Heydər Əliyev və milli-mənəvi dəyərlərin inkişaf dialektikası Mamed m
Məmməd Rzayev Fəlsəfə elmləri doktoru, professor Naxçıvan Dövlət Universiteti mamedrazi@mail.ru Heydər Əliyev və milli-mənəvi dəyərlərin inkişaf dialektikası Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin inkişafı və zənginləşməsində, eləcə də milli şüurun yüksəlişində xalqımızın ümummilli lideri Heydər Əliyevin istər yaxın keçmişimiz olan sovet dövrü, istərsə də xalqın istəyi ilə onun ikinci dəfə hakimiyyətə qayıdışı dövründə misilsiz xidmətləri olmuşdur. Heydər Əliyev siyasi fəaliyyətin mənasını yalnız və yalnız Azərbaycanın tərəqqisini təmin etməkdə, Azərbaycan xalqının mədəni, mənəvi və intellektual yüksəlişinə nail olmaqda görürdü. Müasir Azərbaycan cəmiyyəti üçün zəruri və mühüm amillərdən biri insanlarda milli şüurun tərbiyəsi və bu tərbiyə prosesində milli-mənəvi dəyərlərdən düzgün istifadə olunması məsələsidir. Bu məsələlərin həllinə isə yalnız sosial ədalət prinsipinin hökm sürdüyü demokratik cəmiyyətdə nail olunmasının mümkünlüyü heç kimdə şübhə doğura bilməz. Yeni türk şerinin banisi Məmməd Əmin Yurdoğlu demişdir: Sizdə nə zəman öz şəxsi mənliyini unudub öz bədənləri özlərinə mənsub olmayan insanlar yetişərsə, o zaman qara günümüz ağ olacaq, düşdüyünüz yerdən qalxacaqsınız. Belə bir insan, kamil şəxsiyyət Heydər Əliyev oldu. Siyasi fəaliyyətinin bütün dövrlərində sosial ədalət prinsipinə sadiq qalan Heydər Əliyev bu prinsipin reallaşması yollarını göstərmiş, onun realizə olunmasının obyektiv və subyektiv amillərinə xüsusi diqqət yetirmişdir. Bu baxımdan elm, mədəniyyət və incəsənət məsələləri Heydər Əliyev siyasətində xüsusi əhəmiyyət kəsb etmişdir. Eyni zamanda sosial ədalət prinsiplərinin və mənəvi tərbiyə məsələlərinin aliliyinin təmin olunmasına çalışan Heydər Əliyev birinci növbədə cəmiyyətin tərəqqisinin vacibliyini vurğulayır, ictimai elmlərin, mədəniyyət və incəsənətin imkanlarından səmərəli istifadə olunmasının zəruriliyini təsdiqləyirdi.
Milli-mənəvi dəyərlərin inkişafına səbəb-nəticə prinsipindən yanaşan Ümummilli lider cəmiyyət üzvləri arasında əxlaqi dəyərlərin, milli şüurun, milli qürur hissinin formalaşması və inkişaf etməsi ilə bağlı zərurətin yaranmasını obyektiv reallıq kimi qəbul edirdi. Deməli, milli-mənəvi dəyərlərin inkişafına əsas faktor kimi real həyat və həyatdan irəli gələn tələblər çıxış edir. Məhz Heydər Əliyevin siyasi fəaliyyətində də milli mənəvi dəyərlərin inkişafı milli şüurun yüksəlişi baxımından və onunla bağlı məsələlər suveren Azərbaycanda gedən bu günkü proseslər baxımından mühüm əhəmiyyət kəsb edirdi.
Heydər Əliyev deyirdi: «Bizim vətəndaşlıq borcumuz milli-mənəvi dəyərlərimizə, doğma torpağımıza, doğma ana dilimizə böyük və zəngin tariximizə, millətimizə sadiq olmaqdan ibarətdir». Müasir dövr mənəvi dəyərlərin milli və ümumbəşəri prizmadan qiymətləndirilməsi dövrüdür. Keçmiş sistemin mənəvi dəyərlərinin, mənəvi və ideoloji prinsiplərinin bir çoxundan yeni cəmiyyət imtina edir. Lakin hansısa dəyərlərdən, prinsiplərdən imtina etmək mənəvi sferada boşluq yaratmamalıdır. Çünki nə təbiət, nə də cəmiyyət boşluğu sevmir. Bu məsələnin həllinə Heydər Əliyev kamil bir dialektik kimi yanaşırdı. O, bir tərəfdən keçmişdə milli-mənəvi sferanın zəif inkişaf etmiş sahələrinə xüsusi əhəmiyyət verir, digər tərəfdən insanların tərbiyəsinin sağlamlaşdırılması, onların mədəni səviyyəsinin yüksəldilməsində milli-mənəvi dəyərlərdən daha çox, daha səmərəli istifadə olunmasının vacibliyini müntəzəm olaraq vurğulayırdı. Bununla əlaqədar olaraq, o, keçmiş SSRİ dövründə «millətçi damğası» altında yasaq edilmiş milli-mənəvi dəyərlərə, adət-ənənələrə qayıdışın zəruriliyini və onlardan faydalanmağın əhəmiyyətini xüsusi olaraq qeyd edirdi. Milli-mənəvi dəyərlərin inkişafının təmin olunmasında mənəvi dəyərlər sisteminə daxil olan elementlərin bəzilərinin xüsusi yeri, rolu və funksiyaları vardır. Bu baxımdan Heydər Əliyev Azərbaycan dilinin cəmiyyət həyatında oynadığı rolu xüsusi vurğulayaraq, ona ümumxalq səsverməsi-referendum yolu ilə yenidən dövlət dili statusu verilməsinə nail olmuşdur. Dövlət dilinin inkişafı isə xalqımızın, cəmiyyətimizin və bütövlükdə milli-mənəvi dəyərlərimizin inkişafı deməkdir. Ona görə də milli mənəvi dəyər kimi dilin özünün inkişafı və zənginləşməsi üçün Azərbaycan dilinin imkanlarından daha dolğun şəkildə istifadə edilməsinə xüsusi diqqət yetirilməlidir. Biz onu da unutmamalıyıq ki, dil şüurun, düşüncə tərzinin inkişafında xüsusi rol oynayır. Bu gün Azərbaycan xalqının milli şüurunun inkişafı ümumilli liderimiz Heydər Əliyev tərəfindən ən mühüm nəzəri və ideoloji məsələ kimi irəli sürülmüşdür. Bu məsələnin həllində isə Azərbaycan dilinin mühüm rol oynaması danılmazdır. Heydər Əliyev qeyd edirdi ki, «Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik. Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqının dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur». Keçid dövründə milli-mənəvi dəyərlərin inkişafı bu və ya digər şəkildə mövcud ziddiyyətləri aradan qaldırmağı bacarmaqdan-keçmişin mənfi elementlərdən azad olunması və yeni, mütərəqqi prinsiplərin təsdiq edilməsindən asılıdır. Bu baxımdan tarixi «ağ ləkələrdən» azad etmək, saxtalaşdırılmış tarixi hadisələrə, tarixi keçmişə obyektiv qiymət vermək, unudulmuş mənəvi dəyərlər və tarixi hadisələri Azərbaycanın bu gününə və gələcəyinə xidmət etməyə yönəltmək əsas vəzifələrdən biridir. Bununla əlaqədar olaraq, Heydər Əliyev Azərbaycan xalqının ermənilər tərəfindən təcavüzə məruz qalmış tarix, mədəniyyət və incəsənət incilərinin xalqın özünə qaytarılması məsələsinin vacibliyini bir neçə rəsmi sənəddə, xüsusən «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli fərmanında bəyan etmişdir. Milli-mənəvi dəyərlərin inkişafından danışarkən, əvvəllər onların inkişafına mane olan sədləri aradan götürməyi də unutmamalıyıq. Mənəvi dəyərlərin yenidən millətə qaytarılmasının mənası ondan ibarətdir ki, həmin dəyərlər Azərbaycan xalqının bu gün və gələcəkdə həll etməli olduğu böyük vəzifələrə xidmət etsinlər, xalqın mənəviyyatına müsbət təsir göstərsinlər və mənəvi həyatı bir sistem kimi daha da zənginləşdirsinlər. Deməli mənəvi dəyərlərin inkişafı daim mənəvi sferanın zənginləşməsi ilə müşahidə olunmalıdır. Bu gün Avropa ölkələrində «Ümumdünya insan hüquqları bəyannaməsi», eləcə də insan hüquqları və azadlıqları barədə müxtəlif paktlar, xartiyalar, konvensiyalar qəbul edilirsə də hüquqi dövlət və vətəndaş cəmiyyəti qurulursa, bu heç də avropalıların öz dinlərindən əl çəkməsi demək deyildir. Bu gün müstəqil Azərbaycan gerçəkliyində islam amili də danılmaz faktdır. Bu başqa məsələdir ki, bizdə fanatizm və ya dini ekstremizm yoxdur. Həmçinin nəzərə almaq lazımdır ki, islam başqa dinlərdən fərqli olaraq yalnız dini etiqad deyil, həm də həyat tərzi, əxlaq, mənəviyyatdır. Təsadüfi deyildir ki, Heydər Əliyev deyirdi: «Hər xalqın öz adət-ənənəsi var. Öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli mənəvi dəyərlərimizlə fəxr edirik». Həm də dini dəyərlər bizim həyatımızda ötəri, keçici bir şey olmayıb, davamlı, dayanıqlı bir məqamdır. “Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən İstifadə edib gələcəyimizi quracağı”. Heydər Əliyev milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Bu gün milli dəyərlərimiz elliklə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və daha da inkişaf etdirilir. Dövlətçiliklə milliliyin birləşməsi bütün xalqların ən böyük arzusu və ideali olmuşdur. Bu gün biz potensial milli birlik dövrümüzü yaşayırıq ki, bunun da əsasını ümummilli lider Heydər Əliyev qoymuş, milli birlik ideyasının hər cür ambisiyalardan yüksəkdə durmalı olduğunu dəfələrlə qeyd etmişdir: «Siyasi baxışdan və cəmiyyətdə mövqeyindən asılı olmayaraq, gərək hər bir vətəndaş düşünsün ki, müxtəlif yerlərdə Azərbaycana qarşı bəzi xəbis niyyətlər və bəd münasibətlər vardır. Bunların qarşısını almaq üçün Azərbaycanın daxilində birlik, həmrəylik yaranmalıdır».
Heydər Əliyev hər bir kəsi öz mənafeyindən daha çox xalqın mənafeyini, dövlətin ümummilli siyasi və iqtisadi mənafelərini qorumağa çağırırdı: «Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin». Heydər Əliyevin müstəqil Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də milli dövlət qurulması, dövlətçilik ideyalarının həyata keçirilməsi və bu proseslərin dönməzliyinin təmin edilməsidir. Milli-mənəvi dəyərlərin müasir dövrdə inkişafını ümumbəşəri dəyərlərdən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək qeyri-mümkündür. Ona görə də Heydər Əliyev mənəvi tərbiyə sistemində milli və ümumbəşəri dəyərlərdən bəhrələnmə məsələsinə böyük əhəmiyyət verirdi. Onun fikrincə milli-mənəvi dəyərlər milliliyini özündə saxlayaraq, məzmununu ümumbəşəri dəyərlərlə zənginləşdirməli, ümumdünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnib inkişaf etməlidir. Bu baxımdan, Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, Azərbaycan xalqının milli mədəniyyətinin və mənəvi dəyərlərinin gələcək inkişafı baxımından böyük perspektivləri vardır. Belə perspektivlərin mövcudluğu bir sıra səbəblərlə izah oluna bilər. Azərbaycan milli mədəniyyətində, mənəvi- əxlaqi dəyərlərində tarixiliklə müasirlik sistemli şəkildə əks olunur. Bu sistemli yanaşma milli mənəvi dəyərlərin inkişafına daim təkan verir, keçmişin nailiyyətlərindən bəhrələnib gələcəyə doğru irəliləmək prinsipinə xidmət edir. Azərbaycan Avropa ilə Asiyanın, Qərb ilə Şərqin kəsişdiyi məkanda yerləşir. Məhz bunun nəticəsində də Azərbaycanın milli mədəniyyəti və mənəvi əxlaqi dəyərləri özündə həm Qərb, həm də Şərq mənəvi dəyərlərinin müsbət cəhətlərini əks etdirmişdir. Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Burada Heydər Əliyev milli mənəvi dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, din, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi. Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanılmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürür və göstərirdi ki, bunları qoruyub saxlayan xalq həmişə müstəqillik yolu ilə getmək və müstəqilliyini qorumaq əzmində olacaqdır. Çünki milli dövlətçilik və milli-mənəvi dəyərlər arasında sıx bir daxili əlaqə vardır. O, qeyd edirdi ki, milli müəyyənliyi olmayan və özünü bir millət kimi dərk etməyən xalqın milli dövlətə də ehtiyacı ola bilməz. Belə ki, milli dövlət, bir tərəfdən ərazinin və iqtisadi sərvətlərin qorunmasına xidmət edirsə, digər tərəfdən də milli- mənəvi dəyərlərin qorunması və müstəqil inkişafın təmin olunması məqsədi daşıyır. Heç bir dövlət başçısı, heç bir siyasi lider quruculuğu və idarəçiliyi ilə yanaşı, milli ideologiyanın mühüm və əsas istiqamətlərinin müəyyənləşdirilməsi, bu sahədə yeni mükəmməl elmi konsepsiyanın yaradılması və onun həyata keçirilməsi sahəsində Heydər Əliyev qədər şəxsi əzmkarlıq göstərməmişdir. Ziyalılarımızın mili tərəqqi prosesində rolunu azaltmadan qeyd etməliyik ki, dahi rəhbər milli dəyərlər uğrunda mübarizənin önündə həmişə özü gedir və milli ziyalılarımızı da bu istiqamətdəki fəaliyyətə səfərbər edirdi. Bu onunla bağlıdır ki, milli lider milləti sevməyin, millətə xidmətin yüksək ali nümunəsini, yollarını və üsullarını hamıdan yüksək mənimsədiyinə görə təşəbbüs ondan gəlirdi. O, hətta rəsmi sərəncamlarla, xüsusi qərarlarla böyük milli-mədəni abidələrimizin fiziki və mənəvi cəhətdən bərpasına, milli yaddaşın, milli köklərə qayıdışın sürətləndirilməsinə istiqamət verirdi. Belə ki, Füzulinin 500 illik yubileyinin, «Kitabi-Dədə Qorqud»un 1300 illik yubileyinin böyük təntənələrlə keçirilməsi məhz Heydər Əliyevin şəxsi təşəbbüsü idi. Məlumdur ki, milli ideologiyamızın Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ən mühüm istiqamətlərindən biri azərbaycançılıq xəttidir. Bu xətt, bir tərəfdən, Azərbaycanda vahid milli dövlətçilik hissiyatının formalaşmasını, milli yetkinləşmə və bütövləşməni nəzərdə tutursa, digər tərəfdən, Azərbaycan dilinin bir dövlət dili olaraq inkişafını və bütün ölkə miqyasında, bütün fəaliyyət sahələrində mövqeyinin möhkəmlənməsini əsas götürür. Heydər Əliyev milli ideologiyamızın əsas prinsiplərini müəyyənləşdirməklə bərabər, onların həyata keçirilməsinə şəxsən özü nəzarət edirdi ki, bu da onun dövlət başçısı olmaqdan əlavə, bir milli lider kimi üzərinə götürdüyü missiyaya necə böyük məsuliyyətlə yanaşdığını göstərir. Heydər Əliyevdə siyasi liderliklə milli liderlik keyfiyyətləri dialektikcəsinə birləşmişdi. Məhz bu cəhət Azərbaycanda keçid dövrü üçün səciyyəvi olan siyasi və iqtisadi islahatlarla milli ənənəçilik arasında uyğunsuzluqlar və qarşıdurmalardan xilas olmağa, milli və ümumbəşəri dəyərlərin vəhdətinə nail olmağa imkan vermiş, müasir dövrdə şəxsiyyətin formalaşmasında milli-mənəvi dəyərlərin təsirini gücləndirmək işində keçmiş tarixi ənənələrə və mili dəyərlərə qayğı ilə yanaşmaq, eyni zamanda müasir dünyada gedən qloballaşma proseslərinin yaratdığı ümumbəşəri dəyərlərin müsbət tərəflərinin mənimsənilməsində mühüm rol oynamışdır. Bu gün ümummilli liderimiz Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, müasir Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımız müstəqil dövlət quruculuğu prosesində üzərinə düşən mühüm və son dərəcə şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlir. İlham Əliyevin yeritdiyi müdrik və uzaqgörən siyasət qısa müddətdə Azərbaycanı dünya birliyinin sayılıb-seçilən üzvünə, beynəlxalq tədbirlərin, qloballaşan dünyanın problemlərinin çözüldüyü məkana çevirmişdir. İnkişafın Azərbaycan modeli, multikulturalizm modelimiz dünyanın diqqətini özünə çəkmiş, bir çox ölkədə öyrənilməyə başlanmış və örnəyə çevrilmişdir. Azərbaycan kosmik dövlətlər ailəsinə daxil olmuş, müasir, modern dövlətə çevrilmişdir. Qarabağı "dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə düşməndən təmizləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün dəmir iradə ilə ölkəmizdə, eləcə də işğaldan azad olunmuş torpaqlarımızda böyük tikinti-quruculuq işlərinə istiqamət verir. Bəli, Heydər Əliyevin nurlu dühası xalqımızın böyük gələcəyə olan işıqlı yolunu daima işıqlandıracaqdır. Çünki bu Heydər Əliyev yoludur. Bu inkişaf, tərəqqi və yüksəliş yoludur.