SƏRBƏST IŞ
Fənn:Tibb bacısının işi
Müəllim:Kərimova Xatirə
Kurs,qrup: 1-ci kurs,mamalıq işi
Mövzu:Müalicə müəssisələrinin tipləri.Dispanserizasiya
Ölkəmizdə xəstələrin müalicəsi ilə məşğul olan səhiyyə müəssisələri yerinə yetirdikləri vəzifələrinə görə şərti olaraq iki əsas qrupa bölünür:ambulatoriya və stasionar tipli müalicə müəssisələri. Bəzi müəssisələr həm ambulatoriya, həm də stasionar tipli müalicə ilə məşğul olurlar.
Ambulatoriya tipli müalicə müəssisələrində həm ora müraciət edən, həm də evdə olan xəstələr müalicə olunurlar. Ambulatoriya tipli müalicə müəssisələri bunlardır:poliklinika, ambulatoriya, tibbi-sanitariya hissələri, dispanser, təcili yardım stansiyaları, qadın məsləhətxanası, həkim məntəqəsi, feldşer-mama məntəqələri və s. Ambulatoriyada əhaliyə əsas ixtisasdan olan həkimlər-terapevtlər, pediatrlar, bəzən cərrah və ginekoloqlar yardım göstərir.
Ambulatoriya kiçik şəhər tipli qəsəbələrin, kənd yerləri əhalisinə, kiçik sənaye müəssisələri işçilərinə yardım göstərmək məqsədilə yaradılır. Həkimlərin sayı beşdən çox olmur. Ştatı:həkim, feldşer, mama, tibb bacıları, kiçik tibb işçiləri.
Poliklinikada müxtəlif ixtisasdan olan həkimlər əhaliyə yüksək səviyyədə xidmət göstərir. Bura, həmçinin, xəstəyə düzgün diaqnoz qoymaq üçün hər cür tibbi avadanlıqla təmin edilmişdir.
Tibbi-sanitar hissələr iri sənaye müəssisələrində işləyən insanlara xidmət edən müalicə müəssisəsidir. əsas vəzifəsi iş prosesində baş verən hadisələr zamanı xəstələrə yardım etmək, müalicə etmək, profilaktika işləri aparmaqdır. Böyük tibbi-sanitar hissələrin nəzdində stasionar da var. İşçilər gündüz işləyir, axşam stasionarda müalicə olunur, səhər yenidən işə gedirlər.
Fabrik və zavodlarda, kənd təsərrüfatı müəssisələrində tibb məntəqələri, feldşer-mama məntəqələri var ki, bunlar da poliklinikalara və ya tibbi-sanitar hissələrə tabe olurlar. Poliklinikalar sahə prinsipi üzrə, tibbi-sanitar hissələr sex prinsipi üzrə işləyir. Poliklinikanın yerləşdiyi ərazi sahələrə bölünür, hər sahədə yaşayan əhaliyə xidmət göstərmək üçün həkim və tibb bacısı təyin olunur.
Dispanser-dar çərçivədə müəyyən xəstəlikdən əziyyət çəkən xəstələrə xidmət göstərən müalicə müəssisəsidir. Məs., vərəm dispanseri vərəmli xəstələrin müalicəsi, profilaktika işləri, əhalinin maarifləndirilməsi, peyvəndlərin, kütləvi flüroqrafiyanın aparılması və s işlərlə məşğul olur. Onkoloji, psixonevroloji və s dispanserlər də müvafiq işlərlə məşğul olur.
Uşaq qadın məsləhətxanaları poliklinika və ya xəstəxanaların tərkibinə daxil olur, müalicə, müşahidə və profilaktika işləri ilə məşğul olur.
Stasionar tipli müalicə müəssisələrində (hospital, klinika, sanatoriya, xəstəxana, doğum evləri) müalicə xəstə bu müəssisələrdə yatdıqda aparılır. Həcmindən asılı olaraq xəstəxanalar respublika, vilayət, şəhər, rayon və kənd xəstəxanalarına bölünür. Bundan başqa ümumi və ixtisaslaşdırılmış xəstəxanalar vardır. Məs., uşaq, infeksion, psixiatrik, kardioloji və s xəstəxanalar.
Klinika-həstəxananın bir növüdür, burada müalicə ilə yanaşı tələbələrin tədrisi, elmi-tədqiqat işləri aparılır.
Hospital-hərbçilərə, onların ailə üzvlərinə və təqaüddə olan hərbçilərə xidmət göstərir.
Sanatoriya-daha çox müalicənin tamamlanması ilə məşğul olur. Bu və ya digər xəstəliyin tam müalicəsi əlverişli iqlim şəraiti, mineral sular, qaynaqlar olan sanatoriya və kurortlarda davam etdirilir.
Xəstəxana quruluşunun ümumi prinsipləri
Xəstəxananın sahəsi 3 zonaya ayrılır:
1. müalicə binalarının zonası;
2. təsərrüfat;
3. yaşıl mühafizə zonası.
Xəstəxanaların tikilişində iki tərəfində, ən yaxşısı isə bir tərəfində otaqlar olan dəhliz sistemi əsas götürülür. Dəhlizin eni ən azı 2,2 m olmalıdır. Ümumiyyətlə, xəstələrin xəstəxanada təmiz havada olmaları üçün örtülü və açıq eyvanlar da nəzərdə tutulmalıdır.
Xəstəxananın əsas quruluş tərkibi bunlardır:qəbul şöbəsi, ixtisaslaşmış şöbələr və ya palatalar olan stasionar, yardımçı şöbələr:aptek, mətbəx, müdiriyyət üçün lazım olan otaqlar və digər yardımçı binalar. Müalicə müəssisələrinin rejimi
Hər bir müalicə müəssisəsində müəyyən iş rejimi olur ki, xəstələrin tez sağalması üçün ən yaxşı şərait yaradılsın. Müalicə müəssisələrinin növündən asılı olaraq ambulatoriya və stasionar tipli rejimlər ayırd edilir.
Həmçinin müalicə müəssisələrinin rejimi məqsədinə görə 2 qrupa ayrılır:
1. ümumi rejim;
2. müalicə rejimi.
Ümumi rejim:Müalicə müəssisələrinin ümumi rejimi aĢağıdakı elementlərdən ibarətdir:
1. sanitariya rejimi;
2. xəstələrin və tibbi heyətin şəxsi gigiyenası;
3. daxili intizam qaydaları;
4. xəstənin fərdi rejimi. Bu rejimin məqsədi xəstələri müalicə etmək, vaxtında və düzgün qidalandırmaqla yanaşı, onlar üçün lazımi sanitar-gigiyenik şərait yaratmaqdır.
Qeyd etmək lazımdır ki, hər bir xəstəxana və ayrı-ayrı şöbələrinin öz profilinə uyğun xüsusi iş rejimləri olur. Belə ki, uşaq xəstəxanasının rejimi böyüklər üçün olan xəstəxananın rejimindən, həmçinin cərrahi şöbənin rejimi yoluxucu xəstəliklər şöbəsinin rejimindən fərqlənir. Eyni zamanda bir xəstəxananın öz daxilində müxtəlif şöbələrin də rejiminin fərqli cəhətləri olur. Həmçinin hər bir xəstəyə onun xəstəliyinə uyğun fərdi reji əyin oluna bilər.
Dostları ilə paylaş: |