Mİr möHSÜn nəvvab 1905-1906-ci iLLƏRDƏ erməNİ-MÜSƏlman davasi azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 0,62 Mb.
səhifə1/10
tarix01.04.2017
ölçüsü0,62 Mb.
#13036
  1   2   3   4   5   6   7   8   9   10


MİR MÖHSÜN NƏVVAB

1905-1906-CI İLLƏRDƏ

ERMƏNİ-MÜSƏLMAN

DAVASI

Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

MİR MÖHSÜN NƏVVAB


1905-1906-CI İLLƏRDƏ

ERMƏNİ-MÜSƏLMAN

DAVASI

BAKI-2014


Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 4 dekabr 2013-cü il tarixli 10 saylı iclasının qərarı ilə nəşr edilir.
Tərtib edən, əski əlifbadan çevirən və işləyənlər:

Kamandar Şərifli

filologiya elmləri doktoru



Arif Ramazanzadə
Elmi redaktoru: Möhsün Nağısoylu

filologiya elmləri doktoru, professor



QANLI-QADALI İLLƏRİN DƏYƏRLİ ABİDƏSİ
Keçmiş Sovet İttifaqının Süqutu ərəfəsində ortaya atılmış süni Dağlıq Qarabağ probleminin öyrənilməsi, onu ortaya atmış erməni millətçiləri və onların havadarlarının niyyətlərinin ifşa etmək baxımından Mir Möhsün Hacı Mirəhməd oğlu Nəvvabın (1833-1918) son dövrlərədək elm aləminə məlum olmayan “Təvarixi-rəzm və şurişi tayıfeyi-əraməniyeyi-Qafqaz ba firqeyi müsəlmanan” (“Qafqaz erməni tayfası ilə müsəlmanların vuruş və iğtişaş tarixləri”) əsəri son dərəcə əhəmiyyətlidir. M.M.Nəvvab yaşadığı dövrdə baş verən hadisələrdən kənarda qalmamış, tariximizin ən faciəli, qanlı səhifələrindən birini təşkil edən 1905-1906-cı illərdə rus imperiyasının fitnə-fəsadı və onun qəsbkar ordusu ilə erməni millətçilərinin xalqımızın üzərinə qaldırılması nəticəsində baş vermiş qırğınları qələmə almışdır.

Əsərdə 1905-1906-cı illərdə Şuşada və Qarabağın başqa kəndlərində, eləcə də yurdumuzun digər bölgələrində erməni millətçilərinin Azərbaycan türklərinə qarşı törətdikləri cinayətlər haqqında ayrı-ayrı epizodlarda geniş məlumat verilir. Müəllifin yazdıqlarından aydın olur ki, o vaxt da bu iki millətə qarşı münasibət fərqli olmuşdur. M.M.Nəvvab qeyd edir ki, çarın əmrilə silah gəzdirmək Azərbaycan türklərinə qəti qadağan edilmişdi. Bundan istifadə edən silahlı erməni dəstələri silahsız azərbaycanlıları asanlıqla tutmağa və min cür əzabla öldürməyə müyəssər olurdular. Onlar fürsət düşən kimi istər azərbaycanlı, istərsə də Osmanlı türklərinə hər cür maddi, mənəvi və fiziki zərbələr endirməyə çalışmışlar. Əsərdə deyildiyi kimi, hətta 1877-ci il Rusiya-Türkiyə müharibəsi zamanı rus ordusunun tərkibində Qars şəhərinə daxil olan ermənilər orada əllərinə keçən əlyazma kitablarını və Qurani-Şərifi amancızcasına yandırmışlar.

M.M.Nəvvab yazır ki, erməni millətçiləri əvvəl Osmanlı dövlətində, sonra isə Rusiya şəhərlərində xüsusi qımdatxanalar (müasir saqqallı erməni quldurlarının əcdadlarını türklərə qarşı birləşdirmiş mərkəzlər) yaratmışlar. Ora “ziyalılar”, cavanlar, sənətkarlar və erməni icmasının başqa nümayəndələri cəlb olunurmuş. Osmanlı və Azərbaycan türklərinə qarşı təbliğatda, təxribatda, sui-qəsddə, eləcə də silahlı toqquşmalarda istifadə etmək üçün lazımi sursat, çar məmur və zabitlərinin rüşvətlə ələ keçirilməsi məqsədilə varlı erməni təbəqələrindən pul toplamaq qımdatların əsas vəzifələrindən biri idi.

İstər qımdatlara, istərsə də başqa erməni millətçi dəstələrinə xeyir-dua verən, onları xalqımıza qarşı törətdikləri qanlı cinayətlərin əsas təşkilatçısı yerlərdə fəaliyyət göstərən kilsələr və kilsə xadimləri olmuşlar. Onlara isə rəhbərliyi Eçmiədzin (Üç müəzzin) etmişdir.

Kilsənin toxunulmaz Tanrı məbədi olduğunu nəzərə alaraq keşişlər onu 1905-1906-cı illərdə xalqımıza qarşı erməni quldur dəstələrini silahlandıran hərbi sursat cəbbəxanasına çevirmişdilər. 1906-cı ildə Şuşada erməni millətçilərinin törətdiyi ardı-arası kəsilməyən qırğınlardan cana doymuş bir neçə erməni Şuşa kilsəsinin yeraltı qatlarında məxfi hərbi sursat anbarları olması haqqında gizlicə şəhər üsul-idarəsinin başçısı olan rus generalına xəbər verərək, həmin anbarların ləğv edilməsini tələb edirlər. Yoxlanış zamanı iki kilsənin yeraltı qatından çoxlu miqdarda tüfəng, güllə, top, bomba, dinamit, evlərin yandırılmasında istifadə etmək üçün müxtəlif maddələrlə doldurulmuş silah anbarları açkar edilmişdir. Kilsənin əsas fəaliyyəti ilə daban-dabana zidd olan bu əməllərinə görə Ter-Ovanesyan, Ter-Arsen Vartapetov, Ter-Karapet Vartapetov, Mirzəbekov, Asatur Vartapetov kimi keşişlər sadəcə olaraq Şuşadan uzaqlaşdırılmışdılar.

Erməni kilsəsinin bu fəaliyyəti son dövrlər Ermənistanın ölkəmizə qarşı apardığı təcavüzkar müharibədə də müşahidə olunmuşdur. “Həyat” qəzetinin 31 may 1991-ci il tarixli sayında dərc olunmuş “Kilsədə... silah anbarı” başlıqlı Dağlıq Qarabağdan bəhs edən məqalədə deyilir: “Altı minaatan, elektrik detonatorları ilə birlikdə 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası və qumbaraatanlar üçün seriya ilə buraxılmış yeddi qumbara, radiostansiya üçün iki güclü enerji bloku-erməni yaraqlılarının bütün bu silah və döyüş sursatı cəbbəxanası... mayın 29-da respublika Dövlət Təhlükəsizliyi Komitəsi əməliyyat qrupunun və SSRİ Daxili İşlər Nazirliyi əməliyyat istintaq qrupunun hərbi qulluqçularla birlikdə apardıqları axtarış əməliyyat zamanı Əsgəran rayonundakı Qılıçbaq erməni kəndinin (Xanabad kənd sovetliyindədir) kilsəsində tapılmışdır.

Bəzilərinə təəcüblü görünər ki, insanlığı mənəvi paklığa çağıran, onlara pislikdən ədavətdən, zalımlıqdan əl çəkməyi tövsiyə edən, adamları ədalətə, xeyirxahlığa haqq yoluna dəvət edən Tanrı məbədinə ölüm, qan qoxusu verən və kilsə qanunlarına təmamilə daban-dabana zidd olan silahların orada toplanması, saxlanması və quldur dəstələrini silahlandırıb, başqa xalqa və onun torpağına qarşı təcavüzə yönəltmək mümkün olan şeydirmi?

Əgər biz XX yüzilliyin lap əvvəllərindən başlayaraq bu günümüzədək erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən aşkar və gizli qırğınlara, torpağımıza şərik və sahib olmaq məqsədilə aparılan təbliğatlara və silahlı vuruşmalara dair Çar Rusiyasında və keçmiş SSRİ-də, eləcə də xarici ölkələrdə yazılmış onlarla məxəzləri izləmiş olsaq, görərik ki, bu iki millət arasında ədavəti qızışdıran və təşkil edən başlıca qüvvə kilsə və onun ətrafına toplanmış erməni “ziyalıları” olmuşlar.

İki millət arasında davam edən iğtişaş və qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general Mayevski öz qeydlərində yazır: “Erməni din xadimləri haqqında bir neçə söz demək istəyirəm. Onların dini fəaliyyəti olduqca cüzidir. Erməni din xadimlərinin fəaliyyəti “Allah kəlamını” çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”.

Vaxtilə Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi Baron de-Bay belə yazmışdı: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Mənim bütün minnətdarlıqlarıma baxmayaraq, mən səmimi olmalıyam. Bu monastr mən də dini mərkəzdən çox, siyasi mərkəz təəssüratı yaratdı”.

Erməni kilsəsinin belə qeyri-insani fəaliyyətini işıqlandıran ayrı-ayrı məxəzlərdən çoxlu nümunələr gətirmək olar. Son dövrlərdə də istər xaricdə, istərsə də daxildə olan erməni mafiyasının ən qüdrətli dayaqlarından biri, terror və təbliğat şəbəkələrinin təşkilatçısı, onu maddi cəhətdən təmin edən kilsə olmuşdur.

Mir Möhsün Nəvvabın haqqında danışdığımız əsəri hal-hazırda istər Dağlıq Qarabağda, istərsə də başqa bölgələrdə gedən müharibənin səbəblərinin, onun tarixi köklərinin və erməniləri dəstəkləyən qüvvə və tərəflərin öyrənilməsində və xarici qüvvələrin bu bölgədə apardıqları siyasətin aşkarlanmasında dəyərli məlumatlar verəcək.




Kamandar Şərifli

filologiya elmləri doktoru


Tarixin qan yaddaşını özündə yaşadan kitab
XIX əsr Azərbaycan ədəbi-mədəni mühitində özünəməxsus yeri və çəkisi olan sənətkarlardan biri də Mir Möhsün Nəvvabdır (1833-1918). O həm istedadlı qələm sahibi – şair, qüdrətli ədəbiyyatşünas, həm də mahir fırça ustası kimi tanınır. Nəvvabın nücum və tibbə, musiqişünaslıq və şəriətin müxtəlif sahələrinə, ilahiyyata dair əsərləri də vardır. Qeyd edək ki, müəllifin fars və türk dillərində yazdığı və ümumi sayı 20-dən çox olan əsərlərinin böyük bir hissəsi hələ də əlyazma şəklindədir və öyrənilməmişdir. Nəvvabın son dövrdə aşkarlanaraq ilk dəfə 1993-cü ildə nəşr edilmiş “1905-1906 illərdə erməni-müsəlman davası” kitabı isə müəllifin eyni zamanda yaşadığı dövrün mürəkkəb və kəşməkeşli hadisələrə fəal vətəndaş mövqeyini bildirməsi, alovlu publisist və qızğın bir vətənpərvər olduğunu sübut edir. Müəllifin “Təvarixi-rəzm və şurişi-taifeyi-əraməniyyeyi-Qafqaz ba firqeyi-müsəlmanan” (“Qafqaz erməniləri tayfasının müsəlmanlarla savaş və iğtişaş tarixləri”) adlandırdığı bu kitabı real faktlar əsasında qələmə alınmışdır və ermənilərin 1905-1906-cı illərdə xalqımıza qarşı törətdiyi vəhşilik və cinayət əməllərini, mənfur niyyətlərini tam gercəkliyi ilə əks etdirir və bir sıra aktual mətləblərə aydınlıq gətirir.

Nəvvab türkcə qələmə aldığı bu əsərində öncə Şuşa qalasının Pənah xan tərəfindən inşa edilməsi və onun varisi İbrahim Xəlil xanın başına gətirilən müsibətlər haqqında qısa bilgilər verir, sonra isə birbaşa əsl mətləbə keçərək erməni-müsəlman davasının tarixçəsinə nəzər salır. Müəllifin epizodik səciyyə daşıyan kiçikhəcmli bu qeydlərindən iki mühüm məsələ aydın olur: Birincisi, ermənilər hələ XIX əsrin ikinci yarısından başlayaraq təşkilatlanmış və müsəlmanlara qarşı döyüş və təxribatlar üçün hazırlıqlar görmüşlər. İkincisi isə, erməni tayfası çox satqındır, “zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər”. Nəvvab müsəlmanların sadəlövh və ürəyiaçıq, ermənilərin isə əksinə çoxbilmiş və kinli olmalarının sübutu kimi belə bir əhvalatı qələmə alır: 1903-cü ildə Məhəmməd və Salman adlı iki qardaş kəndlərindən qaçaraq meşəyə gəlir və burada Aleksan adlı bir erməni ilə dostlaşır. Qardaşlar hər gün erməniyə cürbəcür yeməklər gətirib onları qardaş malı kimi tən yarıya bölüb, ermənini də qonaq edirlər. Erməni isə bir neçə gündən sonra özü kimi iki erməni məlununu da gizlicə ora gətirir və qardaşları yatdıqları yerdə qətlə yetirirlər.

Kitabda təsvir olunan hadisələr daha çox Qarabağ torpağında, xüsusilə də onun başkəndi-tacı sayılan Şuşada baş verir. Bununla belə, müəllif yeri gəldikcə erməni millətçilərinin Bakı və İrəvanda, Naxçıvan və Təbrizdə, Tiflis və Xorasanda törətdikləri təxribatları da nəzərdən qaçırmır və onların bir mərkəzdən idarə olunmalarını vurğulayır. Əsərin səciyyəvi müsbət cəhətlərindən biri onun konkret hadisələrin təsvirinə yönəlməsi və müəllifin bu hadisələrdə ya bilavasitə iştirakı, ya da onları başqalarından eşitməsi əsasında qələmə alınmasıdır. Bu isə, aydındır ki, kitabın mötəbərliyinin bir əlaməti kimi dəyərləndirilə bilər. Bu da maraqlıdır ki, müəllif təsvir etdiyi hadisələri sadəcə bir seyrçi kimi qələmə almır, əksinə hər dəfə öz vətəndaşlıq mövqeyini də ortaya qoyur, təhlillər edir, nəticələr çıxarır, ümumiləşdirmələr aparır və bir el ağsaqqalı kimi baş verənlərə öz müəllif mövqeyini bildirməkdən çəkinmir.

Əsərdə diqqəti çəkən məqamlardan biri də baş verən hadisələr zamanı türklər və müsəlmanlar arasında sarsılmaz bir birlik və vəhdət olmasının xüsusi olaraq vurğulanmasıdır. Məsələn, kitabın bir yerində 1906-cı ildə Əsgəran yolu ermənilər tərəfindən bağlananda və Şuşa qalası blokadada qalanda bir sıra möhtərəm şəxslərin yerli kasıblara əl tutmalarından söhbət açılır və burada Bakıdan Məşhəd və Aşqabaddan, Ərdəbil və Rəştdən, hətta uzaq Kazandan da yerli müsəlman əhalisinə edilən ianə və köməklər göstərilir. Kitabda Nəvvab həm də qızğın bir vətənpərvər kimi çıxış edərək ermənilərə qarşı vuruşan adi insanların igidliyini böyük vəcdlə qarşılayır, onların şücaət və mərdliyini alqışlayır. Müəllif 1905-ci ilin avqust ayında Şuşada baş verən qanlı olayları təsvir edərkən Azərbaycan türklərinin görünməmiş igidlik və şücaətini böyük coşqu ilə təsvir edərkən onların necə vuruşmalarına heyran qalan qubernatorun dilindən deyir:



-“Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin (Azərbaycan türklərinin – M.N.) belə bir hünər göstərərək səngərlər tutması çox qəribədir”.

Mir Möhsün Nəvvab Azərbaycan türklərinin humanistliyindən də ürəkdolusu danışır. Məsələn, yenə 1905-ci il Şuşa hadisələrindən söz açarkən bazar darğası (polisi) İsmayıl bəyin müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri öz evinə apararaq orada tam əminlikdə saxladığına bəraət qazandırır. Eləcə də əsərin bir yerində kilsəni tutan müsəlmanlara kilsənin divarlarına toxunmamağı, Allah evinə ehtiramla yanaşmağı tövsiyə edər. Ermənilər isə əksinə, ələ keçirdikləri məscidlərə od vurur və Allahın evinə qarşı nalayiq hərəkətlər edirdilər. Kitabda ermənilərin müsəlmanlara qarşı vəhşiliklərinin təsviri də qırmızı xətlə keçir. Belə ki, ermənilər qocalara, uşaqlı analara belə rəhm etmir, onları əzabla öldürür, bədən üzvlərini kəsir, meyidləri tanınmaz vəziyyətə salırmışlar. Məlum olduğu kimi, ermənilər keçən əsrin sonlarında da istər azərbaycanlıların əzəli torpaqları olan Qərbi Azərbaycanda, istərsə də Dağlıq Qarabağda, xüsusilə də Xocalıda yerli əhaliyə qarşı qəddarlıq və vəhşilik hərəkətlərinə əl atmışlar. Bu, onların əbədi və əzəli xislətidir. Ermənilərlə təmasda olanlar, onları az-çox tanıyanlar bu tayfanın nə qədər iyrənc əməl sahibləri olduqlarını yaxşı bilirlər.

Nəvvabın bu kitabını bədii-publisistik bir əsər kimi dəyərləndirmək məqsədəuyğundur. Belə ki, müəllif hadisələrin bir çoxunu bədii şəkildə təsvirinə üstünlük verir, yeri gəldikcə müvafiq şeir parçalarını da nəsr arasında işlədir ki, bu da əsərin bədii keyfiyyətlərini, estetik dəyərini daha da artırır.

Kitabda da qeyd olunduğu kimi, ermənilər özlərinin mənfur niyyətlərini həyata keçirmək üçün müxtəlif hiylələrə əl atır, gah özlərini yazıq məzlum millət kimi göstərir, gah da yalquzaq kimi dişlərini qıcadaraq görünməmiş, ağlasığmaz vəhşiliklər törədir. Əsərin ayrıca bir fəslində ermənilərin kazaklarla əlbir olmaları və onların köməyilə Azərbaycan türklərinə qarşı talan və qarətlər törətdikləri qələmə alınır.

Tarix təkrar olunur deyirlər: 1988-ci ilin fevralında da həmin ermənilərin xələfləri rus zabitləi ilə əlbir olub Xocalı qətliamını törətdilər. Məhz bütün bu olayları göz önünə gətirdikdə Nəvvabın bu kitabının bu gün də olduqca aktual olduğunu, oradakı bir çox mətləblərin yaşadığımız günlərlə səsləşdiyinin şahidi oluruq.

Nəvvab bu kitabı qələmə alarkən artıq ömrünün ixtiyar çağlarını yaşayırdı, yaşı 70-i haqlamışdı. Kitabda onun bir el ağsaqqalı rolunda çıxış etməsi, erməniləri ağıllarını başlarına yığmalarını məsləhət görməsi də diqqəti çəkir. Belə ki, əsərin ayrıca bir fəsli “Erməni tayfasına nəsihətlər” adlanır və müəllif burada erməniləri Allahı düşünməyi, Allahdan qorxmağı, zülmdən, vəhşilikdən əl çəkməyi tövsiyə edir: Mən bilmirəm fitnə-fəsad törədib xalqı qırğına verən bu erməni quldurları o dünyada sorğu-sual zamanı adil Allaha nə cavab verəcəklər.



Bu qədər zülm, sitəmkarlıq, insafsızlıq və özbaşınalıqla bu əyalətdə bayrağınızı qaldırmaq istəyirsiniz. Lakin ona nail olmayacaqsınız... Bunu yəqin bilin ki, bu zülmlərin əvəzi çox tezliklə onu törədənlərdən çıxılacaq”.

Nəvvabın bu sözləri onun necə də uzaqgörən olduğunu, ermənilərin hələ çox fitnələr törədəcəyini, lakin son nəhayətdə məğlub olacaqlarına əminlik yaradır. Məhz bu keyfiyyətlərinə görə dövrünün qabaqcıl ziyalısı, ensiklopedik zəka sahibi Mir Möhsün Nəvvabın 1905-1906-cı illərdə erməni-müsəlman davası” kitabı yaxın keçmişimizi özündə yaşadan mötəbər bir qaynaq kimi dəyərləndirilir və xalqımızı haqq işi uğrunda mübarizəyə səsləyir.

Mir Möhsün Nəvvab məşhur “Təzkireyi-Nəvvab” əsərində özü haqqında məlumat verərkən çoxsaylı kitabları haqqında da qısa bilgi təqdim edir və onları qələmə almaqda əsl məqsəd və məramının öz həmdəmlərinə və millətə xidmət olduğunu dilə gətirir (M.M.Nəvvab. Təzkireyi-Nəvvab. Bakı, 1988, səh. 237).

Vətənpərvər ziyalının bu sözlərini eynilə müəllifin bu kitabına da aid etmək olar. Nəvvabın 1905-1906-cı illərdə ermənilərin xalqımıza qarşı törətdiyi qətl və qırğınları, vəhşilik və amansızlıqları qələmə almaqda iki başlıca məqsədi, məramı olmuşdur:

Birincisi: Erməni millətçilərinin iç üzvlərini xəbis niyyətlərini, təbiətlərindəki satqınlığı və ikiüzlülüyü açıb göstərmək;

İkincisi: həmvətənlərini erməni fitnələri qarşısında ayıq-sayıq olmağa çağırmaq və lazım gəldikdə onlara layiqli cavab verməyə ruhlandırmaq.

Məhz bu keyfiyyətlərinə görə Nəvvabın sözügedən kitabı yazıldığı 1906-cı ildə nə dərəcədə aktual və əhəmiyyətli idisə, yaşadığımız günlərdə də eyni dərəcədə aktualdır və əhəmiyyətlidir.

Son olaraq onu da qeyd edək ki, Nəvvabın bu kitabı müəllifin öz xətti ilə yazdığı avtoqraf nüsxəsi əsasında hazırlanmışdır. Kitab dövrün ənənəsinə görə uzun silsiləli ərəb-fars tərkibləri ilə doludur və bu səbəbdən də çağdaş oxucu üçün anlaşıqlı deyil.

Bunu nəzərə alaraq kitabın tərtibçiləri onun dilini sadələşdirilmiş, lakin müəllifin özünəməxsus üslubunu qorunub saxlamışlar.


Möhsün NAĞISOYLU

filologiya elmləri doktoru, professor

G İ R İ Ş
İzzətli və mehriban qardaşlarım, hüzuruna böyük ehtiramla, Nəvvab Mir Möhsün Hacı Seyid Əhməd Ağamirzədə Qarabaği oğlu ərzi-əhval edir ki, bu vaxtlar, yəni hicri 1323-cü (miladi 1905)-ci ildə Qafqaz vilayətində və bir para xarici ölkələrdə ermənilərlə müsəlmanlar arasında baş vermiş iğtişaşların və qırğınların bir parasını müxtəsər şəkildə yadigar qalmaq üçün Azərbaycan türkcəsində qələmə aldım.

Əvvəla bunu bilmək lazımdır ki, Qafqaz vilayətləri müsəlman padşahlarına,ələlxüsus, İran şahlarına tabe olub. Qafqaz vilayətlərində, o cümlədən Azərbaycanda ayrı-ayrı xanlıqlar yaranaraq, İran tabeliyindən çıxdılar, bu zaman yəni hicri 1161-ci (miladi 1748)-ci ildə Pənah xan Bayatda bir qala tikdirdi. Bir az müddətdən sonra həmin qalanı tərk edib, hicri 1165-ci (miladi 1751)-ci ildə Tərnəkütdə başqa bir qala bina etdi. Beş il istər-istəməz o qalada qaldı. Əyanlar Pənah xanın bu qalaya meyilsiz olduğunu hiss edib ona müraciət etdilər ki, əgər məsləhətdirsə, gözəl havası olan səfalı, hündür bir yer var ki, orada yeni bir qala tikdirəsiniz. Ora müdafiə baxımdan da münasib bir mövqedə yerləşir. Pənah xan öz əyanları ilə gəlib həmin yerə baxarkən gördü ki, ora hündür yerdir, dörd ətrafı uca qayalar və dağlarla əhatə olunmuşdur. Uçan quşlardan başqa insan və heyvan həmin qayalarla qalxıb-enməyə qadir deyil. Bura yalnız iki tərəfdən – şərqdən və qərbdən gediş-gəliş yolları var. Pənah xan həmin yeri bəyənib bildirdi ki, çox yaxşı möhkəm şəhər yeridir. Lakin nə fayda ki, kifayət qədər axar suyu və çayları yoxdur. Sonra xanın əmri ilə kankanlar gəlib orada bir neçə yerdə quyular qazdılar. Quyulardan yaxşı su çıxdı, lakin şor idi.

Hicri 1170-ci (miladi 1756)-cı ildə Pənah xanın əmrinə əsasən həmin yerdə bir qala tikildi və həmin qala Pənahabad qalası adlandırıldı. İndi həmin qalaya Şuşa qalası deyirlər. Get-gedə həmin qala abadılaşdırılaraq şəhərə çevrildi. Burada zərbxana tikdirilərək, pul kəsilməyə başladı. Burada sikkələr kəsilirdi. Qarabağda Pənah xanın hakimiyyəti İran padşahının onu İrana aparana qədər davam etmişdi (Xan İrana aparılanda orada vəfat etmişdir1). Pənah xandan sonra İbrahim Xəlil xan öz anasının yerində oturub hökmranlıq etmişdir. İbrahim Xəlil xan Qalanın (xalq arasında Pənahabad şəhəri Qala adı ilə də məhşur idi) abadlığına böyük əhəmiyyət verərək onun ətrafında çoxlu kəndlər salmışdı.

Bununla da onun xanlığı get-gedə qüvvətlənmiş və özü böyük şöhrət tapmışdı.

İran padşahı Ağa Məhəmməd şah Qacar saysız qoşunla Qarabağa hücum etdikdən sonra, Qalaya daxil olarkən İbrahim Xəlil xan Dağıstan tərəfə qaçmışdı. Ağa Məhəmməd şah Qacar isə xanın oğlu Məhəmməd Həsən ağanın evini özünə iqamətgah seçmişdi.



1. Ancaq deyilənə görə, Pənah xan İranda vəfat etməsinə baxmayaraq, vəsiyyətinə görə onu gətirib Ağdamda İmarətdə dəfn etmişlər.

Ağa Məhəmməd şah Qacar bir gün Səfərəli adlı bir nökərini cinayət etdiyinə görə hədələyib buyurur ki, sabah müqəssirlərin hamısının başını kəsdirib bir minarə tikdirəcək və Səfərəlinin başını lap yuxarıda qoyduracaq.

Həmin Səfərəli şahın qapısında keşikçi durardı. O gecə bir yoldaşı ilə birlikdə gecədən xeyli keçdikdən sonra şahın yatdığı evə daxil olub, xəncər ilə şahın qarnını yırtıb öldürürlər.

Bu hadisə hicri 1211-ci (miladi 1796)-cı ildə baş vermişdi. Şah öldürüldükdən sonra qoşun dağılıb İrana qayıtdı və İbrahim Xəlil xan gəlib öz yerində qərar tutdu. Ağa Məhəmməd şahın vəliəhdi Fətəli şah hadisədən xəbərdar olduqdan sonra oğlu Abbas Mirzənin sərkərdəliyi ilə yenidən Qarabağa qoşun yeritdi. Bu əhvalatdan xəbər tutan İbrahim xan qorxuya düşdü. Dərhal öz oğlu Məhəmməd Həsən ağanı Gəncəyə rus sərdarının yanına göndərib ondan kömək istədi.

Rus sərdarı on min qoşun götürüb Məhəmməd Həsən ağa ilə birlikdə Qarabağa gəldi. İbrahim Xəlil xan əmirlilərdən və cəbrayıllılardan bir qədər atlı götürüb rus sərdarının qabağına gəldi. Görüşdən sonra onlar Araz çayı tərəfə İran qoşununun qarşısına hərəkət etdilər. Aslandüz deyilən yerdə İran qoşunu ilə qarşı-qarşıya gəlib bir az döyüşəndən sonra azsaylı İran qoşunu geri çəkilib İrana qayıtdı. Vuruşdan sonra İbrahimxəlil xan öz atlıları və rus qoşunu ilə birlikdə geri dönüb qalaya tərəf üz qoydular. Gəncə-Qarabağ yol ayrıcına çatarkən rus sərdarı irəli çıxıb xana əl tutduqdan sonra dedi ki, cənabınızın Qalasını çox tərifləyirlər. Amma təəssüflər olsun ki, mən sizin Qalaya tamaşa edə bilmədim. Yazıq xan safürəkliliyindən rus sərdarının bu hiyləsini anlamayıb buyurdu ki, nə eybi var, Gəncəyə bir neçə gün gec gedərsiniz. Buyurun gedək bir-iki gün bizə qonaq olun, Qalaya tamaşa edin. Sərdar bir az fikirləşdikdən sonra dedi ki, bir gecə-gündüz hüzurunuzda qonaq olmaq asandır. Bu söhbətdən sonra onlar qoşunla Qalaya tərəf üz tutdular. Xan bağı deyilən yerə çatarkən sardar qoşuna əmr etdi ki, bu qədər adamın şəhərə girməyinə ehtiyac yoxdur. Bir neçə yüz nəfər mənimlə Qalaya gəlsin, qalan qoşun biz geri qayıdanacan burada gözləsin. Rus sərdarı neçə yüz əsgər götürüb, Qalaya xanın hüzuruna gəldi. Qalaya daxil olan kimi sərdar dönüb rusca öz əsgərlərinə əmr edərək sıraya düzdürdü. Xan soruşdu ki, nə üçün əsgərləri sıraya düzdürdünüz. Sərdar buyurdu ki, əsgərləri sizin şərəfinizə sıraya düzdürdüm. Bundan sonra sərdar rusca əsgərlərə nə dedisə onlar tələsik yüyürüb bürc və barı üstünə çıxaraq şeypur çalmağa başlamışlar. Həmin saat Xan bağı tərəfdən Kəhrab deyilən yerdən də şeypur çalındı. Xanı təəccüb götürdü. Çox keçmədi ki, arxada qalan əsgərlər də gəlib Qalaya daxil oldular.

Sərdar xanın qabağına gəlib dedi ki, biz artıq bu Qalanı zəbt etdik. Əgər sən rus padşahına bu qala və bütün dövlətinlə tabe olursansa, hakimiyyət sənin əlində olacaq. Yox əgər tabe olmaq fikrində deyilsənsə, sənə üç saat möhlət veririk, imarətindən nə ehtiyac duyursan, götürüb istədiyin yerə gedə bilərsən.

Xan bu xəyanətdən çox təsirlənib rus sərdarına təhqiramiz sözlər dedi. Rus sərdarı buyurdu ki, artıq danışmaq lazım deyil. Bu şəhəri biz tutmuşuq və sənə üç saat möhlət vermişik. İstədiyini edə bilərsən.

Yazıq xan əlacsız qalıb öz imarətinə gəldi. Bacardığı qədər lazım olan əşyaları, övrət-uşağını götürüb bütün atlı-piyada nökər və qoşunları ilə qaladan çıxdılar. Qalanın yaxınlığında üstü hamar olan qayalıq yerdə çadırlar qurub məskən saldılar. Çadırlarda və alaçıqlarda yaşayan xanın və onun adamlarının əmin-amanlığını təmin etmək üçün ətrafda səngərlər qazdılar. Dərhal xanın əmrilə münşilər İran şahı Fətəli şaha bir ərizə yazdılar. Ərizədə xan yazırdı ki, rus sərdarı hiylə ilə mənim başıma belə işlər gətirdi. Mən indi bütün adamlarımla çıxıb qaladan kənar bir dağın üstündə məskan salmışam. Sədaqətlə bu ərizəni hüzurunuza göndərirəm ki, mənə kömək əlinizi uzadasınız. Bundan sonra cənabınıza tabe oluram. Xan həmin ərizəni bir Qurani-Şərifin arasına qoyub, onu da möhürləyib, şaha göndərdi. Bunun da mənası o idi ki, and olsun bu Qurani-Şərifə ki, cənabınıza tabe olacağam.

Şahənşah ərizəni alan kimi dərhal 12 minlik qoşun toplayıb, topxanası ilə birlikdə İbrahimxəlil xanın oğlu Əbülfət ağanın sərkərdəliyi ilə xanın köməyinə göndərdi.

Bu tərəfdən rus sərdarını bu əhvalatdan xəbərdar etdilər. Sərdarın əmri ilə həmin saat gecə vaxtı bir neçə yüz əsgər toplanıb, xəbər gətirən adamın sərəncamına verildi.

Qoşun aşağı bürcün altında yerləşən lağımdan keçərək Şuşakəndə gəldi.

Qoşun başçısı Şuşakənddən bir neçə erməni bələdçisi götürüb, dağların ətəkləri ilə gizlincə İbrahimxəlil xanın məskən saldığı yerə tərəf hərəkət etdilər. Qoşun xanın səngərlərinə çatarkən İbrahimxəlil xan çadırında öz dövlət əyanlarının əhatəsində əyləşib, söhbət edə-edə qızıl qəlyan çəkirdi. Bu məclisdə mənim, yəni bəndeyi-həqir Nəvvab Mir Möhsünün ana babası mərhum Əmiraslan bəy də iştirak edirdi. Birdən xana xəbər verdilər ki, rus qoşunu sənin üstünə gəlir. Xan qalxıb neçə dəfə təkrarən dedi:

- Ey kafir, ey kafir!..

Dərhal əmirli atlılarından birisi bir güllə atıb əsgərin birini öldürdü. Bu zaman rus əsgərləri dərhal birlikdə onların üzərinə atəş açdılar. Güllələrin bir neçəsi İbrahim xana dəydi və kürsüdən yıxıldı. Xanın övrət-uşağı tökülüb onun bədənini qucaqlamağa başladılar. Atılan güllələrdən bir neçəsi onlara, əyanlara və nökərlərə dəydi. Qalanlar isə hərə bir şey götürüb, müxtəlif tərəflərə qaçdılar. Əmiraslan bəy dərhal mərhumə Gövhər ağanı və qızıl qəlyanı götürüb qaçdı. Məzlum xanın ev əhli və uşaqlarından salamat qalanlarını onun adamları götürüb qırğından xilas etdilər. Əmiraslan bəy isə Gövhər ağanı möhkəm və təhlükəsiz bir yerdə gizlədi. Sonra isə gəlib bir az yemək əldə edib, Gövhər ağaya gətirdi. Gövhər ağa gözü yaşlı istər-istəməz bir neçə loğma yedi. Əmiraslan bəy Gövhər ağanı birtəhər sakitləşdirib, sonra öz evinə gətirdi.

Digər tərəfdən İbrahim xan öldürüldükdən sonra onun atlı dəstələri də dağılıb hərəsi bir tərəfə getdi. Hadisə yerindən uzaqlaşan xan atlıları Nabatxan deyilən yerdə Əbülfət ağanın qoşununa rast gəldilər. Əbülfət ağa gördü ki, bir neçə atlı sürətlə hərəkət edir. O, nökərlərinə buyurdu ki, o atlıları qaytarıb, onun hüzuruna gətirsinlər. Atlılar İbrahim xanın başına gələn əhvalatı eşitcək hönkür-hönkür ağladıqdan sonra qoşunla oradan geri, İrana qayıtdı ki, şahdan yeni fərman sadir olsun.

Xülasə, bu əhvalat ətraflı şəkildə “Tarixi-Qacariyyə”də və “Qarabağ tarixi”ndə şərh edilir. Oxumaq istəyənlər həmin tarix kitablarına müraciət edə bilərlər. Bizim məqsədimiz isə bu illərdə erməni tayfası ilə müsəlmanlar arasında baş vermiş əhvalatları (iğtişaş və qırğınları) bəyan etməkdir...

Elə ki rus dövləti Qafqaz məmləkətinə hakim oldu, hər yerdə sakitlik yarandı. Heç bir millətin bir-biri ilə işi yox idi. Hər kəs öz işi ilə məşğul idi və millət öz qanunu ilə məbədlərində ibadət edirdi. Heç bir millət bir-birinə hücum etmirdi. Xüsusən, ermənilərlə müsəlmanlar arasında çox vaxt məhəbbət və dostluq olub, bir-biri ilə alış-veriş edirdilər. Xanlıqlar zamanında ermənilər və müsəlmanlar arasında belə mehribançılıq var idi. Hətta İbrahim xan erməni məliklərindən Məlik Şahnəzərin qızı Hürizad xanımı özünə kəbinli arvad etmişdi. Həmin Hurizad xanımın Böyük məscidin həyətində hal-hazırda vaqviyyatı var.

Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin