I FƏSİL
İNGİLİS DİLİNDƏ ATALAR SÖZLƏRİ VƏ ZƏRBİ MƏSƏLLƏRİN TARİXİ MƏNŞƏYİ VƏ TƏDQİQAT MƏNŞƏYİ. KEÇDİYİ TARİXİ DÖVR
Atalar sözləri və zərbi-məsəllər haqqında ümumi məlumat
Hər bir xalqın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin ilk örnəkləri qədim dövrlərdə yaranmış, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmişdir. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin - folk — xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. (23)
Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır. (23)
Xalqın tarixi ilə sıx bağlı olan folklor onun öyrənilməsi üçün etibarlı mənbədir.(23)
Ümumilikdə fərdi folklor janrları üç növdə təsnif olunur. Maddi (incəsənət), şifahi, ümumilli dəyərlər. Fiziki obyektlər (avtoqraf kitablar, əl işi oyuncaqlar, daş heykəltəraşlıq, ağacdan əl işləri və s.) maddi folklor, (ümumi deyimlər, atalar sözləri, mahnılar və s.) şifahi folklor, (dini inanclar, milli rəqslər, bayramlar və s.) ümumilli dəyərlər folkloru kateqoriyasına daxildir. (14)
Xalqların şifahi poetik yaradıcıllığı ilk insan məskənlərinin yaranmasına gedib çatır.
Atalar sözləri və deyimlər də öz növbəsində şifahi kollektiv folklor janrını təşkil edir. O zamanlardan bəri insanlar həyatları, yaşam tərzləri və təbiət haqqındakı təcrübələri, bilik və sınaqları atalar sözlərindəvə deyimlərdə qısa bədii, məcazi şəkildə əks etdirmişlər.
Zamanından, məkanından, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ünya xalqlarının folklor yaradıcıllığının ayrılmaz tərkib hissəsidir. Ümumiyyətlə, dünyanın istisnasız olaraq heç bir xalqının etnokosmik düşüncə sistemini atalar sözlərindən qıraqda və ümumən atalar sözləri olmadan bir bütöv halında təsəvvür etmək mümkün deyildir. Bu cəhət atalar sözlərinin ümumən milli poetik düşüncənin, milli ictimai şüur və psixologiyanın mühüm struktur hadisəsi olduğunu göstərməklə yanaşı, ona münasibətdə biz keçmiş postsovet ölkələri alimlərinin baxışlarının da bütöv olmadığını ortaya qoyur. Atalar sözlərinin bütün janr mahiyyəti və ümumən semantik təbiəti folklora yalnız şifahi ədəbiyyat paradiqmasında yanaşmış sovet keçmişindən qalma ənənə olaraq bu gün də sırf bədii janr kimi tövsif olunur. Halbuki atalar sözlərinin sözlü folklor kimi bədii funksiyası onun milli mədəniyyət sistemində yerinə yetirdiyi funksiyanın yalnız formal tərəfini, qılafını, cildini, şəklini ifadə edir. Atalar sözləri və deyimlər istənilən etnik mədəniyyət tipində bütün zamanlar boyunca vahid və dəyişməz funksiya kimi kollektiv təcrübə və biliyin ötürülmə və yaşama vasitəsi olmaq vəzifəsini yerinə yetirmişdir. (Atalar sözləri. Folklor institutu, 2013. Səh-3.)
Atalar sözü — atalarımızın yaratdığı və əsrlərdən bəri özünə həyat düsturu etdiyi hikmətli və möcuz sözlərdir. (24)
Mövzu muxtəlifliyi ilə yanaşı bitmiş fikir, ümumiləşdirmə və nəticə atalar sözlərinə xas olan cəhətlərdir. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Atalar sözləri bitkin fikir ifadə edir, həm həqiqi, həm də məcazi mənada işlənir. (24)
Bu müqəddəs kəlamlara tərif verməzdən əvvəl müxtəlif xalqların bu anlayış haqqında bəzi təsəvvürlərini sizə təqdim edək.
Proverbs are the daughters of daily experience. (Atalar sözləri gündəlik təcrübələrimizin qızlarıdır) (holland)
Proverbs are the salt in the language. (Atalar sözləri dilin duzudur) (ərəb)
Atalar sözlərinə müxtəlif mənbələrdə müxtəlif cür tərif verilir. Bütün deyilənləri ümumiləşdirəsi olsaq, onun əsas xüsusiyyətlərini belə xarakterizə etmək olar. Atalar sözləri lakonik ifadə olunmuş, ritmik təşkil olumuş, nitqdə dayanıqlı istifadə olunan, ibrətamiz məna kəsb edən xalq kəlamıdır.
Atalar sözləri həyati situasiyaların modelləridir. Görkəmli fransız yazıçısı A. Rivarol demişdir: “Atalar sözləri bütün xalqların təcrübə və dünya görüşünün məhsulları, bütün əsrlərin düsturlara çevrilmiş sağlam mənasıdır.”
Onu da qeyd etməliyik ki, hətta atalar sözləri və məsəllər hələ sistemli şəkildə toplanana qədər çox qədim zamanlardan başlayaraq yazılı ədəbiyyatımızın görkəmli nümayəndələrinin diqqətini cəlb etmişdir. Nizami, Xəqani, Xətai, Füzuli və başqa sənətkarların əsərlərində bu və ya digər dərəcə külli miqdarda Azərbaycan atalar söz və məsəlləri işlətmişdir. Eləcə də bir sıra klassik yazıçılarımız öz əsərlərinin adlarını atalar sözləri və məsəllərdən götürmüşdür. Məsələn: Nəcəf bəy Vəzirovun "Arxadan atılan daş topuğa dəyər", "Sonrakı peşmançılıq fayda verməz", "Adı var, özü yox", "Yağışdan çıxdıq, yağmura düşdük", Ə.Haqverdiyevin "Yeyəsən qaz ətini, görərsən ləzzətini", Rəşid bəy Əfəndiyevin "Qonşu-qonşu olsa, kor qız ərə gedər" və s. (26)
Şifahi xalq ədəbiyyatının ən yığcam janrlarından biri olan atalar sözü və məsəllər təlim-tərbiyə nöqteyi-nəzərindən olduqca qiymətli materialdır. Tərbiyənin əsasını təşkil edən bütün cəhətlər (vətənpərvərlik, əməyə məhəbbət, kollektivçilik, mübarizlik, sədaqət, böyüklərə hörmət, elmə, biliyə həvəs və s.) üçün yüzlərlə atalar sözləri vardır. Atalar sözləri və məsəllərin çoxu zəhmətkeş xalq tərəfındən yaradılmışdır. (26)
Atalar sözləri xalq həyatının müxtəlif sahələrinə aid olduqları kimi, yaranma yolları da müxtəlif olmuşdur. Həyatın, təsərrüfatın, məişətin elə bir sahəsi tapıla bilməz ki, xalq o barədə atalar sözü yaratmamış olsun. Buna görə də, atalar sözünün mövzu çevrəsi genişdir. Cəmiyyətdə fəryad edən ziddiyyətlər, ictimai bərabərsizlik, varlı-kasıb arasındakı mübarizə, aclıq-toxluq məsələləri atalar sözlərinin ideya məzmununu təşkil edir. Bu fikirləri dəqiqləşdirmək üçün gəlin bir neçə nümunəyə nəzər yetirək:
A rich man`s cock even sets an egg – Varlının xoruzu da yumurtlayar.
He who is full will never understand a hungry man – Tox acın halından anlanamaz.
The rich get richer, and the poor get babies – Varlılar daha da varlanır, kasıbların isə uşağı olur.
Bu nümunələrdə siniflər arası məsələlərin kinayəli münasibətinin şahidi oluruq.
Məsəl — şifahi xalq yaradıcılığının növlərindən biridir. Məsəldə müəyyən bir həyat hadisəsi haqqında ümumiləşdirilmiş və məcazi fikir öz əksini tapır. Məsəl yığcamlığına və hikmətli məzmununa görə atalar sözünə oxşasa da, ondan fərqlənir. Atalar sözündən fərqli olaraq, məsəldə fikir bitkin olmur, yarımçıq şəkildə bildirilir, müstəqil işlənə bilmir. Həm də məsəldə didaktika elementləri atalar sözündə olduğu kimi qabarıq şəkildə nəzərə çarpmır. Buna görə də məsəldə müstəqillik funksiyası o qədər də güclü deyil. Məsəl hər hansı bir əhvalatın, yaxud hadisənin ibrətamiz yekunu, təhkimçinin fikrini qüvvətləndirmək məqamı kimi meydana çıxır. Məsələn: "Sən çaldın", "Qələt yağ küpəsindədir", "Dava yorğan davasıdır" məsəlləri Molla Nəsrəddin lətifələri, "Çünki oldun dəyirmançı, çağır gəlsin dən Koroğlu", "Ölüb Fərhad, gəlmir külüngünün səsi", "Leyliyə Məcnun gözü ilə bax", "Bütövü kəsmə, paraya dəymə, doğra, doyunca ye" kimi məsəllər lətifələr, dastanlar, əfsanələr, nağıllar əsasında yaranmışdır. (25)
Məsəlləri başqa adlarla – zərbi-məsəllər, el məsəlləri, deyimlər kimi də adlandıra bilərik.
Deyimlər mənası və üslubi işlənmə səbəbiylə xüsusilə yadda qalan, qısa və öz yazılmış söz və yaxud da ifadələrdir. Deyimlər aşağıdakı şəkildə sinifləndirilə bilər:
Aphorism – müdrikliyin özlü, gerçək ifadəsi
Cliche – geniş yayılıb çox işlədilən ifadələr
Apothegm – qıcıqlandırıcı məzmun daşıyan ifadələr
Mantra – meditasiyalar, rituallar zamanı təkrarlanan ifadələr
Slogan – insanları bir şeyə inandırmaq məqsədi daşıyan ifadə
İdiom – mənası hər hansı bir hekayə, əfsanə ilə bağlı olan ifadə
Motto – bir qrup insan tərəfindən ümumi missiyanı özətləyən ifadə
Quip – yumoristik məna daşıyan ifadə (15)
Deyimlər olduqca aydın, başa düşülən bəzənsə anlaşılmayan ola bilir. İngilis dilində olan bəzi deyimlərin içində xüsusi isimlər (a Jack of all trades, Uncle Sam) vardır. Bəzi deyimlər isə qarşılaşdırma, müqayisə məqsədi (as clear as a bell, as the crow flies) daşıyır.
Atalar sözü və məsəllər şifahi xalq ədəbiyyatının canlı danışıq dilinin ən qədim nümunələrindən biri hesab olunur. Atalar sözləri və məsəlləri təşkil edən sözlər, Azərbaycan dilində olduğu kimi, başqa dillərdə də əsasən daimidir və dəyişməz olaraq qalır. Ümumiləşdirmənin gücü məhz belə birləşmələrdə daha da nəzərə çarpır.
Atalar sözü və zərbi-məsəllərin müxtəlif dil, müxtəlif qrammatik kateqoriyalar aspektlərində tədqiq edilməsi xalqların bir çox nəsillərinin mənəvi inkişafını, müasir estetik fikir və bədii yaradıcılıq imkanlarına malik olmasını təsdiq etmək baxımından misilsiz əhəmiyyətə malikdir. Atalar sözü və zərbi-məsəllər xalqın adət-ənənəsini, düşüncəsini obrazlı şəkildə ifadə edən bütöv sintaktik vahidlərdir.
Hər bir xalq zəngin irsə malikdir. Hər bir xalqın, hər bir mədəniyyətin özünəməxsus atalar sözləri, kəlamları, müdrik deyimləri vardır.
İngilis atalar sözlərinin dilindən az-çox bəhs edən və tədqiqat aparan dilçi alim İ.R. Qalperin olmuşdur.
İndi biz ingilis dilində ən çox istifadə olunan atalar sözlərindən bəhs edəcəyik, onların mənasını müəyyənləşdirəcəyik, işlənmə yerlərinə nəzər yetirəcəyik və Azərbaycan dilində ekvivalentlərini müəyyən etməyə çalışacağıq.
İngilis dilində atalar sözləri müxtəlif qrammatik quruluşlarda olur. Məsələn:
Dostları ilə paylaş: |