Mədəniyyət və sivilizasiya



Yüklə 33,34 Kb.
səhifə1/3
tarix30.12.2021
ölçüsü33,34 Kb.
#49257
  1   2   3
Fəlsəfə.Sərbəst iş


Mədəniyyət və sivilizasiya

Mədəniyyət sözü latınca: cultura sözündən olub torpağın becərilməsi, tərbiyə, inkişaf mənasında başa düşülmüşdür. İlk dövrlərdə mədəniyyət insanın təbiətə məqsədəuyğun təsiri, torpağın əkilib becərilməsi, yəni yaxşı məhsul almaqdan ötrü onun dəyişdirilməsi kimi anlaşılmışdır.

İntihab dövrünün filosofları mədəniyyətə ideal, universal şəxsiyyətin formalaşması vasitəsi, hərtərəfli təhsil, tərbiyə almağa, elmə və incəsənətə təsir etməyə, dövlətin möhkəmləndirilməsinə kömək etməyə qadir bir qüvvə kim baxırdılar. Onlar eyni zamanda barbarlıqdan fərqlənən müəyyən ictimai quruluş kimi sivilizasiya problemini də irəli sürürdülər.

XIX əsrdə mədəniyyətin təkamül inkişafı nəzəriyyəsi yarandı. Bu kulturoloji konsepsiyanın tanınmış nümayəndələridən biri ingilis etnoqrafı və tarixçisi E.B.Taylor (1832– 1917) olmuşdur. Taylorun anlamında mədəniyyət yalnız mənəvi mədəniyyətdir: bilik, incəsənət, etiqad, hüquqi və əxlaqi normalar və s.– dir. Taylor qeyd edirdi ki, mədəniyyətdə təkcə ümumbəşəri yox, həm də ayrı– ayrı xalqlar üçün spesifik olan dəyərlər də vardır. Mədəniyyətin inkişafında təkcə onun daxili təkamülünü deyil, həm də tarixi təsirin və tarixi mənimsənilmənin əhəmiyyətini də Taylor qeyd etmişdi. O göstərirdi ki, mədəni inkişaf düz xətlə gedə bilməz. Lakin təkamülçü kimi O, bütün və əsas diqqətini bəşəriyyətin mədəni inkişafının vəhdətdə olmasını sübut etməyə vermişdir. Bununla yanaşı, o, tənəzzül imkanlarını, geriyə hərəkəti, mədəni deqradasiyanı da inkar etmirdi. Maraqlıdır ki, tənəzzül və tərəqqi münasibətlərini təhlil edərkən O, tərəqqinin qələbəsinə şübhə etmədiyini bəyan edirdi.

Taylorun vahid xətt təkamül nəzəriyyəsi XIX əsrin sonunda həm yenikantçılar və M.Veber tərəfindən, həm də «Həyat fəlsəfəsinin nümayəndələri, O.Şpenqler, A.Toynbi tərəfindən tənqid edilmişdir.

Yeni kantçı Rikkert, məsələn, təklif edir ki, mədəniyyətə dəyərlər sistemi kimi baxılsın. O, aşağıdakı dəyərləri sadalayır: həqiqət, gözəllik, ilahi müqəddəslik, mənəviyyat, xoşbəxtlik, xüsusi müqəddəslik. Dəyərlər xüsusi aləmi, xüsusi fəaliyyət növü yaradır ki, burada insanın dünyanı mənəvi mənimsəməsinin bəzi cəhətləri görünür. Vindelband qeyd edir ki, mədəniyyət insanın dünyanı anlaması və dərk etməsindən asılı olaraq dəyərlər dünyası– məsuliyyəti hiss etmək dünyasıdır. Dəyərlər şüurdadır, onların gerçəklikdəki təcəssümü hər cür rifahın yaradılması deməkdir.

«Həyat fəlsəfəsi»nin nümayəndələri də yeni kantçılar kimi, tə­biətlə tarixi kəskin şəkildə fərqləndirirlər. Şpenqlərə görə, tarix ayrı– ayrı qapalı mədəniyyətlərin bir– birini əvəz etməsidir. Bu zaman vahid tarixi prosesin mövcudluğu istisna edilir. Bütün mədəniyyət ayrıca götürülmüş insanın yaş dövrlərini: uşaqlıq. Yeniyetməlik, gənc­lik və qocalıq dövrlərini keçirir. Tale mədəniyyəti doğumdan ölümə qədər olan yolu keçməyə məcbur edir. Şpenqlərə görə, tale elə anlayışdır ki, onu izah etmək qeyri– mümkündür, onu yalnız hiss etmək olar. Tale mədəniyyəti istiqamətləndirir, onun konkret məzmunu isə xalqın ruhu ilə müəyyən olunur. Ruh özünün bütün imkan­larını– xalqlar, dillər, etiqadlar, incəsənət, dövlət, elm və s. vasitəsilə gerçəkliyə çevirdikdən sonra mədəniyyət ölür. Şpenqlərə görə, mədəniyyət– xalqın ruhunun xarici təzahürüdür. Sivilizasiya dedikdə O, hər bir mədəniyyətin mövcudluğunun son mərhələsini başa düşür. Böyük şəhərlərdə adamlar çoxaldıqca texnika inkişaf edir, in­cəsənət deqradasiyaya uğrayır, xalq «simasız kütləyə» çevrilir. Şpenqlər belə hesab edir ki, sivilizasiya mənəvi tənəzzül epoxasıdır.

Hazırda çoxsaylı kulturoloji konsepsiyalar yaranmış və yayıl­mışdır. Bunlar K.Levi– Strossun antropologiyası, neofreydistlərin, ekz­istensialist­lərin, ingilis yazıçısı Ç.Snounun və başqalarının konsepsiyalarıdır. Bir sıra kulturoloji konsepsiyalar sübut edir ki, vahid mədəniyyətin yaranması qeyri– mümkündür. Onlar Qərb və Şərq mədəniyyətinin əksliyini göstərərək mədəniyyət və sivilizasiyanın texnoloji determinasiyasını əsaslandırırlar.

Bəs, əslində mədəniyyət nədir? Çoxsaylı tədqiqatçıların bu fikri ilə razılaşmaq lazımdır ki, mədəniyyət sırf sosial hadisə olub, insanların həyat fəaliyyəti ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, cəmiyyətdə mədəni və sosiallığın birliyi yalnız onun aşağı pilləsində mövcud olmuşdur. Əmək bölgüsündən sonra, yəni əkinçiliklə maldarlıq, sənətkarlıqla əkinçilik, ticarətlə əkinçilik, maldarlıqla sənətkarlıq ayrıldıqdan sonra sosial problemlər müstəqil inkişaf yoluna başlayır. Doğrudur, mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı əlaqədə baş verir. Lakin bütün hallarda mədəniyyət spesifik cəhətlərə malik olur, yəni özündə ümumbəşəri dəyərləri cəmləşdirir. Bu zaman mədəni yaradıcılıq tarixi yaradıcılıqla üst– üstə düşmür. Bunu başa düşməkdən ötrü maddi və mənəvi mədəniyyətləri bir– birindən fərqləndirmək lazımdır. Maddi mədəniyyət– insan əməyi və zəkası ilə yaradılmış maddi sərvətlərin məcmusudur; istehsal vasitələri, əmək cismi ictimai varlığın maddi əsaslarıdır. Maddi mədəniyyət insanın təbii gerçəkliyi mənimsəməsinin göstəricisidir. Yaşayış vasitələri– binalar, paltar, memarlıq nümunələri, körpülər, kanallar, meşə zolaqları, bitki və heyvan növləri və s. buraya daxildir. Mənəvi mədəniyyətə isə, hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin istehsal prosesinə tətbiqi səviyyəsi, təhsillilik və maarif, tərbiyə, incəsənət, tibbi xidmət, cəmiyyət üzvlərinin mənəviyyatı və davranış normaları, adətlər, ənənələr, adamların təlabatı və mənafelərin inkişaf səviyyəsi və s. daxildir.

Qeyd etmək lazımdır ki, mənəvi mədəniyyəti mənəvi istehsalla eyniləşdirmək olmaz. Mənəvi istehsal– ideyaların, normaların, dəyərlərin məcmusudur. Mənəvi mədəniyyət daha geniş anlayış olub, mənəvi istehsalı da özünə daxil edir. Deməli, mədəniyyət maddi və mənəvi dəyərlərin məcmusudur. Konkret olaraq mədəniyyətə belə bir tərif vermək olar. Mədəniyyət– cəmiyyətin bütün tarixi boyu əldə etdiyi maddi və mənəvi sərvətlərin məcmusudur, həmçinin onların yaradılması qabiliyyəti və bəşəriyyətin tərəqqisi üçün onlardan istifadə etmək və onları nəsildən– nəsilə vermək bacarığıdır. Mədəniyyət insanın sirli– sehirli dünyasıdır. Onun özünü dərk etməsi və şəxsiyyətin mövcudluq üsuludur.

«Sivilizasiya» latınca civilis sözündəndir, «vətəndaşlıq», «dövləti» mənalarını verir, cəmiyyətdə əldə edilmiş maddi və mənəvi nailiyyətləri, cəmiyyətin inkişafı ilə bağlı uğurları bildirir. Təsadüfi deyildir ki, bir sıra tədqiqatçılar cəmiyyətin ümumdünya tarixi inkişaf prosesini bildirmək üçün «sivilizasiya» anlayışını işlətmişlər. «Ailənin, xüsusi mülkiyyətin və dövləti mənşəyi» adlı əsərində F.Engels Morqanla birlikdə bəşər tarixinin vəhşilik, barbarlıq və sivilizasiya dövrlərindən ibarət olduğunu qeyd etmişdir.

Ümumiyyətlə, son dövrlərdə sivilizasiya problemi ön plana çıxmışdır. Bununda bir sıra səbəbləri vardır. Birincisi, müasir dünyada elmi– texniki inqilabın genişlənməsi Qərbin və Şərqin bütün ölkələrində istehsal texniki vasitələrinin və üsullarının inkişafına kömək etmişdir. İkincisi, keçmiş SSRİ– də sosializm quruculuğuna yeni baxış, kapitalist inkişafına istiqamət götürülməsi iki əsas Şərq– Qərb sivilizasiyası haqqında mübahisənin güclənməsinə səbəb olmuşdur. Belə bir dilemma yarandı: Bəşər sivilizasiyası birdir, yoxsa bir neçədir? Bəşəri inkişafın yolları içərisində formasyon, yaxud sivilizasiya arasında fərq vardır. Bu fərqi hələ İ.Kant göstərmişdir. Kanta görə, insan öz həyatı və davranış qaydalarını müəyyənləşdirdikdən sonra sivilizasiya başlanır. Sivilizasiyalı adam heç vaxt başqasına pislik etməyən adamdır. O, mədəni və nəzakətlidir, diqqətli və mehribandır. Kant mədəniyyəti mənəvi qəti imperativ ilə əlaqələndirir. Qəti imperativ praktiki qüvvəyə malikdir və əqlə uyğun olaraq insan əməlini hamı tərəfindən qəbul edilmiş normalara uyğun məcraya istiqamətləndirir.

Sivilizasiya dedikdə, bir tərəfdən, cəmiyyətin və mədəniyyətin inkişaf səviyyəsi, digər tərəfdən isə mədəni dəyərlərin (maddi və mənəvi) mənimsənilməsi səviyyəsi nəzərdə tutulur ki, bu da bütün ictimai həyatı və onun spesifikasını göstərir. Şübhəsiz, müəyyən sivilizasiyadan söhbət gedərkən, sivilizasiya ən çox mədəniyyətlə eyniləşdirilir. E.Taylor öz tədqiqatlarında belə də yazmışdır: «Mədəniyyət və yaxud sivilizasiya». Lakin O, eyni zamanda bəzi fərqləri də göstərə bilmişdir. Sivilizasiyanın ikinci əlaməti– mədəniyyətin mənimsənilməsi üsulu– ədəbiyyatda çox az işlənmişdir. Praktika sübut edir ki, bu əlamət olduqca vacibdir. Çünki bəşər tarixi bir daha göstərir ki, mədəniyyətin mənimsənilməsi üsulu necədirsə, sivilizasiya da elədir. Məsələn, təsadüfi deyildir ki, biz Qərb və Şərq sivilizasiyasını bir– birindən fərqləndiririk.


Yüklə 33,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin