19-20-ci əsrlərdə dünya və Azərbaycan kitabxanaşünaslığının təşükkülü. Kitabxanaşünaslığın elmi fənn kimi formalaşması
İstehsalat vasitələri üzərində xüsusi mülkiyyətə əsaslanan kapitalist istehsal
üsulunun meydana gəlməsi məhsuldar qüvvələrin inkişafına, yeni-yeni istehsal
sahələrinin yaranmasına və təsərrüfat dövriyyəsinə yeni ehtiyatların cəlb olunmasına,
şəhər əhalisinin sürətlə artmasına, iqtisadi əlaqələrin genişlənməsinə və elmi-texniki
tərəqqinin sürətlənməsinə səbəb oldu. Kapitalizm cəmiyyətin tarixi inkişafında
qanunauyğun bir mərhələ kimi təkcə iqtisadiyyat sahəsində deyil, həmçinin elm, təhsil,
xalq maarifi və mədəniyyətin bütün sahələrində ciddi dönüş yaratdı. Əhalinin kütləvi
surətdə savadlanması, təhsil sisteminin təkmilləşdirilməsi sahəsində böyük imkanlar açdı,
ümumi məcburi pulsuz təhsilin həyata keçirilməsində mühüm işlər gördü. Həyata
keçirilən mədəni tədbirlər içərisində kitab nəşrinin inkişafı əsas yer tuturdu. Kitabın
cəmiyyətdə mühüm amil olmasını anlayan burjuaziya bu işə əsaslı kapital qoymağa,
nəşriyyatlar yaratmağa, nəşr edilən kitabın tirajının çoxalmasına və kitabı yayan
müəssisələrin yaradılmasına və inkişafına diqqət yetirməyə başladı. Bu məqsədlə
poliqrafiya sənayesinin inkişaf etdirilməsi, çap məhsullarının təkmilləşdirilməsi və yeni
çap maşınlarının yaradılması, kağız istehsalının genişləndirilməsi, kağız istehsalı və
poliqrafiya sənayesi istehsal texnikasının təkmilləşdirilməsi üçün böyük tədbirlər həyata
keçirilirdi. Görülən tədbirlər nəticəsiz qalmamış, kapitalist ölkələrində kitab nəşri geniş
vüsət almış, onun kəmiyyət və keyfiyyətində böyük dəyişikliklər baş vermişdi. Kitab yeni
cəmiyyətin mənəvi silahı, mədəni inkişafın əsas göstəricilərindən biri kimi burjua istehsal
üsuluna, kapitalizmin inkişafına kömək göstərən əsas vasitələrdən birinə çevrilmişdi.
Kitab nəşri, onun yayılması sahəsində baş verən əhəmiyyətli dəyişikliklər cəmiyyətdə
kitaba böyük tələbatın nəticəsi idi.
Cəmiyyət üzvləri arasında kitaba tələbatın artması kitabı yayan müəssisələrin, ilk
növbədə isə kitabı toplayıb saxlayan, onu nəsildən-nəslə çatdıran kitabxanaların
vəziyyətini kökündən dəyişmiş, kapitalist ölkələrində geniş kitabxana şəbəkələrinin
yaranmasına səbəb olmuşdu. Kitabxanalar kapitalist ölkələrinin ən kütləvi və populyar
bir müəssisəsinə çevrilmişdi. Kapitalizm özündən əvvəlki cəmiyyətlə müqayisədə
kitabxana işinin və kitabxanaşünaslığın inkişafında mühüm rol oynamaqla, kitabxana
işinin daha da təkmilləşdirilməsinə güclü təsir göstərmişdi.
Kapitalist ölkələrində kitabxana şəbəkələrinin genişlənməsi, yeni-yeni
kitabxanaların meydana gəlməsi, kitabxana işinin məzmununda ciddi keyfiyyət
dəyişikliyinin baş verməsi, oxuculara xidmətin kitabxanaların əsas vəzifəsinə çevrilməsi
kitabxana işinin daha da mürəkkəbləşməsinə səbəb olmuşdu.
Bütün bunlar isə öz növbəsində kitabxana işinin xüsusi elmi əsaslarla aparılmasını,
kitabxana təcrübəsinin ümumiləşdirilib sistemləşdirilməsini tələb edirdi. Kapitalizm cəmiyyətində baş verən mədəni inkişaf və tərəqqi prosesi, bu prosesdə
kitabxanaların fəal iştirakı kitabxanaçılıq biliklərinin daha da təkmilləşdirilməsini, bir
elm kimi formalaşmasını zəruri etmişdi. Məhz buna görədir ki, kitabxana işinin təcrübəsi
əsasında yaranıb formalaşan, zaman keçdikcə sistemləşən kitabxanaçılıq bilikləri tədricən
müəyyən elmi sistem əsasında formalaşaraq kitabxanaçılıq nəzəriyyəsi olan
“Kitabxanaşünaslığ”-a çevrildi. Bu formalaşma prosesində digər qohum elmlərin elmi
müddəalarından faydalanma onun elmi-nəzəri əsasını daha da möhkəmləndirdi.
Məhz bu ciddi elmi sistemləşmə, qarşılıqlı faydalanma yolu ilə baş verən bu mühüm
elmi və praktik əhəmiyyətə malik proses nəticəsində kitabxana işinin inkişaf
qanunauyğunluqlarını öyrənməyə və əsaslandırmağa, onu gələcəyin elmi kimi
formalaşdırmağa qadir olan bir elmin yaradılması mümkün oldu.
Məhz bu dövrdən dünya kitabxanaşünaslığının inkişafında yeni mərhələ, daha
doğrusu, elmi mərhələ başlandı. Zəmanəmizə qədər davam edən bu elmi mərhələ dövrün
inkişaf sürətinə müvafiq inkişaf edib təkmilləşirdi.
Bu mərhələni kitabxanaşünaslar şərti olaraq iki yerə ayırırlar;
1. Kitabxanaşünaslığın bir elm və fənn kimi təşəkkülü və inkişafı.
2. Kitabxanaşünaslığın daha da inkişaf etdirilməsi, elmi məktəblərin yaranması.
Birinci mərhələ əsasən, bütövlükdə XIX əsri və XX əsrin əvvəllərini əhatə edir. Bu
mərhələ öz elmi məzmununa görə bilavasitə burjuaziya ideyaları əsasında formalaşan,
kapitalist mədəni sərvətlərinə əsaslanan bir mərhələ kimi diqqəti xüsusilə cəlb edirdi.
Burjuaziya ideyaları qabaqcıl kapitalist ölkələrində yayıldığından kitabxanaşünaslıqda
baş verən yeniliklər bütün burjua cəmiyyətini əhatə edirdi. Bütün kapitalist dövlətlərində
vahid prinsiplər, oxşar ideyalar və konsepsiyalar inkişaf etməkdə idi.
XIX əsrdə və XX əsrin əvvəllərində kitabxana işinin inkişafı sahəsində geniş tərəqqi
hiss edilirdi. Almaniyada kitabxanalar şəbəkəsi xeyli genişlənmiş, kütləvi kitabxanalarla
yanaşı geniş elmi kitabxanalar şəbəkəsi meydana gəlib formalaşmış, kitabxana işinin
məzmununda, xüsusilə
oxuculara kitabxana xidmətinin təşkili sahəsində
müvəffəqiyyətlər
əldə
edilmişdi. Kitabxanaların cəmiyyətdəki mövqeyi
müəyyənləşdirilmiş, onlara təhsil və mədəni quruculuq sisteminin ayrılmaz sahələrindən
biri kimi baxılmağa səy göstərilmişdi. Bu dövrdə Almaniyada kitabxanaşünaslığın
nəzəriyyəsi və təcrübəsi sahəsində mühüm elmi addımlar atılmış, təcrübənin
ümumiləşdirilməsi və sistemləşdirilməsi sahəsində ciddi iş görülmüş, elmi nəticələr
çıxarılmışdı. Bu sahədə kitabxanaşünaslığın atası hesab edilən Münxen kitabxanasının
kitabxanaçısı M.Şrettingerin (1772- 1851) elmi fəaliyyətini xüsusilə qeyd etmək olar.
M.Şrettinger dünya kitabxanaşünaslığı tarixində ilk dəfə olaraq “Kitabxanaşünaslığ”ı
ayrıca bir elm sahəsi kimi əsaslandırıb, elmi dövriyyəyə daxil etmişdir.
“Kitabxanaşünaslıq” məfhumunun bir elm sahəsi kimi elmi dövriyyəyə daxil edilməsi,
onun tədqiqat obyektinin öyrənmə metodlarının müəyyənləşdirilməsi böyük elmi
fədakarlıq, elmdə yeni cığırın, istiqamətin açılması demək idi. Deməli, dünya kitabxanaşünaslığı tarixində ilk dəfə olaraq M.Şrettinqer
kitabxanaşünaslığı müstəqil elm sahəsi kimi əsaslandırmışdır. M.Şrettinger tarixdə ilk
dəfə olaraq özünün ikicildlik: “Kitabxanaşünaslıq üzrə bitkin dərslik və yaxud
kitabxanaçının mükəmməl iş aparmasına dair rəhbərlik” adlı
əsərində
“Kitabxanaşünaslıq” sözünü işlətmişdir. Kitabxanaşünaslıq tarixində böyük elmi
əhəmiyyət kəsb edən və öz dövrü üçün mühüm hadisə hesab edilən bu kitab 1808-1829-
cu illərdə nəşr edilmiş, 1834-cü ildə isə “Kitabxanaşünaslıq üzrə rəhbərlik” adı ilə
yenidən çap olunmuşdur.
Kitabxanaşünaslığın bir elm kimi formalaşıb təşəkkül tapmasında M.Şrettinger
böyük xidmətlər göstərsə də, əsərlərində müəllifin nəzəri mövqeyi rüşeym halında, yəni
olduqca məhdud idi. M.Şrettingerə görə, kitabxanaşünaslıq kitabxana işindən fərqlənirdi.
Kitabxana işi kimi o, ancaq təcrübi işləri nəzərdə tuturdu. Onun baxışlarında əsas diqqət
kitabxana işinin təcrübi məsələlərinə yönəlmişdi.
Təcrübü iş kitabxana işi və kitabxanaşünaslığın əsas bazası kimi çıxış etməli,
kitabxana işinin təşkili və quruluşu məsələlərində əsas rol oynamalı idi.
Çox təəssüflə qeyd edilməlidir ki, M.Şrettingerin bu mövqeyi uzun dövr ərzində -
təxminən bütün XIX əsr və XX əsrin əvvəllərinə qədər hakim fikir olmuş,
kitabxanaşünaslığın sosial məzmundan məhrum, dar, texniki, praktiki və tətbiqi elm kimi
öyrənilməsini əsaslandırmış, onun elmi-nəzəri inkişafına maneçilik törətmişdir. Bütün
bunlar M.Şrettingerin əsərlərinin əhəmiyyətini qətiyyən azaltmır. Məhz onun əsərləri
meydana çıxdıqdan sonra kitabxanaşünaslığın bir elm kimi təşəkkül və inkişafında
mühüm
əməli nailiyyətlər
əldə
edildi. M.Şrettingerin ideyaları dünya
kitabxanaşünaslığının inkişafında böyük canlanmaya səbəb oldu. Dünyanın bir çox
ölkələrində kitabxanaşünaslığa dair qiymətli əsərlər meydana çıxdı. Yeni əsərlərin heç də
hamısı M.Şrettingerin ideyalarını müdafiə etmirdi. Onların bir çoxu kitabxanaşünaslığın
elmi-nəzəri problemlərinin həllində irəliyə
doğru ciddi addımlar kimi
qiymətləndirilməlidir. Yeni əsərlərdə kitabxanaşünaslığın nəzəri əsaslarının hazırlanması
prosesi başlanmışdı.
XIX əsrin sonlarında bu proses xeyli sürətlənmiş, kitabxanaşünaslığın elm kimi
təcrübədən ayrılmasının ilk əlamətləri meydana çıxmağa başlamışdı. İlk dəfə olaraq
kitabxanaşünaslıq kitabxana işi təcrübəsinin elmi ümumiləşdirilməsi və
sistemləşdirilməsi əsasında hazırlanan elmi nəzəriyyə kimi əsaslandırılmağa başladı ki,
bu da yeni mərhələnin başlandığı idi. Bu işdə alman kitabxanaşünası A.Qrezelinin (1849-
1917) xidmətləri daha çox olmuşdur.
Kitabxanaşünaslıq haqqında öz fikirlərini əsaslandırmaq üçün A.Qrezel deyirdi:
“Bütün başqa elmlər kimi kitabxanaşünaslıq da ümumi bəşəri biliklərdən ayrılaraq,
nizamlama (sistemləşdirmə) prinsipinə müvafiq bütöv bilik, elmi fənn kimi
formalaşmışdı.”