Ərzaq təhlükəsizliyi Ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün önəmli addımlar atılıb və bu istiqamətdə işlər ardıcıllıqla davam etdirilir. Azərbaycanda ərzaq təhlükəsizliyinin böyük hissəsi ölkə daxilində formalaşdırılır. Buğda istehsalı istisna olmaqla, bütün digər əsas ərzaq məhsulları ilə özümüzü böyük dərəcədə təmin edirik. Ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar sahənin üzərinə böyük yük düşür. Dünyanı dolaşmaqda olan koronavirus pandemiyasının və təbiətin, yəni quraqlığın yaratdığı çətinliklərə baxmayaraq, ölkəmizin kənd təsərrüfatında işlər bir an belə dayanmır. Cari ilin birinci yarısının yekunlarına görə, aqrar sahədə 2,2 faiz artıma nail olunması bunun aydın göstəricisidir. Bu dövrdə bitkiçilik məhsulları istehsalında artım dinamikası davam edib. 2020-ci ilin 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz çox tərəvəz, 5,3 faiz çox meyvə və giləmeyvə, 9,7 faiz çox kartof istehsal olunub. İndiyədək 1 milyon 800 min ton buğda yığılıb. Buğda istehsalı təxminən 1 milyon 900 min ton ətrafında gözlənilir. Bununla yanaşı, ilin əvvəllərindən havaların quraq keçməsi, yağıntıların miqdarının az olması əkin balansının əsas hissəsini təşkil edən taxılın becərilməsində müəyyən problemlər yaradıb. Mart-aprel aylarında havaların yağıntılı olması vəziyyəti qismən xilas etsə də, bir sıra rayonlarda, xüsusilə aran bölgələrində 100 min hektar ərazidə taxıl sahələrinə ziyan dəyib. Suvarma problemi yaşanmayan digər rayonlarda məhsuldarlıq əvvəlki illə müqayisədə xeyli yüksək olsa da, quraqlıq keçmiş ərazilər səbəbindən bu il taxıl üzrə ümumi nəticə ötən ilə nisbətən 5,5 faiz az təşkil edib. Quraqlıq və su çatışmazlığı pambıq bitkisinin becərilməsinə də öz təsirini göstərməkdədir. Təsadüfi deyil ki, bu il iyulun 23-də Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə aqrar sahənin suvarma suyu ilə təminatı ən əsas məsələlərdən biri kimi müzakirə edilib. Qeyd olunub ki, cari ildə 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Pambıq əkinləri üzrə 7 min hektar sahədə birinci vegetasiya suvarması hələ də başa çatmayıb. Pambığın suvarılmasında ən kritik faza ikinci vegetasiya suvarması sayılır. İkinci vegetasiya suvarması vaxtında aparılmasa, məhsuldarlıq 25-40 faiz aşağı düşə bilər. Hazırda daha çox Saatlı, Sabirabad, Biləsuvar, Zərdab, Salyan və Neftçala rayonlarında pambığın suvarılması üzrə bəzi problemlər müşahidə olunur. Bundan əlavə, 35 rayon üzrə 50 min hektar sahədə təkrar qarğıdalı əkini nəzərdə tutulub. Bu günədək 36 min hektar sahədə səpin aparılıb. Hazırda suvarma problemi ilə əlaqədar bu işin həyata keçirilməsində çətinliklər yaşanır. Su çatışmazlığı və quraqlıq şəkər çuğunduru, çəltik, heyvandarlıq üçün yem bitkilərinin yetişdirilməsinə, meyvə bağlarına da mənfi təsir edə bilər. Mövcud vəziyyətin aradan qaldırılması üçün dövlət tərəfindən genişmiqyaslı və çoxşaxəli tədbirlər həyata keçirilir. Sözügedən müşavirədə dövlət başçısı suyun həm həyat, həm inkişaf, həm də təhlükəsizlik olduğunu bir daha vurğulayaraq demişdir: "Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu var. Sadəcə olaraq, əgər dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu dözülməzdir. Biz suyu itiririk. Beləliklə, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur. Bizim indi ən çox əməktutumlu sahələr taxılçılıq və pambıqçılıqdır. Pambıqçılıq, ümumiyyətlə, su olmadan inkişaf edə bilməz. Pambıqçılıqda təqribən 200-300 min adam işləyir, öz ailə büdcəsini təmin edir. Biz müasir texnologiyaların, o cümlədən müasir suvarma sistemlərinin mövcud olduğu taxılçılıq təsərrüfatlarında hər hektardan təqribən 70-80 sentner buğda alırıq. Bu, inkişaf etmiş ölkələrin səviyyəsindədir. Yəni bu, dünyada ən yüksək səviyyədir, bundan yüksək səviyyə yoxdur. Əgər su olmasa, biz buna nail ola bilərikmi? Biz indi taxılçılıqda müasir texnologiyaların tətbiq edilməsi ilə mövcud əkin sahələrində, bəlkə də bir qədər az əkin sahələrində daha çox məhsul istehsal edə bilərik, idxaldan daha az asılı ola bilərik.” Ərzaq təminatı sahəsində təhlükəsizlik ölkəyə qida məhsullarının idxalının tamamilə dayandırılmasına nail olmaq demək deyil. Bu, absurd fikirdir. O mənada ki, dünyanın heç bir ölkəsi yerli istehsal hesabına özünü ərzaqla 100 % təmin edə bilməz. İdxalsız keçinmək mümkün olmadığı kimi, xaricdən bu və ya digər növ qida məhsulları gətirmədən daxili bazarı bütün növ yeyinti ilə təmin etmək də əsla, real deyil. Bunun üçün inkişaf etmiş, həmçinin ən çox ərzaq məhsullarının ixracı üzrə ixtisaslaşmış ölkələrin bazarlarına nəzər salmaq kifayətdir. Söhbət, ABŞ, Avropa Birliyinin bəzi, o cümlədən kənd təsərrüfatı məhsulları istehsalı üçün tələb olunan təbii şəraiti və texnoloji imkanları geniş olan ölkələrdən gedir. Azərbaycan isə bu gün elə növ ərzaq məhsulları idxal edir ki, bunları özümüz də tam istehsal edə bilərik. Ərzaq təhlükəsizliyi əslində məhz, buna xidmət etməlidir. 2004-2013-cü illərdə kənd əhalisinin sayının təqribən 11 % artması fonunda ümumi kənd təsərrüfatı məhsulları istehsalı həcminin 3,3 dəfə artması, bitkiçilikdə əkin sahələrinin 64,2 min hektar genişlənməsi ilə əksər bitki növləri üzrə məhsuldarlıq səviyyəsinin yüksəlməsi, heyvandarlıq məhsulları istehsalının da 2004-cü ildə qeydə alınan 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək ümumi kənd təsərrüfatı məhsulları strukturunda 49,5 %-ə çatması, özümüzü heç də bu və ya digər növ ərzaq ilə tam təmin etdiyimizi göstərmir. Üstəlik, idxal da artır. Cari ilin yanvar ayında ixrac məhsulları sırasında xam neft və neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər, yağlar, şəkər, kimya sənayesi məhsulları mühüm yer tutmuşdusa, idxalda qida məhsulları üstünlük təşkil edib. Ümumiyyətlə, 2013-cü ilə dair statistikaya əsasən, ötən il yeyinti məhsullarının idxalı 2012-ci illə müqayisədə 7,34 % artaraq ümumi idxalın 11 %-inə yaxınlaşmışdır ki, ümumi idxalın 1/10 hissəsindən çoxunu ərzaq müəyyən etmişdir. 2013-cü ildə ixrac olunan mallarının çeşidi 2 min ədəddən bir az yuxarı təşkil etdiyi halda idxal olunan mallar bir neçə dəfə çox artaraq 6 mini keçmişdir. Bu isə çeşidin də genişləndiyini göstərir. Bir sözlə desək, “2008-2015-ci illərdə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı”na əsasən, 2015-ci ilə qədər özümüzü kənd təsərrüfatı məhsullarının əsas növləri ilə təmin etməli və istehsalın artığını isə xaricə ixrac etməli olduğumuz halda, əks mənzərə hökm sürür.