Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Univeristeti Tarix fakültəsi, III kurs bakalavr, T1110–cu qrup, tarix (əyani) Fənn: Tarixşünaslıq S.A.A: Piriyev Murad Samir Rəhbər: Sevinc Qasımova Mövzu: Deportasiya və onun tarixşünaslığı (1948-1953-cü illər)
Hələ XVIII əsrdən etibarən Ermənistandan, yəni Qərbi Azərbaycan ərazisindən Azərbaycanlıların deportasiyası və köçürülməsi başlanıb. Azərbaycanlı əhalinin bu torpaqlardan köçürülməsi ümumiyyətlə 3 mərhələdə aparılmışdır:
1.1905–1920-ci illər;
2.1948–1953-ci illər;
3.1988–1992-ci illər.
Həmin bu proseslər zamanı ermənilər azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini dağıtmış, yandırmış, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirərək, 750 mindən artıq azərbaycanlını Qərbi Azərbaycandan, öz doğma yurd-yuvalarından didərgin salmışlar.
SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948—1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş şəkildə tətbiq edilmişdir. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrki Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır.
Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası Stalinin göstərişi ilə həyata keçirilmişdir. Stalinin bunu etməkdə xüsusi məqsədi var idi. SSRİ-nin Türkiyəni öz təsir dairəsi altına almaq istəyində Türkiyə ilə sərhəddə yerləşən Sovet Ermənistanı mühüm yer tuturdu. Sovet rəhbərliyinə görə, bu zaman Ermənistanda yaşayan azərbaycanlılar Türkiyə ilə gözlənilən hər hansısa bir münaqişədə onlara yardımçı rolunu oynaya bilərdilər. Vladislav Zuboka görə, Stalinin azərbaycanlıları Ermənistandan köçürmək barədə qərar verməsində bu amil həlledici rol oynamışdır.
Bu dövrdə Gürcüstan və Ermənistan Azərbaycana qarşı planlar qurmağa başladılar. Ermənistan Dağlıq Qarabağ və Naxçıvana, Gürcüstan isə Qax bölgəsinə iddialarını irəli sürməyə başladı. Həmin dövrdə, yəni Stalinin dövründə Ermənistanın qonşu respublikaya qarşı ərazi iddiası irəli sürməsi böyük bir cəsarət tələb edirdi. Fərid Şəfiyev bu haqda qeyd edir ki, belə bir çıxış irəli sürmək üçün əvvəlcədən yuxarı hakim dairələrlə məsləhətləşmək lazım gəlmişdir. Beləki, 6 iyun 1945-ci ildə Ermənistan Kommunist Partiyasının baş katibi Qriqori Arutunov İosif Stalinlə görüşmüş və bu görüşündə Türkiyə ərazisindəki "erməni torpaqları" məsələsindən bəhs edərkən, Qarabağ və Naxçıvan məsələlərini də qaldırmışdır. Stalin isə bu məsələni Azərbaycan Kommunist Partiyasının baş katibi Mir Cəfər Bağırovla müzakirə edilməsi gərəkdiyini bildirmişdir. Oktyabrın 27-də Arutunov yenidən Moskvaya qayıdır. Onun Stalinlə yenidən görüşməsinin səbəbi, Türkiyənin işğal etdiyi erməni torpaqlarının geri qaytarılması və xaricdə yaşayan ermənilərin öz tarixi vətənlərinə qaytarılması şərtlərini liderlə müzakirə etmək idi.
O dövrdə Azərbaycanda çalışan yüksək rütbəli şəxslərdən biri olan Həsən Seyidovun da verdiyi məlumata əsasən 1945-ci ilin payızında erməni A.Mikoyanla, gürcü L.Beriya Bağırovla görüşmüş, görüş zamanı onlar yaxın zamanda İran Azərbaycanının Azərbaycan SSR-a, Qarabağın Ermənistana, bəzi şimal bölgələrinin isə Gürcüstana birləşdirilməsi məsələsini zarafatla müzakirə etmişlər. Müzakirə zamanı Bağırov belə məsələlərin müzakirəsi üçün hələ erkən olduğunu demişdir.
Ümumiyyətlə, azərbaycanlıların etnik təmizləmə və soyqırımı siyasəti Sovet dövründə deyil, hələ əvvəlki dövrlərdən başlamışdır. Son iki əsr ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar növbəti dəfə Ermənistandan, yəni min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Təəssüf ki, 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir. Bu barədə Azərbaycan Respublikasının Prezidenti H.Əliyev “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” xüsusi fərman imzalamışdır. Fərmanda 1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədi ilə Dövlət Komissiyasının yaradılması qərara alınır.
Rus tarixçisi T.Y. Krasovitskaya Sovet İttifaqındakı deprotasiyaların əsas səbəbini Sovet İttifaqında "yekcins dil mühiti"nin yaradılması zərurəti ilə izah edir və nümunə olaraq deportasiyaya məruz qalmış xalqlar sırasında türkdilli xalqların çoxluq təşkil etdiyini əsaslandırmağa çalışır. Onun fikrincə, deportasiyanın digər bir əsas səbəbi isə Türkiyə ilə münasibətlərin pozulması fonunda mümkün müharibə zamanı türkpərəst azərbaycanlıların türklərin tərəfinə keçməsi idi. Bu məqsədlə də azərbaycanlıların sərhəd bölgələrindən uzaqlaşdırılması qərara alınmışdır. Erməni hakim dairələri Türkiyədən geri alınan torpaqlarda özləri yerləşmək üçün oranı azərbaycanlılardan təmizləyərək xaricdən gələcək ermənilərə yer açmağa başlamışlar.
V.M.Alpatov isə “Вопросы Истории” jurnalının redaksiyasına göndərdiyi "К Истории Советского языкознания: Марр и Сталин" adlı məqaləsində T.Y.Krasovitskayanın mülahizələrini dəqiq olmayan, əsaslandırılmamış səhv fikir olduğunu vurğulayır və özünəməxsus bir mülahizə ilə çıxış edir. O, belə hesab edir ki, xalqların deportasiya olunmasında Stalinin hələ Qafqazda olarkən burada yaşayan xalqlara olan simpatiyası və antipatiyası müəyyən dərəcədə rol oynamışdır.
Digər bir tədqiqatçı N.F.Buqay isə V.M.Alpatovun bu mülahizəsinin həqiqətə daha çox yaxın olduğunu bildirir. O, belə qeyd edir ki, 1930 və 1940-cı illərdə Sovet İttifaqında həyata keçirilmiş bütün deportasiyaların iki motivi olmuşdur: cəzalandırma və mümkün olan xəyanətə görə qabaqlayıcı tədbir. Cəzalandırma motivi işğal zamanı həmin millətin şəxslərinə və ya ayrı-ayrı qruplarına görə tədbiq edilirdi. N.F.Buqay son iddiasını, yəni mümkün olan xəyanətə qarşı qabaqlayıcı tədbir motivini Stalinin ola biləcək müharibələrdə həmin millətlərin xaricdə yaşayan soydaşları ilə bağını nəzərə alması ilə açıqlamışdır.
Tarix elmləri doktoru, görkəmli tarixçi Ataxan Paşayev “Köçürülmə” əsərində azərbaycanlıların Qərbi Azərbaycandan məcburi köçürülməsinin əsas səbəbini Kremlin siyasi dairələrində özlərinə kök salmış erməni lobbisinin fəaliyyəti ilə əlaqələndirir. Əsərdə qeyd olunur ki, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q. Arutunov İ. Stalinə məktubunda yenidən Qarabağın Ermənistan SSR-ə verilməsi məsələsini qaldırır. Stalin həmin məktubu G.M.Malenkova, o isə öz növbəsində cavab almaq məqsədilə onu Azərbaycan rəhbərliyinə göndərdi. M.C.Bağırov məktuba cavabında bildirir ki, Azərbaycan həmin təklifə etiraz etmir, yalnız bu şərtlə ki, Ermənistan SSR, Gürcüstan SSR və Dağıstan MSSR-də əsasən azərbaycanlılar yaşayan, Azərbaycanla həmsərhəd olan və tarixən Azərbaycanın ayrılmaz hissəsi olmuş və sonradan Rusiya tərəfindən işğal olunan ərazilər də onun özünə qaytarılsın. Belə bir şəraitdə məsələnin arzuolunmaz istiqamət ala biləcəyini başa düşən “ulu rəhbər” – İ.Stalin bu məsələnin müzakirəsinə son qoyur.
Tarix elmləri doktoru Bəxtiyar Nəcəfov “Deportasiya”adlı kitabında Azərbaycan türklərinin deportasiyasının "Daşnaksütyun" partiyasının xüsusi istəyi əsasında və onun birbaşa Kremlə göstərişi əsasında həyata keçirildiyini qeyd edir. Lakin B.Nəcəfovun bu iddiası ilə tarixçi Əsəd Qurbanlı razılaşmır. O, “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası tarixindən: 1947-1953-cü illər” adlı əsərində qeyd edir: “Professor B.Nəcəfov erməni kommunistləri haqqında, onların fəaliyyətləri barədə yazır ki, Ermənistanın kommunist rəhbərləri zahirdə sovet ideologiyası və şüarları ilə pərdələnsələr də, qəlblərinin dərinliyində daşnak idilər, daşnak prinsiplərinə tapınmışdılar. Onlar üçün "erməni məsələsi" kommunist ideologiyası və beynəlmiləlçilik prinsiplərindən qat-qat əziz və doğma idi. Məhz buna görə də repatriasiya məsələsində Ermənistanın respublika rəhbərliyi xarici erməni diasporası ilə birgə hərəkət edirdi ki, elə bu həmrəylik də son nəticədə onlara uğur gətirdi”.
Tarixçi C.Həsənli isə azərbaycanlıların tarixi torpaqlarından köçürülməsi səbəbini xaricdən Ermənistan SSR-ə köçürülüb gətirilmiş erməni-repatriantların sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlayır. Bu fikir hələ də tarixçilər, ictimaiyyətşünaslar və bu problemlə bağlı tədqiqatçı mütəxəssislər arasında öz hakim mövqeyini qoruyub saxlamaqdadır. Müəllif əsərində belə bir sual qoyur: “Dağlıq Qarabağın Ermənistana, Qax, Balakən və Zaqatalanın Gürcüstana verilməsinə güclü şəkildə müqavimət göstərən Azərbaycan rəhbərliyi necə oldu ki, bu məsələyə razılıq verdi?”
Bu məsələyə bəzi müəlliflər tərəfindən toxunulsa da, lakin Azərbaycan rəhbərliyinin müqavimət göstərməməsinin səbəbi axıra qədər aydın deyildir. Birincisi, ortada belə bir məsələ vardır ki, Ermənistandan 130 min azərbaycanlı əhalinin Azərbaycanın pambıqçılıq rayonlarına köçürülməsi barədə M.C.Bağırov və Q.Arutunovun 1947-ci ilin dekabr ayının 3-də İ.Stalinə birgə məktubları göndərmişlər. Azərbaycan və Ermənistan arxivlərində olan məktubların mətnləri eynidir, hər ikisində imza yoxdur, lakin Ermənistan arxivindəki məktubun aşağısında 3 dekabr 1947-ci il tarixi qoyulub. Həmin dövrdə bir qayda olaraq məktubların ikinci surətlərinə imza atmırdılar. Müəllifin fikrincə, məktub hər iki respublika rəhbərliyi tərəfindən imzalanıb və İ.Stalinə göndərilib. M.C.Bağırov və Q.Arutunovun İ.Stalinə ünvanlanan birgə məktubunda azərbaycanlıların köçürülməsi son illərdə hər iki respublikanın təsərrüfat həyatında baş vermiş dəyişikliklərlə əlaqələndirilirdi. Burada ilk növbədə göstərilirdi ki, Mingəçevir sisteminin qurulması nəticəsində Azərbaycanda yeni əkin torpaqları yaranmış və pambıqçılıq rayonlarında məhsuldarlığın artırılması məqsədilə buradaki əhalinin sayının artırılması zəruriliyi yaranmışdı. Lakin, mövcud kolxozlarda işçi qüvvəsinin çatışmırdı. Bu məsələnin real həlli Ermənistanda yaşayan azərbaycanlı əhalidən 130 min nəfərinin bu rayonlara köçürülməsi ola bilər.
Daha sonra məktubda əsas məsələyə toxunulur və qeyd olunurdu ki, azərbaycanlı əhalinin Ermənistandan Azərbaycana köçürülməsi xarici ölkələrdən vətənə qayıdan ermənilərin yerləşdirilməsini bir qədər yüngülləşdirirdi. Məktubun sonunda köçürmənin qaydaları və şərtlərini işləyib hazırlamaq üçün hər iki respublikanın Nazirlər Sovetinə birgə komissiya yaratmağa icazə verilməsi, bu tədbirlərlə bağlı xərclərin ittifaq büdcəsi hesabına ödənilməsi xahiş edilirdi. Göründüyü kimi, məktub tələsik yazılıb və azərbaycanlı əhalinin köçürülməsi ilə bağlı məsələ əsaslandırılmayıb.
Daha sonra müəllif əsərdə belə bir ikinci sual qoyur: “Bu dövrdə Azərbaycanda işçi qüvvəsinə və xüsusilə kənd təsərrüfatında işçi qüvvəsinə ehtiyac var idimi?” II Dünya Müharibəsindən sonra Azərbaycan rəhbərliyinin qarşısında duran başlıca məsələ sənayeni və gündən-günə genişlənən tikintini işçi qüvvəsi ilə təmin etmək idi. 1946-cı ildə M.C.Bağırov "Azərbaycan SSR-in işçi qüvvəsinə tələbatı haqqında" geniş bir arayış hazırlayaraq Q.Malenkova göndərir. Bu arayışda göstərilirdi ki, neft sənayesini dirçəltmək, respublikada genişlənən tikinti işlərində çalışmaq üçün xeyli sayda (80-85 min nəfər) işçi qüvvəsinə ehtiyac vardır. M.C.Bağırov təklif edirdi ki, Sovet Azərbaycanı sənaye və tikinti üçün lazım olan bu sayda işçi qüvvəsini işsizliyin geniş yayıldığı İran Azərbaycanından, yəni Cənubi Azərbaycandan gətirsin. Göründüyü kimi, bu arayışda kənd təsərrüfatında işçi qüvvəsinin çatışmadığından bir kəlmə də söhbət açılmır və qeyd edilən məktubun müəmmalı tərəfi də ilk növbədə bununla bağlıdır.
Və son olaraq üçüncü məsələ: M.C.Bağırovun bu məktuba imza atmasının səbəbi. Bunun səbəbini 1947-ci il noyabrın 21-də ÜİK(b)P MK-nın Siyasi Bürosunda "Azərbaycan K(b)P MK-nın məsələsi"nin müzakirəsində axtarmaq lazımdır. Bu məsələnin müzakirəsi ilə bağlı sənədlər Siyasi Büronun xüsusi qovluğunda bu günə qədər gizli saxlanılır. 1947-ci il dekabrın 3-də M.C.Bağırovun İ.Stalinə ünvanlanan məktuba imza atması, dekabrın 14-də M.C.Bağırovun 4 ay yarımlıq məzuniyyətə göndərilməsi və 1947-ci il dekabrın 23-də "Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" SSRİ Nazirlər Sovetinin qərarı Siyasi Büronun 21 noyabr tarixli iclasında Azərbaycan kompartiyasının məsələsi müzakirə edildikdən sonra meydana çıxmışdı.
İ.Stalinin imzaladığı 23 dekabr tarixli SSRİ Nazirlər Sovetinin qərarında göstərilirdi ki, 1948-1950-ci illərdə "könüllülük prinsipləri" əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərara görə, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Azərbaycan və Ermənistan Sovet respublikalarının Nazirlər Sovetlərinə tapşırılırdı ki, köçürüləcək əhali arasında köçürmənin şərtləri və köçürülənlərə dövlət tərəfindən güzəştlər haqqında geniş izahat işləri aparılsın. Qərara görə Ermənistan SSR-də əvəzsiz olaraq evləri əllərindən alınan azərbaycanlılara təzə gəldikləri yerdə ev tikmək üçün on il müddətinə qaytarılmaq şərtilə 20 min manat həcmində kredit verilməsi nəzərdə tutulurdu . Qərarın bu bəndi təsdiq edir ki, Azərbaycan Ermənistandan köçürülən əhalini qəbul etməyə hazır deyildi və məsələ qəflətən meydana çıxdığından heç bir hazırlıq işi görülməmişdi.
Digər tərəfdən kəndli təsərrüfatlarının köçürülməsi üzrə SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin 17 noyabr 1937-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtlər Ermənistandan köçürülən azərbaycanlı əhaliyə də şamil edilirdi. Məlum olduğu kimi, bu qərar həmin vaxt Sibir, Qazaxıstan və Uzaq Şərqə sürgün edilən ailələrlə bağlı qəbul edilmişdi. “3 dekabr məktubu”nda bu köçürmənin məhz xaricdən gələn ermənilərin torpaqla təmin edilməsi və mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün edildiyinə 23 dekabr tarixli qərarın sonuncu bəndində ötəri şəkildə toxunulurdu və bununla da əsas məqsəd kölgədə saxlanılırdı.
Və son olaraq da onu qeyd edim ki, Ermənilər tarix boyu azərbaycanlılara, türklərə qənim kəsildikləri halda bu faktlar gizlədilməyə çalışılıb, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib. Ümumiyyətlə isə tarixçilərin və tədqiqatçıların fikrinə görə azərbaycanlıların indiki Ermənistandan etnik təmizlənməsi və deportasiyalarının əsas səbəbi regionun və ölkənin milli tərkibinin dəyişdirilməsi idi.
Ədəbiyyatlar:
1.Fərid Şəfiyev – “1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistandan sürgün edilməsi” məqaləsi. Böyük Britaniya “Müsəlman azlıqların məsələsi” jurnalı.
2. “1948—1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 1997-ci il tarixli fərmanı.
3. Vladislav Zubok – “A Failed Empire: The Soviet Union in the Cold War from Stalin to Gorbachev”. Qərbi Karolina Universiteti, 2007. (Məğlub imperiya: Stalindən Qorbaçova qədər Soyuq müharibə dövründə Sovet İttifaqı).
4. H.Mirzoyan – “Советские Правители Армении”. Qriqori Arutunov. 2007. (Ermənistan SSR-nin rəhbərləri).
5. T.Y.Krasovitskaya – “НЕП и руководство развитием национальных культур.”. Moskva: Tarixi suallar jurnalı/№9, 1988. (YİS və milli mədəniyyətlərin inkişafının idarə edilməsi).
6. V.M.Alpatov – “К истории советского языкознания: Марр и Сталин”. Moskva: Tarixi suallar jurnalı/№1, 1989. (Sovet linqvistikası tarixinə dair: Marr və Stalin).
7. N.F.Buqay – “К вопросу о депортации народов СССР в 30- 40 годах”. Мoskva: SSRİ tarixi/ №6, 1989.
8. Ataxan Paşayev – “Köçürülmə”. Bakı: Gənclik. 1995.
9. Əsəd Qurbanlı – “Azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası tarixindən: 1947-1953-cü illər”. Bakı: Turxan NPB. 2018.
10. C.Həsənli – “SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı”. Bakı: Adiloğlu. 2005.