıb...

Hər şeydən uca, dəyərli olan, düşüncəyə hakim kəsilən Söz göy qurşağının rəngləri kimi çoxçalarlıdır. Sənətkarlar yaratdıqları əsərlərində kimlərinsə mənəvi dünyasını, taleyini, obrazını sözün rənglərilə elə təsvirə alır ki, onları sevməmək, yaxına almamaq mümkünsüzdür. Əlbəttə ki, təsvir və bənzətmələrin duyğusallıqla ifadəsində sözün yeri əlahiddədir. 

Onda da ola söz həqiqi mənada sülhü, əmin-amanlığı, xalqın azadlıq arzularını, istiqlalını, milli mənafeyini və mənəvi dəyərlərini ifadə etmiş olsun. Fitri istedadın, dağ şəlaləsi təki coşqun bir ehtirasla axan yaradıcılıq eşqinin vətənpərvərlik, yurdsevərlik sevgisilə dopdolu olan sənət sahiblərinin amalı belə bir ülvi hisslərlə süslənəndə xalq mənəvi ucalığın, rahatlığın, qəlbə bahar təravəti gətirən gülzarlığın içində olar. Bütün bunları böyük sənətkarlıqla, bədii təfəkkürün işığında obrazlı şəkildə, həm də xalqın milli qürurunu, müstəqillik duyğularını ucadan-uca sözün qüdrətilə ifadə edə bilmək məharəti də hər kəsə nəsib olmur.

Bu fikirlərin işığı düşüncəmi 100 ildən də bir qədər uzaqlara çəkib aparır. Hansı ki, H.B.Zərdabi, M.F.Axundovdan başlamış, xalqı qəflətdən oyatmaq, savadsızlığa, mədəni geriliyə qarşı mübarizənin, mənəvi dəyərlərin, vətənpərvərlik duyğularının formalaşması və ictimai şüura təsiri yolunda mübarizəni genişləndirmək bir amal  olaraq münəvvər insanların qəlbini çulğamış, ümdə vəzifəsi olmuşdur. Milli mücadiləni yaymaqdan ötrü XIX əsrin sonları və XX əsrin əvvəllərinin milli oyanış dövründə M.Şahtaxtlı, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ə.Hüseynzadə, Ü.Hacıbəyov və digər maarifpərvər ziyalılar doğma ana dilimizdə yaratdıqları mətbuatda öz fikirlərini bir toxum kimi səpməyi vacib sandılar. Və beləliklə, böyük bir maarifçi nəsil - mollanəsrəddinçilər, füyuzatçılar milli dirçəliş işığında öz fikir və amallarını bir vətəndaş qeyrətilə yaymağa başladılar. Bu yolda təqiblər, sui-qəsdlərlə üzləşsələr də, milli məfkurəni xalqa aşılamaqdan çəkinmədilər. Və zamanı üçün nə qədər çətin də olsa bunlara müəyyən mənada nail ola bildilər. Bunun ardınca xalqı azadlığa, müstəqilliyə aparan  yollarda mücadilə edən vətənpərvər ziyalılar, ictimai-siyasi xadimlər böyük fədakarlıq və əzmkarlıqla Şərqdə ilk müsəlman dövlətini, parlamentli, azad və müstəqil Azərbaycan Demokratik Respublikasını qurdular (1918-1920). Cəmi 23 ay yaşayan və bolşeviklərin qəsbkarlığı ilə devrilərək, ömrü yarıda bitən cümhuriyyətin qurucuları, qeyrətli vətən oğulları az bir vaxtda qarşıya qoyduqları böyük vəzifələri müstəqillik eşqinin gücü, qüdrətilə həyata keçirməyə nail oldular. Bu gün hər birimiz dövlətçilik tariximizin bir şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyəti qurucularının böyük fədakarlığı ilə qürur duyuruq.

Bu yerdə ötən əsrin axırları milli oyanış dövrünün tarixilik və müasirlik baxımından ənənəvi və yeni məna kəsb edən müstəqilliyin bərpası və xalqın azadlığı uğrunda mübarizələrdə təhdidlərə məhəl qoymadan milli mücadilənin önündə gedən aydınlarımızı, vətən aşiqlərini göz önündən keçirirəm. Və bu milli-mənəvi duyğuları yaşadığımız indiki anlarda, 70 ildən sonra onun bərpası yolunda aparılan mübarizədə M.Ə.Rəsulzadənin və silahdaşlarının azərbaycançılıq məfkurəsindən qor alan, müstəqillik amalını ruhunda, varlığında bir məşəl kimi daşıyan milli istiqlal şairi Xəlil Rza Ulutürkü xatırlayıram. Xalqı Sovet imperiyasının caynağından qurtarmağa, öz taleyini özü həll etməyə səsləyən, vətənpərvərlik eşqi, ədəbi-bədii yaradıcılığı, poetik inciləri ilə yaddaşımıza nur çiləyən azadlıq aşiqi hər zaman qürur duyduğumuz ədəbi şəxsiyyətdir. O, bütün yaradıcılığı boyu, ələlxüsus da ötən əsrin 80-ci illərin dən başlamış milli mücadilədə özünün əqidəsi, ideoloji mübarizəsi, sözünün qüdrətilə hər bir azərbaycanlının hafizəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının varisi kimi yaşayır. Xəlil Rza Ulutürkün yaradıcılığı başdan-başa xalqın azadlığı, vətənpərvərlik duyğuları, müstəqillik arzuları, istiqlalı ilə süslənmiş, milli-bəşəri amallar ilə ifadə olunmuşdur.
Xəlil Rza Ulutürkün yaradıcılığını mövzusuna görə 3 mərhələyə bölmək olar:

I. Sovet dövrü.

II. Milli-azadlıq hərəkatının meydan dövrü.

III. Müstəqillik dövrü.



Xəlil Rzanı milli mücadiləyə aparan azadlıq arzuları yaradıcılığının ilk dövrlərindən, birinci mərhələsində pöhrə tutmuş, göyərmiş, qəlbini, ruhunu sarmışdı. Azərbaycançılıq məfkurəsinə, xalqına bütün qəlbi, ictimai şüuru ilə bağlı olan şairin bağrından qopan misraları bir cəngavərin azadlığa səsləyən marşına bənzəyirdi. O, qəlbi vətən və xalq üçün çağlayan bir vətəndaş kimi, hələ gəncliyindən ölkəsini azad, müstəqil görmək istəyirdi. Vaxtilə Xalq Cümhuriyyətinin yüksəltdiyi bayrağın endirilməsi ilə heç vəchlə barışmır, onun yenidən yüksələrək başımızın üstündə dalğalanmasını görmək arzusu ilə yaşayır, səsinin-sözünün gücü, qüdrətilə mübarizə aparırdı. Şair bilirdi ki, bu mübarizənin təməlində onun milli varlığının, kimliyinin, ifadəsi olan ana dilinin qorunması, yaşadılması qayğıları dayanır. 1962-ci ildə yazdığı "Ana dili" şeirində vaxtilə dilimizin başına oyun açanlara, onu öldürməyə, məhv etməyə cəhd edənlərə qarşı üsyan edir, öz içimizdə də dilimizin qədrini bilməyənlərə, onu qorumayanlara qarşı sanki qələmindan misra-misra od saçırdı:

Kim qoruya bilməyirsə
Öz yurdunu, yuvasını,
udmasın yurd havasını.
Kim qorumur öz dilini,
itsin mənim gözlərimdən ilim-ilim,
O sahili bu sahilə birləşdirən
polad körpüm, qılıncımdır,
günəşimdir mənim dilim!

Şair bilirdi ki, vətən qəsb ediləndə onu azad etmək mümkündü, lakin dil qəsb olunanda bu, millətin, xalqın məhvidir. Bu, Xəlil Rzanı həmişə düşündürür, narahat edirdi. Dildən başlamış, vətəni bütöv, azad görmək, mədəniyyətimizin, ədəbiyyatımızın minillərə söykənən tarixinin yaşadılması uğrunda milli mücadiləyə qoşulmaq onun həyat amalı olmuş, bu yolda bir an da olsa, söz-qələm mübarizəsindən çəkinməmişdir. Elə buna görə də şair rus imperiyasının ağır rejimində qəlb çırpıntıları, həyəcanlar içində yaşamış, təqib olunmuş, bəzən təklənmiş, həyatın ağır sınaqları qarşısında olmuşdur. Lakin bunlar onu qorxutmamış, əqidəsindən dönməmiş, azadlıqsevər ruhu onu daim mübarizə meydanında bir cəngavər kimi döyüşlərə səsləmişdir. Sovet dövründə yazdığı şeirləri birbaşa, həm də mətnaltı ifadələrlə intişar edirdi. Yüzillər boyunca xalqın azad, müstəqil yaşamaq istəyinin təşnəsi olan aydınların arzuları qərinələrin aşırımlarından keçərək vətən sevdalı Məcnun şairin misralarında yenidən boy göstərirdi. Artıq səksəninci illər milli oyanışın ictimai şüurları silkələdiyi bir vaxtda X.Rza öz haqqını müdafiə etmək, azadlıq arzularını gerçəkləşdirməkdən ötrü xalqı mübarizəyə səsləyir, odlu-alovlu şeirləri, çıxışları ilə bu hərəkatın önündə gedirdi. O, üzünü bütün Azərbaycana tutub var səsiylə hayqırırdı:

Sürünmüsən iki əsr,
Övladların əsir-yesir,
Nə qəm, adın çəkiləndə
Yad hələ də zağ-zağ əsir.
... Sən can dedin, çor dedilər,
Haqqını basıb yedilər.
Pak, müqəddəs torpağını
Parçalayıb çeynədilər.
O qurdlara sən vermə can,
Qalx ayağa, Azərbaycan!
... Dəmir-beton qapıları
Tay-tay açan, şölə saçan
Yer titrədən, göy gurladan,
Ulduzları öpüb-qucan,
Nə yaralı, nə yarımcan,
Bizə nəfəs, bəşərə can -
Qalx ayağa, Azərbaycan!

Milli-azadlıq hərəkatının meydan dövrü yaradıcılığının yeni bir məzmun, milli-bəşəri ideya-mahiyyət kəsb etməsilə böyük təsir gücünə malik idi. X.Rzanın şeirləri düşmənə od püskürür, milləti öz azadlığı uğrunda mübarizəyə səsləyirdi. Onun söz mübarizəsi bir ordunun gücündən də qüdrətli idi. Hər bir Azərbaycan vətəndaşı Azadlıq meydanından başlamış, bütün yığıncaqlarda, dəstə halında evlərdə belə, onun şeirlərinin təsiri ilə coşur, xalqın azadlıq arzularının gerçəkləşməsi yolunda birləşirdi.


Yüklə 344,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə