Heç kəsin ağlına gəlməzdi ki, o gecəki telefon zəngindən sonra elə qəribə, gözlənilməz bir hadisə baş verəcəkdir!



Yüklə 48,52 Kb.
tarix02.01.2022
ölçüsü48,52 Kb.
#2045

HARAM PUL
Heç kəsin ağlına gəlməzdi ki, o gecəki telefon zəngindən sonra elə qəribə, gözlənilməz bir hadisə baş verəcəkdir!..
***

Sabahısı istirahət günü idi. Daşqın axşamdan yatmışdı. Səhər ala-toranlıqdan durub ova gedəcəkdi. Bu, onun üçün bir növ əyləncəyə çevrilmişdi. Hər həftə bir-iki gün səs-küylü şəhərdən ayrılıb saatlarla Xəzərin sakit, qumsal sahillərində, dalğadöyən qayaların üstündə gəzib, dolaşmaq ən gözəl istirahət deyilmi?

Gecə telefon zəng çaldı. Daşqın qalxdı, pencərədən düşən ayın ziyasında saata baxdı. Saat on ikiyə az qalmışdı. Başmaqlarını geyib işığı yandırmadan yan otağa keçdi.

- Kimdir? – deyə dəstəyi qaldırınca astadan xəbər aldı. Tanış bir səs eşidildi:

- Daşqın, sənsən?

- Bəli, mənəm!

Zəng edən şəxs nəfəsini dərib, susdu. Onun tövşüdüyü aydın hiss edilirdi.

- Bilirəm, tanımadın... Səndə təqsir yoxdur. Köhnə dostlardan elə uzaq düşmüşəm ki, səsimi də yaddan çıxarıblar. Atlandır danışan...

- Hə, hakim yoldaş!.. Səsini eşidək... Səndən nə əcəb?

Uşaqlar oyanmasın deyə o, əlini uzadıb ara qapını örtdü.

- Elə birdən yadıma düşdün, Daşqın. Bağışla yuxudan eləmədim səni?

- Eybi yoxdur. Xeyir ola bu gecəynən?

Atlanın səsində gizli bir həyacan duyulurdu. Elə bil telefonda danışdığını kimdənsə gizlətməyə çalışırdı.

- Daşqın yenə ova çıxırsan?

- Bəli... Sabah sübhün gözü açılmamış dəniz qırağındayam.

- Bəlkə... Bu dəfə məni də özünlə aparasan?

- Ovçuluq həvəsinə düşmüsən? Nə deyirəm, gedək də... Ancaq mən səhər saat beşdə evdən çıxacağam.

- Maşınla?

- Bəli.

- Beş tamamda mən sizin qapıda hazır!

- Danışdıq! Tüfəngin var, yoxsa...

- Varımdır. Srağagün təzə qoşalülə almışam. Hələ heç açılmayıb.

- Ördəyin, qaşqaldağın bol vaxtıdır. Sabah dilləndirərik tüfəngini.

- Mən quşa atmayacağam. Vəhsi heyvan vuracağam.

Daşqın güldü:

- Heyif ki, Xəzərin sahilində cəngəllik yoxdur.

Telefon söhbəti çox uzun çəkmədi. Vədələşdilər. Daşqın keçib çarpayısında uzananda arvadı Qumral yuxulu səslə soruşdu:

- Kimdi bu gecəynən zəng vuran?

- Atlandı.

- Gün hayandan çıxıb? O ki, hakim olandan dost-aşnanı saymırdı...

- Nə bilim...

- İşi düşməsə zəng çalmaz. – Qumral bir qədər ara verib sözünə davam etdi. – Bəlkə haqqında qəzetlərə material veriblər, minnətçi axtarır?

- Məncə yox, dedi, səhər mən də səninlə ova getmək istəyirəm.

Qadın çevik hərəkətlə Daşqına sarı çevrildi.

- Sən də razılıq verdin?

- Hə...


- Nahaq yerə! Atlan nadürüst adamdır!..

Keçən ay Daşqın redaksiyanın işi ilə əlaqədar rayona ezam edilmişdi. Atlan, əvvəllər onlarla bir həyətdə kirayəşin qaldığı ev sahibinin on yeddi yaşlı qızına elçi göndərmişdi. Qumralı da qonşuya çağırmışdılar. Onda “həri” almağa gələn arvadlar hakimi tərifləyə-tərifləyə işi korlamışdılar. “Atlanın var – dövləti göz dəyməsin başından aşır. Qızınız ona getsə xoşbəxt olacaq, zər-ziba içində gəzəcək...”

Universiteti təzəliklə bitirmiş cavan hakimin, hansı yollarla birdən – birə varlanması qızın ata-anasını şübhəyə salmışdı. Yeganə övladlarını bəxtiqara görmək istəməmişdilər. “Qız başqasını sevir” – deyə yalandan bəhanə gətirərək elçiləri rədd eləmişdilər...

Qumral Atlanın ünvanına “nadürüst” dedikdə bunları nəzərdə tuturdu. Daşqın yerinə uzanınca fikri keçmişlərə qayıtdı.

Ali məktəbdə oxuduğu illər Atlan onlarla bir həyətdə yaşayırdı. Atası Bəhram aşağı mərtəbədə oğluna otaq tutmuşdu. Içində hər dəm-dəsgahı vardı. Kişinin bir ayağı rayonda, bir ayağı Bakıda olardı. Ayda bir neçə dəfə kəndlərinin əti, toyuğu, yağı, meyvəsi, balı Atlan üçün daşınardı. O, heç barədən korluq çəkməzdi. Kostyumun birini çıxarıb, o birini geyərdi. Hər axşam otağına tələbə yoldaşları yığışar, gecəyədək yeyib – içərdilər. Səsləri həyəti başına götürərdi. Atlan maqnitofon lentinə yazdırdığı “Avropalı gəlin” filmindən Tormoz Hüseynin mahnısına qulaq asmaqdan yorulmazdı. Qonşular hey deyinərdilər.

O zaman Daşqın da tələbə idi. Ikinci kursda, jurnalistika fakultəsində oxuyurdu. Hər gün Atlanla rastlaşardı. Hal-əhval tutardı, ancaq onunla qaynayıb qarışmazdı. Həmişə kənar olmağa çalışardı. Bunu qonşular da hiss edirdilər.

Atlan zahirən yaraşıqsız oğlan deyildi. Şəvə kimi qıvrım saçları, çatma qara qaşları, iri qonur gözləri vardı. Atasıtək şaqqalı, hüdür boylu... Əslində olduğundan xeyli yaşlı görünərdi. Yay-qış həmişə təkcə kostyumda gəzər, boynuna dəbdən düşmüş zövqsüz qalstuklar taxardı. Çəkmələri də ya sarı, ya göyümtul, ya da başqalarının geymədiyi rəngdə olardı. Hələlik şəhərin tez-tez dəyişən dəbinə alışmadığından qonşuluqdakı qızlar oğlanlar ona şəbədə ilə baxardılar.

Bir dəfə Bəhram həyətdə Daşqınla qarşılaşdı. Xeyli söhbətləşdilər. Sonra kişi onu ərkyanalıqla məzəmmət etdi:

- Qardaşoğlu, niyə bizim uşaqdan uzaq gəzirsən? – dedi. – O da sənin kimi tələbədir. Bakıda heç kəsi yoxdur. Adam adama həyan olar. Qoşulun bir-birinizə, hərlənin. Dostluq yaxşı şeydir.

- Elədir, əmi, - deyə Daşqın onu könülsüz təsdiqlədi. – Ancaq dərslər qoyur ki...

Bəhram maraqlandı:

- Sən hansı sənəti oxuyursan, qardaşoğlu?

- Jurnalistika fakultəsindəyəm.

- Demək, qəzetçi olacaqsan?

- Bəli.

Kişi çiyninin üstdən arxaya boylanıb üzünü Daşqşna tutdu:

- Sənin necə, o vaxt çox xərcin çıxdı?

- Nəyə?


- Universitetə girməyə.

Daşqın gözlərini döydü, istehza ilə qımışdı.

- Xərcim niyə çıxır ki?

- Bə elə müftə- müsəlləm, öz gücünə qəbul olundun?

- Qəribə söz danışırsız! Bəs mən on il orta məktəbdə niyə görə oxumuşdum?

Bəhram kişi Daşğının başını sığalladı:

- Afərin! Mərhəba! Bax, oğul sənin kimi olar!.. O, yan – yörəsinə nəzər yetirib Daşqına sarı əyildi: - Özgəsi deyilsən, qardaşoğlu, səndən nə gizlin. Atlanı universitetə salmağa mənim bir aləm xərcim çıxdı:- Kişi sifətini şapalaqladı: - Yalansa bunu qəbrə qoyasan! Onu gör, bunu gör... hamısını da borc eləmişəm. Neyləyəydim?! Rayon yeridir. Dost var, düşmən var...

Daşqın eşitdiklərinə məəttəl qaldı. Bu kişi nə danışırdı? Onun dediklərinə inanmaq olardımı?

Bəhram bu dəfə pıçıltıya keçdi:

- Mən qardaşoğlu ticarət işçisiyəm. Ancaq naşı deyiləm. Sabahı görən adamam. Gərək elə sən də o zaman Atlanın fakultəsinə girəydin. Qəzetçilik mərdüməzarlıqdır. Əgər mən bu başdan bir ətək xərc çəkmişəmsə Atlan üçün, çox əcəb! Sabah, inşallah, təhsilini qurtarar, fərasəti olar, o pulu üçcə ayın içində çıxarar. Digər tərəfdən dilfaqdır, filfaqdır, nədir, ora girmək fikrindəydi. Gecə - gündüz kitab əlindən düşmürdü. Oxuyurdu, hazırlaşırdı. Qoymadım! Kimə lazımdır onun dilfaqı? Ağıllı adam sabahını düşünməlidir...

Altı-yeddi ay keçməmiş Bəhram kişini ticarətdən çıxartdılar. Ayağı şəhərdən kəsildi.

Neçə il qabaq həyətlərinin bir küncündə ayaq üstündə edilən o məxfi söhbət, indi də Daşqının yadındadır. Tələbəlik həyatı sürətlə ötdü. Universiteti bitirəndən sonra Daşqın evləndi. İşləmək üçün rayona təyinat aldı. Daha Atlandan xəbəri olmadı. Bəhramınsa qəflətən öldüyünü eşitmişdi...

Jurnalist kimi Daşqın tez tanındı. Ara-sıra yazılarını Bakıya göndərdi, çap etdilər. Tədricən imzası məşhurlaşdı. Üçüncü il onu mərkəzi qəzetlərdən birinə işləməyə çağırdılar.

Artıq o, iki uşaq atasıydı. Daşqın Bakıya gələndə Atlan həyətlərindən harasa köçüb getmişdi.

Şəhər böyükdür. Bir-birini axtarmayan tanışlar bəzən illərlə rastlaşmırlar. Daşqının Atlanla görüşməsi təsadüfi oldu.

Yayın bürkülü günləri başlamışdı. Hər axşamçağı bakılılar sərinlənməyə sahil bağına axışırdılar. Daşqın da arvad-uşağı ilə gəzməyə çıxmışdı. Ana, içərisində körpəsi yatmış kolyaskanı sürürdü. Ata, təzəcə ayaq açmış qızının əlindən tutmuşdu. Qarşıdan onlara sarı iki nəfər gəlirdi. Daşqın birini Atlana oxşatdı. Qara şüşəli eynək taxmışdı. Qəşəng də geyinmişdi. Ancaq... salamlaşmağa tərəddüd etdi. Ötüşüb keçdilər. Daşqın zəndində yanılmamışdı. Dönüb dala baxanda, o da geri çevrildi. Və azacıq gülümsəyərək, əlini qaldırıb – endirməklə borcunu bitmiş hesab elədi. Bu soyuqluğun müqabilində Daşqın da təkcə başını tərpətməklə kifayətləndi.

- Kim idi o? – deyə Qumral maraqlandı.

- Atlandı.

- Nə yaman dəyişib. Tanımadım...

Ikinci təsadüf Daşqına daha soyuq təsir bağışladı. Onda heç Atlanın üzünü də görmədi. Jurnalist dostlarından biri ilə restoranda oturub şam eləyirdi. Süfrədə “Badamlı”dan savayı içki yox idi. Aralarında işgüzar söhbət başlanmışdı. Xörəkpaylayan qadın əlində dolu podnos onlara yaxınlaşdı:

- Bunları sizə göndəriblər, - deyə gətirdiyi vaz dolu meyvəni, “Göygöl” konyakını və iri şokolad qutusunu stolun üstünə düzdü. Dostlar restorandakılara göz gəzdirdilər. Tanış adam görmədilər. Daşqın xəbər aldı:

- Kim göndərib?

Qadın, yaşına yaraşmayan cavan qız ədası ilə çiyinlərini əsdirərək gülümsədi:

- Xahiş elədi, deməyim. Onlar bir dəstədir. “Kupedə” oturublar. Stolunuzun da haqqını veriblər.

Daşqının yanındakı gileyləndi:

- Qəribə adətlər yaranıb!

Dostlar nəzakət xatirinə konyakı açıb adama bir qədəh içdilər. Qalxıb getməyə hazırlaşanda orkestr “Tormoz Hüseyn”in mahnısını çaldı. Müğənni səhnəyə çıxıb oxumağa hazırlaşırdı. Xörəkpaylayan qadın onlara yan alıb dedi:

- Bu mahnı da sizin üçündür, onların sifarişidir.

Daşğına hər şey aydın oldu...

Sonralar bir-birinə nisbətən yaxınlaşdılar. Təşəbbüs Atlan tərəfindən başlandı.

- Əziz dost, jurnalistlər, yazıçılar belə şeyləri məndən yaxşı bilirlər. Deyir, ağac bar verdikcə başını əyər. Sənsə əksinə, bizi görəndə salamsız-kalamsız ötürsən, - deyə bir yol görüşəndə Atlan onu qabaqladı. – Bilirik məşhur jurnalistsən. Axı biz də özümüzə görə balaca adam deyilik. Hakimik, talelər həll edirik...

Zarafatqarışıq gerçəkliklə deyilən bu diplomatik sözlərdə əsasən iki məna gizlənirdi. Birincisi Atlan bildirmək istəyirdi ki, o da mətbuat aləmindən xəbərsiz deyil, vaxtaşırı qəzet-jurnallarda çıxan yazılarımı oxuyur.

Ikincisi, eyni zamanda çatdırmaq istəyirdi ki, bəyənmədiyi Atlan bu gün daha başqa adamdır.

Daşqın tükü-tükdən seçəndi. Əlüstü anladı. Atlan bulvarda burnunu dik tutub saymazyana keçəndən sonra ayılmışdı. Çox güman, yanındakı yoldaşı Daşqının barəsində ona danışmışdı... restorandakı səxavət də, indiki mehribanlıq da nahaqdan deyildi. Həyatda hər şey ola bilərdi. Təsadüf elə gətirərdi ki, dolaşıq bir işdə Daşqın kimisi köməyə yetərdi...

Sonralar Atlan “dostunun” yazılarını oxuduqca telefonla zəng vurub ona tərifli sözlər deyərdi.

Aradan bir müddət keçdi. Hakimin izi-sorağı yenə itdi.

Indi Daşqın fikirləşdikcə bu qərara gəlirdi ki, “Qumralın sözündə həqiqət var. Mən Atlanın yadına haradan düşdüm? Əgər məsələ ancaq ova getməkdisə, bəs onun keçirdiyi həyəcan nə üçün idi?”

Istəsəydi, sabahkı səfərdən Daşqın asanlıqla imtina edə bilərdi. Ancaq buna ehtiyac duymurdu. Atlan hər kimdisə, bir kərə yola çıxmaqla nə olacaqdı ki? Digər tərəfdən Daşqını jurnalist kimi də maraqlandırırdı: tələbəlik illərində atasının qazancını sağa-sola xərcləyən Atlan bu gün hansı məsləklə yaşayırdı?

O, bu düşüncələrlə yuxuya getdi...
***

Sübhün alaqaranlığında Daşqın həyətə enib qaraja tərəf gedəndə Atlanı orada siqaretini tüstülədə-tüstülədə gəzişən gördü. Ayaq səsləri eşitcək füvrən geri döndü.

- Daşqın, sənsən? – soruşdu.

Atlanın dünənki həyəcanı çəkilməmişdi. Çox ehtimal, elə buna görə idi ki, danışıqlarında qəribə məntiqsizlik yarandı. Daşqın yaxınlaşıb ona əl uzatdı:

- Sabahın xeyir!- dedi. Əvəzində isə Atlan gülümsəməyə cəhd edərək, cavab verdi:

- Çox sağ ol. Lap yaxşıyam.

Şübhəsiz fikri dağınıq olduğundan, deyiləni eşitməmişdi.

Azacıq söhbətdən sonra Daşqın tüfəngini divara söykədi; içi dolu yol çantasını yerə qoyub qarajı açmağa başladı.

Həyətin ortasında heykəl kimi dayanmış Atlan isə arxadan diqqətlə ona baxırdı. Daşqın əsl ovçu paltarında idi. Əynində nimdaş sırıqlı, ayaqlarında boğazlı çəkmə vardı. Haçansa vaxt tapıb üzünü də qırxmışdı. Qalın boz kepka qoymuşdu. Boğazına zolaqlı şərf sərimişdi. Atlan isə nə yol azuqəsi, nə də isti geyinmək barədə düşünmürdü. Başaçıq gəlmişdi. Işə geydiyi kostyumda və nazik yaz paltosunda idi. Təkcə tüfəngini söküb qatlayaraq, sement kisəsindən cırılmış qalın kağıza sarımışdı. Patronları cibinə tökmüşdü.

Daşqın maşının matorunu işə salıb faraları yandıranda Atlanın belə səliqəli qiyafəsinə işarə edərək güldü:

- Hakim yoldaş, biz toya getmirik, ha... ova gedirik, - deyə başını pəncərədən çıxarıb dilləndi. – Gərək köhnə-möhnə geyinəydin.

- Zərər yoxdur! – Atlan laqeyidliklə cavab verdi.

Bir azdan yaşıl “Jiquli” həyətdə dövrə vuraraq, darvazadan keçib sağa buruldu. Küçələr sakit və kimsəsizdi. Haya ayazımışdı.

- Sənə soyuqsa, şüşəni qaldırım, - deyə Daşqın çevrilib Atlana baxdı.

- Narahat olma.

Illər hakimin qara saçlarına dən salmışdı. Qalın bakenbardları isə tamam ağarmışdı. Üzü tüklü idi. Daşqın onu başqa yerdə görsəydi bəlkə də tanımazdı. Xeyli dəyişmişdi. Pırpızlaşmış qalın qaşları çuxura düşmüş, gözlərinin üstünə enmişdi. Kostyumu, paltosu təzə olsa da, geyimində bir səliqəsizlik vardı. Qalstukunun düyünü boşalıb sinəsinə sallanmışdı.

“Jiquli” şəhərin dolanbac küçələrində hərlənib ana yola çıxdı. Daşqın sürəti artırdı. Təkərlərin qıjıltısı kabinədə eşidilirdi. Atlan danışmırdı. Ikinci siqareti yandırmışdı.

- Hə... hakim yoldaş, bir söhbət eləsənə!- deyə Daşqın onu dilləndirmək istədi.

Atlan xəyaldan ayrılıb qubarlı bir ah çəkdi.

- Eləyəcəyəm. Bu gün sənə danışılacağı sözüm çoxdur. Ancaq dəniz qırağında.

Siqaretini sümürdü.

Saat altının yarısı idi. Hava tədricən işıqlaşırdı. Yol qırağındakı hündür evlərin, qol-budaqlı ağacların, uca zavod borularının silueti boz çalarlı mavi səmanın özündə qəribə mənzərə yaradırdı.

- Maşının yoxdur, Atlan? – deyə Daşqın aradakı sükutu pozdu.

- Xeyr.


- Nə əcəb almamısan?

Hakim cibindəki patronları oynadaraq cavab verdi:

- Nə bilim. Yaxşı ki, yoxumdur.

- Niyə? Maşın rahatlıqdır. Biz də bunu Qumralın maaşı hesabına almışıq. Düz beş il onun məvacibinə dəymədik. Yığdıq, yoldaşım həkimdir. Bizim rayonun poliklinikasında işləyir.

Atlan siqaretini sonuncu dəfə sümürüb kötüyünü pəncərədən bayıra tulladı.

- Sizin iki uşağınız var da?.. – soruşdu.

- Bəli. Böyüyü qızdır. Səninki?

- Məndə bircə oğlandır. – Fərrux. Üç yaşında. Neçə aydı üzünü görmürdüm. Dünən gecə səninlə telefonla danışandan sonra getdim, qucağıma alıb o ki var, öpdüm onu. Yuxulu idi.

Söhbətə körpü salınmışdı. Daşqın yolun solunu götürdü. Qabaqdakı yük maşınlarını ötdü. Yenə sağa keçdi.

- Oğlun bəyəm səninlə olmur?

- Nə oğlum, nə də anası. Eh... Daşqın!.. Mənim həyatım faciədir. Onun da qəhrəmanı mənəm!..

O, yenə siqaret yandırdı.

- Nə çox çəkirsən?

- Əlacım nədir? Gündə iki qutu çatmır mənə.

Atlanın ürəyi dolu idi. Ancaq nə üçünsə hələlik çox xəsisliklə danışırdı. Daşqın özlüyündə qət etmişdi ki, onu diqqətlə dinləsin. Hər halda belə bir adamın həyatını öyrənmək jurnalist üçün maraqsız deyildi.

- Atan öləndə teleqram vurmuşdum. Yəqin almışdın.

Atlan başını tərpətdi.

- Almışdım. Eh!.. Məni bədbəxt eləyən elə atam olmadımı?!

- Niyə?

- Danışacam sənə. Tələsmə.

- Yaxşı, ha tərəfə gedək? – deyə körpüyə yaxınlaşanda Daşqın maşının sürətini azaldıb xəbər aldı.

Atlan qeyri-müəyyən cavab verdi:

- Mənim üçün fərqi yodur. – Sonra sözünə əlavə etdi. – Dəvəsi ölmüş ərəbəm.

Yol üzüm bağlarının mərzində hasar kimi cərgələnən saralmış əncir ağaclarının arasında keçirdi. Ətraf payız paltarında idi. Səhərin mehi maşının içərisinə xəzan iyi doldururdu. Gecə şəbnəmindən islanmış bağların qumu üzərindəki ləpirlər hamarlanmışdı.

- Atlan belə başa düşdüm ki, sən ailəndən ayrı yaşayırsan, - deyə Daşqın bayaqkı söhbətə qayıtdı.

- Elədir.

- Kimlərdəndir, yoldaşın?

- Bəlkə tanıyasan, professor Kərimbəylinin qızını almışdım. Çox nəcib, mehriban qadın idi. Başına min oyun açdım. Axırda it kimi özüm peşman oldum. Indi ov bəhanədir. Dərdimi danışacağam. Sən ağıllı adamsan. Yazarsan, tərbiyəvi bir material çıxararsan ortaya. Icazə verirəm, adımı, familiyamı, lap sənətimi də olduğu kimi göstər. Qoy oxuyanlar bilsin o, mənəm – Atlandır.

Qarşıda dəniz bütün genişliyi ilə görünürdü. Ağ köpüklü dalğalar cərgə-cərgə sahilə axışırdı. Gün hələ doğmamışdı. Səmanın maviliyi sularda əks olunurdu. “Jiquli” asvalt yoldan çıxdı, nəm qumun üstdə paralel naxışlı izlər saldı. Ləpədöyənə yönəldilər. Yan-yana uzanmış nəhəng balinaları xatırladan qara- boz qayalar getdikcə böyüyürdü.

- Bax... ora mənim ov yerimdir, - deyə Daşqın dilləndi. Maşın dənizlə sahilin sərhədində dayandı.


***

Soyuq xəzri əsirdi. Dalğalar güclənmişdi. Günəş üfüqdən indi-indi boylanırdı. Gecədən dənizin ortasındakı adalarda, qayalarda yatan quşların yem axtarmağa sahilə uçan vaxtları idi. Lakin bu səhər Daşqını heç nə maraqlandırmırdı. Hakimin söhbəti onun diqqətini elə cəlb etmişdi ki, ətrafı unutmuşdu. Özlərinə dalda yer seçmişdilər. Buranı külək tutmurdu. Daşqının həmişə maşının baqajında gəzdirdiyi üstü brezentli qatlama stullarda qarşı-qarşıya əyləşmişdilər. Tüfəngləri qıçlarının arasında dikinə tutmuşdular. Atlan hələ indiyəcən heç kimə açmadığı dərdini danışırdı:

- ...Atam öləndən sonra çoxlu borcu çıxdı. Universitetə girəndə mənə görə rayonumuzda işləyən bir dükançıdan on min alıbmış. Bunu özü danışmamışdı. Vəfatından sonra eşitdim. Kənddə anam qohumlarımızdan birinə atamın dalınca gileylənirdi: “Qızınmadıq istisindən, kor olduq tüstüsündən! Uşaq qulluğa təzəcə girib. Qazancı az. ailəsini güclə dolandırır. O qədər pulu hardan yığıb verəcək? Borc sahibi gözləyir...”

Sabahısı, kənddə həmin dükançı evimizə gəldi. Yalan – doğru and içdi ki, mağazada xeyli əskiyi var. Ayın axırında yoxlama aparacaqlar. Pulu qəpiyinədək yerinə qoymasa dama basacaqlar.

O vaxt Bakıda bir nəfərin rüşvət məsələsi ilə əlaqədar məhkəmədə işinə baxacaqdım. Adamları məni möhkəm axtarırdılar. Bilirdim məqsədləri nədir. Yaxına qoymurdum. Cinayət Məcəlləsinə görə müttəhimin beşdən on ilə qədər cəzası vardı. Dükançı borcunu istəyəndə haradansa yadıma o rüşvət alanın adamları düşdü.

- Çalışaram, - dedim. – Borcunuzun, heç olmasa yarısını qaytaram ayın axırı üçün. Inanırsanmı, Daşqın, o vaxtadək vicdanım tərtəmiz idi. Haram tikə yeməmişdim. Heç kəsin yanında gözü kölgəli deyildim. Bakıya gəldim. Məni axtaran adamları indi özüm axtarmağa başladım. Tapdım. Dilim-dodağım əsə-əsə soruşdum:

- Siz məni görmək istəyirdiniz?

Dedilər:


- Bəli, hakim, haçan, harda istəsən biz qulluğunda hazır!

Işdən çıxanda yolumun üstü idi.

Dedim:

- Saat beşdə “beşmərtəbə”nin qabağında görüşək.



Amma onlarla nə danışacağımı bilmirdim. Üçünü birdən çağırmışdım. Bu da mənim naşılığımdandı.

Görüşə gedəndə ürəyim çırpınır, az qala dizlərim bükülürdü. Hərdən yıxılmamaq üçün divarı tutub yeriyirdim. Güman edirdim ki, kimsə dalımca gəlir, pusur məni. Vədələşdiyimiz yerə yaxınlaşdım. Gördüm onlardan biri tində dayanıb məni gözləyir. Tanıyınca tez çıxdı qənşərimə. əvvəl ordan-burdan danışdı. Sonra yönəldi mətləb üstünə.

- Hakim, işinə baxacağın müttəhim İbrahimov mənim doğmaca mamam oğludur, - dedi. – Ertədən kəsdiyimiz şərtə irazıyıq. Istədiyin məbləği bütöv gətirmişəm.

Heç nə anlamadım.

- Nə şərt? Nə məbləğ?

- Qadan alım, ay hakim, bayaq bəs özün demədin saat beşdə beşmərtəbənin qabağında...

- Dedim.

- Biz də səni belə başa düşdük ki, beş min alıb, beş illə kifayətlənəcəksən. Yoxsa düz anlamamışıq?

Boğazım qurudu. Cavab verməyə söz tapmadım. Tər məni basdı. Yanımdakı dinmədiyimi görüncə əyilib çiynini böyrümə söykədi. Sonra ehtiyatla qulağıma pıçıldadı:

- Hakim, saldım haqqını cibinə.

Ilk dəfə vicdanımı bax, belə satdım! İkinci dəfə o qədər qorxmadım. Üçüncü dəfə daha öyrəncəli idim...

Atamın borcunu verdim. Mənim rüşvətxorluq fəaliyyətim bax, belə başlandı!..

- Bəs bir gün işin üstü açılacağını düşünmürdün?

- Yox. Hər dəfə müttəhim adamlarını məcəllədəki cəzanın yuxarı maddəsi ilə qorxudurdum. Əslində isə işi yüngül olmalıydı. Haqqımı alırdım, qanuni hökm çıxarırdım. Bu maxinasiyalarda mənimlə əlaqə saxlayan bir-iki vəkil vardı. Sonra, şahidləri dindirməkdən də çox şey asılıdır... Aylıq maaşım yüz manat idi. Əvvəllər bu geninə boluna çatırdı mənə. Indi min beş yüz də tələbimi ödəmir...

Bayaqdan diqqətlə Atlanı dinləyən Daşqın bu arada özünü saxlaya bilmədi:

- Eşitməmisən, məsəl var: arvada bir kişi çoxluq edər, iki kişi azlıq.

Hakim öz əməllərindən danışdıqca siqareti-siqaretə calayırdı. Daşqın başının üstündən ötən ördəklərə məhəl qoymurdu. Tüfənglərin ikisi də böyürlərində yerə atılmışdı.

- Universiteti qurtarandan sonra, mən sizin həyətdən başqa yerə köçmüşdüm. Atamdan qalan az-çox pulların hesabına ayrıca iki otaqda yaşayırdım. Keçmiş ev sahibimin qızı elə o vaxtdan xışuma gəlmişdi. Elçi göndərdim, vermədilər. Səbəb də bu idi ki, natəmiz adamam. Rüşvət alıb iş düzəldənəm... Əslində, ağıllı tərpəndilər. Yoxsa onu da bədbəxt eləmişdim. Mənzər kimi... Professor Kərimbəylinin qızına evlənəndən sonra bir müddət kirayə tutduğum otaqlarda qaldıq. Mənzər iş yerinə uçota dayanmışdı. Ikinci il mənzil aldı, ora daşındıq.

- Yoldaşın necə, səni yola verirdi?

- Mənə çox güzəştə gedirdi. Qədrini bilmədim. Başında qoz sındırdım. Pul məni çaşdırmışdı. Xərcləməyə yer axtarırdım. Hər axşam restoran, sərxoşluq... Bəzən gecələr evə gəlmirdim. Neçə yol acıq elədi, körpəsini götürüb atasıgilə getdi. Beş gün, on gün... yenə barışdı. Bir sözlə Mənzərin həyatını zəhərləmişdim. Hərdən kefli olanda üstünə yumruq qaldırırdım, kişilənirdim:

- Bu nə soyuqluqdur? Üzümə niyə baxmırsan? – deyirdim. Cavab verirdi ki baxışlarına heyfi gəlir. Fərrux yavaş-yavaş böyüyürdü. Ancaq sən bir uşaqda əmələ bax, sərxoş vaxtlarımda məndən qaçırdı, qucağıma gəlmirdi.

Atlanın danışdıqları məntiqsiz deyildi. Hər sözü yerli-yerində deyirdi. Bu yəqin ki, az-çox mütaliə etdiyi katabların təsirindəndir. Daşqını fikir götürmüşdü: “Bəlkə də, Atlan o vaxt Bəhram kişiyə qulaq asmayıb öz istədiyi yolu tutsaydı, axırı belə olmazdı. Bəzən həyatda atılan yanlış bir addım insanı ömrü boyu bədbəxt edir”

Artıq gec idi. Atlanı düşdüyü bataqlıqdan çıxarmaq çətindi.

Elə bil hakim Daşqının ürəyindən keçənləri gözündən oxudu.

- O zaman sən məndən qaçmasaydın, yoldaşlıq eləsəydin, bəlkə indi mən də vicdanı təmiz bir adamdım! – deyə doluxsundu. – Barı birləşib atamı fikrindən döndərərdik. Məni zornan hüquqşünaslığa itələməzdi. Gərək, dostum, pis adamlardan da qaçmayasan. Yaxşıları ilə dil tapmaq asandır...

Daşqın məyus tərzdə başını tərpətdi. Araya xeyli müddət sükut şökdü. Hər ikisi qəhərlənmişdi. Haçandan –haçana Atlan cibindəki patronları oynadaraq sözünü davam etdirdi:

- Yığdığım pullar mənə rahatlıq vermirdi. Ağlıma haradansa gəldi kooperativ evə yazıldım. Mənzərlə məsləhət elədim. “Bunun üçün, - dedim, - biz ZAQS vasitəsilə müvəqqəti ayrılmalıyıq. Ayrı cür mümkün deyil. Mənzilimiz hazır olandan sonra təzədən “barışıb” evlənərik. Köçərik şəhərin mərkəzində üçotaqlıya. Bu da qalar oğlumuz Fərruxa. Böyüyəndə bizə “çox sağ ol” deyər...”

Daşqın soruşdu:

- Uşağın neçə yaşı vardı ki?

- İki! Görürsənmi məndəki axmaqlığı! Pul xərcləməyə bəhanə tapmışdım!.. Mənzərdən çıxmayan iş – fikirləşmədən razılaşdı. Ayrıldıq. Ancaq münasibətlərimiz soyudu. Axtarıb tikintisi qurtarmaqda olan bir kooperativ ev tapmışdım. Kağız düzəltdim, guya anam da mənimlədir. Atam demişkən, maya qoydum, saldırdım adımı siyahıya. Biri kooperativdən çıxdı, öz yerini mənə satdı. Kim nə deyəcəkdi? Hər şey qanuni, özüm də professor Kərimbəylinin kürəkəni. – Atlan yerini rahatladı. Paltosunun yaxasını qaldırdı. Dönüb laqeyd nəzərlərlə dənizə baxaraq davam etdi: - Həmin aylarda...Şimşək xanım adlı cavan bir qadınla görüşürdüm. Çox qəşəngdi. Ucaboylu, dolubədənli, qarayanız... Əfsunlu gözləri, nazı, qəmzəsi adamın ağlını başından alırdı. Əri dənizçi idi. Uzaq səfərlərə çıxırdı. Uşaqları olmurdu. Evə gəlmədiyim gecələri onunla əylənirdim. Şimşək xanımın yaman şirin dili vardı. Di gəl, bicdi, tamahkardı, hər görüşəndə bir neçə sifariş verirdi. Mən də hamısını tapıb gətirirdim onunçun.

- Mənzərə necə, bir şey alırdınmı? – deyə Daşqın müsahibinin sözünü kəsib soruşdu.

- Yox, pullarımı ondan gizlədirdim. Ancaq kooperativə yazılanda şayiə yaymışdım ki, kəndəki həyətimizi, ev-eşiyimizi, inəklərimizi satmışam. Anamı gətirib yanımda saxlayacağam. – Hakim acı-acı gülümsədi. – İnəklərimiz olsaydı satıb elə halallıqla dükançının borcunu verərdim. Daha bu yola düşməzdim... Nə isə... Şimşək xanımın da tələbləri məni soyub talayırdı. Nəhayət əri bizim münasibətdən xəbər tutdu. Qonşuları şeytanlamışdılar. Dava-dalaş... hədə - qorxu... ayrıldılar... Kişi baş götürüb evdən getdi. Onların da ailəsini belə dağıtdım.

- Heç heyifsiləndinmi?

- Bilmirəm.

- Pul bəzən adamları bir çox hisslərdən mərhum edir. – deyə Daşqin söhbətə qarışdı. – Belələrində biganəlik, laqeydlik yananır. Sevinmək, kədərlənmək duyğularını tədricən itirirlər. Gülün, çiçəyin gözəlliklərini görmürlər. Quşların oxumasını eşitmirlər... Həyat mənasızlaşır. Bu mənəvi şikəstlikdir, bədbəxtlikdir!

Atlan siqaret üçün əlini cibinə saldı. Qutu boşalmışdı. Tulladı, dolusunu çıxardı.

- Ondan sonra Şimşək xanım mənə daha möhkəm bağlandı, - hakim kibrit çəkib siqaretini yandırdı. – Arada qəribə vəziyyət əmələ gəlmişdi. Indi məni öz arvadıma qısqanırdı: “Madam, ayrılmısınız, Mənzərlə niyə görüşürsən? – deyirdi. – Yaddan çıxarma ərimdən böşanmağıma səbəbkar sənsən!..”

Açığı, mən Şimşək xanımdan bir qədər çəkinirdim. Sirlərimi bilirdi... Digər tərəfdən də, sözümüz çəp gələndə Mənzər mənə eşitdirirdi: “Biz daha ər-arvad deyilik, özünə ev də tikdirmisən. Hazır olan kimi gedib yaşarsan orda. Bura sənə darısqallıq edir...”

- Bəs Şimşək xanım əhvalatından Mənzərin xəbəri yox idi?

- Şübhələnmişdi... Ancaq adını eşitməmişdi. Kimdir, hardadır, - bilmirdi... Həm də indi mənə bir ər kimi yox, kənar adam kimi baxırdı. Öz evi, öz maaşı... Bəzən qılığına girmək üçün aldığım pal-paltarı qəbul eləmirdi. “Apar geydir məşuqələrinə”, - deyirdi.

Mən birdən – birə zidd iki adama çevrilmişdim. Evdə guya xəstələnirdim, təzyiqim artırdı, ürəyim ağrıyırdı, dərman içirdim, həyatımdan gileylənirdim. Şimşək xanımın görüşlərində, kef məclislərində gümrah olurdum. Qədəhi əlimdən qoymurdum. Təntənəli sağlıqlar deyirdim, içirdim, şənlənirdim...

Məhkəmə salonunda qanundan, ədalətdən, doğruluqdan dəm vururdum. əliəyriləri ittiham edirdim, cəzalandırırdım. Kənarda isə ... rüşvət alırdım! Mən artıq kim olduğumu bilmirdim, özümü itirmişdim.

Atlan qəhərlənə - qəhərlənə həyat faciəsini nəql etdikcə, elə bil qocalırdı. Sifətinə, gözlərinə işgəncəli bir ifadə çökürdü.
***

- Yəqin sən də acmış olarsan. Bur parça qəlyanaltı eləyək, - deyə Daşqın ayağa qalxdı. Termosda çayımız da var...

- Arağın necə, yoxdur?

Daşqın qımışdı.

- Düzələr.

O, içərisində yol azuqəsi olan çantanı gətirməyə maşına sarı getdi. Atlanın söhbəti hələ bitməmişdi. Daşqın fikirləşdi ki, doğrudan həyat mürəkkəbdir. Insanlar əslində göründükləri kimi deyildir. Hərənin bir gizli aləmi, dərdi, sevinci var. Atlan özünə niyə bu yolu seçmişdi, baş aça bilmirdi...

Elə bu vaxt arxada tüfəng açıldı. Gürültu qayaların arasında əks-səda verdi. Daşqın diksindi. Dönüb dala baxdı.

- Mən idim, tüfəngimi sınadım, - deyə hakim səsini ona çatdırmaq üçün bərkdən çığırdı: - Etibarlı silaha oxşayır...

Daşqın qayıdb bir qaya üstdə qəzet sərdi. Çantadan çörək, toyuq soyutması, şoraba, araq çıxarıb stolun üstünə qoydu.

Atlan heç nə yemədi. Elə bircə dilim xiyarla iki armudu stəkan araq içdi. Sonra üstündən yenə siqaret yandırdı. Daşqınsa möhkəm acmışdı. Iştahla toyuğa girişdi.

Onun bu dəfəki istirahəti pozulsa da heyifsilənmirdi. Başqa şəraitdə hakimin ürək sözlərini belə açıqlığı ilə eşidə bilməyəcəkdi.

Günəş bir boy qalxmışdı. Ancaq istisi yox idi. Payız sanki ona da öz təsirini göstərmişdi, solğun çöhrəsi xəzan yarpağını xatırladırdı. Dənizdə fırtına güclənmişdi. Dalğalar nağıllardakı əfsanəvi düldül at təkin qanadlanıb gah şahə qalxır, gah aşağı yatırdı. Ətrafda parakəndə halda qağayılar uçurdu. Könüllü sular hirslə qayalara çırpılanda uğuldayır, qumsal sahilə çatanda hamarlanıb sakitləşirdi. Ara-sıra yaxındakı yoldan maşımlar ötürdü. O tərəfdə köhnə bir qayıq da qaralırdı.

- Bəs sonra?.. Sonra nə oldu? – deyə süfrəni yığışdıran Daşqın maraqla soruşdu.

Atlan barmaqları ilə çal, qıvrım saçlarını daraqlayaraq, dizlərinə dirsəklənib çənəsini yumruqlarına söykədi.

- Sonra... daha pis oldu mənim günüm –güzəranım. Kooperativ ev tikilib qurtarmışdı. Təzə mənzilə təzə mebel, xalça – palaz, çilçıraq, pianino... yox pianino istəmirdim, royal, soyuducu, çox şey, çox şey almalı idim. Bunun üçün yenə pul lazımdı, pul!.. Daha qorxmurdum. Hər risqə gedirdim. Danışırdım... Gətirirdilər... Düzəldirdim. Sonrasını fikirləşmirdim.

- Xətrinə dəyməsin, dadananla , quduran bir olar, - deyiblər, hərislik, göz aclığı müalicəsiz xəstəlikdir.

Atlan başını tərpətdi.

- Üç-dörd ayın işində otaqları par-par parıldayan xarici mebellə, bahalı xalçalarla, büllur qab-qacaqla, əntiq şeylərlə doldurdum. Bütün bunları kimin üçün düzəldirdim, bilmirdim. Mənzər təzə mənzillə əsla maraqlanmırdı. Ora bircə kərə də ayaq basmamışdı. Ancaq Şimşək xanım hər gün gəlirdi. Bəzəyirdi, silirdi, təmizləyirdi. Təzə qonşular onu arvadım bilirdilər. O da bununla türlənirdi. Mən üç ev arasında qalmışdım. Hansının qapısını açıb içəri girirdimsə, özümü yad sanırdım. Təzə mənzilimdə əsla rahatlıq tapmırdım. Elə bil mehmanxanada qalırdım. Divarlar, tavan, əşyalar məni sıxırdı. Vaxtının çoxunu mənimlə keçirən Şimşək xanımın zarafatları, gülüşləri könlümü açmırdı. Əksinə bezikdirirdi. Hərəkətləri qondarma görünürdü mənə. Bilirdim ki, onu şənləndirən puldur! Haram pul! Yoxsa mənə belə bağlanmazdı. Ərinə xəyanət etməzdi...

“Atlancan biz görüşməyən günləri yaman darıxıram, - deyə hərdən Şimşək xanım məni pişik kimi tumarlayırdı. – Öz evimi tamam unutmuşam. Hər gün bura gəlirəm. Sən gözəl insansan...”

Belə hallarda hövsələdən çıxırdım:

“Yalan sözlərdir! Uydurmadır! Mən çox əclaf adamam! Heç adam da deyiləm! Vəhşiyəm!.. Yırtıcıyam!..”

Oğlum yadıma düşəndə az qala Şimşək xanımın ağzından vurub özümdən uzaqlaşdırmaq istəyirdim.

- Məgər oğlunla görüşmürdün?

- Yox. kooperativ evə köçəndən sonra Mənzəri ZAQS-a aparıb təzədən evlənməyi yaddan çıxarmışdım. Bir yol dedim, getmədi. “Mən bu günü qabaqcadan görmüşdüm, cavab verdi... Elə təklifinlə onunçun razılaşmışdım. Atam, anam da belə məsləhət bildi. Ayrılmışıq – vəssalam! Ailə həyatı oyuncaq deyil ki, onu atıb-tutasan...”

Sonralar tez-tez qapını bağlı gördüm. Evdə olanda da məni içəri buraxmadı. Aylarla arxasınca süründüm, çətinliklə ələ keçirdiyim professorun qızı da üz döndərdi məndən...

Axırıncı söhbətimizdə qəribə eyhamlar vurdu: “Bizim qədrimizi bilmədin, barı özünə yazığın gəlsin! Nə qədər gec deyil, tök bu daşı ətəyindən, çəkin tutduğun yoldan. Pul sənin gözlərini qapayıb, Atlan! Heç nə görmürsən. Uçuruma gedirsən!”

- Əlbəttə, cidanı çuvalda gizlətmək çətindir, - deyə Daşqın Mənzərə haqq qazandırdı. – Namuslu qadın mütləq belə etməlidir. Hamısı Şimşək xanım olmaz... yadımda deyil, harda oxumuşam: öz hörmətini, izzətini saxlamağa adət etmiş insan üçün ölüm alçalmaqdan yüngüldür... Qızıl sözlərdir! Ismətli qadınlar ərlərini bütün hərəkətlərində mərdanə görmək istəyirlər.

Deyəsən, bu son dediklərim hakimə yer elədi. Söhbətini kəsdi. Cibindəki patronları əsəbiliklə şaqqıldadaraq fikrə getdi. Onun dodaqları əsirdi, üzünün əti səyriyirdi.

- Dünən gecə yata bilmirdim. Gözümü yumurdum, üstümə hücum çəkirdilər. Qaçırdım, qovurdular. Çağırırdılar: “Onu tutun! Onu tutun!” Səsə ayılırdım... – hakim bu sösləri dedikcə ağlayırdı. – Yenə haçan yuxuya getdim, bilmədim. Gördüm boğazıma neçə-neçə əl uzanıb, məni boğur, qışqırmağa çalışıram. Səsi çıxmır... Sonra bir-bir onları tanıdım... Mənzərdi... qucağında Fərruxu tutmuşdu... Şimşək xanımdı – yanında əri dayanmışdı. Məhkəmədə üzlərinə hökm oxuduğum müttəhimlərdi...

Mənzər deyirdi: - Bizim həyatımızı sən zəhərlədin! Sabah oğlun böyüyəndə ondan utanıb xəcalət çəkməyəcəksənmi?!

Şimşək xanım deyirdi: - Sənin haram pulların ailəmizi dağıtdı! Məni aldadıb yoldan çıxardın! İndi kimə lazımam?

Zolaqlı geyimdə olam məhbuslar bir ağızdan çığırırdılar:

- Biz onsuzda cəzaya məhkum idik. Bəs sən? O aldadıb aldığın pullar üçün cəzanı çəkməyəcəksənmi?

Məni boğdular... boğdular... öldürdülər...Qan – tər içində yuxudan ayıldım. Səsimə Şimşək xanım da oyanmışdı

“Atlan, nə olub? Niyə xırıldayırdın?”- soruşdu.

- Heç... – dedim. Xeyli vaxt özümə gələ bilmədim. Ondan sonra sənə zəng çaldım... – Hakim yaylıq çıxarıb gözlərinin yaşını quruladı. – Bəlkə səsimdən hiss elədin, yaman həyacanlı idim.

- Sən gərək bu gün mənimlə gəlməyəydin, Atlan, uzanıb dincələydin, əsəblərin sakitləşəydi. – deyə istər-istəməz Daşqının ürəyində ona mərhəmət oyandı.

- Əksinə, danışdım, ağladım, bir az yüngülləşdim... Ancaq cəfəng söhbətlərimlə səni yordum, gərək bağışlayasan, istirahətini korladım.

Daşqın cavab verdi:

- Həm də ikinci bir Atlan, qəribə bir hakim tanıtdırdın...

- Daha qurtardım, əzizim, qulaq as. Dünən gecə bura gəlməyə səninlə vədələşəndən sonra tüfəngimi götürüb evdən çıxdım. Şimşək xanım dünyadan xəbərsiz yatmışdı. Axşamdan içmişdim. Mən oğlumu görmək istəyirdim. Gedib Mənzərin qapısını taqqıldatdım. Evdə idilər. Yataq otağında gecə lampası yanırdı. Ancaq hay verən olmadı. Bu dəfə zəngi basdım. Haçandan – haçana Mənzərin titrək, qorxaq səsini eşitdim.

- Kimdir?

- Mənəm, - dedim, - xahiş edirəm, beş dəqiqəliyə aç qapını...

Elə bildi yenə sərxoşam. Ürəyinə ayrı şey gəldi. Yalvarmağa başladım:

- Uzaq səfərə gedirəm, Mənzər! Qoy Fərruxla görüşüm... Arxayın ol, içməmişəm.

Dəhliz işıqlandı. Gözlükdən baxdı. Məni könülsüz içəri buraxdı. Özü yan otağa keçdi. Tüfəngi küncə dirədim. Asta-asta Fərruxun çarpayısına yaxınlaşdım, onu qucağıma götürdüm. Uşaqdan mənə xoş, doğma bir tər iyi gəldi. Ixtiyarsız ağladım... Öpdüm oğlumun üzündən-gözündəm... Yenə ehtiyatla uzandırdım çarpayısında... – Bu yerdə Atlan özünü saxlaya bilmədi. Uşaq kimi hönkürdü. – Çıxanda... çıxanda yan otağa ötəri nəzər saldım. Yarım qaranlıq idi. Mənzər içəridə dinməzcə, hərəkətsiz dayanmışdı. Əynində xalat vardı. Bunu da özü almışdı. Divardan asılan şəklim yerindən çıxarılmışdı. Daha ayrı heç nə görmədim...

Atlan ikiəlli, dizlərinə dirənib əziyyətlə ayağa qalxdı. Külək paltosunun ətəklərini qanadlandırdı, saçlarını qarışdırdı, alnına dağıtdı. Daşqın da dikəldi.

Günəş bozumtul, qaşqabaqlı buludların arxasında gizlənmişdi. Dalğalar çopur, qayalara çırpılır, sahilə hücum çəkirdi.

- Eh!.. kaş bu sənə danışdıqlarım yuxu olaydı! Ayılaydım, görəydim öz ailəmlə bir yerdəyəm, öz halal zəhmətimlə dolanan bir adamam, fəhləyəm... qulluqçuyam... ancaq təmizəm!.. İndi mən vicdanla, alın təriylə dolananlara həsəd aparıram. Gecdir!.. Gecdir!.. Daha onlar kimi ola bilmərəm. Mənim guya hər şeyim var. Amma əslində heç nəyim yoxdur!.. son zaman qəzetlərdə oxuduqca məni dəhşət bürüyür. Haram pul, rüşvət zəlilərinin aqibəti nə yaman olurmuş... Gözləyirəm, bu gün... sabah... nəhayət, mənim də məhkəməm qurulacaq. Hamı nifrinləyəcək, üzümə tüpürmək istəyəcək...Ancaq hələ dalımca gəlmirlər... Sən işə bax ki, gecələri yuxuda da üstümə hücum çəkirlər... gedib təslim olardım. Elədiklərimin hamısını boynuma alardım. Indi bunun xeyri varmı?! Təhlükə məni addım-addım izləyir...

- Hər halda... – deyə Daşqın nəzərlərini dənizdən ayırmadan fikirli-fikirli dilləndi: - Təhlükəni gözləməkdənsə ona qarşı getmək məsləhətdir.

Atlan bərk-bərk alnını ovuşdurdu, dodaqlarını gəmirdi.

-Ağıllı sözlərdir: təhlükəni gözləməkdənsə ona qarşı getmək məsləhətdir!

***

Dənizə tədricən axşam qaranlığı çökürdü. Daşqın Qumralı evdə nigaran qoyub gəlmişdi. Yola düşmək vaxtı idi.



Atlan, gedəkmi? Gecdir, - dedi.

Hakim çağlayan sulara baxırdı. Arxası ona tərəfdi. Dinmədi.

Iki yüz metr aralıda, qayaların qurtaracağı yerdə bir cüt ördək suya qondu. Daşqın cəld tüfəngini götürdü. Tez də ayağa çəkdi, lakin nəsə xatırlayıb dayandı:

- Atlan, görürsənmi ördəkləri? – deyə əlini irəli uzatdı – Get sən at.

Hakim tərpənmədi, vəziyyətini dəyişmədi. Daşqın bir də təkidlə dilləndi.

- Eşidirsən, Atlan? Get vur. Ov adama fərəh gətirir.

Hakim yenə də tərpənmirdi. Elə bil heykəl danışdı.

- Mənim əllərim əsir, özün get...

Daşqın tüfəngi sinəsinə sıxıb əyilə - əyilə irəlilədi. Ördəklər onu görmürdü. Bir az da yaxınlaşmaq, özünü köhnə qayığın arxasına vermək istədi. Ordan atsaydı, vuracaqdı. Heç olmasa evə əliboş qayıtmayacaqdı. Daşqın yerə yatdı. Tüfənginin qundağını çiyninə söykəyib nişan aldı. Barmağını tətiyə sıxanda... ondan qabaq arxadan güllə açıldı! Ördəklər uçdu. “Atlan, niyə onları ürkütdün?” – deyə təəcübləndi. Narazı halda çevrilib geri baxdı. Orada heç kimi görmədi. Daşqın qayaların üstünə qalxdı. Atlan yox idi! Söhbət etdikləri yerə gəldi. Və burada... dəhşətli bir mənzərənin şahidi oldu. Əlləri ilə sifətini qapayıb yerə çökdü.

Atlan özünü vurmuşdu! Bayaqdan dalğaların döyəclədiyi mamırlı qayaların yarığına yıxılmışdı. Gicgahından axan qan sulara qarışmışdı... çəkməsinin sağ tayını və corabını çıxarıb kənara tullamışdı. Tətiyi ayaq barmağı ilə sıxmışdı. Güllənin səsi hələ də Daşqının qulaqlarında gurlayırdı. Bu... faciənin son nöqtəsi idi...


***

Atlanın cibindən haçansa imkan tapıb tələsik cızma-qara elədiyi bir parça kağız çıxmışdı.



Yazmışdı: “Mən cinayətkardım! Bir hakim kimi öz ədalətli hökmümü özüm verdim!”.



Yüklə 48,52 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin