İdman akademiyasi fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya Mövzu: Nitqin etik məsələləri. Nitq etiketləri



Yüklə 72,26 Kb.
Pdf görüntüsü
tarix01.05.2023
ölçüsü72,26 Kb.
#105692
AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN



AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ 
İDMAN 
AKADEMİYASI 
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
Mövzu: Nitqin etik məsələləri. Nitq etiketləri 
Tələbə: Abbasov Nuran 
Müəllim: Abdullayeva Səminə 
Qrup: 111A3 
İxtisas: Həndbol 
Fakültə: Məşqçilik 
BAKI-2023 
 


Nitqin etik məsələləri. Nitq etiketləri 
İfadə olunan bu və ya digər fikir nitq mədəniyyətinin tələbləri baxımından 
düzgün, aydın, məntiqi, yığcam, səlis, zəngin, canlı, ahəngdar, sadə, dəqiq və 
anlaşıqlı olmalıdır. Dilin ifadə imkanları o qədər zəngin və o qədər rəngarəngdir ki, 
söz və söz formaların hansı sintaktik birləşmədə, hansı mətndə necə işlənməsi 
haqqında konkret resept vermək mümkün deyil. Buna görə də eyni dildə danışan hər 
fərdin öz danışıq tərzi, öz ifadə üsulu var. Lakin dilin müqəddəsliyini qorumaq, onun 
ədəbi dil kimi daha da püxtələşməsi və səlisləşməsi naminə yazıda və nitq prosesində 
heç kəs ədəbi dilin müəyyən edilmiş normalarından kənara çıxmamalıdır və bu 
normalara əməl etmək hamının şərəfli vəzifəsidir. 
Məlum olduğu kimi, insanlara məxsus ümumi mədəniyyət müxtəlif 
komponentlərin məcmusundan ibarətdir. Mədəniyyətin ən vacib və aparıcı tərkib 
hissələrindən biri də nitq mədəniyyətidir. Biz nitq mədəniyyəti anlayışına danışıq 
mədəniyyəti ilə yanaşı, yazı mədəniyyətini də daxil edirik. Əgər hər hansı bir şəxs 
öz fikrini nitq mədəniyyətinin yuxarıda sadalanan on bir komponentinin dialektik 
vəhdəti əsasında ifadə edə bilmirsə, həmin şəxsin özünü mədəni adam adlandırmağa 
heç bir mənəvi haqqı yoxdur. 
Hər bir xalqın cəmiyyət üzvləri arasındakı müraciət etiketləri həmin xalqın 
ümumi mədəniyyətinin bir hissəsidir. İnsanlar arasındakı ünsiyyət bir-birinə 
müraciətdən başlanır. Müraciət forması isə müraciət edənlə müraciət olunan 
arasındakı münasibətdən asılıdır. Hətta bu asılılıq o dərəcədədir ki, ünsiyyətin 
başlanması və inkişafı müraciətlə müəyyənləşir. 
Adamlar onları əhatə edənlərlə ünsiyyətdə müxtəlif məqsədlərlə əksəriyyətin 
işlətdiyi bir sıra ifadələrdən istifadə edirlər ki, onların böyük bir qismini mədəni 
danışığın etiketləri təşkil edir. Vaxtilə monarx saraylarında, diplomatik dairələrdə 
və s. davranış qaydaları “etiket” adlanırdı. Hal-hazırda hər hansı bir cəmiyyətdə 
qəbul edilmiş davranış və nəzakət formalarına da “etiket” deyilir. Xalqımızın milli 
təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun işlənilən bu ifadələr, hazır nitq 
modelləri bütün hallarda adamları razı salır, onlarda xoş ovqat yaradır, müsahibin 


fəaliyyətini istiqamətləndirir, qarşılıqlı anlaşmanı təmin edir. Dilimiz belə ifadələrlə 
zəngindir. Adamların gündəlik nitq fəaliyyətində onların dünyagörüşü, savad 
dərəcəsi, dilə şüurlu münasibətindən irəli gələn rəngarəng ifadələr tez-tez işlədilir. 
Elmi dilçilikdə sözün bir neçə vəzifəsi olduğu göstərilir: a) adlandırma 
(nominativ); b) ünsiyyət (kommunikativ); v) müraciət (apelyativ). 
Öz tarixi inkişafına görə müraciət növlərini belə qruplaşdırmaq olar: a) ailə-qəbilə 
daxilində müraciətlər; b) xalq dilində müraciətlər, milli dildə müraciətlər. 
Nitqlə ünsiyyətə başlamazdan əvvəl natiq müraciət etiketlərindən istifadə edir. 
Bunu nəzərə alaraq, ümumiyyətlə, Azərbaycan dilinin ədəbi müraciət, danışıq 
etiketləri haqqında bir neçə söz demək lazım gəlir: 
1. Kömək etmək, qulluq göstərmək məqsədilə: İcazə verin kömək edim; Siz 
əziyyət çəkməyin, bunu mən edərəm; Qulluğunda olum; Sizə kömək etmək 
lazımdır?; Köməyə ehtiyacınız varmı?; Mən sizi eşidirəm; Cavab verməyə 
tələsməyin, bir qədər fikirləşin; Sizi narahat edən nədir?; Sizə nə kömək edə 
bilərəm?; Nə buyurursunuz? və s. 
2. İş gördürmək, soruşmaq, üzrxahlıq etmək məqsədilə: İnciməyin, sizə zəhmət 
verəcəyəm; əgər mümkünsə; zəhmət olmasa; Buyruq olmasın; vaxtınız varsa; 
imkanınız olsa; Sizə əziyyət olacaq; Sizi yormayım; Rica edirəm danışın; Lütfən 
söyləyin; Üzr istəyirəm; Əvvəlcədən minnətdarlığımı bildirirəm və s. 
3. Məmnun olmaq məqamında: Razıyam; Etiraz etmirəm; Sizinlə şərikəm; 
Xoşuma gəlir; Çox şadam; Minnətdaram; Məmnuniyyətlə; Xoşdur; baş üstə; göz 
üstə; Arxayın olun; Sizi unutmaram; Sizinlə işləmək mənim üçün böyük şərəfdir; 
Allah köməyin olsun; Tanrı sənə yar olsun. 
4. Etiraz etmək, razılıq verməmək məqamında: Bu, məni təmin etmir; Etirazımı 
bildirirəm; Etiraz edirəm; Sizin fikrinizlə şərik deyiləm; Mən başqa cür düşünürəm; 
Bağışlayın, bu məsələdə sizinlə razı deyiləm; Bu, mənim xoşuma gəlmir; Belə 
etməyin; Bu, ürəyimcə deyil və s. 


5. Təskinlik vermək, razı salmaq məqamında: Bir qədər ətraflı düşünün; 
Əsəbiləşməyin; Darıxmayın; İcazə verin danışım; İmkan verin fikrimi izah edim; 
Özünüzü ələ alın; Səbr edin; Bir qədər səbrli olun; Nə etmək olar, qismət belə imiş 
və s. 
6. İntizama dəvət, məzəmmət etmə:Sizdən bu hərəkəti gözləməzdim; 
Belə hərəkət sizə yaraşmaz; Siz adınıza layiq hərəkət etməlisiniz; Danışığınıza fikir 
verin; Allah xatirinə razı olun; Nəzakətli olun; Çalışın ki, başqaları sizdən razı 
qalsın; Bir qədər səmimi olun, səhvinizi etiraf etməkdən çəkinməyin və s. 
7. Qarşılama məqamında: Xoş gördük; Nə gözəl təsadüf; Xoş gəlmişsiniz; Lap 
vaxtında gəlmişsiniz; Həmişə siz gələsiniz; Sizin gəlişinizə şadam; Sizi arzulayırıq; 
Səni çoxdan gözləyirdim; Gələn qədəmləriniz var olsun və s. 
8. Dəvət etmək məqsədilə: Xoş gəlmisiniz; Buyurun qonağımız olun və s. 
9. Vidalaşma məqamında: Sizi səbirsizliklə gözləyirik; Salamat qalın; Zəhmət 
çəkdiniz; Sizə əziyyət verdik; Gecəniz xeyrə qalsın; Yuxunuz şirin olsun; Allah 
amanında; Eviniz abad olsun; Həmişə şadlığa gələk; Sizləri bir daha evimizdə 
görsək, şad olarıq; Allah yolunuzu açıq eləsin, işinizi xeyrə calasın və s. 
10. Görülən işin müqabilində razılıq, rəğbətləndirmə: Afərin; Əhsən; 
Minnətdaram; Hər şey üçün minnətdaram; Təşəkkür edirəm; Sizə zəhmət verdim; 
Sizə borcluyam; Zəhmət çəkmə; Narahat olma; Sağ olun; Allah sizdən razı olsun; 
Allah köməyin olsun; Biz bundan məmnun olduq; Sizin əl qabiliyyətinizə heyranam; 
Sizə qibtə edirəm; Çox sağ olun; Afərin, mərhaba; Allah səni dərd-bəladan uzaq 
eləsin; Allah ürəyinizə görə versin; Allah sizi bizə çox görməsin; Qəm, kədər sizdən 
uzaq olsun; Səni Allah saxlasın və s. 
11. İcrası hər hansı bir səbəbdən mümkün olmayan işin müqabilində: Çox 
sağ olun; Sizə zəhmət verdim; Əziyyət çəkdiniz; Nə etmək olar, siz bacardığınızı 
etdiniz və s. 
12. Arzu-istək və təbrik etmək məqamında: Yaxşı yol; Sağlıqla qalın; Uğur olsun; 
Xoşbəxt olun; İşiniz avand olsun; Allah işinizə fərəc versin; Allah sənə yar olsun; 
Ürəyincə ömür sürəsən; Min bir budaq olun; Var olasan; Gözünüz aydın olsun; 
Yolunuz uğurlu olsun; Bayramınız mübarək; Ad gününüz mübarək; Yeni dərs iliniz 


mübarək; Həmişə şənlikdə; Halal olsun; Xeyirli olsun; Allah balalarını saxlasın; 
Allah köməyin olsun; Allah səni ümid yeri eləsin; Allah imdadına çatsın; Ananın 
südü sənə halal olsun; Əlin-qolun var olsun; Üzün ağ, başın uca olsun; Bərəkətli 
olsun; Göz dəyməsin; Ömrün uzun olsun; Allah iltifatını artıq eləsin; İlahi, 
mərhəmətinə min şükür və s. 
13. Hal-əhval 
tutmaq 
məqamında: 
Əhvalınız 
necədir? 
Necə 
dolanırsınız?;Güzəranınız necədir?; Xanımınız necədir?; Həyat yoldaşınız necədir?; 
Özünüzü necə hiss edirsiniz? və s. 
14. Öyrənmək məqsədilə verilən suala cavab məqamında: Buyurun, 
soruşun; Lütfən buyurun; Sizə məmnuniyyətlə cavab verməyə hazıram; Bu mənim 
üçün xoşdur; Bu, mənim vəzifə borcumdur; Bu dəqiqə öyrənib sizə deyərəm; Bir 
dəqiqə gözləyin, öyrənim; Cavabım sizi qane etdimi? Daha nəyi bilmək 
istəyirsiniz?; Bağışlayın, bu barədə məlumatım azdır (yoxdur); Xeyr, tanımıram; 
Yaxşı tanımıram; Xeyr, bilmirəm. 
15. Əzizləmə, yalvarış məqsədilə: “Canım qurban”, “baş üstə”, “Göz üstə yerin 
var”, “qurban olum”, “quzum”, “sonam”, “dilbərim”, “ağrın alım”, “canım qurban”, 
“başına dönüm” və s. 
16. Danışmağa başlamaq məqamında: İcazənizlə fikrimi bildirim. Mənə söz 
verdiyiniz üçün minnətdaram. Məni dinlədiyiniz üçün təşəkkür edirəm və s. 
17. Deyilənlərlə razılaşmaq, mübahisədən imtina etmək məqamında: Bu 
məsələyə hazır deyiləm. Sizin fikrinizə şərikəm. Məsələ mənə aydındır. Bu barədə 
söhbət açmağa ehtiyac duymuram. 
18. Məsləhət vermək məqamında: Bunları nəzərə alsanız, yaxşı olar. Bu, sizin 
xeyrinizədir. Bu, sizə başucalığı gətirər. Çalışın müsahibinizi axıra qədər dinləyə 
biləsiniz və s. 
19. Məsləhəti qəbul etmək məqamında: Dediklərinizlə razıyam. Bunlar mənim 
xeyrimədir. Faydalı məsləhətiniz üçün çox sağ olun. Sizin bu xeyirxah məsləhətinizi 
heç vaxt unutmaram. Sizin təklifinizi qəbul edirəm. Çalışacağam ki, dediklərinizə 
əməl edim. Sizin üçün bu işi etməyə çox şad olardım və s. 


20. Telefonla danışanda; Zəng edəndə: Alo, sabahınız (axşamınız, hər vaxtınız) 
xeyir olsun. Bağışlayın, mən kiminlə danışıram? Sizi narahat edən Kamilədir. 
Bilmək istəyirəm… Fikrimi sizə çatdıra bildimmi? Çox sağ olun. Bağışlayın, 
vaxtınızı aldım. Deyəsən, sizi yordum. Təşəkkür edirəm. Minnətdaram. Zəngə cavab 
verəndə: Alo, salam, eşidirəm sizi. Buyurun. Zəhmət olmasa bir qədər ucadan 
danışın. Bağışlayın, zəng edən kimdir? Xoşdur. Bu saat çağıraram. Mütləq 
yetirərəm. Arxayın olun! Sağ olun! 
21. Süfrə etiketləri: “Bismillah”, “Bərəkətli olsun”, “Allah bol eləsin”, “Nuş 
olsun”, “Buyurun”, “Çox sağ olun”. 
Nitqin etik məsələləri nəzakətli davranış qaydalarına və etik normalara düzgün 
riayət edilməsini tələb edir. Etika müəyyən cəmiyyət daxilində insanların bir-birinə 
münasibətini tənzimləyən nəzakətli danışığı və əxlaq normalarını özündə ehtiva 
edir. Nəzakətli rəftar, hərəkət, davranış milli mənəviyyat və mədəniyyətimizin 
başlıca, əsas komponentlərindən sayılır. Nitq etiketlərindən danışarkən, onun “etika” 
ilə münasibətinə də diqqət yetirmək lazım gəlir. Əksərən bu iki termin arasında 
sərhəd cızılmamış, onlar bir-biri ilə ya qarışdırılır, ya da tamamilə eyniləşdirilir. 
“Etika” və “etiket” terminləri məna, səslənmə və tətbiq olunma sahələrinə görə bir-
birinə yaxın mənalı sözlər kimi dərk edilmişdir. “Etiket” fransız, “etika” isə latın 
sözüdür. “Etiket” sözü fransız dilində iki mənada işlənir: 1) yarlıq, etiket, yazı; 2) 
mərasim. “Etiket” sözü də latın dilində iki mənalıdır: 1) ictimai şüur formalarından 
biri kimi əxlaq, tərbiyə və mənəviyyat haqqında fəlsəfi nəzəriyyə; 2) hər hansı sinfin, 
cəmiyyətin və ictimai təşkilatın əxlaq qaydaları. “Etiket” sözü holland dilində, 
əsasən “paycıq” mənasında işlədilmişdir. “Paycıq” ilkin olaraq “malın, eksponatın 
üstünə yapışdırılmış kağız” mənasında olmuşdur, sonralar isə “kağız” mənasını 
qazanmışdır (3,179)”. İndi isə etiket sözü həm “yarlıq”, həm də “danışıq norması” 
şəklində işlənilir və “yarlıq” mənası ilkin, “danışıq norması” isə törəmədir. Etika 
fəlsəfə elminin tədqiqat sahəsinə daxil olub, əxlaq, mənəviyyat qaydalarını əhatə 
edirsə, etiket isə cəmiyyətdə mədəni, etik, əxlaq normalara uyğun davranış 
qaydalarını əks etdirir. Əlbəttə inkar etmək olmaz ki, etiketin mahiyyətində etik 


xarakterə malik xüsusiyyətlər durur. Lakin etiketin məxsus olduğu etik xarakteri onu 
etika ilə eyniləşdirmək haqqı vermir. Etik normalar daxilində nitq etiketlərinin 
gözlənilməsi cəmiyyət tərəfindən təqdirəlayiq hal kimi qarşılanır. Nitq və etiket bir-
birilə üzvi əlaqədədir, nitqin əxlaqi dəyərlərə, etik normalara uyğun olması danışan 
haqqında adresatın müsbət rəyinə səbəb olur. Bununla da, danışan səlis, mədəni nitqi 
ilə həmsöhbətini heyran etməklə qalmır, söhbətdə təsiredici qüvvəni və söhbətin 
gedişatında idarəni öz əlinə alır. Nitq etiketlərindən bəhs açarkən bir çox hallarda 
digər etiketlərin də onun tərkib hissəsi kimi verilməsi halları da müşahidə olunur. 
“Etiketin isə 3 növü göstərilir: Xarici görünüş etiketi, nitq etiketi və davranış etiketi 
(2,41)”. Bir-birilə sıx bağlı olan bu üç etiket növlərinin hər biri özünəməxsus 
cəhətləri ilə fərqlənir. Xarici görünüş etiketinə səliqəli və zövqlü geyim tərzi, saç 
düzümü və s. zahiri görünüş əlamətləri daxildir. Məlumdur ki, hər mərasimin öz 
geyim tərzi var və xarici görünüş etiketinin də tələbi hər hansı bir mərasimə uyğun 
geyim tərzinin seçilməsidir. Etiketə uyğun, səliqəli və zövqlü xarici görünüş insan 
haqqında xoş təəssüratın yaranmasına səbəb olur. Davranış etiketi isə insanların 
cəmiyyət tərəfindən müxtəlif situasiyalar üçün qəbul edilmiş, nümunəvi hesab 
edilən hərəkətlərinin məcmusudur. Nitq etiketi isə cəmiyyət tərəfindən müəyyən 
edilmiş müvafiq nitq situasiyasında insanlar arasında mədəni ünsiyyət və nitq 
davranışını tənzimləyən etik qaydalar sistemindən ibarətdir. 
Nitq etiketi hər bir cəmiyyətin nitq davranışı formulları, ünsiyyət stereotipləridir. 
Onlar cəmiyyətdə davranış normalarının tənzimləyicisi olmaqla yanaşı, mədəni 
ünsiyyətin formalaşdırılmasında müəyyənedici rol oynayır. Nitq mədəniyyəti - 
ünsiyyət prosesi - nitq etiketi vəhdəti meydana çıxır. Nitqin mədəni səciyyə və 
keyfiyyətlərinə yiyələnmədən ünsiyyət prosesində iştirak etmək qeyri-mümkündür. 
İstər yazılı, istərsə də şifahi nitq bacarıqlarından məhrum yaxud onlara istənilən 
səviyyədə yiyələnməyən insan ünsiyyətdən kənar qalır. Ünsiyyət isə insanların 
mənəvi tələbatıdır və bu tələbatın ödənməməsi əsəb pozuntularına və daha ciddi 
xəstəliklərə səbəb olur. Ünsiyyət müxtəlif vasitələrlə həyata keçirilə bilər. Jestika, 
mimika və nitq ünsiyətin qurulmasında geniş istifadə olunan vasitələr hesab olunur. 
Bildiyimiz kimi, dilin başlıca funksiyası onun əsas ünsiyyət vasitəsi olması, 


ünsiyyətə xidmət etməsidir. Ünsiyyət vasitəsilə insan yaşadığı cəmiyyətdə özünün 
daşıdığı ictimai vəzifəsini və sosial funksiyasını yerinə yetirir, zəruri rəftar və 
davranış normalarına yiyələnir. Bu prosesdə insan həm də özünənəzarət və 
idarəetmə funksiyalarını həyata keçirir. Ünsiyyətin səviyyələri münasibətlərin 
formlaşmalarından asılı olaraq müxtəlif səciyyə daşıyır. Ünsiyyət anlayışı etiketdən 
daha genişdir. Etiket hər zaman ünsiyyət prosesində həyata keçsə də, hər ünsiyyət 
etiket ola bilmir. Çünki etik normaları bilmək heç də ona hər zaman əməl etmək 
demək deyil. Bəzən insan şüurlu şəkildə etik normanı poza bilir. 
Ünsiyyət qurmaq özü də bir mədəniyyətdir və ünsiyyət mədəniyyəti ümumnitq 
mədəniyyətinin tərkib hissəsidir. “Azərbaycan dilinin izahlı lüğəti”ndə ünsiyyət 
sözünün bir neçə mənası verilmişdir: “1) qarşılıqlı münasibət, əlaqə, yaxınlıq, ülfət; 
2)əlaqə, 
rabitə, 
qarşılıqlı 
münasibət; 
3) 
xoş 
münasibət, 
yaxınlıq, 
mehribanlıq”(6,428). Ünsiyyət psixologiyanın da geniş tədqiq olunan 
sahələrindəndir və psixoloji araşdırmalarda ünsiyyətin insan həyatının müxtəlif 
sahələrini əhatə etməsi, insanları birgə fəaliyyətə sövq etməsi məsələləri qeyd 
edilmişdir.“Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi 
meydana çıxır. Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan 
təmasın çox planlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini 
aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə 
və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir (5, 98)”. Ünsiyyət 
prosesi sadəcə insanlar arasında qarşlılqlı anlama və birgə fəaliyyəti təmin etmir, 
həm də informasiya mübadiləsi kimi çıxış edir. Bu baxımdan, psixoloji 
ədəbiyyatlara nəzər salsaq, söylədiyimiz fikrin əksini taparıq. “Müasir sosial 
psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur: 1) ünsiyyət 
informasiya mübadiləsi kimi və yaxud ünsiyyətin kommunikativ tərəfi; 2) ünsiyyət 
qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi; 3) ünsiyyət insanların 
bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi (5, 99 )”. 
Nitq etiketi və ünsiyyət mədəniyyəti bir-birini tamamlayan və bir-birindən 
ayrılmaz, üzvi əlaqədədir. “Ünsiyyət prosesində danışan özünü üç formada təqdim 
edə və ya tanıtdıra bilər: 1) öz hərəkəti, rəftarı, daxili təbiəti ilə; 2) şəxsiyyəti, elmi 


və mədəni səviyyəsi ilə; 3) kimlə necə və kimə nədən danışmağı ilə (3, 179)”. 
Ünsiyyət prosesinin hər bir iştirakçısı həmsöhbətinin nitq davranışına təsir edir, dil 
vasitələrinin seçimini müəyyənləşdirir. Bu zaman həmsöhbətlərin cinsi, yaşı, sosial 
statusu və s. amillər mühüm rol oynayır. Cəmiyyətdə insanlar arasında ünsiyyətin 
yaradılmasında nitq etiketlərinin daşıdığı rol olduqca böyük və əhəmiyyətlidir. 
Etiket ünsiyyətin zahiri tərəfini təşkil edir və “nitq etiketi sabit, milli dəyərlər 
daxilində olan ünsiyyət formaları sistemidir (2, 40)”. O, insanlar arasındakı 
münasibətləri tənzimləyir və mənəvi-əxlaqi norma, dəyərlərini özündə əks etdirir. 
Nitq etiketləri nitq daşıyıcısının davranış norma və qaydalarını ehtiva etməklə, etik 
davranış mədəniyyətini formalaşdırır. Bundan başqa, insanların verbal və qeyri-
verbal davranışını müəyyənləşdirməklə insanların bir-birinə olan münasibətinin 
təzahürüdür. Nitq etiketləri verbal və qeyri-verbal ünsiyyət prosesində geniş istifadə 
edilir. Verbal ünsiyyət kommunikasiya vasitələrinin – dilin, söz və ifadələrin köməyi 
ilə yaradılır. Qeyri-verbal ünsiyyət isə mimika, jestika, pantomimika, işarələr sistemi 
ilə qurulur. 
İctimai yerlərdə, müəyyən cəmiyyət daxilində, kollektivdə və ya ailədə insanın 
özünü necə aparması, kimə necə müraciət etmək qaydaları danışıq etikasında yer 
alır. Danışıq etikası sistem təşkil edib, özünün normaları mövcuddur. Səmimi və 
mədəni ünsiyyətin yaradılmasında danışıq etikasının gözlənilməsi olduqca 
əhəmiyyətlidir. Danışıq etikası bir sıra komponentlərdən ibarətdir: 1) müraciət 
qaydaları; 2) şad və ya qəmli xəbərləri çatdırma qaydaları; 3) dinləmə qaydaları; 4) 
söhbətə qoşulma; 5) verilən suallara mədəni cavab qaydaları; 6) mimika və 
jestlərdən məqamında düzgün istifadə etmə qaydaları. Danışıq etikasına istər şifahi, 
istərsə də yazılı nitqdə riayət edilməsində nitq etiketlərindən düzgün və səmərəli 
istifadə gərəkdir. Nitq etiketləri cəmiyyətdə insanlararası sağlam münasibətin 
tənzimlənməsində böyük əhəmiyyət kəsb edir. Bu və ya digər situasiyalarda nitqin 
səlis, məqsədəuyğun qurulmasında hər situasiyaya müvafiq söz və ifadələrdən 
lazımınca və məqsədli surətdə istifadə insanlar arasında anlaşıqlı dialoqun 
qurulmasını təmin edir. 


Məqalənin aktuallığı. Nitq etiketlərinin üzvi əlaqə və mahiyyətinin açılması 
onlardan ünsiyyət prosesində məqsədyönlü istifadəni təmin edir. Məqalənin praktik 
əhəmiyyəti. Nitq etiketlərinin daşıdığı etik xarakteri onun fəlsəfə elmi daxilində 
öyrənilən etika ilə üzvi əlaqəsini ortaya qoyur. Bu əlaqəni aşkara çıxarmaq, etiketin 
digər növləri ilə nitq etiketinin fərqini göstərmək onların mahiyyətini açmağa kömək 
edir. 
Xalqın milli təfəkkürünə, etnoqrafiyasına, ənənələrinə uyğun müəyyən
nitq etiketi normaları, qaydaları vardır ki, hər bir mədəni və savadlı adamın onlara
əməl etməsi nitq mədəniyyəti baxımından zəruri sayılır. Danışığın milli
mintalitetimizə uyğunluğu ünsiyyətin müxtəlif məqamları, situasiyalarında söz,
ifadə, nitq etiketlərindən düzgün istifadə edilməsində özünü göstərir. Ən münasib,
xoşagələn etiketlərin (nəzakətli, ürəkaçan söz və ifadələrin) yerində işlədilməsi
ünsiyyətə girənlər, dinləyicilər tərəfindən razılıqla qarşılanır. İnsanın arzusu,
istəyi, hətta bəzən də taleyi çox zaman onun müvafiq nitq etiketlərini işlədə
bilməsindən asılı olur. Bu tələblərin gözlənilməməsi insanların narazılığına,
münasibətin, 
qarşılıqlı 
anlaşmanın 
pozulmasına 
gətirib 
çıxarır.
Ali məktəb praktikasında tələbələrin onlara dərs deyən müəllimi başqası
ilə əvəz etmək barədə müraciətinin dəfələrlə şahidi olmuşuq. Müəllim və tələbə
münasibətində belə xoşa gəlməyən hal əksərən danışıq etikasının pozulması,
tələbəyə qarşı kobud söz və ifadənin işlənilməsi nəticəsində baş verir. İnsan bütün
hallarda öz danışığına nəzarət etməyi, ifadələri ölçüb-biçməyi bacarmalı, heç bir
vəziyyətdə etika qaydaları pozulmamalıdır. Xüsusi gərginlik keçirən adamlar çox
vaxt əsəbi danışır. Belələrinə onu tanıyanlar “əsəbidir, bənd olmayın” deyə bəraət
verirlər. Əslində heç də belə olmamalıdır. Qeyri-normal danışığa görə adamlar
məzəmmət edilməlidir. Həm ailədə, həm də ictimai yerlərdə nitqin etik normaları
gözlənilməli, lüzumsuz, təhqiramiz sözlər işlədilməməlidir.


Ədəbiyyat: 
1. Abdullayev N. Nitq mədəniyyətinin əsasları. Bakı, “Elm və təhsil”, 2013 
2. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan dilində nitq etiketləri 
(məqalələr toplusu). Bakı, 2016 
3. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, Bakı Universiteti, 
2003 
4. Seyidov S. Həmzəyev M. Psixologiya. Bakı, 2007 
5. Azərbaycan dilinin izahlı lüğəti. 4cilddə. II cild. Bakı, Şərq-Qərb, 2011, 712 s. 

Yüklə 72,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin