"Mənə nə olub görəsən?" o düşündü



Yüklə 215,32 Kb.
səhifə1/4
tarix25.04.2017
ölçüsü215,32 Kb.
#15727
  1   2   3   4
Frans Kafka

Çevrilmə

Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartımış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüşüb yerə düşdüyündən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcər və cılız görünən saysız-hesabsız ayaqcıqları gözləri önündə miskincəsinə qaynaşırdılar.

“Mənə nə olub görəsən?” – o düşündü.


Bu, yuxu deyildi. Onun otağı idi; bir az kiçilmiş kimi nəzərə çarpan həmişəki otaq. O da yaxşı tanış olan bu dörd divar arasında sakit-sakit xumarlanırdı. Mahud parça növlərindən bağlamalar – Zamza kommivoyajör idi – yığılmış masa üzərindən şəkil asılmışdı. Həmin şəkli o, bu yaxınlarda rəsm jurnalından kəsib qəşəng zərli çərçivəyə salmışdı. Şəkildə şəxstlə oturmuş xəz şlyapalı və şərfli qadın təsviri ağır xəz muftanı tamaşaçılara sarı uzatmışdı və qadının əlləri muftanın içində itib batmışdı.

Qreqorun nəzərləri pəncərəyə dikildi – yağış damcılarının pəncərəaltı dəmirləri necə döyəclədiyi eşidilirdi – havanın belə tutqun olması onun ovqatını tamam korladı: “Bir az da yatmaq və bu həngaməni unutmaq yaxşı olardı” – Qreqor fikirləşdi. Lakin bu, qətiyyən mümkün olan iş deyildi: o, sağ böyrü üstə yatmağa adət etmişdi, indiki halında isə həmin vəziyyətə qayıtmaq müşkül məsələ idi. bundan ötrü o nə qədər güc verdisə, qanrılıb yenə arxası üstə düşdü. Bir-birinə dolaşan ayaqcıqlarını görməmək üçün gözlərini yumdu, çox əlləşib-vuruşdu, yalnız böyründə bu vaxtacan görünməmiş küt və zəif bir ağrı hiss edəndə, fikrindən daşındı.

“Pərvərdigara, - o düşündü, - mən nə cəncəl sənət seçmişəm! Həmişə səfərdə oluram. Çöldə isə xidməti sarsıntılar ticarət evindəkindən qat-qat çox olur, üstəlik də yolların əziyyətinə döz, qatarların hərəkət cədvəli haqqında düşün, vaxtı-vədəsi olmayan dadsız yeməklərlə razılaş, həmişə təzə adamlarla qısa müddətli ülfət bağla, qeyri-səmimi münasibətdə ol. Cəhənnəm olsun hər şey!”.

O, qarnının üstündə yüngülvari bir gicişmə hiss etdi; başını rahat qaldırmaq üçün çarpayının çubuqlarına doğru arxası üstə ağır-ağır süründü və nəhayət, gicişən yeri tapdı; həmin yer xırdaca ağ ləkələrlə örtülmüşdü, Qreqor ayaqcıqlarından biri ilə o yeri yoxlamaq istədi, tez də onu geri çəkdi, çünki adi bir təmas bədəninə vicvicə salırdı.

Sürüşüb əvvəlki vəziyyətinə qayıtdı. “Belə erkən yuxudan durmaqdan adamlar ağlını itirər. Adam doyunca yuxulamalıdır. Başqa kommivoyajörlər kefləri istədiyi kimi yaşayırlar. Məsələn, mən aldğım sifarişlərin üzünü köçürmək üçün günün günortaçağı mehmanxanaya qayıdanda bu cənablar hələ səhər yeməyini yeyirlər. Əgər özümü onlar kimi aparmış olsaydım, sahibkar məni əlüstü işdən qovardı. Kim bilir, bu bəlkə də mənim xeyrimə olardı. Əgər valideynlərimin xətrinə səbrimə qısılıb dözməsəydim, işdən çıxmaq istədiyimi çoxdan bəyan edərdim və ağama yaxınlaşıb, onun haqqında düşündüklərimi lap gözünün içinə deyərdim. Əlbəttə, bunu eşidəndə o, kantorkadan kəlləmayallaq aşardı!.. Onun qəribə ədası var, - kantorkanın üstündə oturub, xidmətçilərlə elə ordanca üstdən-aşağı söhbət edir, üstəlik də qulağı ağır eşitdiyindən adamlar kantorkaya lap yaaxın gəlməlidirlər. Hər halda ümid tam itməmişdir; valideynlərimin borcunu ödəmək üçün bir az pul toplayan kimi mən belə də edəcəyəm. Doğrudur, buna beş-altı il vaxt lazımdır, amma o zaman biz həmişəlik vidalaşarıq. İndi isə, mənə qalxmaq lazımdır, saat beşdə qatarım yola düşür”.

O, sandığın üstündə çıqqıldayan saata nəzər saldı: “Adil Allah!” – deyə fikirləşdi. Yeddinin yarısı idi. Əqrəblər aram-aram hərəkət edirdi, hətta yeddinin yarısı da keçmişdi, yeddiyə on beş dəqiqə qalırdı. Görəsən, saat zəng çalmayıb? Çaroayıdan görünür ki, zəng əqrəbi düz yerinə - dördün üstünə çəkilmişdir; şübhəsiz zəng vurmuşdur. Lakin bütün evi titrədən bu zəgnin sədaları altında necə rahat yatmaq olardı? O biri qatar saat yeddidə yola düşür; mütləq tələsməlidir; parça növləri isə yığışdırılmamışdır, heç özünü də yaxşı hiss etmir, qalxmağa çətinlik çəkir, başı bədəninə ağırlıq edirdi. Hətta o, qatara çatsaydı belə, fərqi yoxdur, sahibkarın danlağından yaxasını qurtara bilməyəcəkdi. Axı ticarət şirkətinin kuryeri saat beşdə yola düşən qatarın yanında növbə çəkirdi. Qreqorun gecikməsi haqqında o, çoxdan məlumat vermişdi. İradəsiz və ağılsız bir adam olan bu kuryer sahibkarın əlaltısı idi. görəsən, özünü xəstəliyə vursa, necə olar? Ancaq bu, son dərəcə pis çıxardı, həm də şübhəli görünərdi, çünki qulluq elədiyi beş il ərzində Qreqor bir dəfə də xəstələnməmişdi. Əlbəttə, sahibkar idarə xəstəxanasının həkimini gətirər və onun dediklərinə istinadə edərək, bütün etirazları hesaba almayıb bu cür tənbəl oğul üçün ata-ananı danlaya bilərdi. Həkimin özünə gəldikdə isə, onun fikrincə, dünyada olan bütün adamlar sağlamdır, ancaq işləməyi xoşlamırlar. Bəyəm indiki halda həkim Qreqor barədə haqlı deyildimi? Uzun sürən yuxudan sonra həqiqətən qəribə görünən bu süstlük, bu kəsalət nəzərə alınmazsa, Qreqor əslində özünü çox yaxşı hiss edirdi və hətta möhkəmcə acmışdı.

Yatağı tərk etməyə ürəyi gəlməyən Qreqor bunları tələm-tələsik götür-qoy edərkən, - bu vaxt zəngli saat da yeddiyə on beş dəqiqə qalmışı vurdu, - yuxarı tərəfdəki qapı ehmalca döyüldü.

- Qreqor! – (bu, anasının səsi idi) – yeddiyə on beş dəqiqə qalıb. Bəs sən səfərə çıxmayacaqdın?

Bu səs necə də şəfqətli idi! Qreqor cavab verərkən öz səsindən diksindi, bu, şəksiz, onun əvvəlki səsi olsa da, ona nə isə gizli, eyni zamanda qeyri-təbii bir civilti qarışmışdı, sözlər ilk anda aydın tələffüz edilirdi, sonra isə civiltinin içində elə itib-batırdı ki, səhv eşitdiyini, yaxud başa düşmədiyini heç kəs qətiyyətlə deyə bilməzdi. Qreqor anasına ətraflı cavab verib hər şeyi izah etmək istəyirdi, amma düşdüyü vəziyyəti nəzərə alıb bircə bunu dedi:

- Bəli, bəli, sağ ol, ana, indicə dururam.

Görünür, taxta qapıların arxasından səsinin bu cür dəyişməsini hiss etmədilər, çünki bu sözlərdən sonra ana xatircəmliklə çıxıb getdi. Lakin bu qısa söhbət, ailə üzvlərinin diqqətini başqa bir məsələyə cəlb etdi: çoxdan getməli olan Qreqor hələ evdədir. Odur ki, atası yan qapılardan birini yumruqlarıyla asta-asta taqqıldadıb çığırdı:


- Qreqor! Qreqor! Nolub, nə məsələdi?

Sonra isə səsini bir qədər yavaşıtdı:

- Qreqor! Qreqor!

O biri yan qapının arxasından bacısının çox asta və yalvarıcı səsi eşidildi:

- Qreqor! Xəstələnməmisən? Nə kömək lazımdır?

Hamıya bir yerdə “Mən hazıram” - cavabını verən Qreqor sözləri səylə tələffüz etməyə və sözlər arasında uzun fasilə verməklə səsindəki hər hansı bir qeyri-adiliyi gizlətməyə çalışırdı. Həqiqətən də ata səhər yeməyinə qayıtdı, bacı isə pıçıldamaqda davam edirdi:

- Qreqor, yalvarıram sənə, aç.

Qreqor qapını açmaq fikrində deyildi, o, səfər vaxtı gecələr qapını bağlamağa adət etmişdi, bu adətini evdə də unutmurdu, hazırda isə vərdişindən çox razı idi.

O istəyirdi ki, əvvəlcə sakit, maneəsiz halda qalxıb geyinsin, səhər yeməyini yesin, sonra isə görəcəyi işləri müəyyənləşdirsin, zira, - bu, indi ona aydın idi, - yataqda əməlli-başlı bir qərara gələ bilməyəcəkdi. Yadına düşdü ki, yataqda uzanarkən dəfələrlə yüngül, bəlkə də yöndəmsiz yatmaq nəticəsində əmələ gəlmiş bir ağrı hiss etmişdi, ayağa qalxarkən məlum olmuşdu ki, bu ağrı təsəvvürün yaratdığı bir oyun imiş və indi onu bugünkü əqli çaşqınlığın nə sayaq soğulub gedəcəyi maraqlandırırdı. Səsinin dəyişməsinə gəlincə, bu vur-tut, kommivoyajörlərin peşə xəstəliyi olan soyuqdəymənin əlaməti idi; buna zərrəcə şübhə etmirdi.

Məlum oldu ki, yorğanı üstündən atmaq adi bir şey imiş: qarnını bir az köpdürən kimi özü sürüşüb düşdü. Ancaq işlər bundan sonra pis getdi, əsas səbəb də bu oldu ki, o, çox enli idi, qalxmaq üçün onun ələ ehtiyacı vardı, əvəzində isə çoxlu ayaqları peyda olmuşdu, onlar ara vermədən qaynaşır, təpəşirdilər, həm də o, ayaqları heç cür idarə edə bilmirdi. Əgər bir ayağını bükmək istəyirdisə, ayaq əlüstü uzanırdı; axırda bu ayaqla istədiyini eləməyə müvəffəq olurdusa, bu vaxt o biri ayaqlar azadlığa çıxıbmış kimi təlaş içində çırpnırdılar. Qreqor öz-özünə dedi: “Ancaq yataqda boş yerə ləngiməməli”.

Əvvəlcə bədəninin aşağı hissəsi ilə yataqdan çıxmaq istədi, lakin hələ görmədiyi və təsəvvürünə belə gətirə bilmədiyi bu hissənin hərəkət üçün yararsız olduğu aşkara çıxdı; iş ləng gedirdi; nəhayət, Qreqor ağına-bozuna baxmadan qəzəblə, hiddətlə özünü qabağa tulladı, düzgün istiqamət götürmədiyindən zərblə çarpayının çubuqlarına çırpıldı, kəskin ağrıdan belə yəqin etdi ki, indi onun bədəninin aşağı hissəsi daha həssasdır.

Buna görə də o, yataqdan əvvəlcə bədəninin yuxarı hissəsi ilə çıxmağa çalışdı, lakin ehtiyatla çarpayının qırağına tərəf çevirməyə başladı. Buna asanlıqla müvəffəq oldu, özünün eninə və uzunluğuna baxmayaraq gövdəsi başınının ardınca ağır-ağır süründü. Başı çarpayıdan kənara çıxıb aşağı sallananda belə hərəkətlə qabağa getmək ona dəhşətli göründü. Axı çarpayıdan yıxılsa, ancaq möcüzə nəticəsində başı salamat qala bilərdi. Məhz indi heç vəchlə şüurunu itirməməli idi; yaxşısı elə yataqda qalmaqdır.

Lakin indi bu qədər əzab-əziyyətdən sonra nəfəsini dərərək əvvəlki vəziyyətinə qayıtdığı zaman ayaqlarının daha şiddətlə bir-birinə dolaşdığını, bu hərc-mərcliyi qayda-qanuna sala bilmədiyini görüb, təzədən öz-özünə dedi ki, qətiyyən çarpayıda qalmaq olmaz və ən ağlabatan odur ki, çarpayıdan düşmək xatirinə hər cür riskə getməsin. Eyni zamanda orasını da unutmurdu ki, ümidsiz çılğınlıqdansa sakitcə düşünmək daha faydalıdır. Belə anlarda o, bütün bacarığını toplayıb diqqətlə pəncərəyə baxırdı, amma təəssüf ki, dar küçənin o tərəfini gizlədən səhər dumanına tamaşa etməklə cəsarət və inam qazanmaq mümkün deyildi. Zəngli saatın səsi eşidiləndə o: “Artıq saat yeddidir, saat yeddidir, ancaq hələ də duman çəkilməmişdir” – deyə bir müddət sakit uzandı, ağır-ağır nəfəs aldı, sanki hər tərəfi bürüyən sükutdan həqiqi və təbii vəziyyətin qayıtmasını gözləyirdi.

Sonra yenə öz-özünə dedi: “Saat səkkizə on beş dəqiqə işlədiyini vuranda nə olur olsun çarpayını tərk etməliyəm. bir də o vaxta qədər məndən xəbər tutmaq üçün idarədən gələcəklər, axı idarə yeddidən qabaq açılır”. O, bədənini bütün uzunluğu boyu eyni dərəcədə silkələməklə, yırğalamaqla, hərəkətə gətirməklə özünü çarpayıdan aşağı salmağa çalışdı. Əgər çarpayıdan yıxılmış olsaydı, həmin dəqiqə başını cəld yuxarı qaldırmaqla özünü xəta-bəladan qurtara bilərdi. Kürəyi kifayət qədər möhkəm idi, xalçanın üstünə yıxılsaydı yəqin ki, ona heç bir şey olmazdı. Onu ən çox narahat edən bir məsələ idi: bədəni gurultu ilə yerə dəyəcək, bu da hər halda təlaş doğuracaqdı. Amma yenə də bunu etmək lazım idi.

Qreqor çarpayının lap qırağından asılıb qaldığı zaman – yeni düşmə üsulu yorucu işdən daha çox oyuna oxşayırdı, yalnız dartına-dartına sallanmaq lazım gəlirdi, - fikirləşdi ki, əgər kömək edən olsaydı bu vəziyyətdən can qurtarardı. İki qüvvətli adam – yadına atası və qulluqçu düşdü – tamamilə kifayət edərdi; onların vəzifəsi qollarını Qreqorun domba kürəyinin altından salıb çarpayıdan götürmək, sonra öz yükləri ilə əyilib onun döşəməyə ehtiyatla düşməsinə qədər gözləməkdən ibarət olardı. Ehtimal ki, burada onun ayaqları da kara gələrdi. Bəs, görəsən, qapılar bağlı olmasaydı, o, köməyə bir adam çağırardımı? Bu fikir xəyalına gələndə bədbəxtliyinə baxmayaraq, özünü gülümsəməkdən saxlaya bilmədi.

Bərk dartınma zamanı müvazinətini güclə saxlayırdı, məsələ elə indicə tamam-kamal qurtarmalı idi ki, küçə qapısının zəngi çalındı. “Kimdirsə, firmadandır” – deyib yerində donub qaldı, ayaqcıqları isə sürətlə tərpəşməyə başladı. Bir anlıq hər tərəf sakitləşdi. Qreqor çılğın bir ümidlə öz-özünə: “Onlar qapını açmırlar”, - dedi. Bi qədər sonra isə əlbəttə, qulluqçu, həmişə olduğu kimi qəti addımlarla küçə qapısına tərəf getdi və qapını açdı. Gələnin kim olduğunu müəyyənləşdirmək üçün qonağın ilk sözünü eşitmək kifayət edərdi: bu, idarə müdiri idi. Qreqor nə üçün elə bir firmada işləməli idi ki, kiçik bir xəta, yaxud diqqətsizlik dərhal ən ağır şübhə oyatsın? Məgər bu firmada işləyən bütün əməkdaşların hamısı bir nəfər kimi əclafdır, yaramazdır? Məgər onların arasında bir-iki saatını işə sərf etməsə də, vicdan əzabından tamam ağlını itirən və sadəcə olaraq yatağı tərk edə bilməyən etibarlı və sədaqətli adam yoxdur? Məsələnin nə yerdə olduğunu öyrənmək üçün – belə sorğu-sual, ümumiyyətlə, lazım idisə - bir şagird göndərmək kifayət deyildimi? Məgər mütləq müdirin özü gəlməli və bununla da bütün günahsız ailəyə göstərməli idi ki, bu şübhəli işi yoxlamağa ancaq onun iqtidarı çatar?

Əslində çıxardığı qərardan deyil, bu fikirlərin doğurduğu təlaş nəticəsində Qreqor bütün qüvvəsi ilə özünü çarpayıdan tulladı. Bərk tappıltı gəldi, amma bir elə şiddətli olmadı. Xalça tappıltının səsini bir az yumşaltdı, həm də Qreqorun kürəyi onun ehtimal etdiyindən daha artıq elastiki idi, buna görə də səsi boğuq çıxdı, ancaq kifayət qədər ehtiyatlı tutmadığından kəlləsi yerə dəydi, ağrıdan dilxor olub başını xalçaya sürtməyə başladı.

Müdir sol tərəfdəki otaqdan dedi:

- Orda nəsə yerə düşdü.

Qreqor təsəvvürünə gətirməyə çalışdı ki, buna bənzər bir şey müdirin də başına gələ bilməzdimi; axı belə bir şeyin ola biləcəyini inkar etmək mümkün deyildi. İndi isə müdir, belə fikrin əskinə olaraq, daha doğrusu, belə fərziyyəni rədd edərək laklı çəkmələri cırıldaya-cırıldaya qonşu otaqda bir neçə sərrast addım atdı, Qreqoru xəbərdar etməyə çalışan bacısı da sağ tərəfdəki otaqdan:

- Qreqor, müdir gəlib, - deyə pıçıldadı.

Qreqor astadan:

- Bilirəm, - dedi və bacının eşidəcəyi dərəcədə səsini qaldırmağa ürək eləmədi.

Atası sol tərəfdəki otaqdan:

- Qreqor, - dedi – cənab müdir bizə təşrif gətirmişdir. Soruşur ki, sən niyə səhər qatarı ilə getməmisən. Biz nə cavab verəcəyimizi bilmirik. Bir də o, şəxsən sənlə danışmaq istəyir. Buna görə də, lütfən, qapını aç. O, iltifat edib otağın səliqəsizliyinə görə hər halda bizi bağışlayar.

Müdirin özü də mehribanlıqla əlavə etdi:

- Sabahınız xeyir, cənab Zamza.

Ata qapının yanında dayanıb Qreqorla danışdığı vaxt ana müdirə dedi:

- O xəstədir. Mənə inanın, cənab müdir, o xəstələnmişdir. Belə olmasaydı heç qatara gecikərdimi? Axı uşağın bütün fikri-zikri firmanın yanındadır. Hətta mən bir az hirslənirəm ki, o, axşamlar niyə bir yana getmir. Şəhərdə səkkiz gün qaldı, bütün axşamları da evdə keçirtdi. Masa axrasında oturub sakitcə qəzet oxuyur, ya da qatarların hərəkət cədvəlini öyrənirdi. Seçdiyi yeganə əyləncə də mişar çəkməkdir. İki-üç axşamın içində çərçivə qayırıb otaqdan asdı. Elə gözəl çərçivədir ki, baxmaqla doymaq olmur. Qreqor qapını açanda özünüz görəcəksiniz, doğrusu, cənab müdir, gəlişinizlə məni məsud etdiniz, sizsiz biz Qreqoru qapını açmağa məcbur edə bilməzdik. O çox inadkardır. Səhər bizdən gizlətsə də, yəqin ki, xəstədir.

- Bu saat gəlirəm, - Qreqor ağır-ağır, ahəngdar bir şəkildə dilləndi, amma onların söhbətindən bir söz belə buraxmamaq üçün yerindən tərpənmədi.

Müdir dedi:

- Mənim başqa sözüm yoxdur, xanım. Ümid edir ki, onun xəstəliyi o qədər də təhlükəli deyildir. Digər tərəfdən, qeyd etməliyəm ki, xoşbəxtlikdənmi, ya bədbəxtlikdənmi bir tacirlər işimizin xatiri üçün çox vaxt yüngül naxoşluqları vecimizə almamalıyıq, ayaq üstdə keçirməliyik.

- Deməli, cənab müdir sənin otağına daxil ola bilər? – Hövsələdən çıxan ata yenidən qapını döydü.

- Yox, - deyə Qreqor cavab verdi.

Sol tərəfdəki otağa üzücü bir sükut çökdü, sağ tərəfdəki otaqda isə bacı hönkürdü.

Nə üçün bacı o birilərin yanına getmirdi? Yəqin o ancaq indi yataqdan qalxmışdı və heç geyinməyə də macal tapmamışdı. Bəs nə üçün ağlayırdı? Ona görə ki, qardaşı yerindən qalxmamışdı, müdiri yanına buraxmamışdı. Ona görə ki, o, iş yerini itirə bilərdi və sahibkar da onun valideynlərini köhnə tələblərlə təqib etməyə başlardı. Lakin bunlar hələlik əssasız qorxular idi. Qreqor hələ burada idi və heç də ailəsini tərk etmək fikrinə düşməmişdi. Doğrudur, o indi xalçanın üstündə uzanmışdı, əgər onun nə kimi bir vəziyyətdə olduğunu bilsəydilər, müdiri yanına buraxmağı heç kəs ondan tələb etməzdi. Bu balaca nəzakətsizlik üçün onu dərhal işdən çıxarmayacaqlar ki! Sonralar onsuz da bu nəzakətsizliyə asanlıqla bəraət qazandırmaq olar. Qreqora elə gəlirdi ki, göz yaşı tökmək, nəsihət verə-verə təngə gətirmək əvəzinə, indi onu rahat buraxmaq daha münasib olardı. Məhz bu qeyri-müəyyənlik hamıya əzab əziyyət verir, hamıya bəraət qazandırırdı.

- Cənab Zamza, - müdir bu dəfə səsini qaldırıb çığırdı – nə olmuşdur? Siz otağınıza qapılıb qalmısınız, yalnız “hə”, “yox” cavabı verirsiniz, validenylərinizin ağır və lüzumsuz həyəcanına səbəb olursunuz, həqiqətən də ağlagəlməz bir şəkildə vəzifənizdən – bunu sözgəlişi xatırladıram – boyun qaçırırsınız. İndi mən sizin valideyninizin, sahibkarınızın adından danışıram. Artıq dərəcədə xahiş edirəm ki, məsələni bilatəxir mənə izah edəsiniz. Mən heyrət edirəm, təəccüb edirəm! sizi dinc, dərrakəli bir adam hesab edirdim. Amma siz, deyəsən, qəribə oyunlar çıxarmaq fikrinə düşmüsünüz. Düzdür, sahibkar bu gün səhər sizin işə çıxmamağınıza səbəb ola biləcək bir məsələyə işarə vurdu – bu, sizə yaxınlarda etibar edilmiş inkassaya aid idi – amma, mən, düzü and içməyə hazır idim ki, bu səbəb həqiqətə uyğun deyildir. Lakin indi sizin bu anlaşılmaz inadınızı görəndən sonra hər hansı bir dərəcədə sizi müdafiə etmək həvəsim puça çıxır. Vəziyyətiniz isə heç də möhkəm deyildir. Mən əvvəlcə bunu sizə təkidlə demək niyyətində idim; ancaq bir halda ki, siz məni burada boş yerə vaaxt itirməyə məcbur edirsiniz, mən bunu hörmətli valideynlərinizdən gizlətməyə səbəb görmürəm. Son vaxtlar müvəffəqiyyətiniz, açıq deməliyəm, olduqca qeyri-kafi idi. Doğrudur, indi ilin o vaxtı deyil ki, böyük sazişlər bağlayasan, bunu biz etiraf edirik, cənab Zamza, amma ilin heç bir saziş bağlanmayan fəsli də, ümumiyyətlə, mövcud deyildir və mövcud ola bilməz.

- Hə, cənab müdir – deyə Qreqor çığırdı və özünü saxlaya bilməyib elə həyəcanlandı ki, hər şeyi unutdu, - mən bu saat, lap bu dəqiqə qapını açıram. Yüngül bir kefsizlik, baş gicəllənməsi mənə qalxmağa imkan vermirdi. Mən hələ də çarpayıdayam. Amma artıq özümə gəlmişəm. Dururam. Bircə dəqiqəlik səbr edin! Əhvalım düşündüyüm kimi də yaxşı deyil. Amma indi nisbətən düzəlib. Bu nə müsibətdir! Dünən axşam özümü əla hiss edirdim, bunu valideynlərim də təsdiq edər. Doğrusu, dünən axşam ürəyimə nəsə dammışdı. Çox güman ki, bu, hiss olunurdu. Mən nə üçün bu barədə firmaya xəbər vermədim! Axı indi mənə vurduğunuz tənə üçün sizin heç bir əsasınız yoxdur, - bu barədə mənə bir söz deməmisiniz. Yəqin ki, mənim göndərdiyim son sifarişləri siz görməmisiniz. Bir də ki, mən saat səkkiz qatarı ilə yola düşəcəyəm. Bir neçə saatlıq artıq yuxu mənə güc verib. Cənab müdir, ləngiməyin, bu saat mən özüm firmaya gəlirəm, lütfən sahibkara belə deyin və mənim ehtiramımı ona yetirin.

Qreqor özü də nə dediyini bilmədən bu sözləri deyə-deyə asanlıqla, - görünür, çarpayıda buna alışmışdı – sandığa yaxınlaşdı, ona söykənib bütün bədəni boyu düzəlməyə çalışdı. O, həqiqətən qapını açmaq istəyirdi, açıb müdirlə danışmaq, indi bayırda gözləyən adamların onu görəndə nə deyəcəklərini bilmək istəyirdi. Əgər onlar qorxmuş olsalar, bütün məsuliyyət Qreqorun üzərindən götürüləcəkdi və Qreqor xatircəm ola bilərdi. Əgər onlar hər şeyi sakitcə qarşılasalar, deməli, təşvişə düşməyə heç bir səbəb yoxdur və o, həqiqətən saat səkkizdə vağzalda olacaq.

Əvvəlcə hamar sandıqdan bir neçə dəfə sürüşüb düşdü. Nəhayət, son sıçrayışla bütün qamətiylə düzəldi; bədəninin aşağı hissəsindəki ağrıya fikir vermədi, halbuki bu ağrı ona əziyyət verirdi, sonra özünü yaxındakı stola saldı, ayaqlarını onun qıraqlarına bənd elədi. İndi o, bədəninin iradəsini öz əlinə almışdı, müdirin cavabını eşitmək üçün səsini çıxarmırdı.

Üzünü Qreqorun valideyinlərinə tutan müdir dedi:

- Siz heç olmasa bir söz başa düşdünüz? Yoxsa, o bizi məsxərəyə qoyur?

Ana göz yaşı içində səsləndi:

- Allah xatirinə insaf edin, bəlkə o lap ağır xəstədir, biz isə ona əziyyət veririk. – Sonra o: “Qreta! Qreta!” – deyə çağırdı.

Bacı başqa tərəfdən səs verdi:

- Ana!

- Tez həkimin dalınca qaç, Qreqor xəstədir. Tez həkimi çağır. Sən Qreqorun nə cür danışdığını eşitdin?



Müdir, ananının çığırtısı ilə müqayisəyə gəlməyəcək asta səslə:

- O, heyvan səsi idi, - dedi.

Ata dəhlizdən mətbəxə üz tutaraq əlini bir-birinə çırpıb qışqırdı:

- Anna! Anna! Tez çilingər çağırın!

Hər iki qız yubkalarını xışıldada-xışıldada dəhlizlə qaçıb getdilər, - bacı nə tez geyindi belə? – və küçə qapısını taybatay açdılar. Qapının necə örtüldüyü eşidilmədi, görünür, onu elə açıq qoyub getmişdilər; bədbəxtlik üz verən evlərdə belə şey olur.

Qreqor tam arxayın oldu. Doğrudur, onun sözlərini başa düşmürdülər; halbuki bu sözlər özünə kifayət qədər aydın idi, hətta əvvəlkindən də aydın. Yəqin ona görə ki, qulaqları bu sözlərə alışmışdı. Sözlərini başa düşmürdülər, əvəzində isə artıq inanmışdılar ki, onun başına nəsə bir iş gəlib. Kömək etməyə hazır idilər. Verilən sərəncamlardakı qətiyyət, mətanət və inam ona müsbət təsir etdi. O təzədən adamalra qoşulduğunu hiss etdi, mahiyyətcə birini digərindən ayrımadan həkim və çilingərin möcüzə yaradacağını gözlədi, yaxınlaşmaqda olan həlledici danışıqlar ərəfəsində sözlərini mümkün qədər aydın tələffüz etmək üçün bir qədər öskürsə də, səsini boğmağa çalışdı, axı ola bilsin, bu səslər artıq insan öskürəyinə bənzəmirdi, ancaq bu barədə fikir yürütməyə ürək eləmədi. Bəlkə, valideynləri müdirlə masa arxasında oturub xısın-xısın danışırdılar, ya da ola bilsin, qulaqlarını qapıya söykəyib dinşəyirdilər.

Qreqor stulla birlikdə ağır-ağır qapıya doğru getdi, sonra stulu buraxıb dikinə qapıya söykəndi. Pəncələrində nəsə yapışqanlı bir maddə vardı. O , uzun zəhmətdən sonra bir az dikəldi. Sonra ağzı ilə açarı hərlətməyə başladı. Amma heyif, əsl dişləri yox idi, - bəs indi açarı nə ilə tutusun? - əvəzində çənəsi çox möhkəm idi; o, doğurdan da çənəsi ilə açarı hərlətdi. Uğradığı xəsarətə əhəmiyyət vermədi. Boz bir maddə ağzına dolub açar boyu axdı və döşəməyə töküldü.

Qonşu otaqdan müdir dedi:

- Qulaq asın, o, açarı hərlədir.

Bu, Qreqora ürək-dirək verdi; amma yaxşı olardı ki, onlar hamısı – atası da, anası da onu haylayaydı, yaxşı olardı ki, hamısı çığıraydı: “Güc ver, Qreqor! Hə, güc elə, hə, bərk bur!” ona elə gəldi ki, hamı onun səyinə gərginliklə diqqət edir. O, fədakarlıqla, bütün qüvvəsi ilə açardan tutdu. Açar hərləndikcə Qreqor qapının yanında gah bu ayağına, gah da o biri ayağına doğru meyl etdi. Dik dayanıb təkcə ağzının köməyilə gah açardan sallanır, gah da bədəinin bütün ağırlığını onun üstünə salırdı. Nəhayət, qıfılın şaqqıltısı Qreqoru elə bil yuxudan oyatdı. O, nəfəsini dərdi, öz-özünə: “Deməli, hər halda çilingərsiz keçinə bildim” – dedi və qapını açmaq üçün başını qapının dəstəyinə qoydu.

Qapını bu üsulla açdığından qapı tamam-kamal açılanda belə onun özü görünmürdü. O, əvvəlcə qapının bir yatını asta-asta keçib getməli idi, elə böyük ehtiyatla keçib getməli idi ki, otağa girən yerdə arxası üstə çevrilməsin. Hələ bu çətin işlə məşğul ikən, artıq heç bir şeyə əhəmiyyət verməyib tələsdiyi zaman birdən müdirin ucadan “oh!” elədiyini eşitdi. Bu səs ona küləyin uğutlusu kimi gəldi, sonra isə onun özünü gördü. Müdir qapıya hamıdan yaxın durmuşdu. O, əli ilə açıq ağzını qapadı və yavaş-yavaş geri çəkildi; elə bil onu nə isə görünməz, dəfedilməz bir qüvvə qovurdu. Müdirin burada olmasına baxmayaraq, saçları hələ axşamdan pırtlaşıb qalmış ana əvvəlcə yumruqalrını düyünlədi, sonra ataya nəzər salıb Qreqora tərəf iki addım irəlilədi, başı sinəsinə doğru sallandı və beləliklə, Qreqorun qabağını kəsdi. Ata da təhdidedici bir şəkildə yumruğunu düyünlədi, sanki Qreqoru içəri itələmək istəyirdi, sonra tərəddüd içində qonaq otaöına baxdı, əlləri ilə gözlərini örtüb ağladı, geniş köksü bir neçə dəfə enib qalxdı.

Qreqor heç də qonaq otağına keçmədi, içəridən bərkidilmiş qapı tayına söykənib durdu, buna görə də ancaq gövdəsinin yarısı, otağa meyillənən səmtə əyilmiş başı görünürdü. Bu vaxt ərzində hava da aydınlaşdı; küçənin o tərəfində eyni ölçülü pəncərələri fasada açılan bozumtul, lakin qaraya çalan xəstəxana binasının bir hissəsi göründü. Yağış hələ yağırdı, yerə iri damcılar spələnirdi. Sotlun üstündə səhər yeməyinə məxsus çoxlu qab vardı, çünki ata üçün səhər yeməyi günün ən mühüm yeməyi idi. O, qəzet oxuya-oxuya keçirdiyi bu yemək vaxtını saatlarla uzadırdı. Üzbəüz olan divarda Qreqorun hələ də hərbi xidmət vaxtlarından qalmış şəkli asılmışdı. O, leytenant formasında idi, əlini qılıncının dəstəyinə qoymuşdu, qayğısız surətdə gülümsəyirdi. Özünün şəstli duruşu, mundiri ilə hörmət və ehtiram təlqin edirdi. Dəhlizin qapısı açıq idi, eyni zamanda giriş qapısı da aralı olduğundan pilləkənin başlanğıc hissəsi də görünürdü.

Qreqor başa düşdü ki, sakitliyini yaxşı mühafizə eləyən yalnız odur.

- Hə, belədir, indi mən geyinərəm, - dedi, - nümunələri toplayıb yola düşərəm. Bəs siz istyərisizmi mən gedim? Budur, cənab müdir, görürsünüz, mən inadkar deyiləm, həvəslə işləyirəm; səfərlər yorucudur, amma mən onlarsız yaşaya bilmərəm. Hara gedirsiniz, cənab müdir? Kontora? Eləmi? Siz hər şey barədə məlumat verəcəksiz? Adam bəzən işləmək vəziyyətində olmur, elə bu zaman öz keçmiş müvəffəqiyyətləri haqqında xatırlamaq vaxtı gəlib çatır, xatırlaya-xatırlaya ümid edirsən ki, gələcəkdə daha diqqətlə, daha səylə işləyəcəksən, qüsurları aradan qaldıracaqsan. Mən sahibkara minnətdaram, siz bunu gözəl bilirsiniz. Digər tərəfdən valideynlərimin, bacımın qayğısı mənim üzərimə düşür. Mən fəlakətə uğramışam, amma bundan xilas olacağam. Ancaq siz onsuz da çətin olan vəziyyətimi korlamayın. Firmada mənim tərəfimdə olun! Bilirəm, kommivoyajörləri sevmirlər, elə düşünürlər ki, guya onlar külli miqdarda pul qazanır və buna görə də eyş-işrət içində yaşayırlar. Amma heç kəs beyinlərə yerimiş belə bir yanlış təsəvvür üzərində düşünmür. Lakin cənab müdir, siz işin nə yerdə olduğunu bilirsiniz, o birilərdən daha yaxşı bilirsiniz, hətta, öz aramızdır, sahibkarın özündən də yaxşı bilirsiniz. O, bir sahibkar kimi bu və ya başqa xidmətçinin zərərinə olaraq asanlıqla səhv edə bilər. Siz həmçinin gözəl bilirsiniz ki, kommivoyajör, demək olar, bütün il boyu firmadan kənarda qalıb dedi-qodunun, təsadüflərin, əsassız ittihamların asanlqıla qurbanı ola bilər, bunlardan qorunmaq iqtidarında deyil, çünki onların əksəriyyətindən xəbəri olmur, ancaq sonradan səfərdən yorulmuş, üzülmüş qayıdan zaman onların heç bir səbəbə əsaslanmayan xoşagəlməz nəticələrinin acısını dadır. Cənab müdir, mənim haqlı olduğumu bir qutu sözlə də olsa, etiraf etmədən getməyin!

Qreqor söhbətə başlayanda müdir üzünü döndərmişdi. O, qaşqabağını tökərək ancaq çiyininin üstündən ona baxırdı. Çiyinləri tez-tez atılıb düşürdü. Qreqor danışdıqca o bir an belə yerində durmurdu, gözlərini Qreqordan çəkmədən ağır-ağır qapıya doğru çəkilirdi, elə bil hansı gizli bir qüvvə isə onu buranı tərk etməyə qoymurdu. Amma o artıq dəhlizdə idi, onun qonaq otağından qəfil atdığı son addımı görən olsaydı, elə başa düşərdi ki, müdirin dabanına köz basmışlar. Dəhlizdə sağ əlini pilləkənə doğru uzatdı, sanki orada xariqüladə bir səadət qanadlarını açıb onu gözləyirdi.

Qreqor başa düşdü ki, firmada işini zərbə altda qoymaq istəmirsə, müdiri bu ovqatla buradan buraxmamalıdır. Əlbəttə, valdieynləri bunu belə aydın dərk etmirdilər, illər keçdikcə onlar düşünməyə alışmışdılar ki, Qreqor bu firmada ömrü boyu işləyəcəkdir. İndi onların başının üstünü alan fəlakət ümidlərini hər yerdən kəsmişdi. Amma Qreqor müdiri ləngitməli, sakitləşdirməli, inandırmalı və nəhayət, öz tərəfinə çəkməli idi. Axı Qreqorun və onun ailəsinin gələcəyi ondan asılı idi. Ah, bircə bacısı getməsəydi! O, ağıllıdır, Qreqor hələ arxası üstə rahat-rahat yatanda bacısı onun üçün ağlayırdı. Əlbəttə müdir, - bu qadın düşkünü, - onun sözünə baxardı; o, küçə qapısını bağlayar və şirin dili ilə müdirin tərəddüdlərini dağıdardı. Ancaq bacı lazım olan vaxtda çıxıb getmişdi, Qreqor özü fəaliyyət göstərməli idi. Özünün indiki hərəkət imkanlarını qətiyyən düşünmədən, danışığının, bəlkə, yenə anlaşılmaz olduğunu nəzərə almadan qapının bir tayını buraxıb o biri tərəfinə keçdi. Pilləkəndə dayanıb hər iki əli ilə sürhaidən gülməli bir vəziyyətdə tutmuş müdirə tərəf yerimək istədi, amma bacarmadı; elə oradaca, söykənəcək axtara-axtara zəif bir bağırtı ilə pəncələri üstə düşüb qaldı. Bu hadisə baş verən kimi onun bədəni sustladı və səhərdən bəri ilk dəfə rahatlandı. Pəncələrinin düşdüyü yer bərk idi; sevindi ki, pəncələri onun sözünə əla baxırlar, hətta, onu getmək istədiyi yerə aparmağa da çalışırlar. Belə qərara gəldi ki, indicə onun bütün əzabları sona çatacaqdır, elə bu an, anasının yaxınlığında, lap onunla üzbəüz döşəmədə uzanarkən təkandan silkələndiyini hiss etdi. İndiyə qədər keyimiş halda durub matı-qutu qurumuş ana, birdən ayağa qalxdı, qollarını geniş açdı, barmaqlarını bir-birindən ayırıb bağırdı: “Kömək edin! Allah xatirinə kömək edin!”

O, başını aşağı əydi, elə bil Qreqoru daha yaxşıca nəzərdən keçirmək istəyirdi, amma bunun əvəzində mənasız tərzdə dal-dalı çəkildi, arxada üstü dolu masa olduğunu unutdu və masaya çatanda fikri dağınıq olduğu üçün tələsik onun üstündə oturdu, böyrü üstə aşan qəhvədandan qəhvənin xalçaya süzüldüyünü görmədi.

- Ana, ana, - Qreqor astadan dillənib gözlərini ona dikdi.

Bir anlığa müdiri də tamam unutdu; yerə qəhvə axdığını görüb, özünü saxlaya bilmədi və bir neçə dəfə əsəbi halda udqundu. Ana təzədən çığırıb, yerə atıldı, özünü ona doğru gələn atanın qucağına yıxdı. Lakin indi Qreqorun öz valideynləri ilə məşğul olmağa vaxtı yox idi; müdir artıq pilləkəndə idi. O, çənəsini sürhaiyə söykəyib , geriyə son vuda nəzəri saldı. Qreqor onun arxasınca qaçmaq, daha doğrusu, ona çatmaq fikrinə düşdü. Müdir isə, görünür, onun niyyətini başa düşmüşdü. Ona görə də üç-dörd pilləni birdən sıçrayıb gözdən itdi. Ondan ancaq bir səs çıxdı: “Fu!” – və bu səs pilləkən boyu yayıldı. Müdirin qaçması başqalarına nisbətən daha səbatlı dayanan atanın halını pozdu. Ata müdirin ardınca qaçmaqdansa, yaxud Qreqorun onu yanlamasına mane olmaqdansa, müdirin palto və şlyapası ilə birlikdə qoyub getdiyi çəliyini sağ əlinə, qəzetini isə sol əlinə aldı. Ayaqlarını yerə döydü, qəzet və ağacı yellədə-yellədə Qreqoru öz otağına qovmağa başladı. Qreqorun heç bir xahişi kömək etmədi. Bir də ki, ata onun heç bir xahişini başa düşmürdü. Qreqor başını nə qədər itaətkarlıqla tərpədirdisə, ata ayaqlarını bir o qədər yerə bərk döyürdü. Havanın soyuq olmasına baxmayaraq, ana pəncərəni taybatay açdı, başını bayıra çıxarıb, əlləri ilə üzünü örtdü. Pəncərə pilləkənin üstündən yel çəkirdi. Pərdələr yellənirdi, stolun üstündəki qəzetlər xışıldayırdı, bir neçə varaq döşəməyə səpələnmişdi. Ata vəhşilər sayağı fısıldaya-fısıldaya ona insafsızcasına hücum edirdi. Qreqor isə dal-dalı getməyə qətiyyən adət eləməmişdi. O, həqiqətən, çox ləng hərəkət edirdi. Əgər Qreqor dönsəydi dərhal öz otağına düşəcəkdi, lakin gec dönüb atasını əsəbləşdirməkdən qorxurdu, atasının ağacı isə hər an onun belinə, ya başına ölümcül zərbə endirə bilərdi. Nəhayət, Qreqor üçün başqa bir çıxış yolu qalmadı, zira o, heyrətlə gördü ki, dal-dalı getməklə müəyyən bir istiqamət götürmək iqtidarında deyildir, buna görə də, o, qorxa-qorxa atasına baxmaqda davam edə-edə dönməyə - mümkün olduqca sürətlə, həqiqətdə isə çox ağır-ağır dönməyə başladı. Görünür, ata onun bu xeyirxah niyyətini dərk etdi, nəinki dönməsinə mane oldu, hətta uzaqdan, ağacın ucu ilə onun hərəkətini istiqamətləndirdi. Ah, kaş atanın bu dözülməz fısıltısı olmayaydı! Bunun ucbatından Qreqor tamam başını itirmişdi. O, arzusuna nail olmaq üzrə idi ki, atanın fısıltısına qulaq verdiyindən səhv etdi və bir az geriyə döndü. Nəhayət, başını sağ-salamat açıq qapıya goğru uzatdı, lakin məlum oldu ki, gövdəsi çox enlidir və qapıdan rahat keçə bilməyəcək. ata isə özünün bu vəziyyətində dərk edə bilmədi ki, qapının ikinci tayını açıb Qreqora yol vermək lazımdır. O yalnız bircə şey haqqında fikirləşirdi: Qreqoru öz otağına mümkün qədər tez salmaq.

O, əsaslı hazılığa dözəcək halda deyildi, bu hazırlıq Qreqora lazım idi ki, o, dik vəziyyət ala bilsin və bəlkə bu vəziyyətdə qapıdan keçsin. Guya heç bir maneçilik yoxmuş kimi , o, indi Qreqoru xüsusi hay-küylə qovurdu. Qreqorun arxasında eşidilən səslər təkcə səs olaraq qalmırdı, burada məsələ, həqiqətən ciddi idi. Qreqor nə olur olsun özünü qapıya sarı vermək istədi. Bədəninin bir hissəsi qalxdı, o, qapının ağzında yanpörtü uzandı, bir böyrü yaralandı, ağ rəngli qapıda iyrənc bir ləkə qaldı. O, qapıya pərçimlənib qaldı, daha tərpənə bilmədi. Bədəninin bir böyründəki ayaqları əsə-əsə sallanırdı, o biri böyründəki ayaqları isə altında qaldığından ağrıyırdı. Ata bütün gücü ilə ona zərblə təpik ilişdirəndə - əslində bu təpik xilasedici hesab oluna bilərdi – qana bulaşan Qreqor öz otağına düşdü. Qapını ağacla çırpıb örtdülər və içəriyə çoxdan arzu edilən bir sükut çökdü.



Yüklə 215,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin