MÖZVU. QENDER MÜNAQİŞƏLƏRİNİN SƏBƏBLƏRİ VƏ
ONLARIN MEYDANA GƏLMƏSİNİN MƏNBƏLƏRİ
Vivere mifitare est!
Yaşamaq mübariz olmaq deməkdir!
Seneka
Qadın və kişi canlı fərdlərdə paylanmış
ən müxtəlif qarışıqlarda iki substansiyadır.
Otto Veyninqer
•
Münaqişələrin yaranması və inkişafının nəzəri və sosial-siyasi əsasları
•
Qender münaqişələrinin səbəbləri
•
Qender ayrıseçkiliyi münaqişənin mənbələrindən biri kimi
Münaqişələrin yaranması və inkişafının nəzəri və sosial-siyasi əsasları
Məlumdur ki, münaqişə ziddiyyətlərin üzə çıxarılması və həllinin vasitəsi rolunu oynayır. Əks
qüvvələr, onların mənafeləri açıq qarşıdurmaya keçə biləcək gərginliyi yaratsalar da, bunun gec-tez sonu
da gəlib çıxır. Münaqişə ziddiyyətli vəziyyətdən çıxmaq yollarından biridir.
Bütün münaqişələrin əsasında insanlar arasında və yaxud şəxsiyyətin daxili aləmində yaranan
ziddiyyətlər durur. Burada, münaqişənin cəmiyyətdə yaranmasında başlıca rolu obyektiv, insan
şüurundan asılı olmayan, onların həyatının sosial-iqtisadi şəraitində köklənən ziddiyyətlər oynayır.
Lakin bunu da nəzərə alaq ki, münaqişəni yaradan ziddiyyətlər həmişə obyektiv xarakter daşımır. Əgər
bu ziddiyyətlər insan üçün əhəmiyyətlidirsə, deməli, subyektiv səviyyədə münaqişəli vəziyyətə səbəb ola
bilər.
Amma münaqişə iştirakçıları arasında yaranan hər bir ziddiyyətli vəziyyət münaqişəyə gətirib
çıxarmır. Söhbət birinci növbədə ziddiyyətlərin kəskin hala düşməsindən gedir. Ziddiyyətin
yaranmasının ilkin mərhələsində onu münaqişəsiz də həll etmək olur. Ümumiyyətlə, elə ziddiyyətlər var
ki, münaqişə şəklinə düşmür. Məs., qadınlar və kişilər arasındakı ziddiyyətlər. Onlar həmişə mövcuddur,
lakin yalnız müəyyən bir şəraitdə münaqişə həddinə gəlib çıxa bilər.
Bir çox ziddiyyətlər var ki, münaqişəyə onların heç bir aidiyyatı yoxdur, məs., insan və təbiət,
istehsal və istehlak arasında və s.
Ziddiyyətlərin həlli – münaqişənin obyektiv funksiyası o zaman ola bilər ki, o münaqişə
iştirakçılarının məqsədləri ilə üst-üstə düşmür. Əgər münaqişə iştirakçılarının biri həqiqətən ziddiyyəti
aradan qaldırmaq istəyirsə, digərinin məqsədi – status-kvo vəziyyətinin, münaqişədən yayınmanın və
yaxud qarşıdurmanı yaratmadan ziddiyyətlərin həlli ola bilər.
Hər bir münaqişə çox geniş dairəni əhatə edən müxtəlif daxili və xarici şərait, səbəb və problemlərlə
bağlı olur. Amma elə bir vasitə var ki, onun köməyi ilə bu və ya digər münaqişəni dəqiq
qiymətləndirmək olur. Münaqişənin mahiyyətini, onun istiqamətini tapmaq üçün onun predmeti və
obyektini müəyyən etmək lazımdır.
Münaqişənin predmeti dedikdə, qarşıdurmanın iştirakçıları arasında yaranan hərc-mərcliyin səbəbi
obyektiv şəkildə mövcud olan ya da ki, uydurulmuş bir problem nəzərdə tutulur. Münaqişənin predmeti
– subyektlərin qarşıdurmada toqquşmasının başlıca səbəbi, yəni əsas ziddiyyətidir. Burada hakimiyyət
uğrunda mübarizə, sərvətləri əldə etmək arzusu, birinci olmaq istəyi, öz maraqlarının mühafizəsi kimi
səbəblər ola bilər.
Birmənalı münaqişənin mənbələrini təyin etmək mümkün deyil: hər bir münaqişənin səviyyəsi
özünəməxsus səbəblərlə əlaqəlidir. Hər hansı bir münaqişənin səbəblərini tapmaq üçün bir çox şərtləri –
iqtisadi, siyasi maraqları, sosial prestici (nüfuzu), ideoloji, milli, dini, yaşla və cinslə bağlı olan amilləri
nəzərə almaq lazımdır.
Ümumiyyətlə, müxtəlif dövrlərdə müxtəlif tədqiqatçılar münaqişələrin yaranması və fəaliyyəti
mexanizmi və səbəblərini müxtəlif şəkildə izah edirdilər. Məs., Aristotel öz «Siyasət» traktatında
münaqişələrin səbəblərinin aşağıdakı olduğunu göstərirdi: mülkiyyətin əldə edilməsi, imtiyazların
bölgüsündə və insanlar qeyri-bərabər vəziyyətdədirlər, digər səbəb – bəziləri hədsiz dərəcədə ucalır,
başqaları isə – alçaldılır.
F.Bekon ətraf aləmin hadisələrinin dərkində sistemli yanaşmanı tətbiq edənlərdən biri olaraq,
ölkədaxili münaqişələrinin səbəblərini də sistemli şəkildə təhlil etməyə çalışdı.
Klassik siyasi iqtisadın banisi olan Adam Smit münaqişələrin səbəbləri haqqında çox maraqlı fikirləri
irəli sürüb. O, hesab edirdi ki, insanı hərəkətə gətirən, öz sosial statusunu, vəziyyətini yaxşılaşdırmağa
sövq edən bir səbəb var, bu da «fərqlənmək, kiminsə diqqətini özünə cəlb etmək, alqışlanmaq,
təriflənmək, xeyirxah münasibət qazanmaq, ya da ki, bütün bunlardan irəli gələrək faydalanmaq
arzusudur. Sonradan o, dünya şöhrətli «Xalqların varlanmasının mahiyyəti və səbəblərinin tədqiqatı»
(1776-cı il) əsərində insanların münasibətlərinin əsasında əxlaqi yox, iqtisadi maraq və mənafelərin
olmasını bəyan edir; eyni zamanda o, hesab edirdi ki, insanın öz maddi rifahı haqqında düşünməsi onun
üçün nə qədər əhəmiyyətli olsa da, ümumi rifah və xeyirxahlığa doğru yolunda bir əngələ gərək
çevrilməsin.
Münaqişənin səbəblərinə daha iki müxtəlif yanaşmanı K.Marksın və G.Zimmelin əsərlərində
müşahidə etmək olar. Marksa görə, münaqişələr ictimai sərvətlərin məhdudluğundan irəli gəlir. Nə
qədər ki, ictimai sərvətlər qeyri-bərabər bölünür, bir o qədər hakim və tabeçilikdə olan sosial qrup və
təbəqələr arasında mənafelərin müxtəlifliyi üzündən münaqişələrin ehtimalı artır və yarandıqca
dərinləşir.
G.Zimmel, münaqişəni sosial harmoniyanın pozulması kimi qeyd edərək, bu pozuntuların
səbəblərini bir o qədər sosial nemətlərin məhdudluğu ilə yox, daha çox insanların daxili bioloji
xüsusiyyətləri ilə əlaqələndirirdi. «İnsan-yağıdır» əsərində o, yazırdı ki, «şəxsiyyət, heç zorakılığa məruz
qalmasa da, yalnız digərlərinin özünüifadəetmə tərzinə diqqət yetirərək, özünü yalnız müxalif mövqe
tutaraq təsdiqləyə bilər; ən önəmli instinkt – özünü təsdiqləməklə digərini inkar etməkdir». (1)
Müasir tədqiqatçılar sosial münaqişənin bu iki klassik nümayəndələrinin yanaşmalarında ümumi
mövqeləri axtarıb tapmağa çalışırlar. Məs., L.Kozer hesab edir ki, münaqişənin səbəbi mövcud bölmə
münasibətlərindədir. Eyni zamanda L.Kozer münaqişənin psixoloji şərtlərinə də böyük əhəmiyyət verir,
məs., ictimai şəraitin şəxsiyyətə təzyiqinə (bu zaman fərd-də müvafiq emosional vəziyyət, müraciət
formalaşır, nəticədə toqquşhma ehtimalı artır və s.). R.Darendorf hesab edir ki, qarşıdurma, münaqişələr
ona görə baş verir ki, insanları nəinki sosial bərabərsizlik, həm də hakimiyyət, prestic və nüfuz uğrunda
mübarizə, idarəetmə və təşkilat strukturlarında qeyri-bərabər mövqelər (biri idarə edir, digərləri isə ona
tabe olaraq, əmrləri yerinə yetirməli olur və s.) bir-birindən uzaqlaşdırır.
Müasir xarici tədqiqatçı-psixoloqların bəziləri, neofreydizmin ideyalarına tərəf çıxaraq, hesab edirlər
ki, münaqişənin mənbəyi insanın, bir tərəfdən, təhlükəsizliyə meylində, digər tərəfdən də, öz arzularının
reallaşmaq istəyindədir. Münaqişənin səbəbi – şəxsiyyətin dəyərlər sistemi və onun cəmiyyətdəki
vəziyyəti arasındakı tələbatların süni şəkildə şişirdilməsi və fiziki cəhətdən onların ödənilməsinin
mümkünsüzlüyü arasındakı ziddiyyətlərdədir.
Son illərdə bir sıra qərb nəzəriyyəçiləri (C.Berton, K.Lederer, C.Devis və s.) «insani tələbatlar»
nəzəriyyəsini irəli sürürdülər. Burada göstərilir ki, münaqişə insan şəxsiyyətinin əsasında duran
tələbatların məhdudlaşdırılması və yaxud qismən (qeyri-adekvat) ödənilməsi nəticəsində münaqişə
yaranır. Bu nəzəriyyənin tərəfdarları münaqişənin başlıca mənbələrini müxtəlif dəyərlər sistemində
görürlər. O.Nadler – identikliyi, iqtisadi artımı, transsendensiyanı (daxili aydınlaşma), R.İnqlhart isə –
təhlükəsizliyi, ictimai nüfuzu, əxlaqi kamilliyi və s. qeyd edirlər.
İnsanlar həm özünün, həm də rəqiblərinin tələbatlarının bəzən uyğunsuz bir şəkildə qavrayır, bu da,
öz növbəsində, qavramaları münaqişələrin səciyyəvi mənbəyinə çevilir. Bu zaman münaqişə iştirakçıları
bir-birinə qara yaxır, ziddiyyətlərin «aynada əksini» yaradırlar, yəni eyni hadisələrə tam fərqli, bir-birinə
zidd olan qiymətlər verir, bu da münaqişənin yaranması mümkünlüyünü artırır.
Münaqişələrin sosial mənbələrindən biri də insanların identifikasiyasıdır, yəni hər bir insan, özünü
müəyyən icma və birliklərin (məs., sosial, etnik, dini və s.) üzvü kimi anlayaraq, cəmiyyətin siyasi və
sosial sistemində öz yerini müəyyənləşdirir. Bu zəmində yaranan münaqişələr birinci növbədə keçid
xarakterli cəmiyyətlər üçün xasdır; belə cəmiyyətlərdə insanlar daima dəyişən dünyada sanki özünə
yenidən bir vəziyyət, yer axtarıb tapmalıdırlar.
Münaqişələrin səbəblərinin zənginliyinə və müxtəlifliyinə baxmayaraq, alimlər onları iki qrupa –
ümumi və xüsusi səbəblərə ayırırlar. Ümumi səbəblər faktiki olaraq, bütün yaranan münaqişələrdə ifadə
olunur. Bunların sırasında sosial-siyasi və iqtisadi səbəblər göstərilməlidir – ölkədəki ictimai-siyasi
vəziyyət, insanların mövqelər və motivlərinə təsir edən sosial-demoqrafik proseslər, sosial-psixoloji
səbəblər, fərdi-psixoloji.
Xüsusi səbəblər bilavasitə münaqişənin konkret növü ilə bağlıdır. Bunlardan aşağıdakıları qeyd
etmək olar: işin, fəaliyyətin şəraitinin qənaətbəxş olmaması, işdə inzibati etikanın, əmək
qanunvericiliyinin pozulması, ehtiyatların məhdudluğu, məqsədlərə nailolma yolları, vasitələri, dəyərlər
sistemində olan fərqlər, yararsız hala düşən kommunikasiyalar (rabitə, əlaqə, informasiya sistemləri) və
s.
Münaqişələrin əsasında obyektiv və subyektiv amillər durur. Obyektiv amillərə cəmiyyətin müxtəlif
qruplarının can atdıqları sərvətlər və nemətlər qıtlığını aid etmək lazımdır. Dövlət kimi ictimai institutun
yaranmasının səbəbini məhz burada axtarmaq lazımdır. Bu sahədə yaranan «ilkin» toqquşmaları dövlət
məcburi şəkildə tənzimləməyə başladı. Nəticədə cəmiyyətdə yaranmış müxtəlif qrupların qeyri-bərabər
vəziyyəti indiyə qədər aradan qaldırılmayıb.
Münaqişələrin yaranmasında subyektiv şərtlərinə sosial subyektlər tərəfindən öz məqsədlərinin
uyğunsuzluğunun dərk edilməsi daxildir. Münaqişələrin kökü o zaman kəsilərdi ki, cəmiyyət, ictimai
nemətlərin bölüşdürülməsində az da olsa ədalətliliyə, sosial bərabərliyə nail olmuş olsun.
Münaqişənin yaranmasına səbəb ola biləcək vacib amil – onun şəraitidir. Münaqişə iştirakçıları onun
mikromühitini təşkil edir. Bununla belə münaqişənin yaranması və inkişafında makromühitin rolu da
böyükdür. Söhbət onun formalaşmasının konkret tarixi sosial-psixoloji şəraitindən gedir. Məhz sosial
mühit münaqişəni qidalandırır, onun yaranması və inkişafına səbəb olur. Buraya nəinki ən yaxın, həm də
uzaq, daha geniş dairəni əhatə edən münaqişə iştirakçılarının mühiti, yəni onların aid olduqları sosial
qruplar və cəmiyyət də daxildir.
Münaqişənin xarakterinə müəyyən obyektiv şəraitlə (konkret dövlət, bu və ya digər sosial qrup)
yanaşı onun (münaqişənin) subyektiv şəkildə qavralınması və yaxud onun haqqındakı təsəvvürü də təsir
edir. Bu təsəvvürlər bəzən həqiqi vəziyyətə, mövcud şəraitə uyğun gəlmir. Onları üç hissəyə bölmək olar:
•
insanların özü haqqındakı təsəvvürlər.
•
münaqişənin digər iştirakçıları haqqındakı təsəvvürlər.
•
münaqişə şəraiti (mühiti) haqqındakı təsəvvürlər. (2)
Münaqişələr üçün cəmiyyətdə müəyyən müqəddəm şərtlər, zəmin ola bilər, lakin bunu münaqişəli
vəziyyət adlandırmaq olmaz. Münaqişələr yetkinlik mərhələsinə çatanda reallığa çevrilir. Müəyyən bir
vaxt müddətində münaqişənin artıq mövcud olan amillərinə digərləri əlavə olunur; nəticədə ziddiyytələr
kəskinləşir və sosial toqquşma qaçılmaz olur. Bu zaman yetişməkdə olan münaqişənin iştirakçıları öz
maraqlarının əksliyini dərk edir və öz məqsəd və mənafelərinə nail olmaq yolunda qarşı tərəfi bir əngəl
kimi qiymətləndirirlər. Sonra elə bir an gəlib çatır ki, onlar öz tələbatlarını ödəmək vaxtını daha uzada
bilmirlər və münaqişəyə girmək qərarını qəbul edirlər. Deməli, istənilən münaqişənin əsasında elə bir
situasiya (vəziyyət) yaranır ki, burada əksmövqeli tərəflər var və onların maraqları, tələbatları, hansısa
məqsədlərə nail olmaq yolları və yaxud vasitələri mövcud şəraitdə heç cürə bir araya sığmır.
Münaqişəli vəziyyət – iki və ya daha çox sosial subyektlər arasında münasibətlərin xarakteridir; bu
zaman açıq toqquşma nəinki mümkündür, hətta qaçılmazdır. Bu halda yığılıb qalmış ziddiyyətlər, sosial
subyektlərin qarşılıqlı fəaliyyəti nəticəsində yaranaraq, onların real qarşıdurması üçün zəmin yaradır və
münaqişə üçün baza rolunu oynayır. Belə bazanın (əsasın) zəminində münaqişəyə təkan verən daha bir
təkanverici bir amilin olması tələb olunur (adi şəraitdə çox ehtimal ki, bu amil heç də qəti tədbirləri tələb
etməzdi). Belə situasiyada xüsusi yeri insidentə və yaxud bəhanəyə ayırırlar.
İnsident – münaqişəyə səbəb ola biləcək şəraitin vəziyyətidir. İnsident ya münaqişə iştirakçılarının
təşəbbüsü ilə, ya da ki, onların iradə və arzularından asılı olmayaraq, obyektiv şərait və yaxud təsadüfün
üzündən baş verə bilər. (3)
Hər bir münaqişənin inkişafının əsasında yeni münaqişəli vəziyyətin yaranması, ya aradan
qaldırılması, itməsi mümkündür. Münaqişə situasiyasında istənilən dəyişiklik onun kəsilməsinə gətirib
çıxarır, bəzən də yenisinə təkan verir. İnsidentdən sonrakı münaqişə situasiyası necə inkişaf edəcək? –
suala yalnız əsaslı, dəqiq təhlil əsasında cavab vermək olar. Münaqişəli vəziyyətinin ilk mərhələsi
ziddiyyətlərin qəflətən kəskinləşməsi, tərəflərin qarşıdurma mövqelərinə çıxması ilə bağlıdır. Münaqişə
davranışının bu fazası vəziyyətin yenidən qiymətləndirilməsinə səbəb olur. Burada sosial mühitdə,
mövqelərdə, tərəflərin niyyətlərində baş verən dəyişikliklər nəzərdə tutulur. Bu zaman ikinci mərhələ
başlanır: tərəflər növbəti hərəkətlərini müəyyən etməyə çalışırlar. Burada iki yol var: ya barışığa doğru
getmək, güzəştlər etmək, gərginliyin səviyəsini azaltmaq və nəticədə münaqişəyə son qoymaq, ya da ki,
münaqişəni davam edərək, onun gər-ginlik dərəcəsini daha artırmaq.
Münaqişəni tənzimləmək yollarını tapmaq üçün müəyyən şərtlər lazımdır: münaqişənin mənbəyini
dəqiq müəyyən etmək, onun bilavasitə səbəbləri və yanaşı gedən mövqelərini öyrənmək; tərəflərin,
qarşılıqlı anlaşma əsasında qarşıdurmanı aradan qaldırmaq haqqında xoş niyyətlərinin olması; ilkin,
başlıca səbəbini aradan qaldırmağın vasitə, qaydalar və üsullarının axtarışı və istifadə edilməsi.
Üçüncü mərhələ – ilk bölmədən ibarət olan münaqişədən sonrakı dövrüdür. Birinci bölmədə –
qarşıdurmada iştirak edən tərəflərinin yumşalması. Nəticədə münaqişə, ya yaranmış vəziyyətin
üzündən, ya da ki, iştirakçıların mövqelərinə psixoloji dəyişiklik baş verdiyi üçün həll edilə bilər. İkinci,
yekun bölməsində – nəticələr qiymətləndirilir və ümumiləşdirilir. Münaqişənin nəticələri obyektiv və
subyektiv xarakterli bir çox amillərdən asılıdır, buraya tərəflərin davranma tərzi, fikir müxtəlifliyinin
aradan qaldırılması yolları da daxildir. Hər halda münaqişəli vəziyyətin həm müsbət, həm də mənfi
nəticələrinin təhlilini və qiymətləndirilməsini aparmaq, onların cəmiyyətdə yaşayan insanların sosial və
psixoloji durumuna, qarşılıqlı münasibətlərinə təsirini öyrənmək lazımdır.
Qender münaqişələrinin səbəbləri
Cəmiyyətin tərkibi müxtəlifdir, onun strutkurunu sosial qruplar təşkil edir. Məntiqdən irəli gələrək,
düşünmək olar ki, digər canlı sistemlərdə olduğu kimi, insan cəmiyyətində də bölgünü cinslər arasında
aparmaq olar. Lakin belə bölgü əsasında cəmiyyətin öyrənilməsi bir o qədər səmərə verməz. Ən sadə
modellər cinslərin vəzifələrinə uyğun qurulanlardır; burada mədəni, etnik, sosial, dini normalara, yaşa
uyğun standartlara cavab verən «əsil kişi» və yaxud «əsil qadın» modelləri nəzərdə tutulur.
Mədəniyyət, qadın və kişilərdə müxtəlif sosial rolların, ictimai mövqelərin olmasını müəyyən edib.
Tarixi inkişafın nəticəsində bu rollar və mövqelər bəzən ziddiyyətli xarakter alır, qarşılıqlı
anlaşılmazlıqların yaranmasına səbəb olur. Kişilərdəki keyfiyyətlər – emosional təmkinlik, praqmatizm
(həyatda fayda axtarmaq), rasionalizm (əql və idrakla iş görmək), fəal olmaq, hərəkətlərdə cəsarətlilik,
qadınların keyfiyyətlərinə - duyğuların həssaslıq, emosionallılıq, intuisiya, yumşaqlıq, cəsarətsizlik,
kompromislərin axtarışı və s. zidd gəlir.
Son zamanlar cəmiyyətimizdə insanlarda cinslə bağlı olan psixoloji fərqlərin və xüsusiyyətlərinin
öyrənilməsi geniş vüsət alıb. Müasir dövrdə bir çox sahələr, o cümlədən ictimai-siyasi fəaliyyət sahəsində
qadın və kişilərin rollarında xeyli dəyişikliklər baş verib. Bu gün cəmiyyətdə qadınlar, kişilər üçün
ənənəvi olan sosial mövqelər tutmağa çalışırlar. «Zəif» cins nümayəndələri sırf «kişi» sahəsi sayılan
fəaliyyət sahələrinə müdaxilə edilməsi «güclü» cins nümayəndələrini qıcıqlandırır. Qadınlar daha çox
tərbiyə, təhsil, səhiyyə sahələrində təmsil olunub, ticarət, sosial xidmətlər, mədəniyyət və elm
sahələrində də çalışan qadınların sayı xeyli artıb. Qadınlar siyasi partiyalarda, ictimai təşkilat və
birliklərdə geniş təmsil olunub; artıq onlar, dövlət və kommersiya strukturlarında aparıcı vəzifə tutmaq,
dövlət üçün vacib qərarların qəbul olunmasında iştirak etmək meylini açıq-aşkar ifadə edirlər.
Cəmiyyətdə yaranan belə yeni vəziyyət qender münaqişəsinin rüşeymlərini formalaşdıra bilər.
Qender münaqişəsi, öz növbəsində qadın və kişilərin cəmiyyətdə qəbul olunmuş normalara uyğun
davranışı haqqındakı təsəvvürlər və ayrı-ayrı insanların ya qrupların bu təsəvvürlərə uyğun gəlmək
arzusunda olmaması ya bacarmaması arasındakı ziddiyyətin əsasında yaranır. Makrosəviyyədə qender
münaqişəsi sosial münaqişə kimi qiymətləndirilməlidir. Sosial münaqişənin əsasında öz məqsədlərinə
nail olmaq uğrunda mübarizə aparan sosial qruplar durur. Yəni makrososial səviyyədə qender
münaqişəsini mənafelər münaqişəsi kimi, yəniki, cəmiyyətdə daha yüksək statusa (mövqeyə) nail olmaq
arzusunda olan qadınlar sosial qrupunun mübarizəsini göstərmək və qiymətləndirmək olar.
Məlumdur ki, bütün müasir cəmiyyətlərdə qadınların statusu kişilərə nisbətən çox aşağıdır.
«Sosiologiya» əsərində E.Qiddens qeyd edir ki, «indiyə qədər qadınların səlahiyyətləri kişilərinkindən
üstün olan cəmiyyət tapılmayıb». (4)
Cəmiyyətdə kişilərin üstünlük təşkil etdiyi ictimai fəaliyyət sahələri və qadınların «hökmran» olduğu
xüsusi sahələr arasında tarazlıq yaradılmayıb. Qadınların analıq funksiyası, əvvəllər olduğu kimi, ev və
ailə işinin təşkilində məsuliyyətin onların üzərinə qoyulması üçün əsas səbəbdir. Nəticədə, kişilərin
işlədiyi əsas sahələr – beynəlxalq diplomatiya, silahlanma məsələləri, qiymətli kağızlar bazarında
əməliyyatlar, dövlət büdcəsinin paylanılması – çox hallarda qadınlar üçün əlçatmaz olaraq qalır.
Beləliklə, dövlətin idarəolunması işi bilavasitə kişilərin üzərindədir, onlar bütün ölkələrin hökümətlər və
parlamentlərində çalışanların əksəriyyətini təşkil edir. Bu isə, öz növbəsində, onların öz mənafelərini
ödəmək işi ilə bağlı olan dəyərlər sisteminin üstünlüyünə gətirib çıxarır. (5)
Vəziyyət o zaman münaqişəli olur ki, hər iki tərəfin mövqelərinin ziddiyyətliliyi qavranılır, münaqişə
iştirakçılarında neqativ (mənfi) emosional təəssüratlanma yaranır, bu da öz növbəsində, iştirakçıları bu
zididyyətlərin aradan qaldırılmasına yönəldilmiş fəal hərəkətlərə təhrik edir. Qender münaqişəsi
şəraitində qadınlar tərəfindən özlərinin, kişilərə nisbətən daha aşağı mövqedə olmasının dərki, onların
hüquqları uğrunda qadın hərəkatının genişləndirilməsi ilə nəticələnə bilər. Məs., İsveç dövlətində, digər
Qərb ölkələrinə nisbətən, cinslərin bərabərliyini təmin edən qanunvericilik aktları daha əhatəlidir.
Yüksək maaşlı işlə təmin olunan qadınların faizi çox yüksəkdir (80%). İsveçin hər bir vətəndaşının uşağı
üçün aldığı vəsaiti, onun maaşının 90%-ni təşkil edir. Uşaq anadan olanda ona baxmaq üçün məzuniyyət,
könüllü olaraq, ya ataya, ya da ki, anaya verilə bilər. İsveçin qadınları öz ölkəsində yüksək mövqe
qazanmaq imkanına malikdirlər; parlamentin üzvlərindən 25%-qadınlardır. Ümumiyyətlə, Skandinaviya
ölkələrində qadınların siyasi fəaliyyəti getdikcə genişlənir; dünyada ən çox siyasətçi qadın məhz bu
regionda çalışır (40%-dən yuxarı).
Sosial psixologiya baxımından, qender həm mədəni normalar, həm də sosial informasiyanın təsirı
altındadır; qadın və kişilər arasındakı fərqlər məhz belə informasiya vasitəsilə öyrənilir. Məs., uşaq hələ
anadan olmamış, valideynlərin arzusu – onun cinsinin qabaqcadan öyrənməkdir. Elə ki, uşaq qadınlar və
kişilər arasındakı fərqləri dərk etməyə başlayır, o, özünəməxsus cinsin nümayəndələrinin rol modellərinə
xüsusi diqqət yetirməyə başlayır.
«Differensial sosiallaşma» ifadəsi müəyyən bir prosesi bildirir; bu zaman, cinsindən asılı olaraq,
qadın və kişilər öz müxtəlifliyini müəyyən edirlər. Ümumiyyətlə, «sosiallaşma» anlayışı elə bir prosesdir
ki, burada insan cəmiyyətdə müvafiq davranış modellərini öyrənir, dəyərlər sistemini mənimsəyir.
Qender sosiallaşması – cəmiyyətdə qadın və kişilərin rolu, vəziyyəti və vəzifələri haqqındakı mədəni
təsəvvürlərinə uyğun yaranmış normalar, davranış qaydaları və mövqelərin mənimsənilməsi prosesidir.
Alimlər hesab edirlər ki, qender stereotipləri qadın və kişilər üçün davranış normaları olaraq, qender
– rolların sosiallaşması üçün model kimi çıxış edir. Bütün mədəniyyətlərdə qender vasitəsilə uyğun
davranış qaydaları öyrənilir və öyrədilir; burada mədəniyyətdən mədəniyyətə müəyyən fərqlər var.
İstənilən mədəniyyətdə qender əsasında davranış stereotiplərində bölgü aparılır. Cəmiyyətdə insanlar
qarşılıqlı şəkildə fiziki və sosial tələbatlarının ödənilməsində bir-birinə ümid bağlayır; buraya sosiumu
dərk etmək üçün vacib olan informasiyanı mənimsəyir. Bu isə o deməkdir ki, ən kiçik yaşlarından
insanlar öz davranışını idarə edərək, öz inkişafında qender düşüncəsinin vacibliyini artıq dərk edirlər. (6)
Qenderin sosial psixologiyası insanların sosial norma və rollarının yaranması, müxtəlif mövqelərin,
mövhumatın, diskriminasiya, qavrama və özünüqavramanın, hörmət və özünəhörmətin öyrənilməsi
üçün geniş bir sahədir. Sosial normalar – cəmiyyətdə insan davranışını müəyyən edən əsas qaydalardır.
Sosial psixoloqların fikrincə, bir çox qender fərqlərinin köklərini məhz sosial normalarda axtarmaq
lazımdır, çünki bu normalar, bioloji cinsə uyğun insanlara müxtəlif davranış normalarını öyrədir,
maraqlarını formalaşdırır. Hər bir cins nümayəndəsinə xas olan keyfiyyətlər haqqında ümumiləşdirilmiş
informasiyanı özünə daxil edən normalar toplusuna cins və yaxud qender rolları deyilir.
Qender rolları - cəmiyyətdə cinsi əlamətə görə insanların fərqlənqdirilməsinə əsaslanan davranış
standartlarıdır. Fərdlər, öz cinsi mənsubiyyətindən asılı olaraq müxtəlif fəaliyyət növlərinə, statuslara,
hüquq və vəzifələrə malikdirlər; bu rollar sosial və normativ xarakter daşıyır, müəyyən sosial
gözləmələri ifadə edərək, insanların davranışında ifadə olunur.
Qender rolları artıq stabil, müəyyən edilmiş rollara aiddir. Gələcək kişinin, yaxud gələcək qadının
statusu anadan olan gündən qismətinə kəsilir; sosiallaşma prosesi zamanı uşaq tədricən bu və ya digər
qender rolunu ifa etməyə alışır. Ənənəvi qender rolları bəzən şəxsiyyətin inkişafını ləngidir, onun
özünüifadə imkanlarını məhdudlaşdırır. Sandra Bem bununla əlaqədar androginiya konsepsiyasını
işləyib hazırlamışdır; bu konsepsiyaya görə insan, öz cinsi mənsubiyyətindən asılı olmayaraq, həm
maskulin, həm də felinin keyfiyyətlərinin özündə birləşdirə bilər. Ancaq kişiyə və yaxud ancaq qadına
aid vəzifə ola bilməz. Hər bir insan bir neçə müxtəlif vəzifələri yerinə yetirir (ana, arvad, sahibkar qadın
və s.).
Qender vəzifəsi ilə bağlı olan münaqişə o zaman yarana bilər ki, kişilər, öz ənənəvi qender
vəzifəsindən irəli gələrək, davranışı ilə digərlərinin davranışını məhdudlaşdırır; bəzən elə də olur ki,
ətrafdakılar onu cəsarətli olmamasında qınayır, ya da ki, o, digərlərini öz rollarına uyğun olmamasında
günahlandıraraq, onları sıxışdırır.
Qender-rol münaqişələrinin modeli altı sosial-psixoloji və sosial amillərin üzərində qurulur:
1. emosiyaların ifadəolunmasında çətinlik çəkmək, digərlərini öz emosiyalarını ifadə etmək
hüququndan məhrum etmək;
2. homofobiya – homoseksuallardan, cəmiyyətdə onların haqqındakı təsəvvürlərdən qorxmaq;
3. nəzarətin, hakimiyyət və rəqabətin ictimai xarakter daşıması;
4. insanların seksual davranışında məhdudiyyətlər, kiməsə bağlılığının aşkar bildirilməsi;
5. rəqabətə, müvəffəqiyyəti qazanmaq istəyinə bağlılıq;
6. düzgün
olmayan
həyat tərzi ilə bağlı olaraq sağlamlıqda yaranan problemlər.
Belə münaqişələr insanın həm daxili qiymətləndirilməsində, həm də şəxsiyyətlərarası
münasibətlərində öz ifadəsini tapır. Həyəcan, ruh düşkünlüyü, özünə qiymətvermənin aşağı düşməsi,
stress, digər insanlarla münasibətlərdə gərginlik, işdə qalmaqallar, fiziki və seksual təzyiq – bütün bunlar
qenderlə bağlı vəzifələr sahəsində yaranan münaqişə zəminində baş verə bilər. İnsana, anadan olandan
ömrünün axırınadək qender mənalı vəzifələrinə təsir edən xeyli amillər var.
Qender stereotipi – qadın və kişilərin xasiyyətlərindəki xüsusiyyətlərin və davranış tərzini
sadələşdirilmiş, sabit, emosional şəkildə ifadə olunmuş obrazıdır. Qender stereotipləri, «inandırıcı»
olaraq, dəyərlər sisteminə müdaxilə edir, «həqiqi» maskulinlik və yaxud femininstlik haqqında normativ
xarakterli obrazları yaradırlar. Onlar kişilər və qadınların statusunu (mövqelərini) müəyyən edir, bu
zaman kişilər dominant (aparıcı), qadınlar isə diskriminasiyaya (hüquqların pozulmasına) məruz qalmış
vəziyyətdə olur.
Alimlər qender stereotiplərinin bir neçə növünü qeyd edirlər. (7) Birinci qrupa maskulinlik və
femininlik stereotipləri daxildir. Maskulinlik dedikdə, fəal, yaradıcı xüsusiyyətlər, femininlik isə, əksinə,
passiv-rekroduktiv başlanğıc nəzərdə tutulur. Maskulinlik femininliyə qarşı qoyulur, əks tərəflər,
qarşılıqlı şəkildə bir-birini tamamlayan tərəflər kimi qiymətləndirilir.
Qender stereotiplərinin ikinci qrupuna qadın və kişilər arasında ailə və peşə vəzifələrinin bölgüsü
haqqındakı təsəvvürlər daxildir. Qadının ən əhəmiyyətli vəzifələri – ev xanımı, ana olmaq vəzifələri
sayılır. Xüsusi, şəxsi sahə sayılan ailə və məişətdə qadının vəzifələri – evin işini aparmaq, uşaqları
dünyaya gətirməkdir. Ailənin ab-havasına qadın cavabdehdir. Kişilər isə ictimai həyatda fəal iştirak
etmək, peşə fəaliyyətində uğurlar qazanmaq, ailəni dolandırmaq kimi vəzifələrin öhdəsindən gəlməlidir.
Kişilər üçün sosial mənada ən əhəmiyyətli vəzifə – iş, peşə fəaliyyəti sayılır.
Qender stereotiplərinin üçüncü qrupu əməyin məzmunu ilə bağlıdır. Ənənəvi təsəvvürlərə görə
qadınlar icraçı, xidmətedici fəaliyyətə, kişilər isə idarəedici, yaradıcı əməklə məşğul ola bilər. T.Parsons
və R.Beylz tərəfindən irəli sürülmüş cinslərin qarşılıqlı şəkildə bir-birini tamamlanması konsepsiyasında
da yuxarıda qeyd edilən qender vəzifələrinin bölgüsü təsdiqlənir.
Qender stereotipləri uzun tarixi müddəti əhatə edən mədəni dövrlərində yaranmış cinsi fərqlərin
qavranılması və yozulması əsasında formalaşıb. Əmək bölgüsünün də rolu burada çox böyük olub.
S.Farrel və C.Lorberin fikrincə, cəmiyyətdə «bənzətmək qadağası» mövcud olub ki, onun əsasında qadın
və kişilərin qenderlə bağlı olan sosial rollarında fərqlər müəyyən edilir, qender xarakterli qeyri-bərabərlik
formalaşırdı.
Qender ayrıseçkiliyi münaqişənin mənbələrindən biri kimi
Hər bir cəmiyyətdə, ələlxüsus, mədəni və milli müxtəlifliyə malik olan cəmiyyətlərdə qender
münasibətləri çox rəngarəng olur. Yəni müxtəlif nəsilləri təmsil edən qruplarda, etno-mədəni, dini
qruplarda, müxtəlif təbəqə və silklərdə qadınlılıq və kişililiyi müəyyən edən qaydalar müxtəlif ola bilər.
Qender rollarına əsaslanan davranışı daha çox əmək bölgüsündə müşahidə etmək olar: burada qadın və
kişi əməyi fərqləndirilir; çox vaxt bu fərqlər müəyyən bir cinsinin xeyrinə olur.
Cinsi əlamətinə görə diskriminasiya zamanı bir cinsə digərinə nisbətən üstünlük verilir. Əksər
hallarda bu, kişilərin xeyrinə və qadınların zərərinə olur. Diskriminasiya bəzi həyat fəaliyyəti sahələrində
daha güclü olur: məşğulluq, siyasi və dini fəaliyyət sahələri, mənzil ilə təmin olunması, sosial siyasət,
vətəndaş və cinayət hüquqlarından mülkiyyət hüququ və s.
Diskriminasiyanı yalnız fərdlərin müəyyən bir qrupuna qarşı digər fərdlərin neqativ hərəkətlərinin
nəticələri kimi gərək qiymətləndirilməsin: bu zaman işin mahiyyətcə tərkibi kənarda qalır. Çıxış nöqtəsi
burada – cəmiyyətdə yaranmış aşağıdakı mülahizələrdir: hüquqları sıxışdırılan tərəfin təsəvvüründə öz
diskriminasiya vəziyyətinin anlayışı belə öz məzmununu dəyişdirdi: əsasən burada həyat fəaliyyətinin
əmək, sosial, iqtisadi, siyasi, mənəvi, ailə-məişət sahələrində cinsi əlamətlərinə görə məhdudiyyətlər və
yaxud hüquqların pozulması nəzərdə tutulur. Daha çox bu problem fərdlərin davranışında özünü ifadə
edir: bir qrup insanlar digərinə qarşı pis münasibət bəsləyir. Buna elmi ədəbiyyatda birbaşa
diskriminasiya deyirlər. Misal üçün, sahibkar öz işçilərini müəyyən əlamətlərə görə (irqinə, dini
mənsubiyyətinə, millətinə və yaxud cinsinə görə) fərqləndirir. Diskriminasiya üçün, ölkədən, burada
mövcud olan qanunvericilik sistemindən asılı olaraq, digər səbəblər də əsas ola bilər, məs., seksual
yönüm, sosial mövqe (status), vətəndaşlıq statusu, əlil olmaq və s.
Cəmiyyətdə fəaliyyət göstərən qaydalar və qanunlar ədalət naminə yaradılır, bununla belə
cəmiyyətdə müəyyən sosial qruplara qeyri-standart münasibət yaranır, yəni həmin qrupun digərlərindən
fərqlənməsinə işarə vurulur. Belə davranış bütün demokratik dövlətlərin qanunvericilikdə ədalətsizlik
kimi qiymətləndirilir, diskriminasion elan edilir, və vəziyyəti aradan qaldırmaq üçün əsas kimi
götürülür. Beləliklə, antidiskriminasion qanunvericiliyin formalaşması cəmiyyətdə qeyd edilən sahələrdə
münaqişəli vəziyyətin yaranması ilə, narazılıq həddinin artması ilə bağlıdır.
Bu sahədə artan ziddiyyətlərin qarşısının alınması bütünlükdə diskriminasiyanın aradan qaldırılması
üçün zəmin yaratmışdır. Birbaşa diskriminasiyanın qarşısının alınması siyasətdə dolayı diskriminasiya
anlayışının tədqiqinə səbəb oldu. Dolayı yolla aparılan, yəni gizli diskriminasiya – dövlət tərəfindən
birbaşa diskriminasiyası ilə mübarizədə yaranan vəziyyətdir: bu mübarizənin nəticəsində yalnız birbaşa
diskriminasiya, yəni müəyyən bir qrupun digərinə qarşı çıxış etməsi qəbul edilir. Yəni onu fərd
səviyyəsində yox, dövlətin bu hadisə ilə apardığı mübarizənin ziddiyyətləri səviyyəsində qəbul edirlər.
Gizli diskriminasiya öz ifadəsini bir sıra neytral xarakterli tələblərdə tapır: məs., işə qəbul edilən zaman
adamdan müəyyən fiziki ölçülər tələb olunur (boyu, çəkisi və s.), əslində isə bunların heç bir əhəmiyyəti
yoxdur. Ayrıseçkiliyə məruz qalan sosial qruplara belə hallar çox mənfi təsir göstərir.
Qanunvericilikdə «struktur» ayrıseçkiliyinin qəbul edilməsi onu sübut edir ki, belə hallara nəinki
ayrı-ayrı fərdlərin davranışı və hərəkətləri, həm də dövlətin bu sahədə apardığı sosial siyasətin özü də
təsir göstərir.
Beləliklə, cinsi əlamətlərə görə hüquqların pozulması hallarının və səbəblərinin təhlili zamanı məlum
olur ki, qeyri-bərabər münasibətlərin formalaşmasının sosial-psixoloji əsasları (insanların subyektiv rəy
və mövqelərın onların davranışına təsiri) var. Qeyri-bərabərliyə əsaslanan belə mövqelər daha çox qender
münaqişələrinin formalaşması mənbəyi olan müxtəlif maraqlarla yaşayan qender qruplarda müşahidə
olunur.
İnsan, özünü «təbiətin şahı» hesab edərək, heç özünə belə yiyə dura bilmədi. Uzun müddət
bərabərlik tələbi ilə qadınlar, etnik azlıqlar, ümumiyyətlə, təzyiqlərə, zülmə məruz qalanlar çıxış edirdi.
Ən məzlum vəziyyətdə qadınlar idilər, onlar həm ev işi, həm də peşə fəaliyyəti, uşaqlar, qocalar və
xəstələrə qulluq etmək borcunun yerinə yetirilməsi, bir çox fəaliyyət sahələrinə qoyulmuş qadağalar,
məşğulluq sahələrində az presticli və azmaaşlı vəzifələrində cəmlənməsi (seqreqasiya; latınca
«seqregatio-ayırmaq») idarəetmə işlərindən təcrid edilməsi, zorakılıq, təzyiq hallarının artması, analıq və
uşaqlığın mühafizəsi üzrə proqramların təmin edilməməsi və s. kimi problemlərlə üzləşirlər.
Tarixdən məlumdur ki, bərabər hüquqların axtarışı de-yuro və de-facto hüquqlarının
fərqləndirilməsinə gətirib çıxardı. Tədqiqatçılar, müəyyən bir məsələdə müxtəlif fikirdə olublar:
ədalətlilik «eyni münasibətdə olmaq» deməkdirmi? Demokratiya və bərabərlik cəmiyyətdə insanlar
arasındakı fərqlərə necə əsaslansın? Beləliklə, bərabərlik konsepsiyası, qender vəzifələri və s. kimi
məsələlər böyük mübahisələrə səbəb olub.
Son illər ərzində qadın problemlərinin həllinə yönəldilmiş bir sıra beynəlxalq sazişlər, razılaşmalar,
konvensiyalar qəbul olunub. Ən əhəmiyyətli sənədlər sırasında BMT-nin «Üçüncü şəxslər tərəfindən
fahişəliliyin istismarı insan alveri ilə mübarizə haqqında» konvensiyanı (1949-cu il), BMT-nin digər
«Qadınlara qarşı aparılan diskrimasiyanın bütün formalarının ləğvi haqqında» (1979-cu il)
konvensiyasını, Pekində keçirilmiş beynəlxalq konfransının yekun sənədlərini (1995-ci il), Haaqada qəbul
edilmiş nazirlərin deklarasiyasını (1997-ci il) və s. göstərmək olar.
BMT-nin «Qadınlara qarşı diskriminasiyanın bütün formalarının ləğvi haqqında» konvensiya – qadın
hüquqlarına aid başlıca beynəlxalq sənədlərindən biridir, burada qadın hüquqları siyasi, sosial, iqtisadi
sahələrdə təhlil edilir. Onun yeniliyi ondan ibarətdir ki, ilk dəfə olaraq, beynəlxalq səviyyədə konvensiya
dünya dövlətlərinin diqqətini qadınların hüquqlarının nəinki ictimai, həm də xüsusi, şəxsi sahələrə cəlb
edərək, onların bu işə məsuliyyətli olmağını vurğuladı. (8)
Bu gün Azərbaycan cəmiyyətində qender rollarının asimmetrik konsepsiya yaranıb, burada qadının
vəzifələri – ailə ocağının qoruyucusu, ana, arvad olmaqdan ibarətdir. Bu ənənənin çox qədim kökləri var.
Qadın və kişi arasında əmək bölgüsünün formalaşması – tarixin ən qaranlıq səhifələrindən biridir. Nə
üçün əmək bölgüsü nəticəsində qadınlar kişilərdən asılı vəziyyətə düşüb, öz hüquqlarından məhrum
olublar? Qadın həyatı yaradır, o, uşaqları dünyaya gətirir. Onun məhz bu bacarığı, qadın və kişilərin
vəzifə bölgüsündə qeyri-bərabəliyə səbəb oldu. Kişiyə «çöl» işi, dünyanın fəth edilməsi, onun hökmranı
olması işi, nəticədə – tarixin yaradıcısı rolu verildi. Qadın isə istər işdə, istər xüsusi sahədə, yəni evdə,
kişi nüfuzuna tabe olaraq, onun hökmranlığının obyektinə çevrildi. Qəbilə, üçüncü tərəf kimi çıxış
edərək, onun hökmranlıq etmək, üstünlüyü təşkil etmək, hakimiyyəti əldə etmək iddialarını alqışlayırdı.
Kanadalı tədqiqatçı O’Brayen qeyd edir ki, «kişi üstünlüyü ideologiyası, özünü konkret seksual
münasibətlərində yox, insan nəslinin yaşamasının bütöv prosesində əsaslandırır və bu yolla özünə haqq
qazandırır». (9)
Sovetlər dövründə bərabərlik ideologiyası, özündə əslində qadınların hüquqlarının faktiki
məhdudlaşdırılmasını, patriarxal kökləri «ikinci dərəcəli adam olmaq», ailəni alın yazısı kimi öz
qismətinə qəbul etmək fikirlərini gizlədirdi. İdeologiya, qadınlardan, dövlət və cəmiyyət, kollektiv
naminə özünün qurban verilməsini tələb edirdi. Qender vəzifələrinin qeyri-mütənasibliyi kişilərə də
müəyyən təsir göstərir. Qadınların yalnız ailədə fəallığı, kişilərin isə ancaq ictimai əməklə məşğul olması
kişiləri ailəsindən təcrid edir, məs., «qazancın dalınca» getməsi guya ağır maddi vəziyyətdən çıxış yolu
kimi qeyd edilir. Nəticədə cəmiyyət daha iki çətinliklə üzləşir: birincisi, sosial cəhətdən fəal olan əhali
respublikanı tərk edir, ikincisi, ailə, ənənəvi ailə quruluşu, ailə münasibətləri böyük sınaqlar qarşısında
qalır. 2002-ci ilin qender statistikasına uyğun olaraq, 20-30 yaşlarında olan hər 1000 kişiyə 1039-1121;
müvafiq olaraq, 40-60 yaşında 1060-1213 qadın düşür.(10)
Ölkəmizdə yeni ictimai-siyasi və bazar münasibətlərinin qurulması şəraitində həm qadınlar, həm də
kişilər bir qədər də ağır vəziyyətə düşdülər. İqtisadi problemlərindən biri – iş yerlərinin
çatışmamazlığıdır (xüsusilə qadınlar üçün). Qadınların müəyyən güzəştləri olduğu üçün sahibkarlar
onları, sərfəli olmayan işçi kimi, müəssisəyə işə götürmürlər. Qadınlığın idealı yenidən qayğıkeş ana və
mehriban arvad olur. Müasir dövrü postsosialist patriarxal Renessans dövrü kimi qiymətləndirmək olar.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
1. Sosial
qarşılıqlı fəaliyyət subyektlərinin mübarizə etməsi səbəblərini izah edin.
2. Qender
münaqişələr vəziyyətlərinin növləri və tiplərini göstərin.
3. Qender
münaqişələrinin yaranmasının şəxsiyyətlə bağlı əsas amilləri hansıdır.
4. Müasir
Azərbaycan cəmiyyətində əsas qender ziddiyyətlərini göstərin.
İş üsulları – diskussiya, «Münaqişəli vəziyyət» situasiyalı məsələlərin həlli
SİTUASİYALI VƏZİFƏ
«Münaqişəli vəziyyət»
Məşğələnin məqsədi. Tələbələrə münaqişənin mahiyyəti haqqında bilikləri aşılamaq, müxtəlif növ
münaqişəli vəziyyətlərin təhlili bacarığını formalaşdırmaq, sosial fəaliyyət zamanı yaranan mürəkkəb
şəraitdə qərarları qəbul etmək bacarığını inkişaf elətdirmək.
Məşğələnin keçirilməsi qaydaları.
Hazırlıq mərhələsi. Bir-iki həftə qabaq tələbələr müəyyən vəziyyətin təhlili haqqında tapşırıq alır.
Onlara dərsin mövzusu və məqsədi bildirilir. Ədəbiyyatın müstəqil şəkildə öyrənilməsinə dair tapşırıq
verilir, başlıca anlayışların: «münaqişə», «münaqişənin səbəbi», «münaqişəli vəziyyət», «insident»
(hadisə) təhlili tapşırılır. Xüsusi olaraq, bu anlayışların qarşılıqlı asılılığı təhlil olunmalıdır.
Dərs zamanı tələbələrə konkret vəziyyəti ilə bağlı olan məsələlərin həlli üçün tapşırıqlar, hər
məsələnin axırında verilən suallarına cavabın hazırlanması tövsiyə edilir.
Məsələnin həllinin yolları tədris qrupda müzakirə edilir.
Məsələ 1. Siz kadrlar üzrə menecer təyin edilmisiniz. Firmanın əməkdaşlarını hələ yaxşı
tanımırsınız, onlar da Sizi üzdən tanımır. Siz baş direktorun yanındakı müşavirəsinə gedirsiniz. Siqaret
çəkmək üçün ayrılan yerdə çox qızğın söhbət edən işçiləri görürsünüz. Bir saat çəkən iclasdan qayıdanda
yenə həmin işçiləri həmin vəziyyətdə görürsünüz.
Sual: Bu vəziyyətdə nə tədbir görəcəksiniz? Hərəkətlərini izah edin.
Məsələ 2. Siz şöbə müdirisiniz. Şöbədə vəziyyət gərgindir, iş, tapşırıq müddətini uzadırlar. İşçi
çatışmır. Ezamiyyətə yollanaraq, siz təsadüfən öz işçinizi – iki həftə xəstəliyə görə işə çıxmayan, amma
tam sağlam görünüşü olan və səbrsizliklə aeroportda kimisə gözləyən gənc qadını görürsünüz.
Sual: Nə edəcəksiniz? İzah edir.
Məsələ 3. İdarə rəhbəri işə, öz müavininin tabeliyində işləməli olan bir mütəxəssisi qəbul etdi.
Bunu öz müavini isə razılaşdırmalıdır. Tez bir zamanda məlum oldu ki, yeni qəbul olunmuş işçi öz
vəzifələrinin öhdəsindən gəlmir. Müavin yazılı şəkildə bunu öz müdirinə çatdırır.
Sual. Bu rəhbərin yerində siz olsaydınız, nə edərdiniz? Mümkün variantlar üzərində düşünün.
Məsələ 5. Müdir, tabeliyində olan işçisinin iclasda tənqidi çıxışına cavab olaraq, onun fəaliyyətini
güclü nəzarət altında saxlamağa başladı.
Sual: münaqişənin səbəbi nədədir? Münaqişəli vəziyyətin növünü tapın.
ƏDƏBİYYAT
1. Зиммель Г. Человек как враг. Избр. В 2-х т., 1996
2. Конфликтология / Под ред. В.П.Ратникова. – М., 2001
3. Мельник В.А. Политология – М., 1997
4. Гидденс Э. Социология. – М., 1999
5. Малышева М.М. Современный патриархат. Социально-экономическое эссе. – М., 2001
6. Клецина И.С. Самореализация и гендерные стереотипы // Психологические проблемы самореализации
личности. – СПб., 1998
7. Теория и методология гендерных исследований. Курс лекций / Под общ.ред. О.А.Ворониной. – М., 2001
8. Корбут Л.В., Поленина С.В. Международные конвенции и декларации, касающиеся прав женщин и
детей. – М., 1998
9. Гендер и общество / Под общ.ред. А.А.Широковой, С.В.Ураловой. – Иркутск, 2001
10. Abasov Ə., Mirzəzadə R. Qenderə giriş. – B., 2004
Dostları ilə paylaş: |