Mannanın adı və ilk hökmdarı Udakinin adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843-cu ildə III salmanasar kitabəsində çəkilir



Yüklə 36,6 Kb.
tarix20.12.2022
ölçüsü36,6 Kb.
#76559
növüYazı
manna c. musa


Mannanın adı və ilk hökmdarı Udakinin adı mixi yazılı mənbələrdə ilk dəfə e.ə. 843-cu ildə III Salmanasar kitabəsində çəkilir. Adətən assurlar Mannanı "Manneylər ölkəsi", Mannaş, urartulular isə Manna ölkəsi adlandırırdılar.
S. Qaşqay qeyd edir ki, Manna adı mənşəcə yerli ad idi. Ehtimal edilir ki, bu ad əvvəlcə Urmiyayanı tayfalardan birinə məxsus olmuş, sonralar mannalılar ərazi və tayfaları birləşdirdikdən sonra bu ad butun dovlətə şamil edilmişdir.
III Salmanasarın hakimiyyətinin XVI ilindəki (e.ə. 843) yürüşü təsvir edilərkən məlumat verilirdi ki, car Daxili Zamuada məskənləri tuta-tuta Munna ölkəsinə çatmışdılar. Lakin səlnamədə Manna dövlətinə yürüşdən və ya bac alınmasından heçnə bəhs edilmir. Mümkündür ki, assurlar ya Mannanı istila edə bilməmiş, ya da yalnız Mannanın sərhəddinə kimi irəliləmiş və daha sonra yolunu dəyişərək qonşu Allarabia ölkəsi üzərinə yerimişlər.
E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir. III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır: "Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım"
S. Qaşqay qeyd edir ki, mənbələrin məlumatlarına əsasən, Manna dövlətinin möhkəmlənməsini və tarixi coğrafiyası müəyyən dərəcədə izləmək mümkün olmuşdur. Atçılıq və dəvəçiliklə məşğul olan, qaramal və davar saxlayan cəngavər tayfanın (və ya tayfaların) yaşadığı Mes/s/i (Misi, Misu) ölkəsinin böyük əhəmiyyəti var idi. Messinin adı Zamua, Maday, Gizilbunda və Parsua ilə bir çəkilir. Daha sonrakı qaynaqlardan məlum olur ki, bu vilayət Mannanın cənub qurtaracağında idi və Manna sonralar onu işğal edib öz ərazisinə qatmışdı. Lakin Messi hökmdarları onda da özlərini müstəqil aparmağa cəhd etmişlər. Messi vilayətinin boyun əyməyən əhalisinin gizləndiyi dağ qalası Mesunun adını II Aşşurnasirapal e. ə. IX əsrin 80-ci illərində çəkir. Bu ölkəyə sonra III Salmanasar, V Şamşi-Adad, II Adadnerari yürüşlər etmişdilər. Assurların verdiyi məlumata görə, bu vilayətin ərazisi olduqca geniş idi. Manna hökmdarı Ullusunu dövründə Missi əyaləti artıq Mannaya birləşdirilmişdi. Onun sərhədində Sirdakka (Zirdiakka) qalası inşa edilmişdi. Q. A. Melikişvili belə hesab edir ki, Taştəpədəki Urartu kitabəsində adı çəkilən bu Menua tərəfindən işğal edilmiş Meişta şəhəri Missi ərazisində yerləşmişdir və belə güman edir ki, onun əhalisi etnik cəhətdən mannalılarla qohum olmuşdur.
Urmiya gölü hövzəsində Allabria çarlığının böyük əhəmiyyəti vardı. Allabrianın adı ilk dəfə IX əsrin ortalarında çəkilir. III Salmanasar Allabrianın qala şəhəri Şurdirranı və orada olan var-dövləti ələ keçirməsi haqqında məlumat verir. Hökmdar Yanziburiaş dövründə Allabria cəmiyyəti haqqında müəyyən fikir söyləməyə imkan verən maraqlı məlumat vardır. Assuriya Allabrianı sonralar özünə tabe etmişdi, hərçənd məlum olduğuna görə, II Sarqon zamanında mannalı Ullusunu ölkənin hökmdarı İttini dilə tutub "Urartuya xidmət etməyə" razı salmış və İtti onun fitvası ilə Assuriyaya qarşı üsyan qaldırmışdı. Lakin Assuriya əleyhinə koalisiya darmadağın edilmiş, çar İtti isə öz ailəsi ilə birlikdə Suriyadakı Amatiya şəhərinə sürgün edilmişdi. Allabria hökmdarı Belapaliddina dövründə onlar Assuriyaya bac verirdilər. Sonralar çar Ahşeri zamanında və ya hətta bir az əvvəl assurlar tərəfindən istila edilmişdi.
Mannanın şərq sərhədlərində "dağlıq diyar" adlanan Gizilbunda vilayəti yerləşirdi. Artıq e. ə. IX əsrin son rübündə assurlar bu ölkədə olmuşdular. Gizilbunda hökmdarları arasında birlik yox idi. Ölkənin ayrı-ayrı rayonlarının hökmdarları bac verərək V Şamşi-Adadı (e. ə. 823–810) rəhmə gətirməyə çalışdıqları halda, çar Pirişati müqavimət göstərməkdə davam edirdi. Assuriya hökmdarı bunun üstündə ölkəni dağıdıb viran qoydu. O, ətraf məskənlərin əhalisinin daldalandığı "möhkəmləndirilmiş şəhər" Uraşı işğal etdi, "şəhərin küçələrini onun döyüşçülərinin qanına boyadı… 6000 döyüşçünü qırdı, çar Pirişatini 1200 döyüşçüsü ilə birlikdə diri-diri tutdu. Əsirlər apardı, onların əmlakını, var-dövlətini, qaramalını, davarını, atlarını, gümüşdən, saf qızıldan və tuncdan qayrılmış saysız-hesabsız əşyalarını qarət etdi. Dağıtdı, viran qoydu, od vurub yandırdı…". III Adadnerarinin (e. ə. 805–782) kitabələrindən birində onun başqa ölkələrlə bərabər "Gizilbundanı ta hüdudlarınadək" istina etdiyi haqqında məlumat verildiyinə baxmayaraq Gizilbunda öz suverenliyini qoruyub saxlımışdı, hətta II Sarqon, gizilbundalıları "öz güclərinə güvənən, başının üstündə hökmranlıq tanımayan" adamlar adlandırır. Gizilbundanın ayrı-ayrı hökmdarları bac versələr də, assurlar onları tam itaət altına ala bilməmişdilər.
Zikertu əyaləti müasir Miyanə – Ərdəbil şəhərləri rayonu ilə lokalizə edilir. O, mənbələrdə artıq Mannadan asılı ərazi kimi xatırlanır. II Sarqonun verdiyi məlumata görə Zikertunun başında mannalıların canişini dayanırdı. Bu canişin çox güman ki, Mannadan asılı olan və Manna tərəfindən təsdiqlənən Zikertunun öz hakimi olmuşdur. Zikertu əyalətinin özünün Parda "hökmdar şəhəri" var idi. Zikertunun adını antik mənbələrdə xatırlanan saqartilərin adı ilə eyniləşdirirlər. Zikertu ola bilər ki, həqiqətən də həmin dövrdə İran tayfaları ilə məskunlaşmışdı. Mixi yazılı mənbələrdə 100–200 il əvvəl adları çəkilən qonşu əyalətlərlə müqayisədə bu əyalətin adı çox-çox sonralar çəkilir. II Sarqon öz hakimiyyətinin 3, 6 və 8-ci illərində (yəni e. ə. 719, 716 və 715-ci illərdə) Manna hökmdarı Azaya qarşı çıxmış Zikertuya hərbi yürüşlər edir. O, ətraf yaşayış məskənləri ilə birlikdə üç möhkəmləndirilmiş şəhəri ələ keçirməsi və paytaxt Pardanı qarət etməsi haqqında məlumat verir. Görünür Zikertu əyaləti Mannaya yenidən II Sarqonun e. ə. 714-cü ildə 8-ci yürüşü zamanı tabe edilmişdir. II Sarqon həmin yürüş zamanı Zikertuya dağıdıcı zərbə endirmiş, onun 13 şəhərini, 84 ətraf yaşayış məntəqələri ilə birlikdə müdafiə divarlı 12 möhkəmləndirilmiş məntəqəsini qarət etmişdi.
Mannanın şərq sərhədlərində ən uzaq əyalət Qızılüzən çayı hövzəsinin aşağı və orta hissəsində yerləşən Andiya əyaləti idi. Andiyanın ilk dəfə adı qoşunları Andiyaya gedib çıxmış və andiyalılardan xərac alan III Salmanasarın hakimiyyətinin sonlarına aid olan kitabələrdə çəkilir. III Adadnerari işğal etdiyi ölkələr arasında "Günəşin batdığı böyük dənizə"dək uzanan Andiyanın da adını qeyd edir. Bu dəniz Xəzər dənizi hesab olunur. Manna dövləti görünür özünün ən qüdrətli dövründə Andiyanı aşşurlulardan geri almış və onu özünün təsir dairəsinə daxil etmişdir. Hökmdar Azanın və Ullusunun dövründə andiyalılar digər əyalətlərlə birlikdə öz müstəqilliklərini qaytarmaq məqsədilə mannalılara qarşı çıxdılar. Mənbələrdə Andiyanın hakimi Telusinanın adı çəkilir. Hürricə hesab edilən bu ada, və Hürri-Urartu şəkilçisi vasitəsilə düzəldilmiş Andiya əyalətinin öz adına görə Andiya əhalisini hürridilli etnik qruplara aid edirlər.
Yazılı mənbələrdə Urmiyayanı hövzə ərazisindən e. ə. III minilliyin ikinci yarısından bəhs olunur. Göstərilən əraziyə aid ən qədim etnik ad kuti adıdır. Mənbələrdə ilk dəfə yad edildikləri dövrdə əsas məşğuliyyətləri maldarlıq olan kutilərdə artıq tayfa ittifaqı təşəkkül tapmışdı. İ. H. Əliyev kuti dilini Qafqaz-hürri dil qrupuna, aid edir. İ. M. Dyakonov belə hesab edir ki, kuti dili, "hardasa müəyyən dərəcədə, bütün Zaqroş əyalətinə yayılmış elam dilləri qrupuna yaxın" ola bilərdi. Digər tərəfdən o, kuti dilinin mürəkkəb fonetik tərkibə malik olan hürri dili ilə yaxınlığı imkanını da güman edir. Sonrakı dövrün araşdırmaları onu Şərqi Qafqaz dilləri ailəsinə aid etmişdir. Q. A. Melikişvili kuti dilini "zaqroş-elam" qrupuna aid edir. Akad. M. İsmayılov, Prof. Q. Qeybullayev, Prof. F. Cəlilov və başqaları kutiləri türkdilli hesab edirlər.
Urmiya gölündən cənub-şərqdə yerləşən əyalətlər haqqıpda məlumat verən e. ə. III minilliyin sonlarına aid Akkad mənbələrində lullubum (Lullupum, Luilume, Lullu) tayfasının adı çəkilir. Q. A. Melikişvili lullubu və elam dillərinin qohumluğu iddia etmişdir. O, öz növbəsində "zaqroş-elam qrupu" dillərini müasir Qafqaz dilləinə yaxın hesab edir, lakin Q. Qeybullayev lulubi etnonim, teonim və toponimlərini tədqiq edərək onların türk dilli ola biləcəkləri ehtimalını irəli sürmüşdür.
Urmiyayanı hövzə əhalisinin etnik cəhətdən formalaşmasında e. ə. III minilliyin sonlarından məlum olan hürrilər mühüm rol oynamışlar. Onlar Mesopotamiyanın şimalından və Suriyadan tutmuş Urmiya gölünədək Ön Asiyanın geniş bir ərazisində yayılmışdılar. Həmin ərazidə, habelə Zaqafqaziyanın və Şimal-Qərbi İranın xeyli hissəsində yayılmış Kür-Araz mədəniyyətini hurrilərin səpələnmələri ilə əlaqələndirirlər. Hürri dilində müxtəlif dövrlərə aid bizə xeyli miqdarda yazılı abidələr gəlib çatmışdır. Son illərdə aparılmış linqvistik tədqiqatlar nəticəsində hürri və ona yaxın olan Urartu dilinin Şimali Qafqaz dillərinın şərq qoluna mənsub olduğunu sübut edən yeni dəlillər əldə edilmişdir.
E. ə. I minilliyin əvvəllərində Urmiya gölündən cənubdakı ərazi Zamua adı ilə tanınmağa başladı. Bu ad lullubi tayfalarından birinə mənsub yerli ad hesab edilir. Sonralar həmin ərazi hissələrində mannalılar yüksəldi. Bu ad altında şübhəsiz ki, ayrı-ayrı qohum tayfalar birləşir. Lakin, xeyli sonralar da, hətta Manna dövləti özünün yüksəliş dövrünə çatdıqda da bu ərazi "Lullubu" adını saxlamışdı. O, arxaik forma kimi Aşşur hökmdarlarının orakullara müraciətində və ya sinonim kimi özlərinin Urmiyayanı əyalətlərə hərbi yürüşlərini yüksək üslubda təsvir etdikdə işlədilirdi.
R. M. Böhmer Manna əhalisini hürri hesab edir. O, Manna dövlətinə aiddiyyatı olan Aşşur və Urartu mətnlərində qeyd edilən şəxs adlarının və coğrafi adların tam siyahısını göstərir. Bu adları təhlil edərək o, belə nəticəyə gəlir ki, onların əksəriyyəti hürrilərə, bəziləri kassilərə, ancaq bir neçəsi isə irandillilərə aiddir.
Q. A. Melikişvili hesab edir ki, şərqə doğru xeyli uzaqlara irəliləmiş hürri ünsürləri Dağlıq Zaqroşda adacıqlar şəklində Zaqroş-Elam dil qrupuna mənsub əhali arasında mövcud idilər. Lakin Manna dövlətinə hürri təsirini hürri etimologiyasının seçildiyi bəzi şəxs adlarına və toponimik adlara görə izləmək mümkündür.
Mannada çoxluq təşkil edən tayfa olan mannalılar ilə bərabər, digər tayfalar, məsələn, sunbilər, taurlalılar, dalilər də vardı. Lakin etnik konsolidasiya nişanələri artıq nəzərə çarpmaqda idi. Məsələn, Manna çarı nəinki Urartu çarının istila etdiyi torpaqları geri almaq qayğısına qalır, həm də "…pərən-pərən salınmış mannalıların öz yerinə qaytarılmasına" çalışırdı.
1957–1958-ci illərdə Həsənlitəpədə aşkar edilmiş sümük materiallarının, eləcə də O. Steynin 1936-cı ildə burada qazdığı materialların tədqiqi yerli sakinlərin əsasən uzunbaşlı, Aralıq dənizi tipli olduğunu göstərir. T. A. Ratbun belə nəticəyə gəlir ki, uzun bir dövr ərzində burada əhalinin fiziki tipi yekcins və sabit olmuş, həm də müxtəlif mədəniyyətlər dövrünün nümayəndələri arasında elə bir fərqlənmə əlaməti müşahidə edilməmişdir. R. Dayson da bu tipin e. ə. I minilliyin əvvəllərində Həsənlitəpədə, Göytəpədə və s. yayılanlarla uyğun gəldiyini göstərir. O, qeyd edir ki, yalnız e. ə. IX–VIII əsrlərdə Təpə Sialkda, həmçinin Xəzər dənizi sahilində I Şahtəpədə qısabaşlı, hətta lap qısabaşlı fərdlər görünməyə başlayır.
E. ə. VIII əsrin sonlarına aid Aşşur yazılı mənbələrindən aşşurların "gimirrai" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur; onların, ardınca isə tezliklə mənbələr (e. ə. VII əsrin əvvəli) skiflərin asguzai/isguzai adını çəkir. Herodotun məlumatına görə, kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə "Qafqaz dağlarını sağda qoyub" Xəzər dənizinin qərb sahili boyunca hərəkət etmişlər. Kimmerlərin və skiflərin Qafqazdan keçərək Cənubi Rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y. İ. Krupnov öz tədqiqat işində bu tayfaların hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Meotida Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, Mamison keçidi ilə hərbi Osetin yolu və Dərbənd keçidindən istifadə edərək hərəkət etmişlər. Aşşur hökmdarları da Urartu və Manna hökmdarları kimi kimmer və skiflərdən öz məqsədləri üçün istifadə etməyə səy göstərirdilər; lakin mənbələrin göstərdiyi kimi daha çox düşmənçilik münasibətində olmuşlar. Qimirra ölkəsi Van hökmdarlığından şimali-qərbdə, Kappadokiyanın şərq hissəsində lokalizə edilir. B. B. Piotrovski e. ə. VIII əsrin sonunda kimmerlərin dağıdıcı təsirini və onların urartulular əleyhinə daim hərbi fəaliyyət göstərdiklərini qeyd edir. Onlar Frikiya hökmdarlığını darmadağın edərək İoniya şəhərlərini viran qoyub Aşşur sərhədlərıni təhdid etdilər.
S. Qaşqay qeyd edir ki, Manna ərazisinin etnik xarakteristikasını vermək üçün İrandilli tayfaların İran yaylasına soxulması dövrünü və onların gəlmə yolları məsələsini aydınlaşdırmaq lazımdır. Bu məsələ barədə dünya tarixşünaslığında müxtəlif mülahizələr mövcuddur. Tədqiqatçıların bir qismi bu tayfaların Orta Asiyadan çıxmalarını, digərləri isə Qafqazdan keçərək gəldiklərini söyləyirlər. Lakin bütün tarixçilər İrandillilərin sözü gedən ərazidə aborigen olmadıqlarını birmənalı şəkildə qəbul edirlər.
E.ə.IX əsrin ortalarından ta Midiya dövlətiın təşəkkülünə kimi Urmiyayanı hövzədə əsas siyasi qüvvə Urmiyayanı hövzənin yerli əhalisini birləşdirən, köçəri tayfaların basqınlarının qarşısını alan və onlardan öz marağı üçün istifadə edən, bəzən də onlarla ittifaqda öz rəqiblərinə güclü zərbələr vuran Manna dövləti idi. Bu ərazidə sonradan Midiya dövləti qurulduqdan sonra və hətta XX əsrin əvvəllərinə qədər bu ərazilərdə İran ünsürü və İran dilləri əhəmiyyətli rol oynamamışdır.
Şəxs adlarının və toponimlərin təhlili Manna dövləti əhalisinin (mannaların) türk mənşəli olduğunu sübut edib. Prof. Qiyasəddin Qeybullayev əsərlərində Manna etnonim, toponim və şəxs adlarının mənalarını açaraq izah edə bilib. İqor Dyakonov Manna dövlətinin Diyala çayının yuxarı axarınadək Cənub əyalətlərinin əhalisini kutilər və lulubilərinDiyala və Kərxa çaylarının yuxarı axarındakı əhalini isə kassilərin varisləri hesab edir.
Assuriya qaynaqlarında Urmiyaboyu ərazisinin Cənub hissəsi uzun müddət Zamua adı altında tanınır. İlk dəfə onun adı II Adadnerari (e. ə. 911–891) yazılarında[102] zəbt etdiyi dövlətlər sırasında çəkilir. Artıq e. ə. IX əsrin əvvəlində burada bütün Zamuanı, yaxud hər halda onun xeyli hissəsini əhatə edən birləşmə əmələ gəlir, onun başında Daqara vilayətinin tayfa başçısı Nur-Adad dururdu. Daqara vilayətn şimal-şərq və şərq ölkələrinin bir növ qapısı idi, buna görə də assurlar onu işğal etməyə xüsusi maraq göstərirdilər. E.ə. 881-ci ildə Zamua üzərinə yeriyən II Aşşurnasirapal (e. ə. 883–859) məlumat verir ki, zamualılar istilaçıların yolunu kəsmək üçün Babit aşırımında (indiki Dərbəndi Bazian) müdafiə divarı hörmüşlər. Lakin onlar basqının qabağını ala bilməmişlər və II Aşşurnasirapal Daqara "ölkəsinin" Birutu, Uze və Laqalaqa qalalarını ətraf məskənlərlə birlikdə işğal etmiş, çoxlu qənimət ələ keçirmiş və əsirlər tutub aparmışdı. Assurların Daqaraya tərəfdar olan qonşu vilayətlərə hücum edib, Bara, Bunasi və Larbusa şəhərlərini tutmasından istifadə edərək, Nur-Adad öz mövqelərini möhkəmləndirir. Lakin assurlar yenidən qalib gəlir və bu dəfə Birutu qalasını yandırırlar.
E.ə. 880-ci ildə Zamua əhalisi yenidən yürüş edən II Aşşurnasirapalın qoşunları ilə mübarizə aparırlar. Bu zaman Zamuanın başında artıq Ameka dururdu. Qaynaqlar onu "çar" adlandırır və paytaxtın – Zamri şəhəri olmağı haqqında məlumat verir. Ameka istilaçılara inadlı müqavimət göstərirdi, lakin məğlubiyyət qarşısında paytaxtı "çar şəhəri" Zamrini tərk edib qoşunla birlikdə Etini dağlarına çəkildi. II Aşşurnasirapal təqibi davam etdirərək ölkəni viran qoydusa da çarın özünü ələ keçirə bilmədi. Kitabədən bəlli olur ki, Ameka imkan tapıb Sabua dağında yerini möhkəmlətmişdi. Gorünür, Amekanın ərazisi kifayət qədər geniş idi. Etini və Sabua dağları bir-birindən uzaqda yerləşirdi, çünki Aşşurnasirapal Lallu və Edir çaylarından, Su və Elaniu dağlarından keçməli olmuşdu. Assurlar nəticə etibarilə Amekanı ram edə bilmədilər. Kitabədə Zamuanın paytaxtı Zamrinin, Arazitku, Ammaru, Parsindu, İritu, Suritu qalalarının 150 ətraf məskənlə birlikdə tutulmasından danışılırsa da, Ameka üzərində qəti qələbə çalındığı haqqında məlumat verilmir. Əhali Aziru və Simaki dağlarına çəkilir, Mesu şəhərində yerini möhkəmlədir.
İstehkamlarla möhkəmləndirilmiş Ammali şəhərinin başında duran Araştua assurlara qarşı Ameka ilə birgə çıxış edir. Kitabədə verilən məlumata görə, adları çəkilən şəhər-qalalardan başqa, daha bir neçə şəhər-qala da işğal olunmuşdu. Bunlar sabininin idarə etdiyi Kisirtu şəhəri və onu əhatə edən on məskən, habelə Kirtiaranın idarə etdiyi bareanlıların şəhərləri idi. Ehtimal ki, onlar da Araştuaya tabe idilər, çünki kitabədə bu şəhərlərin qarət edildiyi bildirildikdən sonra deyilir ki, Aşşurnasirapal Araştuanın şəhərlərindən çıxıb getmişdir.Lakin, görünür, Araştua özü ondan xeyli güclü olan Amekadan asılı idi; assurlar yalnız Amekanı "çar" adlandırırdılar. Amekanın çar şəhərlərində ələ keçirilmiş qənimət başqa şəhərlərdə ələ keçirilən qənimətə nisbətən daha zəngin və daha rəngarəng idi. Assurlar dəfələrlə məlumat verirlər ki, Zamridə "onun (Amekanın) əmlakıvə mülkiyyəti", çoxlu "mis əşya, vaza, qab-qacaq, mis cam, məcmeyi, qızıl suyuna çəkilmiş sini, onun sarayının sərvətləri, onun topladığı xəzinə" ələ keçirilmişdir.
Ameka çarlığında şəhər-qalalardan əlavə, "çar" şəhəri Zamri olması, ələ keçirilmiş qənimətin təsvirindən və siyahısından görünən yüksək dərəcədə inkişaf etmiş peşəkar sənətlər göstərir ki, Zamua vilayətlərində sinfi cəmiyyət və ilkin dövlət quruluşu əmələ gəlmişdir. II Aşşurnasirapal Zamua zonasında uzun müddət qaldığına görə burada düşərgə salır və Zamua ərazisinin ayrı-ayrı şəhərlərinə vaxtaşırı basqınlar edir. Assurlar Zamuanın zəbt olunmuş hissəsində əyalət yaradır və daimi nəzarət üçün Dur-Aşşur qalasını tikirlər. Onlar ölkənin bu hissəsini sonralar Zamua və ya Mazamua adlandırırlar.Vilayətin qalan hissəsinə isə Daxili Zamua deyilirdi (Zamua sa bitani).
Nikdiaranın adı yenidən V Şamşi-Adadın (e. ə. 823–810-cu illər) kitabəsində Mekdiara formasında çəkilir. Kitabədə Mekdiaranın oğlu Şarsinaya qarşı mübarizədən bəhs olunur. V Şamşi-Adad e. ə. 821–820-ci illərdə apardığı hərbi yürüşlər zamanı Şarsinanın 300 yaşayış məskənini ələ keçirir. E. ə. IX əsrdə Urmiyayanı rayonunun qərbində mühüm bir siyasi qurum çar II Tukulti-Ninurtanın (e. ə. 890–894-cü il) səlnamələrində adı ilk dəfə çəkilən Gilzan dövləti idi.
Aşşurnasirapalın Zamuaya qarşı yürüş etdiyi zaman Gilzan Xubuşkiya və Hartiş "ölkələri" ilə birlikdə assurlara bac verərək qarətlərin, dağıntının, kütləvi qırğının qarşısını almışlar130. Assuriya hökmdarlarının Gilzan üzərinə çox tez-tez yürüş etmələri bu ölkənin assurlar üçün necə böyük əhəmiyyətə malik olduğunu göstərir. Ölkəni çarlar idarə edirdilər. Burada e. ə. IX əsrin birinci yarısında və ortalarında Asu, sonra isə Upu hökmdar idi. Uzun müddət hökmranlıq etmiş Asu e. ə. 856-cı ildə III Salmanasarın pişvazına "öz qardaşları və oğulları ilə birlikdə" çıxır. Bu, sübut edir ki, Asu artıq tayfa başçısı deyil, suveren irsi hökmdardır. III Salmanasarın Gilzandakı məbədə zəfər sütunu stelasını qoymağına baxmayaraq assurlar elə bu dəfənin özündə də ölkəni qarət etməmiş, bac olaraq davar, qara-mal, at, ikihürgüclü dəvələr, şərab və s. almaqla kifayətlənmişdilər.
IX əsrin axırlarında güclənmiş Urartu dövləti Gilzanı işğal edib öz ərazisinə qatdı. Yuxarıda adı çəkilən qurumlar hələ Aşşur təcavüzünə qarşı dura bilmirdi; məğlubiyyətə uğrayır və ondan asılı vəziyyətə düşürdü. Lakin, onların aşşurlulara qarşı mübarizədə müvəffəqiyyət qazanmaları da mümkün idi — Aşşur mənbələri rəqiblərin qələbələri haqqında heç vaxt məlumat vermir. Bəzi əyalətlərin birgə çıxışları, onların uzunmüddətli müdafiələri e. ə. I minilliyin əvvəllərində Urmiyanı əyalət ərazilərinin birliyini və müstəqil hərbi siyasi mövcudluqları imkanını təmin edən iqtisadi səviyyənin artıq xeyli möhkəm olduğunu göstərir.
Həsənlitəpədən qazıntılar zamanı tapılmış əşyaların tipoloji müqayisəsi, həmçinin radio-karbon təhlil qədim qalada binaların əksəriyyətinin təqribən e. ə. 1000-ci ildə tikildiyini göstərir. Həsənluda aşkar edilmiş şəhər mixi yazılı mənbələrdə adı çəkilən şəhərlərdən hələ heç biri ilə eyniləşdirilmir. Lakin qazıntılar həmin dövrdə göstərilən ərazidə yüksək tikinti texnikasına və sənətkarlıq istehsalına malik olan möhtəşəm şəhər-qalanın mövcudluğunu — bu ərazinin mədəni-iqtisadi cəhətdən xeyli inkişaf etdiyini söyləməyə imkan verir. Arxeoloji tapıntıların, mixi yazılı mənbələrin məlumatları ilə müqayisəsi Urmiyayanı əyalətlərdə erkən dövlət qurumlarının hələ çox əvvəllər təşəkkül tapdığını göstərir.
E.ə. I minilliyin əvvəllərindən yazılı mənbələrin də təsdiq etdiyi kimi indiki Güney Azərbaycan ərazisində mərkəzləşmiş dövlət yaranması prosesi başlayır. Mixi yazılı mənbələrdən bizə müxtəlif tayfaların adları, daha güclü qonşularından asılı vəziyyətə düşüb tədricən qaynayıb – qarışan çoxlu xırda birliklər məlumdur. E.ə. IX əsrdən bu ərazidə Manna hökmdarlığı fərqlənməyə başlayır. Sonralar bu dövlət Güney Azərbaycanın bütün ərazilərini öz tərkibində birləşdirdi, Assuriya və Urartunun işğalçılıq yürüşlərinə qarşı fəal mübarizə apardı.
Bütün bu dəyişikliklər e.ə. I minilliyin əvvəllərindən bu əraziyə sonrakı yüzilliklərdə əhəmiyyətli rol oynamağa başlamış müxtəlif etnik qrupların – İrandillilərin daxil olması ilə əlaqədar idi. Lakin bu hadisələrdən xeyli əvvəl, e.ə. I minilliyin əvvəllərində Urmiyayanı Zaqroş zonasında müxtəlif birləşmələr yaranması burada ilk iri siyasi birləşmənin – Manna dövlətinin meydana gəlməsi üçün zəmin hazırlayır. Manna dövləti Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş dövlət hesab edilir.
Manna dövləti qədim ənənələri olan bir ərazidə, qədim tarixin çox böyük bir kəsiyində iqtisadi və mədəni cəhətdən öndə gedən bir ərazidə meydana gəlmişdi. Manna e.ə. III – II minilliklərdə bu regionda mövcud olmuş Kuti, Lulubi və kassilərin bilavasitə varisi idi.
III Salmanasarın hökmranlığının on altıncı ilindəki (e. ə. 843-cü il) yürüş təsvir edilərkən məlumat verilirdi ki, çar Daxili Zamuada məskənləri tuta-tuta Manna ölkəsinə çatmışdır. Lakin salnamələrdə Mannanın qarət və işğal edilməsindən, yaxud ondan bac alınmasından bir kəlmə də danışılmır. Görünür, assurlar ya Mannanı istila edə bilməmişdilər, ya da bu ölkənin yalnız sərhədlərinə gedib çatmış, sonra dönüb qonşu Allabrianın üzərinə yerimişdilər. E. ə. 829-cu ilin salnamələrində Mannanın adı darmadağın edilmiş ölkələrin adları sırasında çəkilir.
III Salnamasar artıq qocalmışdı və Assuriya qoşunlarına bu dəfə sərkərdə Dayan-Aşşur başçılıq edirdi. Assuriya kitabəsində yazılmışdır:



Mən mannalı Udakinin məskənlərinə yaxınlaşdım. Mannalı Udaki mənim silahımın parıltısından dəhşətə gəlib, canını qurtarmaq üçün öz çar şəhəri Zirtanı tərk etdi. Mən onun dalınca düşdüm. Saysız-hesabsız qaramalını, qoyunlarını, mülkiyyətini apardım. Şəhərlərini viran qoydum, dağıtdım, od vurub yandırdım.



Məğlubiyyətə baxmayaraq Manna təslim olmadı, baç vermədi. Assurlar ancaq qənimət ələ keçirməklə kifayətləndilər. III Salmanasarın dövründən başlayaraq mixi yazılı mənbələrdə ardıcıl olaraq Manna hökmdarlarının adı və onların paytaxtı Zirta şəhərinin (sonralar bu şəhər İzirtu adı ilə qeyd olunur) adı çəkilir.
Hökmdar Udakidən sonra e.ə. 737-ci il yüruşləri ilə əlaqədar III Tiqlatpalasarın və II Sarqonun e.ə. 718-ci ilə aid kitabələrində Manna hökmdarı İranzunun adı çəkilir.[ Manna özünün ən parlaq çiçəklənmə dövrünə, görünür hökmdar İranzunun sələfləri və onun öz hakimiyyətinin əvvəllərində çatır. İranzunun sələflərinin adları bizə məlum deyildir, belə ki, həmin dövrdə Manna ilə daha çox toqquşan Urartu hökmdarı öz kitabələrində Manna hökmdarlarının adlarını çəkmirlər. Onlar ümumiyyətlə nadir hallarda öz rəqiblərinin adlarını çəkirlər. Lakin həmin dövrdə Mannanın Urartu əleyhinə hücuma keçməsi faktının özü Mannanın gücləndiyini göstərir. Buna Aşşurun Mannada hərbi əməliyyatlar aparmaması da şərait yaradırdı. Aşşur hökmdarı III Tiqlatpalasar artıq Aşşuru xeyli dərəcədə narahat edən madaylarla mübarizə ilə məşğul idi. III Tiqlatpalasarın e.ə. 744 və e.ə. 737-ci illərdə madaylar əleyhinə apardığı hərbi yürüş marşrutlarının İ.M.Dyakonov tərəfindən aparılmış təhlili göstərir ki, bu yürüşlərin yolları Mannanın şərq sərhədləri boyunca keçmiş, lakin onun ərazisinə toxunmamışdır.
Bu Mannanın bir hərbi qüvvə kimi varlığını, eləcə də onun Aşşur ilə dostluq münasibətlərini göstərir. III Tiqlatpalasar həmin dövrdə Urartu ilə də mübarizə aparırdı və bu mübarizədə sonuncunun zəifləməsi nəticəsində Mannanın vəziyyəti yüngülləşdi. Manna dövlətinin böyüklüyü barədə biz II Sarqonun nəzarətindən azad olmağa çalışan asılı əyalətlər və onun tabeçiliyində qalan əyalətlər haqqındakı müfəssəl məlumatına əsasən təsəvvür yarada bilərik. Urartu görünür öz qüvvələri ilə Manna ilə bacara bilməmişdir və ona görə də Mannaya tabe olub müstəqilliyə cəhd göstərən əyalətlər arasında özünə dayaq axtarmışdır. Naxçıvan və Manna ərazilərində aşkar edilmiş arxeoloji materiallarda izlənilən sıx mədəni əlaqələr belə deməyə imkan verir ki, görünür müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir.[129] İranzunun hakimiyyətinin sonunda Manna hökmdarının mövqeyi bir qədər zəifləyir. Zikertu əyaləti ilə birlikdə Şuandaxul və Durdukka şəhərləri də onun əleyhinə çıxır. II Sarqonun köməkliyilə onlar yenidən Mannaya tabe edildilər.
Assur çarı III Tiqlatpalasarın hakimiyyətə gəlməsi Ön Asiyada siyasi vəziyyəti dəyişdirdi. Onun inzibati və hərbi islahatları Assuriya dövlətini möhkəmləndirdi,ordusunu dövlətin işğalçılıq alətinə çevirdi. O, Assuriyanın beynəlxalq nüfuzunu qaldırmaq üçün ənənəvi hərbi yürüşlərə yenidən başladı. E.ə. 743-cü ildə assurların Urartu qoşunlarına ağır zərbə endirməsi ilə Urartu çarlarının Manna üzərinə yürüşləri kəsildi. Sonrakı illərdə Urartu torpaqlarında onlara vurulan yeni zərbələr urartuların bəzi Manna vilayətlərinə göz dikməsinə son qoydu.
Manna hökmdarlarının əl-qolu açıldı. Dövlətin çiçəklənmə çağı başlandı. Manna hökmdarı İranzu yaranmış vəziyyətdən bacarıqla istifadə etdi. O, Assuriyanın Urartunu üstələdiyi bir zamanda assur çarı ilə yaxınlıq yaratdı. Bundan istifadə edib, Urartunun tutduğu Manna vilayətlərini geri aldı. Manna hərbi-iqtisadi vəziyyətinə görə artıq Urartudan çox geri qalmırdı. Tiqlatpalasar e.ə. 737-ci ildə Midiya yürüşü zamanı Mannanın yalnız güney dağlıq hüdudlarından keçmiş, Cağatu düzü və Qızılüzən çayı vadisindəki Manna torpaqlarına enməmişdi. Qaynaqlarda Tiqlatpalasarın işğal etdiyi ölkələr içərisində Mannanın adı çəkilmir. Görünür, Assuriya Urartu ilə savaşda daha bir güclü düşmən qazanmaq istəmirdi. Əksinə, Assuriya ilə Manna Urartuya qarşı birgə mübarizədə təbii müttəfiq sayılırdılar. II Sarqonun yazılarında Tiqlatpalasarın İranzu ilə şəxsi görüşünə işarə edilməsi də bunu göstərir.
İranzunun vaxtında Güney Azərbaycanın demək olar ki, bütün torpaqları onun hakimiyyəti altında idi. Ucqar bölgələr: Karall, Allabria, Andia, Zikertu Mannadan asılı olub, onun canişinləri sayılırdı. İranzu Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe edib, ölkədə canişinlik sistemi yaratdı. Onun vaxtında Mannanın quzey hüdudları Araz çayına, güneydə Parsua və Midiya hüdudlarına çatırdı. Urmiya gölünün günbatarında yerləşən Gilzan vilayəti də Mannaya qatılmışdı. Beləliklə, Manna gələcək Atropatena dövləti hüdudlarında yerləşə bilmiş, qədim Şərqin dörd qüdrətli dövlətindən biri olmuşdu.
İranzunun zamanında Manna dövlətinin güclənməsi bəzi asılı ucqarları narazı salırdı. Onlar Mannadan ayrılmağa çalışırdılar. Mannanın xarici siyasəti ilə bağlı ikitirəlik yaranmışdı. Assuriya ilə yaxınlıq siyasətini müdafiə edən vilayətlər çoxluqda idi. Bu siyasi yönüm Mannanın bütövlüyünü qoruyur, Urartunun Urmiya gölü bölgəsində işğalçılıq istəklərini boşa çıxarırdı. Bu qüvvələrin başında İranzu özü dururdu. O, Assuriyanın hərbi-siyasi qüdrətinə üstünlük verir, onunla müttəfiq münasibətlərini qoruyub saxlıyırdı. Andia, Zikertu, Uişdiş kimi bölgələr isə Urartunun fitnəsinə uyur, onun təhriki ilə birləşməyə çalışırılar. Bu canişinliklərin ayrılma meyilləri Mannanın bütövlüyünü parçalaya bilərdi.
Urartu çarı I Rusa Zikertu canişini Metattini İranzuya qarşı qaldıra bildi. E.ə.719-cu ildən Mannanın Şuandahul və Durdukka şəhərləri Metattinin piyada və atlılarının köməyinə arxalanıb üsyan etdilər. Assur çarı II Sarqon Manna ilə ittifaqı pozmadı. O, İranzunun xahişi ilə işə qarışdı və hakimiyyətinin son illərində zəifləmiş Manna hökmdarının köməyinə qoşun göndərdi. İranzu üsyanı yatıraraq, həmin şəhərləri yenidən özünə tabe edə bildi. Qədim ittifaq ənənəsinə uyğun olaraq, bu şəhərlərin əhalisi tərpənən mülkiyyəti ilə Assuriyaya göndərildi. Bundan başqa, Urartu çarı ilə müqavilə bağlanan Sukka, Bala və Abitikna şəhərlərinin əhalisi Suriyaya köçürüldü.
Manna əhalisinin dini baxışları haqqında yazılı mənbələrin məlumatı son dərəcə məhduddur, bu qaynaqlarda Urmiya gölü hövzəsinin qədim sakinlərinin sitayiş etdikləri tanrıların adı çəkilmir, məbədlərin adı göstərilmir. Əldə olan bir neçə məlumat belə güman etməyə əsas verir ki, mannalıların şəhərlərində ayrı-ayrı məbədlər varmış və bu məbədlərdə tanrıların heykəlləri qoyulubmuş. II Aşşurnasirapal Zamuada alınan qəniməti sadalayanda zamualı Amekanın paytaxtı Zamridə ələ keçirilən bütlərdən də xəbər verir. II Sarqon deyir ki, mannalılar çar Ullusunu ilə birlikdə Aşşura və öz tanrılarına təşəkkür duası oxumuşlar: "Onlar mənim səltənətimə Aşşurun və yaşadıqları ölkənin tanrılarının hüzurunda xeyir-dua vermişlər".
Arxeoloqlar Həsənlitəpədə qazıntı zamanı aşkara çıxarılmış məskənin binalarından birini məbəd hesab edirlər; bu binanın ortasında kərpic meydança vardı, güman ki, gətirilən qurbanları burada yandırırlarmış. Divarlardan birinin dibində pilləkanlı səki aşkar edilmişdir; səkiyə üçayaqlı dəmir çıraq qoyulmuşdu.
Yerli əhalinin dini görüşləri haqqında maddi mədəniyyət abidələri daha çox məlumat verir. Dəfn adətləri, keramika və metal məmulatının, silindrik möhürlərin və digər əşyaların üzərindəki təsvirlər əhalinin mənəvi həyatının xüsusiyyətlərini əks etdirir.
Həsənlitəpədən tapılmış qızıl camın yuxarı registrindəki təsvirlər tanrılara sitayişi və qurbanlar verilməsini xüsusilə parlaq şəkildə nümayiş etdirir.[ Qatırlar və öküz qoşulmuş üç döyüş arabasını ətəyi uzun, qolu qısa olan saçaqlı paltar geymiş allahlar sürürlər. Onların saçları bellərinə çatır. Tanrılara tərəf iki fiqur gəlir, ehtimal ki, kahinlərdir – biri qədəhdən şərab tökmək mərasimini icra edir, digəri ibadət edirmiş kimi əllərini qabağında tutmuşdur. İki xidmətçi onların ardınca qurbanlıq qoyunlar gətirir. Onlar da tanrılar və kahinlər kimi geyinmişlər, lakin saçları çiyinlərinədək kəsilmişdir.
Bu təsvir kompleksi allahlara şərab nəziri vermək mərasiminin icrasından, havaların məhsul üçün əlverişli olması naminə yalvarış və qurbanlar kəsilməsindən bəhs edən məhsuldarlıq mifləri ilə əlaqələndirilir. Camın üzərində təsvir edilmiş tanrıların baş geyimində qanadlara və buynuzlara bənzər şeylər vardır. Həsənlitəpədə minalı divar üzərində buynuzlu tanrının başının relyefli təsviri aşkar edilmişdir. Qanadların olması bu ərazidə geniş yayılmış hurri ənənəsi sayılır.
Qızıl camın üzərində təsvir edilmiş, öküz qoşulu döyüş arabasını sürən ilk tanrını tufan, hərb tanrısı ilə eyniləşdirmək olar ki, onun da atributu öküzdür. Bu tanrı aşşurluların tanrısı Adada, urartuluların tanrısı Teyşebaya, hurrilərin tanrısı Teşşəba (Teşuba) uyğundur. Qatırlar qoşulmuş döyüş arabalarının sürücüləri Mesopotamiya tanrıları olan Günəş tanrısı Şamaş və Ay ilahəsi Sin ilə tutuşdurulur.Mesopotamiya təsvirlərindən göründüyü kimi, bu tanrılar tez-tez Adad tanrısını müşayiət edirlər. Bunlar üçü birlikdə təbiətin xeyirxah qüvvələrinin təcəssümü olan tanrılar üçlüyünü təşkil edirlər. Adətən mifik rəvayətlərdə xeyirxah qüvvələr şər qüvvələrlə qarşılaşdırılır və şər qüvvələrlə daim mübarizə aparılır.
Manna dövlətinin adı çəkilən mixi yazılı mənbələrdə göstərilir ki, o, e. ə. 616-cı ildə Aşşurun Babillə son müharibəsinədək Aşşurun müttəfiqi olaraq qalmaqda idi. "Gedd salnaməsi" məlumat verir ki, Aşşuru ağır məğlubiyyətə uğradan Babil hökmdarı Nabopalasar (e. ə. 605-ci ildə ölmüşdür) aşşur əyanlarını və onlara köməyə gələn mannalıları əsir alır. Gedd salnaməsində bu haqqda deyilir:



Nabu-apal-usurun (Nabopalasar) 10-cu ilində, ayar ayında o, Akkadın qoşununu yığdı və Purattu çayının kənarı ilə getdi; Suxeylilər və Xindanlılar onunla döyüşə girişməyib öz vergilərini onun qabağına qoydular. Ab ayında onlar xəbər verdilər ki, Assuriya qoşunları Kablindədir; Nabu-apal-usur onlara qarşı qalxıb, ab ayının 12-də Assuriya qoşunu ilə döyüş etdi, Assuriyanın qoşununu qırdı, Assuriyaya böyük zərbə vurdu, çoxlu qənimət apardı. Onların köməyinə gələn Manna və Assuriya əyanları zəbt edildilər. Həmin vaxt o Kablin şəhərini zəbt etdi. (Şimal ərazilərinə yürüşlər haqqında). 12-ci ilin ab ayında [....] əmri ilə Madaylı Ninəvaya qarşı [....] tələsib, Ninəva vilayətinin Tarbis şəhərini onlar zəbt etdilər [....]. O, şəhəri dağıtdı, böyük adamlara qüvvətli zərbə vurdu, onun qənimətini zəbt etdi, əsir apardı. Madaylının köməyinə gələn Akkad çarı və onun qoşunu döyüşə çatmadılar, Aşşur dağıdılmışdı]. Akkadın çarı və U[mak]iştar şəhər yaxınlığında bir-biri ilə görüĢdülər, dostluq və ittifaq (müqaviləsi) bağladılar. [Umakiş]tar və onun qoşunu öz ölkəsinə qayıtdı, Akkad çarı və onun qoşunu öz ölkəsinə qayıtdı. .... ..14-cü ildə Akkad çarı Öz qoşununu yığdı [....]. Ummanmandanın çarı Umakiştar Akkad çarının qarşısına [....], bir-biri ilə görüşdülər Akkad çarı [....] və Umakiştar [....] Radan çayından keçdilər və Dəclə çayının sahili ilə getdilər [....] Ninəvanın əleyhinə [....] siman ayından ab ayına kimi 3 döyüş [....] şəhərə güclü zərbə vurdular.



Aşşuru qəti olaraq tamamilə məğlubiyyətə uğradan madaylar Yaxın Şərqdə rəqabətsiz bir qüdrətli dövlətin əsasını qoydular. Onlar Manna dövlətini çox güman ki, e. ə. 615–610-cu illər arasında özlərinə tabe etmişlər.[168][169] Lakin hələ bir müddət Midiyadan asılı bir dövlət kimi də olsa Manna öz müstəqilliyini saxlamışdı. Mannanın adı çəkilən sonuncu yazılı mənbə Bibliyadırİeremiya kitabında Urartu dövləti, Manna və skiflər e. ə. 593-cü ildə madaylarla birlikdə Babil əleyhinə çıxışa çağrılırlar.
Yüklə 36,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin