Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu



Yüklə 0,77 Mb.
səhifə1/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
  1   2   3   4   5   6   7   8   9   ...   79
Firmanın İqtisadiyyatı mühazirə


Mövzu 1. «FİRMANIN İQTİSADİYYATI» KURSUNUN TƏDQİQAT OBYEKTİ, PREDMETİ VƏ MƏZMUNU

1.1. Müəssisə və firma: oxşar cəhətləri və fərqləri


1.2. «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmeti
1.3. Kursun tədqiqat metodları və iqtisad kursları sistemində yeri

    1. Kursun vəzifələri və məzmunu

1.1. Müəssisə və firma: oxşar cəhətləri və fərqləri


Bir qayda olaraq, hər hansı kursun tədrisi onun tədqiqat obyekti və predmetinin tələbələrə aydınlaşdırılmasından başlayır. Elə ilk dərsdə kursun predmeti, onun öyrəndiyi və öyrətdiyi məsələlər müəllim tərəfindən tələbələrə izah olunmalıdır. Biz, əksəriyyət tərəfindən qəbul olunmuş bu qaydaya bilərəkdən riayət etməyib, «Firmanın iqtisadiyyatı» kursunun tədqiqat obyekti və predmetinin şərhindən əvvəl «firma»nın iqtisadi mahiyyətini, «müəssisə» ilə onun oxşar cəhətləri və fərqlərini tələbələr üçün aydınlaşdırmağı lazım bildik. Çünki, belə bir metodiki yanaşmanın kursun məzmunun tələbələr tərəfindən mənimsənilməsində çox önəmli elmi-nəzəri, metodoloji və praktiki əhəmiyyəti vardır. Lakin buna nail olmağa yardımçı bir məqam kimi «müəssisə» və «firma» məfhumlarının vəhdəti, başqa sözlə, bunların analoji (oxşar) tərəfləri və onların biri-birinə bənzəməyən cəhətlərinin izahı da az əhəmiyyət kəsb etmir.


Qədim yunan alimlərinin terminlərin (məfhumların) məzmunlarının aydınlaşdırılması haqqında belə bir kəlamı olmuşdur: «terminlərə görə mübahisə etməzlər, razılığa gələrlər». Bu fikrin deyilişi nə qədər cazibədar olsa da onun - bütün hallarda - birmənalı qəbulu mümkün deyildir. Belə ki, hər bir termin əşya, hadisə, proses və s.-nin mahiyyətini, başqa sözlə, onun kəmiyyət və keyfiyyət tərəfini, daxili əlaqələrini, daha dəqiq aça, səciyyələndirə bilməlidir. Başqa sözlə, hadisə və proseslərin idarə olunmasında, kəmiyyət və keyfiyyətcə qiymətləndirilməsində onların mahiyyətini (məzmununu) bu və ya digər dərəcədə özündə əks etdirən məfhumlar (terminlər), kateqoriya və göstəricilərdən istifadə olunur. Belə olmadıqda əşya, hadisə və proses haqqında yanlış mülahizələr söylənər, oxşar olanların fərqini (fərqlərini) müəyyən etməkdə, fərqli olanların isə oxşar cəhətini (cəhətlərini) aşkarlamaqda çətinlik yarana bilər. Lakin indinin özündə də, başqa elmlərdə olduğu kimi, iqtisad elmində də mənası tam və dəqiq açılmamış, mübahisə doğuran terminlər mövcuddur. Belə terminlərdən biri də «firma»dır. Hər şeydən öncə, qeyd etmək lazımdır ki, «firma» italyan sözü olub, Azərbaycan dilində «imza», «nişan» sözlərinə uyğun gəlir.
İlk öncə firma haqqında iqtisadi nəzəriyyə elminin nümayəndələrinin işləmiş olduqları müxtəlif konsepsiyaların səciyyəvi cəhətlərini - qısada olsa - şərh etmək lazımdır.
Həmin konsepsiyalar aşağıdakılardır:

    1. firma haqqında neoklassik nəzəriyyə;

    2. firma haqqında institutsional nəzəriyyə;

    3. firma haqqında davranma (bixevioriya) nəzəriyyəsi

Neoklassik nəzəriyyəyə görə firma, istehsal (texnoloji) vahidi
olmaqla funksiyası istehsal fəaliyyəti, məqsədi isə maksimum mənfəət əldə etmək kimi şərtləndirilir. Həmin nəzəriyyə, istehsal resurslarının ən optimal nisbətini tapmaqla, minimum istehsal xərclərinə nail olmağı firmanın əsas vəzifəsi hesab edir. Lakin bu nəzəriyyənin firmadaxili idarəetməni, firmanın təşkilat quruluşunun xüsusiyyətlərini nəzərə almaması və habelə verilən qərarların alternativsiz, seçimsiz olması onu praktiki vəzifələrin həlli işi üçün o qədərdə yararlı etmirdi.
İnstitutsional nəzəriyyəyə görə firma, bazar qeyri-müəyyənliyi şəraitində fəaliyyət göstərən mürəkkəb ierarxiya quruluşlu təşkilatdır. Bu nəzəriyyəyə görə, resursların nəqdsiz bölgüsünə əsaslanan firma onların (resursların) bazar mexanizmi prinsiplərinə görə pulla bölgüsünə alternativ olmaqla bölgü prosesinin idarə edilməsi xərclərinə - transaksiya (sövdələşmə) xərclərinə - qənaət məqsədini güdür;
burada firma həmdə özünün daxili - onun özünü təşkiletməsi ilə bağlı - xərclərə nəzarət işini də həyata keçirir. Burada əsas vəzifə firmanın bahalı və həmdə natamam məlumatlar mühitində davranışı izah edilir; firmanın çoxnövlülüyünün səbəbləri şərh olunur və onların inkişafına xüsusi diqqət yetirilir, ön plana çəkilir.
Beləliklə, instisional nəzəriyyəyə görə firma sövdələşmə (transaksiya) xərclərinə qənaət və resurs sahiblərinin təsərrüfat qərarlarının koordinasiyası ilə əlaqədar olan xərclərin nisbətini ortimallaşdıran təşkilatdır.
Nəzəriyyənin digər ilkin şərti kimi, firma cəlb edilmiş resurs sahibləri arasında münasibətlər məcmusu olan mürəkkəb irearxiyalı təşkilatdır.
Nəhayət, davranma nəzəriyyəsinə görə, firma mütəhərrik bazar münasibətlərinə yalnız uyğunlaşmamalı və həm də öz davranışı ilə mövcud olan mühiti özünə uyğunlaşdırmağı bacarmalıdır; bu - firmanın sahibkarlıq (təşəbbüskarlıq) konsepsiyasıdır. Burada firma habelə müxtəlif səviyyələrdə baş verən sahibkarlıq funksiyalarının qarşılıqlı fəaliyyəti sistem kimi səciyyələndirilir. Belə halda əsas vəzifə həmin funksiyaların uzlaşdırılmasına nail olmaqdır, çünki firmanın davranışı müxtəlif səviyyələrə məxsus sahibkarlığın qarşılıqlı fəaliyyəti ilə qiymətləndirilir.
Firmanın iqtisadi, sosial və texniki-təşkilatı təbiəti haqqında nəzəriyyədən gələn yuxarıdakı müxtəlifliklər tətbiqi iqtisad elmlərindən yan keçməmişdir. Elə bu səbəbdən də konkret iqtisad elmlərinin nümayəndələri arasında da firma haqqındakı fikir ayrılığı indi də mövcuddur.
İqtisadi ədəbiyyatda, bir çox hallarda, «firma» termini «müəssisə» termini ilə sinonim kimi qəbul edilir - eyniləşdirilir, bəzən qarışdırılır, bəzən də fərqləndirilir. Nəticə etibarilə iqtisadçılar qədim yunanların termin haqqında «mübahisə etməzlər, razılığa gələrlər» tövsiyəsini qəbul etmirlər. Başqa sözlə, «müəssisə» və «firma» terminlərinin oxşar cəhətləri və fərqləri haqqında iqtisadçılar arasında yekdil fikir indi də yoxdur.
«Firma» məfhumunun məzmununu açıqlayan iqtisadçıları 2 qrupa bölmək olar:

      1. firma kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir, təşkilatdır;

      2. firmanın tərkibi bir deyil, bir neçə müəssisədən ibarətdir.

Xronoloji ardıcıllığı gözləməklə «firma»nın iqtisadi məzmununa dair bir neçə mənbələrə, bəzi iqtisadçıların fikir və mülahizələrinə müraciət edək:
Firma - müvafiq formada hüquqi qeydiyyatdan keçmiş müasir bazar tipli təsərrüfat vahididir. «Firma» - hər hansı hüquqi şəxsin - müəssisə, şirkət, korporasiya və s.-in kommersiya fəaliyyətini müəyyən etmək üçün istifadə olunan termindir. Firma - ölçüsündən, təşkilati formasından və mülkiyyətinin xarakterindən asılı olmayaraq, hər hansı istehsal sahibkarlığı özəyinin ümumi adıdır.
Firma - sənaye, ticarət, tikinti, nəqliyyatda hüquqi şəxs kimi kommersiya məqsədi güdən, sahibkarlıq fəaliyyətini həyata keçirən hər hansı təşkilati-təsərrüfat vahididir. Firma - mənfəət əldə etmək məqsədilə kommersiya fəaliyyətini həyata keçirən, hüquqi şəxs olan, şəxsi adı olan və qanunvericiliyə uyğun olaraq səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçmiş müəssisədir, təşkilatdır.
Firmaya yuxarıda verilən əksər təriflərdə ümumi və səciyyəvi cəhət onların (firmaların) hər hansı «kommersiya təşkilatı» olmasıdır. Firmanı ticarət, sənaye müəssisəsinin adı hesab edən, kommersiya təşkilatının sinonimi kimi istifadə edən müəlliflər də vardır. Lakin bu təriflərin heç birində firmanın tərkibinin neçə müəssisədən ibarət olması şərt kimi irəli sürülmür. Əsas şərt - firmanın sahibkarlıq, kommersiya təşkilatı olmasıdır, firmaya daxil olan müəssisənin sayı isə önəmli, müəyyənedici şərt deyil.
Firmanın iqtisadi mahiyyəti haqqındakı fikirlər yuxarıda gətirdiyimiz iqtibaslarla bitmir. Daha bir neçə iqtisadi ədəbiyyata, mənbəyə müraciət edək.
«Bazar iqtisadiyyatına dair lügət-arayış» kitabında «firma» məfhumu aşağıdakı kimi izah edilir: Firma - hüquqi şəxs olan və kommersiya məqsədilə fəaliyyət göstərən istehsal, ticarət, nəqliyyat, bank və digər sahə və sferalara mənsub müəssisə, şirkət və təşkilatlardır.
Göründüyü kimi, firmalar yalnız istehsal sahəsində deyil, digər maddi və qeyri-maddi sferalarda da yaradıla və fəaliyyət göstərə bilərlər. Lakin, oxucuya təqdim olunan bu tədris vəsaitində yalnız sənaye istehsalındakı firmaların iqtisadiyyatından bəhs ediləcəkdir. Buna səbəb əvvəla, dərsliyin təyinatıdır - onun köməyilə hazırlanacaq iqtisadçının ixtisas profilidir; ikincisi, ayrı-ayrı sahə və sferalarda fəaliyyət göstərən firmaların tədqiqat obyektləri və predmetlərinin biri-birindən ciddi şəkildə fərqlənməsidir.
1980-ci ildə - sabiq SSRİ dövründə - nəşr olunmuş «İqtisadi ensiklopediya»nın 4-cü cildində isə «Firma» məfhumuna xeyli yer ayrılmış və göstərilmişdir ki, firma kapitalist istehsalının ilkin təsərrüfat həlqəsidir. Burada qəribə görünən başqa bir fikrə də rast gəlinir: firma kimi ayrı-ayrı kapitalist sahibkar (yəni 1 kapitalist sahibkar - kursiv - T.H.) və habelə 2 və daha çox kapitalist sahibkarlar çıxış edə bilər.
Gətirilən iqtibasdan aydın olur ki, müəssisənin firma olması firmadaxili müəssisənin sayca 1-dən çox olması ilə əlaqədar deyildir. Lakin bu məsələdə də iqtisadçılar arasındakı fikir ayrılığı bu gündə mövcuddur.
Bəs firma ilə müəssisə arasında nə kimi oxşarlıq və fərqlər vardır?
İlk öncə göstərmək lazımdır ki, müəssisə - əmək bölgüsünə əsaslanan, kooperasiya vasitəsilə təşkil olunan, daxili texnoloji əlaqələri koordinasiya edilən mürəkkəb bir təsərrüfatçılıq subyektidir.
«Firma» məfhumunun mahiyyətini açıqlayan bir sıra iqtisadçılar onun (firmanın) müəssisə olduğunu göstərməklə yanaşı, artıq qeyd edildiyi kimi, onun müəssisədən fərqli 2 cəhətini də göstərirlər: a) firma 2 və daha çox müəssisədən ibarət olur. b) firma istehsalla yanaşı, həm də kommersiya fəaliyyəti ilə də məşğul olur. Müəssisəyə aid qalan nə əlamətlər vardırsa, onların hamısı firma üçün səciyyəvidir.
Bəzi müəlliflər firma ilə müəssisəni müqayisə edəndə - onların fərqli cəhətlərini göstərmək istəyəndə - yanlışlığa yol verir, özləri öz fikirlərini inkar edirlər. Məsələn, prof. O.Y.Volkov və B.Q.Sklyarenkonun redaktəsi altında nəşr olunmuş «Firmanın iqtisadiyyatı» adlı dərslikdə göstərilir ki, müasir firmalar, adətən, bir neçə müəssisəni (yəni 2 və daha çox; kursiv - T.H.) özündə birləşdirir. Əgər firma bir müəssisədən ibarətdirsə, hər iki məfhum mənaca biri-birinə uyğun gəlir, başqa sözlə, bu halda müəssisə və firma eyni bir iqtisadi fəaliyyəti əks etdirirlər. Deməli, müəlliflərə görə, tərkibi 1 müəssisədən ibarət olan firma həm də müəssisədir. Daha dəqiq desək müəssisənin firma olması üçün, artıq qeyd edildiyi kimi, müəssisənin sayı şərt deyil. Bundan əlavə buradan prinsipial bir məsələ aydın olmur. Əgər 1 müəssisə firma ola bilməzsə, 2 (və daha çox) müəssisənin firma olmasına səbəb nədir? Firmanın tərkibində bir müəssisə ilə iki və daha çox müəssisənin olması məsələnin kəmiyyət tərəfidir. Müəssisənin firmaya çevrilməsinin keyfiyyət tərəfləri necə izah olunmalıdır? Burada müəssisənin fəaliyyətinə daha nələr əlavə olunduqda o, «müəssisəlikdən» çıxıb firmaya çevrilə bilər? Bir sözlə, müəssisənin 2 və daha çox olması, firma da ola bilər, birlik də. Buradan belə bir nəticəyə gəlmək olar ki, «firma bir müəssisədən ibarətdirsə, hər iki məfhum («müəssisə», «firma») mənaca uyğun gəlir» (kursiv - T.H.) tezisi düzgün deyil, qeyri-elmidir, məntiqə söykənmir.
Bu qəbildən olan daha bir maraqlı misal, M.V. Lomonosov adına MDU -nun 2001-ci ildə nəşr etdirdiyi «İqtisadi nəzəriyyə kursu» adlı dərsliyin 544-cü səhifəsində «... hər bir müəssisə firmadır, lakin hər firma müəssisə ola bilməz» fikri cəmi 1 səhifə sonra - 545-ci səhifədə - göstərilir ki, müəssisənin firmaya transformatsiya edilməsi üçün zəruri şərtlər - onun kommersiyalaşdırılması və yenidən strukturlaşdırılmasıdır. Bu fikir əvvəlki tezisi tamamilə inkar edir. Çünki, əgər «hər bir müəssisə firmadır»sa, öz mahiyyətinə görə çox mürəkkəb olan həmin «əməliyyatlara» (kommersiyalaşdırma, yenidən strukturlaşdırma) ehtiyac varmı? Yaxud, firmanı yenidən firmaya çevirməyin nə mənası?
Bundan əlavə, firmaya yuxarıda verilən təriflərin mütləq əksəriyyətində mülkiyyət məsələsinə toxunulmur. Bu o deməkdir ki, mülkiyyətin forması da firma və ya müəssisənin mahiyyəti üçün heç bir rol oynamır. Elə bu səbəbdəndir ki, O.Volkov və B.Sklyarenko müəllifləri olduqları «Müəssisənin iqtisadiyyatı» adlı özlərinin kitabında və redaktə etdikləri «Firmanın iqtisadiyyatı» dərsliyində firmanın iqtisadi məzmunu haqqında deyilənləri olduğu kimi təkrar edir və bəzi əlavə fikirlərdə söyləyirlər: onlar göstərirlər ki, bazarda müəssisə deyil, firma təsərrüfat subyekti kimi çıxış edir, qiymət siyasətini həyata keçirir, rəqabət mübarizəsi aparır, mənfəətin bölgüsündə iştirak edir, inkişaf tempini və elmi-texniki tərəqqinin istiqamətlərini müəyyən edir.
Buradan aydın olur ki, müəssisə yalnız istehsalla məşğul olursa, firma istehsalla yanaşı, öz məhsullarının satışı məqsədilə, həm də kommersiya fəaliyyəti ilə və bununla bağlı olan digər məsələlərlə də məşğul olur.
Bazar iqtisadiyyatının «klassik» ölkələrində müəssisələr öz məhsullarını 2 kanalla realizə edə bilirlər, istehlakçılara çatdırırlar:
a) dolayısı ilə və b) birbaşa
Göstərmək lazımdır ki, müəssisələr öz məhsullarını dolayı yolla realizə edərkən məhsulun hərəkətinin aşağıdakı 2 sxemindən istifadə edirlər.

  1. «Müəssisə - topdansatış ticarət təşkilatı - pərakəndə satış ticarət təşkilatı - istehlakçılar»;

  2. «Müəssisə - pərakəndə satış ticarəti - istehlakçılar».

l. Birbaşa yolla məhsulun realizə olunmasında - öz-özlüyündə aydındır ki - nə topdan satış və nə də pərakəndə satış təşkilatları iştirak etmirlər; burada məhsulun müəssisədən istehlakçıya hərəkəti sadələşir - bir qütbdə müəssisənin özü və digərində isə bilavasitə onun məhsulunun istehlakçısı dayanır.
Buna misal olaraq Almaniyanın kosmetika məhsulları istehsal edən məşhur «Avon» firmasını (Myunxen şəhəri) göstərmək olar. Həmin firma məhsullarını bazara özü çıxarmaqla yanaşı, hətta, öz əmtəələrini istehlakçıların ev ünvanlarına da öz agentləri vasitəsilə çatdırır.
İqtisadi baxımdan məhsul satışının bir başa forması sərfəlidir, çünki istehsalçı müəssisənin məhsulunun qiymətinə birinci sxemdə 2 ticarət təşkilatının (topdansatış və pərakəndə satış) ikinci sxemdə isə topdansatış ticarətinin «ticarət əlavələri» əlavə olunmurlar. Lakin bununla yanaşı məhsul istehsal edən müəssisə hər iki ticarət təşkilatlarının xidmətlərindən istifadə etmir, əhəmiyyət kəsb edən cəhəti isə budur ki, onun (müəssisənin) öz əsas işindən «yayınmasının» qarşısı alınır. Yeri gəlmişkən, bazar iqtisadiyyatı şəraitində işləyən ölkələrin sənaye müəssisələri yuxarıda göstərilən satış kanallarının - konkret şərait nəzərə alınmaqla - hər 3-ündən eyni vaxtda, paralel olaraq istifadə edə bilirlər.
Burada bir sual yaranır: öz məhsulunu dolayı yolla realizə edən müəssisə ilə bir başa realizə edən müəssisə arasında iqtisadi, təşkilati və sosial baxımdan fərq yoxdurmu? Fərq orasındadır ki, öz məhsulunu son istehlakçıya özü satan müəssisə həm müəssisədir, həm də firma. Çünki o eyni zamanda həm istehsal və həmdə kommersiya fəaliyyəti ilə məşğul olur. Ticarət təşkilatlarından istifadə etməklə məhsullarını istehlakçılara çatdıran müəssisələr isə yalnız müəssisədir. Deməli, bütün istehsal firmaları həm də müəssisələrdir, lakin bütün müəssisələr firma olmaya da bilərlər.
Bütün yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, istehsal-texniki və şəxsi istehlak təyinatlı məhsullar istehsal edən firma ilə müəssisə arasındakı fərq birincinin öz məhsullarını istehlakçılara özü tərəfindən, ikincinin isə vasitəçilərlə (ticarət təşkilatları ilə) çatdırmağındadır.
İstehsal-texniki və şəxsi istehlak-təyinatlı məhsullar istehsal edən firma və müəssisələrin oxşar cəhətləri hər ikisinin maddi istehsalla məşğul olmalarıdır. Başqa sözlə, firma ilə müəssisənin fərqi istehsalda deyil, istehsaldan kənarda axtarılmalıdır. Təkrar olsa da: müəssisə yalnız 1 fəaliyyət növü ilə - istehsalla - məşğul olduğu halda, firma 2 fəaliyyət növü ilə - istehsal və kommersiya ilə məşğul olur.
Beləliklə, firma sahibkar və ya sahibkarlar tərəfindən yaradılmış məhsul istehsal edən, iş görən və xidmət göstərən və məqsədi onları satmaqla mənfəət əldə etmək olan müstəqil təsərrüfatçılıq subyektidir.
Firmanın həm istehsal və həm də kommersiya ilə məşğul olması, daha doğrusu özünün istehsalı olan məhsulunu özü satması onun fəaliyyətinin səmərəliliyini - müəssisə ilə müqayisə də - daha da yüksəldir. İstehlakçı ilə bir başa təmas quran firma istehsal etdiyi məhsul üçün yarana bilən iradları dolayısı ilə deyil (vasitəçilər vasitəsi ilə deyil) bir başa istehlakçıdan öyrənir və onları nəzərə alır. Bu halda mübahisələrin həllində yalnız 2 tərəf - istehsalçı və istehlakçı - iştirak edir və problemin həlli sürətlənir. Çünki hər hansı mübahisənin həllində tərəflərin çoxluğu problemin çözülməsi işini çətinləşdirir. Sırf nəzəri baxımdan isə istehsalçının öz məhsulunu bazara özünün çıxarması təklif tərəflə tələb tərəfi birbaşa «üzləşdirir». Bu halda bazarı idarə edən təklif və tələb qanunlarının prinsiplərini - tələblə təklifinin tarazlığını - daha asan nəzərə almaq olur.
Bütün yuxarıda qeyd edilənləri nəzərə almaqla müəssisə və firmaya necə tərif vermək olar?
Müəssisə, iqtisadiyyatın əsası olmaqla mənfəət əldə etmək məqsədilə məhsul istehsal edən, iş görən və xidmətlər göstərən, texniki-texnoloji, təşkilati və iqtisadi vəhdətə malik olan, hüquqi şəxs statuslu istehsal vahididir.
İstehsal firması - məqsədi mənfəət əldə etmək, bir və ya bir neçə müəssisədən ibarət olan, məhsul istehsal edən, sənaye xarakterli iş görən və xidmətlər göstərən, məhsulunun satışını özü həyata keçirən, innovasiya fəaliyyətini və qiymət siyasətini, bazarda rəqabət mübarizəsini özü aparan, mənfəətin bölgüsündə iştirak edən hüquqi şəxs statuslu bazar iqtisadiyyatının ilkin təsərrüfat subyektidir.



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin