Fənn: Fəlsəfə Mövzu: Antik Fəlsəfə



Yüklə 219,65 Kb.
tarix02.01.2022
ölçüsü219,65 Kb.
#40706
A.Elmir fəlsəfə sərbəst iş2


Mövzu: Antik Fəlsəfə

Abbaszadə Elmir




AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ” QSC



AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI




Qrup: 050A3

Kafedra: Humanitar fənlər

Fənn: Fəlsəfə

Mövzu: Antik Fəlsəfə

Tələbə: Abbaszadə Elmir

Müəllim : Fətəliyev Ağarza

BAKI 2020

Bizim er. əvvəl VI əsrin birinci yarısında antik fəlsəfə Elladanın Kiçik Asiya hissəsində, daha dəqiq desək İyoniyada– Milet şəhərində yaranmışdır. Təsadüfi deyildir ki, ilk yunan fəlsəfi məktəbi Milet məktəbi adlanır. Həmin məktəbin böyük nümayəndələri Fales, Anaksimandr, Anaksimen və onların şagirdləri olmuşdur. Antik fəlsəfə fəlsəfənin ayrıca bir fənn kimi meydana gəlməsini ifadə edir. “Antik fəlsəfə” anlayışı altında Qədim Yunanıstanda və Qədim Romada yaranan fəlsəfə nəzərdə tutulur. Yunan fəlsəfəsi yunan mifologiyasının təsiri altında formalaşmışdır. Yunan mifologiyası isə, öz növbəsində, Homerin “İliada” və “Odisseya”, Hesiodun (e.ə. VIII– VII əsrlər) epik əsərlərində öz əksini tapmışdır. Əgər Yunan– Roma fəlsəfəsini inkişaf mərhələlərinə bölsək, aşağıdakı mənzərə alına bilər. Birincisi, Milet məktəbi hesab olunur. Həmin məktəbin fəlsəfi təsəvvürləri çox şeydə Homer və Hesiodun qədim görüşlərinə əsaslanırdı. Bununla yanaşı, Milet məktəbi ilk elmi (mifoloji yox) təfəkkür cəhdi hesab olunur. Qədim Yunanıstanda fəlsəfi inkişafın bu mərhələsinə Heraklit, Eleya məktəbi (b.er.əv. VI– V əsrlər) də daxil edilir. İkncisi, yunan fəlsəfəsinin bu mərhələsi böyük filosofların, o cümlədən görkəmli mütəfəkkirlər Sokrat, Platon, Aristotel, atomistlər məktəbi (Levkipp, Demokrit), Pifaqor məktəbi, sofistlər (Protaqor, Gorgiy) və s. adlarla bağlıdır. Üçüncüsü, ellinizm mərhələsi adlanır. Bu dövr yunan quldarlıq cəmiyyətinin tənəzzülü ilə əlaqədardır. Nəticədə Yunanıstan parçalanır, bir sıra əyalətlər müstəqillik əldə edir. Lakin bu da çox uzun sürmür. Yunanıstan və əyalətləri İskəndərin imperiyasının tərkibinə daxil edilir. İşğalçı İskəndərin ölümündən sonra isə cəmiyyətin bütün sahələrində böhran güclənməyə başladı. Həmin dövrdə, yəni er. əvvəl IV– III əsrlərdə fəlsəfədə üç böyük cərəyan yaranıb inkişaf etmişdir. Bunlar: skeptisizm, epikurçuluq və stoisizm idi. III– II əsrlərdə Qədim Romanın ictimai və mənəvi inkişafında müəyyən dəyişikliklər baş vermişdir. Roma cəmiyyətində yunan mədəniyyəti və fəlsəfəsinə meyllər güclənmişdir. Həmin dövrdə Romada çoxlu yunan alimi, filosofu fəaliyyət göstərir, öz spesifikliyi ilə stoisizm və epikurçuluq inkişaf etməyə başlayır. Luk-retsi Karın materializmi inkişaf edir. Bununla yanaşı, Romanın işğal etdiyi qədim dövlətlər və xalqların istismarı nəticəsində burada çox saylı adamların parazitləşməsi elementləri yaranır. cəmiyyətdə olan bu böhran, demək olar ki, bütün təbəqələri əhatə edirdi və bu da, öz növbəsində, şəxsi mövcudluğun katas-trofuna gətirib çıxarırdı. Nəticədə dinə və mistikaya meyl güclənirdi. Zamanın tələblərinə cavab verən fəlsəfə dinə çevrilir, xristianlıq həmin prosesdə körpü rolunu oynayır.

Antik fəlsəfə – eramızdan əvvəl VII əsrin sonundan başlayaraq qədim yunan quldarlıq cəmiyyətində və eramızdan əvvəl II əsrdən başlayaraq qədim roma quldarlıq cəmiyyətində, eramızın VI əsrinin əvvəllərinədək inkişaf etmiş fəlsəfi təlimlər məcmuu-bəşəriyyətin fəlsəfi şüurunun inkişafında vahid və özünəməxsus hadisədir. Antik fəlsəfə, qədim şərq mədəniyyətinin onun çox mühüm tərkib hissəsi olan elmi-astronomik, riyazi, fiziki biliklərin həmin dövrün sosial, iqtisadi və mənəvi təcrübəsinə uyğun anlayışların əsasında, həmçinin dünya və insan haqqında fəlsəfi fikrin mifoloji təsəvvürlərdən uzaqlaşması nəticəsində təşəkkül tapmışdır. Artıq eramızdan əvvəl VI əsrdə “milet məktəbi” adı ilə tanınan filosofların – Falesin, Anaksimandrın, Anaksimenin fikirlərində, təbiət hadisələrinin bütün müxtəlifliyini izah edə bilən ilkin əsasın, yaxud ilk başlanğıcın təyin edilməsi cəhdlərinə rast gəlirik. Fales – suyu, Anaksimen – havanı, Heraklit – odu, eleya məktəbinə mənsub olan Ksenofan və Parmenid isə torpağı belə ilk başlanğıc hesab etmişlər. Təkcə Anaksimandr qədimdə dağılmaz ünsür sayılan qeyri – müəyyən bir ünsür olduğunu göstərirdi və onu “apeyron” adlandırmışdı. İbtidai animizm ənənələrini davam etdirən ilk filosoflar öz təlimlərində təbiəti antropomorfik (insana bənzətmə) və sosiomorfik (cəmiyyətə bənzətmə) nöqteyi-nəzərindən izah etməyə səy göstərirdilər, məsələn, bu baxışlara görə təbiətdə hər bir ilk başlanğıca cəmiyyətdə olduğu kimi ali hakimiyyət mənsubdur. Təbii şeylərin qarşılıqlı münasibəti, şəhər əhalisinin üzvləri arasındakı qarşılıqlı münasibətə uyğun olaraq baş verdiyi göstərilirdi və bununla bağlı mənəvi kateqoriyalar, çox vaxt isə “ədalət” anlayışı işlədilirdi. Digər baxışlara görə təbiətdə hər şey ruha malikdir: Heraklitə görə psiheyalar (yəni ruhlar) sudan buxarlanırlar, Anaksimenin fikrincə isə onlar havadan ibarətdirlər. Canlı və cansız, psixi və fiziki bu dövrdə hələ vahid bir şey kimi qavranılırdı. Bununla belə, qədim təbiət fəlsəfəsində bənzətmə təkcə antropososiomorfik deyildi. Təbiətin anlaşılmayan hadisələrini-meteoroloji, astronomik, kosmik və sair-qədim mütəfəkkirlər analogiya yaxud onlara məlum təbiət hadisələrilə birbaşa eyniləşdirmə vasitəsilə aydınlaşdırmağa çalışmışlar. Eksperimental tədqiqat metodu onlara demək olar ki, bəlli olmadığından (axı istehsal o dövrdə əsasən əl əməyi və çox sadə alətlərin tətbiqi üzərində dururdu), qədim mütəfəkkirlər təbiət hadisələrinin sadəcə müşahidə metodundan geniş istifadə etmişlər. Erkən yunan fəlsəfəsinin ən parlaq nümayəndələrindən biri də Heraklitdir. Böyük mütəfəkkir, bütün antik və avropa-bizans orta əsr fəlsəfə tarixini keçərək bizim dövrədək gəlib çıxan “loqos” sözünü, özünün loqos haqqında təlimilə ilk dəfə daxil etmişdir. “Loqos” termini çoxmənalı olub söz, nitq, ağıl, məntiqə uyğun əsas bildirirdi. Bu da təsadüfi deyildi. Qədim yunanların təbiət fəlsəfəsində insan təbiətin ayrılmaz hissəsi sayılırdı və buna görə də həm “söz”, həm “ağıl” Heraklit üçün təkcə insana subyektiv mənsub olan deyil, şeylərin özünün mahiyyətini ifadə edirdi. Heraklitə görə loqos təbiətdə maddənin dövranı haqqında təsəvvürləri, daima canlı odu ifadə edir. Sonralar, eramızdan əvvəl IY əsrin sonu və bizim eranın birinci əsrlərinə kimi, stoiklər məktəbi mövcud olan zaman, bu anlayış təbiət hadisələrinin qanunauyğunluqlarının anlanılmasında əsas rol oynamaqda davam etmişdir. Heraklitin ardınca stoiklər də bu qanunauyğunluqları dövri fəaliyyətdə olan kimi təsəvvür etmişlər. Onların qənaətinə görə, hər biri min il davam edən dövr hüdudunda oddan yaranmış dünya, onda olan bütün imkanlar tükəndikdən sonra elə od tərəfindən udulur və bundan sonra, əvvəlkini eynilə təkrarlayan yeni dünya əmələ gəlir.

Erkən filosofların görüşlərində o dövrki elmin, ilk növbədə riyaziyyatın nailiyyətləri nəzərə alınsa da, ancaq ümumilikdə o mücərrəd fikirlərdən, fərziyyələrdən ibarət idi. Bu, eramızdan əvvəl V əsrin ikinci yarısı VI əsrin əvvəlində Levkip və Demokritin təlimində özünü xüsusilə qabarıq göstərir. Buna baxmayaraq, ilk dəfə Levkip tərəfindən ifadələnmiş və sonradan Demokrit tərəfindən inkişaf etdirilmiş prinsiplərin dərinliyi və əhatəliliyi o dövrdə təbiətin və insan dünyasının bir çox hadisələrinin doğru və dərin izahını verməyə imkan yaratmışdı. Demokritin prinsipləri olduqca sadədir: o, əzəldən nizamsız hərəkətdə bulunan atomların-müxtəlif formalı və müxtəlif ölçülü bölünməz hissəciklərin-boşluqda, hüdudsuz məkanda olduğunu qəbul edir. Demokritə görə, atomların cürbəcür birləşmələri təbiətdə olan şeylərin və hadisələrin hədsiz müxtəlifliyini izah edir. Hüdudsuz boşluqda atomların hərəkəti, onların toqquşması və birləşməsi – bu səbəbiyyət əlaqəsinin çox sadə modelidir. Demokritə görə hər bir təsadüfi hadisə, baş verən hadisələrin əsl səbəblərini bilməməkdən doğan subyektiv illüziyadır. Bu səbəbləri bilmək isə, hər bir təsadüfi zərurətə çevirir. Atomistik təlimin bu prinsipləri onu həmin dövrdə təbiətin və insanın sırf fiziki yolla izahı nümunəsi edirdi. Öz təbiət fəlsəfəsinin atomistik prinsiplərinə əsaslanaraq Demokrit, Yerin səma cisimlərilə geniş kosmoqonik mənzərəsini təsvir etdi. Amma ola bilsin ki, Demokritin kosmoqonik konsepsiyasının ən dərin ideyası, hüdudsuz boşluğun ənginlikərində – fəzada – əmələ gələn, təşəkkül tapan və məhv olan saysız dünyalar ideyası idi. O dövrdə, Kainatın yaranmasında fövqəltəbii qüvvələrin rolu haqqında dini-mifoloji təsəvvürlərə xüsusi zərbə vuran bu ideya geniş vüsət tapmadı və yalnız sonralar təbiətşünaslığın nailiyyətləri sayəsində dərin əsaslandırıldı. Atomistik prinsiplər, Demokrit tərəfindən həm də insanın, onun şüurunun izah olunmasına aid edilirdi. Yəni, insanın təbiətin bir hissəsi olması haqqında qədim təsəvvür, mikrokosmun, başqa sözlə şüuru ilə birlikdə insanın və makrokosmun – onu əhatə edən bütün təbiətin, prinsip etibarilə eyni olması haqqında müddəaya keçdi. İnsan psixikasına aid hadisələri o, od atomlarına uyğun, yumru, hamar, xırda və hərəkətli olan xüsusi növ atomların olması ilə izah edirdi. Demokritin fikrincə, bu atomlar bütün təbiətə səpələnmişdir (“hər şey ruha malikdir”), ancaq insanın bədənində onların konsentrasiyası daha çoxdur, insan orqanizminin təqribən yarısını təşkil edərək, onlar bütün bədənə səpələnmiş şəkildə insanın “ruhunu” əmələ gətirirlər. İnsanın ölümü bu atomların böyük miqdarda itirilməsi nəticəsində baş verir. İnsanın atomistik konsepsiyası həmçinin mühüm psixoloji ideyaları da özündə cəmləşdirirdi. Onlardan ən mühümü, bütün şeylərdən incə surətlərin (idolların) buraxılması və onların insan duyğuları tərəfindən fərqləndirici şəkildə qavranılmasıdır. Bu ideya ilə həmçinin Demokritin idrak nəzəriyyəsi bağlıdır. O iddia edirdi ki, duyğular “qaranlıq” bilik mənbəyidir və yalnız zəka bizi əsl həqiqət dünyasına – atomlar və boşluqdan ibarət olan dünyaya calayır. Demokrit təlimi, qətiyyən tanrıların fəaliyyəti ilə bağlı olmayan, insan icmasının və mədəniyyətinin təbiətə uyğun surətdə izahını verməyə səy göstərirdi. Onun fikrinə görə yalnız ehtiyac-bu əsl “insanlar müəllimi”, -dünyaya diqqət yetirən insanları mədəniyyətə və dövlət icmasına gətirib çıxardı. Bu təlim əvvəlcə ellinlər dövründə Epikur və onun məktəbinin təlimində, sonralar isə roma dövründə çoxsaylı epikurçuların və ilk növbədə məşhur “Şeylərin təbiəti haqqında” poemasının müəllifi Lukresiy Karın təlimində öz davamını və inkişafını tapmışdır. Atomların hərəkətinin izahında Epikur atomizmi, Levkip-Demokrit atomizmindən fərqlənir, həmçinin onlarda idrak prosesinin izahı da müxtəlifdir. İdrak prosesini məntiqə əsaslanan izahına meyl göstərən Demokritdən fərqli olaraq, Epikur duyğuları-yeganə həqiqət mənbəyi, tələsik mühakimənin isə-yanılmanın başlıca səbəbi olduğunu öyrədərək ifrat sensualist sistemi inkişaf etdirdi. Ruhun ölməzliyi haqqında hər cür inamı və tanrıların təbiətin və insanların həyatına müdaxilə etməsini qətiyyətlə inkar edən Epikurun atomistik fəlsəfəsi, faktik olaraq din əleyhinə çıxış edirdi. Onun ayrılmaz hissəsini, sağlam və sadə hissiyyata əsaslanan insanın tanrılar qarşısında və mövcud olmayan axirət dünyası qarşısında qorxusuz yaşamalı olduğunu söyləyən, insan həyatını Kainatın həyatında yalnız bir an kimi görən gedonist etika təşkil edirdi. İstər Demokritin və istərsə də Epikurun təlimində tanrılar nə təbiətə, nə insanın həyatına təsir etməsələr də onların varlığı əsla inkar edilməmişdir. Epikura görə, öz gözəlliyinə və gücünə görə insanlardan xeyli üstün olan tanrılar, heç bir ehtiyac duymadan və heç bir işə qarışmadan haradasa bir dünyalararası fəzada yaşayırlar. Onların yeganə funksiyası insanlar üçün nümunə olmaqdan ibarətdir.

Demokritin dövründə qədim yunanların mənəvi həyatında, qədim yunan polislərinin (şəhər və şəhərətrafı yaşayış məntəqələri) həyatının mürəkkəbləşdiyi şəraitdə zəruriliyi daha da artan muzdlu “müdriklik” müəllimləri böyük rol oynayırdı. Məhz bu xadimlər, eramızdan əvvəl Y əsrdə hələ nə istehzalı, nə də ikrah oyandıran məna daşımayan sofistlər (hərfi mənada “müdriklər”) adını almışdılar. Qədim yunan fəlsəfəsi tarixində sofistlərin əhəmiyyəti ondan ibarətdir ki, onlar fəlsəfi problematikanın ağırlıq mərkəzini antropologiya sahəsinə, insan haqqında və idrak haqqında təlimə doğru çəkmişlər. Sofistlər anlayışların, etik normaların, öz dövrünün siyasi təsisatlarının nisbi olduğunu xüsusi qeyd etmişlər. Məsələn, insanı bütün şeylərin meyarı elan edərək, Protoqor, hamı üçün məcburi olan həqiqətlərin, davranış normalarının olmadığını və ola bilmədiyini əsaslandırmağa çalışmışdır. Həmin dövrdə böyük müdrik Sokrat yaşayırdı (eramızdan əvvəl 469-399-cu illər)-öz təlimini şifahi surətdə, afina icmasının ən müxtəlif təbəqələrinin nümayəndələrilə çoxsaylı söhbətlərdə inkişaf etdirən ilk afinalı filosof (biz Sokratın görüşləri barəsində onun şagirdləri Platonun və Ksenofontun əsərlərindən, həmçinin Aristotelin əsərlərindən və digər mənbələrdən bilirik). Sokrat sanki sofistlərin fəaliyyətində meydana çıxan fəlsəfi fikrin inkişaf xəttinə qoşularaq, hətta onlardan da kəskin şəkildə fəlsəfənin predmetini insanın özü, onun həyatı, davranışı və idrakı ilə məhdudlaşdırmışdı. Ondan əvvəl yaşamış və öz müasirləri olan filosofların təbiət fəlsəfəsi haqqında təlimlərinin zəifliklərini görərək afinalı filosof, bütün bu təlimlərin faydasız olduğunu bildirmişdi. Onun fikrinə görə təbiətin dərk olunması ümumiyyətlə insana deyil, tanrıya mümkündür və “müdrik” adı tanrıya layiqdir, özünü isə o yalnız “müdrikliyi sevən”- filosof adlandırmışdı (yunanca phileo – sevirəm və sorhia – müdriklik). Qədim “Öz-özünü dərk et” kəlamını təkrar edərək, Sokrat, fəlsəfənin məqsədini insan həyatının və fəaliyyətinin etik-idraki sahəsinin tədqiqində görürdü. Özü də, sofist filosofların əksinə olaraq əmin idi ki, vahid şəkildə hamı üçün məcburi olan həqiqətlər, etik normalar mümkündür. Filosofun müdrikliyi elə ondan ibarət olmalıdır ki, cürbəcür subyektivlik dolanbaclarını keçərək hamı tərəfindən qəbul edilə bilən və hamıya aydın olan həqiqətlərə və deməli hamı üçün məcburi olan etik normalara gəlib çıxsın. Sokrat dialektik metod (“dialeqomay” felindəndir – danışmaq, mübahisə etmək) adlanan həqiqət axtarışı və əldə edilməsi metodunun müəllifidir. Onun əsas məzmunu, mühakimələrimizdə olan ziddiyyətləri aşmaq yolu ilə həqiqəti yorulmadan axtarmaqdan, anlayışlarımızın dəqiqləşdirilməsindən ibarətdir.

Ədəbiyyat

1. https://minfakt.wordpress.com/2012/04/27/antik-fəlsəfə-roma-fəlsəfəsi/
Yüklə 219,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin