H. Əliyev və müstəqil Azərbaycan Respublikasının Konstitusiyası



Yüklə 24,48 Kb.
tarix04.06.2022
ölçüsü24,48 Kb.
#60620
H. Əliyev və müstəqil Azərbaycan Respublikasının Konstitusiyası


H. Əliyev və müstəqil Azərbaycan Respublikasının Konstitusiyası
Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini, dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir. Tarixi qanunauyğunluq nəticəsində keçmiş Sovetlər birliyinin süqutu ilə əlaqədar xalqımız, digər MDB ölkələrinin xalqları kimi, öz milli müqəddəratını sərbəst təyin etmək, milli dövlət quruculuğunu yaradıb, hüquqi, demokratik cəmiyyət yaratmaq imkanı əldə etmiş oldu. Ümummilli lider Heydər Əliyevin imzaladığı «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında» 30 yanvar 1998-ci il tarixli Sərəncamında göstərilir: «…Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti ölkənin daxilində və xaricində yaranmış gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmişdir. Bu dövlətin qısa bir müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır». 17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 145 iclası keçirilmişdir. İlk iclas 1918-ci il dekabrın 7-də, son iclas isə 1920-ci il aprelin 27-də olmuşdur. Fəaliyyəti dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən yuxarı qanun layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını təsdiq edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil respublikanın Konstitusiyasını qəbul etmək mümkün olmamışdı. Konstitusiya latın sözü olmaqla, «quruluş, təsisat» mənasını verir. Konstitusiya hər hansı ölkənin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə formasını və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən dövlətin ən yüksək hüquqi qüvvəyə malik qanunudur. 1918-ci il may ayının 28-də yaranmış Şərqdə ilk demokratik respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası olmamışdır. Ancaq bu hökumət, həmin dövlət fəaliyyət göstərdiyi dövrdə Konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul edilmiş və onların əsasında işləmişdir. Ona görə də onları, demək olar ki, müəyyən qədər Konstitusiya quruculuğunun başlanğıcı kimi qiymətləndirmək olar. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti həmin dövlətin zəruri atributu olan dövlət bayrağı haqqında, həmçinin, dövlət dili haqqında qərarlar qəbul etmişdir. Təəssüflər olsun ki, 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, müharibə elan etmədən öz silahlı qüvvələrinin hissələrini Azərbaycana yeritmiş, suveren Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini işğal etmiş, qanuni seçilmiş hakimiyyət orqanlarını zorakılıqla devirərək Azərbaycan xalqının çox böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə son qoymuşdur. Azərbaycan xalqı yalnız 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət müstəqilliyini bərpa etdikdən sonra Konstitusiyasını qəbul etmək imkanı əldə etdi. 1989-cu il sentyabrın 23-də keçmiş Azərbaycan SSR Ali Soveti tərəfindən qəbul edilmiş «Azərbaycan Sovet Sosialist Respublikasının suverenliyi haqqında» Azərbaycan SSR-in Konstitusiya Qanunu, «Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında» Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə Azərbaycanın müstəqilliyinə doğru atılan ilk hüquqi addımlar idi. Bu sözlər, eyni dərəcədə, Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 18 oktyabr 1991-ci ildə qəbul edilmiş «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»na da aiddir. Ümummilli lider Heydər Əliyevin sədrliyilə layihəsi hazırlanmış və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının qəbul edilməsi xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Konstitusiyanın 158 maddəsindən 48-i, başqa sözlə, üçdə biri insan və vətəndaş hüquqları və azadlıqlarına həsr edilmişdir. Müstəqil dövlətimizin ilk Konstitusiyası respublikamızın əvvəlki Konstitusiyalarından prinsipcə köklü surətdə fərqlənir. Əlbəttə, bu tamamilə təbiidir. Belə ki, əvvəlkilər sosializm quruluşunun Konstitusiyası idi və əvvəlki Konstitusiyalarda sivil dövlət quruculuğunda əsas institut olan hakimiyyətin bölgüsü prinsipindən imtina edilmişdir. Lakin yeni Konstitusiyada bu tarixi və metodoloji səhv aradan qaldırılmış, hakimiyyətin qanunverici, icra hakimiyyəti və məhkəmə hakimiyyətindən ibarət bölgüsü aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin IV hissəsində göstərilir ki, Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olmaqla, Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədədir və bütün qanunvericilik aktları Konstitusiyanın müddəalarına uyğun qəbul edilməlidir. Təsadüfi deyildir ki, müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbulundan sonra Milli Məclis Avropa standartlarına və beynəlxalq hüquq normalarının tələblərinə uyğun 2500-dən artıq qanun və qərar qəbul etmişdir. Konstitusiyaya ehkam kimi baxmaq olmaz və heç bir qanun doqma kimi qəbul edilməməlidir. Dünya təcrübəsi göstərir ki, Konstitusiya, bir qayda olaraq, uzun müddət üçün qəbul olunur. Lakin həyatın irəli sürdüyü tələblər, ictimai-siyasi münasibətlərin inkişafı yeni-yeni məsələlərin tənzimlənməsi üçün hər bir qanunvericilikdə, o cümlədən ölkəmizin ali qanunu olan Konstitusiyada da dəyişiklikləri zəruri edir. Amerika Birləşmiş Ştatlarının Konstitusiyasını götürək. O 222 il bundan əvvəl qəbul olunub və bugünədək cəmi 27 dəyişiklik edilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında» 22 iyun 2002-ci il tarixli Fərmanı ilə 24 avqust 2002-ci il tarixdə keçirilmiş referendum nəticəsində Konstitusiyanın 24 maddəsinə 38 əlavə və dəyişikliklər edilmişdir. Ölkə başçısı cənab İlham Əliyev demişdir: «Azərbaycan artıq müasir ölkədir. Ancaq müasirləşmə prosesinin limiti, hüdudları yoxdur. Bu əbədi bir prosesdir. Bu gün Azərbaycan demokratik ölkədir. Amma demokratiyanın da sonu yoxdur. Bu sonsuz bir prosesdir. Biz növbəti illərdə ölkəmizin müasirləşməsi ilə bağlı əlavə tədbirlər görəcəyik». Heç də təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Milli Məclisinin 26 dekabr 2008-ci il tarixdə «Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsinə dair ümumxalq səsverməsinin (referendumun) keçirilməsi haqqında» qərar qəbul etmiş və 2009-cu il martın 18-nə referendum keçirilmişdir. Bu ilin martın 30-da Mərkəzi Seçki Komissiyası referendumun nəticələrinə yekun vurmuş və Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum layihəsini qəbul edilmiş hesab etmişdir. Mərkəzi Seçki Komissiyasının məlumatından görünür ki, seçicilərin 70,83%-i referendumda iştirak edərək, onların böyük əksəriyyəti Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə lehinə səs vermişlər. Konstitusiyanın 12-ci maddəsinin I bəndində göstərilirdi ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Referendum aktının birinci bəndində Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə «azadlıqlarının» sözündən sonra, «Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin» sözlərinin əlavə edilmiş, başqa sözlə, Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə edilmiş bu əlavə, əslində, həmin maddənin I hissəsinin məzmununu daha da zənginləşdirmişdir. Ölkəmizin son beş ildəki iqtisadi inkişafının xarakteri və tempi göstərir ki, sosial siyasət və əhalinin maddi rifahı büdcə xərclərinin xüsusi çəkisində üstünlük təşkil etməklə, başqa sözlə, respublikamızın büdcəsi sosial yönümlü büdcə hesab edilir.


Yüklə 24,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin