F nn Az rbaycan dilind i g zar v akademik kommunikasiya
Fənn:Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu:Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Kommunikasiya mədəniyyəti Plan: Fənnin məqsəd və vəzifələri
Eminli B., Paşayeva G. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya.Sumqayıt, 2021
Məmmədli N. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya.
Bakı, 2021
Xəlilov B. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya. Bakı, 2020
Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 2003
Şiriyev F.Azərbaycan dilinin nitq mədəniyyəti və kommunikasiya.Bakı.2020
İşgüzar (peşəkar) rabitə cəmiyyətdə insanlar arasında ən geniş yayılmış ünsiyyət növüdür. Onsuz iqtisadi, hüquqi, diplomatik, ticarət və inzibati münasibətlər sahəsində qarşılıqlı əlaqə mümkün deyildir. Müasir dünyanın tələblərinə görə, müxtəlif sahələr üzrə yetişən mütəxəssislər işgüzar ünsiyyəti əsas janrlarının xüsusiyyətləri ilə (işgüzar söhbət, işgüzar danışıqlar, işgüzar görüş, mətbuat konfransı, telefon danışığı, müzakirə və s.) özünü təqdimetmənin əsaslarını öyrənməlidirlər. Çıxış hazırlamaq və müşayiət olunan elektron təqdimatı düzgün tərtib etmək bacarığına xüsusi diqqət yetirməlidirlər.
Şəxsi işgüzar sənədləri (tərcümeyi-hal, ərizə, bəyanat, izahat və s.), inzibati sənədləri düzgün tərtib etmək, elektron yazışmaları aparmaq hər bir insanın peşə mədəniyyətinin ayrılmaz hissəsidir. Dünyada gedən qloballaşma, mədəniyyət və təhsildə inteqrasiya prosesləri gənc mütəxəssislərin qazandıqları bacarıqlara yeni tələblər diktə edir. Şifahi və yazılı mədəniyyətlərarası işgüzar ünsiyyətdə milli xüsusiyyətləri nəzərə almaq və onu inkişaf etdirmək bacarığına malik olmaq bu günün tələbidir.
Kommunikasiya vasitələrinin inkişafı qloballaşma ilə sıx bağlıdır. Cəmiyyətin həyatında yeni texniki vasitələrin meydana gəlməsi ilə işgüzar kommunikasiyanın rolunun radikal dəyişməsi bu proseslərin bütün aspektlərində elmi tədqiqatlara da yol açır. Ötən əsrin II yarısından başlayaraq bu və ya digər elmi fənn çərçivəsində və səlahiyyətləri hüdudunda kommunikasiyanın nəzəriyyəsi işlənməyə, formalaşmağa, sosial-maddi sistemin ən müxtəlif sahələrində elmi status almağa başladı. Kommunikasiya bir çox elmləri özündə birləşdirdi, müasir elmi biliyin kompleks və fənlərarası sahəsi kimi öz təsdiqini tapdı.
Fənnin məqsəd və vəzifələri. Azərbaycan Respublikası Təhsil Nazirliyinin
“Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni üzrə təlim nəticələrində qeyd olunduğu kimi, əsas məqsəd “qloballaşma şəraitində Azərbaycan dili və ona göstərilən dövlət qayğısı ilə bağlı məlumatlara yiyələnmək, kommunikasiyanın forma və funksiyaları, səviyyələri barədə biliklərə sahib çıxmaq, şifahi və yazılı kommunikasiyalar, habelə nitqə verilən tələblər: düzgünlüyü, dəqiqliyi, aydınlığı, səlisliyi, təmizliyi, yığcamlığı, sadəliyi, zənginliyi, rabitəliliyi və digər önəmli məsələlərin rolunu müasir tələblər səviyyəsində öyrənmək, kommunikativ ritorikanın nədən ibarət olduğunu, ədəbi dilin üslublarını, aktiv və passiv leksikasını bilmək, rabitə və kommunikativ strategiyanı, yaradıcılıəq texnologiyalarını mənimsəmək, diqqət, dinləmə, onun formaları və mədəniyyətinin kommunikasiya növü kimi mahiyyətini öyrənmək bacarıqlarının önəmini qavramaq, danışıq etikası və müraciət etiketləri barədə məlumatlara yiyələnmək, təşkil olunmuş nitqin (mühazirə, məruzə, çıxış, spontan) özünəməxsusluğunu bilmək, müasir Azərbaycan dilinin funksional üslubları barədə məlumatları və qaydaları öyrənmək, işgüzar ünsiyyətdə məktubların elektron və onlayn kommunikasiyaları barədə bilikləri zənginləşdirmək, orfoepiya və orfoqrafiya qaydalarına əməl olunmasının mahiyyətini öyrənmək, işgüzar ritorika haqqında nəzəri və praktik çalışmalara sahib çıxmaq”, ictimai həyatda səmərəli davranışları, şifahi və yazılı ünsiyyət vərdişlərini formalaşdırmaq, mənimsətmək, bütün işgüzar resurslardan istifadə etməklə nitq mədəniyyətini yüksəltməkdir.