Döyüşüm qəbrətək davam edəcək
Sevindirmək üçün yurdu, bəşəri.
Dəmiri doğrayan polad qayçıtək
Mənim hər addımım şəri kəsəcək.
- deyən şair bütöv əqidəsi, bədii sözünün gücü ilə mübarizə aparırdı. Bu ideya və məzmunda olan bir çox əsərləri onun səksəninci illərin sonlarından başlamış, müstəqillik uğrunda apardığı mübarizənin əks-sədası idi. Bu dövr yaradıcılığı şairin həm də məddahlığı, rüşvətxorluğu, vəzifəpərəstliyi ifşa etməsilə xarakterikdir. Sovet ordusunun, qırmızı qəsbkarların ölkəmizdə törətdiyi qırğınlar, 1990-cı il faciəsi şairin həyatını fırtınaya döndərmişdi. Bu mübarizədə o, bütün sağlamlığını itirsə də, son gücünədək milli istiqlal uğrunda savaşın önündə getmiş, xalqın ictimai şüurunun formalaşmasına, azadlıq mübarizəsinin ürəklərdə sonsuz bir məhəbbətlə çağlamasına böyük təsir göstərmişdir. Azadlıq carçısı olaraq Baş meydanda, gənclər arasında etdiyi alovlu çıxışları, od saçan şeirləri və müstəqilliyimizin ilkin dövründə yazdığı əsərləri, bütünlükdə bədii yaradıcılığı, publisistik fəaliyyətilə xalqın mübarizə yolunda mayak idi. Qüdrətli, coşqun çaya bənzər səsi ilə xalqın ruhunu alovlandırırdı:
Biz Türküstan elləriyik,
Qeyrət, qüdrət selləriyik.
Daşnakları qovan bizik,
Dar gözləri ovan bizik.
Yetər meydan suladılar,
Yurdumuzu taladılar.
Bakımızı əzizləyək.
Əqrəblərdən təmizləyək!
Şölə versin bu ləl, mərcan
Ermənisiz Azərbaycan!
Və o zaman şairin səsinə minlərlə, milyonlarla vətən sevdalısı səs verdi. Bu dövrdə mübariz çıxışlarına, meydanı azadlıq ruhu ilə dalğalandırdığına görə Lefertova zindanına atılsa da, sənədli-sübutlu memuar yazılarını işıq üzünə çıxardı, millətin istiqlalına yetdi. Bu, hər inqilabçı şairə qismət olmur. Səd heyf ki, istiqlaliyyət uğrunda qılıncdan kəsərli misraları ilə döyüşüb, mübarizə aparmış azadlıq aşiqi istiqlal şairi olmasını rəsmən təsdiqləyən İstiqlal ordeni ilə təltif olunmasını görə bilmədi. Amma nə qəm, şair özünün və sözünün əbədi olacağına bütün varlığı, şüuru ilə inanırdı. Bu vətənə, xalqına, minbir bərəkətli torpağına bağlılıqdan qaynaqlanırdı. Elə buna görə də deyirdi ki:
Odur, yanır dan yeri...
Addımla günəşlə tən.
Torpaqdan başlanmır, yox,
Kişi qanındakı qeyrət selindən,
Səndən başlanır Vətən.
Məndən başlanır Vətən!
Bu gün şairin sağlığında və özündən sonra nəşr olunmuş çoxsaylı kitablarına nəzər yetirib, hər biri ilə ayrıca tanış olanda bu vətən oğlunun, istiqlal şairinin içindən bir vulkan kimi püskürən əsərlərinin qüdrətinə heyrət etməyə bilmirsən. 1957-ci ildə nəşr olunmuş "Bahar gəlir" ilk şeirlər kitabından başlamış, "Sevən gözlər", "Məhəbbət dastanı", "Hara gedir bu dünya", "Daşdan çıxan bulaq", "Məndən başlanır vətən", "Davam edir 37", "Mən Şərqəm", "Türkün dastanı", "Mən onsuz da əbədiyəm"... üst-üstə 100-ə yaxın topluda hansı ideyaları, hikmətləri əhatə edən mövzular ifadə olunmayıb! Təbiətə, onun yaratdığı gözəlliklərə heyranlıq, milli sərvətimiz olan dilimizə, mədəniyyətimizə, adət-ənənələrimizə, ən başlıcası, vətənə, insana məhəbbət, xalqın azadlıq, müstəqillik arzularının gerçək ifadəsi olan mübarizələr tarixi, xoş günlərimizin vəsfi əsərlərinin leytmotivini təşkil edib. Bütün bunlarla yanaşı, əyriləri, vətəni satanları, qorxaqları, mənsəbpərəstləri və bu qəbildən bütün naqislikləri qılıncdan iti sözünün qüdrəti ilə kəsib-doğrayıb.
Xəlil Rzanın yaradıcılıq diapozonu o qədər genişdir ki, indiki məqamda onları bir araya gətirmək, ümumiləşmiş formada belə, hər birindən bəhs etmək olduqca çətindir. Bu əsərlər yaradıcılığın bütün mərhələlərinin mövzusuna, ictimai-siyasi tutumuna, vətəndaşlıq mövqeyinə, bədii-poetik siqlətinə, ümumən bir sıra prinsiplərinə görə hələ neçə-neçə tədqiqat əsərlərinin predmeti olacaqdır. Bu yaradıcılığın əhatə etdiyi növlərinə gəlincə, qeyd etməliyik ki, şairin istedadı ona ədəbi fəaliyyətin bir çox sahələrində qələm işlətməyə imkan vermişdir. Bunların sırasında bədii əsərləri, tərcümə kitabları, elmi əsərləri, monoqrafiyaları, elmi-tarixi memuarları, bunların da üzərinə ölümündən sonra vəfalı ömür-gün yoldaşı Firəngiz xanım Ulutürkün nəşr etdirdiyi 63 adda kitabını, çap olunmuş və olunmamış gündəliklərini də əlavə etsək, bu yaradıcılıq yolunun nə qədər zəngin, çox növlü və çoxjanrlı olduğundan heyrətlənməyə bilmərik. Xəlil Rza yaradıcılığının ən səbatlı tədqiqatçılarından olan, bir çox kitablarının redaktoru, ön sözün müəllifi, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli şairin 80-ci illər yaradıcılığından bəhs edərək yazır: "1980-ci illərin şeirləri mənəvi dəyərləri, humanist keyfiyyətləri ilə seçilib. Sənətkarın humanizmi müasir şəraitdə azad, müstəqil və demokratik keyfiyyətlər qazanıb, mənəvi-tarixi, qan-idrak yaddaşı ifadə edib.
Xəlil Rza ruhun əbədiyyətini, həyatını qəbul etməklə əslində, milli şəxsiyyətlərin yaşarılığını, deməli, milli ənənəni təsdiq edir, onları xalqın yaşatmasını arzulayır.
Xəlil Rzanın yaradıcılığında ötəri bir həvəs, adi ovqatla yazdığı bir misraya, sətrə belə rast gəlmək mümkün deyil. O, hər açılan sabahların bir-birindən fərqlənməyən adi həyat tərzində təbiət hadisələrindən, bir zərif çiçəyindən, sısqa otundan, xırdaca daşından və əlbəttə ki, üstündən onilliklər ötsə də, ilk gənclik illərindən bütün varlığını sarmış sevgisindən, duyğularından da döyüşkən ruhlu bir şair olaraq söz açır. Bəzən lirik "mən" özünün də dünənindən bu gününə yetdiyi mübariz həyatına kənardan baxaraq heyrətini gizlədə bilmir. Yəni mübarizələr içrə keçən ömründə saf, ülvi hisslərin bir qanadı olan sevgidən (əlbəttə ki, bu sevgi ilk olaraq vətəndən, ana torpaqdan başlayır!) də qaynar təbli, gursəsli bir aşiq təki danışır. Və fikrin ifadə tərzi də onu təlqin edir ki, həyatda heç bir istəyə, arzuya ürəyində işıq, arzu və bu arzuya aşiqtək bağlı olmadan yetmək olmaz. Sevgi, saf niyyət bütün müşküllərin açarı, keçilməz sədlərin cəsarətlə, mərdliklə qət olunmuş aşırımlı yollarıdır. Mübarizəyə gedən yolda, yetişib formalaşmasında saf eşqinin, incə duyğuların ona qol-qanad, yeni güc, coşqun bir ehtirasla yaşamaq, mübarizə aparmaq əzmi aşıladığını "Yalnız sənin eşqinlə" şeirində Xəlil Rza görün necə bir zərifliklə ifadə etmişdir:
... Mən dəmir qayaların altında
bir bulaqdım.
Nə cür qırdım Qayanı,
soruş bəs nə cür axdım?
Mən zərif bir zoğ idim, üstə beş,
on tumurcuq.
Nə cür barlı bağ oldu, o incə zoğ, o cocuq?
Mən dünən bir göy budaq, bu gün başı qarlı dağ...
Nə cür qalxıb ucaldım?
Sənin eşqinlə ancaq!
Sənin eşqinlə ancaq!
Xəlil Rza az yaşadı, lakin azadlıq aşiqi olaraq qəlbində ümmanlara sığmayan vətən və xalq sevgisi ilə dopdolu bir ömür yaşadı. 1994-cü ilin 22 iyunundan sonra özü dediyi kimi, əbədi ömrü başladı. Millətini, vətənini sevən bir insan kimi həyatda ən şirin nemət onun üçün Azadlıq idi. Özü də bütöv və əbədi olan bir Azadlıq!
Azadlığı istəmirəm zərrə-zərrə,
qram-qram!
Qolumdakı zəncirləri qıram gərək,
qıram, qıram!
Azadlığı istəmirəm bir həb kimi,
dərman kimi
İstəyirəm
Səma kimi,
Günəş kimi,
Cahan kimi!
Çəkil, çəkil, ey qəsbkar,
Mən bu əsrin gur səsiyəm!
Gərək deyil sısqa bulaq,
Mən ümmanlar təşnəsiyəm!!!
- deyən şairin azadlıq harayı kimi səslənən misraları minlərlə, milyonlarla insanların qəlbini ehtizaza gətirdi. Onun milli azadlıq ideyalarını tərənnüm edən yüzlərlə əsərləri ədəbiyyat tariximizin bir şanlı səhifəsidir. Xəlil Rza həqiqi mənada milli istiqlal şairi kimi xalqın ədəbi yaddaşının günəşidir.
Dostları ilə paylaş: |