MiNGƏÇEVİr su anbarinin ətraf müHİTƏ TƏSİRİNİn qiYMƏTLƏNDİRİLMƏSİ Xülasə



Yüklə 25,31 Kb.
tarix19.04.2022
ölçüsü25,31 Kb.
#55775
növüXülasə
MİNGƏÇEVİR SU ANBARININ ƏTRAF MÜHİTƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ


Ş.R.Qayıbov

BDU, GF, Hidrogeologiya və Mühəndis geologiyası kafedrası

Tel: 050-610-22-42, E-mail: shakixan.gayibov@bk.ru

MİNGƏÇEVİR SU ANBARININ ƏTRAF MÜHİTƏ TƏSİRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Xülasə: Mingəçevir su anbarının yaradılması Kür çayında müşahidə olunan maksimal sərf rejiminin dəyişməsinə, ona bağlı olan suvarma kanallarının təsir zonasında olan ərazilərdə qrunt sularının səviyyəsinin qalxmasına və regionda yeraltı təkanların sayının artmasına səbəb olmuşdur.

Açar sözlər: Su anbarları, su elektrik stansiyaları, suvarma kanalları, ətraf mühit, ekoloji şərait, sürüşmələr, qrunt suları, şoranlaşma.

XX əsrin 90-cı illərinə qədər respublika ərazisində ümumi həcmi 21500 mln m3 olan 41 su anbarı fəaliyyət göstərmişdir. Onların su güzgüsünün sahəsi 958 km2 olub, ölkə ərazisinin 1,1%-dən çoxunu təşkil edir. Vaxtilə keçmiş SSRİ-də ən böyük su anbarlar qurupuna daxil edilən Mingəçevir su anbarının tam həcmi 16 km3, sahəsi 625 km2 ,orta dərinlik 25,6 m-ə bərabərdir. Anbarda maksimal dərinlik isə bəndə yaxın hissədə olub 75 m təşkil edir.

Kür çayının su ehtiyatından səmərəli istifadə olunmasına Mingəçevir su anbarının yaradılması ilə başlanıldı. Mingəçevir hidroqovşağı 1955-ci ildə tam istismara verilmişdir. Onun tikilməsində məqsəd respublikada energetikanı, kənd təsərrüfatını, çay nəqliyyatını, balıqçılıq təsərrüfatını inkişaf etdirmək, Kür çayının aşağı axarında daşqınların qarşısını almaq olmuşdur. Mingəçevir su anbarının Azərbaycanın suvarılan əkinçilik fondunun artırılmasında rolu xüsusi qiymətləndirilməlidir. Öz mənbəyini ondan götürən Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının köməyi ilə Kür-Araz ovalığının 239 min.ha ərazisinin su təminatı yaxşılaşmışdır. [1]

Migəçevir su anbarı, mühüm xalq təsərrüfatı əhəmiyyəti ilə yanaşı, Kür çayının orta və aşağı axınında ekoloji gərginliyidə artırmışdır. Anbar yaradıldıqdan sonra ondan aşağıda çay suları ilə qidalanan geniş ərazidə Kür boyu tuqay meşələri deqradasiya uğramış, su quşları üçün əlverişli ekoloji mühitə malik olan bataqlıq, axmaz, göl landşaftları çox yerdə tamamilə suvarılan aqrolandşaftlarla əvəz olunmuşdur. Kürün axımı tənzimlənəndən sonra son 50 ildə Şirvan düzünün 18%, Mil düzünün isə 12% ərazisində minerallaşmış qrunt sularının səviyyəsi qalxmış, şoran və şorakət lanşaftlar əmələ gəlmişdir. [1]

Ərazi baxımdan Mingəçevir su anbarına yaxın olan, bu anbardan su qəbul edən kanalların xidmət etdiyi sahələr Qarabağın və Şirvanın düzənlik hissəsidir. Mingəçevir su anbarı yaradıldıqdan və Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarına su buraxıldıqdan sonra bu zonada ciddi ekoloji dəyişiklikliyin baş verdiyi müşahidə olunur. Baş verən bu ekoloii dəyişikliklərin səbəbləri araşdırılarkən məlum olmuşdur ki, qrunt sularının yer səthindən yatım dərinliyi sürətlə yuxarı qalxmışdır. Bu proses torpaq məcrada tikilmiş Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının trassası boyunca kanala yaxın olan sahələrdə əvvəlki illərdə daha intensiv olmuşdur. Yuxarı Qarabağ kanalına su buraxılmamışdan əvvəl (1955), kanal ətrafındakı sahələrdə qrunt sularinin orta yatım dərinliyi 10-15 m olduğu halda bir ildən sonra 5-6 m olmuşdur. Sonrakı 5-7 ildən sonra isə qrunt sularının orta dərinliyi 3,0-3,5 m olmuşdur. Bir müddət keçdikdən sonra (1962) kanalın keçdiyi ərazilərdə elə sahələrə rast gəlinmişdir ki, (Xaçın çayına yaxın olan ərazilər) artıq, qrunt suyunun dərinliyi 1,0-1,5 m-dir. Bu onunla izah olunur ki, kanallara su buraxılan ilkin vaxtlarda su itkisi daha çox olub. Sonrakı illərdə torpaq məcrada təbii kipləşmə getmiş, kanalla su itkisi azalmış, en kəsik sahəsi artdığına görə kanalın su aparma qabiliyyəti də artmışdır.

Yuxarı Şirvan kanalının da məcrası torpaq olduğundan, Yuxarı Qarabağ kanalının trassasında gedən proseslər burada da getmişdir. Bununla da ayrı-ayrı ərazilərdə torpağın üst qatına duzların toplanması prosesi başlanmış və torpaqlar şorlaşmışdır. [3, 55-56]

Mingəçevir su anbarının tikintisindən sonra ətraf zonalarda qrunt sularının səviyyəsi 1950-1960 cı illərdə kəskin qalxmışdır. Sonrakı illərdə qrunt sularının səviyyəsinin yer səthinə yaxınlaşma sürətinin aşağı olması ərazidə tikilmiş kollektor-drenaj sistemlərinin yaxşı işləməsi ilə izah olunur. Unutmaq olmaz ki, qrunt sularının yer səthinə yaxınlaşması və bununla da torpaqların şorlaşması prosesi hal hazırda davam edir. 2010-cu ilin hesabatına əsasən su anbarının təsir zonasında qrunt sularının yer səthindən orta yatım dərinliyi təxminən 1-1,5 m təşkil etmişdir. Əkin sahələrindəki torpaqların 70-80 %-də şorlaşma prosesi müşahidə olunmuşdur. [6]

Migəçevir su anbarında ekoloji fəlakət törədə biləcək təhlükələrdən biridə anbar bəndilə əlaqədardır. Mütəxəssislər (N.Məcidova,1996) iddia edirlər ki, anbar bəndi uçsa, ilkin yüksəkliyi 20 metr olan, son dərəcədə qüvvətli su dalğası (onlarca milyard kubmetr su ) Saatlı, Sabirabad, Yevlax, Şirvan, Salyan, Neftçala rayonlarını, Biləsuvar və Cəlilabad rayonlarının ayrı-ayrı yaşayış məntəqələrini su altında qoyar. Bu ərazilərdə bir milyondan artıq əhali yaşayış və ölkənin iqtisadi potensialının 30%-i cəmlənmişdir. Tədricən 3 metrə qədər enəcək bu dalğanın qarşısını almaq qeyri- mümkün olar. Digər tərəfdən kənd təsərrüfatı dövrüyəsində olan sahələrin çox hissəsi su altında qalacaq, torpaq qatı 60 ilə yaxın bəndin yuxarı biefində dibə çökmüş zəhərli kimyəvi maddələrin təsirinə məruz qalacaqdır. Su çəkildikdən sonra belə bu torpaqlar uzun illər boyu kənd təsərrüfatı bitkilərinin yetişdiriliməsi üçün yararsız olacaq. Zəhərlənmiş bu sahələrdə yetişdirilən kənd təsərrüfatı məhsullarından istifadə anormal körpələrin dünyaya gəlməsinə səbəb olub, millətin genefondu üçün təhlükə yaradacaqdır.

Son onilliklərdə Migəçevir su anbarı akvatoriyası ətrafında baş verən ekzogen geoloji proseslər bənd üçün təhlükə törətmişdir. Bu, leysan yağışlarla və zəif yeraltı təkanlarla bağlıdır. Keçən əsrin sonlarında iki dəfə su anbarı rayonunda iri miqyaslı sürüşmə baş vermişdir. 1985-ci il martın 19-da güclü leysan yağışlardan sonra Gəmi Buxtası ərazisində qalınlığı 2-5 m olan torpaq sahəsi sürüşmüşdür. Nəticədə eni 25-30 sm olan çatlar yaranmışdır. Belə sürüşmələr 1987-88-ci illərdə də müşahidə edilmişdir. Ən təhlükəli hal isə 1989-cu il avqustun 23-də baş vermişdir. O, zaman sürüşmə 3,5-4 mln m3 torpaq qatını Bozdağdan götürərək su anbarının sağındakı sahil bərkidicilərini dağıtmış və Yuxarı Qarabağ kanalının baş giriş hissəsində təhlükə yaratmışdır. [2]

1996-cı il iyunun 22-dən 13-ə keçən gecə düşən leysan yağıntının miqdarı orta aylıq səviyyədən çox yüksək olmuşdur. Yağış sularından yaranmış çatlar yarğanlara dolaraq yamacı islatmış və onu hərəkətə gətirmişdir. Sahil boyunca bərkidici qurğuların olmaması nəticəsində sürüşən kütlə su anbarı istiqamətində hərəkət etmişdir. Sürüşmələrin əmələ gəlməsinin əsas səbəblərindən biri ərazidə texnogen səciyyəvi yeraltı suların toplanması, onların səviyyəsinin ildən-ilə yer səthinə yaxınlaşması və alçaq relyefli sahələri bataqlıqlaşdırmasıdır (F.Əliyev,1996). Bütün bunlar su anbarı bəndinin gələcək istismarı üçün təhlükə yaradır.

Bənddə qəza törənə biləcək ehtimalı nəzərə alaraq, anbarda su səviyyəsi onun istismarı dövründə ancaq 8 dəfə ( 1959, 1963, 1968 , 1973, 1975, 1976, 1978 və 1988-ci illər) 83m yüksəklikdə olmuşdur. 2010 ilin may və iyun aylarında Kür çayının keçirdiyi xarakterik gur su fazasında anbar bəndinin təhlükəsizliyini təmin etmək üçün ondakı su səviyyəsi 82,37 m-də saxlanılmışdır. [2]

Qeyd etmək lazimdır ki, Mingəçevir su anabrıının yaradılması Kür çayında müşahidə olunan maksimal sərf rejiminə ciddi təsir göstərmişdir. Anbar istismara verilməmişdən qabaq onun ərazisində çayın maksimal sərfi 2270-2420 m3/san, mənsəbdə (Surra hidrometrik məntəqəsində) isə 2540-2810 m3/san-yə bərabər olmuşdur. Su anbarı istismara verildikdən sonra Araz çayı mənsəbinə qədər olan hissədə maksimal sərf 1350 m3/san (2010–cu il daşqınına qədər ), Surra məntəqəsindən aşağıda isə “Araz “ hidroqovşağı yaradılana qədər (1971 il) maksimal sərf 2680 m3/san, hidroqovşaq yaradıldıqdan sonra isə 2080 m3/san təkil etmişdir. [2]

Kür çayının Azərbaycan hissəsinin, xüsusilə də Mingəçevir su anbarı və ətraf ərazilərinin seysmik aktivliyi narahatçılıq doğurur. Narahatçılığın əsas səbəbi odur ki, bir qayda olaraq seysmik rayonlarda yaradılan Mingəçevir anbarı kimi nəhəng su anbarları regionun seysmikliyini dahada artırır ki, bu da hər şeydən əvvəl Mingəçevir torpaq bəndinin dağılma riskini artıran əlavə bir amili meydana çıxarır. 1900-1954 cü illər arasında Mingəçevir və ətraf rayonların ərazilərində 21 zəlzələ olmuşdur ki, onların energetik sinfi K>9 olmuşdur. Mingəçevir su anbarı su ilə doldurulduqdan sonra ötən dövrdə həmin ərazidə energetik sinifi K>9,5 olan 91 zəlzələ qeydə alınmışdır. Bunlardan 73-ü 9,5-11 energetik sinfindən, 15 zəlzələ 11-12 sinfindən, 3 zəlzələnin gücü isə 12-dən çəx olmuşdur. Beləliklə, Mingəçevir su anbarının yaradılması regionda yeraltı təkanların sayını artırmış, energetik gücünü isə əksinə olaraq azaltmışdır. [7]

Nəticə

Kür çayı üzərində Mingəçevir su anbarının tikilməsi nəticəsində ətraf mühitdə aşağıdakı dəyişikliklər baş vermişdir:

1. Düzənlik sahədə su anbarlarının tikilməsi nöqsanlı bir layihədir, çünki geniş düzənlik ərazilər su altında qalır. Kür çayı boyu ardıcıl olaraq su anbarlarının yaradılması bir sıra ekolji problemlər yaratmışdır. Təkçə Mingəçevir su anbarının tikilməsi nəticəsində 60,5 min ha düzənlik sahə su altında qalmışdır, 100 min hektara yaxın Tuqay meşəsi məhv edilmişdir.

2. Su anbarının və ona bağlı olan suvarma kanallarının təsir zonasında olan ərazilərdə qrunt sularının səviyyəsinin qalxması nəticəsində torpaqlarda şoranlaşma prosesləri müşahidə olunmuşdur.

3. İqlimdə kəskin dəyişiklik muşahidə olunmuşdur. Küləkli günlərin sayı artmışdır. Quru və isti küləkli günlər bitki örtüyünün tez məhv olmasına səbəb olmuş, bitkidən məhrum olan torpaq örtüyü səthi, xətti və külək eroziyasına məruz qalmışdır.

4. Su anbarının tikilməsi ətraf ərazilərin seysmik vəziyyətinin dəyişməsinə səbəb olmuşdur. Mingəçevir anbarı kimi nəhəng su anbarları regionun seysmikliyini dahada artırmışdır. Mingəçevir su anbarının yaradılması regionda yeraltı təkanların sayının artmasına, energetik gücünün isə əksinə olaraq azalmasına səbəb olmuşdur.

5. Mingəçevir su anabrıının yaradılması Kür çayında müşahidə olunan maksimal sərf rejiminə ciddi təsir göstərmişdir.

Ədəbiyyat


2. Aslanov H.Q. Kürün aşağı axarının ekocoğrafi problemləri.Bakı, “Caşıoğlu”, 2013, səh-234.



7. Yetirmişli Q.C., Məmmədli T.Y., Rzayev A.Q., İsmayılova S.S. MANIFESTATION FEATURES OF LANDSLIDE PROCESS AROUND THE MINGACHEVIR RESERVOIR (2014



Bölmə: Geologiya və geofizika bölməsi.


Yüklə 25,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin