Didaktikanın müasir problemləri. Yeni təlim texnologiyalarının metodoloji əsasları



Yüklə 0,55 Mb.
səhifə1/8
tarix02.03.2017
ölçüsü0,55 Mb.
#9910
  1   2   3   4   5   6   7   8
Didaktikanın müasir problemləri.
1. Yeni təlim texnologiyalarının metodoloji əsasları.

Yeni təlim texnologiyalarının metodoloji əsaslarını iki istiqamətdə qruplaşdırmaq olar.



  1. Fəlsəfə istiqamətində ;

  2. Təhsillə bağlı Azərbaycan Respublikasının dövlət və digər normativ – hüquqi sənədləri istiqamətində.

I. Təhsil fəlsəfəsində metodologiya dialektikaya, onun qanunlarına söykənir. Vaxtı ilə rus pedaqoqu A.S.Makarenko qeyd etmişdir ki, pedaqogika dinamik inkişafda olan elmdir, pedaqogika fəlsəfənin qanunlarına uyğun inkişaf edir, formalaşır.

“Eyni bir hadisənin tərəflərini təşkil edən əksiliklər (məsələn,problem və onun həlli metodu ) bir-birinə qarşı etinasız deyildir, onların bir-birinə qarşılıqlı təsiri dialektik ziddiyyət yaradır. Bu da sonda dəyişikliyə, inkişafa təkan verir” (21, səh.106).

“İnkişaf dedikdə hər hansı bir obyektdə baş verən irəliyə doğru yönəlmiş, qarşısı alınmaz keyfiyyət dəyişiklikləri başa düşülür.” (14,səh.187)

İngilis filosofu M.Spenserə görə inkişaf tədricən təkamül yolu ilə baş verir. XIX əsrin sonu XX əsrin əvvəllərində inkişafın “yaradıcı təkamül” modeli irəli sürülür. Bu modelin müəllifləri L.Morqan və A.Berqson idi. Onlar inkişafda həm tədriciliyin, həm də sıçrayışın olduğunu göstərirdilər.

İnkişafın daxili ziddiyyətli qüvvələr əsasında baş verdiyini, buna görə yeni keyfiyyətlərə keçdiyini səciyyələndirən dialektik materialist modeli (K.Marks və F.Engels) təlim metodlarına şamil etməklə onlar üçün metodologiya kimi qəbul etmək olar.

Daxili ziddiyyət müəyyən obyektdə olan əks tərəflərin qarşılıqlı təsiridir. Məsələn, ənənəvi metodlarla dərs keçən müəllim və şagird, müəyyən mənada ömrünü sürmüş metodlar svilizasiyanın indiki mərhələsində şagirdləri qane etmir. İKT – dən istifadə etməyi bacaran şagirdi 80 il mahiyyətini dəyişməyən təlim üsulları razı sala bilməz! Belə ziddiyyətlər həllini tapdıqda inkişafın mənbəyi rolunu oynayır.

İnkişaf heç də əvvəllər mövcud olanların inkarı, bir dəfəlik atılması demək deyildir: yeninin tərkibinə inkar olunanın müəyyən müsbət tərəflərinin dəyişdirilmiş formada daxil edilməsi deməkdir. Bu zaman ləğv etmə, əxz etmə və əxz olunanı daha yüksək pilləyə qaldırma inkişafın istiqamətverici ideyası kimi qəbul olunmalıdır. Ənənəvi metodlar içərisində də müasir şagirdi maraqlandıran, yaradıcılığını inkişaf etdirən metodlar – problemli təlim, disput, debat, laboratoriya, praktiki işlər və s. vardır. Təlim zamanı bunlardan məqsədə uyğun, səmərəli şəkildə istifadə etməklə inkişafa nail olmaq lazımdır. Bunlardan istifadə etmək həm də ona görə lazımdır ki, varisliyin gözlənilməsinə əməl etmiş oluruq. Yuxarıda göstərilən ənənəvi metodların saxlanılması fəlsəfi metodologiyadan irəli gəlir. “İnkişaf spiralvari formada gedən prosesdir – spiralın hər bir yuxarı həlqəsi sanki əvvəlkinin, aşağı həlqənin eynidir. Əslində bu əvvəlkinin təkrarı demək deyildir. Çünki, bu qayıdış əvvəlkindən daha yüksək pillədə baş verir” (14,səh.187).

Təlim-tərbiyə prosesində meydana çıxan ziddiyyətlər pedaqogikanın inkişaf etməsinin əsas atributuna çevrilir. Daxili və xarici kimi iki yerə ayrılan ziddiyyətlərdən (21,səh.106;8,səh.92) dərketmədə, şagird təfəkkürünün, müstəqilliyinin, yaradıcılığının inkişaf etdirilməsində eyni zamanda daha mürəkkəb problemlərin həll edilməsində kifayət etməyən müxtəlif ənənəvi təlim metodları ilə müasir təlimə verilən tələblər arasındakı ziddiyyət (7, səh 49) kimi göstərilən xarici ziddiyyət pedaqogika elminin təlim nəzəriyyəsinin inkişafının fəlsəfi metodologiyası kimi qeyd edilməlidir.

Təlim prosesinin – müasir didaktikanın metodologiyası kimi dialektika, onun qanunları ilə yanaşı bəzi fəlsəfi cərəyanlar da göstərilə bilər.Göstərəcəyimiz cərəyanlar və onların məzmunu yeni təlim texnologiyalarının metodoloji əsasları olmaqla yanaşı, şagirdlərin inkişafında nə kimi rol oynacağını aydınlaşdırmağa imkan verir.

Praqmatizm. Yunan sözü olub “hərəkət” və ya “təcrübə” deməkdir. Praqmatizm fəlsəfi cərəyanı idrakın yeganə meyarı kimi təcrübəni götürür. İnsana fayda verən hər şeyi həqiqət hesab edir.Praqmatizm fəlsəfi cərəyanı əsasında pedaqoji ideyaları XIX əsrin sonu, XX əsrin əvvələrində Amerika alimi Con Dyui irəli sürmüşdür. C.Dyuiyə görə anlayışlar, ideyalar, nəzəriyyələr gündəlik fəaliyyət üçün yarandıqda faydalı hesab edilə bilər. Ona görə şagirdlərə elə bilik, bacarıqlar verilməlidir ki, onlardan praktikada istifadə etmək mümkün olsun. Göstərilən cərəyanın müəllifləri şagirdlərə praktik biliklərin verilməsini lazım bilməklə sistematik biliklər verərkən də fəaliyyət üçün lazım olan biliklərə üstünlük verilməsini lazım bilmişlər.

Praqmatizm cərəyanının nümayəndələrindən biri olan V.Kilpatrik bilik mənbəyi kimi, eksperimentə üstünlük verir. Eksperimenti həqiqətin meyarı hesab edir. Cərəyanın hər iki təmsilçisi təlimin mühüm vəzifəsini şagirdlərə praktik biliklərin verilməsində görürlər.

Praqmatizm fəlsəfi cərəyanında pedosentrizm prinsipi irəli sürülürdü. Pedosentrizm prinsipinə görə təlim-tərbiyə zamanı şagirdlərin marağı, meyli, tələbləri nəzərə alınmalıdır (7,səh. 51). Təlim zamanı şagirdlər üçün elə bir şərait yaradılmalıdır ki, şagird arzuladığını orada görə, tapa bilsin. Qeyd etmək lazımdır ki, yeni təlim texnologiyalarına əsaslanan dərslər məhz bu prinsip əsasında qurulur. Deməli yeni təlim texnologiyalarının metodoloji əsaslarından biri praqmatizmdir.

Neopozitivizm. Praqmatizm cərəyanı ilə bağlıdır. Ancaq konkret elmi (pozitiv) biliklərə əsaslanan fəlsəfi cərəyandır.

Bu cərəyan XX əsrin əvvələrində məntiq elminin yeni formasının, riyaziyyatın əsaslarının tədqiqinə tətbiq edilən riyazi məntiqin əldə etdiyi nailiyyətlərlə əlaqədar yaranmışdır. (Q.Frege, B.Rassel və b.) (21, səh.429).

Neopozitivistlərin proqramı adi dili ideal dillə əvəz etməkdən və mülahizənin (ideyanın) həqiqiliyi üçün verifikasiya (yoxlama, eksperiment) prinsipini tətbiq etməkdən ibarətdir (15, səh.78).

Bu cərəyanın pedaqoji versiyasını işləyən R.Riters, P.Xeret, L.Leqran şagirdlərə sistematik biliklər verməyə qarşı çıxaraq onları “tədqiqatçı” kimi yetişdirməyi, onlarda yaradıcılıq qabiliyyəti formalaşdırmağı lazım bilirlər. Bildiyimiz kimi yeni təlim texnologiyalarının tətbiqinin əsas məqsədlərindən biri şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdir.



Ekzistensializm. XX əsrin əvvələrində meydana gəlmişdir. Ekzistensializm latın sözü olub “mövcud olmaq” mənasını verir. Onun başlıca nümayəndələri M.Xadegger, K.Yaspers (Almaniya), Q.Marsel, P.Sartr, A.Kamyudur (Fransa) olmuşdur. “Ekzistensializmin başlanğıc prinsipi belə bir müddəadan ibarətdir ki, mövcudluq (ekzistensiya) mahiyyətdən qabaq gəlir” (21, səh.437).

Ekzistensializm- fərdiyyətçiliyi qabarıq şəkildə əks etdirən fəlsəfədir. Bəzi ədəbiyyatlarda ekzistensializm, “azadlıq fəlsəfi” adlandırılmışdır (21, səh.440).

Göstərildiyi kimi bu nəzəriyyənin mahiyyətini sırf fərdiyyətçilik təşkil edir. Cərəyanın mahiyyətini tərbiyə prosesinə tətbiq etdikdə kolllektiv vasitəsilə, kollektiv daxilində şagirdləri tərbiyə etməkdən imtina etmək deməkdir. Bu isə o deməkdir ki, şagirdin və ya uşağın inkişafı üçün heç bir proqram lazım deyildir. Ekzistensializm nəzəriyyəsinə görə uşaqların tərbiyəsində emosional və hissi tərbiyəyə üstünlük verilməlidir. Gənc nəslin tərbiyəsi ilə əlaqədar ekzistensializm nəzəriyyəsi azad, sərbəst tərbiyəyə üstünlük verir. Nəzəriyyədən çıxan nəticələri yeni təlim texnologiyaları əsasında tədris edilən dərslərə tətbiq etdikdə belə nəticə çıxarmaq olar: kooperativ təlim zamanı şagirdləri formalaşdıran, inkişaf etdirən qrup daxili ünsiyyətə, münasibətlərə diqqət yetirməli, onlar xüsusi normalarla (qaydalarla) tənzimlənməlidirlər. Digər tərəfdən, hər bir şagirdin özünün “mən”ini tanıması üçün humanist və demokratik prinsiplərə cavab verən mühitin yaradılması vacibdir. Belə mühit özü şagirdi tərbiyə edir, özündə olan müsbət və mənfi xüsusiyyətləri görməyə imkan verir. Şagird heç bir təzyiq, pedaqoji tələb olmadan özündə olan mənfilikləri aradan qaldırmağa səy edir, bu prosesə pedaqoji ədəbiyyatda özünü tərbiyə və ya özünü dəyərləndirmə deyilir. Müasir zamanda bunu ekzistensializm nəzəriyyəsindən irəli gələn azad tərbiyə kimi qiymətləndirmək olar.



Tomizm. Dini fəlsəfi cərəyandır. Əsası XIII əsrdə, əslən italyan olan Foma Akvinski tərəfindən qoyulmuşdur. Foma sxolastik (ehkam xarakterli) təlimin tərəfdarı idi. Fomaya görə “insan biliyi zəkaya əks olan biliyə deyilir”,” ilahi” bilik - zəka fövqündə duran biliyə tabedir. Foma yazırdı: “Xristian ilahiyyatı etiqad nurundan, fəlsəfə isə (elm) təbii zəka nurundan doğur. Fəlsəfi həqiqətlər etiqad həqiqətlərinə zidd ola bilməz” (21, səh. 443).

Orta əsrlərdə meydana gələn, yeni tomizm kimi mahiyyət daşıyan Neotomizm Fomanın ideyalarını inkişaf və müasirləşdirərək göstərir: “Etiqadla zəka, ilahiyyatla fəlsəfə, fəlsəfə (dini fəlsəfə) ilə elm arasındakı münasibətlər belədir”. Neotomizm cəmiyyəti bəzi ziddiyyətli halların aradan qaldırılmasında dünya görüşü kimi formalaşmağa başladı.

Neotomizm fəlsəfi cərəyanın ideyalarından pedaqogikada, xüsusi ilə onun tərbiyə nəzəriyyəsi bölməsində istifadə etməklə bəzi problemləri müəyyən dərəcədə həll etmək mümkündür.

Məsələn, müasir zamanda bədbinliyə qapılan, cinayətə əl atan gənclərin sayı artmaqdadır. Onların arasında məktəblilər də vardır. Neotomizm cərəyanının tərəfdarları bunun səbəbini sosial münasibətlərdə, ictimai inkişaf qanunlarında yox, dinin təsirinin azlığında, allaha inamın yoxluğunda görürdülər. Onlar qeyd edirlər ki, belə şəxslərin ürəyində allah xofu yoxdur. Belə adamlardan hansı formada olmasından asılı olmayaraq yaşayış normalarına zidd hərəkət gözləmək olar. Belə halların təsirini azaltmaq üçün tədris müəssisələrində ilahiyyat dərsləri tədris edilməli, islam dinindən irəli gələn tərbiyə və davranış normalarına ciddi fikir verilməlidir.

Müasir pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi yeni təlim texnologiyaları əsasında keçilən dərslərin qarşısında şagirdlərin üç istiqamətdə formalaşdırılması qoyulmuşdur:


  1. pedaqoji ,

  2. psixoloji ,

  3. sosioloji.

Sosioloji istiqamətdə formalaşdırmağa əxlaq, əmək, elm, incəsənət, din və s. ilə əlaqədar bilik və bacarıqların verilməsi daxildir (19,səh.3-4).

Neotomizm uşaqların əxlaqi cəhətdən formalaşdırılması zamanı dinin təsirinin gücləndirilməsini vacib bilir. Qeyd etmək lazımdır ki, səma kitabı olan “Qurani-Kərim” insanların əxlaqi-mənəvi cəhətdən formalaşdırılmalarında əvəzsiz rola malik əxlaq kodeksidir. Ona görə də təlim prosesində, əxlaqi–etik söhbətlər zamanı göstərilən müqəddəs kitabdan istifadə etmək lazımdır.



Bixeviorizm. İngilis sözü olub “davranış” deməkdir. XX əsrin əvvəllərində Amerikada meydana gəlmiş cərəyandır. Cərəyanın müəlliflərindən biri olan Edvard Torndayka görə psixologiya şüuru deyil davranışı özü üçün tədqiqat predmeti seçməlidir. E.Torndayka görə həm heyvanlarda, həm də insanlarda psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici proseslər situasiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir.

E.Torndayk ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul-reaksiya” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə müəllim təlim prosesində elə stiuasiya yaratmalıdır ki, şagird məqsədə uyğun cavab reaksiyası ilə çıxış edə bilsin. Yeni təlim texnologiyaları əsasında keçirilən dərslərdə motiv məhz buna xidmət edir. Motiv şagirdi cavab reaksiyası üçün hazırlaşdırır, onu problem ətrafında fikirləşməyə, tədqiqat aparmağa sövq edir.



Konstruktivizm. XX əsrin ikinci yarısında amerikalı pedaqoqlar Kappan, Əbdəl-Həqq, Skarf-Siter, Makkenin və b. tərəfindən irəli sürülmüşdür.

Konstruktivizm mahiyyətcə, əsas prinsipi yeni biliklərin, ideyaların əvvəlcədən bildiyimiz ideyaların sintezi yolu ilə öyrənməsi haqqında nəzəriyyədir. Bu, o deməkdir ki, bilik passiv olaraq alınmır. Bu, insanların necə öyrənməsi haqqında tədqidata əsaslanan təlimə bir yanaşmadır. Bir çox tədqiqatçılar deyirlər ki, hər bir fərd biliyi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”. Konstruktiv öyrənməyə necə nail olmaq haqqında bir sıra fikirlər vardır, lakin əksər təhsil işçiləri inanırlar ki, şagirdlər mücərrəd anlayışları araşdırmalar, mühakimələr və müzakirələr vasitəsilə daha yaxşı dərk edirlər. Yəni, öyrənənlərin beyni müəllimin üzərində yazdığı daş, yazı taxtası deyildir. Hər bir öyrənən onların dünyagörüşünə təsir edən həyat təcrübəsi ilə gəlir, bunlar müəllim tərəfindən diqqətlə planlaşdırılmış və təşkil edilmiş təlimatla birgə uşağa məna yaratmaq, özlərinin dərketməsini qurmağa kömək edir. Göstərilmişdir ki, təlim uşaqların həyat təcrübələri ilə birləşdikdə konstruktivizm biliyin dərindən dərk edilməsi və daha uzun müddət yadda saxlanmasına kömək etməkdə səmərəli nəticə verir.

Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətinin və insanların necə öyrəndiklərinin izahını verən epistomologiya kimi yanaşırlar (biliyin təbiəti, mənbələri və hüdudları haqqında nəzəriyyə). Başqa sözlə öyrənmə və ya məna yaratma nəzəriyyəsidir. Bu nəzəriyyə sübut edir ki, şagirdlər öz yeni düşüncə və ya biliklərini artıq bildikləri və inandıqları ilə qarşılıqlı əlaqədə qururlar. Bu yolla şagirdlər tədqiqatçı kimi çıxış edərək sanki nəyi isə “kəşf ” edirlər. Konstruktiv mühiti şagirdlərin fəallığı, sorğu-sual, problemləri həlli, əməkdaşlıq müşaiyət edir. Müəllim öyrətməyə maraq yaradan, sual verən, mübahisə aparan bələdçi, fasilitator, həm də axtarıcı rolunda çıxış edir.

Konstruktivizmin növlərinə pedaqoji ədəbiyyatlarda yer verilmişdir:



  1. Pyajenin psixoloji konstruktivizmi;

  2. L.Viqotskinin sosial konstruktivizmi;

Pyajenin psixoloji konstruktivizminin mahiyyətində təlimin məqsədinə uyğun şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi durur. Bu yolla tədqiqat obyektinə çevrilən şagirdin fərdi idraki inkişafı təmin olunur. Elmi tədqiqat vasitəsilə idraki inkişafın təbii yolunu müəyyənləşdirməyə cəhd edən, uşağa yönəlmiş yanaşmadır. Belə yanaşmada fərz olunur ki, şagirdlər sinfə müəllim tərəfindən dəyişdirilmiş, düzəlişlər edilmiş ideyalarla, rəylərlə daxil olurlar, müəllim şagirdlərə dilemma yaradan tapşırıqlar və suallar hazırlamaqla bu dəyişiklikləri istiqamətləndirir. Biliyin yaradıcı təhlili bu dilemmaların arasından yol açmaq nəticəsində baş verir.

L.Viqotskinin sosial konstruktivizmi sosial transformasiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin yerləşdiyi mühitin onun inkişafındakı rolunu əks etdirir. Etibarlı inkişaf zonası kimi xarakterizə olunan mühit şagirdlərin formalaşmasının bazisi kimi göstərilir. Fərdi inkişaf mədəni qaydaların qrup tərəfindən paylaşdırıldığı və nəticədə fərd tərəfindən özününküləşdirilən sosial qarşılıqlı əlaqələr nəticəsində yaranır. Şagirdlər bilikləri mühitlə qarşılıqlı əlaqədə əldə edirlər. Bu zaman həm fərd, həm də mühit dəyişir. Tədqiqatın obyekti fərdlə sosial və mədəni mühit arasındakı dialektik münasibətdir.

II. Yeni təlim texnologiyalarının metodoloji əsasları kimi Azərbaycan Respublikasının dövlət və digər normativ-hüquqi sənədləri götürülə bilər.

Bizə elə gəlir ki, təhsilin metodoloji əsasında müqəddəs kitabımız olan “Qurani- Kərim” və ondan irəli gələn ideyalar durmalıdır. “Qurani–Kərim”də

göstərilir: “Elm uzaq Çində olsa belə gedib öyrənmək lazımdır” və ya “Bələkdən qəbr evinədək öyrənmək”.

İstənilən fənnin, o cümlədən təlim nəzəriyyəsi olan Didaktikanın metodoloji əsasları kimi aşağıdakı dövlət və normativ-hüquqi sənədləri göstərmək olar:



  1. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir:

Maddə 18. Din və dövlət.

III. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır (1,səh. 8).

Maddə 42. Təhsil hüququ.

V. Dövlət minimum təhsil standartlarını müəyyən edir (1, səh.15).

Milli kurikulumda standartlara təlim strategiyaları da daxil edilmiş, təhsilin dünyəvi xarakteri inkişaf etmiş ölkələrdəki təhsilə təhsilimizin inteqrasiyası ilə mümkünlüyü göstərilmişdir.


  1. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Burada göstərilir:

Maddə 5. Təhsil hüququna dövlət təminatı.

5.7. Dövlət milli təhsil ənənələrinin qorunmasına, inkişafına və innovasiyaların tətbiqinə təminat verir (30, səh.17).

6.2. Dövlət təhsil standartları təhsil sahəsində sınanılmış mütərəqqi beynəlxalq meyarlar, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla müəyyən edilir (30, səh.18).

Maddə 9. Təhsilin keyfiyyət səviyyəsi.

9.1. Təhsilin keyfiyyət səviyyəsi ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında beynəlxalq və ümumavropa təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılaraq təhsil pillələri üzrə müvafiq keyfiyyət göstəriciləri sisteminə (təhsil proqramları, abituriyentlərin hazırlıq səviyyəsi, maddi-texniki baza, infrastruktur, informasiya resursları, təhsilverənlərin peşəkarlığı və elmi-pedaqoji səviyyəsi, mütərəqqi tədris texnologiyaları və s.) uyğun olaraq müəyyən edilir (30, səh. 21).

Maddə 3. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri.



  1. humanistlik – milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioriet kimi qəbul olunması;

  2. demokratiklik – təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muxtariyyətinin artırılması;

  3. bərabərlik – bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin olunması;

  4. millilik və dünyəvilik – milli və ümumbəşəri dəyərlərin qorunması və onların dialektik vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi;

5. keyfiyyətlilik - təhsilin mövcud standartlara, normalara, sosial-iqtisadi tələblərə, şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarına uyğunluğu;

6. səmərəlilik – təhsilin və elmi yaradıcılığın daim inkişaf edən, faydalı və son nəticəyə istiqamətlənən müasir metodlarla təşkili;

7. fasiləsizlik, vəhdətlik, daimilik – mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi;

8. varislik – təhsil sahəsində əldə olunmuş bilik və təcrübənin ardıcıl olaraq növbəti nəslə (dövrə) ötürülməsi;

9. liberallaşma – təhsil sahəsinin və təhsil fəaliyyətinin açıqlığının genişlən- dirilməsi;

10. inteqrasiya – milli təhsil sisteminin və təhsil fəaliyyətinin dünya təhsil sisteminə səmərəli formada qoşulması, uyğunlaşması və qovuşması əsasında inkişafı(30,səh.13).

c) Azərbaycan Respublikasının Təhsil İslahatı Proqramı (15 İyun 1993-cü il). İslahat Proqramının məqsədi Azərbaycan Təhsilinin səviyyəsini dünyanın qabaqcıl, inkişafetmiş ölkələrindəki təhsilin səviyyəsinə çatdırmaq, onlardakı standartlara uyğunlaşdırmaq, dünya təhsilinə inteqrasiya etməkdir.

Təhsillə bağlı standartlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)” konseptual sənədilə müəyyən edilir

Ümummilli lider, mərhum prezident H. Əliyevin dediyi kimi Təhsil İslahatı tədricən, təkamül yolu ilə olmalıdır. İnkişaf etmiş ölkələrdə mövcud olan təhsil sistemi ölkəmizə mexaniki şəkildə köçürülə bilməz. Bu zaman milli mentalitet, yerli şərait və s. amillər nəzərə alınmalıdır.

Ümumorta təhsillə bağlı dövlət standartlarına aşağıdakılar daxildir:



  1. Orta təhsilin məzmununun minimumu.

  2. Dərs yükünün maksimum həcmi.

  3. Şagirdlərin hazırlıq səviyyəsinə verilən tələblər.

Göstərilən standartlar BMT-nin konvensiyasına, beynəlxalq normalara, Azərbaycan Respublikasının Qanunvericilik aktlarına əsaslanır. Standartların əsas məqsədi ümumi icbari təhsil həyata keçirməkdir.

İslahat Proqramı giriş və dörd bölmədən ibarətdir.

I bölmə: Respublikada təhsilin real vəziyyəti.

II bölmə: İslahatın əsas istiqamətləri.

III bölmə: İslahatın gedişi zamanı həyata keçiriləcək əsas tədbirlər.

IV bölmə: Gözlənilən nəticələr.

İslahatın üç mərhələdə keçirilməsi nəzərdə tutulmuşdur: 1) 1999; 2) 2000-2003; 3)2004-...

İslahat Proqramının II bölməsi (əsas istiqamətlər) aşağıdakı sahələrə ayrılır: 1) Təhsil sistemində struktur islahatları. 2) Təlim-tərbiyənin məzmun islahatları. 3) Təhsil sistemində kadr hazırlığı. 4) Təhsil sisteminin informasiyalaşdırılması, tədris və metodiki təminat. 5) Təhsil sisteminin idarə olunması. 6) Təhsil sisteminin maddi texniki bazası. 7) Təhsilin iqtisadiyyatı.

İslahat Proqramının 3-cü bölməsində 7 istiqamətdə 128 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Proqramın IV bölməsi isə aşağıdakı nəticələrin əldə ediləcəyini gözləyir (və ya gözlənilir):



  1. Təhsil sisteminin geniş, normativ-hüquqi-iqtisadi bazasının yaradılması.

  2. Müxtəlif yönümlü və səviyyəli təhsil müəssisələrinin inteqrasiyasında, onların bazasında yeni tipli elmi-təhsil bazalarının yaradılması.

  3. Ümumi və peşə təhsilinin bütün pillə və səviyyədə dövlət təhsil standartlarına müvafiq təhsil proqramlarının yenidən hazırlanması.

  4. Kadr hazırlığı təhsil işçilərinin çevikliyini, raqabətə qabiliyyətini artırır.

  5. Təhsilin tədris, elmi-metodiki, informativliyi real tələblərə uyğunlaşdırılır.

  6. Təhsil sistemində dövlət-ictimai xarakterli idarəetmə modeli yaradılır.

  7. Təhsil sistemində müəssisə-təsərrüfat sistemi yaradılır (maddi-texniki)

  8. Təhsil sistemi maliyyələşdirilir, yeni mexanizmi əks etdirən iqtisadi modellər yaradılır.

Haqqında bəhs edilən Azərbaycan Respublikası Təhsil İslahatı Proqramının II bölməsinin - “Təlim-tərbiyənin məzmun islahatları” başlıqlı hissəsində qabaqcıl ölkələrdə, o cümlədən respublikamızda olan innovasiyalardan təlim-tərbiyə prosesində istifadə etməklə təhsilin səviyyəsinin yüksəldilməsi təhsil müəssisələri qarşısında bir vəzifə kimi qoyulmuşdur.

ç) Müəllimlərin–pedaqoji işçilərin ixtisasının artırılması sistemi unikal bir sistemdir. Bu sistem müəllimlə, təhsillə bağlı olan hər hansı bir problemə müəyyən operativliklə reaksiya vermək qabiliyyətinə malikdir.Onun vasitəsilə həm pedaqoji kadrların, həm onların simasında təhsilə cəlb edilən şagirdlərin bilik, bacarıq və vərdişlərinin səviyyə və keyfiyyətini yüksəltmək mümkündür.

Bu gün hər 5 ildən bir məcburi ixtisasartırma yaşadığımız dövrün tələblərinə, demokratik prinsiplərə uyğun gəlmir: hamıya eyni mövzunu, eyni tədris proqramlarını öyrətmək müsbət nəticə verə bilməz. Artıq müəllim öz tələbatını, ehtiyacına uyğun gələn tədris plan və proqramlarını seçmək istəyir. Təbii ki, məsələnin bu cür qoyuluşu ixtisasartırma təhsilində bir sıra strateji dəyişikliklər edilməsini, tamamilə yeni mexanizmlərə keçməyi tələb edir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin ardıcıl həyata keçirdiyi tədbirlər, qabaqcıl ölkələrdəki təhsil sisteminin öyrənilməsi respublikamızda ixtisasar- tırmanın yeni mexanizminin hazırlanmasına gətirib çıxarır. Bu mexanizm məruzə şəklində Paris Versal Akademiyasına təqdim edildi. Sonralar bu mexanizm Versal və ya Fransa modeli kimi səsləndi.

İxtisasartırma və yenidən hazırlanmanın yeni mexanizminin Respublikada üç mərhələdə həyata keçirilməsi qərara alındı:

I mərhələ - 1996-1998 - islahatlara hazırlıq mərhələsi,

II mərhələ - 1998-2000 - strategiyanın qəbulu və ilkin real addımlar mərhələsi,

III mərhələ - 2000-2003 - Yeni mexanizmə keçid, proseslərin tətbiqi mərhələsi.

TH təhsillə bağlı apardığı ardıcıl tədbirlərin həyata keçirilməsi hörmətli prezidentimiz H.Əliyevin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 13 iyun 2000-ci il tarixli 349 nömrəli fərmanı və “Dövlət İslahat Proqramının” qəbulu ilə təsbitləşdi. Proqramın 128 strateji tədbirindən 45-i ixtisasartırma və yenidən hazırlanmaya aiddir. İxtisasartırma və təkmilləşdirmənin yeni mexanizminin əsas müddəaları aşağıdakılardır:


  • ixtisasartırma təhsilinə cəlb olunma könüllülük prinsipi əsasında qurulur, məcburiyyət prinsipindən, planlı ixtisasartırma təhsilindən imtina edilir, “Sifariş-təklif” modelinin tətbiqinə keçilir;

  • ixtisasartırmanın başlanğıc nöqtəsi məktəb hesab olunur, pedaqoji kadrların bu təhsilə olan maraq və ehtiyacı burada öyrənilir;

  • ixtisasartırma müəssisələri yalnız sifarişçinin tələbatını ödəmək məqsədilə fəaliyyət göstərir;

  • ixtisasartırma prosesi əvvəlcədən təklif olunan tədris plan-proqramlara və onlara yerlərdən gələn reaksiyalar əsasında qurulur, proqramlar daim yeniləşdirilir, tələbata uyğunlaşdırılır;

  • alternativ proqramların təklifi ixtisasartırma müəssisələri arasında sağlam rəqabət yaradır;

  • “ixtisasartırma-attestasiya-stimul” mexanizmi əsas şərt kimi qəbul olunur;

  • pedaqoji yönlü təhsil mərkəzləri nəzdində dayaq məntəqələri yaradılır, fasiləsiz təkmilləşdirmə prosesinə geniş yer verilir; öyrədənlər daim öyrədilir;

  • ixtisasartırma təhsilində distant təhsil, özünütəhsil mexanizmləri tətbiq olunur, informasiya təminatı gücləndirilir;

  • yerli tədris, metodik və kadr xidmətlərinin, eləcə də ixtisasartırma müəssisələrinin fəaliyyəti ixtisasartırma təhsilindən keçmiş kadrların əldə etdikləri nəticələrə uyğun qiymətləndirilir.

İxtisasartırma təhsilində həyata keçirilməsi nəzərdə tutulan bu prinsiplər məhz “Strateji addımlar” adlanır.

Bu problemin aktuallığını nəzərə alan hörmətli nazirimiz Misir Mərdanov bu məsələyə bir daha qayıtmış “İxtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin təşkili barədə” 21 fevral 2002-ci il tarixli 164 nömrəli əmr hazırlamışdır. Əmrdə ixtisasartırma təhsili üzrə yeni mexanizmə keçmək üçün reallaşması vacib sayılan fəaliyyət istiqamətləri göstərilmiş, prosesdə iştirak edəcək tərəflərin konkret vəzifələri müəyyən edilmişdir.

Bəzən müəllimlər ixtisasartırma və təkmilləşdirmə anlayışları arasındakı mühüm fərqi görmür, eyniləşdirirlər. Respublika Təhsil Nazirliyinin 21.02.2002-ci il tarixli 164 saylı əmrində bu anlayışlar arasındakı fərq aydınlaşdırılır, orada göstərilir:

2.1.7. Nəzərə alınsın ki, hər bir müəllimin öz pedaqoji fəaliyyəti dövründə (və ya müəyyən müddət pedaqoji fəaliyyətdə olmayan dövrdə) mütəmadi olaraq profesional və metodiki səviyyəsini yüksəltmək, peşə ustalığını elmi-nəzəri biliklərini artırmaq məqsədi ilə şəxsi tələbatlarına –ehtiyaclarına uyğun gələn tədris plan və proqramlarla bilavasitə ixtisasartırma tədris müəssisələrində təhsil alması ixtisasartırma təhsili kimi müəyyənləşdirilmişdir. İxtisasartırma təhsilinə cəlb olunma prosesində məcburiyyət halları yolverilməzdir.

2.2.1. Müəllimlərin təkmilləşdirilməsi prosesi Nazirliyin “Dayaq məntəqələri mexanizminin tətbiqi barədə" 17.10.2000-ci il tarixli əmri ilə təsdiq edilmiş mexanizmə uyğun olaraq dayaq məntəqələrində təşkil edilir.

2.2.2. Müəllimlərin təkmilləşdirilməsi prosesi aşağıda müəyyənləşdirilmiş anlayışların vəhdəti kimi qəbul edilsin və gələcək prosedura məhz bunların reallaşdırılmasına yönəldilsin:



  • daimi özünütəhsil;

  • pedaqoji, psixoloji, metodoloji, elmi yeniliklər, dərs vəsaiti və dərsliklərdə, eləcə də tədris plan, proqramlarında, texniki tədris vasitələrində olan yeniliklərlə operativ tanışlıq, bu sahədə öz həmkarı ilə təcrübə mübadiləsi;

  • distant-məsafədən ötürmə vasitələri ilə yeni metodların əldə olunması, bu istiqamətdə fikir mübadiləsinin aparılması;

  • aktual mövzuların dinlənilməsi üçün sahə üzrə qabaqcıl mütəxəssislərin dayaq məntəqələrinə dəvət olunması, problem mövzular ətrafında fikir mübadilələrinin, diskusiyaların təşkili;

  • dərslərdə kollektiv iştirak, konkret metodikanın aprobasiyası, nəticələrin təhlili;

  • kadr hazırlığı, ixtisasartırma və yenidənhazırlama təhsilində tətbiq olunan plan və proqramlara, eləcə də yeni dərslik, dərs vəsaitlərinə əsaslandırılmış təkliflərin verilməsi.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin respublika təhsil müəssisələrində təlim-tərbiyə fəaliyyətini yüksəltmək üçün bir çox forma, islahat, yollardan istifadə edir. Bunlardan biri də respublikada təhsilə humanitar yardım göstərmək istəyən bir sıra xarici təşkilat, qurumlarla məqsədəuyğun müqavilələr bağlamaq, onların həyata keçirilməsi üçün şərait yaratmaqdır.

Təhsil Nazirliyinin Açıq Cəmiyyət İnstitutu - Yardım fondu ilə bağladığı müqaviləyə uyğun olaraq respublikada 9 treninq mərkəzi yaradılmış və fəaliyyət göstərmişdir. Açıq Cəmiyyət İnstitutunun tərəfindən təşkil edilmiş treninq mərkəzlərində ənənəvi proqramlardan fərqli olan alternativ təlim texnologiyalarından istifadə edilərək müəllimlərin ixtisasartırma kurslarından keçirilməsi təşkil edilmişdir.

Təhsil Nazirliyinin 2003-cü il tarixli kollegiya materiallarında göstərilir:

“10. Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun xətti ilə ixtisasartırma təhsilində alternativ xidmətlər göstərən treninq-mərkəzlərinin fəaliyyəti dəstəklənsin, ixtisasartırma müəssisələri şəbəkəsində də Fondun “Addım-addım”, “Tənqidi təfəkkür ”proqramlarına uyğun olan yeni təlim texnologiyalarının tətbiqi məsələlərinə baxılsın”. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiya materialları. Bakı, 2003, səh 14)

Beləliklə yeni təlim texnologiyalarının metodoloji əsaslarını klasterləşdirsək aşağıdakı nəticəni çıxarmaq olar (Sxem 1.1):


Yeni təlim texnologiyalarının metodoloji əsasları








Fəlsəfi



Dövlət, normativ- hüquqi sənədlər



















Müstəqil biliyin əldə edilməsinin metodologiyası



Hüquqi baza (əsas)





Sxem 1.1

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin