Fakültə: Filologiya İxtisas: Filologiya Kurs: 1 Müəllim: Mahmud Allahmanov



Yüklə 59,72 Kb.
tarix28.12.2021
ölçüsü59,72 Kb.
#48170
Xaqani yaradıcılığında vətən və xalq problemi


BAKI AVRASİYA UNİVERSİTETİ



Fakültə: Filologiya

İxtisas: Filologiya

Kurs: 1

Müəllim: Mahmud Allahmanov

Tələbə: Gülməmmədova Məlakə

Mövzu: Xaqani yaradıcılığında vətən və xalq problemi

BAKI-2021

Xaqani yaradıcılığında vətən və xalq problemi

Dünya şöhrətli Azərbaycan şairi, mütəfəkkir Xaqani Şirvani 1126-cı ildə Şamaxıda anadan olub. Əsl adı İbrahimdir. Xaqani onun təxəllüsü, Şirvani mənsub olduğu yerin adıdır. Xaqani 8 yaşında atasını itirib, dövrünün tanınan alim və həkimi olan əmisi Kafiəddin Ömər Osman oğlunun himayəsi və tərbiyəsi altında böyüyüb.

Xaqani Şirvani gənc yaşlarından dövrünün müxtəlif elmlərinə dərin maraq göstərib. Şərqin bir çox elmlərinə vaqif olan Xaqani bütün bunları quru, yorucu bir dillə deyil, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. O, bir sıra simvol və eyhamların köməyilə özü və mühiti arasında olan dərin ziddiyyətləri açıb göstərməyə nail olub.

Bu baxımdan Xaqani yaradıcılığına dialektik inkişaf meyli xasdır. O, təbiət və cəmiyyəti donmuş halda deyil, daim inkişaf və yüksəlişdə götürüb baxmağa güclü meyl nümayiş etdirir.

Gənc yaşlarından yüksək şairlik istedadını göstərən Xaqani Şirvanşahlar sarayına dəvət edilir və orada böyük şöhrət qazanır. O, klassik Şərq poeziyasının bütün janrlarında yüksək sənətkarlıq nümunəsi yaradıb. Əsərləri Yaxın Şərq ölkələrinə yayılaraq müasirlərinin diqqətini cəlb edib.

Xaqani Şirvaninin ədəbi irsi çox zəngindir. Yaxın Şərqə etdiyi səfərdən qayıtdıqdan sonra o, Yaxın Şərq ədəbiyyatı tarixində epik poeziyanın ilk görkəmli nümunələrindən hesab edilən “Töhfətül-İraqeyn” adlı məsnəvisini yazıb. Əsər dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından da çox əhəmiyyətlidir. Xaqani “Mədain xəbərləri” adlı məşhur fəlsəfi qəsidəsində müasirləri üçün maraqlı fikirlər irəli sürüb. O, şeirinin tərbiyəvi gücünə inanır, şairlik sənəti haqqında deyirdi: “Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət hər şair tərbiyə verməyi bacarmalıdır!”.

Xaqani Şirvani vətənpərvər bir şair idi. O, vətəni Şirvanı füsunkar təbiəti, bolluq, bərəkət ölkəsi, şairlər ocağı kimi tərənnüm edib. Azərbaycan ədəbiyyatı tarixində Qətran Təbrizi ilə başlanan qəzəl janrı Xaqani Şirvani və Nizami Gəncəvi yaradıcılığında kamillik dərəcəsinə çatıb. Cərəyan edən hadisələri real surətdə əks etdirməyə çalışan şair, saraylara nifrətini, xalqa yaxınlıq və sədaqətini, “Xaqani” deyil, “Xəlqani” olduğunu poetik bir dillə bildirib. Xaqani Şirvani eyni zamanda mahir bir nasir olub. O, “Töhfətül İraqeyn” məsnəvisində nəsrlə yazdığı müqəddimə və dövrünün məşhur adamlarına mürəkkəb bədii tərzli ifadələrlə yazdığı məktubları, istişarə, eyham və mübaliğələri ilə diqqəti cəlb edib.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da, şeirə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə Azərbaycan məktəbini təmsil edib. Xaqaninin əsərlərində Şərqin bir çox görkəmli şairləri nəzirələr yazıb. Şairin bədii irsinin öyrənilməsi ilə Azərbaycan, İran, Rusiya, Hindistan, Pakistan və Qərbi Avropa tədqiqatçıları məşğul olub.

Azərbaycan alimləri şairin həyatını və yaradıcılığını öyrənməklə dəyərli işlər görüb. Xaqaninin poetik əsərlərinin müəyyən hissəsinin Azərbaycan dilinə tərcüməsi M.Rahim, Ə.Vahid, M.Mübariz və başqalarına məxsusdur.

Xaqani Şirvaninin əsərləri Hindistanda, İranda dəfələrlə çap edilib. Yaradıcılığı 12-ci əsrdən tədqiqatçıların diqqətini cəlb edib, Azərbaycan, rus, Qərbi Avropa, İran, Türkiyə, Hindistan və s. ölkələrin şərqşünasları tərəfindən öyrənilib.

Xaqaninin zəngin ədəbi irsi 17 min beytlik lirik şeirlər divanı, “Töhfətül-İraqeyn” məsnəvisindən, bədii nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Divanı şeirlər, qəsidə, qəzəl, mədhiyyə, mərsiyə, rübai və s. ibarətdir. Onun ictimai-fəlsəfi məzmunlu əsərlərinə “Şiniyyə” və “Mədain xəbərləri” qəsidələri, “Həbsiyyə” şeirləri və “Töhfətül-İraqeyn” məsnəvisi daxildir. 

“Kitabi-Dədə Qorqud” eposunun bizə gəlib çatan əlyazma nüsxələrinin köçürülmə tarixi XVI əsrdə dövrün ən böyük şairlərindən biri kimi tanınan Əfzələddin Xaqani yaradıcılığında diqqəti ən çox çəkən cəhət, hər beytdə, hər misrada özünü göstərən dərin obrazlıq və elmilikdir.

İslam Şərqinin bir çox elminə vaqif olan sənətkar bütün bunları quru, yorucu bir dillə deyil, şirin, cazibədar, heyranedici poeziya dili ilə təqdim edir. Dövrünün elmlərini dərindən bilən Xaqani bəzən incə bir eyhamla bütöv əsərlərə sığa bilən fikir ifadə etmiş olur. Bəzən isə onun əsərlərində dövrünün şəriət xadimlərinin müəyyən etdiyi ehkamlarla uyuşmayan ezopdilli qənaətlər də irəli sürülür, poetik simvollardan geniş istifadə edilir.

Xaqani yaradıcılığında nəzərə çarpan bəşərilik və insanlığa dərin istək onu təkcə öz xalqının deyil, bir çox xalqların doğma mütəfəkkirinə çevrilmişdir. H.Araslı çox haqlı olaraq yazır: "Dünya ədəbiyyatı tarixində elə böyük sənətkarlar vardır ki, onların yaratdığı sənət əsərləri tək öz xalqının deyil, bir çox xalqların fikri inkişafına təsir göstərərək, əsrimizə qədər yşamış və öz müəlliflərinin şərəfli adını yaşatmışdır. Dahi Azərbaycan şairi Əfzələddin Xaqani də dünya ədəbiyyatının belə ölməz simalarındandır".

Xaqaninin feodalizm quruluşunun qüsurlarına və özbaşınalıqlarına qarşı barışmaz mövqeyi, siyasi idealının demokratikliyi, siyasi-hüquqi görüşlərinin humanist məzmunda, ruhda olması məşhur "Töhfətül-İraqeyn" əsərində əks olunur. Mütəfəkkirin müasir olduğu cəmiyyətə baxışlarında zəmanənin zülmkarlığı ilə özünün insanpərvərliyi arasında dərin bir uçurum olduğu aydın nəzərə çarpır. Öz mövqeyi ilə istedadsız müasirlərinin mövqeyi arasında keçilməz sədd görən Xaqani özünü sanki həqiqətlə yalan, mərdliklə namərdlik, işıqla zülmət əhatəsində hiss edir.

M.İbrahimov yazır ki, "Töhfətül-İraqeyn" orta əsrlər Azərbaycan ədəbiyyatının güclü ictimai motivlərlə, işıqlı humanist fikirlərlə, realist bədii təfəkkürün əks etdirdiyi həyati lövhələrlə parlanan əsərlərdəndir. Şair səfər zamanı rast gəldiyi hadisələrə və bütün gördüklərinə ictimai ədalət, haqq və düzgünlük mövqeyindən qiymət verir, oğurluğu, karvanların qabağını kəsən quldurları, "insanlığa, azca da olsa, hörməti olmayanları", "duyğusuz ürəkləri", "gecə adam yeyən, gündüz İsa ilə oturub-duran aşpazları" pisləyir. O öz zəmanəsi üçün və ictimai zülmə əsaslanan bütün quruluşlar üçün səciyyəvi olan bir sıra sağalmaz yaraları ürək ağrısı ilə açıb göstərir.

Xaqani "Töhfətül-İraqeyn" əsərində saray mühitilə əlaqədar fikir və mülahizələrini, gündəlik müşahidələrini, bəzən saatbasaat şahidi olduğu mənzərələri ümumiləşdirərək, onların bir qismini sosial-siyasi müstəvi üzərinə çıxarmışdır. Mütəfəkkirin gəldiyi ilk qənaətlərdən biri hökmdar sarayında özünə möhkəm yer etmiş yalandır. Yalanın törətdiyi bəlalar nadanları o qədər şirnikləndirmişdir ki, bəziləri onu özünə peşə etmişdir. Yalan nadanların əlində artıq şüara çevrilmişdir. Rüşvətxorluq, haram mal yemək də məhz yalanın və onun daşıyıcılarının cinayətkar əməllərinin nəticəsidir.

A.Quliyev yazır: "Məlum olduğu kimi, Xaqaninin ömrünün xeyli hissəsi səyahətlərdə keçmişdir. Mütəfəkkir ayaq basdığı ölkələrin tanınmış alim və ziyalıları ilə söhbətlərindən mənəvi zövq aldığı qədər, şahidi olduğu haqsızlıqlardan da bir o qədər kədərlənmişdir. Orta əsr feodal mühitinin əsl təbiətini açıb göstərməyə səy edən Xaqani mövcud zülmü və haqsızlıqları insanlığın ümumi dərdi və bütün bəşəriyyətin faciəsi kimi dərk etmişdir. Elmi, mədəniyyəti, adət və ənənələri ildə yaxından tanış olduğu bütün ölkələrdə ədalətsizliklərlə üzləşən mütəfəkkir sadə insanların simasında sonsuz tərəddüd və ümidsizlik cizgiləri görmüşdür. Böyük haqsızlıqlar insanlarda dərin qorxu hissləri yaratmışdır. İnsanlar üçün ədalətsizliklər ocağına çevrilmiş dünya evinin nə vaxt düzələcəyi Xaqaninin özündə ümidsizlik yaratmışdır".

Nəzərə almaq lazımdır ki, Xaqani öz zəmanəsinin oğlu idi və islami dəyərlər ona heç vaxt yad, o isə bu dəyərlərə laqeyd olmamışdır. Şübhəsiz ki, görkəmli mütəfəkkir müasiri olduğu dövrdə artıq özünə vətəndaşlıq qazanmış islam dininə dərin rəğbət bəsləmişdir. Lakin Xaqaninin dünyagörüşündə islam dininə münasibətin və ictimai-siyasi görüşlərində ona müraciətin özünəmxsus spesifikliyini də görməmək mümükün deyil. H.Araslı yazır: "Orta əsr şəraitində ölkənin hökmdarları ilə ən nüfuzlu saray xadimləri və onların tərəfini saxlayan ziyalılarla mənəvi-fikri mübarizədə şairin doğruluq və ədalət tələbi şübhəsiz ki, bir sıra ruhani dairələrin köməyi olmadan öz təsirini göstərə bilməzdi. Onun tez-tez Məhəmmməd peyğəmbərə və dövrünün məşhur din xadimlərinə müraciəti də məhz buradan irəli gəlirdi. Yunan fəlsəfəsi və İbn Sina görüşlərinə böyük əhəmiyyət verən mütəfəkkirin... bəzi hallarda antik fəlsəfəyə və Əbu Əli İbn Sina görüşlərinə mənfi münasibəti də bu baxımdan anlaşılmalıdır. Xaqani bir çox əsərlərində Ərəstunun, Əflatunun adını hörmətlə çəkir. O, əmisinin dərin bilikli bir adam olmasını göstərmək istəyəndə, onu zəmanəsinin Ərəstunu, Büqratı adlandırır".

A.Quliyev yazır: "Xaqaninin ictimai-siyasi fikirlərinin dərin humanizmi, onun yaradıcılığında yoxsul xalq kütlələrinin mənafeyinin müdafiəsi, zülmə və istibdada, hüquqsuzluğa və ədalətsizliyə qarşı çevrilmiş mübarizə ruhu, habelə ümumbəşəri ideallar məhdud milli çərçivənin hüdudlarını aşaraq, dünyanın bir çox haqqsevər xalqlarının sonsuz hörmətini qazanmışdır. Bütün bunlar böyük iftixar hissi ilə söyləməyə əsas verir ki, Xaqani yalnız Yaxın və Orta Şərqin deyil, dünya Renessansının ilk böyük nümayəndələrindən biridir".

Göstərmək zəruridir ki, Xaqani müstəbid hökmdarları, haqsızlığa bürünmüş hökmdar saraylarını və ədalətsizliklər yuvası olmuş səltənətləri tənqid edənlərin ön cərgəsində getmişdir. H.Araslı çox haqlı olaraq yazır ki, "Xaqanı Yaxın Şərq ədəbiyyatı tarixində sarayları, şahlığı, saray mühitinin çirkinliklərini ilk dəfə kəskin tənqid atəşinə tutan böyük sənətkardır. Şair uzun müddət sarayda yaşayıb, orada baş verən hadisələri, zülm, əsarət, xəyanət və ədalətsizlikləri gözü ilə görmüş, ikiüzlü saray əyanları ilə çox qarşılaşmışdı. Odur ki, çox zaman şəxsi həyatı ilə bağlı hadisələrdən çıxış edən mütəfəkkir gördüyü haqsızlıqları qələmə alırdı". Qərbi Avropada hələ XIV yüzilliyin sonu XV yüzilliyin başlanğıcından formalaşmağa başlamış İntibahın nümayəndlələrindən, xüsusən də humanistlərindən təqribən IV əsr əvvəl Xaqani insanın təbii hüquqları, ümumiyyətlə, insan həyatının ziddiyyətli və görünməyən cəhətləri ilə bağlı məsələlərə ciddi diqqət yetirmişdir. O öz dövrünün böyük humanisti kimi, insanın səadəti və tükənməz dərdləri haqqında düşünməklə məhdudlaşmamış, bütün bunların həqiqi mahiyyətini dərk etməyə səy göstərmişdir. Xaqani sözün həqiqi mənasında, yorulmaz ədalət axtarıcısı kimi, hətta Ulu Tanrının mərhəmətinə sığınmış, Ondan insanlıq üçün xoş güzəran, xoşbəxtlik və səadət arzulamışdır:

Dünyanın haqsızlıqlarının, dövrün sosial bəlalarının və ümumiyyətlə, ictimai qüsurların kəskin tənqidi Xaqaninin sosial-siyasi ideyalarının nüvəsini təşkil edir və onun görüşlərinin bu spesifikliyi böyük mütəfəkkirə ümumdünya şöhrəti qazandırmışdır.

Şair uşaqlıq və gəncik illərinin sevincli çağları ilə həyatının sonrakı dövrünü müqayisə edir; bir yanda yüksək istedad, əks tərəfdə düşmən mühit. Bir yanda Xaqani dühası, əks qütbdə Şirvan şəri. Bir yanda hünər, bir yanda paxıllıq. Bu təzad şairi incidir, kədərləndirir. Dahi şair özünü Şirvanda məhbus sayır. Gözəl Şamaxı onun gözündə zindana oxşayır. Nə qədər acı da olsa, vətənin şairə, zindana çevrildiyi etiraf edilir. Qəlbinin və ruhunun bütün gücü ilə sənətkar saraylara nifrətini, sadə təmiz insanlara isə məhəbbətini əks ctdirir. Üzük və Xızırla söhbət epizodlarında Xaqaninin üsyankar, əyilməz təbiəti, insansevər ruhu aşkar olur.

Xaqani irsinin mühüm qismini qəzəllər təşkil edir. Onun qəzəl yaradıcılığı o biri əsərlərindən müəyyən dərəcədə seçilir. Şair bu janrın tələblərinə riayət edir, məhəbbət motivini ön plana çəkir. Əsasən, aşiqanə qəzəl yazan şair sözarası ictimai hadisələrə də toxunur, dövrdən narazılığını bildirir. Türk alimi Əhməd Atəşin qənaətinə görə, artıq Xaqani irsində qəzəl bir janr kimi sabitləşir. Bu dövrdə başqa şairlərdə olduğu kimi, Xaqani qəzəlləri də mövzuca bütövdür. Onlarda nikbinlik duyğusu vardır. Xaqani də Şərq intibahının başqa şairləri kimi eşqi ən ülvi bir hiss olaraq tərənnüm edir.

Xaqaninin məntiqinə görə, insanların sosial bərabərliyi təbii bərabərlikdir, çünki bütün isanlar bərabər doğulurlar. Hökmdar da, sadə yoxsul da öz mənşəyi etibarilə bərabərdir. Bununla belə, xalqın ağır vəziyyətinin köklü səbəbləri mütəfəkkirə bütün təfərrüatı ilə məlum deyildi və bu, onu dərindən kədərləndirirdi. Dünyada insaf və mürvətdən heç bir əlamət qalmamışdır. Qəm, kədər və səfalət xalqın nəsibi olmuşdur:

Sosial ədalətin, azadlığın olmadığı bir cəmiyyətdə mənəvi rəzalətlər həyatın demək olar ki, bütün mərhələlərində özünü büruzə verməlidir. Xaqaninin dahiliyi, humanizminin əzəmətli və insan şəxsiyyətinə dərin ehtiramı özünü cəmiyyətin ədalətsizliklərinə qarşı tutduğu mübariz mövqeyində bütün parlaqlığı ilə göstərirdi. Artıq qeyd olunduğu kimi, mütəfəkkir sosial bəlaların köklü səbəblərinin müəyyən edilməsində aydın təsəvvürlərə malik deyildi. Onu yetirən zəmanənin özü bu səbəblərin həqiqi köklərini üzə çıxarmaqda aciz idi. Lakin bununla belə, Xaqani cəmiyyətdə mövcud olan ədalətsizliklərin səbəbini insanın anadangəlmə naqisliyində, insan təbiətinin qəbahətli keyfiyyətlərində, insanın həyat şəraitini dözülməz vəziyyətə salan sosial quruluşun özünün haqsızlığında görürdü. Ümumiyyətlə isə o, bütün sosial bəlaların varlığını zəmanənin özünün təbiəti ilə əlaqələndirirdi:

Xaqaninin sosial-siyasi ideyaları, müəyyən məqamlarda bu ideyalardakı ittiham xarakterli fikirlər təsirsiz ötüşməmişdir. Belə ki, mütəfəkkir "...tarixə müraciətlə zalım müasirlərinin ədalətsiz işlər üçün cavab verəcəklərini bildirmir, uzun illər xalqın qanını soran tacidarları böyük fəlakətlərin izlədiyini göstərmişdir. Xaqani obrazlı ifadələrin köməyilə eyş və əyləncəni Zöhhakın qaniçən, insanlara əziyyət verən ilanlarına bənzədir, ədaləti isə hər iki ilanı öldürən Firudin qoşunu kimi mənalandıraraq, zülmdən çəkinməyə, ədalətli olmağa çağırırdı".

Vəziyyətin dözülməzliyi nöqteyi-nəzərindən zəmanənin rəzil adamları, hakim qara qüvvələr qarşısında mərdanə dayanmağı, fəal mübariz olmağı, zindan qorxusuna və həyatın digər iztirablarına əzmkarlıqla sinə gərməyi dönə-dönə təkrar etsə də, aşağıdakıları da öz müasirlərinə tövsiyə edirdi.

Xaqani yaradıcılığında qitə şəkli də mühüm yer tutur. Onun qitələrində ya olmuş hadisə və fakta münasibət əks olunur, ya da ictimai, əxlaqi, fəlsəfi bir məsələ ətrafında fikir yürüdülür, hər qitənin də əsasında bir fakt, bir fikir, ideya durur. Əgər qəsidələrdə şair müxtəlif məsələlər ətrafında geniş, rəngarəng düşüncə və fikirlər silsiləsi yaradırsa, qəzəllərdə daha çox insan qəlbinin ülvi, yüksək duyğularını əks etdirirsə, qitələrində ancaq bir mətləb izlənilir, bir neçə beyt əsasında həmin mətləb ifadə olunur. Bu ümumi keyfiyyətlə bərabər, Xaqani qitələrində konkretlik özünü aydın göstərir.

Xaqani dedikdə həmişə güclü, coşqun bir inkar yada düşür. Şairin əsərlərində, hər şeydən əvvəl, bu inkar diqqəti cəlb edir. Xaqaniyə 12 əsrin ən böyük inkarçısı desək, səhv etmərik. Bu inkar nəyə qarşı yönəlmişdir? Şair nəyin xatirinə inkar edir? Bu iki suala cavab vermək, onun Azərbaycan intibah mədəniyyətindəki yerini müəyyənləşdirmək, şairin hansı cəbhədə durduğunu, hansı ideallarla yaşadığını aydınlaşdırmaq deməkdir.

İnkarçı Xaqaninin böyüklüyü özünü xəlqani, yoxsullar sirdaşı və məhrəmi saymasındadır. Qoy düşmən onun başına döysün, onun düşüncələrini başından çıxarmağa çalışsın, məst filin yadından Hindistan – humanist ideallar, arzular dünyası çıxmaz, o, orta əsrlərlə bağlanmaz. “Eşşəklərin belinə yun palan qoyan, itlərin boğazına qızıl xalta bağlayan” zəmanəni şair Xaqani qəbul edə bilməz. Onun poeziya bayrağında yazılan şüar budur: “Rədd olsun orta əsrlər! Onun qanunları, cahilliyi, sədaqətsizliyi, acgözlüyü!”

Onun inkarı orta əsri, şimşək kimi caxıb, ildırım kimi gurlayırsa, İntibah gülüstan üçün mehriban bahar yağışına, ətirli səhər nəsiminə çevrilir, onu təsdiq edir. Xaqaninin böyüklüyü məhz bundadır. Azərbaycanda Xaqani irsinin öyrənilməsi ilə H.Araslı, M.Quluzadə, M.Sultanov, Q.Kəndli məşğul olmuşlar. M.Sultanov Xaqani irsinin nəşri və tərcüməsi sahəsində xeyli iş görməklə bərabər, onun haqqında ilk monoqrafiyanı da qələmə almışdır. Xaqani irsinin tədqiqi ilə ardıcıl şəkildə Qafar Kəndli məşğul olmuş, ölkəmizdə və xaricdə şair haqqında bir sıra samballı məqalələr dərc etdirmişdir. O, uzun illərdən bəri apardığı tədqiqatın bir hissəsini “Xaqani Şirvani: həyatı, dövrü və mühiti” adı ilə nəşr etdirmişdir. Zəngin faktik material əsasında yaradılan bu tədqiqat işi bütünlüklə klassik irsin öyrənilməsində yeni hadisədir. Xaqani poeziyası öz dövrundən başlayaraq bu günə qədər Şərqin, o cümlədən Azərbaycanın bir çox sənətkarları üçün örnək, nümunə olmuşdur. Əmir Xosrov Dəhləvi, Əbdurrəhman Cami, Məhəmməd Fizuli kimi sənətkarlar bu dahi şairin “Şiniyyə”sinə cavab yazmış, Seyid Əzim Şirvani özünü onun naibi saymış, Sabir bəzi mənaları ondan iqtibas etmişdir. Xaqani yaradıcılığı Azərbaycan və dünya poeziyasının qiymətli hadisələrindən biridir.



ƏDƏBİYYAT

  1. Xaqani Şirvani. Seçilmiş əsərləri (ön söz X.Yusifli). Bakı, “Lider Nəşriyyat”, 2004, s.4-20

  2. Söz mülkünün Xaqanı: metodik vəsait / tərt. ed. Aynurə Əliyeva, ix. red. və burax. məsul Şəhla Qəmbərova; F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2016.- 33s.

  3. Qacar Ç. Poeziya Xaqanı : Xaqani Şirvani // Azərbaycan qədim və orta əsrlərdə. Görkəmli şəxsiyyətlər. - B. : Oka Ofset, 2012. - S. 98-107.

Yüklə 59,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin