Dövlət qulluqçularının etik davranış qaydaları haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun dövlət qulluqçuları üçün etik davranış qaydalarını və prinsiplərini və
onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir.
Fəsil 1.
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Qanunun əhatə dairəsi
1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil
edilir.
1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik
prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu Qanunun
müddəalarına əməl etməyə borcludur.
Maddə 2. Qanunun məqsədləri
2.0. Bu Qanunun məqsədləri aşağıdakılardan ibarətdir:
2.0.1. dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması,
vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi;
2.0.2. dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və
şəffaflığın artırılması;
2.0.3. dövlət orqanlarında korrupsiyanın və dövlət qulluqçularının fəaliyyətində
maraqların toqquşmasının qarşısının alınması;
2.0.4. dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının
təmin edilməsi;
2.0.5. dövlət qulluqçularından gözlənilən davranış barədə vətəndaşların
məlumatlandırılması;
2.0.6.
dövlət
orqanlarının
və
dövlət
qulluqçularının
fəaliyyətinin
qiymətləndirilməsinə vətəndaşların təsiri imkanlarının genişləndirilməsi.
Maddə 3. Xidməti davranışın hüquqi tənzimlənməsi
3.1 Dövlət qulluqçusunun xidməti davranışı qanunvericiliklə ona verilmiş
hüquqların həyata keçirilməsi və vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar
fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanunla müəyyən edilmiş
etik davranış qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2. Dövlət qulluqçusunun xidməti davranışı bu Qanuna və digər normativ hüquqi
aktlara uyğun olaraq tənzimlənir.
3.3. Bu Qanunla müəyyən olunmuş etik davranış qaydalarını dəqiqləşdirən
normalar, onlara riayət olunması ilə bağlı təminatlar dövlət orqanlarının digər
normativ hüquqi aktları ilə müəyyənləşdirilə bilər. Göstərilən normativ hüquqi aktlar
bu Qanunun müddəalarına zidd olmamalıdır.
Fəsil 2.
ETİK DAVRANIŞ QAYDALARI
Maddə 4. Vicdanlı davranış
4.1. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə
borcunu səmərəli yerinə yetirməyə borcludur.
4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi
olmalıdır.
Maddə 5. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması
5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə
yetirməyə borcludur.
5.2. Dövlət qulluqçusu etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına
hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir.
Maddə 6. Loyallıq
6.1. Dövlət qulluqçusu onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət
orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna
olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai
qiymət verilməsindən çəkinməlidir. Bu qayda dövlət qulluqçusunun elmi-pedaqoji
fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur.
6.2. Dövlət qulluqçusu dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya
sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı
sala biləcək hərəkətlərə yol verməməlidir.
6.3. Dövlət qulluqçusu dövlət orqanı tərəfindən açıq çıxışlarla bağlı müəyyən
olunmuş qaydalara əməl etməlidir.
6.4. Dövlət qulluqçusu qanunvericilikdə dövlət qulluğu ilə bağlı nəzərdə tutulmuş
məhdudiyyətlərə əməl etməlidir.
Maddə 7. İctimai etimad
7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət
qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.
7.2. Dövlət qulluqçusu etik davranış qaydalarının onun tərəfindən pozulması
nəticələrini aradan qaldırmağa, o cümlədən ictimai etimadın bərpası üçün tədbirlər
görməyə borcludur.
7.3. Dövlət qulluqçusu dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti
barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin
qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına
köməklik göstərməlidir.
Maddə 8. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə
və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət
8.1. Dövlət qulluqçularının fəaliyyəti insanların hüquq, azadlıq və qanuni
maraqlarının təmin olunmasına (qorunmasına və müdafiəsinə) xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan,
onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və
ya hərəkətsizliyə) yol verməməlidir.
8.3. Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət qulluqçusu
xidməti vəzifələrinin icrası ilə bağlı fiziki şəxslərin, habelə digər dövlət qulluqçularının
şəxsi həyatı, şərəf və ləyaqəti barədə ona məlum olmuş məlumatların konfidensiallığını
təmin etməlidir.
8.4. Dövlət qulluqçusu hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və
onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol
verməməlidir.
Maddə 9. Mədəni davranış
Dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya
tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.
Maddə 10. Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi
10.1. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və
səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi
tapşırıqları yerinə yetirməyə borcludur.
10.2. Dövlət qulluqçusu birbaşa və ya yuxarı rəhbər tərəfindən ona verilən əmrin,
sərəncamın və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına
əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim
etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə
təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr,
sərəncam və ya tapşırıq almasına baxmayaraq, dövlət qulluqçusu onların qanuna,
yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin
əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər.
10.3. Qanuni göstərişlərin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur.
Maddə 11. Qərəzsizlik
11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul
edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial
mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya
hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun
üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol
verməməlidir.
11.2. Dövlət qulluqçusu xidməti vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi
bitərəfliyə əməl etməyə borcludur.
11.3. Dövlət qulluqçusu özünün və ya maraqlı şəxslərin mənafelərinin onun
xidməti vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün
şərait yaratmamalıdır.
Maddə 12. Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə
edilməsinə yol verilməməsi
12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi və ya
qərarlar qəbul etməsi qadağandır.
12.2. Dövlət qulluqçusu onun hərəkətlərinin (hərəkətsizliyinin) və ya qərarlarının
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə gətirib
çıxarmasını istisna edən tədbirlər görməlidir.
12.3. Qanunvericiliklə müəyyən olunmuş qaydada şəxslərə əvəzsiz xidmət
(xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq
tələb edə bilməz.
12.4. Qanunvericiliklə müəyyən olunmuş ödəniş müqabilində vətəndaşlara xidmət
(xidmətlər) göstərən dövlət qulluqçusu həmin xidmətə (xidmətlərə) görə nəzərdə
tutulan məbləğdən artıq haqq tələb edə bilməz.
Maddə 13. Korrupsiyanın qarşısının alınması
13.1. Dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar
və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir.
Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan
asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və
maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun
qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir.
13.2. Tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı
olan əqdlərdə həmin dövlət qulluqçusu digər tərəf ola bilməz.
Maddə 14. Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər
14.1. Dövlət qulluqçusu xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya
bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat
qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər
şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda qonaqpərvərliklə bağlı və
dəyəri “Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunda nəzərdə tutulmuş
məbləğdən yuxarı olmayan hədiyyələrin təqdim olunduğu hallara şamil edilmir.
14.2. Dövlət qulluqçusu hədiyyənin qəbul edilməsi və ya qonaqpərvərlikdən
istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə birbaşa rəhbərinin
rəyini öyrənməlidir.
Maddə 15. Maraqlar toqquşmasının qarşısının alınması
15.1. Dövlət qulluqçusu qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol
verməməlidir və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün
istifadə etməməlidir.
15.2. Dövlət qulluqçusunun xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında
ziddiyyət yarana biləcəyi hallarda, o, qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna
qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə
məlumat verməyə borcludur.
15.3. Dövlət qulluqçusu başqa vəzifəyə keçmə ilə əlaqədar təkliflərin maraqların
toqquşmasına səbəb ola biləcəyi hallarda, bu barədə dövlət orqanının rəhbərinə
məlumat verməlidir. Dövlət qulluğuna xitam verildikdən sonra dövlət qulluqçusu
qanunvericiliklə müəyyən edilmiş müddət ərzində əvvəllər fəaliyyətinə nəzarət etdiyi
idarə, müəssisə, təşkilatlara və ya onların bölmələrinə işə qəbul edilə bilməz.
15.4. Dövlət qulluqçusu maraqların toqquşmasının qarşısının alınması üçün
qanunvericiliklə nəzərdə tutulmuş digər tədbirlər görməlidir.
15.5. Dövlət qulluqçusu vəzifəyə təyin edilərkən və bundan sonrakı müddətdə etik
davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının
qarşısının alınması ilə normativ hüquqi və normativ xarakterli aktlarla tanış
olmalıdırlar. Bu aktlara əməl edilməsi ilə bağlı hər hansı suallar yarandıqda bu barədə
birbaşa və ya yuxarı rəhbərinə müraciət etməlidir.
Maddə 16. Əmlakdan istifadə
16.1. Dövlət qulluqçusu istifadəsində olan dövlət əmlakından, maliyyə
vəsaitlərindən, rabitə, kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat
vasitələrindən və digər maddi-texniki təchizat avadanlıqlarından qənaətlə və səmərəli
istifadə etməlidir.
16.2. Dövlət qulluqçusuna dövlət əmlakından, maliyyə vəsaitlərindən, rabitə,
kompyüter və digər kommunikasiya sistemlərindən, nəqliyyat vasitələrindən və digər
maddi-texniki təchizat avadanlıqlarından şəxsi maraqları naminə, habelə həmin dövlət
qulluqçusu tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər
üçün istifadə etməsi qadağandır.
Maddə 17. Məlumatlardan istifadə
17.1. Dövlət qulluqçusu xidmət etdiyi dövlət orqanının sərəncamında olan
məlumatların qanunvericiliklə müəyyən olunmuş qaydada əldə olunması və yayılması
mümkünlüyünü təmin etməlidir.
17.2. Dövlət qulluqçusu dövlət orqanında müəyyən olunmuş xidməti
informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir.
17.3. Dövlət qulluqçusu xidməti fəaliyyəti zamanı əldə etdiyi məlumatları şəxsi
maraqları üçün istifadə edə bilməz.
Maddə 18. İctimai və ya siyasi fəaliyyət
18.1. Qanunvericiliklə başqa qayda nəzərdə tutulmamışdırsa, dövlət qulluqçusu
ictimai və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.
18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya
siyasi birliyə mənsubiyyəti onun xidməti vəzifələrini qərəzsiz və obyektiv yerinə
yetirdiyinə ictimai şübhə doğurmamalıdır.
18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən istifadə edərək digər dövlət
qulluqçularını ictimai və ya siyasi birliklərin və dini təşkilatların fəaliyyətində iştiraka
təhrik etməməlidir.
18.4. Dövlət qulluqçusuna dövlət orqanlarında ictimai və siyasi birliklərin
(həmkarlar ittifaqları istisna olmaqla), dini təşkilatların struktur bölmələrini yaratmaq,
yaxud həmin orqanlarda göstərilən struktur bölmələrin yaradılmasına yardım etmək
qadağandır.
18.5. Dövlət qulluqçusuna seçkilər zamanı öz vəzifə mövqeyindən və
səlahiyyətlərindən özünün və ya digər namizədlərin, siyasi partiyaların, siyasi
partiyaların bloklarının xeyrinə istifadə etmək qadağandır.
Fəsil 3.
ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA KEÇİRİLMƏSİNİN TƏMİN
OLUNMASI
Maddə 19. Təminatlar sistemi
19.0. Dövlət qulluqçusu tərəfindən etik davranış qaydalarına əməl olunması üçün:
19.0.1. dövlət qulluqçusunun davranışının etik davranış qaydalarına uyğunluğu
onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir;
19.0.2. dövlət qulluqçusu, onun birbaşa və ya yuxarı rəhbəri tərəfindən bu fəsildə
nəzərdə tutulmuş tədbirlər görülür.
Maddə 20. Etik davranış qaydalarına əməl olunmasına nəzarət
20.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri xidməti
qaydada, yuxarı orqan tabeçilik əsasında həyata keçirir.
20.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum etik davranış qaydalarına əməl
olunmasına nəzarəti nizamnaməsinə uyğun olaraq həyata keçirir.
Maddə 21. Dövlət orqanının rəhbəri tərəfindən nəzarət
21.1. Dövlət orqanlarında etik davranış qaydalarına əməl olunmasına nəzarəti
həmin orqanların müvafiq qurumları həyata keçirir.
21.2. Dövlət orqanının rəhbəri:
21.2.1. tabeliyində olan dövlət qulluqçularının xidməti davranışlarının bu Qanunla
müəyyən olunan etik davranış qaydalarına uyğunluğuna nəzarət etməli və onun
təhlilini aparmalıdır;
21.2.2. öz davranışı ilə etik davranış qaydalarına əməl olunması nümunəsi
göstərməlidir;
21.2.3. tabeliyində olan dövlət qulluqçuları arasında onların tutduqları vəzifələrə
uyğun olaraq vəzifə bölgüsü aparmalıdır;
21.2.4. tabeliyində olan şəxsləri hüquqa və hamılıqla qəbul edilmiş etik normalara
zidd olan hərəkət etməyə və qərarlar qəbul etməyə sövq etməməlidir;
21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına və onların struktur bölmələrinə
kadrların seçilməsi və yerləşdirilməsi zamanı qanunvericiliyin tələblərinə əməl
etməlidir;
21.2.6. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və
profilaktikası üzrə tədbirlər görməlidir;
21.2.7. tabeliyində olan dövlət qulluqçularına etik davranış qaydalarını izah etməli
və müraciət olunduğu təqdirdə etik davranış qaydalarına əməl olunmasına dair onlara
tövsiyələr verməlidir;
21.2.8. öz səlahiyyətləri çərçivəsində bu Qanunla müəyyən olunmuş etik davranış
qaydalarını və onlara əməl olunması ilə bağlı təminatları konkretləşdirən normativ
hüquqi (və ya normativ xarakterli) aktları işləyib hazırlamalı və təsdiq etməlidir;
21.2.9. etik davranış qaydalarını pozan dövlət qulluqçularının intizam
məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir;
21.2.10. etik davranış qaydaları və dövlət qulluqçuları tərəfindən həmin qaydalara
əməl olunmasını tələb etmək hüquqlarına malik olmaları barədə vətəndaşları və
təşkilatları məlumatlandırmaq üçün tədbirlər görməlidir;
21.2.11. etik davranış qaydalarının pozulması halları ilə bağlı həyata keçirilmiş
tədbirlər barədə vətəndaşları, təşkilatları və dövlət orqanlarını məlumatlandırmalıdır;
21.2.12. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması,
habelə dövlət orqanına ictimai etimadın artırılması üçün tədbirlər görməlidir;
21.2.13. etik davranış qaydalarına əməl olunması ilə bağlı qanunvericiliklə nəzərdə
tutulmuş digər vəzifələri həyata keçirməlidir.
Maddə 23. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət
23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam
məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
23.2. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə
nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
23.3. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər:
23.3.1. bu Qanunun müddəalarının dövlət qulluqçusu tərəfindən pozulması
barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi;
23.3.2. kütləvi informasiya vasitələrində dövlət qulluqçusu tərəfindən bu Qanunun
müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın
dərc edilməsi.
23.4. İntizam icraatı zamanı dövlət qulluqçusu tərəfindən yol verilən hüquq
pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, həmin əlamətləri aşkar
etmiş dövlət orqanının rəhbəri bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.
Maddə 24. Bu qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2007-ci il
№ 352-IIIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009-cu il, № 06, maddə 399)
2.
31 may 2017-ci il tarixli 686-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 iyul 2017-ci il, № 149, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, №7 , maddə 1253)
Dostları ilə paylaş: |