İsmayilova günay azərbaycan Dillər Universiteti Elelktron poçt ünvanı



Yüklə 25 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü25 Kb.
#38600
  1   2   3
meqale numunesi (3)



İSMAYILOVA GÜNAY

Azərbaycan Dillər Universiteti

Elelktron poçt ünvanı

əlaqə nömrəsi(mob)

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ MÖVCUD OLAN OMONİMLƏRİN YARANMA YOLLARI
Açar sözlər:çoxmənalı sözlər, bənzətmə (metafora və metonimiya), toponimiya, evfemizm, təsadüfi səs uyğunluğu, alınma sözlər, fonetik və morfoloji dəyişikliklər

Ключевые слова: полисемия, сходство значения (метафора и метонимия), топонимия, эвфе­мизм, случайное соотношение звуков, заимствования, фонетические и морфологические изменения

Key words: polysemy, resemblance of meaning (metaphor and metonymy), toponymy, evphenism, random sound compatibility, borrowing words, phonetical and morphological changes
Dilçilikdə mürəkkəb problemlərdən biri omonimiya hesab olunur. Dildə omonimlərin möv­cud­­luğu tarixi kateqoriyadır. Omonimiya dilin leksik və qrammatik elementlərini birləş­dirərək, öz fonetik strukturuna görə dilin müəyyən inkişaf dövründə uyğunlaşan morfem, söz, söz birləşmələri və cümlələri araşdırır. Omonimiyanın öyrənilməsi həm nəzəri, həm də praktik baxımdan əhəmiy­yətlidir. Nəzəri baxımdan morfem, söz, söz birləşmələri, cümlələrin xüsusiyyətləri, məna formaları müəyyən olunur. Praktik baxımdan isə lüğətlərin tərtib olunmasına kömək edir [4, s.6].

Hər bir dilin özünəməxsus söz lüğəti vardır və bu lüğətlərin də omonim zənginliyini müşahidə edə bilərik. Eləcə də, hər bir dildəki omonimlərin öz xüsusiyyətləri mövcuddur. Beləliklə, omo­nim­lər bir dilə deyil, bütün dillərə xasdır. Digər bir mənbədə qeyd olunur ki, omonimlər bir-biri ilə əlaqəsi olmayan və məna əlaqəsini çoxdan itirmiş məfhumları ifadə edən, eyni səs tərkibinə malik sözlərə deyilir [3, s.163].



Müasir Azərbaycan dilində omonimlərin yaranması üç formada baş verir:

  1. Leksik yolla yaranan omominlər. Bu yolla yaranan omonimlərin tarixən nə zaman və necə əmələ gəldiyini müəyyənləşdirmək, lüğət tərkibində nə vaxt dəyişdiyini demək çətindir. Həmin sözlər hal-hazırda bizim gördüyümüz və işlətdiyimiz sözlərdir. Bu yolla əmələ gələn omonimlərin müasir ədəbi dilimizin lüğət tərkibinin zənginləşməsində müəyyən rolu vardır. Bu yolla omonimlər aşağıdakı hallarda meydana gəlir: 1) çoxmənalılıqdan törəmə; 2) topo­ni­miya; 3) ümumi və xüsusi isimlərin bir-birinə keçməsi; 4) bənzətmə (metafora və metoni­miya); 5) antonomaziya 6) evfemizm; 7) təsadüfi səs uyğunluğu; 8) alınma sözlər; 9) ter­minlər; 10) fonetik dəyişmə və s. [4, s.12].

Yuxarıda qeyd etdiyimiz omonimlərin yaranma yollarından bir qismini bir qədər geniş şəkildə nəzərdən keçirək:

  1. çoxmənalı sözlərdən törəyən omonimlər. Dildə çoxmənalı sözlərin bəziləri ayrı-ayrı məna­la­rından ayrılaraq inkişaf etməklə yeni omonim söz yaradır. Məsələn, “qol” sözü bir mənada in­sanın qolu, digər mənada isə imza deməkdir. Halbuki, “qol” sözü çoxmənalı söz kimi insanın qolu, hər hansı bir heyvanın qolu və s. kimi işlənib.

  2. bənzətmə (metafora və metonimiya) nəticəsində yaranan omonimlər. Elə əşya və ha­disələr var ki, onlar tərkib və formaca bir-birinə bənzəyir. Beləliklə, onlar eyni fonetik tərkibə malik olur. Bu o deməkdir ki, əvvəl mövcud olan əşyaya oxşar olaraq meydana gələn əşya əv­vəlki əşyanın adı ilə adlandırılır. Bənzətmə nəticəsində yaranan omonimlər iki qrupa bö­lünür: a) əşyaların bir-birinə bənzədilməsi; b) hadisə və proseslərin bir-birinə bənzədilməsi. Mə­sələn, qitə (yer) - qitə (şeir for­ması); basdırma (gizlətmə) – basdırma (kabab növü) [4, s.14].

  3. toponimiya yolu ilə yaranan omonimlər. Toponimlər xüsusi məfhumlarla əlaqəlidir. Bu məfhumlar da dilimizdə omonim olaraq istifadə oluna bilir. Toponimlər ümumi sözlərdən leksik-semantik, morfoloji və sintaktik üsullarla törəyir. Leksik-semantik üsul daha qədim və əsasdır. Toponomik omonimləri iki qrupa ayırmaq olar: [4, s.15].

  1. toponimlərin ümumi isimlərə keçməsi;

  2. ümumi isimlərin toponimlərə keçməsi;

  1. Antonimaziya ilə yaranan omonimlər. Xüsusi adların müəyyən mənada ümumiləş­dirilərək işlədilməsidir. Belə ki, hər hansı bir xüsusi ad müəyyən bir məna ifadə edə bilir. Bu hadisə ədəbiyyatda bir obrazın adı və xarakteri ilə bağlı olaraq yarana bilər. Məsələn, Otello (qısqanc), Hacı Qara (xəsis), Fərhad (cəsur) və s. [4, s.16].

  2. Evfemizm yolu ilə yaranan omonimlər. Əhval-ruhiyyəyə təsir edə bilən söz və ifadələrin xoşa gəlməz hadisənin təsir dərəcəsini yumşaldan və zəiflədən söz və ifadələrlə əvəz olunması nəticəsində yaranır. Məsələn, sönmək (həqiqi, keçmək) – (evfemizm, ölmək); uzunqulaq (həqiqi, heyvan) – (evfemizm, qanmaz) [4, s.17].

  1. təsadüfi səs uyğunluğu nəticəsində əmələ gələn omonimlər. Bu omonimləri üç qrupa bölmək olar: a) öz sözlərimizin təsadüfi səs uyğunluğu nəticəsində. Məsələn, çal (ağarmaq) – çal (vurmaq); soy (nəsil)- soy (qarət etmək). b) alınma sözlərin təsadüfi səs uy­ğunluğu nəticəsində. Məsələn, bürc (ərəb. qüllə) – (ərəb. ulduz qrupu); azad (fars. ağac) – (fars. sərbəst). c) alınma sözlərin və milli sözlərin təsadüfi səs uyğunluğu nəticəsində. Məsələn, al (qırmızı) – (ərəb. mövhum surət); alt (aşağı hissə) – (italyan. Alçaq səs). Bunların mənşəyi müxtəlifdir [4, s.17].

  2. alınma sözlər hesabına yaranan omonimlər. Hər bir dildə olduğu kimi, Azərbaycan dilin­də də müxtəlif dillərdən keçmə sözlər mövcuddur. Bu sözlərin bəziləri dilimizdə omonim söz kimi istifadə oluna bilir. Alınma sözlər omonim cərgənin üzvü kimi iki şəkildə iştirak edir:

  1. heç bir dəyişiklik edilmədən olduğu kimi omonimləşən;

  2. fonetik və ya morfoloji dəyişiklik edilməklə omonimləşən; [4, s.13]

Alınma sözlər əsasında formalaşan omonimlər ya hər ikisi omonim olmaqla, ya da biri alınma, digəri isə milli söz olmaqla çıxış edir. Bu halda, yuxarıda qeyd etdiyimiz kimi 1-ci fikirdəki cərgəyə xalis, digər fikirdəki cərgəyə isə qarışıq omonim cərgəsi deyilir. Məsələn, ərəb mənşəli omonim sözlər: aləm - kainat; aləm - çoxlu; aləm - çox maraqlı. Fars mənşəli: bəhrə - vergi; bəhrə - məhsul [1, s.11]

Qarışıq tipli omonim sözlər: bal – şirin maddə (azərb.); bal – rəqs gecəsi (fr.); divan – taxt (rus); divan – zülm etmə (fars); divan – külliyyat (fars) və s.



  1. Morfoloji yolla əmələ gələn omonimlər. Bu yolla yaranan omonimlər iki qrupa bölünür: kök­ləri omonim olan sözlərdən düzələn omonimlər və kökləri omonim olmayan söz­lərdən düzələn omonimlər. Kökləri omonim olan sözlərdən düzələn omonimlər həm kök­lərinə, həm də şəkilçilərinə görə bir-biri ilə omonim münasibətdə olur. Məsələn, ayna – aynalı (tüfəng) – aynalı (güzgüsü olan). Kökləri omonim olmayan düzəltmə omonimlər yalnız şəkil­çiləri vasitəsilə bir-birinə formaca tam uyğunlaşır. Məsələn, vergi (dövlət rüsumu) – vergi (istedad) [4, s.23].

  2. Sintaktik yolla əmələ gələn omonimlər. Bu yolla yaranan omonimlər əsasən yanaşma əlaqəsi əsasında omonim cərgəsi yaradır. Məsələn, aypara (bir-iki günlük ay) – aypara (qadın bəzəyi), ikibaşlı (iki başı olan) - ikibaşlı (kinayəli) və s. [4, s.24].

Müasir ingilis dilində omonim sözü “homonyms” sözü ilə ifadə olunur. “Homonyms” sözü ho­mos - oxşar (similar) və onama - ad (name) sözlərinin birləşməsindən yaranmışdır. [5, s.74] Omo­nimlər dildə yalnız çoxmənalılığın parçalanması kimi deyil, həmçinin qrammatik səviyyədə də mövcud ola bilər. Məsələn, “care” sözü həm “caru”, həm də “carian” sözdən törənmiş sözdür ki, müxtəlif mənaları verir.

Bu dildə omonimlərin yaranma yolları aşağıdakı səbəblərlə müəyyən olunur:



  1. Fonetik və morfoloji dəyişikliklərə görə. Onlar müxtəlif köklərdən bəhrələnib və müxtəlif mənalar verir. Məsələn, ear-qulaq = eare; ear-sünbül = ear [2, s.142].

  2. Çevrilməyə görə (conversion). Buna elmi ədəbiyyatda konvergensiyalar da deyilir. Belə ki, söz bir mənada isimi ifadə edirsə, digər mənada çevrilərək feili ifadə edə bilər. Məsələn, water – su, to water – sulamaq; act – hərəkət, act – hərəkət etmək və s. [2, s.142] 1-ci halda isim, 2-ci halda “to” məsdər hissəciyi əlavə olunmaqla feilə çevrilir.

  3. Alınma sözlərin milli sözlərə omonimliyi nəticəsində. Məsələn, ball (en) – ball (fr) (rəqs gecəsi) [2, s. 143].

  4. Çoxmənalılığın dağılması nəticəsində. Bir çoxmənalı söz digər çoxmənalı sözdən ayrılır və müstəqillik qazanır, çünki semantik olaraq, həmin söz öz ilkin mənasını ifadə edə bilmir. Məsələn, board – plank of wood – taxta; board – a side of ship – göyərtəsi; board – food – süfrə, board – council – şura. [2, s.142]

  5. Qısaltma nəticəsində. İngilis dilində bəzi sözlər mövcuddur ki, bu sözləri həm uzun, həm də qısa variantda istifadə etmək mümkündür. Bu sözlərdən bir çoxu isə omonim kimi iştirak edə bilir. Məsələn, the add – advertisement; exam – examination və s. [2, s.143].

Yazılanlardan belə bir nəticəyə gələ bilərik ki, hər iki dildə dilin lüğət tərkibində mühüm yer tutan omonimlərin özünəməxsus yaranma yolları mövcuddur. Həmçinin qeyd etməliyik ki, mətndən də gördüyümüz kimi, Azərbaycan dilində omonimlərin yaranma yolları geniş olduğu halda, ingilis dilində omonim sözlərin yaranma yolları bir qədər məhduddur.

Yüklə 25 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin