UNICEF: İnkişaf etməkdə olan ölkələrdə hamilə qadınlar və yeni doğulmuş körpələr üçün ifrat dərəcədə yüksək risklər
Ən az inkişaf etmiş ölkələrdə hamiləliyin ölümlə nəticələnmə riski 300 dəfə çoxdur
YOHANNESBURQ / NYU-YORK / CENEVRƏ, 15 yanvar 2009 – Dünyanın ən az inkişaf etmiş ölkələrində yaşayan qadınların doğuş və ya hamiləliklə əlaqədar ağırlaşmalardan ölməsi riski inkişaf etmiş ölkələrlə müqayisədə 300 dəfə çoxdur, UNICEF-in bu gün açıqladığı “Dünyada uşaqların vəziyyəti” adlı son hesabatında belə deyilir.
Eyni zamanda, inkişaf etməkdə olan ölkədə dünyaya gələn uşağın birinci ayda tələf olmaq riski inkişaf etmiş ölkədəki uşaqla müqayisədə təqribən 14 dəfə çoxdur.
Anaların və onların yeni doğulmuş körpələrinin sağlamlığı və yaşaması bir-birindən asılıdır. Buna görə də, anaların həyatını xilas edən müdaxilələrdən onların körpələri də yararlanırlar. UNICEF-in “Dünyada uşaqların vəziyyəti” adlı aparıcı nəşrinin 2009-cu il buraxılışında ana və yeni doğulmuş körpələrin sağ qalması arasındakı əlaqə qeyd olunur, zəngin və yoxsul ölkələr arasında fərqin azaldılması yolları təklif edilir.
“Hər il yarım milyondan çox qadın, o cümlədən 15-19 yaşlı təxminən 70,000 qız və gənc qadın hamiləlik və ya doğuşda ağırlaşmalar nəticəsində vəfat edir”, UNICEF-in İcraçı Direktoru Ann M. Veneman hesabatın Yohannesburq şəhərində təqdimatında demişdir. “Hesablamalara görə, hamiləlik və doğuşla bağlı ağırlaşmalar 1990-cı ildən bəri 10 milyon qadının həyatına son qoymuşdur”, o bildirmişdir.
Həm analar, həm də uşaqlar doğuşdan sonrakı günlər və həftələr ərzində təhlükəyə məruz qalırlar. Bu, doğuşdan sonrakı baş çəkmələr, düzgün gigiyena qaydaları, ana və uşaqların sağlamlığına təhlükə törədən simptomlar haqqında məlumatlandırma kimi tədbirlərin həyata keçirilməsi üçün mühüm bir dövrdür.
Son illərdə inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin uşaqların sağ qalması əmsalını təkmilləşdirməsinə baxmayaraq, analar arasında ölüm hallarının azaldılması istiqamətində az irəliləyiş əldə edilmişdir.
Məsələn, Niger və Malavi 1990-cı ildən 2007-ci ilədək beş yaşınadək uşaqlar arasında ölüm hallarının sayını az qala yarıyadək azaltmışdır. Beş yaşınadək uşaqlar arasında ölüm əmsalı İndoneziyada 1990-cı ildəki rəqəmin üçdə-biri səviyyəsinə qədər, Banqladeşdə isə yarıdan da çox azalmışdır.
Lakin doğuş zamanı və doğuşdan sonrakı ilk günlərdə təhlükəyə daha çox məruz qalan anaların üzləşdiyi sağlamlıq risklərinin aradan qaldırılmasında eyni irəliləyiş əldə edilməmişdir. Bütün dünyada beş yaşınadək uşaqların sağ qalması əmsalı yaxşılaşsa da, bəzi ölkələrdə körpələrin doğuşdan sonrakı ilk 28 gündə üzləşdiyi risklər qəbuledilməz dərəcədə yüksək səviyyədə qalmışdır.
İnkişaf etməkdə olan ölkələrdə qadınların ana olaraq ölmək təhlükəsi 76-ya qarşı 1 olduğu halda, bu rəqəm inkişaf etmiş ölkələrdə 8,000-ə qarşı 1-dir. Bütün dünyada hamiləlik və ağırlaşmalardan meydana gələn ölüm hallarının təqribən 99%-i inkişaf etməkdə olan ölkələrdə baş verir, dünyaya uşaq gətirmək isə qadınlar üçün ən ciddi səhiyyə risklərindən biri olaraq qalır. Belə halların böyük əksəriyyəti Afrika və Asiya ölkələrində baş verir: orada fertillik əmsalının yüksək olması, ixtisaslı kadrların azlığı və səhiyyə sisteminin zəifliyi bir çox gənc qadın üçün faciə deməkdir.
Ana ölümü riskinin yüksək olduğu on ölkə Niger, Əfqanıstan, Syerra Leone, Çad, Anqola, Liberiya, Somali, Konqo Demokratik Respublikası, Qvineya Bisau və Malidir. Bu ölkələrdə qadının ana olaraq ölmək təhlükəsi Nigerdə 7-yə qarşı 1, Malidə isə 15-ə qarşı 1-dir.
Vəfat edən hər bir qadına adətən ciddi və uzunsürən nəticələrlə müşayiət edilən xəstəlik və xəsarətdən əziyyət çəkən daha 20 qadın düşür.
Ana və uşaq ölümünü azaltmaq məqsədilə hesabatda tövsiyə edilir ki, səhiyyə sistemləri vasitəsilə evdə, icmada, səfərdə və tibb müəssisələrində davamlı qayğını özündə birləşdirən mühüm xidmətlər təmin olunsun.
Bu davamlı qayğı konsepsiyası vahid və konkret xəstəliyin müalicəsinə yönəlmiş müdaxilələri nəzərdə tutan ənənəvi model çərçivəsində kənara çıxaraq, əvəzində ana, körpə və uşaq sağlamlığının bütün mərhələlərini əhatə edən ilkin səhiyyə modelinin yaradılmasını ehtiva edir.
“Anaların və onların yeni doğulmuş körpələrinin həyatlarını xilas etmək üçün təkcə tibbi müdaxilələr kifayət deyildir. Qızların maarifləndirilməsi anaların və yeni doğulmuş uşaqların sağlamlığının təkmilləşdirilməsi baxımından çox mühüm olmaqla, ailələrə və cəmiyyətə də fayda verir”, xanım Veneman belə demişdir.
Hesabatın gəldiyi nəticəyə görə qadınlara geniş səlahiyyətlərin verildiyi, onların müdafiə olunduğu və maarifləndirildiyi mühitdə səhiyyə xidmətləri xüsusilə effektiv olmuşdur.
###
UNICEF haqqında
UNICEF körpələrdən yeniyetmələrə qədər bütün uşaqlara yaşamaq və böyüməyə kömək etmək məqsədilə dünyanın 150-dən çox ölkəsində və ərazisində fəaliyyət göstərir. İnkişaf etməkdə olan ölkələrin ən böyük peyvənd təchizatçısı olan UNICEF uşaqların sağlamlığı və qidalanması, təmiz su və sanitariya, bütün qız və oğlanlar üçün keyfiyyətli əsas təhsil və uşaqların zorakılıq, istismar və QİÇS-dən qorunmasını dəstəkləyir. UNICEF tamamilə fərdi şəxslərin, şirkətlərin, fondların və dövlətlərin ayırdığı könüllü ianələr vasitəsilə maliyyələşir.
Telejurnalistlərin nəzərinə:
Pulsuz videomaterial bu saytda yerləşdirilmişdir: www.thenewsmarket.com/unicef
Ətraflı məlumat və müsahibə üçün müraciət edin:
Yohannesburq:
Shantha Bloemen, UNICEF Cənubi Afrika, +27 11517-1617, sbloemen@unicef.org
Yvonne Duncan, UNICEF Cənubi Afrika, + mobil: + 27 (0) 82 561 3970 yduncan@unicef.org
Brian Hansford, UNICEF, mobil: ++ 1 917 605 1699, e-mail: bhansford@unicef.org
Nyu-York:
Kate Donovan, UNICEF Nyu-York, Tel: ++ 212 326 7452 e-mail: kdonovan@unicef.org
Christian Moen, UNICEF, Nyu-York, Tel: ++ 212 326 7516 e-mail: cmoen@unicef.org
Dostları ilə paylaş: |