17 dekabr 2013 tarixi əlavə dəyişiklərə ümumi baxış



Yüklə 145,81 Kb.
tarix30.11.2016
ölçüsü145,81 Kb.
#472
Azərbaycanda QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilmiş son (17.12.2013) əlavə və dəyişikliklər: gözlənilən narahatlıqlara dair ilkin hüquqi rəy
17 dekabr 2013 tarixi əlavə dəyişiklərə ümumi baxış:
Milli Məclis 17 dekabr 2013-cü il tarixində növbəti plenar iclasında Qeyri-hökumət təşkilatlarının (bundan sonra QHT) fəaliyyətlərini tənzimləyən bir sıra qanunvericilik aktlarına əlavə və dəyişiklikləri nəzərdə tutan müxtəlif qanun layihələrini qəbul edib.

Hazırki rəydə qanunlara edilən son əlavə və dəyişikliklərin ziddiyətlilik və narahatlıqlar yaratması baxımından daha çox nəzərəçarpan müddəalarına diqqət göstərilib və beləliklə burada bütün əlavə və dəyişikliklər əhatə olunmayıb.


Son əlavə və dəyişikliklər əsasən aşağıda qeyd olunan qanunvericilik aktlarına edilib:


  1. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu;

  2. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanunu;

  3. "Qrant haqqında" Azərbaycan Respublikasının Qanunu;

  4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi.




  1. QHT fəaliyyətlərinə toxunan beynəlxalq hüquqi sənədlərin tələbləri, həmçinin beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsipləri QHT fəaliyyətlərini nəzarət edən dövlətlərdən minimum müdaxilə tələbinə riayət olunmasını tələb etsə də hazırki əlavə və dəyişiklər bir çox tərəfləri ilə həm QHT fəaliyyətlərinə çıxışı məhdudlaşdırır, həm də onlar üzərində ağır inzibati yük yaradır.

  2. Parlament tərəfindən qəbul edilən bu əlavə və dəyişikliklər həm demokratik cəmiyyətin və beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə, həm də bu sahədəki real yerli vəziyyətə/şəraitə uyğun gəlmir. Ümumiyyətlə qəbul edilən əlavə dəyişikliklərin layihəsi üzərində nə müvafiq hökümət orqanları, nə parlament, nə də vətəndaş cəmiyyəti ictimai müzakirələr təşkil edib, nə də qanun layihələri üzrə əsaslandırmalar mövcud olub; Sonuncuların isə belə müzakirələri təşkil etmək imkanı olmayıb. Nəticədə qəbul edilən əlavə və dəyişikliklərin əsaslandırılmayıb və mövcud şəraitin ehtiyaclarına cavab vermir.

  3. Bu ilin əvvəlindən başlayan vətəndaş cəmiyyəti üzvləri (QHT-lər, aksiyalarda iştirak edən fəallar) üçün ağır cərimələrin müəyyən edilməsi “tendensiyası” qəbul edilən son əlavə və dəyişiklilərdə də davam edib. Məhdudlaşdırıcı və ağırlaşdırıc səylər sistematik xarakterdə olub. Xırda inzibati pozuntular halında son dərəcə ağır cərimələrin müəyyən edilməsi mütənasiblik meyarları ilə aşkar əks qütbdə olub. QHT-lərə qarşı belə məsuliyyət və nəzarət tədbirləri analoji münasibətlərin tənzimləndiyi digər hüquqi şəxslərlə müqayisədə olduqca ağır və fərqli pis rəftar kimi səciyyələndirilə bilər.

  4. Son əlavə və dəyişikliklərdə QHT-lərin fəaliyyətində kömək edə bilən, onların fəaliyyətində müxtəlif vasitələr ilə iştirak etmək istəyən fiziki və hüquqi şəxslərin iştirak imkanları məhdudlaşdırılıb. Əvvəllər belə iştirak və kömək hər hansı hüquqi rəsmiləşdirmə tələb etmirdisə, yeni əlavə olunan dəyişiklikdən sonra artıq QHT fəaliyyətində kömək göstərmək və iştirak etmək istəyən şəxslərin QHT-lər ilə münasibətlərində hüquqi rəsmiləşdirmə tələb olunur. Yəni belə şəxslərin QHT-ilə münasibətləri ya təsis sənədlərində, ya da könüllü müqaviləsində təsbit olunması lazım gələcək.

  5. Qəbul edilən əlavə və dəyişikliklərin əhəmiyyətli bir hissəsi də xarici hüquqi şəxslərin Azərbaycandakı filial və nümayənədəliklərini əlaqələndirən məsələlərə toxunur. Burada əsas narahatlıqlar “təsis sənədlərinin yeni qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı məlumatlandırma öhdəlikləri üzrə əsassız ağır cərimələrin müəyyən edilməsi”, “filial və ya nümayəndəliklərin qeydiyyatı üçün onların rəhbər müavinlərinin Azərbaycanlı olması şərti”; “xarici dövlətin qeyri-hökumət təşkilatının digər təşkilata birləşməsi, qoşulması və yaxud özünün bölünməsi, təşkilati-hüquqi formasını dəyişməsi halında onun Azərbaycandakı filial və ya nümayəndəliyinin ləğv edilməsi"; “xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin maliyyə monitorinq iştirakçıları kateqoriyasına aid edilməsi və müvafiq qaydada Mərkəzi Bank yanında maliyyə monitorinq xidmətinə hesabat vermə öhdəliyinin müəyyən olunması”; Ədliyyə Nazirliyi tərəfindən sərt yoxlama (fəaliyyətin öyrənilməsi) prosedurlarına məruz qalma” və “ağır məsuliyyət (cərimələr) müəyyən edən prosedurları” kimi əlavə və dəyişiklikləri əhatə edir.

  6. Hazırki qəbul edilən dəyişiklilər İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyası (AİHK) (o cümlədən Avropa Məhkəməsinin müvafiq presedent hüququ) da daxil olmaq bir sıra beynəlxalq hüquqi sənədlər ilə Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərinə, o cümlədən birləşmək azadlığı sahəsində vəziyyətin yaxşılaşdırılmasına dair beynəlxalq təşkilatların çağırış və tövsiyyələrinə zidd olmuşdur. Məsələn Təbiəti Mühafizə Cəmiyəti və İsrafilov Azərbaycana qarşı işdə (Şikayət № 37083/03) Avropa Məhkəmə qeyd etmişdir ki, «QHT haqqında» Qanunun müddəaları nəticə etibarı ilə birliyin ləğv olunmasına gətirib çıxaran xəbərdarlıqların Ədliyyə Nazirliyi tərəfindən edilməsinə əsaslarla bağlı dəqiqlikdən uzaq olmuşdur. Hazırkı qanunvericiliyə dəyişiklik səyləri BMT-in İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi çərçivəsində Azərbaycan Respublikasının ikinci dövri məruzəsində birləşmək hüququ sahəsində vəziyyətin yaxşılaşdırılması ilə bağlı dövlətə edilən tövsiyyələrlə (20 sentyabr 2013-cü il tarixli) uzlaşmır.1 Hələ 08 oktyabr tarixli “Təbiəti Mühafizə Cəmiyəti və İsrafilov Azərbaycana qarşı” (Şikayət № 37083/03) işi üzrə qəbul etdiyi qərarında Avropa Məhkəməsi Azərbaycanda QHT qanunvericiliyinin vəziyyətini yaxından qiymətləndirmə imkanı əldə edib 2 və qanunun keyfiyyətli qanun tələblərinə cavab vermədiyi qənaətinə gəlib. Və indiki dəyişikliklər isə həmin tənqid obyekti olan müddəaların daha da sərlətşməsi ilə yadda qalıb.

QHT fəaliyyəti sahəsində qəbul edilən son əlavə və dəyişiklikləri qısa olaraq aşağıdakı şəkildə səciyyələndirmək olar. Əlavə və dəyişiklər:



  • QHT-lərin Ədliyyə Nazirliyi qarşısında məsuliyyətini ağırlaşdırıb;

  • Adekvat olmayan ağır cərimələr müəyyən edib;

  • Ədliyyə Nazirliyinə sərt və geniş sərbəst mülahizəyə dayanan nəzarət imkanları verib;

  • QHT-lər üçün yeni məsuliyyət növləri 3 və yeni cərimələr müəyyən edib;

  • Qeydiyyatsız QHT-lərin fəaliyyəti üçün daha təhlükəli vəziyyət yaranıb;

  • İkili hesabat vermə öhdəlikləri kimi inzibati yük yaradan qeyri-müəyyən və ziddiyətli tənzimləmələr müəyyən olunub;

  • İctimai müzakirədən kənar, maraqlı tərəflərin iştirakı olamadan və belə müzakirələr üçün əvvəlcədən ictimai məlumatlandırma olmadan qəbul olunub. 4

Sözügedən qanunlara edilən bu əlavə və dəyişikliklərin ictimai müzakirələri aparılmadan, maraqlarına toxunulan vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq təşkilatların filal və nümayəndəliklərinin və digər maraqlı tərəflərin iştirakı olmadan, onların fikir və rəyləri dinlənilmədən qəbul edilməsi həm beynəlxalq hüququn hamılıqla qəbul edilmiş demokratik prinsipləri ilə həm də milli qanunvericilikdə təsbit edilən qanunların qəbulu prosesində mütənasiblik, demokratiklik, şəffaflıq kimi vacib prinsipləri nəzərə alınmamaqla həyata keçirilib.5




  1. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanununda edilmiş əsas nəzərəçarpan dəyişikliklər:

1. Adıçəkilən qanuna edilən 9.3-cü və 9.4-cü maddələrə dair:

"9.3. Hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.”

Qəbul edilən bu əlavə maddə üzrə tələb olunanların yerinə yetirilməməsi İXM-də 2001-2-ci maddə ilə sanksiyalaşdırılıb. Belə tənzimləmə isə QHT fəaliyyətini təcrübədə əsassız formada ləngitməyə və məhdudlaşdırmağa səbəb olur. Bu həmçinin digər hüquqi şəxslərin (kommersiya) anoloji məsələləri tənzimləyən müddəaları ilə müqayisədə QHT-lər ilə daha ağır pis rəftardır. (diskriminativdir)



Müqayisəli olaraq:

Qanuna edilən digər bir dəyişiklik, yeni 9.4-cü maddə isə aşağıdakı məzmundadır. Bu maddə isə bütövlükdə yeni bir maddədir və müəyyən ziddiyətli vəziyyət yaradır.



Qəbul edilən əlavə: Maddə 9.4.

Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərinə edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır."

İlk olaraq onu qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci iki ay keçənədək verilə bilər. Lakin qanunvericilikdə bu sahədə bir istisna olaraq qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydalarının pozulmasın görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilinməsi müəyyən edilib. Eyni zamanda bu pozuntu davam etsə belə yenə inzibati tənbeh onun aşkara çıxarıldığı gündən ən geci 2 ay keçənədək verilə bilər.

Burada ziddiyətli məqam ondan ibarətdir ki, qəbul edilən yeni 9.4-cü maddədə müəyyən olunan məsuliyyət tədbiri İXM-nin 6-ci maddəsinə uyğun olmadığı hallarda belə məsuliyyət tədbirinin görülüb-görülməməsi sualını yaradır. Belə narahatlıq təcrübədə QHT-lərə qarşı yoxlama orqanı (Ədliyyə Nazirliyi) tərəfindən belə aydın olmayan tənzimləmələr ilə məsuliyyət tədbirləri görülməsi halların mövcud olmasından qaynaqlanır. Digər tərəfdən, misal ilə bu tənzimləmənin daha da aydınlaşdırılmağa çalışaq: “iki il öncə hər-hansı dəqiqləşdirmə barədə məlumatı təqdim etməyən QHT-yə sonradan bu bildiriş öhdəliyini vaxtında yerinə yetirməməsi aşkar olunduğu halda ona sonradan onun ləğvinə səbəb ola biləcək eyni anda həm “xəbərdarlıq”, həm də “göstəriş” verilə bilər. Bu hal isə AİHK-nin birləşmək hüququnun məhdudlaşdırılması üzrə tələblərinə ziddir. QHT üzərində belə qeyri-adekvat tədbirlərin və qeyri-məhdud səlahiyyət mülahizəsinin “mütənasiblik”, “təcili təxirəsalınmaz zərurət” və “demokratik cəmiyyətdə zərurilik” kimi tələblərə cavab verməməsi isə Avropa Məhkəməsinin Azərbaycana qarşı işlərində qiymətləndirilib.

Bu məsələdə yaxşı təcrübə kommersiya hüquqi şəxslərinin oxşar məsələlərini tənzimləyən qanunvericilikdə olduğu kimi6 könüllü olaraq sonradan hüquqi və ya fiziki şəxslərin özü tərəfindən dəqiqləşdirmə və ya məlumatların verilməsi imkanının tanınması olardı ki, bu da öz növbəsində QHT-ləri müvafiq dövlət qurumu qarşısında daha hesabatlı olmağa sövq edərdi. Əksi təqdirdə QHT-lər belə “unudulmuş” məlumat vermə öhdəliklərini daha da gizlətməyə istəkli olacaqlar.

2. Qanunun 4.1-ci maddəsinə edilmiş aşağıdakı məzmunda müddəa. Qəbul edilən dəyişikliyə əsasən:

"Xarici dövlətlərin qeyri-kommersiya təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatına alınmadan və dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərməsi qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur“. Bu qaydaya əməl edilməməsi isə İnzibati-Xətalar Məcəlləsinə edilmiş 340-5-ci maddə 7 ilə sanskiyalaşdırılıb.

Qəbul edilən dəyişiklik təcrübədə bir sıra beynəlxalq təşkilatların yerli filial və nümayəndəliklərinin vəziyyətini daha da çətinləşdirə bilər. Belə ki, hal-hazırda Azərbaycan Respublikasında 2000-ci illərdən öncə fəaliyyətə başlayan xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri mövcuddur. Onların bəziləri əvvəlki (hal-hazırda qüvvədən düşmüş) qanunvericilik aktlarına uyğun qaydada təsis olunublar və həmin təsis olunma vaxtı qanunda indi tələb olunan formada məlumatlar və ya sənədlər tələb olunmayıb. Yeni qanun dəyişikliyi və onun sanksiyalaşdırılması təsis sənədləri hazırki qanunvericilik aktlarına uyğun formada olmayan filial və nümayəndəliklər üçün təhlükəli vəziyyət yarada bilər.



Bununla belə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 1996-cı il tarixli 098 saylı Qərarına əsasən «Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək qeydə alınmış xarici hüquqi şəxslərin nümayəndəlikləri (filialları) yenidən dövlət qeydiyyatından keçirilmir və onlara verilmiş müvəqqəti icazə şəhadətnaməsi müddətsiz hesab edilir.  Beləliklə əslində Azərbaycanda fəaliyyət göstərən bir çox Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri hazırki qanunlar qüvvəyə minənədək qeydiyyata alındığına görə bu əlavə və dəyişikliklərin gətirdiyi tələblərə əməl olunmaması nəticəsində məsuliyyətə cəlb olunma şamil edilə bilməz.

3. Yeni əlavə 5.4.5.

3. "hüquqi ünvanını" sözlərindən sonra "(daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair)" sözləri əlavə edilsin“-

Qanunun 5.4.5-ci maddəsinə edilmiş əlavəyə əsasən hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanına etdiyi müraciət zamanı tələb onunan sənədlərdən biri kimi hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd müəyyən edilmişdir. Bu halda qanuna edilmiş əlavə əvvəl mövcud olan praktikanı bir qədər də çətinləşdirmiş, qanuna əlavə təkrarçılıq gətirmişdir. Belə ki, Mülki Məcəllənin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Olduğu yerin və ya daimi fəaliyyət göstərən orqanın yerləşdiyi yerin seçilməsi təsisçilərin hüququdur və bu halda hüquqi şəxsin yaradılması zamanı hüquqi ünvanın seçilməsini təsisçilər üçün məhdudlaşdırıla bilməz.


4. 15.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

"Dövlət reyestrindən çıxarışın etibarlılıq müddəti 90 gün təşkil edir."

Qanuna edilmiş bu əlavə qeydiyyatdan keçmiş QHT-lərin dövlət reyestrindən çıxarışına etibarlılıq müddəti şərti gətirir. Bu şərt isə Avropa Şurası Nazirlər komitəsinin üzv dövlətlərə “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” 14 saylı tövsiyyəsinin 8-ci bəndinə əsasən QHT-lərə tətbiq edilən hüquq və maliyyə normaları onların yaradılmasını və davamlı fəaliyyətini həvəsləndirməlidir. Eyni zamanda həmin tövsiyyənin 41-ci bəndinə əsasən hüquqi şəxs statusunun qeydiyyatının mütəmadi olaraq təzələnməsini QHT-lərdən tələb etmək olmaz.



Bu halda, qeydiyyatın mütəmadi olaraq təzələnməsi, eyni zamanda reystrdən çıxarışın mütəmadi olaraq təzələnməsini də ehtiva edir. Çünki, reyestrdən çıxarışın olmaması təşkilatın fəaliyyətinə ciddi məhdudiyyətlər yaradır. Beləki, QHT-lər bir sıra əməliyyatlarda qeydiyyata dair çıxarışı təqdim etmək tələb olunur ki, onlar QHT-lər üçün müvafiq vergi və digər güzəştlərdən istifadə etsinlər. Lakin artıq hər 90 gündən bir yeniləmək tələbi QHT-ləri Ədliyyə Nazirliyindən asılı vəziyyətə salır və onları qeyri məhdud yoxlama və nəzarət obyektinə çevirir. Bu da öz növbəsində, “Avropada qeyri-hökumət təşkilatlarının hüquqi statusu haqqında” 14 saylı tövsiyyəsinin nəzərdə tutuduğu QHT-lərin dövlətdən asılılığının qəbuledilməzliyi prinsipinə ziddir.

  1. "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər:

"Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" (bundan sonra QHT haqqında qanun) Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilmişdir:

  1. 4-cü maddədə "istənilən" sözü "bu Qanunla müəyyən edilmiş" sözləri ilə əvəz edilsin;

Qanuna edilən bu dəyişiklik QHT-lərin fəaliyyətə çıxış üçün mövcud hüquqi mühiti həm daha əlverişsiz hala salıb. Belə ki, Qanundakı bu dəyişikliyə qədər QHT-lərin istənilən təşkilati-hüquqi formalarda təsis edilə bilməsi qeyd olunurdu. İstənilən təşkilati hüquqi forma dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsi (maddə 43.6) müəyyən edir ki, qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Bundan başqa Mülki Məcəllənin 117.2-ci maddəsinə görə qeyri-kommersiya qurumları da özlərinin fəaliyyətinin əlaqələndirilməsi, habelə ümumi mənafelərinin təmsil və müdafiə edilməsi məqsədi ilə ittifaqlar yarada bilərlər. QHT-lər haqqında qanun bu hüquqi şəxslərin təsisçisi olmaq imkanı versə də bu imkman yeni dəyişiklik ilə aradan qaldırılır. Bundan sonra qeyri hökümət təşkilatının müxtəlif formaları üçün təsisetmə imkanları aradan qaldırılır və təşkilatlar ancaq "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanunda müəyyən edilmiş formalarda yəni ancaq ictimai birliklər və fond formasında təsis edilə bilərlər.

  1. 7.5-ci maddənin ikinci cümləsi aşağıdakı redaksiyada verilib və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

"Əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər, habelə xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş qeyri-hökumət təşkilatlarının, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdırlar. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir."

  1. Aşağıdakı məzmunda 16.3 və 16.4-cü maddələr əlavə edilsin:

"16.3. Qeyri-hökumət təşkilatlarının və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin təsis sənədlərində qanunvericiliyə uyğunsuzluq aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı həmin qurumlardan 30 gün müddətində təsis sənədlərinin qanunvericiliyə uyğunlaşdırılmasını tələb edir.

Bu əlavə və dəyişiklər müvafiq icra hakimiyyəti orqanına imkan verir ki, xarici hüquqi şəxsin filial və nümayəndəliyi qeydiyata alınan zaman, onun rəhbər müavinlərinin artıq müəyyən edilməsi, seçilmiş şəxsin kimliyinin filial və ya nümayəndəliyin qeydiyyatında həll edici amilə çevrilə bilmə təhlükəsi var. Bu təhlükə oradan qaynaqlanır ki, ölkədə QHT qeydiyyatı sahəsində təsisçilərin kimliyi, iş fəaliyyəti, cəmiyyətdə tutduqları mövqe, onlar barədə müxtəlif icra hakimiyyətləri orqanlarından müsbət rəy kimi əlavə arayışlar, sənədlər tələb olunması kimi geniş və aşkar bir təcrübə mövcuddur. Və nəticədə belə hal ölkədə təsis ediləcək xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qeydiyyatında hökümət orqanları üçün diskriminativ və qanunsuz davranış təcrübəsini daha da artıracaq.



  1. Aşağıdakı məzmunda 10.5-ci maddə əlavə edilsin:

"10.5. Qeyri-hökumət təşkilatlarının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulmasına və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradılmasına yol verilməməlidir. Qeyri-hökumət təşkilatlarının üzvləri ilə təşkilat arasında yaranan mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə tərəfindən işə baxılarkən təşkilatın üzvlərinin hüquqlarının pozulduğu və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradıldığı müəyyən edildikdə təşkilatın üzvlərinin iddia ərizəsi əsasında qeyri-hökumət təşkilatının fəaliyyəti məhkəmə qərarı ilə bu Qanunun 31.3-cü maddəsində nəzərdə tutulmuş müddətə dayandırıla bilər.";

Bax: 31.3-cü dəyişikliyə dair rəyə.

  1. 11-ci maddəyə edilən dəyişiklik:

12. 11-ci maddənin birinci cümləsində 8"öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən" sözləri çıxarılsın, ikinci cümləsində "təsis sənədləri" sözündən sonra "və könüllü fəaliyyəti haqqında qanunvericilik" sözləri əlavə edilsin;

QHT fəaliyyətlərində iştirak edən, əməkdaşlıq edən, onların fəaliyyətində iştirak edən hüquqi və fiziki şəxslərin əhatə dairəsi darlaşdırılıb. Qanuna edilən bu dəyişiklikdən öncə QHT-lərə müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi şəxslər Qeyri-hökumət təşkilatlarının nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində QHT-lər ilə münasibətlərini rəsmiləşdirmədən iştirak edə bilərdisə, bu dəyişiklikdən sonra köməkçilərin əhatə dairəsi (fiziki və hüquqi şəxslər) ancaq təsis sənədlərində və könüllülük müqavilələrində müəyyən edilən şəxslər ilə məhdudlaşdırılmış olur. Bu dəyişiklik QHT-lərin fəaliyyətlərində vətəndaşların müxtəlif vasitələr ilə (piketlərdə, aksiyalarda, kampaniyalarda iştirak, iməcliklərin təşkili və həyata keçirilməsində iştirak) iştirak etmə imkanlarını məhdudlaşdırır və QHT-ləri cəmiyyətdən izolyasiya etməyə yönəlir. Qanunvericiliyin bu istiqamətdəki inkişafı, həmçinin mülahizə səlahiyyətinin müxtəlif diskurslarda fərqli şərhləri nəticəsində QHT-lər ilə münasibətlərini hüquqən rəsmiləşdirmədən onlara bu və ya digər formada kömək edən (ianə və digər üzvlük haqqları istisna) və ya onlar ilə müxtəlif yollarla ünsiyyət saxlayan şəxslər üçün məsuliyyət xəbərdarlıqları edilə bilər və bu isə vətəndaşlar ilə QHT-lər arasındakı münasibətlərdə ciddi çəkindiricilik funksiyası rolunu oynaya bilər.

  1. Aşağıdakı məzmunda 29.6-cı və 30-1-ci maddələr əlavə edilir:

"29.6. Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirməlidir.

  • Qeyd etmək lazımdır ki, bu tənzimləmə «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanunun 4.0.9-cu maddəsi ilə QHT-lər və dini təşkilatlar monitorinq iştirakçılarına aid edilməsi ilə tələbinə dayanır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən, müvafiq məlumatlar QHT-lər və dini təşkilatlar tərəfindən təqdim olunmalıdır. Eynilə, «Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında» Qanunun 4.0.1-ci maddəsi ilə banklar monitorinq iştirakçılarına aid edilib. Qanunun 11.1-ci maddəsinə əsasən, müvafiq məlumatları banklar da təqdim etməlidir.

Analoji müddəalar «Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə (MMX) təqdim olunması» Qaydalarının 3.2.7-ci bəndində də nəzərdə tutulub. Burada narahatlıq yaradan məqamlar aşağıdakılardır:

  • Hazırki qanunvericiliyə görə QHT-lər bütün maliyyə əməliyyatlarını ancaq banklar vasitəsi ilə həyata keçirirlər və belə olan halda Banklar özləri belə əməliyyatlar barədə mütəmadı olaraq Maliyyə Monitorinqi Xidmətinə məlumatlar verirlərsə, QHT və dini təşkilatların monitorinq iştirakçısı hesab olunması zərurəti nə qədər əsaslıdır? Həmçinin QHT-lərin bütün maliyyə əməliyyatları təfsilati ilə maliyyə nazirliyinə təqdim olunan hesabatlarda əks olunursa yeni 9 səhifəlik, 5 hissədən ibarət hesabat formasında QHT-lərdən hesabat verilməsinin tələb olunması zəif işçi heyəti, maliyyə və digər resurslarına çatışmazlığının hakim olduğu yerli QHT-lərin belə ağır hesabat yükü altına salınması QHT-lərin fəaliyyətini əhəmiyyətli dərəcədə çətinləşdirir.

  • Bundan başqa «Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən məlumatların Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinə təqdim olunması Qaydaları»nın 3.1-ci maddəsinə 9görə monitorinq iştirakçıları (QHT-lər də bura daxildir) 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı pul vəsaitləri və ya digər əmlakla nağd şəkildə həyata keçirilən əməliyyatlar barədə maliyyə monitorinq xidmətinə məlumat verməlidirlər.

  • Nəticədə QHT-lər ümumiyyətlə bütün 20 000 manat məbləğdən yuxarı əməliyyatlar barədə maliyyə monitorinq xidmətinə məlumat verməlidirlər, hansı ki, belə əməliyyatlar barədə müqavilələr əvvəlcə Ədliyyə Nazirliyində qeydə alınır və sonra banklar vasitəsi ilə həyata keçirilir. Daha sonra ilin sonunda isə QHT-lər həmin maliyyə vəsaitlərinin hərəkətləri barədə Maliyyə Nazirliyinə hesabat təqdim edirlər. Nəticədə QHT-lərin bir maliyyə əməliyyatı üç dövlət qurumunun 10 nəzarətindən keçsə də, təkrar olaraq bir də QHT-lərin özlərindən tələb edilməklə artıq nəzarətə tabe tutulur və əlavə inzibati yük yaradır.




  1. Yeni 30-1-ci maddə əlavə edilir: Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi

30-1.1. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

30-1.2. Müvafiq icra hakimiyyəti orqanı qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi işinə aidiyyəti dövlət orqanlarının və digər qeyri-hökumət təşkilatlarının nümayəndələrini cəlb etmək səlahiyyətinə malikdir.

30-1.3. Qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyətinin öyrənilməsi üçün maneələr yaradan fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.";

İstinad edilən hüquqi əsas: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi haqqında əsasnamənin 9.32-1-ci bəndinə görə qeyri-hökumət təşkilatlarına münasibətdə qanunla nəzərdə tutulmuş qaydada və hallarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət orqanının funksiyalarını həyata keçirmək Ədliyyə Nazirliyinin vəzifəsi kimi müəyyən edilib. Bundan başqa yenə Əsasnamənin 10.8-ci bəndinə görə Ədliyyə Nazirliyi "qanunvericiliklə nəzərdə tutulmuş hallarda qeyri-hökumət təşkilatlarına yazılı xəbərdarlıq etmək, onlara qanun və nizamnamə pozuntularını aradan qaldırmaq haqqında göstəriş verə bilər". Ədliyyə Nazirliyi həmçinin, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, xarici qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin, bölmələrinin fəaliyyətinin onların nizamnamələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğunu öyrənmək səlahiyyətinə malikdir.(9.13).

Narahatlıq doğuran əsaslar: Ədliyyə Nazirliyinin QHT-lər üzərində bu dərəcədə qeyri-məhdud mülahizə səlahiyyəti təcrübədə QHT-lərin yoxlanması sahəsində bir sıra problemləri və hüquqi əsaslara dayanmayan qanunsuz və ədalətsiz nəticələri ortaya çıxarır. Belə ki, Ədliyyə Nazirliyi heç bir səbəb göstərmədən, şübhəli və ya qanundan kənar hal baş vermədən QHT-nin fəaliyyətini yoxlaya bilər. Qanunvericilikdə isə belə yoxlamanın aparılması qaydaları ümumiyyətlə mövcud deyil. Lakin müqayisəli olaraq sahibkarlıq fəaliyyətinin yoxlanılması sahəsindəki qaydalar qanunvericilikdə daha dəqiq tənzimlənib.11 Lakin qeyri-kommersiya təşkilatlarının (QHT) fəaliyyətinin yoxlanılması sahəsində belə təcrübədən istifadə olunmamışdır və əksinə yoxlama prosedurları daha da kəskinləşdirilmişdir. Bu hal Azərbaycan hökümətinin sahibkarlıq sahəsində yoxlamaların qanuna uyğun aparılması məqsədi ilə son illərdə göstərdiyi səyləri ilə uzlaşmır. Hökümətin belə yaxşı təcrübələrdən səylərdən xəbərdar olması halında qeyri kommersiya sahəsindəki qanunvericilikdə belə qeyri müəyyən və qeyri-məhdud nəzarət və yoxlama çərçivələri yaratması narahatlıq yaradır və anlaşılan deyil.

Bu dəyişiklikdən öncə Ədliyyə Nazirliyi təcrübədə maliyyə nazirliyindən və digər qurumlardan "şəxslər ?" cəlb etməklə QHT-lərin ofislərində günlərlə yoxlama apara bilirdi. Belə təcrübə isə son zamanlar artmışdır. İndiki dəyişiklər və əlavələr nəticəsində isə yoxlama orqanı QHT-lərin fəaliyyətini öyrənməkdə daha geniş səlahiyyətlər və güc əldə edir. Ağır cərimələr isə QHT-ləri yoxlama orqanından daha asılı hala salır və bir çox hallarda onların fəaliyyətində mənfi çəkindirici rola malik olur.



  1. 31-ci maddənin mətni aşağıdakı redaksiyada verilir:

.....

31.2. Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə məsuliyyət müəyyən olunmadığı hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeyri-hökumət təşkilatına, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə yazılı surətdə xəbərdarlıq edilir və pozuntuların 30 günədək müddətdə aradan qaldırılması haqqında göstəriş verilir.

Bu müddəa hüququn ümumi prinsiplərinə ziddir və daha üstün qüvvəyə malik digər yerli və beynəlxalq qanunlarla ziddiyət təşkil edir.

Belə ki, tənzimləmə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunun 2.1-ci, 2.3-cü maddələri ilə də uyğunlaşmır. Qanunun 2.1-ci maddəsinə görə İctimai birlik—təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Təklif edilən dəyişiklik isə QHT-nin daxili işlərinə olduqca qeyri mütənasib olan müdaxilədir. Belə ki, QHT-lər öz nizamnaməsində göstərilən istənilən xırda qayda pozuntusu halında belə Ədliyyə Nazirliyi tərəfindən xəbərdarlığa məruz qala bilirlər. Halbuki, QHT-lərin icra orqanlarının nizamnaməyə uyğun fəaliyyət göstərməsinin yoxlanılması üçün QHT-nin səlahiyyətli nəzarət orqanları var, hansı ki, onlar nizamnaməyə uyğun olmayan fəaliyyət barəsində QHT-nin icra orqanlarını xəbərdarlıq edə bilmə səlahiyyətinə malikdirlər. Bundan başqa QHT-nin nizamnaməsinə uyğun olmayan fəaliyyəti zamanı hüquqlarının pozulduğunu iddia edən şəxslər, o cümlədən üzvlər və digər şəxslərin QHT-nin nəzarət orqanına və ya birbaşa məhkəmələrə müraciət etmək hüquqları mövcuddur. Həmçinin QHT haqqında qanunun 2.3-cü maddəsinə görə "Qeyri-hökumət təşkilatı Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qadağan olunmamış məqsədlər üçün yaradıla və fəaliyyət göstərə bilər." Göründüyü kimi QHT qanunlar ilə qadağan olunmayan fəaliyyəti göstərməkdə sərbəstdirlər. Lakin nizamnamə nin tələblərindən irəli gələn tələblərin pozulması anlayışı (bu tələblərin pozulması anlayışı olduqca geniş məfhumdur) ilə QHT-lərə birbaşa məsuliyyət tədbirinin12 tətbiqi hüquqa xas olan ədalətlilik və qanunilik kimi prinsiplərə uyğun deyil.

31.2-ci maddədə QHT-yə Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə məsuliyyət müəyyən olunmadığı hallarda eyni anda həm xəbərdarlıq verilir, həm də göstəriş verilir ki, bu da bir hüquq pozuntusuna görə eyni anda iki növ məsuliyyət tədbiridir. Və bütün yerli və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş təməl prinsiplərinin pozuntusu deməkdir. Belə ki,QHT bir hüquq pozuntusu halında həm xəbərdarlıq alır, həm də göstəriş. Göstəriş və ya xəbərdarlıqların sayına görə isə QHT-lər Ədliyyə Nazirliyi tərəfindən qaldırılan iddia ilə məhkəmənin qərarı ləğv edilə bilər.

QHT-lərin ləğv olunması üçün əsas ola bilən pozuntular İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının birləşmək hüququna təminat verən 11-ci maddəsinin 2-ci bəndində göstərilənlərə əsasən ola bilər. Həmin əsaslar milli təhlükəsizlik və ictimai əsayiş maraqları, iğtişaş və cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda məhdudiyyət qoyula bilər. Lakin 31.2-ci maddəyə görə Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə məsuliyyət müəyyən olunmadığı hallarda məsuliyyət müəyyən edilib. Bu müddəa avtomatik olaraq Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan və Konstitusiya qüvvəli normativ aktlardan sonra ən yüksək hüquqi qüvvəyə malik İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi haqqında Konvensiyasının 11-ci maddəsinə ziddir və hüquqi cəhətdən yerli hökümət orqanları və məhkəmələr tərəfindən istinad edilə bilməz.


  1. 31-ci maddənin mətni aşağıdakı redaksiyada qəbul edilib:

31.3. Bu Qanunla müəyyən olunmuş qaydada və hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə bir ilədək müddətə dayandırıla bilər. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması əsasları aşağıdakılardır:

31.3.1. qeyri-hökumət təşkilatı, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi fövqəladə vəziyyətin tətbiq edilməsinə səbəb olmuş şəraitin aradan qaldırılmasına maneçilik törətdikdə;

31.3.2. qeyri-hökumət təşkilatı, xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyi müvafiq icra hakimiyyəti orqanının xəbərdarlığında və ya göstərişində bildirilmiş pozuntuların müəyyən edilmiş müddətdə aradan qaldırılmamasına görə inzibati məsuliyyətə cəlb edildikdən sonra qurum tərəfindən həmin pozuntular aradan qaldırılmadıqda;

31.3.3. qeyri-hökumət təşkilatının icra orqanları tərəfindən təşkilatın üzvlərinin hüquqlarının pozulması və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradılması müəyyən edildikdə.
(hazırda qüvvədə olan müddəa)

31.4. Qeyri-hökumət təşkilatına bir il ərzində ikidən çox yazılı surətdə xəbərdarlıq və ya pozuntuların aradan qaldırılması haqqında göstəriş verildiyi halda qeyri-hökumət təşkilatı məhkəmənin qərarı ilə ləğv edilə bilər.

QHT haqqında qanunun 31-ci maddəsinə edilən dəyişiklilər QHT fəaliyyətinin yoxlanılması sahəsində olan vəziyyəti daha da pisləşdirib. Belə ki, qanunda əvvəllər də QHT-lərə qarşı xəbərdarlığın və hüquq pozuntusunun aradan qaldırılması üçün göstərişlərin verilməsi qaydaları, hansı pozuntulara xəbərdarlıq, hansı pozuntulara göstərişlərin verilməsi kimi aydın olmalı olan qaydalar müəyyən edilməyib. İndiki dəyişiklik ilə isə vəziyyət daha da pisləşib. Belə ki, bir iddia edilən pozuntu halında eyni anda həm xəbərdarlıq, həm də göstərişin verilməsi kimi iki məsuliyyət tədbiri nəzərdə tutulub. Qanunvericiliyin təkmil olmaması təcrübədə bir çox ciddi problemlərə və hüquqa zidd olan digər qaydaların yaranmasına səbəb olur. 13

QHT-lərin ləğv olunması üçün əsas ola bilən pozuntular İnsan Hüquqlarının və Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının birləşmək hüququna təminat verən 11-ci maddəsinin 2-ci bəndində göstərilənlərə əsasən ola bilər. Həmin əsaslara görə milli təhlükəsizlik və ictimai əsayiş maraqları, iğtişaş və cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda QHT fəaliyyətinə məhdudiyyət qoyula bilər. Lakin 31.2-ci maddəyə görə Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə məsuliyyət müəyyən olunmadığı hallarda məsuliyyət müəyyən edilib.

QHT-lərin fəaliyyətinin bu formada qeyri müəyyən tənzimləməsi Avropa Məhkəməsinin müəyyən etdiyi "keyfiyyətli qanun" tələblərinə də cavab vermir. Bundan başqa müdaxilə tədbirləri demokratik cəmiyyətdə zərurilik kimi Avropa Məhkəməsinin presedent hüququnda təşəkkül tapan vacib prinsipə, o cümlədən mütənasiblik, qanunilik kimi vacib hüquqi prinsiplərə cavab vermir.

Qanuna görə isə QHT üzvləri hüquqlarının müdafiəsi ilə bağlı həmin QHT-nin nəzarət orqanına, həmçinin birbaşa olaraq məhkəmələrə müraciət etmək hüququ var. Lakin 31.3.3-cü maddədə üzvlərinin hüquqlarının pozulması və birləşmə hüququnun həyata keçirilməsi üçün maneələrin yaradılmasının müəyyən edilməsi halının QHT üçün birbaşa ağır məhdudlaşdırıcı məsuliyyət tədbiri kimi müəyyən edilməsi birləşmək azadlığına müdaxilədir. Belə ki, belə müddəa Avropa Məhkəməsinin müəyyən etdiyi “keyfiyyətli qanun” tələblərinə cavab vermir. Belə ki, birləşmək azadlığına maneələrin yaradılması halı olduqca geniş məfhumdur və belə geniş və qeyri müəyyən halın nəticəsində dəqiq və konkret olan ağır məsuliyyət növünün seçilməsi qanunilik prinsipinə də ziddir.

Yeni 31.7-ci maddə

31.7. Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin dayandırılması müddəti tamam olduqda və buna səbəb olmuş pozuntular aradan qaldırıldıqda bu Qanunun 31.3.1-31.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, 31.3.3-cü maddəsində müəyyən olunmuş halda isə təşkilatın üzvlərinin müraciəti əsasında qurumun fəaliyyəti məhkəmənin qərarı ilə bərpa oluna bilər.

Hazırkı müddəa qanunvericiliyə son dərəcə qeyri mütənasib və qeyri dəqiq tənzimləmə gətirmişdir. Bundan başqa belə tənzimləmə həm də hüququn vacib prinsiplərindən olan qanunilik və ədalət prinsiplərinə də zidd olmaqla bərabər yerli və beynəlxalq hüququn tələblərinə zidd olmuşdur. Beləki, yeni müddəada müəyyən edir ki, bir illik müddətə fəaliyyəti dayandırılan QHT-nin bir il cəza müddəti bitdikdən sonra yenidən fəaliyyətə başlaması üçün QHT-nin fəaliyyətinin dayandırılması ilə bağlı şikayət edən tərəflərin (üzvlərin və ya Ədliyyə Nazirliyinin) yazılı müraciəti tələb olunur. Qısası QHT bir illik müddətə fəaliyyəti dayandırılsa da onun fəaliyyətinin dayandırılması beş il də davam edə bilər. Belə hüquqi məntiqə dayanmayan tənzimləmə QHT fəaliyyətinin qeyri məhdud və qeyri müəyyən mülahizəyə dayandırılaq məhdudlaşdırılmasıdır. Bu müddəa ümumilikdə Avropa Konvensiyasının 11-ci maddəsinin tələblərinə açıq aşkar ziddiyət təşkil edir.



  1. İXM-nə aşağıdakı məzmunda 223-1.4-cü maddə əlavə edilir:

"223-1.4. Qeyri-hökumət təşkilatları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri, habelə banklar tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış qrant alınması (verilməsi) haqqında müqavilələr (qərarlar) üzrə bank və hər hansı digər əməliyyatların aparılmasına, həmçinin fiziki və hüquqi şəxslər tərəfindən həmin qrantların icrası üzrə müqavilələrin bağlanılması və ya digər təşkilati tədbirlərin həyata keçirilməsinə görə fiziki və ya vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.".

İXM-ə əlavə edilən 223-1.4-cü maddədə məsuliyyəti müəyyən edilən şəxslərin dairəsi və fəaliyyət sahələri genişləndirilib. Beləki, təcrübədə bir çox hallarda qeydiyyatı olmayan QHT-lər qeydiyyatı olan QHT-lər ilə birgə layihələrdə iştirakçı kimi çıxış edirdilər. Lakin indi qəbul edilən bu dəyişikliklər nəticəsində bu kimi fəaliyyətlərdə tərəf ola bilən qeydiyyata alınmayan QHT-lər və fiziki və ya vəzifəli şəxslər iki min beşyüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər isə beş min manatdan səkkiz min manatadək miqdarda cərimə oluna bilərlər.

Azərbaycanda son illərdə edilən çoxsaylı qanun dəyişiklikləri QHT fəaliyyətinə çıxışa əsaslandırılmamış əngəllər və maneələr yaratmışdır ki, bu da birbaşa birləşmək azadlığına mənfi təsir göstərməkdədir. Ən son edilən dəyişikliklər isə QHT-lərin qeydiyyatını birləşmək azadlığının reallaşmasının əsas şərtinə çevirmişdir. Belə ki, yerli qanunvericiliyə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış bir qurumdur. Birləşmək azadlığının tam və maneəsiz reallaşdırılması üçün isə QHT-lərin qeydiyyatdan keçməsi zərurəti son dəyişikliklər ilə daha da kəskinləşdirilib. Belə ki, qeydiyyata alınmayan QHT-lər üçün müəyyən fəaliyyətlər göstərmək, o cümlədən qrantlar almaq, müxtəlif xidmətlər göstərmək, tədbirlər təşkil etmək hüquqən məhdudlaşdırılıb və sanksiyalaşdırılıb.


  1. Yekun müşahidələr

Son əlavə və dəyişiklərin yaratdığı əsas narahatlıq yaradan tərəflərini ümumi olaraq aşağıdakı kimi sadalamaq olar:

    • Yuxarıda adı çəkilən qanunlara edilən əlavə və dəyişikliklər nəticəsində QHT-lər üçün sayı 8 olan tamamilə yeni (həmçinin dəqiqləşdirilmiş) məsuliyyət növləri 14 müəyyən edilib;

    • 5 qanuna ümumilikdə 50-dən çox maddə üzrə əlavələr və dəyişikliklər edilib;

    • Qəbul edilən dəyişikliklərdə məsuliyyətə cəlb olunacaq şəxslərin əhatə dairəsi və fəaliyyət sahələri genişləndirilib;

    • Qəbul edilən dəyişikliklər xarici QHT-lərin filial və nümayəndəliklərinin ləğv edilməsini asanlaşdırır;

    • QHT fəaliyyətlərini tənzimləyən qanunvericilik ilə dig kateqoriyadan olan hüquqi şəxslərinin oxşar fəaliyyət və münasibətlərini tənzimləyən müvafiq qanunvericiliklə müqayisədə ədalətsiz və əsaslandırılmamışdır;

    • Yalnız beynəlxalq təşkilatların yerli filial və nümayəndəlikləri ilə bağlı 7-dən çox yeni əlavə və dəyişikliklər qəbul edilib;

    • İkili hesabatvermə proseduru yaranıb və buna görə məsuliyyət müəyyən edilib.15

İxtisarlar:

İXT- İnzibati Xətalar Məcəlləsi

QHT-Qeyri-hökümət təşkilatı

AİHK – Avropa İnsan Hüquqları Konvensiyası


1 109.21. BMT-nin dinc toplaşmaq və birləşmək azadlığı hüquqları üzrə xüsusi məruzəçisini ölkəyə əvət etmək. (Avstriya); 109.106. Birləşmək azadlığını təminat altına almaq üçün səyləri artırmaqla bərabər, QHT-lərin sərbəst fəaliyyət göstərmək üçün əlverişli mühiti təkmilləşdirmək.(İtaliya)

2 52. Birlik təsis etmək hüququ Konvensiyanın 11-ci maddəsində təsbit olunmuş hüququn ayrılmaz hissəsidir. Vətəndaşların ümumi maraqlar sahəsində kollektiv şəkildə hərəkət etmək üçün hüquqi şəxs təsis etmək imkanı birləşmək azadlığı hüququnun ən vacib aspektlərindən biridir. Bu olmadan həmin hüquq öz mənasını itirmiş olur. Milli qanunvericiliyin bu hüququn ifadə etmək tərzi və hakimiyyət orqanları tərəfindən onun praktiki tətbiqi müvafiq ölkədə demokratiyanın vəziyyətini əks etdirir. Əlbəttə, Dövlətlər birliklərin məqsədlərinin və fəaliyyətlərinin qanunvericilikdəki qaydalarla uyğun olduğunda özlərini əmin etmək hüququna malikdirlər, lakin, onlar bunu Konvensiya ilə öz üzərlərinə götürdükləri öhdəliklərə uyğun tərzdə etməlidirlər və bu məsələ Konvensiya institutları tərəfindən yoxlanılmaya məruz qala bilər.(baxın, Sidiropulos və başqaları Yunanistana qarşı, 10 iyul 1998-ci il, § 40, Qərar və Qərardaların Hesabatı 1998-VI). Fundamental hüquqlara aid olan məsələlərdə Konvensiya ilə qorunan əsas demokratik cəmiyyət prinsiplərindən biri olan qanunun aliliyinə zidd olar ki, icra hakimiyyətinə qeyri-məhdud hakimiyyətdə ifadə olunan şərtlər hüquqi mülahizə kimi təqdim edilsin. Lakin, gözlənilənlik məsələsinə gəldikdə, Məhkəmə qeyd edir ki, «QHT haqqında» Qanunun müddəaları nəticə etibarı ilə birliyin ləğv olunmasına gətirib çıxaran xəbərdarlıqların Ədliyyə Nazirliyi tərəfindən edilməsinə əsaslarla bağlı dəqiqlikdən uzaq olmuşdur. «QHT haqqında» Qanunun 31.2-ci maddəsi Ədliyyə Nazirliyinə səlahiyyət verib ki, fəaliyyətlərini həmin Qanunun «məqsədlərinə uyğun olmayan» hesab etdiyi halda, ictimai birliklər daxil olmaqla qeyri-hökumət təşkilatlarına xəbərdarlıqlar etsin. «QHT haqqında» Qanunun 1-ci maddəsinə əsasən, onun məqsədləri, inter alia, ictimai birliklərin təsis olunması, idarə edilməsi və fəaliyyət əhatəsinin prinsipləri və qaydalarının ümumi tənzimlənməsini daxil etdirir. Bu anlayış, mahiyyət etibarı ilə, birliyin mövcudluğu və fəaliyyətinə aid olan məsələlərin qeyri-məhdud dairəsini əhatə edən kimi görünür.

62. Məhkəmə ərizəçilərlə razılaşır ki, yuxarıdakı müddəalar ümumi terminlərlə ifadə olunub və geniş təfsirə səbəb ola bilər. Hökumət, bu müddəaların spesifik təfsirini təqdim edə bilən daxili məhkəmə işlərinin hər hansı misalını göstərməmişdir. Belə olan halda, «QHT haqqında» Qanun birliyin mövcudluğuna aid hər hansı məsələyə müdaxilə etmək üzrə çox geniş mülahizəni Ədliyyə Nazirliyinə vermişdir. Belə vəziyyət birliklər üçün çətinləşdirib ki, onların görüdüyü məhz hansı hərəkətlərin Nazirlik tərəfindən «QHT haqqında» Qanunun «məqsədləri ilə uyğun olmayan» kimi qiymətləndirilməsini əvvəlcədən gözləsin. (Təbiəti Mühafizə Cəmiyəti və İsrafilov Azərbaycana qarşı (Şikayət № 37083/03))



3 QHT fəaliyyətinin bir il müddətinə məhkəmə qaydasında dayandırılması.

4 Qanuna edilən əlavə və dəyişikliklər milli məclisin internet səhifəsində qəbul edilməsinə iki gün qalmış yerləşdirilmişdir.


5 Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması prinsipini müəyyən edir. Eyni zamanda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 9.2-ci maddəsində normayaratma fəaliyyətində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarının üstünlüyünü, normayaratma fəaliyyətinin demokratikliyi və şəffaflığı və mütənasibliyi kimi prinsipləri müəyyən edilib.


6 Məsələn, Vergilər Məcəlləsinə əsasən kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Göründüyü kimi qanunvericinin kommersiya fəaliyyətinə olan münasibəti qeyri-kommersiya fəaliyyətinə olan münasibətdən daha mütərəqqi və şəffafdır.


7 Maddə 340-5. Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydalarının pozulması – yəni, Xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmədən fəaliyyət göstərilməsinə və ya buna şəraitin yaradılmasına görə,

  • fiziki şəxslər min manatdan iki min manatadək miqdarda,

  • vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda,

  • hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimə edilir.



8 Qeyri-hökumət təşkilatlarının köməkçilərinə nizamnamələrinə müvafiq olaraq qeyri-hökumət təşkilatının fəaliyyətində iştirak etməklə, öz münasibətlərini qeyri-hökumət təşkilatı ilə təşkilati cəhətdən rəsmiləşdirmədən ona müxtəlif kömək və ya xidmətlər göstərməklə qeyri-hökumət təşkilatını dəstəkləyən fiziki və hüquqi (dövlət hakimiyyəti və yerli özünüidarə orqanları istisna olmaqla) şəxslər aiddir. Köməkçilərin mövcudluğu və onların hüquqi statusu qeyri-hökumət təşkilatının təsis sənədləri ilə müəyyən edilir.

9 Monitorinq iştirakçıları 20 000 (iyirmi min) manat və ya ona ekvivalent xarici valyuta məbləğinə bərabər və ya bu məbləğdən yuxarı pul vəsaitləri və ya digər əmlakla nağd şəkildə həyata keçirilən əməliyyatlar barədə bu Qaydalara müvafiq olaraq Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim etməlidirlər.

10 Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və əməliyyatı aparan Banklar vasitəsi ilə Maliyyə Monitorinq Xidməti

11 2014-cü il 1 yanvar tarixindən qüvvəyə minən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanun sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir və belə qanunvericilik bu sahədə yoxlamaların qanuna uyğun, şəffaf və aydın aparılmasını təmin etməyə imkan verir.

12 Yazılı xəbərdarlıq. İl ərzində ikidən çox belə xəbərdarlıq QHT-nin ləğvi ilə nəticələ bilər.

13 Məsələn yeni qəbul edilən 31.2-ci maddədə QHT-yə Azərbaycan Respublikası qanunvericiliyinin, eləcə də nizamnamənin müddəalarından irəli gələn tələblərin pozulmasına görə məsuliyyət müəyyən olunmadığı hallarda eyni anda həm xəbərdarlıq verilir, həm də göstəriş verilir ki, bu da bir hüquq pozuntusuna görə eyni anda iki növ məsuliyyət tədbiridir. Və bütün yerli və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş təməl prinsiplərinin pozuntusu deməkdir. Belə ki,QHT bir hüquq pozuntusu halında həm xəbərdarlıq alır, həm də göstəriş. Göstəriş və ya xəbərdarlıqların sayına görə isə QHT-lər Ədliyyə Nazirliyi tərəfindən qaldırılan iddia ilə məhkəmənin qərarı ləğv edilə bilər.

14 7 sayda yeni cərimə və məhkəmə qaydasında bir illik fəaliyyətin dayandırılması.

15 İXM-ə əlavə edilib: “monitorinq iştirakçısı və ya monitorinqdə iştirak edən digər şəxslər tərəfindən nəzarət orqanlarının fəaliyyətinə hər hansı şəkildə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan sənədlərin və məlumatların təqdim edilməməsinə, yanlış məlumatların verilməsinə görə"; (348-3.0.6.)


Yüklə 145,81 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin