Sədnik Paşa Pirsultanlı nəsri
Sədnik Paşa Pirsultanlı adı çəkiləndə ayağına dəmir çarıq, əlinə dəmir əsa alan, söz-söz, cümlə-cümlə, kitab-kitab xalq yaradıcılığı nümunələri, əfsanələr, rəvayətlər toplayıcısı, xalqdan topladığı sərvəti ipə-sapa düzərək elə xalqa qaytaran bir folklorşünası xatırlayırıq. Lakin illər keçdi, həmin folklorşünasın misra-misra, bənd-bənd şeirləri dildən-dilə düşərək, geniş yayıldı. Bu dəfə biz Sədnik Paşa Pirsultanlı simasında rəvan dili, lakonik fikirləri, bədii təxəyyülü olan bir şairi də kəşf etdik. Folklor nümunələri ilə yanaşı, artıq onun şeirləri də qalaqlandı, kitab-kitab oxucu evlərinə yol açdı. Eyni zamanda, həmin folklor nümunələri də, şeirlər də elmə söykəndi, elmdən qaynaqlandı, hər bir bədii əsər dünyaya gələndə onunla yanaşı biz Sədnik Paşayevin tədqiqatlarından, elmi əsərlərindən bəhrələndik.
Son zamanlar Sədnik Paşayevin yeni bir kitabının çapa hazırlandığını görəndə bu elm adamının, folklorşünas alimin, şairin başqa bir tərəfini – nasirlik istedadını da kəşf etdim. Düzdür, artıq oxucular Sədnik Paşayevin müxtəlif illərdə, müxtəlif mənbələrdə işıq üzü görən nəsr əsərlərini izləyib, oxuyub. Lakin bütövlükdə bir kitabın nəsrə – hekayələrə, epik poemalara və kiçik səhnə əsərlərinə həsr edildiyini görəndə bu insanın fenomen bir şəxsiyyət olduğuna heyran qalmaya bilmədim. Maraqlısı isə budur ki, Sədnik Paşayev dilində rövnəqlənən nəsr əsəri daha şirin, daha ürəyəyatımlı, daha yaddaqalandır. Onun əsərləri bədii tutumu, Azərbaycan dilinə olan məhəbbəti ilə yanaşı, folklor nümunələri – el misalları, əfsanələr, atmacalar bilməcələr, gülməcələr və s. ilə zəngindir. Folklordan su içib böyüyən, ətə-cana gələn əsər isə heç vaxt ölmür, yaddan çıxmır.
Sədnik Paşayev mətbuatda ilk dəfə nəsr əsəri kimi “Göy öskürək” adlı hekayə ilə çıxış edib. Həmin hekayəni təhlilə cəlb etməkdənsə bütöv halda verməyi məqsədəuyğun hesab etdim.
...Hər gün səhər-səhər dərsə gələndə üç tələbə qız da mənlə eyni yolu gəlirdilər. Bu üç qızdan biri hey öskürürdü. Mən tələbə yoldaşım Fatmaya dedim:
- O qızın öskürməsi hey davam edir. Sonra göy öskürəyə çevrilər. Nəticədə ciyər xəstəliyi tapar. Mən dağ çiçəklərindən verim o qıza çay dəmlə, xəstəliyi çıxıb getsin.
Fatma gülə-gülə cavab verdi:
- Sədnik, o qız xəstə deyil, o sənə rişxəndlə, istehza ilə öskürür. Ona deyiblər ki, guya sən onu istəyirsən.
Mən soruşdum ki, qızın adı nədir? Dedi Kifayətdir. Mən “Göy öskürək” adlı bir hekayə yazdım. Hekayə bu sonluqla tamamlanırdı:
“Aşiq olanlar axırda Kərəm olurlar,
Göy öskürəyə tutulanlar axırda vərəm olurlar.”
Mənə dedilər ki, İnstitut Partiya Komitəsinin katibi Hidayət Abdullayev səni çağırır. Mən içəri daxil olarkən Kifayəti katibin otağında gördüm. Hidayət Abdullayev çox ciddi və təmkinli bir şəxs idi. O üzünü mənə tutub dedi:
- Sədnik, mən səni tərbiyəli bir oğlan kimi tanıyıram, sənə yaraşarmı bu qız haqda götürüb qəzetdə yazı yazasan?
Mən cavab verdim:
- Hörmətli Hidayət müəllim, mən bədii əsər, heç kəsə ünvanlanmayan hekayə yazmışam. Bu qızın adı nədir?
Qız yerindən dilləndi:
- Kifayət.
Mən dərhal onun sözünü kəsib cavab verdim:
- “Göy öskürək” adlı hekayədəki qəhrəmanın adı Kifayət deyil, Nəhayətdir.
Qız dedi:
- Nə fərqi var, sizi hər görəndə öskürən mənəm.
Hidayət müəllim soruşdu:
-Sən Sədniki görəndə nə üçün öskürürdün?
Qız dedi:
-
Mənə demişdilər ki, o məni istəyir.
Hidayət müəllim:
- Qız, Sədnik öz dili ilə sizə bir söz deyib, deməyib?
Qız dedi:
- Yox, deməyib.
Hidayət müəllim gülə-gülə dedi:
-Qız, çıx get. Sədnik nə vaxt öz dili ilə sənə söz deyər, gəlib bizə deyərsən.
Sədnik Paşayev nəsri özünəməxsusluğu, orijinallığı ilə yanaşı, bir həyat dərsi, müdriklik məktəbidir. Buna misal olaraq «Ağac adam» hekayəsini önə çəkə bilərəm.
«Ağac adam» hekayəsinin elə ilk abzasından bu əsərin poetik düşüncəli, bədii portretlər yaradıcısı, bir rəssamın, heykəltaraşın, nasirin qələmindən çıxdığının şahidi oluruq: «Yazın bu yerlərə yenicə qədəm qoymasına baxmayaraq tarlalar başdan-başa gül-çiçəyə bürünmüşdü. Meşədə quşlar səs-səsə vermişdi. Arılar çiçəkdən-çiçəyə qonur, sanki çəməndəki çiçəkləri sayırdılar. Sarıköynək, meşəxoruzu, qaratoyuq, alabaxta budaqdan-budağa kos kimi atılırdı. Çəmənin bir tərəfində şanapipiklər nazlanır, bir tərəfində isə əliklər şirin-şirin otlayırdı”. Burada yaz fəslini, baharı, təbiətin bayramını oxucu sanki, gözləri ilə görür, quşların, arıların səsini eşidir, gül-çiçəyin rayihəsinə qərq olur. Əslində, bu peyzajı yaratmaqda nasir əsərə gözəl, oxunaqlı bir giriş vermək xatirinə yox, insanla təbiət arasındakı, tamlıqdan, vəhdətdən söz açır. Təbiətdə yaşayan, fəaliyyət göstərən insanın yerləşdiyi mühiti də göz önünə gətirir. Əsərin məzmunu, ideyası ilə bağlı olan peyzajı əsərin sonunda bir canlı insan kimi düşünən, danışan görəcəyik.
Diqqət etsək burada sözlərin də bir-birinə harmonik yaxınlığını, məntiqi uyğunluğunu, elə çəmən gülləri kimi bir-birinə yaraşa-yaraşa düzümləndiyini görərik.
Hekayənin mövzusu əsaslı bir məntiqə, fəlsəfi anlamlara söykənsə də, yenə də xalqın dilinə, xalqın düşüncə tərzinə uyğun qələmə alınmışdır: “Uzaq yol gəlib yorulduqlarından üç yolçu göy otun üstə uzanıb şirin-şirin mürgü döyürdü. Qəflətən bu yolçulardan biri oyanıb ayağa qalxdı. Bir xeyli düşünə-düşünə o yan- bu yana baxdı. Sonra nə fikirləşdisə, torbasından bir balta çıxarıb meşənin dərinliyinə endi. Ağaclardan bir şümalını seçib kökündən ayırdı. Həmin ağacdan yonub bir adam düzəltdi. Yolçunun əl işindən görünürdü ki, o dülgərdir. Axı yonub-düzəltdiyi Ağac adam olduqca yaxşı çıxmışdı”.
Bu cür sadə, anlaşıqlı ekspozisiya ilə başlanan əsər süjet xəttinə görə çox mürəkkəb, fəlsəfi anlamlara söykənir. Burada təbiətin bir parçası olan, ağac adamın timsalında canlı, lakin dili olmayan təbiətin insanlığa, bəşəriyyətə olan giley-güzarının, şikayətinin şahidi oluruq.
Yenə də əsərin ekspozisiyasına nəzər salaq: «Aradan bir az keçmiş ikinci yolçu yuxudan oyandı. Yoldaşının yonub-düzəltdiyi Ağac adamı görüb özünü o yerə qoymadı. Dinməzcə torbasının ağzını açıb iynə-sap və bir neçə arşın parça çıxartdı. Torbasından çıxan bu yaraq-yasaqdan bilindi ki, bu yolçu dərzidir. O da öz məharətini göstərdi. Ağac adama bir paltar tikdi ki, gəl görəsən… Ağac adam geyimdə-gecimdə lap gözəl göründü. Gendən qala bürcünə bənzəyirdi. Amma nə canı, nə də dili-ağzı yox idi. Elə bu zaman üçüncü yolçu yuxudan oyanıb ətrafa göz gəzdirdi. Ağac adamı görən kimi işin nə yerdə olduğunu başa düşdü. Heç bir söz demədən, o da öz torbasına əl atdı. Min bir cür dava-dərman çıxartdı. Çox keçmədi ki, Ağac adamı cana gətirdi”.
Burada əsərin süjet xətti oxucuya aydın olsa da, əsərdaxili münaqişələr, ziddiyyətlər hamar xətlə davamını pozur, hadisələr mürəkkəbdən zəifə, zəifdən mürəkkəbə cərəyan edir. Əsərin elə bu yerində biz ana xəttin ikinci bir mərhələyə – zavyazkaya keçidini görürük. Yəni hadisələr bir düyünə rast gəlir sanki. Bu üç sənətkarın yaratdığı, insan – canlı hərəkətə gələn kimi insanlardan üz çevirib təbiətə doğru qaçmağa başlayır: «Loğmanın can verdiyi Ağac adam yenicə nəfəs almağa başlamışdı ki, üz tutub meşənin dərinliklərinə qaçmağa başladı”. Artıq burada oxucunun əsərə olan marağı daha da artır. İstər-istəməz düşünürsən: Gözəl geyim, gözəl vücud, ağıl, bəs nədən insanlıqdan qaçır ağac adam? Bu isə yazıçının seçdiyi mövzuda yanılmadığını, həyat təcrübəsi olduğunu, oxucunu ələ almaq, eyni zamanda, tərbiyələndirmək baxımından səriştəsini göstərir.
Ağac adama “neyçün qaçırsan?” sualını verən insan özü də bilmədən yaratdığı möcüzə qarşısında aciz olduğunu bir daha təsdiqləyir. Buradan sufizmə doğru bir yol açılır. Yazıçı hər bir yaradılan canlının yalnız və yalnız tanrıya aid olduğunu, nəfəsin tanrı tərəfindən verilə biləcəyini diqqətə yetirir. O, göstərir ki, düzdür, həqiqətdir ki, insan hər bir möcüzə yaratmağa qadirdir, lakin tanrı yaratdağına əl atarsa, tanrıyla tanrılıq eləməyə çalışarsa, onda elə özünü alçaltmış, adiləşdirmiş olur.
Hələ bu günə qədər heç bir əsərdə, ümumiyyətlə, heç bir yerdə tanrının yaratdığı insanın baş götürüb insanlıqdan qaçmasına past gəlməmişik. Burada isə ağac adam qaçır, deməli, insanın tanrıdan nə qədər aşağıda olduğu, tanrıdan asılı olduğu qaçılmaz bir həqiqət kimi qabarır.
Artıq ağac adamla insanın söhbəti zamanı hadisələr razvyazka dövrünü yaşayacaq və düyünlər yavaş-yavaş açılmağa başlayacaq: “Ağac adam. Mən sənə hələ nəfəs vermişəm, ağıl, şüur verməmişəm. Səni xoşbəxt edəcəyəm, dayan…
Ağac adam:
-İstəmirəm sənin mənə verəcəyin xoşbəxtliyi. O zaman dünyanın xoşbəxti idim ki, öz kökümdən ayrılmamışdım. Budaqlarımda quşlar yuva bağlayırdı, şən-şən nəğmələr oxuyurdu. Gəlib sərin kölgəmdə dincəlirdilər. Siz məni kökümdən, yaşıl yurdumdan nahaq yerə ayırdınız. Dərdsiz- qəmsiz olduğum halda, məni ömürlük ağrı-əzaba düçar etdiniz. Biz ağaclar siz insanları yaxşı tanıyırıq…”
Burada oxucuda dərin bir təəssüf yaranır. “Axı niyə?” – sualları ilə əsərin davamına tələsir. Yazıçı qələminin ustalığı oxucu hisslərinin rəngdən-rəngə düşməsində də özünü büruzə verir. Oxucunun verəcəyi sualları görürmüş kimi yazıçı loğman surətinin timsalında ağac adama üzünü tutur:
“-Ağac adam, siz insanlardan nə pislik görmüsünüz ki?
Ağac adam:
-Gözümüzü açan gündən sizi kökümüzə balta çalan, qulaq həyanımız olan maralları, əlikləri, quşları qanına qəltan edən görmüşük…”
Əsərin finalı da bütün mərhələlərdə olduğu kimi, çox təsirli, hissləri dilləndirən, eyni zamanda düşündürücü, yaddaqalandır: «Ağac adama ağıl, şüur paylama, loğman… Ətrafına göz gəzdir, onu aranızda ehtiyacı olanlara payla. Amandı, o insan ağılını, insan şüurunu məndən uzaq elə!”
Budur yazıçı gücü, yazıçı müdrikliyi: kiçik bir hekayə ilə böyük bir problemdən, ağıllı, şürlu insanın, ağılsız, şüursuz təbiətin qarşısında acizliyindən ustalıqla söz açır.
Ümumiyyətlə, Sədnik Paşayevin hər bir hekayəsində biz bu cür ibrətli, dəyərli kəlamlara rast gəlir, gənclərin gələcək həyatlarında düzgün addımlamalarına əməyi olduğunu görürük.
Sədnik Paşa Pirsultanlı
“Bu da bir ömürdür” hekayəsi də öz süjet xəttinə, bədii tutumuna, əsərdəki hadisələrin cərəyan müxtəlifliyinə görə çox diqqətəlayiqdir. Əsər həm də ona görə maraqla qarşılanır ki, burada yaradılan surətlər, obrazlar həyatda tanıdıqlarımız, gördüklərimiz şəxsiyyətlərdir. Söhbət Azərbaycanın görkəmli xanəndəsi Cabbar Qaryağdıoğlundan gedir: “Cabbar Qaryağdıoğlu hələ çox cavan olmasına baxmayaraq camaat arasında əkə-bükə bir xanəndə kimi sayılıb-seçilirdi. Şirin zəngulələrinin sayəsində adı oba-oba, oymaq-oymaq gəzirdi. Onu məmə deyən də tanıyırdı, pəpə deyən də. Bir sözlə, dönüb olmuşdu toyların-şənliklərin şah damarı… Hansı toyda-mağarda oxuyurdusa, çağrılmamış qonaqların sayı çağrılmış-lardan çox olurdu”.
Burada əsərin qəhrəmanı C. Qaryağdıoğlu olsa da, müəllif bir növ özünü yazmağa, özünü yaratmağa da səy göstərmişdir. Əsərin əvvəlində yazılıb “Səfurə xanımın əziz xatirəsinə”. Səfurə Pirsultanlı oxuculara məlum olduğu kimi Sədnik Pirsultanlının həyatdan nakam getmiş, lakin ərinin qəlbində, xəyallarında daim yaşayan ömür yoldaşıdır. Eyni zamanda, Səfurə Pirsultanlı oxunaqlı dili olan şair, düşündürücü nəsr əsərlərinə malik bir nasir xanım olub. Lakin onun əsərləri sağlığında ictimaiyyət içərisinə yol açmayıb, qaranlıqda qalıb. Bu isə Sədnik Paşayevin çox təəssüflə qeyd etdiyinə görə, qısqanclığı ucbatından olub. Aradan illər keçəndən sonra bunları etiraf edən Sədnik Paşayev, məhz bu əsəri ilə Səfurə Pirsultanlı ruhu qarşısında bir növ təsəlli tapır.
Cabbar Qaryağdıoğlu cənubi Azərbaycana təşrif buyurur və orada hər ikisi gözəl sənətkar olan bir ailə ilə tanış olur. Əsərin finalında isə məlum olur ki, həmin ailə qısqanclıq üzündən musiqiyə olan vurğunluqlarını içlərində boğub, sənətdən uzaqlaşıb. Bütün bunlara isə əsərin əsas obrazlarından biri olan tacirin dili ilə aydınlıq gəlir: “Hə, qardaş, qulaq as, bu da bir ömürdür, sənə nağıl eləyim. Xanımım müğənni idi, mən də onun yanında tarzən. Ona möhkəm vurulmuşdum. Artıq bunu onun özü də hiss edirdi. Axır ki, ürəyimi açdım. Lakin ağır bir şərtim də vardı. Biz ailə qurandan sonra o, xanəndəlik etməməli idi. Axır ki, sevdamız baş tutdu. Amma o da mənim qabağıma kötük dığırladı. Bildirdi ki, sən də sənətini dəyişməlisən. Məhəbbətdir də, eninə-uzununa ölçüb-biçmədən and da içdik ki, vədimizə əməl edəcəyik. Bax elə həmin gündən mən dönüb tacir oldum, xanımım da ev qadını. Hər ikimizin də sənət qubarı ürəyimizdə yuva bağlamışdır. Arabir evimizdə eşidilən bu çal-çağır ürəyimizin odunu bir az sərinlədir.”
“Kür qənim olsun” hekayəsi adı ilə ilk baxışdan oxucunun diqqətini özünə yönəldir. Bədii əsərə ad seçmək də müəllifdən xüsusi məharət tələb edir. Yəni adda maraqlı, qeyri-adi, cəlbedici bir detala rast gələn oxucu onun içinə varmağa can atır, tələsir. Bu baxımdan “Kür qənim olsun” adı hekayənin məzmununa görə çox uğurla seçilmişdir.
Bütün əsərlərində olduğu kimi burada da S.Paşayev öyrətmək, müdrikləndirmək prinsipini əsas tutur. Hekayənin elə ekspozisiyasındaca müəllif oxucunu Azərbaycanın qərb bölgəsinə səyahətə aparır və oradakı toponimləri sadalamaqla, bir növ tarixə baş vurur, “dünənə boylan, sabaha addımla” şüarını oxucularına təlqin edir: “Həsənqara Samuxun ən varlı, ən köklü-hallı, ən ağıllı-kamallı bəylərindən biri idi. Bu yerin təbiəti də Həsənqaranın daxili aləmi kimi öz zənginliyi ilə seçilirdi. Yellənquş dağı, Eldar şamı, Qanıq və Kür çayları, Ceyrançöl və Eldar düzləri könül oxşayırdı”.
Samux qoruğunun təbii gözəlliyi də bədii bir dillə, bədii üslubla göz önündə canlanır. Eyni zamanda bu kiçik bir epizodda oxucu Samux ətrafında məskənləşən əhalinin etnoqrafiyasından da xəbərdar olur: “Samux qoruğundakı kəkliklər, turaclar, meşə xoruzları səs-səsə verdikcə, könülləri saz kimi kökləyirdi. Yazda pardaqlayıb qalxan nar kolları Gülüstan düzünün laləliklərini xatırladırdı. Payızda isə, budaqlara çıraq-çıraq düzülən narlar uzaqdan gün kimi alışıb yanırdı. Bünövrədən bostançılığın məskəni sayılan bu yerlərdə bar-bəhər aylarında qarpız-qovun ləklər boyunca qoyun-quzu kimi yatışırdı”.
“Kür qənim olsun”da söhbət halalla haram arasında gedən mübarizədən və nəticədə halalın qalib gəldiyindən getsə də, burada baş verən hadisələr, əsərə rəng gətirən kiçik rəvayətlər hekayəni daha da dolğunlaşdırır: “Rəvayətə görə, Koroğlu, bax o görünən Yellənquş dağında dəliləri ilə məskən salıbmış. Qırat hər dəfə Kürü adlayıb-sıçrayıb keçəndə dal ayağının nalının biri suya düşürmüş. Bundan narahat olan Koroğlu bir çobandan bu çayın adını soruşub öyrənir. Sonra üzünü burula-burula axan mavi sulara tutub deyir: “Ay Kür, sən kür, mən kür, bizimki tutmaz”. Koroğlu dəlilərini başına yığıb başqa səmtə üz tutur.
Varı-halı, halallığı ilə seçilən Həsənqaranın ilxısına haram əl uzanır və Kürü keçən zaman Həsənqara həmin adamla rastlaşır. Maraqlı burasıdır ki, oğru özü özünü tanıdır və çox xəcalət çəkdiyini bildirir: “Bəy, bayaqdan sizin oturuşunuza, duruşunuza fikir verirəm. İnsanlığınız qarşısında mum kimi əridiyimdən özümü saxlaya bilmirəm. İndi bir sirri açmaq istəyirəm. İlxınızdan say-seçmə atları çırpışdırıb ucqar yerlərdə dəyər-dəyməzə başını əkən mənəm. Neçə-neçə atınızı oğurlayıb satmışamsa da, yenə də siz atlısınız, mən piyada…”.
Əsərin bu yerində oxucunun mənfi obraz kimi tanıdığı at oğrusuna olan münasibəti dəyişməyə başlayır. Səhvi anlayıb etiraf etmək özü bir igidlik, ərənlikdi. Və bu etirafdan sonra ağıllı-kamallı, müdrik Azərbaycan türkü olan Həsənqara oğrunu bağışlayır, hətta ona halal dövlətindən pay da ayırır. Və burada müdrik bir atalar sözü də meydana çıxır: “ Neçə-neçə atınızı oğurlayıb satmışamsa da, yenə də siz atlısınız, mən piyada…”.
Həsənqaradan dönə-dönə üzr istəyən oğru deyir: “Bəy, qurban olum, məni bağışlayın. And içirəm, tövbə edirəm. Bir də oğurluq etsəm, qoy bu Kürü üzüb keçə bilməyim, qoy bu Kür mənə qənim olsun!” Burada Azərbaycanın torpağı, daşı kimi suyunun da müqəddəs olduğu ön plana çəkilir və Kürə sadə əhalinin sitayiş etdiyi tapındığı göz önünə gəlir, eyni zamanda, əsərə maraqlı, bədii ad yaranır.
Hekayənin finalında Həsənqara belə bir ifadə işlədir: “Kişi diz çökməz”! Burada Azərbaycan kişisinə xas olan qeyrət, namus, müdriklik, ərənlik özünü göstərir və “Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir” atalar sözünün doğruluğu bir daha özünü sübut edir.
“Qaynana və gəlin barmağı” hekayəsi hiss-həyəcanla yazılmış bir hekayədir. Burada da müəllif şifahi xalq nümunələrindən yazılı ədəbiyyata bir növ keçid edir. Məlumdur ki, şifahi xalq nümunələrindən istifadə yazılı ədəbiyyatı zənginləşdirir. Eyni zamanda, yazılı ədəbiyyat da şifahi ədəbiyyata az təsir etmir. Günü-gündən müxtəlif bədii boyalara, çalarlara qərq olan şifahi ədəbiyyat öz əzəlki formasını itirməyə məruz qalır. Lakin Sədnik Paşayevin folklorşünas olaraq əsas fərqli cəhətlərindən biri də, topladığı əfsanələri, rəvayətləri elə olduğu kimi bəzək-düzəksiz, ritorikadan, vulqarizmdən uzaq, elə öz dilində arxaizmlə zəngin formada oxucuya çatdırsın.
Bu hekayənin özünəməxsusluğu isə oradadır ki, hekayədə şifahi ədəbiyyatla yazılı ədəbiyyat üz-zə dayanır, bu iki növ ədəbiyyat bir-birinə burada həm yaxın həm də uzaq görünür. Müəllif elə sərraslıqla bunları bir-birinə dolaşdırır və ayırır ki, oxucu – ədəbiyyatı bilən oxucu müəllifdəki bu məharətə heyran qalmaya bilmir.
Hekayə hələ qədim zamanlardan bu günümüzə qədər öz qloballığını itirməyən bir problemdən, ailə-məişət qayğılarından bəhs edir. Əsrlər boyunca davam edən qaynana-gəlin ziddiyyəti burada da ön plandadır.
Qaynana eyni zamanda anadır. Ana adını əsərin elə əvvəlindəcə zirvələrə yüksəldən müəllif, əzazil qaynana surətinin özünü də mənfi obraz kimi verməkdən çəkinir, onun hərəkətlərini ananın balaya olan məhəbbəti kimi müxtəlif detallarla oxucuya çatdırmağa çalışır: “Anasını vaxtsız itirmişdi. Ailənin özəyi, cəmiyyətin əsası, Adı Vətənlə, Günəşlə yanaşı tutulan, şəninə bayatılar söylənilən, mahnılar qoşulan, kitablır yazılan, lakin vəsfinə söz çatmayan anasını.
Atasının dilindən düşməyən bir rübai onun da qəlbinə hopmuşdu:
Pərvanə özünü oda yandırar,
Günəş göl qurudar, ada yandırar.
Günəşdən istidir qucağın ana,
Fəqət, nə qaraldar, nə də yandırar».
Başqa bir epizoda nəzər salaq: “«Qarğanı göndəriblər ki, get quşların məclisinə gözəl bir quş balası gətir. Qarğa da öz balasını gətirir. Quşların başçası deyir:
-Elə bildim ki, qırğı balası gətirəcəksən.
Qarğa deyir:
-Elə hər kəsin balası özünə qırğıdır!»
Artıq burada əzazil qaynanaya oxucuda bir rəğbət oyanır.
Hekayənin əsas məqamlarından biri də müəllifin Tükəzban qarının dili ilə oxuculara təlqin etdiyi nəsihətlərdir. Burada Tükəzban qarı əzazil qaynananı yola gətirməyə çalışır. Hətta o, müxtəlif hekayətlərlə qaynananı anlatmaq isteyir ki, sən səhv yoldasan: «Sən nə danışırsan az, kim kimi yola verməlidi, təcrübəsiz, ailə həyatına hələ təzə qədəm qoymuş qızmı, yoxsa əzəli qız, sonra gəlin, daha sonra ana, nəhayət qaynana olan el ağbirçəyimi? Az bu məsələdə analar daha geniş ürəkli, dözümlü, qayğıkeş və səbirli olmalıdır. Qoyma, qoyma ailələri dağılsın, buna yol vermə.»
Burada hər bir oxucu dönüb özünə nəzər salır, özünə boylanır, harada səhv etdiyini, harada doğru olduğunu aydınlaşdırmağa çalışır.
«Qaynana və gəlinbarmağı» hekayəsi müəllifin bədii metodlardan – realizm və romantizmdən necə məharətlə istifadə etməsi kimi də maraqlı və diqqətəlayiqdir.
Əsərin sonunda verilən əfsanə isə bütün əsər boyunca deyilmək istəyən, lakin müəllifin özünün belə ana-qaynana obrazına qorxa-qorxa yanaşaraq söyləyə bilmədiklərini, gizlin mətləbləri açır: ««Bir gənc oğlan ürəkdən sevdiyi, bəyəndiyi bir qızla evlənir. Oğlan nə qədər işdən yorğun-əzgin gəlir-gəlsin sevgilisinin ağ şümşad biləklərini, zərif əllərini, incə barmaqlarını ovcuna alıb əzizlədikdə, oynatdıqda ovunur, dinclik tapır. Oğlan elə bilir ki, bu ağ əllərə, incə barmaqlara qovuşmaq, səadətə-sevincə, arzuya çatmaq deməkdir. Oğlan üçün bu zərif barmaqlardan əziz heç nə yoxdur.
Lakin bu mənzərə ananın qəlbindən olmur. Bu nəvazişi gəlin üçün artıq hesab edir. Ona görə də gecə yatan zaman gəlinin barmağının birini kəsib çölə atır ki, oğlu gəlinin şikəst barmağından diksinsin, onunla çox əylənməsin.
Oğlan çox erkən bayıra çıxır. Görür ki, həyətlərində heç vaxt görmədiyi bir çiçək bitib, gözəlliyi ilə gəlin barmağına oxşayır. Oğlan bir könüldən min könülə bu çiçəyə vurulur, heyranlıqla baxa-baxa ayazın qabağında qalır.
Anası görür ki, oğlu ayazın ağzında donur. Soruşur:
– Ay bala, niyə özünü ayaza verirsən?
Oğlan deyir:
-Ana, həyətimizdə bir çiçək açıb, öz gözəlliyi ilə gəlin barmağına oxşayır, ona bənd olub qalmışam”.
Burada əsil məhəbbətin qalib gəldiyini göstərməklə müəllif gənc ailələrə bir növ həyat dərsi keçir. Onları hər bir çətinliyə, hər bir əzaba qalib gəlməyə, qəlblərinin səsini eşitməyə səsləyir.
“Qızıl beşik və ana maral” hekayəsi də əfsanə və rəvayətlərdən qaynaqlansa da bu günümüzlə səsləşə bilib. Belə ki, müəllif Əfsanəvi Sarı Abdaldan söz açmaq üçün onun sonbeşik balası olan Sarıyaqubun xəyalları ilə keçmişə baş vurur: “Buğac oğlu Həsənin övladlarından ən kiçiyi – Sarıyaqub əlini üzünə çəkib, salavat çevirə-çevirə yönü Sarı Abdal təpəsinə dayandı. Təpənin zirvəsində bir qəbir, ətrafında daş duzlaq, yanlarında isə marallar yatışırdı. Qəbirin üstündə bir ana maral ayaq üstə qəbirə baxa-baxa göz yaşı tökürdü. Yaxında isə alaçıqlar görünürdü. Atasının vəsiyyəti yadına düşdü. Yenə də fikri həmin qarlı-çovğunlu günə getdi…».
Bu hekayədə də oxucu halallığa, düzlüyə səslənir. Eyni zamanda, kökə bağlılıq, keçmişə ehtiram kimi amallar da hekayənin süjet xəttini təşkil edir.
…Yatağa düşən Buğac oğlu Həsənin ailəsi onun başı üstündə dayanıb. Və Həsən ömür yoldaşını səsləyir: «Yazgül! – qırıq-qırıq dilləndi. Yazgül arvad övladlırının yanında əri ilə danışmazdı, tez yaşmanıb ayağa durdu, gözlərini ərinin çuxura düşmüş gözlərinə zillədi. – Yazgül yadındadı, bir neçə il əvvəl ağır xəstələnmişdim, məni maral qatığı sağaltdı – və dərindən köks ötürdü».
Burada dünyanın faniliyi oxucuda təəssüf oyatsa da, elə həmin andaca başqa bir hiss – ər-arvad arasında olan hörmət, ehtiram, övlada tərbiyə kimi cəhətlər əsərə heyranlıq yaradır.
Hekayə boyunca müdriklər tərəfindən söylənilən hekayətlər də məzmunca dərin, fəlsəfi və ibrətlidir: «Ağbabalı qoca əlindəki təsbehi çevirərək, sözə başlayır: bir ovçu maralları yaman qırırmış. Bir gün ovçunun oğlu atasının dalı ilə gəlib xəzəllikdə yatır. Ovçu maralın balasını vurur. Maral ona tərəf qaçanda, bir ox da ana marala atır, ox süzüb xəzəlin arasında yatmış oğluna dəyir. Maral bir yanda öz balasını, ovçu da bir tərəfdə öz balasını ağlayır. Ovçu o gündən maral ovuna tövbə edir. Nə isə, marala toxunan heç vaxt jəzasız qalmır».
Və yaxud: «Bir kənd bütövlükdə maral südü ilə dolanırmış. Hər gün bir qadın maralları sağıb tuluqlara tökərmiş. Adamlar istədiyi qədər süd götürüb qatıq çalar, nehrə çalxar, yavanlıq düzəldərmişlər. Bir gün bu kəndə haram bir qadın ərə gəlir, maral sağmaq növbəsinə gedir. Marallar fınxırışıb haram qadını yaxın buraxmır. Marallar döşlərinin südünü buraxıb göl yaradırlar. Qadın süd gölündə boğulub ölür. Maral halallığı sevir. Bir dəfə də belə bir hadisə olur. Ovçu maralı oxa tutur. Lakin o qaçmır. Ovçu gəlib görür ki, maral balasını yalayır, neçə yerindən yaralanıb, oxa dözür, bala ayrılığına dözmür».
Hekayənin sonunda yataqda can verən Buğac oğlu Həsənin dili ilə Sədnik Paşayevin hər bir əsərində olduğu kimi müdrik kəlam yer alıb. Və burada canlının fani olduğu, yalnız Vətənin, vətənə olan məhəbbətin əbədiliyi, labüdlüyü önə keçir. Bu isə gənc oxucu üçün əsil vətənpərvərlik dərsi, ədəbi məktəbdir: «Balalar, atalar deyib ki, səksən, doxsan bir gün yoxsan. Sizə bir vəsiyyətim var, el-oba ilə yaxşı dolanın, uzaqda-yaxında olan tayfalarımızla heç vaxt əlaqəni üzməyin, yurdu sevin, əzizini itirən bir il ağlar, vətəni itirən ömrü boyu. Əsl övlad doğulduğu torpağı vətən bilər, törəmə övlad isə qarnı doyan yeri».
«Həsrətlər qovuşdu» hekayəsi sırf realizm üstündə qurulub. Burada Sovet Azərbaycanı dövründə baş verən hadisələrdən, həmin hadisələrin hər bir sovet respublikası kimi Azərbaycana da vurduğu zərbədən söz açılır: «Şura hökuməti gəldi. Yerini möhkəmlətdi. 30-cu illərdən sonra güllələnmələr, böyük sürgünlər başlandı. İki inəyi, dörd danası olanları “kulak” adlandırırdılar. Hələ o ola dəyirman ola. Məhəm-mədin də üzünə duran bədxahlar tapıldı. Hay-haray saldılar”.
Ailəsindən, doğma ocağından didərgin düşən dəyirmançı Məhəmməd sonda öz doğmalarına qovuşur. Lakin onun ürəyindəki arzular yenə də bitmir, tükənmir. Bu isə “insanı arzular yaşadar” fikrini bir daha sübuta yetirir: “Toydan sonra Məhəmməd oğlanları, gəlinləri, qızları və nəvələri ilə şəkil çəkdirdi. Məhəmməd oğlu və gəlini ilə Züleyxaya toy sovqatı göndərdi. Məcnun atası Məhəmməddən soruşdu:
-Ata, qəlbində daha bir arzun da qaldımı?
-Qaldı bala, qaldı! Nəvəm Adilin toyunu görmək”.
Bu hekayəni də oxuyanda əsərin folklorşünasın qələmindən bəhrələndiyinin şahidi oluruq. Burada da müəllif müxtəlif atalar sözlərindən, ibrətli kəlamlardan istifadə edərək əsərin fəlsəfi tutumunu zənginləşdirir: “Dəyirmasız kənd olmaz”, “Məndən sənə yaxşı öyüd, Öz dənini özün üyüt”, “Su gələn arxa bir də gələr” və s.
Sədnik Paşayevin nəsr dilindəki bir keyfiyyəti də oxucuların nəzərinə çatdırmaq istəyirəm, o, əsərlərinin demək olar ki, heç birində inversiyaya, yəni sözlərin qrammatik ardıcıllığının pozulmasına yol vermir. Bu isə müəllifin bir daha Azərbaycan dilinə olan böyük sayğısından, diqqətindən irəli gəlir.
Sədnik Pirsultanlı yaradıcılığı məzmun etibarı ilə nə qədər zəngindirsə, janr müxtəlifliyi ilə də bir o qədər fərqlidir. Onun nəsr əsərləri sırasında xatirə hekayələrə də rast gəlirik. Bu hekayələr müəllifin yaşadıqları həyat hadisələrinin obrazlı təzahürüdür. Buna misal olaraq “Taleh yazısı” və “Dayını da tap gətir” hekayələrinin adlarını çəkə bilərəm.
“Taleh yazısı” müəllifin dünyadan çox gənc yaşlarından köçən müəllimi, yazıçı Əlabbas Qasımovun xatirəsinə qələmə alınıb. Bu hekayə bütövlükdə hiss-həyəcanla, yazıçının duyğularının sarı simi ilə qələmə alınan bir əsərdir ki, oxucuların da qəlbini riqqətə gətirir, oxucuları da kövrəldir. Lakin bütün bunların yazıçının yaşadıqları olduğunu hiss edən oxucu insan duyğularının, insan yaşantılarının bu qədər daqiqliklə qələmə alındığına sevinir.
Hekayənin məhz müəllimə həsr edilməsi özü elə diqqətəlayiq bir haldir, örnəkdir. İnternat məktəbində müəllim işləyən Əlabbas Qasımov gənc yaşlarından əzab-əziyyətlərə düçar olur. Burada bir gəncin acı taleyi ilə yanaşı, həminki dövrün siyasi abı-havası, eybəcərliyi də kiçicik bir detalla özünü göstərir: “Təxminən iyirmi səkkiz-otuz yaşı olan Əlabbas müəllim əsgərlikdən tərxis olunandan sonra Bakı şəhərində böyük bir tədbirdə çıxış edən zaman iki nəhəng adamın çəkişməsinin qurbanı olmuş və Dəstəfur kəndinə göndərilmişdi”.
Öz şagirdinə vurulan gənc müəllim ağır xəstəliyə düçar olur və son nəfəsində sevimli şagirdinden – Sədnik Paşayevdən xahiş edir ki, sevdiyi qızı onun ziyarətinə gətirsin. Şagirdlər müəllimlərinin görüşünə gedirlər: “O, arxasıüstə çarpayıya uzanmışdı. Əvvəlki boy-buxunlu, cüssəli, gözlərindən işıq saçılan gəncdən əsər-əlamət qalmamışdı. Çox çətinliklə nəfəs alırdı. Gözləri yaşlı adamların gözü kimi çuxura düşmüş, solmuşdu. Bizi görəndə qırıq səslə dedi:
- Əl-ələ tutun gəlin yanıma.
Biz onun dediyindən heç nə anlamasaq da, müəllimimizin əmrinə müntəzir halda əl-ələ tutduq və ona tərəf addımladıq. Çox miskin halda Tamaraya baxırdı. Tamara da onun baxışlarına dayana bilmir, gözlərindən yaş axıdırdı.
Əlabbas müəllim durmaq istədi. Lakin, gücü çatmadı və əlləri ilə dəmir çarpayının başından tutaraq azca dikəldi və:
Tovuz kimi fərəhləndim, ucaldım,
İsgəndərtək dəryalardan bac aldım,
Cavan idim, bir ah çəkdim qocaldım,
Gəmisi dəryaya qərq olan canım.-
-deyərək çarpayıya yıxıldı. Bu, onun son sözləri idi…”
Müəllif bu kiçicik epizodu lakonik bir şəkildə qələmə alıb. Əslində əksər yazıçılar belə epizodlara daha geniş yer verməyə, yazdığı əsərin daha təsirli olmasına can atırlar. Sədnik Paşayev isə bizlərə az bir məqamda yaddaqalan, təsirli, həyati bir an yaşada bilmişdir.
Yuxarıda qeyd etdiyim kimi, “Dayını da tap gətir” hekayəsi də xatirə hekayədir. Burada da müəllif yaşadıqlarını bədii bir dillə qələmə almışdır. Lakin burada bacının qardaşa, balanın anaya məhəbbəti ön plana keçir. Müharibədən geri dönməyən qardaşının yolunu uzun illər gözləyən bacının oğluna dediyi sözlar, yalvarışlar könülləri titrədir:
-Oğul, Almaniyaya gedirsən, uğur olsun! Axtar Həsənəli dayını tap. O vaxtdan damı yarımçıq qalıb, damın daşları gömgöy mamır bağlayıb, sandıqda toy parçalarının arasında qayçı pas atıb. Evlənmiş olsa ailəsini, uşaqlarını tap gətir, amma yaxşı olar ki, özünü tək gətirəsən. Burada kəndin sona qızlarından birini alarıq. Bax, onun toyunda beləcə sındıra-sındıra oynayacam.
… Anam qeyri-ixtiyari qollarını havada oynatdı:
– Dayın bir az məyus olacaq ki, nişanlısı Ababil ərə gedib, onu gözləməyib. Daha Ababilin qızına da toy olub”.
Hekayəni oxuyan oxucu hər sətirdə əlini goyə açır, Tanrıya yalvarır ki, ananın bircə qardaşından xəbər çıxsın. Əlbəttə, bu acıları müəllif yaşayıb ki, oxucuya da yaşada bilir.
Əsərin sonu acı bir təəssüflə bitsə də, müəllifin məharəti ilə bir təsəlli işığı da közərir:
-Sədnik, Həsənalı dayını gətirmədin?
Dedim:
- Ana, dayım Almaniyada əsir olarkən bir türk qızı ilə evlənib, bir oğlu olub. Oğlunun adını Səməd qoyub. Bax, bu şəkildə gördüklərin dayımın oğlu Səməd, gəlini və nəvəsi Gülbənizdi. Səməd dayoğlu dedi ki, «Atam qocalıb, yaşlanıb, Fransaya istirahətə gedib».
Anam göz yaşları içərisində dedi:
-Ay zalım, bacıların burada qırılır, Azərbaycana gəlmirsən, Fransaya gedirsən?!
Sonra o, şəkildə mənim boynuma sarılmış Gülbənizi dönə-dönə öpüb, şəkli sinəsinə sıxdı və:
– Oğul, səndən bir xahişim var, bu şəkili mənə ver, qoy aparım kəndə, orada hamıya göstərim ki, bu mənim qardaşımın Gülbəniz nəvəsidi – dedi”.
“Dilimi Kübranın məhəbbəti açdı”, “Sən mənim vətənimin bir yağışına dözmədin” hekayələri də Böyük Vətən Müharibəsi illərindən, o illərin əzab-əziyyətindən bəhs edir. Burada da saf məhəbbət, Vətən sevgisi əsər boyunca yer alır.
Sədnik Paşa Pirsultanlının hər bir əsərində müdrik bir kəlam, bir aforizm də meydana gəlir ki bunlar da günü-gündən dillərə düşərək atalar sözlərinə çevrilir. Buna misal olaraq “Narahat qaçaqdan, rahat çoban yaxşıdı” hekayəsinin adını çəkə bilərəm. Diqqət edin, hekayənin adının özü bir çox mətləblərdən xəbər verir. Bu hekayə sovetlər dönəmindən bəhs etsə də müasir dövrümüzlə ayaqlaşa bilir. Burada qaçaq ömrü yaşayan Qafarın arvadı Dursun yağ-bal içərisində olsa belə, sonda başa düşür ki, əsil həyat rahat yaşamaq imiş: “Hər əlində altı barmağı olan, ağ kağızdan ağ, dolu bədənli Dursun əllərini göyə açdı:
-Allah, o gününə də şükür, bü gününə də! Narahat qaçaqdan, rahat çoban yaxşıdı!”
Sədnik Paşa Pirsultanlı Aşıq Şəmşir ilə
1961-ci il, Kəlbəcər
Kitabın ikinci hissəsində Sədnik Paşayevin qələmə aldığı poemalar əksini tapmışdır. Məlumdur ki, poema ədəbiyyatın iki janrının – epik və lirik janrın vəhdətindən yaranmış bir qoludur. Burada danışılan, nağıl edilən əhvalat həm də subyektin, müəllifin bir anın içərisində keçirdiyi hisslərlə cilalanaraq dünyaya gəlir. Kitabda yer alan “Gəlin qaya” poeması da epik-lirik janrda yazılmış əsərdir. Müəyyən olunmuş süjet əsasında yazılan “Gəlin qaya” Sədnik Pirsultanlı qələmində elə dolğun, elə bitkin şəkildə cilalanıb ki, bu mənzum hekayəni oxuyan hər bir kəs elə ilk oxunuşdaca həmin misraları söz-söz sinəsinə köçürür.
Poemada lirik qəhrəmanın yaratdığı epik qəhrəman yasəmən saçlı, ağ bədənli bir gəlindir:
Çimərliyə çimən gəldi,
Saçları yasəmən gəldi.
Girdi ağ suya ağ gəlin,
Ağ sular ağ zambaq açdı.
Gen açdı ağ qollarını,
Ağ sularla qujaqlaşdı.
Ağca bədən, ağ dələmə,
Günəş görüb həsəd çəkdi».
Burada təsvir olunan epik qəhrəmana müəllifin hissləri, daxili çırpıntıları elə qarışıb ki, hətta, bu vəhdəti bir-birindən ayırmaq belə çox çətindir.
Bu poema da folklorşünas Sədnik Paşa Pirsultanlının həyat amalı olan xalq yaradıcılığandan, əfsanələrdən qaynaq götürərək dünyaya gəlib. Lakin buradakı hadisələri şair daha da cilalayaraq, milli mentalitetimizə, dilimizin səlistliyinə yönləndirib.
Ağ sularda çimən ağ gəlinin daşlar arxasından ona hərisliklə boylanan qocadan xəbəri yoxdur:
“…Günəş boyda həsrət çəkdi.
Daş dalından baxan qoca.
O, bu elin pak qızıdı.
Utan, utan, utan qoca,
Oğlunun baxt ulduzudu.
Çimdi gəlin, çıxdı gəlin,
Ətrafına baxdı gəlin.
Gördü heç kəs yoxdu gəlin.
Nazlandı türfəndə gözəl,
Ağ suların aynasında.
Cilvələndi sona kimi,
Ağ bədən – bir mərmər heykəl,
Özü xəyal dünyasında,
Baxdı, baxdı sona kimi».
Artıq bu məqamda məlum olur ki, həmin yad baxış elə gəlinin öz qaynatasına məxsusdur. Burada biz lirik qəhrəmanın «Utan! Utan, qoca» deməklə içindəki püskürtünü görürük. Bəli, öz gəlininə naməhrəm gözlərlə baxmaq Azəri türkünə eyib gətirən bir xüsusiyyətdir. Lakin müəllif nə qədər hissə qapılırsa da vulqar sözlərdən, vulqar ifadələrdən istifadə etmədən yaratdığı obrazın mənfiliyini aşkarlayır. Maraqlısı budur ki, qocanın həris baxışlarına olan ikrahla yanaşı müəllif gəlinin gözəlliyinin vəsfinə də yer ayırır, ağla-qaranın, sevgiylə nifrətin qoşa adımladığını bir daha qabardır, göz önünə gətirir:
«Zülflərinə toxundurdu,
Şana kimi əllərini.
Zülflərini yana dərdi,
Geri çəkdi tellərini».
Və ismətli gəlin artıq üzərindəki yad baxışları hiss edəndə Tanrıdan dilək diləyir:
…«fələk, bir daş olum,
Ya quş elə, göyə uçum».
Bu əfsanəni qələmə almaqda, onu bir daha həyata gətirməkdə müəllifin məqsədi tərbiyələndirməklə yanaşı, həm də Azərbaycan qadınına, Azərbaycan anasına verdiyi böyük dəyər, qiymət idi.
Elə «Kəsilmiş hörüklərin harayı» poeması da bir növ «Gəlin qaya»nın davamıdır. Yəni burada da yenə də namus, ismət, məhəbbət ön plana çəkilir. Burada da Anaya, qadına olan hörmət, ehtiram şair qələminin qüdrəti ilə oxucularda rəğbət oyadır. Lakin bu poemanın bir fərqli cəhəti var ki, burada epik qəhrəmanlar real həyatdan götürülmüş, əfsanəyə çevrilmiş qəhrəmanlardır. Müəllif müxtəlif çalarlarla hər bir əfsanənin, hər bir rəvayətin müəyyən mənada həqiqətə söykəndiyini, həqiqətdən pərvazlanaraq dillərə düşdüyünü də vurğulayır.
Şair məhəbbət mədhi ilə başlayan poemada Miskincə dağlarının iki balasından Hürü ilə Aslanın bir-birinə olan saf məhəbbətindən söz açır. Hürünün uzun qara hörükləri, Aslanın da ifa etdiyi zaman ürəkləri riqqətə gətirən kamanı var. Vaxt gəlir müharibə başlayır və Aslan döyüşə yola düşür, kamanını da özüylə götürür.
Bildiyimiz kimi, kaman Azərbaycanın qədim musiqi alətlərindən biridir. Bu alətin simlərində bizim milli-mədəniyyətimiz, milli dəyərlərimiz, xalqımızın keçmişi uyuyur. Və o simlər dilə gələndə dünyanın hansı nöqtəsində olursan ol Şərqi – məhz elə Azərbaycanı görür, duyursan.
Hürü təhsilli və ağıllı bir qızdı. O, dünyalar qədər sevdiyi Aslanının odun-alovun içərisində olduğundan yaxşı xəbərdardır, eyni zamanda Hürü bilir ki, Aslan bu yoldan dönməyə də bilər. Lakin kaman – Azərbaycanın tarixinin bir parçası geri dönməlidir. Odur ki, Aslana yazır:
«Aslan apardığın gümanı qaytar,
Vurğunu olduğum kamanı qaytar».
Artıq burada müəllif Vətən məhəbbətinin daha yüksəkdə olduğunu vurğulayır, Vətən yolunda canından keç, lakin onun bircə parçasını belə düşmən əlində qoyma deyir.
Aslan kamanı bağlamaya qoyub Vətənə göndərir. Və Hürüyə ismarıc edir: «Eli ağladarsan, Hürü, ağlama!»
Burada da yenə el məhəbbəti, el təəssübü önə çıxır. O, Hürüyə çəkdiyin əzabı elə çək ki, el duymasın, el sızlamasın deyir. Bu fikrin başqa bir tərəfi də var. Həqiqi məhəbbətə, həqiqi aşiqə elin verdiyi qiymət, dəyər. Yəni Aslan-Hürü məhəbbətinə el vurğundur, el o məhəbbəti dərdlərinə şərik olub, göz yaşı tökəcək qədər əziz tutur.
Günlər keçir, Hürü də döyüşə yola düşməli olur. Bu xəbərdən hali olan Aslan Hürüyə namə yazır:
«Qurtar, bu canımı, əzabdan qurtar,
Qaytar, hörükləri, vətənə qaytar».
Burada şair qadın şərafətini ön plana çəkir. Hörüklər qadının ismətidir və Aslanın bircə diləyi, bircə istəyi var ki, həlak olsa belə, onun sevdiyi qiz ismətini itirməsin:
…«Hürü aynanın önündə durdu,
Uzun hörüklərə üç düyün vurdu.
Sonra saçın çözüb bir sığal çəkdi,
Gözünün suyunu axıtdı, tökdü,
Götürdü qayçını əlləri əsdi,
Qoşa hörükləri doğradı, kəsdi».
Burada mənim diqqətimi cəlb edən bir epizod da Hürünün saçına üç düyün vurmasıdır. Bu düyünün biri Aslan, biri Hürü biri isə Vətəndir. Bununla Hürü bəlkə də Aslanının, özünün canına və Vətən məhəbbətinə and içir ki, ismətini itirməyəcək, Aslanına və Vətəninə sadiq qalacaq.
Sədnik Paşayev öz qələmini dram əsərlərində də sınayıb. Bildiyimiz kimi, dram əsərləri həyat hadisələrindən doğur və həmin hadisələr müəllifin dilində obrazlı şəkildə təsvir olunur.
Dram əsərlərində də personajlar (iştirakçılar) mənfi və müsbət obrazlar olmaqla iki qismə bölünür. Lakin burada surətlər öz daxili aləmini hərəkətləri ilə də tamaşaçıya xarakterizə edir.
Sədnik Paşayevin əksər əsərlərində olduğu kimi dram əsərlərində də hadisələrin cərəyanı oxucunu, tamaşaçını hissdən-hissə salır, əsərə qarşı dərin maraq oyadır.
Kitabda yer alan “Qızıl piyalə” dramı məzmun etibarı ilə maarifləndirmək, tərbiyələndirmək kimi insani keyfiyyətlərlə zəngindir. Əsərin baş qəhrəmanı Fərhadla onun dostu Çətinqaya arasındakı dialoqa nəzər salaq:
Fərhad- Bu adlar da hey məni düşündürür. Yurdda nə qədər “Qanlı bulaq”, “Qanlı çay”, “Qanlı göl”, “Qanlı Qobu”, “Qanlı qaya”, “Qanlı təpə”, “Qanlı daş”, “Qanlı yol” olar.
Çətinqaya- Fərhad, belə deyirlər ki, Allah millətlərə torpaq paylayanda əməkçi xalqımız gecikir. Allah, məcbur olub, özünə seçib götürdüyü gözəl torpaq payını bizə verir. Elə o gündən çoxlarının gözü Allahın payı olan torpağımızda qalır. Torpağımız neçə-neçə yadellinin hücumlarına məruz qalır. Həmin döyüşlər nəticəsində o saydığın “Qanlı bulaq”lar, göllər, çaylar, qayalar, təpələr, daşlar yaranır. Lakin xalq öz torpağını qanı ilə suvarsa da, Allahın qisməti olan yurdumuzu kirpik gözü qoruyan kimi qoruyur”.
Elə əsərin əvvəlindəcə yurdumuza, toponimlərimizə olan böyük məhəbbət qayğı görürük. Bu isə Sədnik Paşayevin bütün əsərlərində özünü qabarıq şəkildə büruzə verir. Və onun əsərlərini oxuyan hər bir oxucu müəlliflə yanaşı yurdumuzu qarış-qarış gəzir, içində olan Vətən məhəbbəti həmin sətirlərlə qidalanaraq böyüyür, ərsəyə gəlir.
Sədnik Paşayev dram əsərlərində uzun-uzadı remarkalara da yol vermir. O, hər bir hadisənin baş verdiyi məkanı, şəraiti elə lakonik dildəcə oxucuya çatdırır: “Bu əhvalat, İlham Pərisinin gözəlliyinin sorağı Qəzvin hökmdarı Mahmud şaha çatdı. O, sevgiyə, məhəbbətə məhəl qoymadan İlham Pərisini sarayına gətirdi. İlham Pərisi bu ağır vəziyyətdən çıxmaq yolları arayırdı. Elə bu an Mahmud şah Qəznəvi içəri daxil oldu”.
“Qzıl piyalə” iki gəncin bir-birinə olan məhəbbətindən bəhs edir. Burada Fərhad və Şirin uzun-uzadı sınaqlardan – ayrılıq yanğısından üzü ağ çıxır. Şirinin başından qızıl səpən, qızıl piyalədə şərbət süzən şah əsil məəhəbbət qarşısında acız qalır: “Şah ayağa qalxıb, İlham Pərisinin başından qızıl səpdi. Elə bu an Fərhadın səsi eşidildi. İlham Pərisi səs gələn tərəfə qaça-qaça: -odur, odur deyirdi. Şah, onun adamları İlham Pərisini tutub saxlaya bilmədi. Böyük səltənət sahibi şah İlham Pərisinin qarşısında gücsüz, cılız, miskin görünürdü”.
Piran Qoca surətinin dili ilə gənc nəslə edilən nəsihət və tövsiyyələr əsər boyunca yer alıb. Əsərin sonunda yenə də saf məhəbbətə uğur diləyən Piran Qoca, bu məhəbbəti – Fərhad kimi oğulu, Şirin kimi qızı yaradan torpağı – Vətəni alqışlayır: “Oğlum hökmdar olsa da, mən bu yurdun ağsaqqalıyam. Fərhad bizim elin ürəyidir. İlham Pərisi isə görən gözdür. Hər iki aşiq böyük sınaqlardan keçdi. İlham Pərisinin bir illik yası bu gün tamam oldu. Onu mən gözü kirpik qoruyan kimi qoruyuram. Qoy, bu gün el yasdan çıxsın, elə bu meydan da Fərhadla İlham Pərisinin toyu başlansın. Mən aşiqlərə xeyir-dua verirəm. Mahmud şah Qəzvin də onları təbrik etsin, xalqı ilə barışsın, doğma arvadının, uşaqlarının, yanına qayıtsın. Aşiqlərə övlad məhəbbəti bəsləsin. Eşq olsun. Fərhad kimi oğlu, İlham Pərisi kimi qızı olan vətənə!
“Daha tülkülük keçmir” uşaq tamaşası da məzmun etibarı ilə maraqlı və yaddaqalandır buradakı iştirakçılar uşaqların sevdiyi təbiət sakinləri – Tülkü, Hacıleylək, Anqu, Xoruz və Tuladır. Xüsusən də Şələquyruq tülkünün nəğməsi uşaqları sevindirir və güldürür:
Tülkü, tülkü, tünbəki,
Quyruğu üstə dünbəki,
Ayı axmaq,
Donuz toxmaq,
Qurd ulavaş,
Səsi bayquş.
Özündən razı tülkü şıllaq atır.
Tülkü, tülkü, tünbəki
Öz ovu var ley təki.
Lakin belə sadə, uşaq dili, uşaq psixlologiyasına yaxın olan əsərin daxilinə varanda orada dərin bir həyat fəlsəfəsinin şahidi oluruq. Uşaqlar üçün nəzərdə tutulan bu əsər həm də ona görə qiymətlidir ki, həmin həyat fəlsəfəsini azyaşlılar da aça, qavraya bilirlər.
Leylək hər il balasının birini tülküyə verir. Əlbəttə bu tülkünün bicliyi sayəsində baş tutur. Lakin leyləyə yazığı gələn Anqu ona məsləhət verir ki, o daha tülkünün hədə-qorxularına inanmasın. Leylək də onun sözü ilə balasını tülküdən qorusa da, sadəlövhlüyü ucbatından Anqunun onu öyrətdiyini tülküyə satır və bu dəfə tülkü Anqunun elə özündən intaqam almağa can atır. Burada Anqunun balası Leyləyə üzünü tutur: “Doğrudan da mərdimazar nəsliniz yer üzündən kəsilsin, leylək. Anam bir həqiqəti niyə bilməyib ki, başqasının balasına qənim olana, bir başqası qənim olmalıdır. Niyə sənin balan baladır, toyuğun balası bala deyil». Bu isə uşaqların qavraya biləcəyi həyat hadisələridir ki, müəllif çox böyük uğurla öyrətmək üsulundan istifadə edir.
Əsərin sonu yaxşının, həqiqətin qalibiyyəti ilə nəticələnsə də bir gözəl atalar sözünün, zərbi-məsəlin yaranmasına səbəb olur: «Deyəsən, dünya dəyişib, hamı ayılıb, daha tülkülük keçmir».
Əlbəttə, Sədnik Paşa Pirsultanlının nəsr yaradıcılığı bununla bitmir. Onun hələ kitabda yer almayan hekayələri, dram əsərləri və s. öz növbəsini gözləyir. Bu barədə yazıçının fikirlərini elə olduğu kimi qeyd etməyi özümə borc bildim: “İnstitut illərində, yəni 1950-1954-cü illər arasında “Elman və Tərlan” povestini, “Tərbiyənin zəfəri” romanımı yazdım. Bunları çap olunmamış əlyazması şəklində itirmişəm. “Qorxulu köç” adlı hekayəmi “Bolluq uğrunda” Göyçə rayon qəzetində, “Sonalar bulağı” hekayəmi Daşkəsən rayon qəzetində çap etdirmişəm. Bunları arxivimdə tapmadım. Mən ömür boyu şer yaradıcılığımı davam etdirmişəm. Çox sayda publisistik yazılarım, oçerk və analitik yazılarım, respublikanın çox rayon qəzetlərində çap olunub. Xalq yaradıcılığına dair örnəkləri hər bir rayonun özündə toplayıb nəşr etdirmişəm. Qazaxıstan, Orta Asiyada və Dağıstanda, eləcə də qonşu respub-likalarda məqalələrim yayınlanmışdır. Bunların çoxu-nu “Publisistika və folklor” kitabında seçmələr şəklində çap etdirmişəm. On şeir kitabım çapdan çıxıb. Bu sonuncu “Hekayələr, epik poemalar və kiçik səhnə əsərləri” kitabımı ona görə nəşr etdirdimki, bu sahədə qələmimi sınadığımı oxucular bilsin və bu çeşmənin gözündən də içib feyziyab olsunlar. Bu sahədə yaradıcı istedadımla tanış olsunlar və öz qənaətlərini yeri düşdükcə ayrı-ayrı yazılarala ortaya qoysunlar. Bütün yaradıcılığım boyu bir şair, folklorşünas kimi həmişə elm və sənət adamlarından, geniş xalq kütləsindən xoş söz eşitmişəm, fərəhlənmişəm, coşmuşam və gənclik həvəslərinə qayıtmışam”.
Mən əminəm ki, Sədnik Paşa Pirsultanlının bu nəsr kitabı da bütün kitabları kimi sizə xoş ovqat gətirəcəkdir. Elə kitabın ilk oxucusu kimi mən müəllifə cansağlığı arzulayır və ulu Tanrıdan Sədnik Paşayevə yeni-yeni əsərlərinin dünyaya gəlməsində yardımçı olmasını diləyirəm.
İRADƏ AYTEL
SƏDNİK PAŞA PİRSULTANLI NƏSRİ
(tədqiqat əsəri)
Redaktor: Sahibə PAŞAYEVA
AMEA Folklor İnstitutunun
Baş elmi işçisi
Bədii redaktor: Şəfa Vəliyeva
Dizayner-rəssam: İlhamə Novruzova
Yığılmağa verilmişdir: 25.06.2013
Çapa imzalanmışdır: 25.07.2013
Qiyməti müqavilə yolu ilə
Tiraj:200