giriş
Tədqiqat mövzusunun aktuallığı. Müasir dövrdə beynəlxalq aləmdə dövlətlərin suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi üçün əsas təhdidlərdən biri separatizmdir. Separatizm prosesləri dövlətlərin inkişafdan qalmasına, ərazilərinin parçalanmasına, sahələrinin kiçilməsinə, iqtisadiyyatlarının zəifləməsinə səbəb olur.
Tədqiqatçılar müasir dünyada 50 əsas separatizm ocağı olduğunu, 220 milyon əhalini və 12,7 milyon kvadratkilometr ərazini əhatə etdiyini bildirirlər. Coğrafi tipinə görə Qərbi Avropaya 8, Şərqi Avropaya 12, Asiyaya 14, Afrikaya 6, Amerikaya 4, islam tipinə görə isə 6 mərkəz düşür. Bunlardan 20-si silahlı qarşıdurma xarakteri daşıyır. Separatizm əsasən etnik mənsubiyyətdən qaynaqlanan bir hal olmaqla, həm də etnikdini zəmində özünü göstərir. Dünyada 180-dən çox dövlət var, onlardan yalnız 20-si etnik-monoton ölkədir, yəni başqa millətlərin sayı bu ölkələrdə 5%-dən aşağıdır. Dövlətlərin 40 faizində isə ən azı 5 azsaylı xalq yaşayır. Nəzərə alsaq ki, planetdə 8 min xalq yaşayır və nəzəri baxımdan onların hər biri müstəqilliyinə can ata bilər, onda dünyanın böyük qisminin millətlərarası savaş meydanına çevrilməsini təsəvvür etmək çətin olmaz.1
Hazırda separatizm problemindən təkcə zəif inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr deyil, eyni zamanda yüksək inkişafa malik bir çox ölkələr də zərər çəkməkdədir. Bu nüans , separatizmin təkcə iqtisadi amillərdən deyil, dini, tarixi, milliyətçilik kimi digər amillərdən də qaynaqlana bildiyinin göstəricisidir.
Separatizmdən ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Erməni şovinistlərinin separatçı fəaliyyətləri hələ XX əsrin əvvəllərindən etibarən Azərbaycan üçün daimi təhlükə mənbəyi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə daha da intensivləşən bu fəaliyyətlər, sonda Cümhuriyyətin süquta uğramasında da öz rolunu oynamışdır. Azərbaycan SSR-in fəaliyyəti dövründə də separatçılar müxtəlif yollarla öz məqsədlərinə çatmağa çalışmış, bu cəhdlər 1980-ci illərin sonlarında pik həddinə çatmışdır. Gedən proseslər nəticəsində Azərbaycan Respublikasın torpaqlarının 20 faizi işğal olunmuş, 1 milyondan çox azərbaycanlı isə qaçqın və ya məcburi köçkün durumuna düşmüşdür.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas məqsədi separatizmin müasir dünyada dövlətlərə və beynəlxalq münasibətlərə necə təsir etməsi, onun hansı əsaslara malik olması, separatizmin Azərbaycana təsirlərinin araşdırılmasıdır. Bunlara uyğun olaraq, tədqiqatın aparılması zamanı aşağıdakı vəzifələr müəyyən olunur:
Separatizmin ilkin yaranma tarixinin öyrənilməsi
Separatizmin istinad etdiyi və ona qarşı qoyulan hüquqi əsaların müəyyənləşdirilməsi
Problem zamanı beynəlxalq təşkilatların oynadığı rol
Erməni terrorçu-separatizminin yaranması mərhələlərinin araşdırılması
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində erməni separatizminin rolunun müəyyən edilməsi.
Struktur. Buraxılış işim iki fəsildən ibarətdir. Birinci fəsildə separatizmin yaranmasının tarixi, dünyada necə yayılması, separatçıların əsaslandıqları hüquqi baza, separatizmə milli və beynəlxalq hüquq kontekstindən baxış və beynəlxalq təşkilatların separatizm probleminin həllində oynadıqları rollardan bəhs etmişəm. İkinci fəsil isə erməni terror təşkilatları, onların fəaliyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində erməni terroru və separatizminin qarşılıqlı fəaliyyəti haqqındadır.
Dostları ilə paylaş: |