İslamın tarixi
İslam dininin yaranma və yayılma tarixi.
İslam tarixi; 7-ci əsrdə İslamın meydana çıxması ilə İslam Dövlətinin qurulmasından müasir dövrə qədər İslamı qəbul edən bölgələri və cəmiyyətləri və bu cəmiyyətlərin İslam çətiri altında ortaya qoyduğu şeyləri araşdıran tarix sahəsidir.
İslam tarixi İslam inancına həm din, həm də ictimai bir qurum kimi baxır və bu kontekstdə nəticələri, hadisələri və kəşfləri təqdim edir.
Ənənəvi olaraq Məhəmmədin anadan olmasından vəfatına qədər İslam tarixi, ondan sonrakı xilafət dövrü, sonrakı sultanlıq dövlətləri və müasir dövrdə meydana çıxan yeni cərəyan və situasiyalardan bəhs edilir. Təxminən dörd əsas hissəyə bölmək mümkün olsa da, ayrılıqlar müxtəlif aspektlərdən fərqli şəkildə baş verir, siyasi İslam tarixi fərqli bir bölmə ilə araşdırılır, elmi kəşflərdən bəhs edən İslam tarixi isə fərqli bir bölmə ehtiva edir.
Bu gün Quranda da adı keçən Bəkkə/Məkkə və Məscidül-Haram yerlərinin tarixi konteksti erkən İslam tarixi və qibləşünaslıq baxımından kritik əhəmiyyətə malikdir. Klassik İslam tarixinin rəvayət ənənəsinə əsaslanan məcmuələri istisna olmaqla, bu mövzuda tarixçilər arasında yekdil fikir yoxdur və müxtəlif yerlərdə işlənmiş ziddiyyətli tezislər irəli sürülür.
İmam əl-Buxarinin hədislər toplusuna görə, 610-cu ildə Ramazan ayında (bu il Qriqorian təqviminə görə avqust ayı idi), Məhəmməd peyğəmbər 40 yaşı olarkən, Hira mağarasında təklikdə Cəbrail mələyi ona görünmüş və ona Quranın ilk beş ayəni diktə etdi. Bu (610 il) islamın meydana gəldiyi il hesab olunur. İslamın yarandığı ilk illərdə, Məhəmməd peyğəmbərin həyat yoldaşı Xədicə, Əli ibn Əbu Talib, Əbu Bəkr və başqaları da daxil olmaqla 40-a yaxın insan ilk olaraq İslamı qəbul etdi.
613-cü ildə Məhəmməd Məkkədə camaat qarşısında ilk dəfə peyğəmbər olaraq çıxış etdi. Məkkənin hakim dairələri Məhəmmədlə düşmənçiliklə reaksiya verdilər, onun Məkkədəki mövqeyi riskli olduğundan çevrildi. İslamın yayılmasından narahat olan məkkəli bütpərəstlər müsəlmanlara qarşı sərt cəza tətbiq edirdilər. Məsələn: Süməyyə binti Xübbat adlı müsəlman qadınla həyat yoldaşı Yasir ibn Amir 615-ci ildə qətlə yetirildi. Əmmar ibn Yasir, Bilal Həbəşi və digər bir çox müsəlman isə işgəncələrə məruz qaldılar. Bu işgəncələrdən xilas olmaq üçün Məhəmməd peyğəmbərin icazəsi ilə ilk müsəlmanların bir hissəsi Həbəşistana, indiki Efiopiyaya köçmək məcburiyyətində qaldı. Məhəmməd peyğəmbərin təbliğatı yalnız məkkəlilərlə məhdudlaşmırdı. O, Kəbəni ziyarət etmək, yaxud ticarət məqsədilə Məkkəyə gələn ərəb qəbilələrini də İslama dəvət edirdi. Bunlar arasında Övs və Xəzrəc qəbilələrinin nümayəndələri də vardı. Onlar Məkkədən sonra Hicazın (Ərəbistan yarımadasının qərbindəki ərazinin adı – Red.) ikinci böyük şəhəri olan Yəsribdə (sonrakı adı Mədinə – Red.) məskunlaşmışdılar. 620-ci ildə bu qəbilələrin bəzi nümayəndələri Məkkəyə gələrək Məhəmməd peyğəmbərə beyət (birinin hakimiyyətini qəbul edərək ona tabe və sadiq olma – Red.) etdilər. Daha sonra onlar doğma şəhərlərinə dönərək İslamı yaymağa başladılar. Nəticədə Yəsrib şəhərində bir çox insan İslam dininə keçdi.
Bu zaman Məkkədə müsəlmanlara qarşı təqib pik həddinə çatmışdı. Artıq bu şəhər müsəlmanlar üçün təhlükəli bir yerə çevrilmişdi. Odur ki, 622-ci ildə məkkəli müsəlmanların əksəriyyəti, həmçinin Məhəmməd peyğəmbərin özü Yəsrib şəhərinə köçdü. Məhəmməd peyğəmbər Yəsribdə yerləşdikdən sonra bu şəhər "Mədinətur-rəsul" ("Peyğəmbərin şəhəri") və ya "Mədinə" adlandırıldı. Hicrət adlanan bu hadisə Hicri təqvimin başlanğıcı hesab olunur. Tezliklə, Mədinədə yaşayan ausa və hazrac kimi qəbilələr İslamı qəbul edərək Məhəmməd peyğəmbərin əsas tərəfdarları oldular. Məhəmməd peyğəmbərin ömrünün sonuna qədər bütün Ərəbistan yarımadasını — Ərəb xilafətini əhatə edən İslam teokratik dövləti yarandı.
Ömrünün sonuna qədər Mədinədə yaşayan Məhəmməd peyğəmbər 632-ci ildə dünyasını dəyişdi. O, Mədinədəki Peyğəmbər məscidinin ("Məscid ən-Nəbəvi"; "Məscidün-Nəbi" ərazisində yerləşən evində dəfn olundu.