Cənubi Qafqaz regionunda (Ermənistan, Azərbaycan və Gürcüstan) insan hüquqları müdafiəçilərinin vəziyyətinə dair
HESABAT
Hesabat 11 mart 2011-ci ildə Birləşmiş Millətlər Təşkilatının İnsan hüquqları Şurasının
16-cı sessiyasında təqdim edilib
2010 – Mart 2011
Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvləri və İnsan Hüquqları Evi Fondu (Human Rights House Foundation) tərəfindən hazırlanıb
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında Niderland Krallığının Missiyasının və Norveç Xarici İşlər Nazirliyinin dəstəyi ilə tərtib edilib
Tövsiyələr
Beynəlxalq birliyə tövsiyələr – bu tövsiyələr bütövlükdə Cənubi Qafqaz regionuna şamil olunur:
-
Dövlət orqanları hüquq müdafiəçilərinin, müstəqil jurnalistlərin və hüquqşünasların müdafiəsini təmin etməlidirlər;
-
Dövlət orqanları insan hüquqları ilə bağlı mühiti yaxşılaşdırmaq və bununla da hüquq müdafiəçilərinin öz fəaliyyətlərini həyata keçirə bilmələrini təmin etmək üçün tədbirlər görməlidirlər;
-
Dövlət orqanları, xüsusən də Azərbaycanın və Gürcüstanın hakimiyyət orqanları İnsan Hüquqları Şurasının xüsusi prosedurları çərçivəsində ölkəyə səfərlərə icazə verməyə və bu səfərləri dəstəkləməyə çağırılsın;
-
Azərbaycan hakimiyyəti özünün Universal Dövri İcmalında icraya qəbul etmiş olduğu tövsiyələri və İnsan Hüquqları Komitəsinin və İşgəncələrə qarşı Komitənin yekun qeydlərini bütünlüklə yerinə yetirməyə çağırılsın;
-
Ermənistanın dövlət orqanları Hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçinin 2010-cu ildə ölkəyə səfərindən sonrakı icra tədbirlərini görməyə və onun tövsiyələrini yerinə yetirməyə çağırılsın;
-
Birləşmək və toplaşmaq azadlığı haqqında qanunvericilikləri beynəlxalq standartlara uyğunlaşdırmaq üçün həmin qanunvericiliklərdə dəyişikliklərin lehinə təşviqat aparılsın;
-
Hakimlərin müstəqilliyinin və qanunun aliliyinin səmərəli şəkildə təmin olunması üçün məhkəmə sistemində mühüm dəyişikliklərin lehinə təzyiqlər həyata keçirilsin.
Mündəricat
Ermənistan
Hüquq müdafiəçilərinin təqib və hücumlara məruz qalması
Hüquq müdafiəçilərinə qarşı ləkələyici kampaniyalar
İnsan hüquqlarına təsir göstərən hüquqi addımlar və hüquq müdafiəçilərinin vəziyyəti
Azərbaycan
Hüquq müdafiəçilərinin ümumi vəziyyəti
Hüquq müdafiəçilərinə, gənc fəallara, hüquq müdafiəsi ilə məşğul olan təşkilatlara və media təşkilatlarına qarşı son dövrlərdəki təzyiqlər
İnsan hüquqları təşkilatlarının ofislərindən çıxarılması və ofislərində axtarışlar
İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinə qarşı hücumlar
İfadə azadlığına hücumlar
Toplaşmaq azadlığına məhdudiyyətlər
Birləşmək azadlığının məhdudlaşdırılması
Dövlət orqanlarının təzyiqi – mediada ləkələyici kampaniyalar
Gürcüstan
Hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər
Hüquq müdafiəçilərinə hücumlar
Cəzasızlıq və qanunun aliliyinin olmaması
Mediada ləkələyici kampaniyalar
Hüquq müdafiəçilərinə təsir göstərən hüquqi addımlar
Ermənistan
2010-cu ildə Ermənistan Respublikasında insan hüquqlarının vəziyyəti çoxsaylı problemlərlə səciyyələnib. Dövlət orqanları müxalifət fəallarını və tənqidi fikir bildirənləri qorxutmaq və repressiyalara məruz qoymaq üçün təqiblərdən istifadəni və bürokratik tədbirlərin bezdirici tətbiqini davam etdiriblər, hərçənd ki, hökumət özünün Universal Dövri İcmalında ifadə azadlığına şərait yaradan mühiti yaratmaq öhdəliyini qəbul edib.1 Polislər məhkəməyəqədər həbsdə olanları döyüblər və bəzi hallarda müvafiq prosedurlara riayət edilməsini təmin etməyiblər. 2008-ci ilin martından bəri tənqidçi QHT-lər birgə tədbirləri üçün yer icarəyə götürməkdə problemlərlə üzləşirlər.
Hüquq müdafiəçilərinin təqib və hücumlara məruz qalması2
2008-ci ilin martında nümayişlər zorakılıqla dağıdıldığı vaxtdan bəri QHT-lər birgə tədbirləri üçün yer icarəyə götürməkdə problemlərlə üzləşirlər. Müvafiq məkanların sahibləri çox vaxt həssas mövzulara dair mətbuat konfranslarının və ya görüşlərin təşkil edilməsi üçün həmin məkanları QHT-lərə verməkdən çəkinirlər. Əsasən Ermənistanda siyasi məhbuslar problemini önə çəkən Demokratiyanın Təşviqi uğrunda Qadın Qeyri-Hökumət Təşkilatı “Şahxatun” mütəmadi olaraq belə problemlərlə üzləşir. LGBT hüquqlarını (lesbiyan, gey, biseksual və transseksualların hüquqlarını) önə çəkən PİNK təşkilatı da 2010-cu ilin aprelində analoji problemlə üzləşdi. Həmin ayda naməlum şəxslər LGBT hüquqlarını önə çəkən PİNK təşkilatının ofisinə soxuldular.
13 dekabr 2010-cu ildə naməlum şəxslər hüquq müdafiəçisi və “Hüquqşünaslar İşgəncələrə Qarşı” qeyri-hökumət təşkilatının koordinatoru Artak Zeynalyanın ofisinə soxuldular, bu təşkilat Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvüdür. Naməlum şəxslər ofisə girdilər, mühüm sənədlərin saxlanıldığı siyirtmələrin kilidlərini sındırdılar. Onlar kompüter monitorunu və peyk televiziyası kanallarının kodunu açan qurğunu götürdülər. 10 yanvar 2011-ci ildə Artak Zeynalyanın ofisinə yenidən hücum edildi. Artak Zeynalyan Ermənistan Respublikasının məhkəmələrində və Avropa İnsan Hüquqları Məhkəməsində doqquzdan artıq siyasi məhbusun hüquqlarını müdafiə edib.
“Haykakan Jamanak” qəzetinin baş redaktoru və müxalif Erməni Milli Konqresinin fəalı Nikol Paşinyan 3 il yarım müddətinə azadlıqdan məhrum edildi. 15 noyabr 2010-cu ildə Nikol Paşinyan iddia etdi ki, Araqatsotn əyalətindəki Koş həbsxanasında hücuma məruz qalıb və fiziki xəsarət alıb. Baş prokurorun qərarı ilə cinayət işinə başlanıldı.
Ermənistanda hüquq müdafiəçilərinin vəziyyəti üzrə Xüsusi Məruzəçinin ölkə üzrə hesabatında 2009-cu və 2010-cu illərdə jurnalistlərə qarşı hücumlar xüsusi narahatlıq doğuran hal kimi qeyd edilir. Hesabatda həmçinin qeyd edilir ki, polis və məhkəmə orqanları bu insidentləri araşdırmayıblar və hüquq pozucularını ədalət mühakiməsi qarşısına çıxarmayıblar.
Hüquq müdafiəçilərinə qarşı ləkələyici kampaniyalar3
Beynəlxalq qurumlar daha sonra yayım mediasında yüksək dərəcədə özünüsenzuranın olmasından və dövlət orqanları tərəfindən media plüralizminin məhdudlaşdırılmasından narahatlıqlarını ifadə etdilər. 2010-cu ildə hüquq müdafiəçilərinə, o cümlədən Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvü olan təşkilatların nümayəndələrinə qarşı ləkələyici kampaniyalar aparılıb. Bir neçə siyasi partiya, hökumətyönlü təşkilatlar və kütləvi informasiya vasitələri hüquq müdafiəçilərini casuslar, agentlər, qrant alan, amma vəsaitlərdən düzgün istifadə etməyən adamlar adlandırmaqda davam edirlər.
Erməni jurnalist Nikol Paşinyanın həbsi ilə bağlı Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin narahatlıq məktubu dərc olunduqdan sonra4 gündəlik “Aravot” qəzeti bu qəzetin baş redaktoru Aram Abramyana və “A1+” nəşrinin baş redaktoru Mesrop Movsesyan ünvanlanmış açıq məktub dərc etdi. 12 fevral 2010-cu il tarixli bu məktubda “Gənclik Tərəqqi və Demokratiya Uğrunda” təşkilatı Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinə etimadı sarsıtmaq üçün ona və üzvlərinə hücumlar etdi.
7 iyul 2010-cu ildə hökumətyönlü gündəlik “Hayots Aşxarh” qəzeti hüquq müdafiəçiləri Melissa Braun, Nune Sarkisyan, Mika Danielyan, Boris Navasardyan, Artur Sakunts, Artak Zeynalyan və digərlərini qrantalanlar adlandıran məqalə dərc etdi: “Aydın olur ki, ölkəmizdə “vətəndaş cəmiyyəti” qrant alan təşkilatlarla, radikal müxalifət fəalları ilə və Ter-Petrosyanın agentləri ilə başlayır və onlarla qurtarır”. “Əlbəttə, biz bu “vətəndaş cəmiyyəti” təmsilçilərinin kim tərəfindən və necə seçildiyini bilmirik, amma reallıq ondan ibarətdir ki, bu şəxslər anti-milli fəaliyyətləri ilə cəmiyyətimizdə birinci deyil, sonuncu yerlərdədirlər”.
19 noyabr 2010-cu ildə elə həmin qəzet keçmiş əsgərin “Casus, yoxsa hüquq müdafiəçisi” adlı məktubunu dərc etdi, məktubda Ermənistan ordusunun vəziyyətini tənqid edən Vanadzor Helsinki Vətəndaş Assambleyasının sədri, Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvü Artur Sakunts barəsində deyilirdi: “... Artsax müharibəsi ilə heç bir əlaqəsi olmayan, qrant almaq üçün tez-tez Ermənistan ordusunu tənqid edən adam Artsax müharibəsindən danışır ...”5.
Yuxarıda qeyd edilən nümunələr Ermənistan hakimiyyətini tənqid edən hüquq müdafiəçilərini gözdən salmaq və sıxışdırmaq üçün mediadan istifadə etməkdən ibarət yeni meyllərin meydana çıxdığını açıq-aydın nümayiş etdirir.
İnsan hüquqlarına təsir göstərən hüquqi addımlar və hüquq müdafiəçilərinin vəziyyəti
5 avqust 2010-cu ildə Ermənistan Hökuməti Qeyri-Kommersiya Təşkilatlarının Fəaliyyətinin Qanuniliyinə Nəzarət Departamentini təsis edən qərar qəbul etdi, bunda məqsəd açıq-aydın qeyri-hökumət təşkilatlarına nəzarət etmək idi. O, Ermənistan hakimiyyətinin vətəndaş cəmiyyəti üzərində nəzarətin artırılmasına yönələn səylərinin tərkib hissəsi kimi nəzərdə tutulub. Narahatlıq doğuran daha bir məqam – “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna dəyişikliklər layihəsi 2009-cu ildə təqdim edildi və 2010-cu ildə yerli QHT-lər tərəfindən tənqid olundu. Baxmayaraq ki, dəyişikliklər hələlik təsdiq edilməyib, onlar vətəndaş cəmiyyətinə qarşı hüquqi təzyiqi artırmaq səylərini nümayiş etdirir.
Ermənistanın vətəndaş cəmiyyəti Ermənistanın İnsan Hüquqları üzrə Ombdusmanı təsisatının səmərəliliyi ilə bağlı narahatdır. Baxmayaraq ki, milli qanunvericilik bu təsisatın Ermənistanda insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı fərdlərin şikayətlərinə baxmasını nəzərdə tutur, praktikada onun səlahiyyətləri səmərəliliyinə xələl gətirən dərəcədə məhdudlaşdırılır.
Azərbaycan
Hüquq müdafiəçiləri və müstəqil hüquq müdafiə təşkilatları azadlıqlarının və hüquqlarının məhdudlaşdırıldığının şahidi olurlar. Dövlət orqanları hüquq müdafiəçilərini müdafiə etmək və onların işinə dəstək vermək üçün bütün tədbirləri görmürlər, əksinə, onları təhdid edir, təqib edir və hətta bəzilərini həbsə alırlar. Azərbaycan özünün Universal Dövri İcmalında vətəndaş cəmiyyətini və hüquq müdafiəçilərini dəstəkləmək səylərini gücləndirmək barədə tövsiyəni icraya qəbul edib.6
Hüquq müdafiəçilərinin ümumi vəziyyəti
Vətəndaş cəmiyyətinin məkanı daralmaqda davam edir, hüquq müdafiəçilərinə, müstəqil media orqanlarına və insan hüquqlarının keşiyində duran təşkilatlara təzyiq artır. İnsan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlar repressiv və təhlükəli mühitdə işləyirlər, belə mühitdə hüquq müdafiəçisi olmaq getdikcə daha da çətinləşdir. Bütün ölkədə dinc toplantıların təşkilinə və ifadə azadlığına güclü məhdudiyyətlər qoyulur. Əhalinin daha böyük hissəsini səfərbər etməyə çalışan və dövlət orqanlarını hakimiyyətdən sui-istifadə etməkdə və təzyiqlərdə təqsirləndirən gənc fəallar təhdidlərə, təzyiqlərə və həbslərə qarşı müdafiəsiz vəziyyətdə olanlar arasında qalmaqdadır. İki gənc bloqçu xüsusi şəraitdə azadlığa buraxıldı – bu, əsasən 2010-cu il parlament seçkilərində beynəlxalq tənqidləri azaltmaq cəhdi idi.7
Mütəmadi hücumlar və təhdidlər vasitəsilə dövlət orqanları müstəqil və müxalif media ilə yanaşı həm də vətəndaş cəmiyyəti fəallarının işində özünüsenzuranın tətbiqinə əsasən nail olublar. Onlarla hüquq müdafiəçiləri və hökumət tənqidçiləri, o cümlədən açıq fikir bildirən jurnalistlər gündəlik vəzifələrinin icrasında ciddi problemlərlə üzləşməkdə davam edirlər. Dövlət orqanları təqiblərdən, qeydiyyatın ləğvindən, maliyyə stimullarından, habelə vergi yoxlamalarından tutmuş həbs cəzalarına qədər hədə-qorxulardan istifadə etməklə tənqidi səsləri susdurmağa çalışırlar. Hökumətin tənqidlərə qarşı qoruyucu sipər qurmaqdan və hər hansı alternativ baxışlara qarşı dözümlülük göstərmədən hakimiyyəti qoruyub saxlamaqdan ibarət geniş siyasətinin tərkib hissəsi olaraq, getdikcə insan hüquqları fəallarının imkanları və fəaliyyət şərtləri məhdudlaşmaqdadır.
Hüquq müdafiəçilərinə, gənc fəallara, hüquq müdafiəsi ilə məşğul olan təşkilatlara və media təşkilatlarına qarşı son dövrlərdəki təzyiqlər
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Gənclər Komitəsindən olan Cabbar Savalanlı Facebook şəbəkəsində demokratiya uğrunda etirazlara çağırışlar etdikdən sonra 5 fevral 2011-ci ildə Sumqayıtda həbs olundu və narkotik maddələr saxlamaqda ittiham edildi. Onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi.
Planlaşdırılmış 11 mart etirazlarının təşkilində əli olduğu iddia edilən gənc fəal, bloqçu və parlament üzvlüyünə keçmiş namizəd Bəxtiyar Hacıyevin barəsində 4 mart 2011-ci ildə 1 aylıq həbs qətimkan tədbiri seçildi, bu tədbir hərbi xidmətdən yayınma ilə bağlı ittihamlar araşdırıldığı müddətdə Gəncə şəhərini tərk etməməsinə dair qərarın onun tərəfindən pozulmasına görə qəbul edildi. Hacıyevin sözlərinə görə, onun vəkili ilə görüşməsinə icazə verilmədi və o, polislər tərəfindən döyüldü və pis rəftara məruz qaldı. Savalanlı və Hacıyev üç və iki ilədək azadlıqdan məhrumetmə cəzasına məruz qala bilərlər.
Eləcə də 4 mart 2001-ci ildə küçədə telefonla danışarkən siyasi müxalifət fəalı Dəyanət Babayev tutuldu və “ictimai qaydanı pozduğuna” görə 10 günlük inzibati həbs cəzası aldı. İki gün ətraf aləmdən təcrid halında saxlanılmış Babayevin sözlərinə görə, polislər ona deyiblər ki, onun həbsi müxalifətin planlaşdırdığı 12 mart 2011-ci il etirazları ilə bağlıdır. Babayev bundan bir neçə gün əvvəl Cabbar Savalanlının işinə baxmış məhkəmənin qarşısında həbs edilmişdi. Bir neçə saat sonra ona xəbərdarlıq edib buraxmışdılar.
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan (IRFS) olan Mehman Hüseynov və Əbülfət Namazov martın 7-də axşam Bakıda maşınlarından zorla çıxarıldıqdan sonra polislər tərəfindən iki saat ərzində dindirildilər. Onlara Hüseynovun Facebook şəbəkəsindəki profili, 11 mart etiraz aksiyası və IRFS-in fəaliyyətləri və işçiləri barədə suallar verildi. Martın 9-da gənc fəallar Orxan Bayramov, Fuad Hacıyev və Famil Paşayev polis tərəfindən dörd saat ərzində həbsdə saxlanıldıqdan sonra azadlığa buraxıldılar.
8 mart 2011-ci ildə gənc fəal Rəşadət Axundov və siyasi müxalifət fəalı Səxavət Soltanlı tutuldular və polisin göstərişlərinə tabe olmamağa (Axundov) və xuliqanlığa (Soltanlı) görə beş gün müddətinə həbs edildilər. Onların hər ikisi vəkil istəsələr də vəkillə təmin olunmadılar. Hər ittihamların qondarma olduğunu iddia edir.
İnsan hüquqları təşkilatlarının ofislərindən çıxarılması və ofislərində axtarışlar
2010-cu ildə insan hüquqları təşkilatlarına qarşı bir neçə təftişlər həyata keçirildi. Yeni vergi qaydaları QHT-ləri daha əlverişsiz vəziyyətə salıb və vergi təftişlərinə şərait yaradıb, çox vaxt həmin təftişlər böyük cəzalarla və ya ofisin bağlanması ilə, yaxud məhkəmə təqibi ilə nəticələnir. İndi QHT-lər üzvlərinin siyahısını təqdim etməyə borcludurlar ki, bu da məlumatların məxfiliyinin qorunması ilə bağlı narahatlıqlar yaradır. Maliyyət hesabatlarının təqdim edilməsinin sərtləşdirilmiş prosedurları dövlət orqanlarının texniki səbəblərə görə qeydiyyatları ləğv etməsinə imkan yaradır. 2010-cu ilin yanvar-aprel aylarında Naxçıvanda Demokratiya və QHT-lərin İnkişaf və Resurs Mərkəzində vergi təftişi aparıldı.
Fikirlərini açıq ifadə edən QHT-lərin icarəyə götürdükləri ofislərin mülkiyyətçilərinin təzyiqləri altında ofislərindən çıxarılması yerli hüquq müdafiə qruplarına qarşı geniş istifadə edilən taktikalar arasındadır. Yanvarın 19-da İnsan Hüquqları Klubu IRFS-in ofislərində tədbir keçirdi. İştirakçıların IRFS-in ofislərinə girişinə maneə yaradıldı, bu müddətdə kimliyini bildirməyən üç polis əməkdaşı IRFS-in təmsilçilərini planlaşdırılan tədbirlər barədə sorğu-suala tutdu.8
Dövlət orqanları QHT ilə icarə müqaviləsini dayandırması üçün ofisin mülkiyyətçisinə təzyiq göstərdikdən sonra Media Hüquqları İnstitutu 2009-cu ildə ofisindən çıxarıldı.
3 mart 2011-ci ildə üç QHT – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi, “Demos” İctimai Birliyi və Gəncə Regional İnformasiya Mərkəzi ofislərindən çıxarıldı. Gəncənin icra hakimiyyəti orqanları və polis əməkdaşları bu barədə heç bir rəsmi izahat vermədilər.
İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinə qarşı hücumlar
2010-cu ilin aprelində Media Hüquqları İnstitutu ilə İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinin (İnsan Hüquqları Evi-Azərbaycan) ofislərində polis tərəfindən axtarış aparıldı və onların təmsilçiləri fəaliyyətləri barədə sorğu-suala tutuldu.
10 fevral 2011-ci ildə İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinin ofisində iki polis əməkdaşı axtarış apardılar və təşkilatı ofisdən çıxaracaqları ilə hədələdilər. Polislər menecer Vüqar Qocayevə təkidlə bildirdilər ki, planlaşdırılan toplantılar barədə qabaqcadan onlara məlumat verilsin. İnsan Hüquqları Evi Fondunun Bakıdakı bölməsinin tərəfdaşları polis yoxlamasına qarşı Daxili İşlər Nazirliyinə şikayət etdilər.
10 mart 2011-ci ildə Ədliyyə Nazirliyi İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsinə göstəriş verdi ki, fəaliyyətlərini dayandırsın və təşkilatın gələcək fəaliyyətlərinə dair Ədliyyə Nazirliyi ilə razılıq əldə edilənə qədər ofisi bağlasın.
İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsi 2007-ci ildə İnsan Hüquqları Evi Fondunun beynəlxalq bölməsi kimi qeydiyyata alınıb və buna görə də fəaliyyətlərinə dair Azərbaycan Respublikası ilə rəsmi müqaviləsi yoxdur. 2009-cu ildə qanunvericiliyə dəyişikliklər edildiyi vaxtdan bəri İnsan Hüquqları Evi Fondunun Azərbaycan bölməsi heç bir xəbərdarlıq almayıb.
İfadə azadlığına hücumlar
Bütün növ kütləvi informasiya vasitələri, o cümlədən mətbuat, televiziya və radio xüsusi olaraq ifadə azadlığı ilə bağlı maneələrlə qarşılaşırlar. Tənqidi fikirlər səsləndirən jurnalistlər çox vaxt dövlət orqanlarının təqiblərinin hədəfinə çevrilirlər. Diffamasiya, narkotik maddələri saxlama, ədavətə təhrik etmə və xuliqanlıq kimi siyasi motivli ittihamlar hökumət tənqidçilərini həbsxanaya salmaq üçün istifadə edilir. Məhkəmə araşdırmalarının ədalətsiz olduğuna dair geniş rəy yarandıqdan sonra bir sıra jurnalistlər və redaktorlar qondarma ittihamlarla əsassız olaraq həbsxanaya salınıblar.
Redaktor Eynulla Fətullayev terrorizmi dəstəkləmə, ədavətə təhrik etmə, vergidən yayınma və diffamasiya ittihamları üzrə təqsirli bilindikdən sonra səkkiz il yarım həbs cəzası alıb. Onun azadlıqdan məhrum edilməsinin düzgün olmadığı barədə Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) 2010-cu ilin aprelində çıxardığı qərara baxmayaraq, Fətullayev həbsxanada qalmaqdadır. Qərarda deyilir ki, o, öz ifadə azadlığını həyata keçirib, onun ədalətli məhkəmə araşdırması hüququ pozulub, o, dərhal azad edilməli və ona kompensasiya ödənilməlidir.
Diffamasiyaya görə cinayət cəzası müəyyən edən qanunların əsassız tətbiq edildiyi çoxsaylı hallardan birində, 2010-cu ilin yanvarında Təhsil Nazirliyi riyaziyyatçı, fizik və dərslik müəllifi Əlövsət Osmanlıya qarşı ittihamlar irəli sürdü. Onun cinayəti ondan ibarət idi ki, o, riyaziyyat dərsliklərindəki səhvlərə görə Nazirliyi açıq tənqid etmişdi.
2010-cu ilin noyabrında iki bloqçu – Emin Milli və Adnan Hacızadə 16 aylıq həbsdən sonra azadlığa buraxıldılar. Onlar şərti azad edilmişdilər, bir çox təşkilatlar onların azad edilməsinə təhrif olunmuş 7 noyabr seçkilərindən sonra beynəlxalq tənqidləri azaltmaq üçün hökumətin cəhdi kimi baxırdılar.
Toplaşmaq azadlığına məhdudiyyətlər
Vətəndaş cəmiyyətinin toplantılarına, xüsusən də Bakıdan kənardakı toplantılara hələ də şübhə ilə yanaşılır və çox vaxt onlar polis tərəfindən zorakılıqla dağıdılır. Hətta ictimai debatlar da hücumlara məruz qalır. Paytaxt Bakıdan uzaqlaşdıqca hüquq müdafiəçilərinin müstəqil işləməsi daha da çətinləşir. Seçkilər ərəfəsində regionların icra hakimiyyəti orqanları tərəfindən qanunsuz müdaxilələrin sayı artdı. Məsələn, bu həmlələrin hədəfləri vətəndaş cəmiyyəti təsisatlarının, o cümlədən Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin keçirdiyi maarifləndirici tədbirlər idi. Əksər regionların dövlət orqanları heç bir hüquqi əsas olmadan bu cür tədbirlərin keçirilməsinə icazə alınmasını istəyirlər. Tələb olunan icazəsi olmayan təşkilatlar polis müdaxilələrinin hədəfinə çevrilir. Seçkilərdən qabaq Bakıdan kənardakı regionlarda – Gəncə, Sabirabad və Zərdabda Hüquq Maarifçiliyi Cəmiyyətinin və Hüquq və İnkişaf İctimai Birliyinin təlimlər keçirməsinə icazə verilmədi. Sabirabadda “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri təbii fəlakət zonalarında vətəndaşlara dəymiş ziyan və qurbanların aldığı kompensasiya barədə məlumat əldə edərkən polis tərəfindən qanunsuz olaraq həbs edildilər.
Baxmayaraq ki, həm qanun, həm də Konstitusiya məhdudiyyət qoyulmadan toplaşmaq azadlığına təminat verir, praktikada müvafiq icra hakimiyyəti orqanının icazəsi tələb olunur. 2010-cu ildə aparılmış kütləvi tədbirlərin monitorinqi göstərdi ki, Bakıda və ölkənin digər şəhər və rayonlarında ictimai toplantılar qadağan olunub, buna görə də onların çoxu “icazəsiz” keçirilib. Demək olar ki, bütün tədbirlər zamanı polislər toplantılara müdaxilə ediblər və onları dağıdıblar. Naxçıvanda 2010-cu ilin aprel, may və iyununda dinc piketlər təşkil etmək cəhdləri polislər və mülki geyimli naməlum dövlət nümayəndələri tərəfindən zorakılıqla dağıdıldı. Onlarla müxalif partiya fəalları və bir neçə jurnalist 12 iyun və 19 iyun 2010-cu ildə dinc mitinqlər keçirərkən polis tərəfindən mühasirəyə alındı, bu mitinqlərdə dövlət orqanlarının toplaşmaq azadlığına hörmət etməsi və seçkiqabağı durumu yaxşılaşdırması tələb olunurdu.
2010-cu il parlament seçkiləri saxtalaşdırmalar və pozuntularla keçirildi. İnsan Hüquqları Evi Şəbəkəsinin Çevik Monitorinq Qrupunun milli tərəfdaş təşkilatlarla birlikdə sənədləşdirdiyi narahatlıq doğuran məsələlər arasında bunlar da vardı: 2010-cu il noyabrın 7-də milli QHT-lərdən olan müstəqil seçki müşahidəçilərinə qarşı təzyiqlər, təqiblər və onların həbsi. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutundan olan jurnalist Nizami Cəfərov protokolların saxtalaşdırılmasına qarşı etiraz etdikdən sonra həbs olunan müşahidəçilər arasında idi. Digər yeddi müşahidəçi ilə birlikdə o, 5 saat ərzində vəkillə görüşmədən məhkəmə binasının həyətində saxlanıldı. Cəfərov bu hal barədə şikayət etdikdən sonra 2011-ci ilin fevralında dövlət orqanları tərəfindən hədələndi. 2010-cu ildə bir neçə aparıcı vəkil Vəkillər Kollegiyasının üzvlüyündən azad edildi. Müxalifətçi Müsavat Partiyasının üzvü olan, bir neçə mübahisəli həssas işlərdə vəkillik etmiş tanınmış vəkil Osman Kazımov vəkillikdən xaric olundu.
Birləşmək azadlığının məhdudlaşdırılması
2010-cu ildə birləşmək azadlığının pozuntusu ilə bağlı 10-dan artıq məhkəmə işinə başlanılması üçün müraciət edildi. Lakin onların hamısı qanunsuz olaraq rədd edildi. 2007-ci ildən 2010-cu ilədək olan dövrdə Avropa İnsan Hüquqları Məhkəməsi İnsan hüquqları və əsas azadlıqlar haqqında Konvensiyanın 11-ci maddəsinin pozulduğuna dair Azərbaycana qarşı dörd qərar çıxardı.
Həmin qərarlar bu işlərə aid idi:
1) Evsiz və Məzlum Bakılıların İnsan Hüquqlarının Müdafiəsinə Yardım İctimai Birliyinin işi;
2) Jurnalist Tədqiqatları İctimai Birliyinin işi;
3) Fərdlərin və Ətraf Mühit İctimai Birliyinin işi;
4) Azərbaycan Hüquqşünaslar Forumunun işi.
Avropa Məhkəməsinin bu qərarlarına baxmayaraq, Ədliyyə Nazirliyi birləşmək hüququnu həyata keçirmək istəyən vətəndaşların bu istəyini qanunsuz olaraq rədd edir, yuxarıda qeyd edildiyi kimi, təsis sənədlərində nöqsanların olması əsas gətirilərək sənədlərin təkrar-təkrar geri qaytarılması praktikası hələ də qalmaqdadır.
Dövlət orqanlarının təzyiqi – mediada ləkələyici kampaniyalar
Ermənistan QHT-ləri ilə yüksək dərəcədə həssas layihələrdə, məsələn, münaqişənin transformasiyasına və ya sülhyaratma diplomatiyasına aid layihələrdə işləyən təşkilatlara çox vaxt “xalq düşməni” damğası vurulur, yaxud onlar dövlətin idarə etdiyi media tərəfindən ləkələnir. Ötən illərdə bir neçə insan hüquqları fəalı casusluqdan tutmuş anti-konstitusion fəaliyyətlərə qədər siyasi motivli olduğu güman edilən ittihamlarla bağlı təhdid ediliblər və təqsirləndiriliblər. İnsan hüquqlarının müdafiəçisi və Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı 2010-cu ilin dekabrında mediada dövlət orqanlarının böhtanı ilə üzləşib.
Bəzi hallarda siyasi cəhətdən həssas məsələlərə, məsələn, korrupsiyaya dair araşdırma aparan və ya məlumat verən hüquq müdafiəçilərinə hədələyici telefon zənglərinin edilməsi onların belə halların araşdırılması uğrunda mübarizəsinə mənfi təsir göstərir.
2010-cu ildə Naxçıvanda yerli hakimiyyət orqanları jurnalistləri və hüquq müdafiəçilərini gülüş hədəfinə çevirmək məqsədi ilə ləkələyici və böhtan xarakterli xüsusi kağızlar hazırlamış və yaymışdılar. Bu sənədlərdə onlar dövlətə xəyanətdə, məlumatları xarici ölkələrə satmaqda və beynəlxalq səviyyədə Naxçıvanın nüfuzuna ziyan vurmaqda ittiham olunurdular. 2010-cu ilin aprelində Naxçıvan Xarici İşlər İdarəsi Resurs Mərkəzi haqqında reallıqdan uzaq olan ləkələyici və böhtan xarakterli informasiya məktubları hazırladı. Təşkilatla donorlar arasında problemlər yaratmaq üçün hakimiyyət orqanları Məlahət Nəsibovanın rəhbərlik etdiyi Naxçıvandakı Resurs Mərkəzinə qarşı ləkələyici məktub yaydılar.
24-29 yanvar 2011-ci ildə Azərbaycanın bir neçə hüquq müdafiə təşkilatlarının nümayəndə heyəti Strasburqda AŞPA-nın sonuncu qış sessiyasında iştirak etdi, orada 2010-cu ilin noyabrında Azərbaycanda keçirilmiş parlament seçkiləri məsələsinə baxılırdı. AŞPA-nın sessiyasında müzakirə edilən məsələlərlə əlaqədar İnsan Hüquqları Evi Fondu və Human Rights Watch təşkilatı milli hüquq müdafiəçiləri ilə birlikdə Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı paralel tədbir keçirdilər. AŞPA-nın sessiyası müddətində hüquq müdafiə təşkilatlarının qeyd edilən fəaliyyətləri Azərbaycanda dövlət rəsmilərinin ciddi narazılığına səbəb oldu. 1 fevral 2011-ci ildə ölkənin milli parlamentinin spikeri bu səfərlə bağlı narazılığını bildirdi və beynəlxalq qurumlarda hökuməti tənqid edən bu cür QHT-lərə qarşı “tədbirlər görməyə” çağırdı.
Gürcüstan
2010-cu ildə Gürcüstandakı tendensiyalar narahatedici oldu. Ədliyyə sistemi hər bir vətəndaşın hüquqlarını təmin etmək üçün fəaliyyət göstərmir, dövlət orqanları isə toplaşmaq azadlığı hüququnu məhdudlaşdırır. Hüquq müdafiəçiləri insan hüquqlarının pozuntularının qurbanlarını müdafiə etməkdə çətinliklərlə üzləşirlər. Bundan əlavə, dövlət orqanları tənqidlərə kəskin reaksiya verirlər. Gürcüstan özünün Universal Dövri İcmalında ona verilən ciddi tövsiyələri qəbul etməklə müsbət əlamətlərin təməlini qoya bilərdi.
Hüquq müdafiəçilərinə qarşı təzyiq və təqiblər
Jurnalistlər də daxil olmaqla hüquq müdafiəçiləri və onların ailələri öz hüquq və azadlıqlarının həyata keçirilməsində müxtəlif formada təzyiqlərə və təhdidlərə məruz qalıblar. Buraya ölümlə hədələmə, qondarma ittihamlar, məsələn, casusluq, fiziki hücum və sözlə təhqir etmə ittihamları əsasında həbsə almaqla hədələmə, dövlət orqanları tərəfindən qanunsuz təftişlər, media vasitəsilə və yüksək vəzifəli dövlət məmurları tərəfindən damğalama və ləkələmə kampaniyaları daxildir. Bəzi hallarda dövlət məmurları hüquq müdafiəçilərinə qarşı fiziki hücumlarda və onların təhdid edilməsində şəxsən iştirak ediblər.
Gürcüstanın regionlarında fəaliyyət göstərən hüquq müdafiəçiləri xüsusilə əlverişsiz vəziyyətdədirlər, orada yerli hakimiyyət orqanlarına qarşı açıq tənqidlər və hüquqlar uğrunda mübarizə daha çox problemlər yaradır. Əsas diqqət paytaxta və iri şəhərlərə yönəldiyinə görə, regionlarda yerli hakimiyyət orqanlarının sui-istifadə halları, qanunsuzluqları və cəzasızlığı artmaqdadır.
Hüquq müdafiəçilərinə hücumlar
İfadə azadlığı Gürcüstanda ən problemli hüquq olaraq qaldığı üçün 2010-cu ildə Gürcüstan jurnalistlərinə qarşı təzyiq və təhdidlər güclənməkdə davam etdi. Onlar xüsusən 2010-cu ilin yazında və yayında müxalifətin nümayişləri zamanı hədəfə alındılar, onların bir neçəsi dövlət nümayəndələrinin, habelə dövlət nümayəndəsi olmayan şəxslərin fiziki hücumlarına və sözlə təhqirlərinə məruz qaldılar. Dövlət orqanları qadağan olunmuş silahlardan, xüsusən plastik və rezin güllələrdən istifadə etdiyinə görə nümayişləri işıqlandıran jurnalistlərin bir neçəsi ciddi fiziki xəsarətlərə məruz qaldı və bu günə qədər belə hərəkətlərlə bağlı lazımi qaydada araşdırma araşdırılmayıb.
2010-cu ilin fevralında Gürcüstanın aparıcı tədqiqatçı jurnalisti və Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvü Vaxtanq Komaxidze Rusiya ilə Gürcüstan arasındakı münaqişə ilə bağlı apardığı jurnalist araşdırması ilə əlaqədar olaraq ölümlə təhdid edildi. Məlumatlara əsasən, o, 2008-ci ilin avqustundakı Gürcüstan-Rusiya müharibəsinə dair sənədli film çəkilişində fəal iştirakına və Cənubi Osetiyaya səfər etdiyinə görə, habelə həmin sənədli filmin müharibəyə aid naməlum faktları üzə çıxaracağı barədə ictimaiyyətə verdiyi açıqlamalara görə hədələndi.
2010-cu ilin yanvarında Gürcüstanın jurnalisti, İnsan Hüquqları Mərkəzinin regional müxbiri və “Kartlis Khma” (Kartlinin səsi) regional qəzetinin baş redaktoru Saba Tsitsikaşvili Şida Kartlidə regional təhlükəsizlik mühafizəçiləri tərəfindən təhqirlərə və təqiblərə məruz qaldı. Mühafizəçilər Tsitsikaşvilini fiziki hücumlara və sözlə təhqirlərə məruz qoydular və onun peşə fəaliyyətlərini həyata keçirməsinə, konkret olaraq, regional administrasiyanın sərf etdiyi inzibati-təşkilati məsrəflər barədə ictimai informasiya əldə etməsinə mane oldular. Saba Tsitsikaşvili birinci dəfə 2008-ci ilin sentyabrında məcburi köçkünlər üçün nəzərdə tutulan maddi yardımı almaqda məcburi köçkünlərə kömək etdiyinə görə regional hakimiyyət orqanları tərəfindən təqiblərə və təhdidlərə məruz qalmışdı.
Cəzasızlıq və qanunun aliliyinin olmaması
Jurnalistlərə, vəkillərə, hüquq müdafiə fəallarına və hüquq müdafiəçilərinin daha geniş toplumuna qarşı hücumlara və təqiblərə görə cəzasızlıq xüsusən regionlarda geniş şəkildə yayılıb. Hüquq müdafiəçilərinə qarşı hücumlar və ya təhdid və təzyiqlər nadir hallarda dovlət orqanları tərəfindən açıq şəkildə pislənilir; üstəlik, siyasi iradənin olmaması səbəbindən heç bir araşdırma aparılmır, məsuliyyət daşıyan şəxslər barəsində cinayət təqibi həyata keçirilmir. Nəticədə bəzi hüquq müdafiəçilərinə qarşı zorakılıq halları adi praktikaya çevrilib, çünki cəzasızlıq hüquq pozucuları qarşısında yaşıl işıq yandırıb.
Narahatlıq doğuran digər mühüm məsələ ədliyyə sistemində qərəzsizliyin olmaması və Gürcüstanda ədalət mühakiməsinin selektiv şəkildə tətbiq edilməsidir. Milli məhkəmələr nəinki hüquq pozucularını məsuliyyətə cəlb etmirlər, hətta icra hakimiyyətinin bəzi nümayəndələri tərəfindən törədildiyi iddia edilən pozuntuları çox vaxt ört-basdır edirlər. Bundan başqa, qeydə alınmış belə bir həyəcan doğuran nümunə var ki, məhkəmə və bütövlükdə hüquq sistemi tənqidi səsləri susdurmaq üçün cəza mexanizmi kimi istifadə olunur. Nəticədə jurnalistlər qisasdan və əməkdaşlıq xahişlərinin rədd ediləcəyindən qorxaraq onlara qarşı törədilmiş sui-istifadə hallarına görə dövlət orqanlarını məhkəməyə verməkdən çəkinirlər. Ədalət mühakiməsinin selektiv tətbiqi və qanunun aliliyinə sadiqliyini olmaması barədə qeydə alınmış tendensiya insan hüquqlarının keşikçilərinə və bütövlükdə tənqidi fikir söyləyənlərə qarşı davamedici təhlükə yaradır.
Mediada ləkələyici kampaniyalar
Media üzərində hökumət nəzarəti, müxtəlif hakimiyyət orqanları tərəfindən jurnalistlərin fəaliyyətlərinə qanunsuz müdaxilələrlə, o cümlədən fiziki hücumlarla və media orqanlarına təzyiqlərlə bağlı səmərəli araşdırmaların aparılmaması və təqsirkarların məsuliyyətə cəlb olunmaması, özünüsenzura, jurnalistlərin ictimai informasiyalara çıxışına imkan verilməməsi, media üzərində mülkiyyət hüququ ilə bağlı şəffaflığın olmaması, media üzərində mülkiyyətin təmərküzləşməsi, müstəqil və öz mövcudluğunu təmin edə bilən medianın inkişafı üçün əlverişsiz şəraitin olması media ilə bağlı mühüm problemlərdəndir. Bu, hüquq müdafiəçilərinin ictimaiyyətə çıxışını, insan hüquqlarına, onların həyata keçirilməsinə və müdafiəsinə dair informasiya təqdim etməsini və eyni zamanda ölkədə insan hüquqları ilə bağlı pozuntular barədə məlumatlılığın artırılmasını ciddi şəkildə məhdudlaşdırır.
Üstəlik, 2009-cu ilin sonunda mediadan hüquq müdafiəçilərinə təzyiq üçün istifadə etməkdən ibarət yeni tendensiya formalaşıb və 2010-cu ildə davam edib. Hüquq müdafiəçiləri belə bir faktdan xüsusilə narahatdırlar ki, ictimaiyyətlə manipulyasiya etmək və hüquq müdafiəçiləri və onların işi ilə bağlı ictimaiyyəti yanlış məlumatlandırmaq üçün media və siyasi xadimlər Rusiya-Gürcüstan müharibəsi, etnik-ərazi münaqişələri, azlıqlar və s. kimi həssas mövzulardan istifadə edirlər. Bəzi media orqanları, xüsusən televiziyalar Gürcüstanda hüquq müdafiəçilərinə qarşı dövlət tərəfindən dəstəklənən ləkələyici kampaniyalara başlanılmasına cəlb olunurlar. Məcburi köçkünlərin və 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin təsirinə məruz qalmış əhalinin məsələləri ilə bağlı fəaliyyət göstərən hüquq müdafiəçiləri xüsusilə hədəfə alınırlar. Hökumətin nəzarət etdiyi media orqanları hüquq müdafiəçilərinin xain və Gürcüstan xalqının düşməni olduqlarını, dövlət maraqlarına zidd fəaliyyət göstərən şəxslər olduqlarını elan edən qərəzli televiziya verilişləri yayımlayırlar. 2010-cu ildən öncə “İnsan Hüquqları Prioriteti” təşkilatının (10 dekabr) və Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyasının (12 dekabr) üzərinə hücumlar edildi. Daha sonra 2010-cu ildə “Reportyor Studiyası”nın təsisçisi Vaxtanq Komaxidze, “Əlil veteranlar və həlak olmuş əsgərlərin həyat yoldaşları birliyi”nin rəhbəri Manana Mebuke və münaqişələr üzrə alim Paata Zakareişvili (17 dekabr) bu kampaniyanın hədəfinə çevrildilər. Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq və Gürcüstanın keçmiş ictimai müdafiəçisi Sozar Subari də bu cür açıq tənqidlərə məruz qaldılar.
2009-cu ildə Cənubi Qafqaz Hüquq Müdafiəçiləri Şəbəkəsinin üzvü olan “Çoxmillətli Gürcüstan” təşkilatının rəhbəri, hüquq müdafiəçisi Arnold Stepanyan fəaliyyətini dayandırmaqdan imtina edəcəyi təqdirdə mediada xarici ölkə casusu olmaqda ittiham ediləcəyi ilə hədələndi. “Çoxmillətli Gürcüstan” təşkilatı azlıqların hüquqları uğrunda çalışır və 2008-ci il münaqişəsindən sonra Rusiya ilə Gürcüstanın vətəndaş cəmiyyətləri arasında dialoqun qurulmasında iştirak edib. 2010-cu ilin əvvəlində Gürcüstanın “Versiya” qəzetində məqalə dərc olundu, orada deyilirdi ki, dövlət orqanları Rusiyanın xüsusi xidmət orqanlarının agentlərini ölkədən xaric etməyə başlayıblar və qeyd edilirdi ki, bu işdə QHT-lər xüsusi diqqət mərkəzində olacaq. Daha sonra məqalədə deyilirdi ki, Arnold Stepanyanın Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqəsi var, çünki o, iddia edildiyinə, kodlaşdırılmış məlumatlar və sənədlər alıb. Bir qədər sonra bu məlumat Gürcüstanda Real TV-də yayımlandı.
Hüquq müdafiəçilərinə təsir göstərən hüquqi addımlar
Son dövrdə insan hüquqlarının tətbiq dairəsini məhdudlaşdıran və milli hakimiyyəti orqanlarının səlahiyyətlərini genişləndirən hüquqi addımların atılmasına hüquq müdafiəçilərini susdurmaq, demokratik inkişafı təhdid etmək üçün meydana çıxan yeni tendensiyanın tərkib hissəsi kimi baxılır.
2010-cu ildə Gürcüstan Parlamenti Gürcüstan Konstitusiyasına baş nazirin səlahiyyətlərini gücləndirən və müstəqil qanunverici orqan kimi Parlamentin mövcudluğunu təhlükə altına alan yeni dəyişikliklər qəbul etdi. Bu addımların Venesiya Komissiyası tərəfindən tənqid edilməsinə baxmayaraq,9 Gürcüstanın hakimiyyət orqanları onun qeydlərinə əhəmiyyət vermədilər.
Məlumat almaq azadlığı “Məlumat azadlığı haqqında” Qanuna 2010-cu ilin iyulunda edilmiş sonuncu dəyişikliklər vasitəsilə məhdudlaşdırıldı, belə ki, həmin dəyişikliklər beynəlxalq məhkəmələrin icraatında olan Gürcüstan hökumətinə aid işlərlə bağlı məlumatları “üçüncü şəxslərin” əldə etməsinə ciddi məhdudiyyətlər tətbiq edir.
2010-cu ilin sentyabrında qanunvericiliyə yeni dəyişikliklər qəbul edildi, həmin dəyişikliklər hüquq müdafiəçilərinin vəziyyəti ilə bağlı narahatlıq yaradır. Dəyişikliklər polis əməkdaşlarının səlahiyyətlərini artırır, onlar hər hansı şəxsin cinayət törətdiyinə dair əsaslı şübhə olduqda ictimai yerdə həmin şəxsi dayandırmaq və üzərində axtarış aparmaq səlahiyyətinə malikdirlər. Qanunda “əsaslı şübhə”nin anlayışı verilmir və sözügedən şəxslərin hüquqları və onlara verilən təminatlar nəzərdə tutulmur. Yeni qəbul edilmiş Cinayət Prosessual Məcəlləsində bir çox təqdirəlayiq müddəalar var, lakin narahatlıq doğuran məsələ ondan ibarətdir ki, həmin Məcəllə cinayət işləri üzrə ədalət mühakiməsinin şəffaflığını məhdudlaşdıra bilər. O, cinayət prosesinin tərkib hissəsi hesab edilən zərər çəkmiş şəxs anlayışını ləğv edir və müvafiq olaraq, sonuncunu araşdırmada iştirak etməsinə və onun səmərəliliyinə nəzarət etməsinə imkan yaradan hər hansı prosessual hüquqlardan və ya mexanizmlərdən məhrum edir.
Dostları ilə paylaş: |