Plan 1.Siyasi hakimiyyət anlayışı 2.Hakimiyyət bölgüsü 3. Hakimiyyət formaları. Siyasi rejimlərin növləri 4. Legitimlik 5. Demokratiyanın əlamətləri və formaları
Ədəbiyyat: 1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı,1995
2. Milli məclisə seçkilərin hüquqi əsasları. Bakı, 2000
3. Siyasi biliklərin əsasları. Bakı,1999
4. Ahu Tunçel. Bir siyaset felsefesi. İstanbul Bilgi İniversiteti, 2010
5. Mümtazer Türküne. Siyaset. Ankara, 2011
6. Fatmagül Bektay. Politikanın Çağrısı. İstanbul Bilgi İniversiteti, 2010
Siyasi hakimiyyət anlayışı Cəmiyyət təbiətdən sosial təşkilatları, sosial nizamı ilə fərqlənir. Əgər qarşılıqlı münasibətlər şəraitində sosial nizam yaranırsa, deməli hakimiyyət var və həmin nizamı yaradan da odur. Sosial-siyasi fikir tarixinin qədimliyinə baxmayaraq, hakimiyyət məsələsinə hələ də hamı tərəfindən məqbul sayılan ümumi bir yanaşma yoxdur. Müxtəlif siyasi məktəblər məsələnin bu və ya digər cəhətlərinə xüsusi diqqət yetirir. Marksizmdə hakimiyyət müəyyən bir sinfin iqtisadi ağalığı hesab edilir. Biheviorizm (Q. Lassuel) hakimiyyət anlayışını subyektiv motivasiyalarla, maddi rifaha yetişmək məqsədiylə ayrı-ayrı fərdələrin ona can atmaları ilə əlaqələndirir. B. Rassel hakimiyyəti qarşıya qoyulan məqsədə çatmaq üçün bir vasitə kimi xarakterizə edir. Sistem yanaşma tərəfdarları hakimiyyəti sosial əhəmiyyətli məqsədlərə çatmaq üçün ictimai resursların səfərbərləiyə alınması qabiliyyəti kimi dəyərləndirir. Z. Freyd və E. Fromm kimi psixoanalitiklərə görə hakimiyyət fərdin natamamalıq kompleksini ya hökmranlıq formasında (sadizm), ya da tabeçilik formasında (mazoxizm) qeyri-şüuri dəf etmə cəhdidir.
Hakimiyyətin politoloji tərifi aşağıdakı kimidir: hakimiyyət bir insanın, qrupun müxtəlif vasitələrlə (hüquq, nüfuz, iradə, məcburiyyət) başqalarının davranış və fəaliyyətlərinə həlledici təsir göçtərmək hüququ və bacarığıdır. Məsələyə bir az konkret yanaşılarsa, hakimiyyət:
- başqalarına təsir göstərməkdir;
- müəyyən məqsədlərə, nəticələrə nail olmaqdır;
- güc də daxil olmaqla mümkün vasitələrdən istifadə etməkdir;
- başqalarının davranışını dəyişən və nizamlayan xüsusi tip fəaliyyətdir;
- idarə edən və idarə olunan arasında münasibətlərin xüsusi növüdür və s.
Sosial mülahizələrə görə hakimiyyətin dörd növü var: sinfi hakimiyyət, zümrə hakimiyyəti, qrup hakimiyyəti, fərdi hakimiyyət. Mahiyyətinə görə isə hakimiyyət-ailə, ruhani, iqtisadi, siyasi, hərbi, informasiya və s. hakimiyyətlər kimi xarakterizə olunur.
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, cəmiyyət olan yerdə mütləq hakimiyyət olur. Eyni zamanda, hakimiyyət tabeçilik olan yerdə meydana gəlir. Tabeçilik olmayan yerdə hakimiyət yoxdur. Tabeçilik anlayışı isə bir sıra mənalar verir: məcburi, könüllü, şüurlu, fanatik tabeçilik və s.
Siyasətlə siyasi hakimiyyət bir-birinin eyni deyil. Siyasət hakimiyyətə, insan haqlarına və azadlıqlarına, ideyalara, dəyərlərə hər hansı bir münasibətə, siyasi hakimiyyət isə onun daşıyıcılarına və subyektlərinə diqqəti cəlb edir.
Qədim Afina reformatoru Solon hesab edirdi ki, siyasət təkcə «mümkün olanı əldə etmək» sənəti deyil, həm də «bir yerdə yaşamağı bacarmaq» sənətidir. K. Popper isə hesab edirdi ki, siyasi hakimiyyətin tarixi, əsasən beynəlxalq cinayətlər və kütləvi qətllər tarixidir. Bu tarixi orta məktəblərdə öyrədirlər və hökmdarları qəhrəmanlar kimi təqdim edirlər. Beləliklə, siyasi hakimiyyət tarixin nüvəsinə çevrilir.
Siyasi hakimiyyət- sinfin, qrupun, fərdin siyasətlə, siyasi, hüquqi normalarla öz iradəsini həyata keçirmə vasitəsidir.
Daha konkret ifadə olunarsa, siyasi hakimiyyət:
- ictimai xarakter daşıyır, böyük qrupların maraqlarını ifadə edir; çünki siyasət milyonlarla insan olan yerdə hərəkətə gəlir;
- siyasi institutların fəaliyyəti ilə ifadə olunur;
- peşəkar idarəçilik əməyi ilə məşğul olan xüsusi qrupların hakimiyyət iddialarında, iradələrində təzahür edir;
- siyasi qərarların hazırlanması, qəbulu və həyata keçirilməsi prosesində təzahür edir;
- insanlara inandırma, nüfuz, ənənə, emosiya, məcburiyyət, güc vasitəsiylə təsir göstərir.
Siyasi hakimiyyət dövlət hakimiyyətindən nə ilə fərqlənir? Dövlət hakimiyyəti-xüsusi məcburiyyət aparatına söykənən və cəmiyyətin bütün vətəndaşlarına yayılan ictimai hakimiyyət formasıdır, siyasi hakimiyyətin nüvəsidir. Siyasi hakimiyyətsiz dövlət hakimiyyəti olmur. Dövlət hakimiyyətini, aparatını yaradan, onu idarə edən, istiqamətləndirən siyasi hakimiyyətdir.
Siyasi hakimiyyətin subyektləri və obyektləri hansılardır?
Siyasi hakimiyyətin subyektləri ayrı-ayrı fərdlər, idarəedən oliqarxiya, siyasi partiyalar, millət və s.-dir. Zənginləşmək, rifaha qovuşmaq, əlaqələr yartmaq məqsədilə hakimiyyətə can atmaq siyasi hakimiyyət subyektlərinin xarakterik xüsusiyyətləridir. Subyektlər vaxtı-vaxtında düzgün qərarlar qəbul etməyə və başlanan işi axıra çatdırmağa qadirdirlər. Politologiyada siyasi hakimiyyət subyektləri müxtəlif cür təsnif olunur. Bu təsnifatların içərisində nisbətən populyar olanı siyasi hakimiyyət subyektlərini iki qismə ayırır: kollektivlər, yəni siyasi partiyalar, deputat qrupları və başqa birliklər; fərdlər, yəni siyasi elitlər və onların liderləri, hakimiyyətə sahib olanlar və siyasətdə müəyyən rol oynayanlar.
Siyasi hakimiyyətin obyektləri, həmin hakimiyyətin tətbiq edildiyi şəxslər və sosial qruplardır. Başqa sözlə, siyasi hakimiyyətin subyektləri cəmiyyətin içərisindən çıxır. Cəmiyyətin fəal bir hissəsi siyasi hakimiyyətə sahib oduqdan sonra, bu hakimiyyətin idarə etdiyi digər hissə, yəni tabe olan çoxluq siyasi hakimiyyətin obyekti olur. Necə fəaliyyət göstərməyi öz obyektlərinə hakimiyyət diqtə edir. Siyasi hakimiyyətin subyekt və obyektləri arasındakı fərq nisbidir və konkret siyasi şəraitdən asılıdır. «Siyasətin subyektləri» və «hakimiyyətin subyektləri» anlayışları da bir-birinin eyni deyil. Məsələn, parlamentdəki müxalifət qrupu siyasətin subyektidir, ancaq prezident strukturundan fərqli olaraq bu qrup hakimiyyətin subyekti deyil. Cəmiyyətdəki istənilən sosial qrup, zümrə, fərd siyasi hakimiyyətin potensial subyektidir.