«Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə


Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ



Yüklə 1,65 Mb.
səhifə2/92
tarix30.12.2021
ölçüsü1,65 Mb.
#18212
1   2   3   4   5   6   7   8   9   ...   92
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 29 fevral 2008-ci il



№ 59

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 


2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə 
TƏSDİQ EDİLMİŞDİR

 

 



Hərbi-həkim ekspertizası haqqında

 

ƏSASNAMƏ

 

I. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (kontrakt üzrə) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir.



1.2. Hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış digər silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, gömrük və feldyeger rabitəsi orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra — xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. 

1.3. Hərbi-həkim ekspertizasını və tibbi şəhadətləndirilməni (bundan sonra — şəhadətləndirilmə) keçirmək üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlarda və orqanlarda ştatlı və ştatdankənar hərbi-həkim komissiyaları (həkim-uçuş komissiyaları) yaradılır.

Bəzi hallarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla, hərbi xidmətə könüllü (kontrakt üzrə) daxil olmuş, çağırış üzrə hərbi xidmət keçən (bundan sonra — hərbi qulluqçular) və orqanlarda xidmət keçən vətəndaşların tibbi müayinəsinin və müalicəsinin aparıldığı dövlət səhiyyə sistemi müəssisələrində də hərbi-həkim komissiyaları yaradıla bilər.

1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur:

a) aşağıda göstərilən şəxslərin şəhadətləndirilməsinin təşkili və keçirilməsi:

hərbi xidmətə könüllü daxil olan vətəndaşların;

orqanlara xidmətə daxil olan vətəndaşların;

hərbi qulluqçuların;

orqanlarda xidmət keçən şəxslərin;

hərbi liseylərə daxil olan vətəndaşların;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, digər qoşunların və orqanların ixtisas təhsilli hərbi təhsil müəssisələrinə (bundan sonra — hərbi təhsil müəssisələri) daxil olan vətəndaşların;

orqanların orta və ali ixtisas təhsilli təhsil müəssisələrinə (bundan sonra — təhsil müəssisələri) daxil olan vətəndaşların;

hərbi liseylərdə və hərbi təhsil müəssisələrində təhsil alan vətəndaşların;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların ehtiyatında olan vətəndaşların;

hərbi toplanışa çağırılan vətəndaşların;

hərbi toplanış keçən vətəndaşların;

hərbi toplanış keçmiş vətəndaşların;

hərbi xidmət keçmiş vətəndaşların;

orqanlarda xidmət keçmiş vətəndaşların;

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, orqanların və digər qoşunların mülki heyətindən olan şəxslərin;

hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulardan başqa) ailə üzvlərinin;

orqanlarda xidmət keçən şəxslərin ailə üzvlərinin;

b) hərbi-həkim ekspertizasına metodiki rəhbərlik və hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin tibbi müayinəsinin, müalicəsinin və şəhadətləndirilməsinin aparıldığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, digər qoşunların və orqanların hərbi tibb müəssisələrində, hərbi hissələrində, müəssisə və təşkilatlarında hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar müalicə-diaqnostika işinin təşkilinə, keçirilməsinə və nəticələrinə nəzarət;

c) ilkin hərbi uçota götürülərkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi uçotda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət;

ç) hərbi qulluqçuların, orqanlarda xidmət, hərbi toplanış keçən vətəndaşların, hərbi xidmət və ya hərbi toplanış, orqanlarda xidmət keçmiş vətəndaşların xəsarətlərinin, xəstəliklərinin, habelə hərbi qulluqçuların, orqanlarda xidmət keçən şəxslərin ölümü ilə nəticələnmiş xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi;

d) vətəndaşların hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqları an üçün hərbi xidmətə yararlılıq kateqoriyasının təyin edilməsi;

e) hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi tibb müəssisələrində pulsuz tibbi təminat hüququna malik olan şəxslərin nəqliyyat vasitələrini idarə etməyə yararlılığının təyin edilməsi;

ə) hərbi-həkim ekspertizası problemlərinin elmi araşdırılmasında iştirak edilməsi;

f) hərbi-həkim ekspertizası üzrə həkim-mütəxəssislərin hazırlanması.

1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür.

Hərbi xidmət dövründə xəsarət, xəstəlik almış hərbi qulluqçuların, hərbi toplanış, orqanlarda xidmət keçən vətəndaşların hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün şəhadətləndirilməsi aydın həkim-ekspert nəticəsi olduqda keçirilir.

Aydın həkim-ekspert nəticəsi dedikdə, şəhadətləndirilən şəxsin elə sağlamlıq vəziyyəti başa düşülür ki, müayinə və müalicənin nəticələri hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq kateqoriyası haqqında qərar çıxarmağa əsas versin və müalicənin davam etdirilməsi bu yararlılıq kateqoriyasını dəyişməsin.

Bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır.

Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar hərbi komissarlıqlardan, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər.

1.6. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, digər qoşunlar və orqanlarda hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) yaradılması qaydaları, onların hüquq və vəzifələri, bu Əsasnamənin tətbiqi qaydaları, habelə hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarlarının rəsmiləşdirilməsi, baxılması və təsdiq edilməsi qaydaları Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

Ştatdankənar hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının), şəhadətləndirilən şəxslərin hərbi xidmətə (orqanlarda xidmətə) yararlılıq dərəcəsini dəyişdirən qərarları ştatlı hərbi-həkim komissiyaları tərəfindən təsdiq edilməlidir.

Azərbaycan Respublikasında hərbi-həkim ekspertizasına metodik rəhbərliyi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası həyata keçirir.

1.7. Hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) qərarları «Xəstəliklər cədvəli»nə və vətəndaşların sağlamlıq vəziyyətinə əlavə tələblər cədvəlinə (bundan sonra — ƏTC) uyğun olaraq, hərbi-həkim komissiyalarının (həkim-uçuş komissiyalarının) iclasda iştirak edən üzvlərinin səs çoxluğu ilə qəbul olunur.

Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının, digər qoşunların və orqanların uçuş heyəti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan uçuş heyəti, uçuş heyətinin hazırlanması üzrə hərbi təhsil müəssisələrinin kursantları və bu hərbi təhsil müəssisələrinə daxil olan vətəndaşlar tabeliyində aviasiya bölmələri olan orqanlarla razılaşdırılmaqla Azərbaycan Respublikasının Müdafiə naziri tərəfindən təsdiq edilən «Azərbaycan Respublikası Silahlı Qüvvələri aviasiyasının uçuş heyətinin tibbi şəhadətləndirilməsi haqqında» Əsasnaməyə uyğun olaraq həkim-uçuş komissiyalarında şəhadətləndirilirlər.

1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur.

Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür.

Hər bir həkim-mütəxəssis hərbi-həkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır.

1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər.

Yuxarı hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) və ya məhkəmənin qərarı ilə vətəndaş nəzarət qaydasında müayinəyə və təkrar şəhadətləndirilməyə göndərilə bilər.

Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir.

Əgər bu müddətdə şəhadətləndirilmiş şəxsin sağlamlıq vəziyyətində hərbi-həkim komissiyası (həkim-uçuş komissiyası) tərəfindən əvvəl qəbul edilmiş qərara yenidən baxılması üçün əsas ola biləcək dəyişikliklər baş vermişsə, təkrar şəhadətləndirilmə keçirilir. Təkrar şəhadətləndirilmədən sonra hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) əvvəl çıxarılmış qərarı qüvvədən düşür.

1.10. Hərbi xidmətə (hərbi toplanışa) çağırılan vətəndaşların, hərbi xidmət keçməyən vətəndaşlar sırasından hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə və hərbi təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların şəhadətləndirilməsinin keçirilməsi üçün müvafiq hərbi komissarlığın təqdimatı əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, rayon, şəhər (rayon bölgüsü olmayan) icra hakimiyyəti orqanı başçısının qəbul etdiyi qərarla dövlət səhiyyə sistemi müəssisələrinin həkim-mütəxəssisləri və orta tibb işçiləri cəlb edilirlər.

1.11. İlkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşların, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə könüllü daxil olan şəxslərin, hərbi liseylərə, hərbi təhsil müəssisələrinə daxil olan vətəndaşların, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətinə tələblər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən birlikdə işlənib hazırlanır.

Vətəndaşların sağlamlıq vəziyyətinə tələblər dedikdə, onların sağlamlığının və fiziki inkişafının vəziyyətini xarakterizə edən və hərbi xidmətə yararlılıq kateqoriyasının müəyyən edilməsi üçün əsas ola biləcək tibbi göstəricilər başa düşülür.

Təşkilati-hüquqi formasından asılı olmayaraq, tibbi təşkilatlar və tibb müəssisələri hərbi komissarlıqların, qanunvericiliklə hərbi xidmətkeçmə (orqanlarda xidmətkeçmə) nəzərdə tutulmuş orqanların kadr bölmələrinin, ştatlı hərbi-həkim komissiyalarının sorğuları əsasında 2 həftə müddətində psixi pozuntulara, narkomaniyaya, alkoqolizmə, toksikomaniyaya, insanın immunçatışmazlığı virusu ilə yoluxmaya görə uçotda (nəzarətdə) olan vətəndaşlar, diaqnozu və uçota götürülmə tarixi göstərilməklə, digər xəstəliklərə görə dispanser nəzarətində olan vətəndaşlar barədə məlumat verməli, eləcə də ilkin hərbi uçota götürülən, hərbi xidmətə çağırılan, hərbi liseylərə, hərbi təhsil müəssisələrinə daxil olan, hərbi xidmətə könüllü daxil olan və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşların sağlamlıq vəziyyətini xarakterizə edən ambulator xəstələrin tibbi kartını, zəruri hallarda digər tibbi sənədləri (xəstəlik tarixini, stasionar xəstələrin tibbi kartını, rentgenoqramları, xüsusi müayinələrin protokollarını və s.) təqdim etməlidirlər.

Şəhadətləndirilmə başa çatdıqdan sonra hərbi komissarlıqlar, kadr orqanları, ştatlı hərbi-həkim komissiyaları tibbi sənədlərin əslini 2 həftə müddətində müvafiq tibbi təşkilatlara qaytarırlar.

1.12. Digər qoşunlarda və orqanlarda hərbi xidmətə (xidmətə) könüllü daxil olan və hərbi xidmət (xidmət) keçən şəxslərin və onların ailə üzvlərinin, hərbi təhsil və təhsil müəssisələrinə daxil olan vətəndaşların, orqanların ehtiyatında olan zabit rütbəli vətəndaşların şəhadətləndirilməsinin təşkili və keçirilməsi qaydaları, onların sağlamlıq vəziyyətinə dair tələblər bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir.

 


Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin