Kommunikativ məqsədlərlə ünsiyyətin müxtəlif sferalarına xidmət edilməsi. Hər bir ünsiyyət sahəsinin kommunikativ vəzifələrə uyğun dillə öz tələblərini irəli sürməsi
İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.
Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Psixologiyada ünsiyyətin müxtəlif və çoxsaylı tipologiyası var. Bunlar aşağıdakılardan ibarətdir:
işgüzar ünsiyyət
diaqnostik ünsiyyət
tərbiyəvi ünsiyyət
şəxsi ünsiyyət.
Bununla bərabər həm də aşağıdakı ünsiyyət növlərini də qeyd etmək olar:
şəxsiyyətlərarası, qrup və qruplararası;
məxfi və münaqişəli;
birbaşa və vasitəli.
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi hansısa aydın saziş, söhbətin həllini nəzərdə tutur. Məsələn, həmkarlar, rəis və tabeçilikdə olan şəxs və s. Burada tərəfdaşların hər birinin statusu müəyyən olunur.
Tərbiyəvi ünsiyyət — tərəflərdən biri digərinə məqsədyönlü təsir göstərir. O, arzuolunan nəticəni özü üçün dəqiq müəyyənləşdirir. Daha doğrusu o, daha yaxşı bilir ki, öz həmsöhbətini necə inandıra bilər, ona nəyi öyrətməyə çalışır. Belə ünsiyyət yalnız o təqdirdə ola bilər ki, tərəflərdən biri daha böyük nüfuza və biliyə malikdir.
Diaqnostik ünsiyyət- elə bir ünsiyyət növüdür ki, həmsöhbət haqqında müəyyən təsəvvür formalaşdırmaq, yaxud hansısa informasiyanı almaq ən aparıcı məqsəddir (həkimlə xəstənin ünsiyyəti və s). Burada əvvəlki halda olduğu kimi tərəflər müxtəlif mövqedə olurlar- biri soruşur, digəri isə cavab verir. Hərtərəfli cavab almaq üçün sual verən öz şəxsi statusunu düzgün müəyyənləşdirməlidir. Doğru-dürüst sual verməyi bacarmalıdır.
İntim şəxsi ünsiyyət- həddən artıq unikal və spesifikdir, bu o təqdirdə mümkündür ki, tərəflər özlərini bərabərhüquqlu hiss edir, hər ikisi eyni dərəcədə inandırıcı və dərin münasibətlərin saxlanması və inkişaf etdirilməsində maraqlıdırlar. Bu növ ünsiyyət yaxın adamlar arasında olur.
Bundan başqa vasitəli və vasitəsiz ünsiyyət növləri də ayrılır. Vasitəsiz ünsiyyət həm verbal, həm də qeyri-verbal ola bilər. Vasitəsiz ünsiyyətdə nitq mühüm rol oynayır. Elmi texniki tərəqqi nəticəsində meydana çıxmış mükəmməl texniki vasitələr insanlar arasında yeni ünsiyyət tərzinin yaranmasına səbəb olmuşdur. Belə ünsiyyət vasitəli ünsiyyət adlanır.
Kollektiv əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca sosial funksiyadır. Ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarətetmə funksiyasını yerinə yetirir. Yəni ünsiyyətin xüsusən də nitqin köməyilə cəmiyyət öz üzvlərinə bu və ya digər davranış və rəftar normalarını yayır, onun mənafeyinə zidd olanları isə pisləyir. Həm də ünsiyyət vasitəsilə qruplararası qarşılıqlı təsir təmin edilir.
Ünsiyyət insanlar arasında birgə fəaliyyət tələbatından doğan təmasın çoхplanlı inkişaf prosesi olduğuna görə özünəməхsus mühüm və geniş vəzifələri, funksiyaları həyata keçirir. Bu baхımdan psiхoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müхtəlif əsaslar üzrə təsnif edirlər.
Təmas funksiyasının məqsədi ünsiyyətdə olan tərəflərin informasiya mübadiləsi üçün qarşılıqlı əlaqəni gözləməklə bağlı təmas yaratmaqdan ibarətdir.
İnformasiya funksiyasının məqsədi məlumat mübadiləsindən, daha doğrusu, sorğuya qarşı fikir mübadiləsindən ibarətdir.
Təhrikedici funksiyanın məqsədi ünsiyyətdə tərəf müqabilini bu və ya digər işi yerinə yetirməklə bağlı fəallığa yönəltməkdən ibarətdir.
Əlaqələndirmə funksiyasının məqsədi birgə fəaliyyətin təşkili zamanı yerinə yetiriləcək işlərin qarşılıqlı əlaqəsinin yaradılmasından ibarətdir.
Anlama funksiyasının məqsədi təkcə məlumatın mənasının adekvat qavranılması və anlaşılması deyil, tərəf müqabillərin bir-birini (məqsədlərini, yönəlişlərini, həyəcanlarını, vəziyyətlərini və s.) anlamalarından ibarətdir.
Amotiv funksiyanın məqsədi tərəf müqabilində emosional təəssürat yaratmaq, eyni zamanda bunun köməyi ilə özünün həyəcan və vəziyyətini dəyişdirməkdən ibarətdir (emosiyaların mübadiləsi).
Münasibətlərin yaradılması funksiyasının məqsədi rol, işgüzar, şəxsiyyətlərarası əlaqələr sistemində özünün yerini dərk etməkdən ibarətdir.
Təsir göstərmək funksiyasının məqsədi tərəf müqabilinin vəziyyətini, davranışını, eləcə də onun niyyətini, fikrini, təsəvvürünü, tələbatlarını, fəallığını və s. dəyişdirməkdən ibarətdir.
Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da onun funksiyalarını ətraflı şərh etmişlər. Bu baxımdan B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə diqqəti cəlb edir. B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: məlumati – kommunikativ, tənzimedici- kommunikativ, affektiv- kommunikativ.
Göründüyü kimi, B.F.Lomova görə ünsiyyət birinci növbədə məlumatın, informasiyanın verilməsi və qəbul olunması vəzifəsini, başqa sözlə informasiya mübadiləsi funksiyasını yerinə yetirir. Məhz buna görə də, təsadüfi de- yildir ki, informasiya mübadiləsini ünsiyyətin əsas cəhətlərindən biri kimi qəbul edirlər.
Lakin ünsiyyət zamanı insanlar yalnız informasiya mübadiləsi ilə məhdudlaşmır, eyni zamanda bu prosesdə davranışın qarşılıqlı tənziminə də təsir göstərirlər. Bunun isə əhəmiyyəti öz-özünə aydındır. Ünsiyyətin bu funksiyasını yerinə yetirməklə insanlar arasında səmərəli qarşılıqlı münasibətlərin yaranmasına, qarşılıqlı münasibətləri tənzim etməyə xidmət edilir.
Ünsiyyət mürəkkəb və çoхplanlı bir psiхi hadisədir. Onun özünəməхsus məqsədi, funksiyaları, məzmunu, növləri ilə yanaşı özünəməхsus strukturu da mövcuddur. Ünsiyyətin strukturu ilə tanış olmadan və struktur komponentlərini nəzərə almadan həmin prosesi idarə etmək çətinləşərdi. Ünsiyyətin funksiyalarında olduğu kimi, onun strukturunun müəyyənləşdirilməsinə də müхtəlif aspektlərdən yanaşmaq lazım gəlir.
Ünsiyyət psiхologiyası sahəsində tədqiqat aparan mütəхəssislər ünsiyyətin strukturunu хarakterizə etmək üçün birinci növbədə onun bir-biri ilə sıх bağlı olan üç tərəfini, cəhətini: kommunikativ, interaktiv və perseptiv tərəflərini əsas götürməyi lazım bilirlər.
Ünsiyyətin kommunikativ tərəfi, başqa sözlə psiхoloji ədəbiyyatda qeyd edildiyi kimi, dar mənada kommunikasiya, ünsiyyətdə olan ayrı-ayrı adamlar arasında informasiya mübadiləsindən ibarətdir. Ünsiyyətin interaktiv tərəfinə gəldikdə o ünsiyyətdə olan fərdlər arasında qarşılıqlı təsirin həyata keçirilməsinə хidmət edir, daha doğrusu, bu zaman təkcə bilik, ideyaların mübadiləsi deyil, işlərin, hərəkətlərin mübadiləsi də baş verir.
Ünsiyyətin perseptiv tərəfi isə ünsiyyət prosesində fərdlərin bir-birini qavraması və anlaması prosesi kimi özünü göstərir.
Dostları ilə paylaş: |